Məhkəmə qərarları › İş №1(100)-309/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-309/2023

12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-309/2023 12.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Məmmədov Abdulla Elşad oğlundan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6 və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1974-cü il tarixdə Xanlar rayonu, Əhmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi sahibkarlıqla məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2000-ci ildən etibarən rəsmi nikah münasibətinə girmədən faktiki olaraq ər-arvad kimi birgə yaşadığı X7 ilə birlikdə 26 yanvar 2023-cü il tarixdə saat 13:30 radələrində etibarnamə əsasında idarə etdiyi “LADA 21214” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Baxçakürd kəndinin ərazisindən keçən torpaq yolla Samux şəhəri istiqamətində hərəkətdə olarkən, Sevinc Məmmədova gözəllik salonunda işləmək istəməsi yaxud rəsmi nikah münasibətinə girib birlikdə Bakı şəhərinə köçüb orada yaşamaq istəməsi barədə tələblər irəli sürməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı həmin gün evdən çıxarkən yolda alacaqları meyvəni soymaq məqsədilə Sevinc Məmmədovanın evin mətbəxindən götürüb avtomobilin sürətlər qutusunun yanına qoyduğu soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunun döş qəfəsinin sol yarısının ön səthindən qəsdən bir bıçaq zərbəsi endirməklə həmin zərbənin zərərçəkmişin ölümünə səbəb ola biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməyib zərərçəkmişə döş qəfəsinin sol yarısının ön səthindən sol döş boşluğuna keçən kəsilmiş-deşilmiş yarası xarakterli, yetirildiyi anda həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmiş, bundan sonra Sevinc Məmmədovanın həyatını xilas etmək üçün idarə etdiyi avtomobili saxlayıb bıçağı Sevinc Məmmədovanın döş qəfəsindən çıxarıb yerə sancmış, avtomobilin arxa oturacağının üzərində olan gödəkçəni qanaxmanın qarşısını almaq məqsədilə Sevinc Məmmədovanın döş qəfəsindəki yaranın üzərinə sıxıb, təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə avtomobili yüksək sürətlə idarə edib, daha yaxın yerləşən Samux rayon Mərkəzi Xəstəxanası istiqamətində hərəkətdə olarkən, qəsdən yetirdiyi sağlamlığa ağır zərər vurmaya aid ağır xəsarət zərərçəkmiş şəxsin ürəyinin sol qulaqcığının və mədəciyinin zədələnməsi nəticəsində ehtiyatsızlığından həmin gün saat 14 radələrində yolda olarkən ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Samux rayonunda təsərrüfatla və avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olmuşdur. Özü rəsmi olaraq Ruhiyyə Məmmədova ilə evli olmuş və üç övladı olmuşdur. O, İ Qarabağ müharibəsinin veteranı olmuş və 1992-1997-ci illərədək müharibədə iştirak etmişdir. Müharibədə iştirak edən zaman başından aldığı travmalar səbəbindən onda əsəb problemləri yaranmış və buna görə müalicə almışdır. Rəsmi ailəsindən başqa Sevinc Məmmədova ilə qeyri-rəsmi ərarvad kimi təxminən 23 ildir ki yaşamışdır. Bu münasibətdən onun Muhəmməd adlı övladı dünyaya gəlmişdir. O, Sevinc və Muhəmmədlə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşamışdır. Həmin evi o, Sevinclə oğlu üçün almışdır. Onun Sevinclə qeyri-rəsmi yaşamağı həm öz ailəsinə, həm də Sevincin ailəsinə məlum olmuşdur. Yəni onların münasibəti heç vaxt gizli olmamışdır. Çünki onun Sevincə qarşı böyük sevgisi olmuş və bu sevgini hamı bilmişdir. Sevinclə onun arasında hər ailədə olduğu kimi müxtəlif vaxtlarda bəzi məsələlərə görə mübahisələr yaranmışdır. Bu mübahisələr əsasən Sevincin işləmək istəməsi və onunla Bakı şəhərinə köçmək tələbinin olması olmuşdur. Sevinc dəfələrlə ona oğulları ilə birlikdə Bakı şəhərinə köçməyini təklif etmiş, lakin o, digər ailə uşağına görə belə bir addım ata bilməyəcəyini demişdir. O, Sevincin fikirləri ilə razılaşmadıqca, sonuncu ondan ayrılmaq, özü işləyib pul qazanmaq fikrinə düşmüşdür. Buna görə də aralarında mübahisələr düşmüşdür. Hətta Sevinc bir dəfə bu aralarındakı mübahisəyə görə ondan ayrılıb Bakı şəhərinə çıxıb getmiş, daha sonra o, Sevinclə barışmış, sonuncunu özü ilə yenidən Gəncə şəhərinə qaytarmışdır. 25 yanvar 2023-cü il tarixdə o, gecəni Sevinclə birgə yaşadığı evdə olmuşdur. 26 yanvar 2023-cü il tarixdə səhər saatlarında oğlu Muhəmmədi təhsil aldığı Gəncə şəhəri, 36 saylı məktəbə aparmış, bir qədər sonra Muhəmməd yenidən ona zəng edərək dərsinin olmadığını bildirmişdir. O, yenidən məktəbə geri qayıtmış və Muhəmmədi götürmüşdür. Muhəmmədlə birgə Samux rayonunda işlətdiyi avtomobil ehtiyyat hissələrinin satışı mağazasına gəlmiş, orada bir qədər işlər gördükdən sonra NİVA markalı avtomobilini götürərək Muhəmmədlə birlikdə evə gəlmişdir. Sevinc də həmin vaxt evdə olmuşdur. Sevincin bir neçə gün öncə Mingəçevir şəhərində balıq yemək istəyini bildirdiyinə görə, o və Sevinc balıq yemək və istirahət etmək üçün Mingəçevir şəhərinə getmək üçün evdən saat 13 radələrində yola çıxmışlar. Evdən çıxan zaman Sevinc evdən mürəbbə və yolda meyvə alıb soymaq üçün mətbəxdəki bıçağı götürmüşdür. Onlar yolda meyvə almağı planlamışlar. Maşına oturan kimi Sevinc, mürəbbələri avtomobilin arxa oturacağının üzərinə, bıçağı isə avtomobilin sürətlər qutusunun yanına qoymuşdur. Sevinc isə özü avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. İdarə etdiyi **-CR-*** qeydiyyat nömrə nişanlı NİVA markalı avtomobillə Mingəçevir şəhəri istiqamətində hərəkətdə olmuşlar. Yolda bir-biriləri ilə deyib gülmüş, gələcək planlarından danışmışlar. Maşında başqa heç kim olmamışdır. Yolda olan zaman Sevinc ondan ilk öncə anasının yaşadığı evə, anası ilə görüşdükdən sonra isə Mingəçevirə getməyi xahiş etmişdir. O da, bu fikrə etiraz etməmişdir. O, Gəncə şəhərinə daha tez çatmaq üçün Dəliməmmədli şəhərindən Baxçakürd kəndi istiqamətinə getmiş və orada əkin sahələrinin arasından gedən torpaq yolla üzü Samux rayonu, Əhmədbəyli kəndi istiqamətində hərəkətdə olmuşdur. Yolda hərəkətdə olarkən Sevinc yenə də işləmək və Bakı şəhərinə köçmək barədə əsəbi formada fikirlər söyləməyə başlamışdır. O da Sevincə digər ailəsi və uşaqları olduğunu, işlərinin Samuxda olduğunu və buna görə Bakı şəhərinə köçə bilməyəcəyini demişdir. Lakin Sevinc yenə də fikirlərini ona təkrarən bildirmiş, işləmək istəməyini və Bakı şəhərinə köçmək niyyətinin olduğunu israrla bildirmişdir. O, Sevincin fikri ilə razılaşmadıqca, Sevinc daha çox üzərinə gəlməyə və onu razı salmağa çalışmışdır. Bu zaman o, əsəblərini cilovlaya bilməmiş və Baxçakürd kəndi ərazisində torpaq sahəsində olan zaman o, Sevincin evdən götürüb maşının sürətlər qutusunun yanında qoyduğu mətbəx bıçağını sağ əlinə almış, avtomobili idarə edə-edə bıçağı Sevincə tərəf göstərərək sonuncunu qorxutmaq istəmişdir ki, Sevinc sussun. Onun gözü və fikri yolda olmuşdur. Bundan sonra, Sevinc onunla daha da kobud danışmağa və üzərinə qışqırmağa başlamışdır. Həmin anda onun əsəbləri daha da pozulmuş və sağ əlindəki bıçaqla Sevincə dəqiq görmədiyi istiqamətdə sol nahiyəsinə bir dəfə bıçaq zərbəsi yetirmişdir. Zərbədən sonra Sevinc “nə etdin Atəş” deyərək ona qışqırmışdır. Bundan sonra o, dərhal avtomobili saxlamış və avtomobildən düşüb Sevincə tərəf qaçmışdır. O, vurduğu bıçaq zərbəsinin Sevincin sinə nahiyəsinə sancıldığını görmüşdür. O, dərhal Sevincin sinəsinə vurduğu bıçağı çıxartmış və avtomobili saxladığı yerdə torpağa sancmışdır. Bundan sonra o, Sevincdən gələn qanı dayandırmaq üçün ona tibbi yardım etməyə başalmışdır. Avtomobilin arxa oturacağında olan gödəkçəsini Sevincin sinəsindən qan gələn nahiyəsinə sıxmış və gələn qanı dayandırmağa çalışmışdır. O, qanın dayanmadığını gördükdə dərhal sükan arxasına əyləşmiş və Sevinci xətəxanaya çatdırmaq üçün yola davam etmişdir. Olduqları əraziyə daha yaxın Samux rayon xəstəxanası olduğu üçün avtomobili torpaq yolla maksimum sürətlə Samux rayonu istiqamətində idarə etmişdir. Sevinc həmin vaxt özündə olmuş və o, sonuncuya “darıxma xəstəxanaya çatdıracam” demişdir. Bir qədər sonra o, Samux rayonuna çatmış və xəstəxanaya tərəf avtomobilini sürmüşdür. O, təxminən Sevincə bıçaq xəsarəti yetirdikdən sonra yarım saat avtomobildə hərəkətdə olmuşdur. Samux rayonunda olarkən birdən Sevinc tərəfə baxanda və Sevinci səsləyəndə artıq sonuncunun səs vermədiyini və hərəkət etmədiyini görmüş və Sevincin öldüyünü başa düşmüşdür. Bundan sonra özünü daha da itirmiş və nə edəcəyini bilməmişdir. Xəstəxananın yaxınlığında olan Samux rayon polis şöbəsinə avtomobili sürmüş, həmin vaxt polis şöbəsinin girişində postda xidmət aparan polis əməkdaşına yaxınlaşıb, törətdiyi əməl barədə məlumat vermişdir. Bundan sonra yenidən avtomobilin sağ qapısına yaxınlaşıb, qapını açmış və Sevinci qucaqlayıb ağlamağa başlamışdır. Bir neçə dəqiqə Sevinci qucaqladıqdan sonra polis əməkdaşları onu Sevincdən ayırmışlar. O, Sevinci çox sevən biri olmuş, Sevinclə bir-biriləri və övladları üçün hər şeyi etmiş və onların sevgisi hamıya məlum olmuşdur. Buna görə də onların münasibətləri təxminən 23 il davam etmişdir. O, Sevinclə arasında yaranmış sözlü mübahisənin belə nəticələnməyini heç istəməmiş, lakin bu hadisə o, istəmədən baş vermişdir. Sevinci sadəcə qorxutmaq və cəzalandırmaq istəmişdir. Lakin Sevinc əlində bıçaq ola-ola ona yenə də yüksək səslə kobud cavablar qaytardıqca, əsəbləri pozulmuş və o, sonuncunu bıçaqla vurmuşdur ki, ciddiyətini başa düşsün. Lakin o, bıçaq zərbəsini Sevinci öldürmək niyyəti ilə vurmamışdır. O, bir bıçaq zərbəsinin Sevincin ölümünə səbəb olacağını düşünməmişdir. O, əməlindən çox peşman olmuşdur.Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, mərhum Sevinc onun bacısı olmuşdur. Sevinc Atəşlə qeyri-rəsmi ərarvad münasibətinə başlamış və bu münasibət 20 ildən artıq davam etmişdir. X16 adlı bir oğlu dünyaya gəlmişdir. Bacısı Sevinc xasiyyətcə mehriban və ünsiyyətcil insan olmuşdur. X27 şəhəri, Cavadxan qəsəbəsindəki evdə yaşamışdır. Atəş Sevinci çox sevmiş və ona qayğı ilə yanaşan biri olmuşdur. Hətta Atəş onların ailəsinə qarşı da diqqət və qayğı göstərən biri olmuşdur. Sevic heç yerdə işləməmiş, evdar qadın olmuşdur. Atəş isə ər kimi evini, oğlunu və Sevinci daimi olaraq diqqətdə saxlamışdır. Atəşlə Sevincin münasibətini həm onların ailəsi, həm də Atəşin ailəsi bilmişdir. Atəş qısqanc xarakterli şəxs olmuşdur. Sevinc dəfələrlə müxtəlif yerlərdə işləmək istəsə də, Atəş bu fikrə qarşı çıxmış və buna görə onların arasında mübahisələr düşmüşdür. Hətta bir dəfə Atəş Sevinclə mübahisə etmiş, Sevinc acıq edərək Bakı şəhərinə getmiş, Atəş bir müddət Sevinci azad buraxsa da, sonradan Bakı şəhərinə gedib Sevinci tapmış, sonuncu ilə barışmış və birlikdə Gəncə şəhərinə qayıtmışlar. Atəş, İ Qarabağ müharibəsi zamanı psixi travmalar almış və nəticədə əsəbləri pozulmuşdur. Atəş bəzi məsələlərdə, xüsusilə Sevincə qarşı münasibətdə qısqanc və əsəbi olduğu üçün əsəblərini cilovlaya bilməmişdir. 26 yanvar 2023-cü il tarixdə Sevinc anası Çimnazı yanına getməli imiş. Bundan başqa Sevinclə Atəş həmin gün Mingəçevir şəhərinə getməyi də planlaşdırmışlar. Buna görə Sevinclə Atəş sonuncunun “NİVA” markal avtomobili ilə yola çıxmış, yolda Sevinc anası ilə görüşmək üçün geri qayıtmaq istəmiş, bundan sonra X18yıtmalı olmuşlar. Yolda onlar yəqin ki, Sevincin işləməsinə görə mübahisə etmiş və bunun nəticəsində Atəş əsəbləşib Sevincə bir bıçaq xəsarəti yetirmişdir. Atəş əsəbi və qısqanc olması səbəbindən Sevincə bir bıçaq xəsarəti yetirmiş, ona ilkin tibbi yardım göstərmiş və daha sonra Samux rayon xəstəxanasına tərəf maşını idarə etmişdir. Lakin yolda olan zaman Atəş Sevincin öldüyünü görmüş, bu səbəbdən də, Samux rayon polis şöbəsinə gedərək törətdiyi əməli etiraf etmişdir. Atəşlə Sevinc arasında mübahisələr ancaq Sevincin işləmək istəməyinə görə yaranmış, Atəş qısqanc olduğuna görə Sevincə işləməyə imkan verməmişdir. Hadisə baş verən ərəfədə Atəşə qarşı çox əsəbi olmuş, lakin sonuncu ilə Muhammədə görə barışmış və hazırda Atəşə qarşı heç bir şikayət və tələbi yoxdur. Hadisədən sonra Təqsirləndirilən şəxsla barışmış, ondan hər hansı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, mərhum Sevinc Məmmədova onun baldızı olmuşdur. Sevinc əvvəllər evli olmuş, daha sonra boşanmışdır. Bu evlilikdən Sevincin uşağı dünyaya gəlməmişdir. Sonra Sevinc, Təqsirləndirilən şəxsla qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışdır. Sevinc isə evdar qadın olmuşdur. Atəşlə onun münasibətləri normal olmuşdur. Atəşin öz rəsmi ailəsi də olmuşdur və üç uşaq atası olmuşdur. Sevincin Atəşlə münasibətindən də Muhəmməd adlı oğlu dünyaya gəlmişdir. Sevinclə Atəş arasındakı söz-söhbətlər bəzi hallarda ona da gəlib çatmışdır. Dəfələrlə Sevincin hansısa məsələ barəsində Atəşlə prinsip aparması sonuncular arasında münaqişəyə gətirib çıxartmışdır. Atəş bir çox hallarda Sevinclə bir evdə yaşamış, qalan müddətlərdə isə öz rəsmi ailəsi ilə birgə yaşaymışdır. 26 yanvar 2023-cü il tarixdə o, sahədə iş görən zaman Atəş istifadəsində olan telefon nömrəsindən ona zəng edərək həyəcanlı formada Sevincə bıçaqla xəsarət yetirdiyini demişdir. O, isə öz növbəsində Atəşdən niyə belə bir hərəkət etdiyini soruşduqda Atəş ona “aramızda sözsöhbət oldu, birdən-birə əsəbləşdim, daha sonra bıçaqladım” cavabını vermişdir. Bundan sonra o, nə qədər Atəşə harada olması və hara getməsi barədə suallar versə də Atəş telefonu söndürmüş və ona cavab verməmişdir. Sonra o, Sevincin bacısı oğlu Rəşada zəng etmiş və Atəşin Sevincə bıçaq zərbəsi endirməsi barədə məlumat vermişdir. Bu sözündən sonra Rəşad, Atəşə zəng edib danışmış, daha sonra ona zəng edib Atəşin Sevinci bıçaqla vurduğunu, hazırda yolda olduğunu və Samux rayon xəstəxanasına getdiyini demişdir. Bundan sonra o, Rəşadla Gəncə şəhərindən yola çıxmışdır. Yolda yenidən Rəşad Atəşə zəng etmiş, bu zaman Atəş telefonda ağlaya-ağlaya “Sevinc öldü, istəməzdim belə olsun, gedirəm polis şöbəsinə” demişdir. Sonra Rəşadla o, rayon xəstəxanasına deyil, Samux rayon polis şöbəsinə getmişdir. O, avtomobildə hərəkətdə olan zaman Atəşlə Sevinc arasında hansısa mübahisə düşdüyünü, mübahisə nəticəsində Sevincin Atəşi əsəbləşdirdiyini və Atəşin əsəbindən çıxıb belə bir hərəkətə istəmədən yol verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sevinc Məmmədova onun xalası olmuşdur. Sevinc əvvəllər evli olmuş, daha sonra boşanmışdır. Bu evlilikdən Sevincin uşağı dünyaya gəlməmişdir. Sonra Sevinc, Təqsirləndirilən şəxsla qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışdır. Bu münasibət təxminən 23 il davam etmişdir. Atəş təsərüffatla məşğul olmuş, həmçinin avtomobil ehtiyyat hissələrinin satışı ilə məşğul olmuşdur. Bundan başqa Atəş İ Qarabağ müharibəsində iştirak edən zaman başından travma almış və bəzi vaxtlarda əsəblərini cilovlaya bilməyən biri olmuşdur. Sevinc isə evdar qadın, mehriban, ünsiyyətçil, bir o qədər də tələbkar olmuşdur. Atəşlə onun münasibətləri normal olmuşdur. Sevincin Atəşlə münasibətindən 2007-ci il təvəllüdlü Muhəmməd adlı oğlu dünyaya gəlmişdir. Sevinclə Atəş arasındakı söz-söhbətlər bəzi hallarda ona da gəlib çatmışdır. Son vaxtlar eşitmişdir ki, Sevinc işləmək istəmiş, lakin Atəş buna icazə verməmişdir. Sevinclə Atəş oğulları Muhammədlə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşamışlar. 26 yanvar 2023-cü il tarixdə saat 14 radələrində ona digər xalasının əri Arif zəng edərək Atəşin zəng etdiyini və Sevinci bıçaqla vurduğunu bildirdiyini demişdir. O, nə baş verdiyini anlamamış və dərhal Atəşə zəng edib nə olduğunu və harada olduğunu maraqlanmışdır. Atəş bundan sonra ona telefonda “Sevinclə aramızda söz söhbət düşdü, əsəbləşib Sevincə bıçaqla vurdum, indi yoldayam Samux xəstəxanasına gedirəm, sən də ora gəl” demişdir. O, telefonda Atəşə əsəbləşmiş və xalasını bıçaqla vurduğu üçün Atəşə söyüşlər söymüşdür. Bundan sonra o da dərhal Ariflə danışmış və Gəncə şəhərindən çıxıb Samux rayon xəstəxanasına tərəf getmişdir. Yolda olan zaman o, yenə Atəşə zəng edib xalasının vəziyyəti barədə maraqlanmış, bu zaman Atəş ağlaya-ağlaya telefonda ona “Sevinc öldü, istəməzdim belə olsun, mən gedirəm polisə təslim olmağa, Muhəmməd sənə əmanət” demiş və telefonu söndürmüşdür. Bundan sonra o da polis şöbəsinə getmiş, daha sonra xalasının meyiti Gəncə şəhəri 3 saylı xəstəxanaya aparılmışdır. O, belə başa düşür ki, Sevinclə Atəş avtomobildə olan zaman Sevinc Atəşlə işləmək istəməsinə görə mübahisə etmiş, daha sonra Atəş özündən çıxmış, əsəbləşmiş və bıçaqla Sevincə bir bıçaq xəsarəti yetirmişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Goranboy rayonu, Baxçakürd kəndi ərazisindən Samux rayonu Əhmədbəyli kəndi istiqamətinə gedən, əkin sahələrinin arasından keçən torpaqdan olan avtomobil yoldur. Hadisə yerinə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs Baxçakürd kənd qəbirstanlığından 600 metr məsafədə, həmin torpaq yolun taxıl zəmisi olan istiqamətində olan yeri göstərərək məhz həmin yerdə idarə etdiyi «Niva» markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtomobilin qabaq oturacağında əyləşmiş Sevinc Məmmədovanın aralarında baş vermiş mübahisəyə görə avtomobilin salonunda olan bıçaqla vurduğunu, vurduqdan sonra bıçağı avtomobilin sağ tərəfində yerə batırdığını bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi yerdə, taxıl zəmisindən 6.5 metr məsafədə torpaq yolun kənarına qara rəngli dəstəyi olan bıçağın basdırılmış vəziyyətdə olduğu müşahidə edilmişdir. Bıçağın torpağa basdırıldığı yerdən 1 metr məsafədə 4X3,5 sm ölçüdə üzərində qanabənzər ləkə olan daş olduğu müşahidə edilmişdir. Bıçaq basdırıldığı yerdən çıxarıldıqda bıçağın ümumi uzunluğunun 32 sm, dəstəyinin uzunluğunun 12 sm, tiyəsinin uzunluğunun 20 sm, tiyəsinin eninin 2 sm olduğu və bıçağın tiyəsində qanabənzər ləkələrin olduğu, tiyənin üzərində içərisində 3 ədəd 6 rəqəmi həkk olunmuş və qara rənglə «İİ-V 4» yazısının olduğu görünmüşdür. Hadisə yerinin Baçxakürd kəndi istiqamətdə sağ tərəfdə boş torpaq sahəsinin, sol tərəfdə isə taxıl əkilmiş sahə olduğu müşahidə edilmişdir.Hadisə yerindən aşkar edilmiş 01 ədəd bıçaq və üzərində qanabənzər ləkə olan daş parçası iş üçün əhəmiyyət kəsb edildiyindən qablaşdırılaraq götürülmüşdür. «Avtomobilə baxış keçirilməsi haqqında» 26 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, «Niva» markalı **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil tünd kül rənglidir, avtomobilin hər iki qapısı açıq vəziyyətdədir, avtomobilin qabaq oturacağında üzərinə boz rəngli gödəkcə salınmış vəziyyətdə döş qəfəsinin sol yuxarı hissəsinin qanabənzər ləkələr olan, əynində qırmızı rəngli balonka materialdan gödəkcə, qara rəngli vilvet materialdan şalvar olan qadın meyitinin olduğu müşahidə edilmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs qadının X7 olduğunu, onu avtomobilində olan bıçaqla döş qəfəsindən vurduğunu və sonra Sevinc Məmmədovanın öldüyünü bilib avtomobili idarə edərək könüllü olaraq Samux rayon polis şöbəsinə gəldiyini bildirmişdir Məhkəmə-tibb ekspertizasının 26 yanvar 2023-cü il tarixli, 10 nömrəli rəyindən görünür ki, mərhum X1 meyitinin bədənində bir ədəd kəsilmiş-deşilmiş yara müəyyən edilmişdir. Bu xəsarət döş qəfəsinin sol yarısının ön səthində yerləşmiş, sol döş boşluğuna keçərək ürəyin sol qulaqcıq mədəciyini və sol ağciyəri zədələmişdir. Qeyd edilən xəsarət həyatidir, bir tərəfi kəsici xüsusiyyətlərə malik olan deşici-kəsici alətlə yetirilmişdir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Xəsarətin əmələ gəlmə müddəti 26 yanvar 2023-cü il tarixə uyğun gəlir. Yara kanalının istiqaməti soldan sağa, bir qədər öndən arxaya, yuxarıdan aşağıya doğrudur. X13 ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən kəsilmiş-deşilmiş yarası nəticəsində əmələ gələn ürəyin sol qulaqcıq və mədəciyinin zədələnməsi olmuşdur. X13 bədənində kəsilmiş-deşilmiş yaradan başqa digər hər hansı xəsarət aşkar edilməmişdir. X13 meyitinin müayinəsi zamanı hamiləlik müəyyən edilməmişdir. Məhkəmə ballistik və trasoloji ekspertizasının 27 mart 2023-cü il tarixli, 16/298/299 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu qismən deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunmuş X1 meyitinə baxış zamanı götürülmüş uzunqol poluverin səthində olan 01 ədəd bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən bıçağın və ya ona bənzər xassəli hər hansı alətin) təsiri nəticəsində soldan sağa doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş Sevinc Məmmədovanın meyitinə baxış zamanı götürülmüş uzunqol poluverin üzərindəki zədədə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim olunan Sevinc Məmmədovanın meyitinə baxış zamanı götürülmüş gödəkçənin, busqalterin, tumanın, şalvarın, 01 cüt ayaqqabının və 01 cüt corabın üzərində mexaniki zədə aşkar edilməmişdir. Maddi sübutların ekspertizasının 12 aprel 2023-cü il tarixli, 17 nömrəli rəyindən görünür ki, mərhum X1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Təqdim edilmiş bir ədəd bıçaq üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan mərhum X3 məxsus ola bilər. Təqdim edilmiş hadisə yerindən götürülmüş qan nümunələri, daş parçası, avtomobilə baxış zamanı götürülmüş bir ədəd kişi gödəkçəsi üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan mərhum X3 məxsus ola bilər. Təqdim edilmiş X3 məxsus paltarlar(1 cüt idman ayaqqabısı, 1 ədəd şalvar, 1 ədəd uzunqol gödəkçə, 1 ədəd qadın alt tumanı, 1 ədəd busqalter, 1 ədəd uzunqol kofta) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Təqdim edilmiş X3 məxsus bir cüt corab üzərində qan aşkar olunmadı. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 11 aprel 2023cü il tarixli, 222 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməmişdən əvvəl, eləcə də cinayət törətdikdən sonra və hazırda emosional davamsız şəxsiyyət pozuntusu XBT 10 F60.3 xəstəliyi keçirir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayəti törədərkən öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək, onların faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Onun tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur.. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixoloji-emosional halda olmuş, həmin cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəbini təyin etmək mümkün deyildir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 647 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. «Könüllü gəlib təqsirini boynunan alma haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs «Niva» markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda X4 bıçaqla vuraraq öldürdüyünü, həmin avtomobillə Samux RPŞ-nə gəldiyini, Sevinc Məmmədovanın meyitinin və sonuncunu vurduğu bıçağın avtomobildə olduğunu bildirmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. № 1101 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli 1784 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 1730 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyatda durmur Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli 1776 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə olması barədə arxiv sənədləri bazasında məlumat aşkar edilmədi. Gəncə şəhər birləşmiş xəstəxanası publik hüquqi şəxs A.Səhhət adına xəstəxananın xx.xx.2023-cü il tarixli 31 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X7 hər hansı xəstəliklə bağlı xəstəxanaya daxil olmayıblar. Gəncə şəhər Mənzil-kommunal X8 6 nömrəli xidməti sahəsinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda həyat yoldaşı X12, övladları X14 (2001-ci il təvəllüdlü), X15 (2007-ci il təvəllüdlü), X17 (2008-ci il təvəllüdlü ilə birlikdə yaşayır.Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. xx.xx.2022-ci il tarixli ƏN-Vİİİ № 392114 nömrəli Etibarnamənin surətindən görünür ki, “LADA 21214” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək sürücülük hüququ olduğu halda idarə etmək və digər hərəkətlər etmək üçün etibar edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı müəyyən edilir ki, Təqsirləndirilən şəxs Samux rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Samux rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 06/2012 nömrəli məktubundan görünür ki, xx.xx.2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir.AR Samux RİH Samux rayon Kommunal Müəssisələri Kombinatı xx.xx.2013-cü il tarixli məktubla şöbəyə müraciət edərək, Təqsirləndirilən şəxs cəzasını cəkdiyini və 1 il müddətinə məhkumun əmək haqqından 236.86 manat tutularaq. dövlət nəfinə ödənildiyini bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 Goranboy rayon prokurorluğuna təqdim etdiyi notarial qaydada təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. «Sübutların qiymətləndirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərardan görünür, iş üzrə maddi sübutlar dəstəyi qara rəngli 1 ədəd bıçaq, 1 ədəd daş parçası, 1 ədəd kişi gödəkçəsi, 3 ədəd zərfdə qan nümunələri, 1 ədəd qırmızı rəngli balonka gödəkçə, 1 ədəd şalvar, 1 ədəd jaket, 1 cüt idman ayaqqabısı, 1 cüt corab, 1 ədəd busqalter və 1 ədəd qırmızı rəngli tuman- Goranboy rayon prokurorluğunda, “LADA 21214” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Samux rayon polis şöbəsinin cərimə meydançasında saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 126.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, özününün müharibə veteranı olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini və CM-in 60-cı maddəsinin tələblərinə nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə, cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və Goranboy rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd kişi gödəkçəsi, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, mərhum X3 məxsus 1 ədəd qırmızı rəngli balonka gödəkçə, 1 ədəd şalvar, 1 ədəd jaket, 1 cüt idman ayaqqabısı, 1 cüt corab, 1 ədəd busqalter və 1 ədəd qırmızı rəngli tuman zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, eləcə də dəstəyi qara rəngli 1 ədəd bıçaq, 1 ədəd daş parçası, 3 ədəd zərfdə qan nümunələri, isə istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Samux rayon polis şöbəsinin cərimə meydançasında yerləşdirilmiş “LADA 21214” markalı, **-CR-*** qeydiyyat nömrə nişanlı avtomobil sahibinə qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç manat) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 26 yanvar 2023-cü il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan və Goranboy rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd kişi gödəkçəsi, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, mərhum X3 məxsus 1 ədəd qırmızı rəngli balonka gödəkçə, 1 ədəd şalvar, 1 ədəd jaket, 1 cüt idman ayaqqabısı, 1 cüt corab, 1 ədəd busqalter və 1 ədəd qırmızı rəngli tuman zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, eləcə də dəstəyi qara rəngli 1 ədəd bıçaq, 1 ədəd daş parçası, 3 ədəd zərfdə qan nümunələri, isə istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Samux rayon polis şöbəsinin cərimə meydançasında yerləşdirilmiş “LADA 21214” markalı, **-CR-*** qeydiyyat nömrə nişanlı avtomobil sahibinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç manat) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar