Məhkəmə qərarları › İş №1(100)-299/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-299/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-299/2021 26.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 və Göygöl rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxx 1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, lakin məhkumluğu ödənmiş, ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri saxlaması və satması barədə Gəncə şəhər Kəpəz RPİ-nə daxil olmuş məlumat əsasında 19.04.2021-ci il tarixdə saat 20 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yol kənarında saxlanılaraq Kəpəz RPİ-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş 2 ədəd gümüşü rəngli falqa bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda - yəni, təmiz çəkiləri müvafiq olaraq 0,065 qram və 0,887 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin tarixdə ünvan 1 ünvanında yerləşən yaşadığı evə baxış keçirilərkən isə yaşadığı evin yataq otağındakı paltar dolabının içərisində olan qara rəngli paltonun sağ yan cibindən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan üzərində “Tramadol-hydrochloride 225mq” göstəricisi olan, təsir maddəsinin ümumi miqdarı 2,25 qram təşkil edən 1 ədəd tamlığı pozulmamış konvalyutda ümumi sayı 10 ədəd tramadol dərman preparatı, həmin paltonun sol yan cibindən isə 1 ədəd qara rəngli kağız bükümdəki şəffaf rəngli polietilen kəsiyi bükümündə külli miqdarda - yəni, təmiz çəkisi 2,028 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq protokolları və cinayət işində olan sübut xarakterli sənədlərlə tam sübuta yetirilmişdir. Beləki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 240.1 maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 19.04.2021-ci il tarixdə, saat 20 radələrində yaşadığı evə gedərkən üzərində bir bükümdə 0,5 qram narkotik vasitə heroin olmuşdur. Həmin vaxt 2 nəfər mülki geyimli polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edərək onu saxlayıb Kəpəz RPİ-nə aparmışlar. Polis əməkdaşları onun üzərinə vəkilin iştirakı ilə video çəkilişlə baxış keçirmiş və üzərində olan iki büküm heroini aşkar etmişlər. Bundan başqa yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün yaşadığı evə baxış keçiriləcəyi bildirilmiş o da buna etiraz etməmişdir. Polis əməkdaşlarının və müdafiçənin iştirakı ilə yaşadığı evə baxış keçirilən zaman evdən tramodol və heroin aşkarlanaraq götürülmüşdür. O, evindən aşkarlanan travmadolun ona məxsus olduğunu, lakin heroinin ona məxsus olmadığını, üzərində yalnız 0,5 qram bir büküm şəxsi istifadəsi üçün heroin olduğunu, ağrıları olduğu üçün heroindən istifadə etdiyini bildirmişdir. O, heç kimə heroin satmamışdır. Evindən aşkar olunan narkotik vasitə heroini polis əməkdaşlarının təyziqi altında öz üzərinə götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər Kəpəz RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 19 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkoik vasitə qəbul etməsi və üzərində gəzdirməsi, evində saxlaması, satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində olmasını müəyyən edib həmin yerə getmişlər. O və digər polis əməkdaşı Şahid2 mülki geyimdə Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini ona təqdim etmiş, üzərinə və yaşadığı evə baxış keçirmək məqsədi ilə onu Gəncə şəhər Kəpəz RPİnə aparmışlar. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qırmızı rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şpiris, həmin gödəkçənin sol yan cibindən 1 ədəd şüşə flakon, əynində olan tünd göy rəngli idman şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofanın içərisində iki ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş bükülü aşkar edilərək götürülmüş və həmin bükülüyə baxış keçirən zaman içərisində qəhvəyi rəngli, spesifik iyli, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlənin olması müəyyən olunmuşdur. Sorğu zaman Təqsirləndirilən şəxs həmin bükülünün içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində gəzdirdiyini, 18.04.2021-ci il tarixdə yaşadığı evin yaxınlığındakı zibillikdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilmiş və baxış zamanı qonaq otağında olan televizorun altındakı şkafın içərisindən l ədəd şpiris, qonaq otağında olan servantın içərisindən 1 ədəd şpiris, evin yataq otağında olan paltar şkafının içərisində olan qara rəngli paltonun sağ yan cibindən 1 list tramodol və qara rəngli siqaret falqasına bükülü tünd qara rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə aşkarlanaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs evdən aşkar edilmiş tünd qara rəngli, kəskin spesifik iyli maddənin ona məxsus olmadığını, tramadolun isə ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq götürülmüş narkotik vasitələr, şpirislər, tramadol və digər əşyalar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Gəncə şəhər Kəpəz RPİnin UQS-nin inspektoru Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs xəstə olduğundan uzun müddətdir ki, dərman qəbul edir. 19.04.2021-ci il tarixdə axşam saat 21-22 radələrində o, evdə olarkən polis əməkdaşları ona məlumat verərək oğlunun narkotik vasitə istifadə etdiyinə görə saxlanıldığını və üzərindən narkotik vasitə çıxdığını bildirmişlər. Daha sonra polis əməkdaşları ona yaşadığı evə baxış keçiriləcəyini demiş o da etiraz etməmişdir. Baxış zamanı 3 nəfər polis əməkdaşı onu tutub saxlamış və evə buraxmamışlar. Onun evində narkotik vasitə olmamışdır və oğlunun narkotik vasitənin dövriyyəsi ilə məşğul olması barədə onun heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sahibi uzun müddətdir ki, tanıyır və onun müxtəlif növ ağrıkəsici dərmanlar satmasını bilir. O, baş ağrıları olduğundan ağrılarını kəsmək üçün tramadol dərmanından istifadə etdiyini, sonuncu dəfə 2021-ci ilin aprel ayınında Sahiblə telefon əlaqəsi saxlayaraq Sahibdən tramadol dərmanı olub-olmaması barədə maraqlandığını, Sahibin ona tramadol dərmanı olmasını bildirərək pulsuz 10 ədəd tramadol həbi verdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2021-ci il tarixli, 16/363 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə.” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə və 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdəki şəffaf rəngli polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,065 qram, 0,887 qram, ümumi təmiz çəkisi 0,952 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən çıxan şpris və şüşə flakon.” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd 1 mllik şprisin və 1 (bir) ədəd üzərində “Voda dlə inceküii” yazılı, baş hissəsi sınıq şüşə ampulanın içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmamışdır. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan narkotik vasitə.” sözləri yazılmış kağız paketdəki, 1 (bir) ədəd qara rəngli kağız bükümdəki şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,028 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 (iki) ədəd 1 ml-lik şprislərin içərisində heroinin izləri vardır, heroin iz şəkilində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmadı. Üzərində Tramadolhydrochloride 225mq...17.06.20 göstəricisi olan 1 (bir) ədəd tamlığı pozulmamış konvalyutda ümumi sayı 10 (on) ədəd qırmızı rəngli həblər zavod üsulu ilə hazırlanmış tramadol dərman preparatıdır. Təqdim olunmuş ümumi sayı 10 (on) ədəd olan tramadol kapsulalarının təsir maddəsinin ümumi miqdarı 2,25 qram təşkil edir. Tramadolhydrochloride Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” siyahısına (əlavə) daxildir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Kəpəz RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid1 19 aprel 2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə, satmaqda və yaşadığı ünvanda saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olduğundan həmin tarixdə Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində saxlanılaraq Kəpəz RPİ aparılmışdır. Məhkəmədə tədqiq edilən 19 aprel 2021-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarxili, 4(043)-68/2021 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən şəxsi axtarış və götürmə haqqında 19 aprel 2021-ci il tarixli protokollardan və 30 aprel 2021-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı onun əynində olan qırmızı rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd şpris, sol yan cibindən 01 ədəd şüşə flakon, əynində olan tünd göy rəngli idman şalvarının sol yan cibində 01 ədəd 01 ədəd şəffaf rəngli sellofanın 02 ədəd gümüşü rəngli sigaret falqasında qara rəngli, 1.31 qram və 0.12 qram çəkidə, ilk baxışda narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni 18 aprel 2021-ci il tarixdə yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa həmin 19 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış zamanı qonaq otağında olan televizorun altındakı şkafın içərisindən 01 ədəd şpris, qonaq otağında olan servantın içərisindən 01 ədəd şpris, yataq otağında olan paltar şkafının içərisində olan qara rəngli paltonun sağ yan cibindən 01 list psixotrop maddə olan tramadol və qara rəngli siqaret falqasına bükülü tünd qara rəngli, spesifik qoxuya malik, ilk baxışda narkotik vasitə olan heroinə oxşar 2.44 qram çəkidə kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs evindən aşkar olunan tünd qara rəngli, kəskin spesifik iyli maddənin ona məxsus olmadığını və möhürlənmiş zərfi müdafiəçi ilə birlikdə imzalamaqdan imtina etdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01 noyabr 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə 02 il islah işləri cəzasına məhkum edilmişdir. Beləlikə, Azərbaycan Respublikasının CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunmalıdır. Məhkəmədə tədqiq edilən Məhkəmə Tibbi Ekspertiza və X5 X8 30 aprel 2021-ci il tarixli, 562 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Məhkəmədə tədqiq edilən Gəncə şəhər Narkoloji Dispanserinin və Gəncə şəhər Psixonevroloji Dispanserinin 05 iyun 2021-ci il tarixli arayışlarında görünür ki, Yusubov X3 və Psixonevroloji dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri Narkoloji Dispanserinin 26 iyul 2021-ci il tarixli, 905 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir və narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı var. Nakoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən 30 iyul 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olan zənglərə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin nömrəyə zəng edən nömrələr arasında Şahid3 məxsus ***-***-**-** saylı mobil nömrə də vardır ki, həmin nömrələr arasındakı telefon əlaqəsi 10 oktyabr 2020-ci il tarixdən 18 aprel 2021-cil il tarixədək müxtəlif vaxtlarda və saatlarda dəfələrlə olmuşdur. Məhkəmədə tədqiq edilən Gəncə şəhər BPİ Kəpəz RPİ-nin 15 iyul 2021-ci il tarixli, №122-19896-1221 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və güclü təsir edən maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması, mütəmadi olaraq ayrı-ayrı şəxslərə narkotik maddə və güclü təsir edən maddə satması barədə məlumat daxil olmuş və Təqsirləndirilən şəxs güclü təsir edən maddə almış şəxslərdən olan Şahid3 müəyyən edilərək istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq güclü təsir edən maddə və ya narkotik vasitə əldə etməsində ona kömək edən şəxsin olub-olmamasının, güclü təsir edən maddə və ya narkotik vasitəni əldə etdiyi Eliş və Hüseyn adlı şəxslərin şəxsiyyətlərinin əməliyat yolu ilə müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmədə tədqiq edilən 03 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi barədə qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.3 və 240.1-ci maddəsində tövsif edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qablaşdırılmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,045 qram, 0,867 qram, 2,008 qram narkotik vasitə olan heroin, 9 ədəd tramadol, şpiris və flakon iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq və Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmiş, 19.04.2021ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-də Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə keçirilmiş baxış zamanı istifadə edilmiş video çəkilişin əks olunduğu bir ədəd “DVD” disk, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının əks olunduğu bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında əlavə olunmuşdur. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, üzərindən aşkar olunan narkotik vasitələ olan heroinin və evindən aşkar olunan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə tramadolun ona məxsus olduğunu etiraf etsə də evindən aşkar olunan narkotik vasitə olan heroinin ona məxsus olmadığını, narkotik vasitələrin satışı ilə ümumiyyətlə məşğul olmadığını, onları özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin həmin hissələri işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etmir. Eləcə də, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar ekspertizanın gəldiyi nəticələrlə də təkzib olunur. Beləki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunan narkotik maddə olan heroinlər kimyəvi tərkibinə görə eynidir. Məhkəmə, həmçinin Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə də tənqidi yanaşaraq, onun ifadəsini təqsirləndirilən şəxsi müdafiə etmək məqsədilə verilmiş ifadə kimi qəbul edib, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki halları ilə uyğun gəldiyindən həmin ifadəni sübut kimi qəbul edir. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olan zənglərə baxış protokolundan onun Şahid3la telefon əlaqəsinin olduğu öz əksini tapmışdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni və narkotik vasitə olan heroini əldə etməsini, daşımasını, saxlamasını, Şahid3 narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə satmasını nəzərə alaraq hesab edir ki, o, həmin maddələri məhz satış niyyəti ilə əldə edib saxlamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5, 1.0.8, 1.0.9, 1.0.10, 1.0.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması һaqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün һərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, onun qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında tədqiq olunmuş mötəbər sübutların obyektiv cəmi ilə təsdiq olunur. O, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə və narkotik vasitə əldə edib daşıdığına və saxladığına görə onun əməli cinayət təqibi orqanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nın 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəzasını yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarxili, 4(043)-68/2021 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablanmışdır. Ona görə də, Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 19 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniyadan məcburi mualicəyə ehtiyacı olduğundan məcburi müalicə təyin olunmalı və о, ərazi nakroloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, qablaşdırılmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,045 qram, 0,867 qram, 2,008 qram narkotik vasitə olan heroin, 9 ədəd tramadol, şpiris və flakon məhv edilməli, 19.04.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz RPİ-də Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə keçirilmiş baxış zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diskin, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının əks olunduğu bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 30 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 240.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və о, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, qablaşdırılmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,045 qram, 0,867 qram, 2,008 qram narkotik vasitə olan heroin, 9 ədəd tramadol, şpiris və flakon məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə keçirilmiş baxış zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” disk, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 32 manat 40 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 həyata keçirdiyindən 180 manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar