Məhkəmə qərarları › İş №1(100)-298/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-298/2024

01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-298/2024 01.11.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi: X4 və X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X8, təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, fərdi əməklə məşğul, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 3-cü mikroyayon ev ½, mənzil 49-da qeydiyyatda olmaqla, Gəncə şəhəri, Cavadxan qəsəbəsi ünvansız fərdi yaşayış evində yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilməklə, ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 10,050 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 21 oktyabr 2023-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində O, 22 oktyabr 2023-cü ildə saat 00:05 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən “X11” yaxınlığında saxlanaraq Gəncə şəhəri, H.Ə.Hüseynzadə küçəsi 5 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş, həmin idarədə həmin gün onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan göyqara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 10,050 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşayır. xx.xx.2023-cü ildə gecə ailə üzvləri ilə yaşadığı evə gəldikdən sonra çölə çıxdıqda ona bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşı olduğunu və onlarla birlikdə Gəncə şəhər Baş Polis idarəsinə getməli olduqlarını bildirmişlər. Onlara etiraz etməmiş və birlikdə Gəncə şəhəri Baş Polis idarəsinə gəlmişdir. Orada 2-ci mərtəbədə yerləşən xidməti otaqlardan birində polis əməkdaşı sonradan adının Şahid3 olduğunu bildiyi şəxs ona İranla əlaqəli olduğunu deyərək üzərinə narkotik vasitə olan heroin qoymuş və götürməyi tələb etmişdir. Əvvəlcə etiraz etsə də, özü boynuna almayacağı təqdirdə yaşadığı evdən çıxacağını bildirmiş, ailəsinin ona görə incidilməməsi üçün polis əməkdaşları ilə razılaşmışdır. Bundan sonra vəkil çağırılmış, aparılmış videoçəkilişdə polislərin üzərinə qoyduğu 1 ədəd bükümü təqdim etmiş, polislərin dediyi kimi guya həmin narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün saxladığını demişdir. İstintaqın yekununda ona ağır maddə ilə ittiham verildiyini başa düşmüş, buna görə də tərtib edilmiş sənədlərə etiraz edərək narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, ona qarşı edilmiş qanunsuzluq-psixoloji təzyiq və hədə-qorxu barədə heç bir orqana müraciət etməmiş, işi məhkəməyə verildikdən sonra ailə üzvləri kömək edilməsi üçün müxtəlif instansiyalara müraciət etmişdir. Narkotik vasitəyə heç bir aidiyyəti olmadığı, uşaqlarının gələcəyini, karyeralarına mane olmaması üçün məhkəmədən ona bəraət verilməsini və azadlığa buraxılmasını istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Gəncə ŞBPİ-də əməliyyat müvəkkili işləmiş və xx.xx.2023-cü ildə ona Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuş və xidmət yoldaşı ilə birlikdə Təqsirləndirilən şəxs gecəyarı xx.xx.2023-cü ildə Gəncə şəhəri (Avtozavod) Cavadxan qəsəbəsində saxlanılıb Gəncə ŞBPİ-yə gətirilmişdir. Vəkillə təmin edildikdən sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, Təqsirləndirilən şəxs tərəfindən onlara qarşı hansısa müqavimət olmamış, üzərindən aşkar edilmiş narkotik vasitəni haradan və necə əldə etməsi barədə məlumatı olmamış, kiməsə narkotik vasitə satması müəyyən edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da Şahid1lə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs narkotik vasitələrlə şübhəli olduğu üçün saxlanılmış, aparılmış şəxsi axtarış zamanı da narkotik vasitəni tapdığını bildirmişdir. Ona qarşı hansısa polis əməkdaşı yaxud qeyri-şəxslər tərəfindən zorakılıq və psixi təzyiq olmamış, şəxsi axtarış zamanı da iştirtak etmiş və üzərindən dəqiq xatrılamadığı miqdarda heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə tərəflərin vəsatətləri əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, Gəncə ŞBPİ-də CAB-ın rəis müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi əvvəl tanımamış, onunla hər hansı münasibəti olmamışdır.O keçirilmiş əməliyyat tədbirində iştirak etməmiş və nəticəsi barədə ona deyil rəhbərliyə məlumat verilmişdir. Təqsirləndirilən şəxsin onun tərəfindən psixoloji təzyiqə məruz qalması, qanunsuz olaraq ona narkotik vasitə verilərək götürməyəcəyi təqdirdə evindən aşkar edilməsi və sair formada təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsin niyə onu saxlayıb polis şöbəsinə gətirən polis əməkdaşlarının deyil onun tərəfindən qanunsuzluğa məruz qalması səbəbini bilmir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, saxlanılıb gətirilərkən və polis şöbəsində olduğu müddətdə onu görməsi istisna edilmir, amma təklikdə təqsirləndirilən şəxs Elçin Adıgözlovla hansısa söhbəti olmamışdır. Təqsirləndirilən şəxsin onun xidmət otağının da yerləşdiyi polis idarəsinin inzibati binasının 2-ci mərtəbəsində yerləşməsini bilməsi də istisna edilmir. Təqsirləndirilən şəxsin polis əməkdaşları yəni özü tərəfindən üzərinə narkotik vasitə qoyulmasını deməsini isə cəzadan azad olmaq istəyi ilə bağlı olduğunu ehtimal edir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Gəncə ŞPİ CAİ-nin rəisi Ramin Mehdixanov tərəfindən yazılmış raportdan görünür ki, Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib daşıyaraq saxlaması və satması barədə əməliyyat məlumatlarının daxil olması göstərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli, raport və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saat 00:05 radələrində Gəncə şəhəri, Cavadxan küçəsində X11 yaxınlığında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokol və əlavəsi olan CD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan mavi rəngli pencəyin sol cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, həmin kütlə və ona məxsus 1 (bir) ədəd “Samsung A32” markalı mobil telefon qablaşdırılıb götürülmüş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütləni bir gün əvvəl zibil yeşiklərinin yanından tapdığını, istifadə məqsədilə götürüb üzərində saxladığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli 16/1055 nömrəli məhkəmə kimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..” yazı və imzalar olan 1 (bir) sellofan bükümdə təmiz çəkisi 10,050 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan və məhkəmədə araşdırılan Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol və fotocədvəldən görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz əşya və predmet aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli, 1637 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsinə əsasən onun bədən səthində xəsarət müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılmış məhkəmə narkoloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 1810 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Nakomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə DİN-nin BƏSİİ-dən verilmiş 28.10. 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkumluğu olmamışdır. İş materiallarına əlavə edilən və məhkəmədə tədqiq edilən Gəncə şəhər prokurorluğunda qəbul edilmiş, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə ŞBPİ-dən prokurorluğa daxil olmuş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalması barədə məlumata əsasən aparılmış araşdırma nəticəsində cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli 3-13/57/2- 25161/23 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edib saxladığı müəyyən edilsə də, narkotik vasitəni haradan və nə vaxt əldə etməsini, narkotik vasitə satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə aparılmış danışıqlarda iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Gəncə şəhər Narkoloji dispanserdən verilmiş xx.xx.2023-cü il tarixli 6923 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda deyil. İş materiallarında olan Gəncə ŞİHB-nin 2 №li inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən xx.xx.2023-cü il tarixli 2889 saylı arayışdan görünür ki, tərtib edilmiş akta əsasən Təqsirləndirilən şəxs Avtozavod yaşayış massivində (Cavadxan qəsəbəsində) arvadı Gülnar Adıgözəlova, azyaşlı qızları Zemfira Adıgözəlova, Gülçin Adıgözəlova, azyaşlı oğlanları Rəsul Adıgözəlov və Rza Adıgözəlovla ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış elekton məhkəmə informasiya sistemindən əldə edilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-cu il təvəllüdlü Zemfira Adıgözəlova, xx.xx.2012-ci il təvəllüdlü Gülçin Adıgözəlova, xx.xx.2013-cü il təvəllüdlü Rza və Rəsul Adıgözəlov adlı əkiz azyaşlı övladları var. İş materiallarına əlavə edilən və araşdırılan fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs azyaşlı övladları müxtəlif idman növləri üzrə keçirilən yarışlarda müvəffəqiyyət əldə etmişlər. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 9,850 qram narkotik vasitə olan heroin maddi sübut qismində tanınaraq Gəncə ŞBPİ-də saxlanca verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdar narkotik vasitənin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə ********* №li cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün saat 00:05-də Gəncə şəhəri Cavadxan qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs həmin gün saat 00:25-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılmış, “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan və Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-518/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsi ilə ittiham elan edilmiş, barəsində məhkəmənin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və X1 törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə ŞBPİ CAİ-nin rəisi tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli raportda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotk vasitə əldə edib saxlaması və satması barədə əməliyyat məlumatı daxil olması göstərilmişdir. İş üzrə həm ibtidai istintaqda, həm də məhkəmə baxışında dindirilmiş cinayət işi üzrə şahidlər olan polis əməkdaşları Təqsirləndirilən şəxs kimə narkotik vasitə satması yaxud satmaq istəməsi barədə məlumat əldə edə bilmədiklərini, sübutları olmadığını göstərmişlər. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab məktubunda da Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olması qeyd edilsə də, satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Beləliklə əməliyyat tapşırığına cavab məktubunda ziddiyyətli məlumatlar əks olunmuş, bir tərəfdən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib daşıması göstərilsə də, digər tərəfdən satdığı yaxud satmaq istədiyi şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı, narotik vasitəni hansı mənbədən əldə etməsinin müəyyən edilə bilmədiyi göstərilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, ibtidai araşdırma orqanının araşdırma zamanı gəldiyi qənaətə əsasən aşakr edilmiş narkotik vasitə olan heroinin külli miqdarda və bir neçə bükümdə olması ittiham aktında göstərilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroini satış məqsədi ilə əldə edib saxlaması və üzərində daşımasını təsdiq edən fakt kimi qəbul edilə bilməz. İstintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlaması və daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə) hallara dair sübut əldə edə bilməmiş, satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübut və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması və hər hansı digər hallarla təsdiq olunmayan şəxs barəsində olan əməliyyat məlumatını əsas götürmüşdür. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatlarının nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs əməlinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlinməsi Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə olan halda yalnız cinayət işinə əlavə edilən məktub və raportlara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlanılmasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman məsələn: nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə istintaq nəticəsində narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroininin çəkisinin şəxsi istehlak miqdarından artıq olması əsas götürülərək ona satış məqsədi ilə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan heroinin qanunsuz olması yuxarıda göstərilən sübutlarla yanaşı, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışında xx.xx.2023-cü ildə saxlanılıb Gəncə ŞPBİ-nə gətirildikdən sonra CAİ-nin rəis müavini Şahid3 tərəfindən psixoloji təzyiq göstərilərək üzərinə heroin qoyulmasını bildirməsinə münasibətdə qeyd edir ki, həmin hal təqsirləndirilən şəxsin öz ifadəsindən başqa digər sübutlarla təsdiqini tapmadığı və işin məhkəmə baxışı zamanı toplanmış digər sübutlarla təsdiq olunmadığından həmin hissədə Təqsirləndirilən şəxs ifadəsini sübut növü kimi qəbul etmir, təqsirləndirilən şəxsin cinayət məsuliyyəti və cəzadan yayınmaq cəhdi kimi qiymətləndirir və özünümüdafiə xarakteri daşıdığı, işin faktiki halları ilə təkzib edildiyi üçün həmin hissədə sübut kimi qəbul etmir. Belə ki, iş materiallarına əlavə edilən şəxsi axtarış barədə videoçəkilişdən görünür ki, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı xəsarət, yaxud xəsarət izi, qeyri-adi psixoemosional halda olmasını təsdiq edən hər hansı hal mövcud deyildir. Həmçinin iş materiallarına əlavə edilmiş Gəncə şəhər prokurorluğunda istintaqı aparan orqanın təşəbbüsü ilə verilmiş məlumat əsasında aparılmış araşdırma nəticəsində qəbul edilmiş qərardan görünür ki, təqsirləndirilən şəxsin məhkəmədə göstərdiyi hallar araşdırılmış və təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan nə təqsirləndirilən şəxs, nə ailə üzvləri, nə də müdafiəçisi tərəfindən şikayət verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda naməlum çəkidə narkotik vasitə olan heroini əldə edərək qanunsuz olaraq üstündə saxlamış, xx.xx.2023-cü il tarixdə saat 00:05-da Gəncə ŞPBİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Cavadxan qəsəbəsində saxlanılaraq Gəncə ŞBPİ-nə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy-qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 10,050 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun əməlində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olması, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən isə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əvvəllər məhkum olunmaması onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri....şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə.... saxlama.....daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı və növü əməlin xarakteri və ictimai təhlükəliliyi, onun barəsində daha yüngül cəza növünün tətbiqini mümkün etməsə də təqsirləndirilən şəxsin özünün şəxsiyyəti və ailə vəziyyəti ona maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı hədd cəza təyinini mümkün edir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsini sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə və şəxsin həmin cəzanı real olaraq çəkməklə islah olacağı qənaətinə gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi onun ailə vəziyyəti, şəxsiyyəti və hazırki məhkəmə baxışı zamanı davranışı nəzərə alınmaqla təyin edilmiş cəzanın qanunvericilikdə müəyyən edilmiş müddəti çəkildikdən sonra şərti olaraq azad edilməsini, barəsində amnistiya tətbiqini və əfv edilməsini istisna etmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. İş üzrə maddi sübut qismində tanınaraq Gəncə ŞBPİ polis şöbəsində saxlanılan 9,850 qram narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğunu 1 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatların olduğu 1 ədəd CD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. xx.xx.2023-cü il tarixli protokola əsasən keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş və xx.xx.2023-cü il tarixli protokola əsasən baxış keçirilmiş, lakin sonrakı taleyinə aydınlıq gətirilməmiş, 1 ədəd “Samsung Galaxy A32” markalı mobil telefon isə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə narkoloji ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə məsrəfi olan 30,40 (otuz manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin, cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq Gəncə ŞBPİ polis şöbəsində saxlanılan 9,850 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğunu 1 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatların olduğu 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. xx.xx.2023-cü il tarixli protokola əsasən keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş və xx.xx.2023-cü il tarixli protokola əsasən baxış keçirilmiş, lakin sonrakı taleyinə aydınlıq gətirilməmiş, 1 ədəd “Samsung Galaxy A32” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar