Məhkəmə qərarları › İş №1(100)-313/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-313/2022

01.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-313/2022 01.07.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1980-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X3 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri və narkotik vasitələri əldə edib saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İİ və İ siyahılarına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,848 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 1 ədəd sellofan bükümün içərisində qanunsuz əldə edərək yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağında və ümumi təmiz çəkisi 0,109 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 1 ədəd sellofan bükümün içərisində qanunsuz əldə edərək üzərində saxlamış, 14 fevral 2022ci il tarixdə saat təxminən 18:20 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə baxış zamanı yataq otağından Təqsirləndirilən şəxs məxsus 1 ədəd sellofan bükümün içərisində külli miqdarda, təmiz çəkisi 2,848 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra polis şöbəsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli cins gödəkçənin sağ üst cibindən 1 ədəd sellofan bükümdə 0,109 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3-da yaşayır və rəsmi olaraq heç yerdə işləmir. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı evdə olarkən evin giriş darvazası döyülmüş, darvazanı açmış və həmin şəxslər Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər yaşadığı mənzildə narkotik vasitə olmasından şübhələndikləri üçün evə onun könüllü razılığı əsasında baxış keçirəcəklərini bildirmişlər. Yaşadığı evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə verdikdən sonra polis əməkdaşları yaşadığı ünvana daxil olmuşlar. Polis əməkdaşları ondan evdə narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, evdə narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları evə baxış keçirməyə başlamışlar. Evə baxış keçirilərkən polis əməkdaşları yataq otağında döşəyin altında psixotrop maddə olan metamfetamin və elektron tərəzi aşkar etmişlər. Həmin psixotrop maddə olan metamfetamin ona məxsus deyil və hesab edir ki, psixotrop maddə olan metamfetamini polis əməkdaşları döşəyin altına qoyublar. Döşəyin altından aşkar edilmiş elektron tərəzini isə azyaşlı uşağı yaşadığı evin yaxınlığında zibillikdən tapmışdır. Polis əməkdaşları onun iştirakı ilə həmin psixotrop maddəyə və həmin maddənin yanında olan elektron tərəziyə baxış keçirmişlər. 1 ədəd şəffaf sellofana bükülmüş metamfetamin elektron tərəzidə çəkilmiş, çəkisi 3,20 qram olmuşdur. Bundan sonra həmin psixotrop maddə qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Daha sonra evin digər otaqlarına onun iştirakı ilə baxış keçirmişlər, lakin əlavə olaraq heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, onun yaşadığı evə baxış keçirilərək evində yataq otağında döşəyin altında psixotrop maddə olan metamfetamin və elektron tərəzi aşkar edildikdən sonra, onu Bərdə rayon polis şöbəsinə aparmışlar. Şöbədə müdafiəçiyə ehtiyacı olduğunu bildirmiş və Bərdə rayon Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etmək üçün dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan göy rəngli gödəkçənin sağ döş cibindən özünə məxsus olan 1 büküm narkotik vasitə olan heroini könüllü şəkildə çıxardaraq masanın üzərinə qoymuşdur. Gödəkçənin cibindən çıxarıb təqdim etdiyi narkotik vasitə olan heroin qablaşdırılmış və ekspertizaya göndəriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda göstərmişdir ki, polis əməkdaşlarının onun yaşadığı evdə yataq otağında döşəyin altında aşkar etdikləri psixotrop maddə olan metamfetamin ona məxsus deyil və hesab edir ki, həmin psixotrop maddə olan metamfetamini polis əməkdaşları döşəyin altına qoyublar. Döşəyin altından aşkar edilmiş elektron tərəzini isə azyaşlı uşağı yaşadığı evin yaxınlığında zibillikdən tapmışdır. Həmçinin bildirir ki, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitə olan heroin ona məxsusdur. O, həmin narkotik vasitə olan heroini satmaq məqsədi ilə deyil, istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı mənzilə baxış keçirərkən polis əməkdaşları ilkin olaraq hansı otaqda narkotik vasitə olub-olmadığını soruşmuşlar və o, yataq otağında olan döşəyin altında narkotik vasitə olduğunu polis əməkdaşlarına bildirmiş, bundan sonra polis əməkdaşları yataq otağına daxil olmuşlar və o, könüllü olaraq döşəyin altında olan psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları onun iştirakı ilə həmin narkotik vasitəyə və narkotik vasitənin yanında olan elektron tərəziyə baxış keçirmişlər. Həmin metamfetamin və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Evindən aşkar edilən psixotrop maddə olan metamfetamini və üzərindən aşkar edilən narkotik vasitə olan heroini Bakı şəhərində olan zaman Nərimanov metro stansiyasının yaxınlığında gəzdiyi vaxt yerdən tapmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsinin digər hissəsi məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə eyni olmuşdur (iş vərəqə: cild İ, səh.55-57, 72-74). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Elgiz ailəsi ilə birlikdə onunla bir evdə yaşayır. 14 fevral 2022-ci il tarixdə saat 18 radələrində mənzildə olan zaman Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadığı mənzilə gələrək evində oğlu Elgizin narkotik vasitə və psixotrop maddələr saxlamasında şübhəli olduğuna görə videoçəkilişdən istifadə etməklə baxış keçiriləcəyini izah etmişlər. Həmin vaxt Elgiz də orda imiş, onlar baxış keçirilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. Evə baxış keçirilərkən polis əməkdaşları yataq otağında döşəyin altında psixotrop maddə olan metamfetamin və elektron tərəzi aşkar etmişlər. Aşkar edilmiş kütlə polislər tərəfindən elektron tərəzidə çəkildikdən sonra zərfə qoyulmaqla qablaşdırılmış, bundan başqa həmin yerdən aşkar edilmiş bir ədəd elektron tərəzi də zərfə qoyulmaqla qablaşdırılaraq götürülmüşdür. Mənzildən başqa heç bir qanunsuz əşya, predmet aşkar olunmamışdır. Sonra protokol tərtib edilmiş, oxunduqdan sonra o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Elgizin əvvəllər narkotik vasitələrdən istifadə etdiyini bilsə də, yaşadığı evdə psixotrop maddə saxlamasından xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkilidir. 14 fevral 2022-ci il tarixdə ona ünvan 3-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və alqısatqısı ilə məşğul olması, üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar polis şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra həmin gün saat 18 radələrində o, Bərdə rayon polis şöbəsinin X2 baş inspektoru Şahid4 və Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3, RPŞ-nin PPXB-nin polis nəfəri Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən evinə yollanmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs və atası Şahid1 sözügedən mənzildə imiş, onlar Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddələr saxlanılması şübhəsi olduğuna görə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyini izah etmişlər. Təqsirləndirilən şəxs baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək bu barədə şifahi ərizə protokolu tərtib olunduqdan sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evində narkotik vasitə saxlayıb-saxlamadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs yataq otağında psixotrop maddə saxladığını etiraf etmiş və onu könüllü şəkildə təqdim edə biləcəyini demişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs ilə birlikdə yataq otağına daxil olmuş, Təqsirləndirilən şəxs yataq otağında yerdə olan döşəyin altında 1 ədəd plastik qabı və 1 ədəd elektron tərəzini təqdim etmiş, plastik qabın içərisinə baxan zaman içərisində şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyulmaqla qablaşdırılmış, tərkibinin və çəkilərinin müəyyənləşdirilməsi məqsədilə ekspertiza tədqiqatına göndəriləcəyi bildirilmişdir. Bükümlərdən başqa döşəyin altında həmin maddənin yanında həmçinin bir ədəd elektron tərəzi də aşkarlanaraq götürülmüşdür. Həmin elektron tərəzi də zərfə qoyulmaqla qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümün içərisindəki kütlənin metamfetamin olduğunu, bükümü Bakı şəhəri ərazisində tapdığını və şəxsi istifadəsi üçün evində saxladığını, elektron tərəzini isə övladının zibillikdən tapdığını demişdir. Daha sonra mənzilə baxış keçirilməsi davam etdirilmiş, lakin başqa heç bir qanunsuz əşya, predmet və sair aşkar olunmamışdır. Sonra isə protokol tərtib edilərək oxunmuş və o və digər iştirakçılar həmin protokolu imzalamışlar. Şahid2 ifadəsinin davamında göstərmişdir ki, həmin gün saat 19:00 radələrində Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, burada Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilməklə təhqiqatçı Orxan Nəbiyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə saxlaması şübhəsi olduğuna görə polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmasında polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili İslam Teymurov da iştirak etmiş, şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazı olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması barədə sual verilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins gödəkçənin üst sağ cibindən 1 ədəd kağız büküm təqdim edib içərisində “kokos” adlandırdığı heroin olduğunu bildirmiş və bükülünü masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd kağız bükümə baxan zaman içərisində 1 ədəd şəffaf rəngli sellofanın olduğu və həmin sellofanın da içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroin olduğunu, Bakı şəhəri, Nərimanov rayonu ərazisində tapdığını və şəxsi istifadəsi üçün götürüb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və təhqiqatçı Orxan Nəbiyev tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək oxunmuş və imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında protokol”dan, həmçinin xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs yataq otağında yerdə olan döşəyin altından 1 ədəd plastik qabın içərisində olan şəffaf rəngli sellofanın içərisində olan psixotrop maddə metamfetamini və 1 ədəd elektron tərəzini təqdim etmiş, həmin maddə və əşyalar qablaşdırılaraq götürülmüşdür (iş vərəqə: cild İ, səh.11-15, 58). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan, həmçinin xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, xx.xx.2022-ci il tarixdə Bərdə RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins gödəkçənin sağ üst cibindən 1 ədəd kağız bükümdə narkotik vasitə olan heroini təqdim etmiş və həmin maddələr qablaşdırılaraq götürülmüşdür (iş vərəqə: cild İ, səh.35-36, 59). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsinin 15 fevral 2022-ci il tarixli, 16/184 nömrəli rəyindən görünür ki: -Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitə” yazı və imzalar olan zərfdəki 1(bir) ədəd sellofan bükümdə təmiz təmiz çəkisi 0,109 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə” yazı və imzalar olan zərfdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,848 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş elektron tərəzi” yazı və imzalar olan zərfdəki 1(bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitə və psixotrop maddə izləri aşkar edilmədi (iş vərəqə: cild İ, səh.44-47). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin xx.xx.2021-ci il tarixli, 616 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.116). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə və üzərində saxladığı narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamış, həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə yaşadığı mənzildə saxlamışdır (iş vərəqə: cild İ, səh.108). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs fərdi yaşayış evinin yataq otağından aşkar edilmiş içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə tədqiqatdan sonra qalıq çəkisi 2,748 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində 1 ədəd şəffaf rəngli sellofan bükümdə tədqiqatdan sonra qalıq çəkisi 0,089 qram narkotik vasitə heroin, eləcə də Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk və üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntülərin əks edildiyi 01 ədəd DVD disk maddi sübut qismində tanınmış, həmin narkotik və psixotrop maddələr, həmçinin 1 ədəd elektron tərəzi Bərdə rayon Polis Şöbəsində saxlanca verilmiş, videogörüntülərin əks edildiyi 02 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.129-136). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Eyni zamanda həmin tələbnamədən və Bərdə rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 27 gün vaxtından əvvəl şərti azad edilmişdir (iş vərəqə: cild İ, səh.118-123). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.30). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.83-76). Cinayət işinə əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh.125). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh.124). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “metamfetamin” psixotrop maddəsinin və “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilib götürülmüş “metamfetamin” psixotrop maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş “metamfetamin” psixotrop maddəsinin külli miqdar həddindən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CMnin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ziddiyyətli ifadələrini, evindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ona məxsus olmaması və həmin maddənin polis əməkdaşları tərəfindən döşəyin altına qoyulması, həmçinin döşəyin altından aşkar edilmiş elektron tərəzini isə azyaşlı uşağının yaşadığı evin yaxınlığında zibillikdən tapmasına dair, eyni zamanda üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitə olan heroini satmaq məqsədi ilə deyil, istifadə etmək üçün üzərində saxlamasına dair vermiş olduğu ifadəsində göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin başlandığı ilkin mərhələdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi izahatdan, daha sonra onun şübhəli şəxs qismində dindirilməsi protokolundan, sonradan isə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünür ki, onun yaşadığı evindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu etiraf etmiş, həmçinin videoçəkilişdən istifadə edilərək onun yaşadığı evə baxış keçirilərkən də həmin maddənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri tədqiq edilərkən müəyyən olunur ki, o, ibtidai istintaq zamanı evindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olduğunu və həmin maddəni tapdığını, həmin maddənin yanında olan elektron tərəzini isə uşağının tapdığını bildirmiş, məhkəmə istintaqı zamanı isə həmin psixotrop maddənin ümumiyyətlə ona məxsus olmadığını və polis əməkdaşlarının həmin maddəni ora qoyduqlarını bildirmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı həmin maddəni yerdən tapması, tərəzini isə uşağının yerdən tapması, məhkəmə istintaqı zamanı isə psixotrop maddənin ümumiyyətlə ona məxsus olmaması kimi verdiyi ifadələri yuxarıda qeyd edilən mötəbər və təkzibedilməz sübutlarla təsdiq edilmədiyindən və iş materiallarına uyğun olmadığından məhkəmə onun həmin ifadələrini sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi inkaredici hallar onun özünün məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi, ibtidai istintaq zamanı isə etirafedici ifadələri, şahidlərin ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş onun yaşadığı evinə baxış və üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 2 ədəd “DVD” disklərə baxış protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından və heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən həmin hissədə sübut növü kimi qəbul edilmir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs yaşadığı evinə baxış və üzərinə şəxsi axtarış zamanı prosessual hərəkətlər videoçəkilişlə həyata keçirilmiş, video çəkilişlər zamanı Təqsirləndirilən şəxs yaşadığı evinə baxış və üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş psixotrop maddənin və narkotik vasitənin ona məxsus olmasını etiraf etmiş və hər hansı etiraz etməmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gələrkən onun yaşadığı evində yataq otağında döşəyin altında aşkar edilmiş psixotrop maddənin yanında həmçinin elektron tərəzinin də olmasını, aşkar edilmiş maddələrin müxtəlif növlərdə olmasını, psixotrop maddənin çəkisinin külli miqdardan artıq olmasını və cinayət işinin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən yuxarıda göstərilmiş tədqiq edilən bütün digər hallarını da nəzərə alır. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 1.1ci bəndinə əsasən cəzadan azad olunmuş, həmçinin Bərdə rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 27 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həmin məhkumluqları ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs hər iki məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, əvvəllər az ağır cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs hər iki cəzanı çəkməkdən azad edildiyi vaxtdan iki ildən artıq keçdiyindən onun həmin məhkumluqları ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluqları ödənildiyindən onun əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 02 (iki) nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 14 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 14 fevral 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 07 may 2022-ci il tarixli, 616 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış qalıq çəkisi 2,748 qram psixotrop maddə olan metamfetamin və tədqiqatdan sonra qalıq çəkisi 0,089 qram narkotik vasitə heroin, həmçinin 1 ədəd elektron tərəzi məhv edilməli, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 14 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş qalıq çəkisi 2,748 qram psixotrop maddə olan metamfetamin və tədqiqatdan sonra qalıq çəkisi 0,089 qram narkotik vasitə heroin, həmçinin 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarına saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Xəqani Səmədov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar