Məhkəmə qərarları › İş №1(100)-312/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-312/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-312/2022 23.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, X12, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X15, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçilər Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X16, Bərdə Vəkil Bürosunun vəkili X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Ağdam rayonunda anadan оlmuş, Аzərbаycаn Rеspublikаsının vətəndаşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdam rayonu, Xatınbəyli kəndində qeydiyyatda olan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməklə Bərdə rayonu, Alaçadırlı kəndində yаşаyan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 20 fevral 2022-ci il tarixdə saat 21 radələrində Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən 09 nömrəli beton zavodun həyətində əvvəllər tanıdığı Alaçadırlı kənd sakini Zərərçəkmiş şəxs bir neçə gün əvvəl onun ünvanına nalayiq söyüşlər söyməsinin səbəbini öyrənən zaman aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun qaş nahiyyəsindən yumruqla bir dəfə vurub ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirdiyindən o, Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi və qisas almaq niyyəti ilə əlində olan kustar üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə sonuncunun bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən vuraraq ona döş qəfəsinin arxa səthinin, sol plevra və qarın boşluğuna nüfuz edən kəsilmişdeşilmiş yarası, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası, sol budun orta 3/1-nin bayır səthinin kəsilmiş-deşilmiş yarası, diofraqmanın kəsilmiş-deşilmiş yarası, sol tərəfli hemotoraks xəsarətləri ilə müşayiət edilən dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Alaçadırlı kəndində yaşamış, bərbər fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Rövşən onun arxasınca xoşagəlməz sözlər danışmış, onun yaxşı oğlan olmadığını demişdir. Rövşənin özü ona bu sözləri telefon vasitəsilə də demişdir. O, Rövşəndən nə səbəbə belə dediyini soruşanda, Rövşən “Gəl görüşək, sənə bunun aydınlığını verəcəm” cavabını vermişdir. O, Rövşənlə razılaşıb Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində yerləşən keçmiş beton zavodunun ərazisinə gəlməsini demişdir. O, 20 fevral 2022-ci il tarixdə saat 21:00 radələrində yaşadığı evdən çıxıb həmin yerə getmiş, orada onu Rövşən, qardaşı Zamiq və tanımadığı şəxslər gözləmişdir. Həmin şəxslərə yaxınlaşdıqdan sonra Rövşənin qarşısında durub nəyə görə onu oğlan kimi tanımadığını soruşmuşdur. Rövşən “Sən kişi deyilsən, sənin “oğlanlığın” yoxdu və yaxşı etmişəm elə demişəm” deyərək yumruqla sol göz nahiyəsindən vurmuşdur. O da öz növbəsində Rövşəni vurmuş və özü ilə üzərində apardığı bıçaqla Rövşənin bir dəfə sol ayağına, iki dəfə isə sol tərəfinə zərbə endirmişdir. Bu zaman Zamiq və yanındakı tanımadığı şəxslər üzərinə gəlmişlər. Həmin vaxt o, atası Mobilin səsini eşitmiş, atasının səsi gələn kimi həmin şəxslər oradan qaçmışlar. Atası ondan kimlə dalaşdığını soruşmuş, o isə Rövşənlə dalaşdığını və bıçaqla vurduğunu söyləmiş, sonra atası ilə birlikdə evə getmişdir. Evdə olan zaman o, Rövşəni vurduğu bıçağı atası Mobilə vermiş və Bərdə rayon Mərkəzi Xəstəxanasına getmişlər. Xəstəxanada olduqları vaxt polis əməkdaşları ona yaxınlaşmışlar. O, törətdiyi əməli etiraf etmiş və polis əməkdaşları onu Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. O, Rövşəni evdən götürdüyü qatlanmayan mətbəx bıçağı ilə vuraraq xəsarət yetirmiş, Rövşənə xəsarət yetirməsinin səbəbinin onun haqqında dediyi sözlər ilə əlaqədar yaranan mübahisə olmuş, hadisə zamanı orada Zamiq və tanımadığı şəxslərin olmuş, Rövşəni öldürmək məqsədi olmamış, Rövşən onu yumruqla vurduğu üçün özünü qorumuş, hadisədən sonra bıçağı atasına vermiş, atası isə bıçağı Bərdə rayon polis şöbəsinə təqdim etmişdir. Atası onun yanına gələndə Zamiq və Rövşənin oradan aralaşmış, atası onları görməmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, ona dəyən zərəri ödəmişdir. Ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Ravil onun səs yazısını montaj edərək öz telefonundakı “Whatsapp” sosial şəbəkəsində statusda paylaşmışdır. O, həmin səs yazısında “Vurduğum oğlan ayağa durmur” demiş və həmin sözlərə Ravil tərəfindən mahnı ilə montaj edilməklə paylaşılmışdır. O, dəfələrlə Ravildən statusu silməsini istədə də, Ravil buna məhəl qoymamışdır. Sonuncu dəfə mobil telefon vasitəsilə Ravilə zəng edib statusu silməsini bildirmiş, lakin Ravil nalayiq ifadələr işlədərək “Sözün varsa, gəl görüşək” demişdir. Ravillə razılaşıb Bərdə rayonu, Alaçadırlı kəndi ərazisində yerləşən keçmiş beton zavodunun ərazisinə gəlməsini istəmişdir. 20 fevral 2022-ci il tarixdə saat 21:00 radələrində yaşadığı evdən çıxıb həmin yerə getmişdir. Bir qədər gözlədikdən sonra Ravil gəlib ona yaxınlaşmış və “Niyə söyüş söyürsən” deyərək onu itələmişdir. Daha sonra Ravil arxa tərəfindən çıxardığı bıçaqla onun sol ayağına bir dəfə, sol tərəfinə isə iki dəfə zərbə vurmuşdur. Bu zaman qardaşı Zamiq və Ravilin atası Mobil oraya gəlmişdir. Həmin vaxt atası Mobil Ravili oradan aparmış və o, qardaşı ilə qaçmışdır. Sonra o, huşunu itirmiş, Bərdə rayon Mərkəzi Xəstəxanasına getmişlər. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində Ravilin onun səs yazısını montaj etməsi və həmin yazını silməməsi səbəbindən mübahisə etdiyini, mübahisənin beton zavodunun ərazisində 5-10 dəqiqə ərzində baş verdiyini, mübahisə baş verərkən orada qardaşı Zamiqin və Ravilin atası Mobilin olduqlarını, Ravilin onu bıçaqla vurmasından sonra özünün Ravili vurmasını xatırlamadığını, Ravilin onu döş qəfəsindən, sol arxa çiyin nahiyəsindən və sol budundan bıçaqla vuraraq xəsarət yetirdiyini, hadisə zamanı əynində cins şalvar və uzunqol köynək olduğunu bildirmiş və həmin geyim əşyalarını könüllü şəkildə istintaqa təqdim etdmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənildiyindən Təqsirləndirilən şəxsla barışmış, ondan şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşıdır. 20 fevral 2022-ci il tarixdə saat 21:00 radələrində Rövşənin evə gec gəlməsi ilə bağlı istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Rövşənin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib evə gəlməsini demişdir. Rövşən telefonda ona Ravil ilə davasının düşdüyünü, Ravili beton zavodunun ərazisində gözlədiyini söyləmişdir. O, Rövşəndən nəyə görə Ravili həmin yerdə gözlədiyini soruşmuş, o da ona Ravilin “Whatsapp” sosial şəbəkəsi vasitəsilə söyüş söyüb onu zavodun ərazisinə çağırdığını, həmçinin, oraya gəlməsini, nə baş verəcəyini gözləri ilə görməsini bildirmişdir. Bu səbəbdən o, həmin yerə getmiş və oraya çatanda Rövşənin Ravillə mübahisə etdiyini görmüşdür. O, dərhal onlara yaxınlaşıb Rövşəni kənarlaşdırıb aparmaq istəmiş, həmin vaxt orada olan Ravilin atası Mobil odun parçası ilə onun kürək nahiyəsindən vurmuşdur. Sonra o, qardaşı Rövşənə kömək edib evlərinin yaxınlığında yaşayan qonşuları Vüsaləgilə aparmış və orada atası Ruslana zəng edib Rövşənin bıçaqlanması barədə məlumat vermişdir. Atası gəldikdən sonra təcili tibbi yardım avtomobili də oraya gəlib qardaşını xəstəxanaya aparmışdır. Rövşən və Ravil arasında baş vermiş mübahisənin Ravilin qardaşına söyüş söyməsi səbəbindən yaranmışdır. O, hadisə yerinə çatanda Ravilin qardaşı ilə mübahisə etməsini görmüş, həmin vaxt orada Rövşən, Ravil, Mobil və özündən savayı heç kimin olmamış, hadisədən sonra həyəcanlı olduğu üçün tibb müəssisəsinə müraciət etmiş, heç bir şikayət və tələbi, xəsarəti olmamış və məhkəmə-tibbi ekspertizasından keçmək istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. 20 fevral 2022-ci il tarixdə saat 21:00 radələrində Ravil evdə olan zaman telefonla danışıb əsəbi halda evdən çıxmışdır. Təxminən 5 dəqiqə sonra o, Ravilin arxasınca çıxmış və beton zavodunun ərazisindən səs-küy gəldiyini eşitmişdir. O, dərhal həmin yerə getmiş və Ravilin kiminləsə mübahisə etdiyini görüb oğlunu çağırmışdır. Onun səsini eşidən şəxslər dərhal oradan qaçmış, o, Ravilə yaxınlaşıb evə gətirmişdir. Evdə Ravil ona qonşuluqda yaşayan Rövşənlə dalaşdığını və bıçaqla ona xəsarət yetirdiyini bildirmişdir. Ravilin göz nahiyəsində xəsarət olduğu üçün oğlunu Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmış və ilkin tibbi yardım göstərildikdən sonra polis əməkdaşları gəlib oğlunu Bərdə rayon polis şöbəsinə dəvət etmişlər. Daha sonra evə gəlmiş və Ravilin ona verdiyi bıçağı özündə saxlamaqla 21 fevral 2022-ci il tarixdə könüllü şəkildə Bərdə rayon polis şöbəsində müstəntiqə təhvil vermişdir. Müstəntiq həmin bıçağı hal şahidlərinin iştirakı ilə götürüb baxış keçirmiş və kağız zərfə qoyaraq qablaşdırmışdır. O, hadisə yerinə çatanda orada olan şəxslər, yəni Rövşən və Zamiq qaçmış, Zamiqə heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 20 fevral 2022-ci il tarixdə saat 21:00 radələrində işdən çıxıb 09 nömrəli beton zavodunun ərazisindən keçməklə yaşadığı evə gedən zaman bir neçə nəfər şəxsin uca səslə birbirlərinə söydüklərini eşitmiş və həmin şəxslərə doğru getmişdir. Bu zaman əvvəllər tanıdığı Ravilin tanımadığı şəxslə söhbət etdiyini görmüşdür. Ravilin qarşısında olan tanımadığı şəxs qəflətən Ravilin sifət nahiyəsinə əli ilə vurmuş və onlar dalaşmağa başlamışlar. O isə orada dayanmadan evə getmişdir. Səhəri gün Ravilin Rövşən adlı oğlanı bıçaqladığını eşitmişdir. O, evə tələsdiyindən və qaranlıq olduğundan hadisə zamanı orada neçə nəfər şəxsin olmasını görməmiş, Ravil ilə mübahisə edən şəxsin əli ilə Ravilin sifət nahiyəsindən vurmasını görmüş, daha sonra isə oradan getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs anasıdır. Ravil bərbər fəaliyyəti ilə məşğul olmuş və səhər tezdən evdən çıxıb axşamlar evə gəlmişdir. 20 fevral 2022-ci il tarixdə saat 21 radələrində o, evdə olan zaman əri Mobilin səsini eşitmişdir. Mobil beton zavodunun həyətində oğlu Ravili ucadan çağırmış, təxminən 5 dəqiqə keçməmiş oğlu və əri evə daxil olmuşlar. Həmin vaxt Ravilin üzəri qan olmuşdur. Onlardan nə baş verdiyini soruşduqda, Mobil ona Ravilin qonşuluqda yaşayan Rövşənlə dalaşdığını demişdir. Sonra əri Ravili xəsarət aldığı üçün Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hadisədən əri və oğlunun evə gəlmələrindən sonra xəbər tutmuş və Ravilin Rövşəni bıçaqla yaraladığını öyrənmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 21 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon məhkəməsinin 23 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon məhkəməsinin 13 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14 may 2022ci il tarixli “üzləşdirmə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ifadələri arasında ziddiyyətləri aradan qaldırmaq məqsədilə aralarında üzləşdirmə keçirilmiş, Zərərçəkmiş şəxs üzləşdirmə zamanı istintaqda vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı “20 fevral 2022-ci il tarixində saat 21 radələrində Bərdə rayonu Alaçadırlı kəndi ərazisində yerləşən 09 nömrəli beton zavodun həyətində onu bıçaqla vuraraq xəsarət yetirdiyini, hadisə vaxtı orada heç kimin olmadığını, qardaşı Zamiq və Ravilin atası Mobilin hadisədən sonra ora gəldiklərini və Mobilin onların arxasınca qaçdığını.”- demişdir. Üzləşmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun üzünə qarşı dediklərini təsdiq edərək Rövşəni bıçaqla vurub xəsarət yetirdiyini, lakin atası Mobilin orada olmadığını, onların arxasınca düşmədiyini demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında 22 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər, fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 Bərdə rayon ekspertiza şöbəsinin 19 mart 2022-ci il tarixli 169 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - döş qəfəsinin arxa səthinin, sol plevra və qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası, sol budun orta 1/3nin bayır səthinin kəsilmiş-deşilmiş yarası, diafraqmanın kəsilmiş-deşilmiş yarası, soltərəfli hemotoraks deşici-kəsici alət (alətlər), ola bilsin bıçağın təsirindən törənmişdir, müddəti 20 fevral 2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 21 aprel 2022-ci il tarixli 532 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 25 aprel 2022-ci il tarixli 259 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlininin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə-tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 31 mart 2022-ci il tarixli 104-MTKŞ/2022 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində 2 ədəd deşilmiş-kəsilmiş zədə, sol yaxalığında 1 ədəd kənari kəsilmiş zədə, şalvarın ayaqlığının arxa səthində 1 ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədə küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdirlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthində 2 ədəd deşilmiş-kəsilmiş zədə, sol yaxalığında 1 ədəd kənari kəsilmiş zədə, şalvarın ayaqlığının arxa səthində 1 ədəd deşilmiş-kəsilmiş zədələr döş qəfəsinin arxa səthinin, sol plevra və qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası, sol çiyin qurşağının kəsilmiş-deşilmiş yarası, sol budun orta 1/3-nin bayır səthinin kəsilmiş-deşilmiş yarası, diafraqmanın kəsilmiş-deşilmiş yarası ilə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 05 mart 2022-ci il tarixli 124/2022-MTBŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu A/İV/-dür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək, şalvar üzərində olan ləkələrdə insan qanı aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda “A” və “B” antigenləri alınmışdır. Bu qan ləkələri AB0 sistemi üzrə AB/İV/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə soyuq silah ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli 16/476 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilən 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 fevral 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Bərdə rayonu Alaçadırlı kəndi ərazisində yerləşən 09 nömrəli keçmiş beton zavodunun ərazisidir. Hadisə yerindən sübut əhəmiyyəti kəsb edə biləcək heç bir əşya, predmet, sənəd və sair götürülməmişdir. İstintaq hərəkətlərinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “götürmə aparılması” haqqında 21 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə etdiyi 01 ədəd bıçaq atası Şahid2 tərəfindən könüllü şəkildə təqdim edilmiş və müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı bıçağın qatlanmayan tipli, tiyəsinin metal materialdan hazırlandığı, tiyəsi üzərində “SANLİU” sözünün və 3 ədəd “6” işarəsinin olduğu müəyyən edilmiş, tiyənin yazı olmayan tərəfində qanabənzər ləkələr aşkar edilmişdir. İstintaq hərəkətlərinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “götürmə aparılması” haqqında 21 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd qara rəngli uzunqol köynək təqdim edilmiş və həmin geyim əşyaları müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı köynəyin və şalvarın sol yan hissələrində bıçaq kəsiyinə bənzər oval formalı dəlib-keçən zədələr, qəhvəyi rəngli qanabənzər ləkələr aşkar edilmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Regional “ASAN Xidmət” Mərkəzindən daxil olmuş 05 may 2022-ci il tarixli ərizədən görünür ki, Vəliyev X5 Ravil Mobil oğlu ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs 05 may 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 21 fevral 2022-ci il tarixli 0367 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Bərdə rayonu Alaçadırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Bərdə rayon nümayəndəliyindən daxil olmuş 22 fevral 2022-ci il tarixli 552 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonunda qeydiyyatda olmaqla Bərdə rayonu ərazisində yerləşən 09 nömrəli keçmiş beton zavodunun ərazisində məskunlaşıb yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 01 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, hadisənin törədilməsində istifadə edilən 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd qara rəngli uzunqol köynək 17 may 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlaməti vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət işinin baş verməsinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlər etməsinin səbəb olduğu müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin ona qarşı nalayiq ifadə işlətməsi və ardınca onu vurub sağlamlığına yüngül zərər vurulması nəticəsində baş verdiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş verməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.8-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.l.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13-cü maddəsinə, səmimi etirafı, əməlindən peşman olması, yaşayış yerindən müsbət xarakterizə olunması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasınını nəzərə alaraq, qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs”qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, brəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut 01 ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd qara rəngli uzunqol köynək sahibinə qaytarılmalı imtina etdikdə məhv edilməlidir. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 31.50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ekspertiza mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CMnin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut 01 ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd qara rəngli uzunqol köynək sahibinə qaytarılsın imtina etdikdə məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 31.50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ekspertiza mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar