Məhkəmə qərarları › İş №1(100)-303/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-303/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-303/2024 28.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X1 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.2006-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Baş Güney kəndində qeydiyyatda olmaqla, Bərdə şəhəri, M.Müşfiq küçəsində yerləşən Rasim Musayev adına İnteqrasiya təlimi internat tipli gimnaziya məktəbinin yataqxanasında məskunlaşıb yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə saat 23 radələrində Bərdə şəhəri, M.Müşfiq küçəsində yerləşən Rasim Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziya məktəbinin yataqxanasının qarşısında tanışı Zərərçəkmiş şəxs ilə söhbət edən zaman sonuncunun onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmin yerdə şam ağacına taxılmış, dəstəyi əldə düzəltmə üsulu ilə, tiyəsi zavod üsulu ilə turist bıçaqlarının analoqu üzrə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən bıçağı əlinə götürüb həmin bıçaqla Zərərçəkmiş şəxs bud nahiyəsinə bir zərbə endirib sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bud arteriyasının və venasının yaralanması ilə sağ budun kəsilmiş-deşilmiş yarası xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün hər hansı bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, 29 avqust 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxsla yaşadığı küçənin yaxınlığında rastlaşmış, sonuncu ilə əvvəldən tanışlığı olmuşdur. Həmin vaxtı o, sərxoş olduğunu görüb ilə Bayramla salamlaşaraq söhbət edib sonuncu ilə İnternat məktəbinin həyətinə tərəf getmişdir. Onlar söhbətləşib bir-biri ilə zarafat edən zaman Bayram ona qarşı nalayiq ifadə işlədərək əl-qol atmış və onun boğazından tutub silkələmişdir. O, Bayrama nalayiq söz deməməsini və əllərini çəkməsini bildirmişdir. Bayram isə onun dediklərinə baxmayaraq öz hərəkətlərini davam etmişdir. Bu zaman o, məktəbin həyətində olan şam ağacına batırılmış bıçağı götürüb Bayramın sağ ayaq nahiyəsinə bir dəfə vurmuşdur. Bundan sonra isə təcili-tibbi yardına zəng etmiş və həkimlər gəlib Bayramı gəlib aparmışlar. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs onun evinin yaxınlığında yerləşən bazarda işləmiş, hadisə vaxtı sonuncu sərxoş olmuş, yaşadığı evin yaxınlığında yerləşən məktəbdə təmir işləri getmiş, Bayrama xəsarət yetirdiyi bıçaq da həmin məktəbin həyətində yerləşən ağaca batırılmış vəziyyətdə olmuş, o da bıçağı ağacdan götürmüşdür. O, bıçağın ağaca batırıldığını hadisə vaxtı görmüş, əvvəldən orada bıçaq olmasını bilməmiş, Bayrama bir dəfə bıçaqla xəsarət yetirmiş, mübahisə vaxtı Bayram əlini onun boğazından çəkməmiş, onu ağaca tərəf itələmiş, o da ağacdan bıçağı çıxarıb sonuncunu vurmuşdur. Təcili yardıma o, zəng etdim, təcili yardım gələnə qədər köynəyi ilə qanaxmanın qarşısını almaq üçün zərərçəkmişin yarasını bağlamış və təcili yardım avtomobili gələnə qədər orada gözləmişdir. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə də barışmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdaki mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 29 avqust 2023-cü il tarixdə saat 23 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Nar” marketin yaxınlığında Təqsirləndirilən şəxsla rastlaşaraq salamlaşıb söhbət etmişdir. Yol gedə-gedə sonuncu ilə söhbətləşib zarafat edən zaman Xəyala dediyi nalayiq ifadəyə görə aralarında mübahisə yaranmışdır. Həmin vaxtı o, Xəyalın paltarının yaxasından tutaraq əlləri ilə sonuncunu kənara itələmişdir. Xəyal da arxa tərəfə getmiş, bir neçə saniyədən sonra isə ona tərəf gəlmiş və o, Xəyalın ona yumruq atdığını zənn edib ayağını sonuncuya tərəf atmışdır. Bu zaman o, sağ ayağının buduna nə isə batdığını hiss etmişdir. Daha sonra ayağından qan axmağa başlamışdır. Xəyal bunu görüb yardım etməyə çalışmış və təcili-tibbi yardıma zəng etmişdir. Bir qədər sonra təcili-tibbi yardım briqadası gələrək onu xəstəxanaya aparmışlar. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Xəyalı işlədiyi yerin yaxınlığında yaşadığından tanımış, hadisə günü sonuncu ilə təsadüfən rastlaşmış, Xəyal öz evinin yaxınlığında tək dayanmış, o isə oradan keçmişdir. Küçədən keçən vaxtı o, sərxoş olmuş, Xəyalla zarafat etmiş və sonuncunu itələmişdir. O, Xəyalın üzərində bıçaq olmasını bilməmişdir. Mübahisə qaranlıq vaxtı Bərdə şəhəri Rasim Musayev adına İnternat məktəbinin həyətində olmuş, mübahisə zamanı Xəyal ona qarşı nalayiq ifadə işlətməmiş, sadəcə bir dəfə bıçaqla xəsarət yetirmişdir. O, Təqsirləndirilən şəxsla barışmış, sonuncunun anası onun xəstəxana xərclərinin ödənilməsinə köməklik etmiş, onun Təqsirləndirilən şəxs hər hansı bir şikayət və tələbi yoxdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 29 avqust 2023-cü il tarixdə saat 23 radələrində İnternat məktəbinin həyətinə təcili-tibbi yardım avtomobilinin gəldiyini görüb nə olduğunu bilmək üçün həmin avtomobilə yaxınlaşmışdır. Oraya yaxınlaşanda bir sürücü və iki qadından ibarət tibbi heyətinin olduğunu görmüşdür. Qadınlar yaralını avtomobilə qoymaqda çətinlik çəkdiyi üçün sürücü ondan kömək etməsini xahiş etmişdir. Bir qədər sonra bir cavan oğlan da yaxınlaşmış, lakin həmin vaxt hava qaranlıq olduğundan o, sonuncunun üzünü görməmişdir. O, cavan oğlanla kömək edib yaralını təcili-tibbi yardım avtomobilinə qoymuşdur. Səhv etmirsə yaralının sağ ayağı köynəklə bağlanmışdır. O dərhal bu barədə “102” xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 686 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - bud arteriyasının və venasının yaralanması ilə sağ budun kəsilmiş-deşilmiş yarası, deşici-kəsici alətin, ola bilsin ki, bıçaq təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 X9 Regional Ambulator şöbəsinin xx.xx.2023-cü il tarixli, 638 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmiş, o, hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu aşkar edilmədiyindən o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 480- MTKŞ/2023 nömrəli kompleks məhkəmə-tibbi-kriminalistik ekspertizasının rəyindən görünür ki: 1) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın ön səthində sağda 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə küpü, kafi itilikdə ilan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmiş və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. 2) Zərərçəkmiş şəxs məxsus şalvarın ön səthində sağda aşkar edilmiş 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində olan bud arteriyasının və venasının yaralanması ilə sağ budun kəsilmiş-deşilmiş yarası lokalizasiyasına görə nisbi uyğun gəlir. 3) Ekspertizaya təqdim olunmuş bıçaq dəstəyi əldə düzəltmə üsulu ilə, tiyəsi zavod üsulu ilə turist bıçaqlarının analoqu üzrə hazırlanmış, məişət təyinatlı bıçaqdır və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 661/2023- MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Zərərçəkmiş şəxs qan qrupu təqdim edilmiş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən təsnifata görə A beta (İİ)-dir. 2) Ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol köynək və cins şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda A beta (İİ) qrupunu xarakterizə edən A antigeni və beta aqqlyutinini alındı. Beləliklə, bu qan A beta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli edilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında” qərardan görünür ki, həmin gün Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin MSY-dən azad olunaraq barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Bərdə şəhəri, M.Müşfiq küçəsində yerləşən Rasim Musayev adına İnteqrasiya təlimi internat tipli gimnaziya məktəbinin həyətidir. Hadisə yerindən bir ədəd açıq qəhvəyi rəngli taxta materialdan tiyəsi açıq olan bıçaq sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi hadisə zamanı əynində olan 01 ədəd ağ rəngli qısaqol köynək və 01 ədəd göy rəngli cins şalvar müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Şalvarın sağ yan ayaq hissəsində bıçaq kəsiyinə bənzər oval formalı dəlib-keçən zədə, qəhvəyi rəngli qanabənzər ləkələr aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi “Samsung” markalı mobil telefon vasitəsi ilə 103 TTYX-ya zəng etməsi barədə telefon danışıqlarına baxış zamanı xx.xx.2023-cü il tarixdə saat 23:06-da 19 saniyə və həmin gün 23:09-da 8 saniyə 103 TTY xidmətinin zəng mərkəzinə Təqsirləndirilən şəxs tərəfindən zəng olunaraq məlumat verilməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha əyani olaraq göstərib ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə RPŞ-nin məsul növbətçisinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 23:26-da Bərdə şəhəri, M. Müşfiq küçəsi, ev 55-də yaşayan Şahid +99***-***-**-** mobil nömrəsindən 102 Zəng Xidmətinə zəng edərək bir nəfər şəxsin bıçaqlanması və TTTY yaxınlaşıb həmin şəxsi aparması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə RPŞ-nin məsul növbətçisinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 23:49-da Bərdə Müalicə və Diaqnostika Mərkəzindən növbətçi həkim telefonla məlumat verərək Bərdə şəhəri, Gəncə küçəsində yaşayan 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ bud nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə RPŞ-nin əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, 29 avqust 2023-cü il tarixdə saat 23 radələrində Bərdə şəhəri Rasim Musayev adına İnternat məktəbinin həyətində Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə RPŞ-nin əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, 29 avqust 2023-cü il tarixdə saat 23 radələrində Bərdə şəhəri, M.Müşfiq küçəsində yerləşən Rasim Musayev adına İnteqrasiya təlimi internat tipli gimnaziya məktəbinin həyətində Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman orada heç kim olmamış, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tək söhbət etmişlər, hadisə vaxtı ictimai qayda pozulmamış və cəmiyyətə qarşı açıq hörmətsizlik edilməmiş, Təqsirləndirilən şəxs xəsarət yetirdiyi bıçağı kimdənsə əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs Bərdə RPŞ-ya verdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə ilə polis şöbəsinə müraciət edərək 29 avqust 2023-cü il tarixdə saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs bir dəfə bıçaqla sağ bud nahiyəsindən ona xəsarət yetirməsini göstərib sonuncu barəsində qanunauyğun tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs atası X3 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ağdam RİH başçısının Baş Güney kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu, Baş Güney kəndində qeydiyyatda olsa da, Bərdə şəhəri, M.Müşfiq küçəsində yerləşən Rasim Musayev adına İnteqrasiya təlimi internat tipli gimnaziya məktəbinin yataqxanasında məskunlaşmış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisənin törədilməsində istifadə olunmuş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd ağ rəngli qısaqol köynək və 01 ədəd göy rəngli cins şalvar iş üzrə sübut əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına verilmişdir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. CM-in 20.2-ci maddəsinə əsasən, on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Hazırkı cinayət işinin materiallarından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə ittiham olunduğu cinayət əməlini törədərkən onun 14 yaşı tamam olmuşdur. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 84.1 və CPM-in 428.2-ci maddələrinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Qərarın 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə tərkibi yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat və tərbiyə şəraitini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasını, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb CM-in 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, həyat və tərbiyə şəraitini, həmçinin barəsində cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən aralarında baş vermiş mübahisənin sərxoş halda olan zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmasını və mübahisə zamanı zərərçəkən şəxsin təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadə işlədərək sonuncunu itələməsini nəzərə alaraq, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlar barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən məhkəmələr hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələni də müzakirə etməlidirlər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə isə MSY-dən azad edilərək barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində şübhəli şəxs qismində tutulmuşdur. Bununla belə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarılanadək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, ona təyin edilən cəza şərti olaraq tətbiq edildiyi üçün cəza müddətinə hesablanmamalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 180 (bir yüz səksən) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına verilmiş hadisənin törədilməsində istifadə olunmuş 01 ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd ağ rəngli qısaqol köynək və 01 ədəd göy rəngli cins şalvar sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi 180 (bir yüz səksən) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına verilmiş hadisənin törədilməsində istifadə olunmuş 01 ədəd bıçaq məhv edilsin. Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd ağ rəngli qısaqol köynək və 01 ədəd göy rəngli cins şalvar sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar