Məhkəmə qərarları › İş №1(100)-310/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-310/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-310/2023 21.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X1 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1968-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvəllər məhkum olunmamış, Gəncə şəhəri, Şahsevənlər küçəsi, döngə 2, ev 13-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə şəhid atası olduğuna görə ona yaradılmış güzəşt və imtiyazlardan istifadə edərək öz qulluq mövqeyindən istifadə etməklə geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrinə görə 4000 (dörd min) manat pul verəcəyi halda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Şahid2 təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, Gəncə şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələrindən birinə müəllim kimi işə düzəldəcəyini yalandan vəd verərək, üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 09 sentyabr 2022-ci il tarixdə səhər saatlarında ünvan 2 ünvanında Zərərçəkmiş şəxs 4000 (dörd min) manat məbləğində pulu ələ keçirərək zərərçəkmiş şəxsə qarşı ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Şahid2 xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təhrik etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.3 və 32.4, 312.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, qonşusu Zərərçəkmiş şəxs təxminən 8 il müddətində tanımış, sonuncu ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 2022-ci il ərzində Aidə ilə görüşərkən sonuncu ona qızı Şahid1 Humanitar Kolleci bitirdiyini, lakin iş tapa bilmədiyini deyərək bir neçə dəfə ondan qızının işə düzəldilməsində köməklik etməsini xahiş etmiş, o da kömək edəcəyini bildirmişdir. 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs ilə görüşərkən sonuncu Səmayənin məktəbə qədər təhsil müəssisəsində müəllim qismində işləmək üçün test imtahanı verdiyini, lakin cavabların gəlmədiyini deyərək yenə də ondan kömək istəmişdir. O da şəhid atası olduğu üçün bundan istifadə edərək sıradan bir vətəndaş kimi Aidə və Səmayə ilə birlikdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Şahid2 qəbuluna getmiş və Səmayənin məktəbə qədər təhsil müəssisəsində müəllim kimi işə düzəldilməsində köməklik göstərilməsini xahiş etmişdir. Anar müəllim isə işə qəbulun test üsulu ilə aparıldığını və hər şeyin testin nəticəsindən sonra bilinəcəyini demişdir. Daha sonra Aidə ilə görüşərkən sonuncu qızının keçid balını toplaya bilmədiyini və kəsildiyini qeyd edərək ondan kömək istəmiş və pul da verə biləcəyini demişdir. Həmin vaxt onun mərhum oğluna şəhid bulağı tikdirmək üçün pula ehtiyacı yarandığından Zərərçəkmiş şəxs Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində tanışının olduğunu və şəhid atası olduğu üçün sözünü eşitdiklərini deyərək başqalarını 8000 manata işə düzəltdiklərini, lakin Şahid1 işini ona görə 4000 manata həll edə biləcəklərini demişdir. Aidə razılaşdıqdan sonra 09 sentyabr 2022-ci il tarixdə səhər saatlarında sonuncunun yaşadığı evə getmiş, həmin vaxt Aidə ona 4000 (dörd min) manat vermişdir. O, heç bir iş görmək niyyətində olmayaraq həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Aidə hər dəfə ondan işin nəticəsini soruşduqda isə yalandan işin qısa zamanda düzələcəyini demişdir. Daha sonra Aidə ondan pulunu tələb etmiş və o, Aidədən aldığı 4000 (dörd min) manatı tam şəkildə qaytarmışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs araşdırmaya təqdim etdiyi CD diskdəki danışıqlar sonuncu ilə onun arasında Səmayənin işə düzəldilməsi barədə aparılmış, Şahid1 işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs pul alacağı barədə hər hansı şəxsin məlumatı və bu barədə hər hansı şəxslə razılaşması olmamış, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində də hər hansı bir tanışı olmamış, o, həmin idarəyə sadəcə bir şəhid atası kimi getmiş və müdirin qəbulunda olmuş, ümumiyyətlə də Səmayəni işə düzəltmək kimi bir fikri və niyyəti olmamış, Aidədən aldığı pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. O, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tam olaraq ödəmiş və sonuncu ilə barışmış, törətdiyi əməldən də peşmandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafı ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qonşusu Təqsirləndirilən şəxs təxminən 4-5 il müddətində tanımışdır. Şahid1 onun övladıdır. Şahid1 Gəncə Humanitar Kollecini bitirsə də iş tapa bilməmişdir. Ceyhun hər dəfə onu görəndə qızının nə üçün işləmədiyini soruşaraq, lazım olduğu halda sonuncunu işə düzəldə biləcəyini demişdir. O isə əvvəllər Təqsirləndirilən şəxs dediklərinə əhəmiyyət verməmişdir. 2022-ci ilin avqust ayında Şahid1 məktəbəqədər təhsil müəssisəsində müəllim kimi işləmək üçün test imtahanı versə də keçid balını toplaya bilməmişdir. Həmin imtahandan sonra Ceyhun onu həyətdə görmüş və qızının işə qəbul edilib-edilməməsi ilə maraqlanmışdır. O, nəticəni dedikdən sonra Ceyhun qızının işini həll edə biləcəyini təkrar qeyd etmişdir. O, Təqsirləndirilən şəxs bunu necə edə biləcəyini soruşduqda sonuncu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində tanışının olduğunu və şəhid atası olduğundan sözünü eşitdiklərini demişdir. Bundan sonra o və qızı Şahid1 Təqsirləndirilən şəxsla birlikdə həmin idarənin müdiri Şahid2 qəbuluna getmişlər. Anar müəllimə məsələni izah etdiyi zaman sonuncu Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müvafiq imtahanlardan keçdikdən sonra qızının işə təyinat ala biləcəyini bildirmişdir. Bir neçə gün sonra Ceyhun ona Anar müəllim vasitəsilə Səmayəni işə düzəldəcəyini, başqalarını 8000 (səkkiz min) manata işə düzəltdiklərini, lakin onun xahişinə görə bu məsələni 4000 (dörd min) manata həll edə biləcəklərini demişdir. 09 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Ceyhun onun evinə gələrək 4000 (dörd min) manat pulu ondan almışdır. O, pulu Təqsirləndirilən şəxs verərkən hər ehtimala qarşı sonuncunun səsini yazmışdır. Təqsirləndirilən şəxs ona həmin işi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar müəllimin vasitəsilə düzəldəcəyini və pulu sonuncuya verəcəyini bildirərək çıxıb getmişdir. Sonrakı günlər o, dəfələrlə Ceyhundan işin nəticəsini soruşduqda sonuncu pulu verdiyini, qısa zamanda qızını işə düzələcəyini desə də, heç bir nəticə olmamışdır. Bundan sonra Ceyhun nə onun işini düzəltmiş, nə də pulunu qaytarmamışdır. Hətta o işin həll olmadığını görüb Anar müəllimin qəbuluna gedərək olanları danışdıqda sonuncu bu barədə heç bir məlumatının, o cümlədən Ceyhunla heç bir əlaqəsinin olmadığını demişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş 4000 (dörd min) manat maddi ziyanı tam olaraq ödəmiş, o, sonuncu ilə barışmış və Təqsirləndirilən şəxs hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ildən Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin müdiri vəzifəsində işləyir. Vəzifəsi məktəbəqdər və ümumtəhsil müəssəllərinin fəaliyyətinə nəzarət etməkdən ibarətdir. Xidməti vəzifəsi ilə əlaqədar olaraq gündəlik müraciət edən vətəndaşları qəbul edir. Həmin qaydaya uyğun olaraq 2022-ci ilin avqust ayının sonlarında əvvəllər tanımadığı şəhid atası Təqsirləndirilən şəxs şəhər sakinləri Zərərçəkmiş şəxs və sonuncunun qızı Şahid1 ilə birlikdə qəbuluna gəlmişdir. Qəbul zamanı Təqsirləndirilən şəxs Şahid1 şəhər ərazisində fəaliyyət göstərən bağçalardan birinə müəllim kimi işə qəbul olunmasını istədiklərini bildirmişdir. O, isə həmin şəxslərə işə qəbul olunma prosudurunu, yəni Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müvafiq imtahanlardan keçdikdən sonra təyinat ala biləcəyini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə dəfə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə gələrək bacısı qızı kimi təqdim etdiyi Şahid1 işə qəbul olunmasını istəmişdir. Həmin hadisədən bir neçə ay sonra Zərərçəkmiş şəxs onun qəbuluna gələrək qızı Şahid1 müəllim kimi işə qəbul olunması üçün Təqsirləndirilən şəxs 4000 manat verdiyini bildirmişdir. O isə pulla işə qəbul olmadığını, yanlış etdiyini, bu barədə heç bir əlaqəsinin və məlumatının olmadığını bildirərək işə qəbulla bağlı qanuni proseduru bir daha izah etmişdir. İfadəsinin davamı olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs Şahid1 işə qəbul olunması ilə bağlı ona və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin digər vəzifəli şəxslərinə hər hansı maddi və sair nemət təklif etməmiş və verməmişdir. Ümumiyyətlə də onun hər hansı bir şəxsi işə qəbul etmək kimi bir səalhiyyəti olmamış, istənilən şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müvafiq imtahanlardan keçdikdən sonra işə qəbul olunmuşdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/628 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim edilmiş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs, “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs məxsusdur. Ekspertizaya təqdim edilmiş 1 ədəd “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda bir nəfər kişi cinsinə, iki nəfər qadın cinsinə məxsus diktor iştirak etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsin şübhəli şəxs qismində tanınması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə şübhəli şəxs qismində tanınmış və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi həmin Məcəllənin 178.1 və 32.4, 312.2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.1 və 32.4, 312.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli “informasiya daşıyıcı olan diksə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş səs yazılarında sonuncu ilə Təqsirləndirilən şəxs arasında müxtəlif tarixlərdə qızı Şahid1 işə düzəldilməsi ilə bağlı ümumi danışıqlar gedir, ilk əvvəl Təqsirləndirilən şəxs 4000 (dörd min) manat qarşılığında Şahid1 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindəki tanışı vasitəsi ilə işə düzəldə biləcəyini deyir, daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 4000 (dörd min) manat pul verir, sonuncu da həmin pulu qəbul edərək sayır və işin qısa müddətdə düzələcəyini deyir. Həmçinin səs yazılarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 4000 (dörd min) pulu aldıqdan sonra kiməsə verdiyini və Şahid1 qısa müddətdə bağçaların birinə işə düzələcəyini deyir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixdə “miq.edu.az” saytından çıxarış edilmiş 2022-ci il üzrə imtahan nəticələrini əks etdirən bildirişdən görünür ki, Şahid1 məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçimüəllimlərin işə qəbulu üzrə müsabiqənin minimum tələbini ödəmədiyi üçün müsahibə mərhələsinə buraxılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 176.1-ci maddəsi ilə təqsirli bilinib 200 saat ictimai işlər cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 176.1-ci maddəsi ilə təqsirli bilinib 200 saat ictimai işlər cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron sorğuya xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də sosial işçi kimi işləyir və ictimai işlər görür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 001243 nömrəli, xx.xx.2021-ci il tarixli “Şəhid ailəsi üzvünün vəsiqəsi”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs şəhid ailəsi statusu verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər İH başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri – 15.1.1933-cü il təvəllüdlü anası X2r və Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 4000 (dörd min) manat maddi ziyanı tam olaraq ödəmiş, onun Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 4000 (dörd min) manat maddi ziyanı tam olaraq ödəmiş, o, Təqsirləndirilən şəxsla barışmış və sonuncudan şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış və sonuncuya dəymiş 4000 (dörd min) manat maddi ziyanı tam olaraq ödəmiş, bu səbəbdən də barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, şəhid atası olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə baxışı zamanı Dövlət ittihamçısı Təqsirləndirilən şəxs CM-in 178.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etmiş, cinayət təqibinin CM-in 178.1 və 32.4, 312.2-ci maddələri ilə davam etdirilməli olduğunu bildirmişdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi ilə bağlı qeyd etdikləri əsaslıdır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 32.4, 312.2-ci maddələri elan olunuş ittihamdan CM-nin 32.4, 312.2-ci maddəsi xaric edilməli və Təqsirləndirilən şəxs əməli ittiham olunduğu CM-in 178.2.3-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli, 11/2023 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş 36-cı bəndinə əsasən, dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004-cü il 11 iyun tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarına əsasən “Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında müraciətdə qaldırılan məsələnin Cinayət Məcəlləsinin müvafiq normalarına və həmin normalara dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə uyğun həll edilməsinin mümkün olduğunu nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etməkdən imtina etmiş və bu zaman sözügedən məsələ üzrə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əks etdirən mənbə kimi “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsinin müddəalarına xüsusilə istinad etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Hazırki işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 4000 (dörd min) manat məbləğində pulu ələ keçirmək məqsədi ilə vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü özü irəli sürmüşdür. Beləliklə məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla Zərərçəkmiş şəxs məxsus 4000 (dörd min) manat məbləğində pulu ələ keçirmək məqsədini həyata keçirən təqsirləndirilən Təqsirləndirilən şəxs özü irəli sürdüyü üçün onun əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi xaric edilməlidir. Bundan başqa ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə ittiham irəli sürülərkən onun öz qulluq mövqeyindən istifadə etməsi şəhid atası olduğuna görə ona yaradılmış güzəşt və imtiyazlardan istifadə etməsi ilə əsaslandırılmışdır. Məhkəmə tərkibi bununla razılaşmayaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu CM-in 178.2.3-cü maddəsindən həmin Məcəllənin 178.1-cü maddəsinə tövsif edilməlidir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 23-cü bəndində göstərilmişdir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-nin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə: - qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; - dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun həmin Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, elə hərəkətlər hüquqi əhəmiyyət kəsb edən hesab olunurlar ki, onların edilməsi hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olur və ya səbəb ola bilər. Həmin anlayışa uyğun olaraq, hüquqi əhəmiyyət kəsb edən hərəkətlər dedikdə onları etməyə səlahiyyəti olan şəxslərin hərəkətləri başa düşülür. Bu əlamətin mövcudluğu şəxsin müəssisə, idarə və təşkilatda daimi və ya müvəqqəti olaraq müəyyən vəzifə tutmasını (müəyyən işi görməsini) və buna müvafiq olaraq müəyyən hallarda hüquqi əhəmiyyətli hərəkətləri etməsini nəzərdə tutur. Beləliklə, cinayət qanununun məzmununa görə müəyyən olunmuş qaydada hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli şəxslər - müəssisə, idarə və təşkilatlarda (mülkiyyət formasından asılı olmayaraq) daimi və ya müvəqqəti olaraq vəzifə tutan və ya üzərilərinə qoyulmuş öhdəlikləri xüsusi tapşırıq əsasında icra edən, başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri edən şəxslərdir. Azərbaycan Respublikası CM-nin 308-ci maddəsinin qeydində göstərilmişdir ki, bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür:

1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;

2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;

3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;

4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;

5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;

6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;

7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi dedikdə, təqsirkarın tutduğu vəzifə ilə əlaqədar ona verilmiş səlahiyyətlərdən istifadə edərək özgənin əmlakını və ya əmlaka olan hüquqlarını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməsi başa düşülməlidir. Öz qulluq mövqeyindən istifadə etməsi vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Öz qulluq mövqeyindən istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mövqeyinə görə səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Bununla belə hazırki iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs şəhid atası olduğuna görə ona yaradılmış güzəşt və imtiyazlardan istifadə etməklə "xxxx" MMC-də sosial işçi kimi işləyir və ictimai işlər görür. Göründüyü kimi Təqsirləndirilən şəxs sosial işçi olmaqla vəzifəli şəxs hesab olunmur, onun təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməyə, həmçinin başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri etməyə səlahiyyəti yoxdur. Bundan əlavə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədi ilə qəbul edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda şəhid ailəsi anlayışı verilmiş və onlara həmin qanunla müəyyən güzəşt və imtiyazlardan istifadə etmək şəraiti yaradılmışdır. Həmin Qanundan da göründüyü kimi şəhid ailəsinə onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədi ilə müəyyən güzəşt və imtiyazlardan istifadə etmək şəraiti yaradılmışdır. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs şəhid ailəsi üzvü olması və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etməsi onun vəzifəli şəxs olmasına və ya vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxs olmasına, yəni təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməyə, o cümlədən başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri etməyə səlahiyyətli olan şəxs olmasına dəlalət etmir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. CPM-nin 314.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 15 fevral 2008-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Məhkəmə baxışında dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi və təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifi təbiətinə və hüquqi nəticələrinə görə müxtəlif prosessual hərəkətlərdir. Dövlət ittihamçısının əməli cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif etmək təklifi ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina kimi qiymətləndirilə bilməz. Eyni zamanda dövlət ittihamçısı əməlin tövsifinin yüngülləşdirilməsi təklifi ilə çıxış etdikdə, məhkəmə həmin təklifdə irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul etməməlidir. Əks halda məhkəmə artıq dövlət ittihamçısı tərəfindən müdafiə olunmayan ittihamın müdafiəsini öz üzərinə götürməklə, faktiki olaraq, ittihamı müdafiə edən orqanı əvəz edər, başqa sözlə onun təbiətinə xas olmayan ittiham funksiyasını yerinə yetirmiş olardı. Dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsifinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki: dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi barədə təklifini əsaslandırmalıdır; məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il 15 nömrəli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu CM-in 178.2.3-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilməlidir. Bundan başqa, iş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 4000 (dörd min) manat maddi ziyanı tam olaraq ödəmiş, o, Təqsirləndirilən şəxsla barışmış və sonuncudan şikayət və tələbi yoxdur. Həmçinin Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi də ərizə ilə məhkəməyə müraciət edərək bəraətverici əsaslar olmadan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncuya dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 35 (otuz beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 210 (iki yüz on) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən, qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. CPM-nin 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Ona görə də məhkəmə tərkibi hesab edir k i, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1, 320, 321.1, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 210 (iki yüz on) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 200 (iki yüz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar