Məhkəmə qərarları › İş №1(100)-30/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-30/2022

19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-30/2022 19.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçilər – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri X7 və X2 iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə əldə etdiyi ayrı-ayrılıqda 6 bükümdə olmaqla təmiz çəkiləri 2,127 qram, 0,953 qram, 1,250 qram, 2,255 qram, 1,181 qram və 1,213 qram olan külli miqdarda, yəni ümumi çəkisi 8,979 qram olan psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib əynində olan qara rəngli cins materiallı şalvarın ön sol yan cibində ünvan 2 ünvanınadək daşıyaraq saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 12 noyabr 2020-ci il tarixdə saat 15:30-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin ünvanda saxlanılaraq Gəncə şəhəri Atatürk prospketi 41 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsində regional şöbəsinə gətirilib həmin tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın ön sol yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 06 ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,127 qram, 0,953 qram, 1,250 qram, 2,255 qram, 1,181 qram, 1,213 qram, ümumi təmiz çəkisi 8,979 qram, yəni külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitədən istifadə etmişdir. 12 noyabr 2020-ci il tarixində saçını kəsdirmək üçün bərbərə getməli olmuşdur. Buna görə tanışı bərbər Faiq Kərimova zəng etmiş və ona saçını kəsdirməyə gələcəyini demişdir. Həmin gün qonşusu Asimlə rastlaşmış, söhbət zamanı Asim ona Gəncə şəhər İcra və Probasiya Şöbəsinə ona məxsus olan elektron nəzarət vasitəsini təhvil vermək üçün, qardaşı Elvin ilə birlikdə gedəcəyini bildirmiş, o isə bərbərə gedəcəyini, onlarla birlikdə getməyini təklif etmişdir. Sonra Elvinə məxsus avtomobilə Gəncə şəhəri, Nizami rayonu, 28 May küçəsi ilə Gəncə şəhər İcra və Probasiya Şöbəsinə yollanmışlar. Oraya çatdıqda maşından düşmüşlər, Asim İcra və Probasiya Şöbəsinə getmişdir. Bu zaman qara rəngli “Toyota Prado“ markalı avtomobildən tanımadığı bir neçə nəfər mülki geyimli polis əməkdaşları xidməti vəsiqə təqdim edərək, ona yaxınlaşmış və onu tutub polis şöbəsinə aparmışlar. Orada tanımadığı polis əməkdaşları ona hədə-qorxu gəlib təzyiq göstərərək üzərində narkotik vasitə olmasını boynuna almasını bildirmişlər. Sonra qorxusundan polis əməkdaşlarının dedikləri ilə razı olmuşdur. Sonra onun üzərinə cinayət işində göstərilən narkotik vasitələri qoymuşlar. Sonra vəkil dəvət olunmuş və polis əməkdaşlarının ona dedikləri kimi üzərindən narkotik vasitələri çıxarıb təqdim etmiş və videoçəkliş aparılmışdır. Bu barədə protokol tərtib olunmuş o da imzalamışdır. Ona görə də istintaq zamanı etirfaedici ifadə vermiş və ona hədə-qorxu gəlinməsi barədə qorxusundan vəkilə də bir söz deməmişdir. Bədəni üzərində hər hansı xəsarətin əlamətləri qalmamışdır. Nəyə görə onun üzərinə narkotik vasitə qoyulmasının səbəbini dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və psixotrop maddələr əldə etməsi, saxlaması, daşıması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəflərindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı X6, İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X9 da daxil olmuşdur. Qrup üzvlərinin hər biri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etməli olması barədə təlimatlandırıimışdır. 12 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 6 ünvanının yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin şəxsi müəyyən etmək məqsədi ilə o və Elsevər Abbasov qeyd olunan yerə getmiş, təhqiqatçı Yusif Yusifov isə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsində Regional Şöbəsinə getmişdir. ünvan 6 ünvanının yaxınlığında olduqları vaxt saat 15:30 radələrində xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim edərək BMCMİ-nin əməkdaşları olduqlarını deyib adını və soyadını soruşduqda, Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsində Regional Şöbəsinə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə gəlmiş, onlar Regional Şöbəyə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə və psixotrop maddə saxlaması, qəbul etməsi və satışı ilə məşğul olmasında şübhəli olması ehtimal edildiyindən üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə o, raportla məruzə etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs inzibati binada yerləşən otaqlardan birinə aparmış, orada təhqiqatçı Yusif Yusifov, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili dəvət edilib Təqsirləndirilən şəxs təqdim olunaraq konfidensial ünsiyyət saxlamaları üçün şərait yaradılmış, bundan sonra Təqsirləndirilən şəxs həmin vəkilə etirazının olub-olmaması soruşulmuş, bu zaman Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxsə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış və baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxsə hüquq və vəzifələri izah edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya, psixotrop maddə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi xahiş olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins materiallı şalvarının ön sağ yan cibindən bir ədəd 5 manatlıq pul əskinasını, şalvarının ön sol yan cibindən bükümləri masanın üzərinə qoymaqla təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin qanunsuz əşya və ya maddə aşkar olunmamış, bundan sonra şübhəli şəxsin pul vəsaiti əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmaqla təqdim etdiyi bükümlərə baxış keçirilməsinə başlanmışdır. Təqdim olunan 06 ədəd bükümə baxış keçirilmiş, bükümlərin hər birinin içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddələr olduğu məlum olmuş, şübhəli şəxs bükümlərin içindəki maddələrin metamfetamin adlı psixotrop maddə olduğunu təsdiq edərək, təxminən iki gün əvvəl Gəncə şəhərində, “Dəmiryolu Vağzalı” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən ümumi 90 manata alıb üzərində gəzdirdiyini bildirmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 06 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün özünün iştirakı ilə müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış qurtardıqdan sonra videoşəçəkiliş dayandırılmış və bu barədə protokol tərtib edilmişdir. Həmin protokol hər bir iştirakçıya ucadan oxunmuş, əlavə və düzəliş olmadığından protokol hər bir iştirakçı tərəfindən imzalanmış, daha sonra onlar birlikdə BMCMİ-yə gəlmişlər. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdikləri həqiqətə uyğun deyildir, onu tutduqları zaman yaxınlığında olan şəxslər onları maraqlandırmamış, həmin vaxt o avtomobildən düşmüş vəziyyətdə olmuşdur. Ona heç kim fiziki və ya psixi zorakılıq tətbiq etməmiş və belə zorakılığın tətbiq edilməsi ilə hədə-qorxu gəlinməmşdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, saç ustası işləyir. Təqsirləndirilən şəxs saçını ona kəsdirir.Hər dəfə Taleh zəng edib onun yanına gəlir.Axırıncı dəfə Taleh 2020-ci noyabr ayında onun istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng edərək saçını kəsdirmək üçün yanına gələcəyini bildirmişdir. Sonradan eşitmişdir ki, Talehi tutublar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Hadisə günü Gəncə şəhər İcra və Probasiya Şöbəsinə ona məxsus olan elektron nəzarət vasitəsini təhvil vermək üçün, qardaşı Elvin Nağıyev ilə birlikdə gedəcəyini Talehə bildirmiş, Taleh isə bərbərə gedəcəyini, onlarla birlikdə getməyini təklif etmişdir. X16 maşınında Gəncə şəhəri, Nizami rayonu, 28 May küçəsi ilə Gəncə şəhər İcra və Probasiya Şöbəsinə yollanmışlar. Oraya çatdıqda o İcra və Probasiya Şöbəsinə getmək üçün maşından düşmüşdür. Bu zaman qara rəngli “Toyota Prado“ markalı avtomobildən tanımadığı təxminən 5-6 nəfər mülki geyimli polis əməkdaşları xidməti vəsiqə təqdim edərək, onlara yaxınlaşmış, Təqsirləndirilən şəxs tutub aparmışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X18 oğlu ifadəsində göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olur. Hadisə günü Gəncə şəhər İcra və Probasiya Şöbəsinə qardaşı Asim Nağıyevə elektron nəzarət vasitəsini təhvil vermək üçün gedəcəklərini bildirmiş, Taleh isə bərbərə gedəcəyini, onlarla birlikdə getməyini təklif etmişdir. Onlar maşında Gəncə şəhəri, Nizami rayonu, 28 May küçəsi ilə Gəncə şəhər İcra və Probasiya Şöbəsinə yollanmışlar. Yolda olarkən onları göy rəngli bir avtomibilin izlədiyini təxmin etmişdir. Oraya çatdıqda Asim İcra və Probasiya Şöbəsinə getmiş, bu zaman qara rəngli “Toyota Prado“ markalı avtomobildən tanımadığı təxminən 5-6 nəfər mülki geyimli polis əməkdaşları xidməti vəsiqə təqdim edərək, onlara yaxınlaşmış, Təqsirləndirilən şəxs tutub aparmışlar. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 12.11.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərəl özündə saxlamaqla daşıması və satışı ilə məşğul olması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış və götürmə haqqında» 12.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins materialından olan şalvarın sol ön cibindən 6 ədəd ayrı-ayrılıqda bükümlərdə olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 5(043)103/2020 saylı qərarından görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 12.11.2020-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarının yoxlanmasından imtina edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 5(005)977/2020 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin aparılması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizim və təhlükəli cinayətkarlarla mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 12.11.2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 10 fevral 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur, həmçinin Təqsirləndirilən şəxs psixotrop maddə olan “metamfetamini” kimdən alması, eləcə də “metamfetamin”i kimlərə satması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Həmçinin keçirilmiş tədbirlərə baxmayaraq Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və psixotrop maddə aldığı “Sübhan” adlı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 05.02.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmişdir. Materialların məhkəmə ekspertizasının 13.11.2020-ci il tarixli 6/2470 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Təqsirləndirilən şəxs üzərindən” sözləri olan zərfdəki altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2.127 qr, 0.953 qr, 1.250 qr, 2.255 qr, 1.181 qr, 1.213 qr, ümumi təmiz çəkisi 8.979 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı 1-ci) daxildir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 16.02.2021-ci il tarixli 120 saylı rəyindən görünür ki, ekspertin rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər Psixonevroloji Dispanserinin 05.01.2021-ci il tarixli 31 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin 11.01.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. “Şübhəli şəxsin tutulması haqqında” 12.11.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 13.11.2020-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 noyabr 2020-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin 26.05.2021-ci il tarixli 523 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ev ermənilərin Gəncə şəhərinə atdıqları raket zərbəsi nəticəsində zərər dəymişdir. № 022718 vəsiqənin surətindən görünür ki, X11 İ qrup əlilidir. «Sübutların qiymətləndirilməsi haqqında» 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübutlar ekspertiza tədqiqatından qalıq qalmış 8,919 qram narkotik vasitə olan metamfetamin Gəncə şəhər Baş Polis İdarəsində xüsusi ayrılmış saxlanc yerinə təhvil verilmişdir. Eləcə də iki ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən narkotik vasitənin mənbəyinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla təqsirli bilir, təxminən 5-6 ay bundan əvvəl o, fikirlərini dağıtmaq məqsədi ilə psixotrop maddə olan metamfetamin istifadə etməyə başlamışdır. O, psixotrop maddə olan metamfetamini falqa kağızının içərisinə doldurub, falqa kağızının altından od tutmaqla qızdıraraq oradan çıxan tüstünü ağız və burnumdan nəfəs almaqla qəbul edir. Bu ona həm rahatlamağa, həm də ağrıları olan zaman, ağrılardan qurtulmağa kömək edir. Psixotrop maddəni mütamadi olaraq tanımadığı şəxslərdən müxtəlif qiymətlərə alıb istifadə etmişdir. O, əvvəllər istifadə etdiyi psixotrop maddələri Gəncə şəhərində yerləşən vağzalın yaxınlığında tanımadığı, adını bilmədiyi şəxslərdən almışdır. Həmin şəxləri tanımadığı üçün anket məlumatlarını qeyd edə bilməmişdir. Son bir neçə gündür bədənində olan ağrılar yenidən artdığına və şəxsi həyatı ilə bağlı problemlər yaşadığına görə o, yenidən psixotrop maddə olan metamfetamindən istifadə etmək qərarına gəlmişdir. Buna görə də 10 noyabr 2020-ci il tarixində səhər saatlarında Gəncə şəhərində yerləşən “dəmiryol vağzalı” adlanan yerə getmiş, Dəmiryolu vağzalında olduğu zaman psixotrop maddə almaq üçün, bunun satışı ilə məşğul olan adamları axtarmağa başlamış, ətrafa baxdıqda belə bir adama oxşayan adamın olmadığını görmüş və orada yerləşən taksi dayanacağına tərəf yaxınlaşmış, orada dayanıb siqaret çəkən zaman, tanımadığı bir şəxs ona yaxınlaşıb siqaretini yandırmaq üçün ondan alışqan istəmiş, o da həmin şəxsə alışqan vermiş, bundan sonra həmin şəxs siqaretini yandırmış və onunla birlikdə siqaret çəkərək, söhbət etməyə başlamışdır. Həmin şəxs ondan adını soruşmuş, o da adının Taleh olduğunu demiş, həmin şəxs ona adının “Sübhan” olduğunu demişdir. Onlar bir müddət söhbət etdikdən sonra onun fikirli olduğunu görüb, ondan nəyə görə fikirli olduğunu soruşmuş, o da şəxsi həyatı ilə bağlı bəzi problemlərin olduğunu demiş, bundan sonra ona fikrini dağıtmaq üçün psixotrop maddə və ya psixotrop maddə sata biləcəyini demişdir. O, da hansı növlərinin olduğunu soruşan zaman, həmin şəxs də ona heroin, metamfetamin və ya metamfetamin verə biləcəyini demişdir. O, psixotrop maddə olan metamfetamin istədiyini və metamfeaminin qiymətinin nə qədər olduğunu soruşmuş, həmin şəxsdə bükümün birini 18 manata verə biləcəyini demişdir. O isə bunun çox baha olduğunu, onun əvvəllər də metamfetamin aldığını və heç vaxt bu qədər baha olmadığını demişdir. Bundan sonra həmin şəxs ona neçə büküm almaq istədiyini soruşmuş, o da 5-6 büküm istədiyini demiş, bundan sonra həmin şəxs cinbindən 6 büküm çıxararaq hamısını 90 manata verə biləcəyini demişdir. O da razılaşaraq, 6 büküm metamfetamini götürüb əvəzində ona 90 manat pul vermişdir. Bundan sonra o, oradan uzaqlaşaraq evə tərəf getmiş, ailə üzvlərinin psixotrop maddə olan metamfetamini tapıb, narahat olmalarını istəmədiyini üçün o, evə gələn kimi bükümlərin hamısını evdə, yataq otağında şkafın üzərində yerləşən döşəklərin arasında gizlətmişdir. O, evdə olan zaman psixotrop maddə olan metamfetamindən istifadə etməyə imkanı olmamış, ona görə də 12 noyabr 2020-ci il tarixində evdən çıxanda gün ərzində istifadə edcəyini fikirləşib, həmçinin evdəkilərin həmin bükümləri tapmamaları üçün bükümləri götürüb əynində olan qara rəngli cins şalvarın sol yan cibinə qoymuş və səhər saatlarında evdən çıxmışdır. Gün ərzində bəzi işlərini həll etmək üçün şəhərin mərkəzinə tərəf getmiş, lakin gün ərzində metamfetamnindən istifadə etməmişdir. 12 noyabr 2020-ci il tarixdə saat 15:30 radələrində Gəncə şəhəri Nizami rayonu “28 May” küçəsində olarkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Həmin şəxslər ondan özünü təqdim etməyini istəmişlər, o, özünü təqdim etdikdən sonra, polis əməkdaşları ona narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğumu bildirib, onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsi üzrə regional şöbəsinə dəvət etmişlər. O da yalan danışmağın mənasız olduğunu düşünüb, etiraz etmədən polis əməkdaşları ilə birlikdə gələ biləcəyini demiş, şöbəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə Gəncə şəhərində fəaliyyət göstərən vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim edimiş, o da siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarımın müdafiə edilməsinə etiraz etmədiyini demişdir. Bundan sonra vəkil Yusif Hüseynov dəvət edilmiş və ona tədim olunmuşdur. Ondan vəkilə etriazının olub-olmaması soruşulduqda, o, vəkilə heç bir etirazının olmadığını demiş, bundan sonra ona qanunsuz olaraq külli miqdarda psixotrop maddə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış zamanı ilkin olaraq ona üzərində qanunsuz əşya varsa, könüllü olaraq təqdim etməsini təklif etmişlər. O, bundan sonra masaya doğru yaxınlaşıb əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 5 manat pulu, şalvarımın ön sol yan cibindən 6 bükümdə psixotrop maddə olan metamfetamini masanın üzərinə qoymuşdur. Ardınca ona şalvarının ciblərini tam olaraq göstərməsini, ayaqqabılarını çıxarmağını təklif edilmişdir. O, deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamış, ardınca onun təqdim etdiyi pul vəsaiti özünə qaytarılmaqla bükümlərə baxış keçirilməsinə başlanmışdır. Bükümlərin hər biri təhqiqatçı tərəfindən açılmış və onların içərisində ağrəngli kristalların olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı ondan həmin bükümlərdəki maddənin nə olmasını soruşmuş o da psixotrop maddə olan metamfetamin olduğunu, təxminən iki gün əvvəl Gəncə şəhərində tanımadığı adamdan 90 manat ödəməklə aldığını bildirmişdir. Üzərindən aşkar edilmiş 06 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetamin müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və orada iştirak edən şəxslərlə birlikdə o da həmin zərfin üzərinə imza atmışdır. Bundan sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə o da həmin protokola imza etmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X4 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla”yuxarı ”həddi 2 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satnmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamaları bükülməsi və işin halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Gəncə şəhərində yerləşən evinin 2020-ci ildə ikinci Qarabağ müharibəsi zamanı düşmən tərəfindən atılan raket zərbəsi nəticəsində zərər dəyməsi və atasının İ qrup əlili olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddəsinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından qalıq qalmış 8,919 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X13 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 12 noyabr 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından qalıq qalmış 8,919 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X13 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar