Məhkəmə qərarları › İş №1(100)-306/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-306/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-306/2025 02.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Tenırverdi oğlunun iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 6, mənzil 21-dı qeydiyyatda olmaqla, Gəncə şəhəri Cavadxan qəsəbəsi nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə həbs qətimkan, xx.xx.2023-cü il tarixdə ev düstaqlığı, xx.xx.2024-cü il tarixdə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkisi 1.323 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 3.523 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nə daxil olmuş məlumat əsasında 03 dekabr 2023-cü il tarixdə, saat 22:00 radələrində həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Azərbaycan Bayrağı ( keçmiş Tağı Arani) küçəsi “ Bazar Store “ mağazsının yaxınlığında saxlanılaraq, Gəncə şəhəri Ə.Ü.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına aparılmış və üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd büküm, əynində olan idaman gödəkcəsinin sol yan cibindən 04 ədəd açar və başlıq, ağ rəngli kağız bükümün içərsindəki kütlənin təmiz çəkisi 1.323 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni saxlandığı gün yaşadığı binanın qarşısından tapdığını və həmin narkotik vasitə heroinin üzərindən bir qədər götürərək yaşadığı Gəncə şəhəri Azərbaycan Bayrağı ( keçmiş Tağı Arani) küçəsi 1- ci döngə ev 3, mənzil 21-də saxladığını bildirdiyi üçün onun yaşadığı mənzilə baxış keçirilmiş və Təqsirləndirilən şəxsnm özünün göstərdiyi mənzilin giriş dəhlizinin sol tərəfində yerləşən tumbuçkanın içərsindən sarı rəngli sellofan bükümünə bükülmüş təmiz çəkisi 3.526 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qonşusu vasitəsilə ona zəng edilmiş və o şəkildə evə çağırılmışdır. Həmin evə gedən zaman polis işçiləri tərəfindən ona qarşı təzyiq göstərilmiş və o, Gəncə şəhər Baş Polis İdarəsinə aparılmışdır. Gəncə şəhər Baş Polis İdarəsinə gedən zaman 7-8 nəfər üzərinə getmiş, aralarından biri özünün rəis olduğunu bildirmiş və ona “sən göstərişlə gəlibsən, ya 15 (on beş) min manat pul verəcəksən, ya da 5 qram narkotik vasitəni götürəcəksən” demişdir. Ona narkotik vasitəni çəkilişlə götürəcəyi deyilmiş və o, çəkilişin nə olduğunu anlamadığı üçün polis işçilərini ailəsi ilə yaşadığı evə yox, yaşayış olmayan evə aparmış və narkotik vasitə oraya qoyulmuşdur. İfadəsinə əlavə olaraq bildirmişdir ki, əvvəllər narkotiklə əlaqəsi olmamış, yeni rəis gələn zaman onu təbrik etmədiyi üçün polislərin onunla ədavəti yaranmışdır. Həmçinin bununla bağlı həm prokurorluğa şikayət etmiş, həm də məhkəmədə olan zaman bunu bildirmişdir. Eyni zamanda həbs edildiyini də qeyd etmişdir. O, saxlanılan zaman Şahid2 və Şahid3 orada olmuş, həmçinin narkotik vasitəni qapının ağzına qoymağı polis işçilərinə o, özü təklif etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi onların saxladığını, lakin hadisənin üzərindən çox vaxt keçdiyi üçün xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Gəncə şəhər Baş Polis İdarəsinə aparılmış, orada videoçəkiliş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. O, baxış zamanı təqsirləndirilən şəxsin üzərindən nə aşkar edildiyini xatırlamadığını bildirmiş və istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilən narkotik vasitənin hansı növü olduğunu unutmuş, şəxsin üzərinə baxış keçirilən zaman orada olmuş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni tapdığını bildirmişdir. Qeyd edilən yaşayış ünvanlarından birinə baxış keçirilmiş, lakin həmin yaşayış ünvanının təqsirləndirilən şəxsin özünə aid olub olmadığını bilməmişdir. O, əməliyyat məlumatının ona aid olduğunu bildirmiş və istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs sosial binaların bərpası idarəsində saxlanılmış, saxlanıldıqdan sonra Gəncə şəhər Baş Polis İdarəsinə aparılmış, təhqiqat şöbəsində videoçəkiliş və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitənin özünə aid olduğunu özü etiraf etmiş və bununla bağlı araşdırma aparılmışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, əməliyyat zamanı təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir olmamış, həmçinin əməliyyat zamanı iştirakçı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin ona aid olduğunu etiraf etmiş, həmçinin təqsirləndirilən şəxsin evinə baxış keçirilməmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs bu işlə bağlı tanımış, narkotik vasitələrin üzərində gəzdirilməsi və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, polis işçiləri daxil olmuş məlumatın doğruluğunun yoxlanması məqsədilə şəxsin yaşadığı ünvanın yaxılığına getmiş, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinə dəvət edilmiş, idarədə təqsirləndirilən şəxsin üzərinə videoçəkiliş və vəkilin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı onun üzərindən heroin adlanan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş və təqsirləndirilən şəxs sobanın içərisində olan narkotik vasitəni polis işçilərinə təqdim etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs qışda qaranlıq vaxtı Dədə Qorqud küçəsində, “Pasyolka” adlanan ərazidə saxlanılmış, polis işçiləri ona özlərini təqdim etdikdən sonra şəxs Gəncə şəhər Baş Polis İdarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir olmamış, təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün istifadə etdiyini bildirmiş, həmçinin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisini unutduğunu bildirmişdir. Təqsirləndirilən şəxin üzərinə Gəncə şəhər Baş Polis İdarəsində təhqiqatçının otağında vəkilin iştirakı ilə baxış keçirilmiş, videoçəkiliş zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin ona aid olduğunu bildirmişdir. O, istintaq zamanı verdiyi ifadənin düzgünlüyünü təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ifadəsində bildirmişdir ki, axşam saat 10 radələrində onlara Firuzun tutulduğu deyilmiş, o Firuzun nömrəsinə zəng etdikdə isə cavab almamışdır. Gecə saat 03:05-də Firuz onu yığaraq “sabah uşaqları da götürüb bina evinə get, polis işçiləri məni gətirən zaman telefon vasitəsilə bizi çəkin” demişdir. O, səhər saat 7-də uşaqları da götürərək bina evinə getmiş, amma Firuz oraya gətirilməmişdir. Həmçinin danşıqların hamısı telefonda qaldığını bildirmiş və “əgər evdə narkotik vasitə olsaydı, gedib evi təmizləyərdim, narkotik vasitəni polislər özü gətirib evə qoyublar və çəkiliş ediblər” deyə qeyd etmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, məlumata almaq üçün Gəncə şəhər Baş Polis İdarəsinə gedən zaman ona Firuzun artıq türməyə aparıldığı deyilmişdir. Bir neçə gün sonra Firuz özü ona zəng edərək “polislər bizim telefon danışığımızı eşitdilər və məni gecə bina evinə aparıb çəkiliş etdilər” demişdir. Həmçinin o ünvanda yaşayış olmadığını, Təqsirləndirilən şəxs o evdə qeydiyyatda olduğunu və arada gedib evə baş çəkdiyini bildirmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 04 dekabr 2023-cü il tarixli 16/1237 nömrəli rəyində görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Şübhəli şəxs Təqsirləndirilən şəxs.. “sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağa kağız rəngli kağız bükümdə təmiz çəkisi 1.323 qram maddə maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs “ sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sarı rəngli polietilen kəsiyi bükümdə təmiz çəkisi 3.526 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan heroinlər xarici ələmətlərinə və kimyəvi tərkibinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısına daxildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 05 dekabr 2023-cü il tarixli 1853 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2024-cü il tarixli 1016 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ekspertiza tədqiqatından sonra istintaqa qaytarılmış 1.323 qram və 3.526 qram çəkidə narkotik vasitə heroin, eləcədə içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və qeydiyyatda olduğu mənzilə baxış keçirilən zaman çəkilmiş video görüntü olan iki ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış, 01 ədəd CD markalı disklər isə subut növü kimi tanınmalı və təqsirləndirilən şəxs cinayət işinin materialları və maddi sübutlarla tanış olduqdan sonra 02 ədəd DVD markalı və 01 ədəd CD markalı disklər cinayət işinin materiallarına əlavə edilmiş, 1.273 qram və 3.476 qram narkotik vasitə isə saxlanılması üçün Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində şəxsi axtarış və qeydiyyatda olduğu mənzilə baxış keçirilən zaman çəkilmiş video görüntülər olduğu disklərə baxış keçirilmiş, baxış zamanı görünür ki, təhqiqatçısı polis polis kapitanı X6 bildirir ki, xx.xx.2023-cü il tarixdə saat 22:00-da Təqsirləndirilən şəxs, Gəncə şəhəri, Tağı Arani küçəsi “ Bazar Store “ mağazasının yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilir, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil X2 müdafiəçi təyin edilir və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarımın ön sağ cibindən bir ədəd ağ kağıza bükülmüş bükümü təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirildi, üzərindən hər hansı predmet və ya əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərsində heroin kimi tanıdığı narkotik vasitə olduğunu həmin narkotik vasitəni saxlandığı gün qeydiyyatda olduğu ünvan 6 ünvanının qarşısından tapdığını bir hissəsini üzərində digər hissəsini isə qeydiyyatda olduğu ünvan 6, mənzil , 21 ünvanında saxladığını bildirmişdir. Bundan sonra o, təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1.62 qram gəldi. Bundan sonra həmin büküllər müvafiq olaraq qablaşdırıldı və üzəri Azərbaycan Respublikasını DİN-in 91 saylı möhürü ilə möhürlənərək, iştirakçılar tərəfindən imzalandı. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başa çatdırıldı. Daha sonra kütlələrin tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırıldı. Bununla da şəxsi axtarış aparılmasının başa çatdırılması elan edilir. Təqsirləndirilən şəxs özünün razılığı ilə qeydiyyatda olduğu ünvan 8 ünvanına X3 özünün və dövlət hesabına təyin edilmiş vəkil Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2, Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçı, polis kapitanı X6, həmin idarənin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, polis leytenantı Şahid3 və kiçik əməliyyat müvəkkili polis serjantı Şahid1 iştirakı ilə keçirildi. Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 8 ünvanının qapısını açaraq müdafiəçisi və polis əməkdaşları ilə birlikdə mənzilə daxil olur, mənzilin giriş hissəində dəhlizdə yerləşən güzgünün yamndaşı ayaqqabı şkafında saxladığı san rəngli polietilen kəsiyində saxladığı narkotik vasitə heroinin yerini göstərir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərsində heroin kimi tanıdığı narkotik vasitə olduğunu həmin narkotik vasitəni saxlandığı gün qeydiyyatda olduğu ünvan 6 ünvanının qarşısından tapdığını bir hissəsini üzərində digər hissəsini isə qeydiyyatda olduğu ünvan 6, mənzil 21 ünvanında saxladığını bildirmişdir. Bundan sonra o, təqçjim etdiyi büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 3.72 qram gəldi. Bundan sonra həmin büküllər müvafiq olaraq qablaşdırıldı və üzəri Azərbaycan Respublikasını DİN-in 91 saylı möhürü ilə möhürlənərək, iştirakçılar tərəfindən imzalandı. X1 yaşadığı ünvan 10 ünvanına baxış başa çatdırıldı. Daha sonra kütlələrin tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırıldı. Bununla da şəxsi axtarış aparılmasının başa çatdırılması elan edilir. Həmin 02 ədəd diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heroini kimdən və harada əldə etməsi, həmin narkotik vasitəni hansı məqsədlə üzərində daşıması və qeydiyyatda olduğu mənzildə saxlaması, həmin narkotik vasitədən kənar şəxslərə verib-verməməsini müəyyən etmək üçün Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nə əməliyyat tapşırığına verilmiş cavaba əsasən Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini haradan və kimdən, əldə etməsini müəyyən etmək mümkün olmamış, onun Gəncə şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda bir sıra əməliyyat məlumatları olmuş, lakin onun narkotik vasitə və psixotrop maddəni satdığı şəxsləri müəyyən edib dindirilməsi üçün istintaqa təqdim etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən xx.xx.2024-cü il tarixdə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə şəhər Kəpəz rayon xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə CM-nin 226-1 M HİS. 23-1AR ( köhnə nəşr) əməyə mütləq cəlb olunmaqla 02 il şərti cəza təyin edilmiş, xx.xx.1994-cü il tarixdə Gəncə şəhər Nizami rayon xalq məhkəməsinin qərarı ilə AR CM 50 maddəsinə əsasən 10 ay 05 gün müddətə vaxtından əvvəl şərti azad edilmiş, Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2018-ci il tarixji hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 müddətinə azadlıqdan məhrum etmə cəzası verilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığına görə azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş istintaq zamanı DİNin Baş İnformasiya və Komunikasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-57/2- 5313/2024 nömrəli məktub əsasında daxil olmuş 01 ədəd CD markalı diskdə Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** mobil nömrəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində həmin nömrə Bakcell şəbəsində istifadə edilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər 7 saylı xidmət sahəsindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində 7 saylı xidmət sahəsinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 2819 nömrəli arayışda görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cü il tarixdən Gəncə şəhər Narkoloji Dispanserində heroindən aslılıq diaqnozu ilə qeydiyyatda durur. Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 4493 nömrəli arayışda görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilir, ondan ötrü ki, üzərinə baxış keçirilən zaman videoda satışa dəlalət edərək tamah niyyətindən sözügedən cinayət əməlini törətməsini bildirir. Eləcə də, narkotikin iki ayrı bükümdə saxlanılmaqla, bir hissəsini üzərində gəzdirməklə digər hissəsini evində saxlamışdır. Narkotiki iki fərqli bükümə ayırması, bir hissəsini üzərində, digər hissəsini isə evində saxlaması, eləcə də yuxarıda qeyd olunan digər xüsusatlar narkotik vasitələrin satışına birbaşa dəlalət edir. Müdafiə tərəfi də Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatların həqiqətə uyğun olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək tam təkzib olunduğunu hesab edir. Sevinc Rzayevanın ifadəsində qeyd etdiyi xüsusatlar əri Təqsirləndirilən şəxs müdafiəsinə hesablanmış, eləcə də ərini müdafiə məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş ilə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla da məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç az yaşlı uşağının olması cəzasını yüngülləşdirən hallardır. Eləcə də, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində olan arvadının və qızının əlilliyi olan şəxs olması, eləcə də oğulları Ceyhun Osanlının və X8 Qarabağ Müharibəsinin veteranı olması və müvafiq medallarla təltif olunması onun barəsində yüngülləşdirici hal olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Kənan Məmmədov qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək barəsində seçilmiş həbs qətimkan müddəti olan 9 (doqquz) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxllandığı 3 (üç) ay 19 gün müddət ümumilikdə 4 (dörd) ay müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı və onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.273 qram və 3.476 qram narkotik vasitə olan heroin məhv edilməli, eləcə də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və qeydiyyatda olduğu mənzilə baxış keçirilən zaman çəkilmiş video görüntü olan iki ədəd “DVD” disk, 01 ədəd CD markalı disklər əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan 07 iyun 2024-cü il tarixli 1016 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək barəsində seçilmiş həbs qətimkan müddəti olan 9 (doqquz) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev dustaqlığında saxllandığı 3 (üç) ay 19 gün müddət ümumilikdə 4 (dörd) ay müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və onun üzərində qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azerbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin anbarına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.273 qram və 3.476 qram narkotik vasitə olan heroin məhv edilsin, eləcə də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və qeydiyyatda olduğu mənzilə baxış keçirilən zaman çəkilmiş video görüntü olan iki ədəd “DVD” disk, 01 ədəd CD markalı disklər əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlansın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar