Məhkəmə qərarları › İş №1(100)-317/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-317/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-317/2022 16.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu, X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idairəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi–Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1987-ci ildə Samux rayonunun Tatlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Samux rayonunun Tatlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə saat 23 radələrində Samux rayonunun Ağasıbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı cibindən çıxardığı kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağı ilə kürək nahiyyəsinə qəsdən bir dəfə vuraraq dərəcəsinə görə yetirilən andan insan həyat üçün təhlükəli ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olub döş qəfəsinin daxilə keçən, ağciyərin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası, hemopnevmotoraks xəsarətlərini yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Samux rayonu, Ağasbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs 6 ildir ki, tanımış, onunla əvvəllər heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Rəşad onun qardaşı Semur ilə dost olmuş, münasibətləri normal olmuşdur. 23 iyun 2021-ci il tarixdə saat 22 radələrində o, yaşadığı küçənin aşağı hissəsində yerləşən həmkəndlisi Altaya məxsus mağazadan siqaret alıb küçəyə çıxmış, həmin vaxt qardaşı Semur avtomobilini idarə edib onun yanına gəlmişdir. O, Semurun dilxor olduğunu hiss etdiyi üçün sonuncudan nə baş verdiyini soruşmuşdur. Semur ona az öncə arvadı Aynur ilə avtomobilində olan zaman, Rəşadın idarə etdiyi avtomobilini onun avtomobilinin bərabərliyində saxlayaraq ona “ay cındır nətərsən” dediyini, buna görə də, mobil telefonu ilə Rəşada zəng edib iradlarını bildirdiyini, hazırda Rəşadla söhbət etməkdən ötrü Çinarlı adlanan kafenin yaxınlığına getdiyini bildirmişdir. Sonra Semur, Rəşadın mobil telefonuna zəng edib sonuncuya iradlarını bildirmişdir. O da telefonu Semurun əlindən alıb Rəşada iradlarını bildirmişdir. Sonra o, Semurla birlikdə sonuncunun avtomobili ilə Çinarlı adlanan kafeyə getmişdir. O, avtomobildən yerə düşən kimi Rəşada tərəf getmiş və sonuncuya “ay Rəşad utanmırsanmı sən qardaşıma ailəsinin yanında cındır deyirsən” sözlərini demişdir. Rəşad ona “sən yuyulmamış çömçə kimi araya girirsən” sözlərini deyib yumruq ilə onu vurmuş və o, yerə yıxılmışdır. Bundan sonra Rəşad onun üstünə gələrək tutaşmışlar. O da əynində olan şalvarın sağ yan cibində gəzdirdiyi açılıbqatnanan bıçağı əlinə alıb, Rəşadın sağ kürək nahiyyəsinə bir dəfə zərbə ilə vurmuşdur. Sonra Rəşadın yanında olan Əli və qardaşı Semur onları ayırmışlar. Sonra Semur onun qolundan tutub avtomobilinə əyləşdirmiş və sonuncu onu yaşadığı evə aparmışdır. Rəşad onunla kobud danışaraq üstünə gəldiyindən, onu yumruqla vurduğundan, o, bıçaqla sonuncunu vurmuşdur. O, Rəşadı qorxutmaq üçün onun kürək nahiyəsindən bir zərbə vurmuşdur. Onun Rəşadı təkrar bıçaqla vurmağa imkanı olsa da bunu etməmişdir. Baş vermiş hadisə təxminən 3-5 dəqiqə davam etmiş və hadisə zamanı heç kim ətrafa toplaşmamış və ətrafda heç kim olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 iyun 2021-ci il tarixdə saat 21 radələrində o, iş yoldaşı Əli ilə birlikdə yemək yemiş, sonra istifadəsində olan “VAZ 21074” minik markalı ** DU *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edib Samux rayonu, İnsitut qəsəbəsindən qarpız almağa getmişdir. O, işlədiyi anbara geri dönən zaman yolda tanışı X4 işlədiyi mürəbbə sexinin yaxınlığı ilə asta sürətlə “Ford” markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini görmüşdür. O, avtomobilini Semurun idarə etdiyi avtomobilin bərabərliyində saxlayaraq ona “Salam ay cındır” sözlərini demişdir. Həmin vaxt Semur ona arvadının avtomobilin salonunda olduğunu, dediyi cındır sözünü arvadının eşitdiyini bildirmişdir. Sonra o, avtomobilini idarə edib işlədiyi anbara getmişdir. O işlədiyi anbarda Əli ilə birlikdə qarpız yeyən zaman Semur istifadəsində olan mobil telefonuna zəng edərək, ona arvadının yanında cındır deməyinə görə öz iradlarını bildirmişdir. O da öz növbəsində, Semura onun arvadının avtomobilin salonunda olduğundan xəbərinin olmadığını bildirməklə ondan harada olduğunu soruşmuş, Semur da ona yaşadığı evdə olduğunu bildirmişdir. Sonra o, Semurdan yaxınlıqda olan Çinarlı adlanan kafenin yaxınlığına gəlməsini xahiş etmişdir. Həmin vaxt Vüsal da, ona mobil telefonda öz iradlarını bildirmişdir. Sonra Semur ona 5-10 dəqiqəyə həmin yerə gələcəyini bildirmişdir. Əli ondan nə baş verdiyini soruşduqda o, Əliyə az öncə Semura arvadının yanında “Salam ay cındır” dediyinə görə Semurun ondan incidiyini, buna görə Semurun könlünü almaqdan ötrü onu Çinarlı adlanan kafenin yaxınlığına dəvət etdiyini bildirməklə onunla birlikdə sözügedən kafenin yanına getməsini xahiş etmişdir. Əli də onunla razılaşmış və o, avtomobilini idarə edib Əli ilə birlikdə Çinarlı adlanan kafenin yaxınlığına getmişdir. O, Əli ilə avtomobilin salonundan düşmüş, Semurun gəlməsini gözləmişdir. Bir neçə dəqiqədən sonra Semur idarə etdiyi, mürəbbə sexinə məxsus “Ford” markalı avtomobil ilə onların yanına gəlmişdir. Avtomobildən Semur ilə Vüsal düşüb ona tərəf yaxınlaşmışlar. Bu an Əli onların yanından bir qədər uzaqlaşmışdır. O, Semura üzürxahlıq edərək arvadının avtomobilin salonunda olduğunu görmədiyini, arvadının yanında xoşagəlməz söz danışdığına görə Semurdan üzr istəmişdir. Həmin vaxt Vüsal ona “ay Rəşad ayıb deyilmi, sən Semuru arvadının yanında pisikdirirsən, sən onun evinə gəlib çörək kəsmisən” demişdir. O da üzürxahlıq etdikdən sonra Vüsalın ona dediyi sözlərə görə ona əsəbiləşmiş və ona “ayə sən niyə yuyulmamış çömçə kimi araya girirsən” sözlərini demiş və Vüsal ilə arasında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Vüsalı əlləri ilə onun sinə nahiyyəsindən vurmaqla bir qədər arxaya itələmiş və sonuncu yerə yıxılmışdır. O, həmin vaxt hava qaranlıq olduğu üçün görə Vüsalın əlində nə olduğunu görə bilməmişdir. Onlar tutaşan zaman Vüsal əlində olan bıçaqla onun kürək nahiyyəsinə bir dəfə vuraraq xəsarət yetirmişdir. Bu an Əli və Semur onları bir-birlərindən ayırmışlar. X17 idarə etdiyi avtomobilə əyləşdirmişdir. O isə kürək nahiyyəsinən qan axdığını gördüyü üçün dərhal avtomobilinin sükanına əyləşmişdir. Əli də, onun idarə etdiyi avtomobilə əyləşdikdən sonra ondan təcili olaraq xəstəxanaya getməsini tələb etmişdir. O isə Əliyə narahat olmamasını bildirmiş, idarə etdiyi avtomobili ilə işlədiyi anbara getmişdir. O anbarda yarasını yapışdırmaq üçün yapışqanlı lent tapa bilməmişdir. Buna görə də, o, avtomobilini idarə edib Əli ilə birlikdə anasının qohumu Samux rayonu, İnsitut qəsəbəsində yaşayan Ələsin yaşadığı evə getmişlər. Onlar Ələs ilə gördüşdükdən sonra sonuncuya baş vermiş hadisəni danışmış, Ələs ona ilkin tibbi yardım göstərmişdir. Bir neçə dəqiqədən sonra onun halı pisləşdiyinə görə Ələs ilə Əli onu avtomobilin arxa oturacağına əyləşdirib, onu Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya aparmışlar. O, xəstəxanaya çatan zaman artıq halı tamam pisləşmiş və həkimlər ona yuxu dərmanı verməklə əməliyyat etmişdilər. O, bir neçə gün xəstəxanadan müalicə aldıqdan sonra evə buraxılmışdır. Hava qaranlıq olduğuna görə o, Vüsalın ona xəsarət yetirdiyi bıçağı görə bilməmişdir. Hal-hazırda o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə dostu olmuşdur. Onun Rəşad ilə əvvəllər aralarında ədavəti və ya düşmənçiliyi olmamışdır. 23 iyun 2021-ci il il tarixdə saat 16 radələrində işlədiyi mürəbbə sexinə məxsus Ford markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilində arvadı Şahid4 ilə birlikdə Samux rayonu, Qiyaslı kəndində yaşayan qardaşı X5 yaşadığı evə qonaq getmişdir. O, saat 21 radələrində arvadı Aynurə ilə birlikdə Xəyalın yaşadığı evi tərk edib yaşadığı evə yola düşmüşdür. Bir qədər sonra Rəşad avtomobilini onun avtomobilinin bərabərliyində saxlamış, ona zarafatla “Salam ay cındır” sözlərini demişdir. Arvadı ona “ailən maşında ola-ola bu kimdir sənə hörmətsizlikdir edir” sözlərini demişdir. O, arvadı Aynurənin sözlərinə görə təsirlənmiş və Rəşada ona dediyi sözə görə öz iradlarını bildirmişdir. Sonra o, arvadı Aynurəni yaşadığı evə qoymuş, Rəşadın yanına getmişdir. Yaşadığı kəndin mərkəzində Altaya məxsus ərzaq malları mağazasının qarşısında qardaşı Vüsalı görmüş və onunla salamlaşmışdır. Qardaşı Vüsal ona nə səbəbə dilxor olduğunu soruşmuş və o qardaşına arvadı Aynurənin yanında Rəşadın ona cındır deməsini, həmin sözə görə Aynurənin yanında pisikdiyini bildirmişdir. Sonra o, mobil telefonu ilə Rəşada zəng etmiş, ondan harada olduğunu soruşmuşdur. Rəşad ona arvadı Aynurənin avtomobilin salonunda olduğundan xəbərinin olmadığını bildirmiş və dediyi sözə görə ondan üzr istəmişdir. Bundan sonra Vüsal onun idarə etdiyi avtomobilə əyləşmiş və onlar birlikdə Rəşadın adətən olduğu Çinarlı adlanan kafenin yaxınlığına getmişlər. Onlar avtomobilin salonundan yerə düşən zaman Rəşad və Əli onlarla salamlaşıb, hal-əhval tutmuşlar. Onlar Rəşada yaxınlaşan zaman Əli bir qədər kənara getmiş, qardaşı Vüsal isə Rəşadın bir qədər üzərinə gedib iradını bildirən zaman Rəşad Vüsala: “ayə sən niyə yuyulmamış çömçə kimi araya girirsən” deyərək Vüsalı yumruq ilə vurmuş, Vüsal yerə yıxılmış, Rəşad isə onun üzərinə getmişdir. Bu zaman anidən Vüsal onun görə bilmədiyi və əlamətləri yadında qalmayan bıçaqla Rəşadın kürək nahiyyəsinə bir dəfə zərbə vurmuşdur. Sonra o və Əli onları ayırmışlar. Sonra o, Rəşadın aldığı xəsarətin yüngül olmasını zənn etdiyindən Vüsalı idarə etdiyi avtomobilə əyləşdirib onu yaşadığı evə aparmışdır. Təxminən 3 saatdan sonra o, Rəşadın ağır dərəcəli xəsarət ilə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya daxil olduğunu və Rəşadın əməliyyat olunduğunu bilmişdir. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. Hadisə zamanı orada Əli və o olmuşdur. Kənardan isə onları görən olmamışdır. Hadisə zamanı Çinarlı adlanan kafe bağlı olmuşdur. Hava qaranlıq olduğuna görə o, qardaşı Vüsalın Rəşada xəsarət yetirdiyi bıçağı görə bilməmişdir. Hadisədən sonra Vüsal polisə gedib özünü təqdim edən zaman Rəşada xəsarət yetirdiyi bıçağı könüllü olaraq polisə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid7 işin halları ilə bağlı eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımışdır. Onun Vüsal və Rəşad ilə əvvəllər aralarında düşmənçiliyi və ədavəti olmamışdır. Rəşad onunla birlikdə soyuducu anbarında mühafizəçi işləmişdir. 23 iyun 2021-ci il tarixdə saat 21 radələrində iş yerində o, Rəşad ilə birlikdə yemək yemişdir. Sonra Rəşad istifadəsində olan “VAZ 21074” minik markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək qarpız almağa getmişdir. Təxminən 30-40 dəqiqədən sonra Rəşad onun yanına geri qayıtmışdır. O, Rəşadın mobil telefonla qonşuluqda yerləşən Mürəbbə sexinin mühafizəçisi işləyən Semurla danışdığını görmüşdür. Sonra onlar birlikdə qarpız yemişlər. Onlar qarpızı yeyib qurtardıqdan sonra Semur yenidən Rəşada zəng vurmuşdur. Rəşad mobil telefonla həm Semur, həm də sonuncunun qardaşı Vüsal ilə danışmışdır. X18 və Vüsala Çinarlı adlanan kafenin yanına gəlmələrini bildirmişdir. O, Rəşaddan nələrin baş verdiyini soruşduqda sonuncu ona bir neçə dəqiqə əvvəl qarpız alıb anbara geri qayıdan zaman yoldaşı Semurun avtomobilini gördüyünü, avtomobilini Semurun avtomobilinin bərabərliyində saxlayıb ona zarafatla “Salam ay cındır” dediyini, həmin vaxt Semurun arvadının da onun yanında olduğunu, sözünə görə həm Semurun həm də Vüsalın ona etiraz etdiklərini bildirmişdir. O və Rəşad Çinarlı adlanan kafenin yanında olan zaman Semur idarə etdiyi avtomobil ilə onların yanına gəlmişdir. Semur və qardaşı Vüsal avtomobildən yerə düşüb Rəşada tərəf yaxınlaşmışlar. O, onların söhbətlərinə mane olmamaqdan ötrü bir qədər kənara çəkilib onlara baxmışdır. Rəşad Semura onun arvadının avtomobilin salonunda olduğunu görmədiyini, arvadının yanında xoşagəlməz söz danışdığına görə üzürxahlıq etmişdir. Həmin vaxt Vüsal Rəşada yüksək səs tonu ilə irad bildirmiş, Rəşad da, Vüsala: “ayə sən niyə yuyulmamış çömçə kimi araya girirsən?” deyə cavab vermişdir. Rəşad Vüsaln onun üzərinə gəldiyini görüb əlləri ilə bir qədər onu arxaya itələmişdir. Həmin vaxt Vüsal Rəşada əlindəki hava qaranlıq olduğu üçün görə bilmədiyi alət ilə xəsarət yetirmişdir. Onların arasında dava-dalaşın şiddətləndiyini gördüyü üçün o, dərhal onlara yaxınlaşmış və Semur ilə birlikdə onları bir-birindən ayırmışlar. X16 idarə etdiyi avtomobilə əyləşdirmişdir. Rəşad isə ona kürək nahiyyəsindən qanaxdığını bildirərək dərhal avtomobilin sükanına əyləşmişdir. O, Rəşadın idarə etdiyi avtomobilə əyləşdikdən sonra sonuncudan təcili olaraq xəstəxanaya getməsini tələb etmiş, Rəşad isə ona narahat olmamasını bildirmişdir. Sonra o, Rəşad ilə işlədikləri anbara geri qayıtmışlar. Rəşad anbarda yarasına yapışdırmaq üçün yapışqanlı lent tapa bilmədiyindən, onlar birlikdə Rəşadın anasının qohumu Ələsin yaşadığı evə getmişlər. Onlar Ələs ilə gördüşdükdən Ələs Rəşada tibbi yardım etmişdir. Bir neçə dəqiqədən sonra Rəşadın halı pisləşdiyinə görə Ələs ondan Rəşadın avtomobilini idarə edib xəstəxanaya aparmağı xahiş etmişdir. O, Ələs ilə birlikdə Rəşadı avtomobilin arxa salonuna əyləşdirib birlikdə Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanaya getmişlər. Orada Rəşad əməliyyat olunmuş, bir neçə gün xəstəxanadan müalicə aldıqdan sonra evə qayıtmışdır. Hadisənin baş verməsinə səbəb Rəşad söhbət edən zaman Vüsalın araya girməsi, Vüsalın Rəşadla aralarında mübahisənin yaranması, Rəşadın Vüsalı əli ilə arxaya itələməsi olmuşdur. Sonra Vüsal əlindəki görə bilmədiyi alət ilə Rəşadın kürək nahiyyəsinə xəsarət yetirmişdir. Hadisə təxminən 3-4 dəqiqə davam etmişdir. Hadisə zamanı Rəşadla Vüsalın yanında Seymur və o olmuşdur. Kənardan isə onları görən olmamışdır. Hadisə zamanı Çinarlı adlanan kafe bağlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Rəşad oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı, Təqsirləndirilən şəxs isə onun tanışı olmuşdur. Onun Vüsal ilə əvvəllər aralarında düşmənçiliyi və ədavəti olmamışdır. 24 iyun 2021-ci il tarixdə saat 01 radələrində anası İlhamənin bibisi oğlu, Samux rayonu, İnsitut qəsəbəsində yaşayan Şahid3, onun istifadəsində olan mobil telefonuna zəng edərək, qardaşı Rəşadın Samux rayonu, Tatlı kəndində yaşayan Vüsal tərəfindən bıçaqlandığını, hazırda Rəşadı Əli ilə birlikdə tibbi yardım üçün Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanaya apardıqlarını bildirmişdir. O, dərhal bu barədə atası Arzumana məlumat vermişdir. Sonra o, atası ilə birlikdə tanımadığı taksi ilə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanaya getmişdir. Xəstəxananın adını bilmədiyi həkimi onlara Rəşadın kürək nahiyyəsindən bıçaqla xəsarət aldığını, xeyli miqdarda qan itirdiyi üçün Rəşadın əməliyyat olunduğunu, hazırda isə vəziyyətinin kafi olduğunu bildirmişdir. Bir neçə saatdan sonra ona məlum olmuşdur ki, qardaşı Rəşad ilə Vüsalın arasında mübahisə yaranmış, mübahisə zamanı Vüsal əlindəki bıçaqla Rəşada xəsarət yetirmişdir. Təxminən saat 07 radələrində Xəstəxananın adını bilmədiyi tibb bacısı Rəşadın hadisə zamanı əynində olan ağ rəngli maykasını ona təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid6 Rəşad oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, həmin cinayət işi 24 iyun 2021-ci il tarixli qərarla qəsdən sağlamlığa ağır zərər vurma faktına görə Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə başlanaraq istintaqı aparılmışdır. Cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Atabəylər prospektində yerləşən “Çinarlı” adlanan kafenin yaxınlığında aralarında yaranmış şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı X7 bıçaqla qəsdən vuraraq sonuncuya döş qəfəsinin sağ yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası dərialtı emfireması ilə nəticələnən xəsarət yetirməsi, əsas isə həmin fakta dair toplanmış ilkin yoxlama materialı olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 24 iyun 2021-ci il tarixli “götürmə və baxış keçirmə haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, 24 iyun 2021-ci il tarixdə “Çinarlı” adlanan kafedə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi yerə, eyni zamanda sonuncunun bıçaqla vurulub xəsarət aldığı yerə baxış keçirilərək şəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 24 iyun 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 24 iyun 2021-ci il tarixli “götürmə və baxış keçirmə haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, təqdim edilən 01 ədəd açılıb-qatlanan bıçaq cinayət işi üzrə götürülmüş, bu barədə protokol tərtib olunmuş və götürülmüş bıçağın fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 4(043)-105/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 24 iyun 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 07 iyul 2021ci il tarixli “götürmə və baxış keçirmə haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, təqdim edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş mayka və paltarlar cinayət işi üzrə götürülmüş, bu barədə protokol tərtib olunmuş və fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İV 234455 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü Yeganə İbrahimova Təqsirləndirilən şəxs qızıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İV 289086 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü Elşad İbrahimov Təqsirləndirilən şəxs oğludur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Samux rayonu İcra Hakimiyyəti Başçısının Zazalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 242 və 243 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Samux rayonu Zazalı kəndində yaşayır və 1986-cı il təvəllüdlü arvadı Ülviyyə Rəsulova, 2018-ci il təvəllüdlü qızı Yeganə İbrahimova və 2014-cü il təvəllüdlü oğlu Elşad İbrahimovdan ibarət ailə tərkibi vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Samux rayonu İcra Hakimiyyəti Başçısının Zazalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Samux rayonu Zazalı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmə-tibb ekspertizasının 05 iyul 2021-ci il tarixli 1066 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin daxilə keçən, ağciyərin zədələnməsi ilə müşayət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası, hemopnevmotoraks – deçici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Həmçinin ekspertiza rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətin maddi sübut qismində ekspertizaya təqdim edilmiş bıçaqla yetirilib-yetirilməsini müəyyən etmək üçün hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan paltarlar və hadisə vaxtı istifadə olunan kəsici-deşici alət xüsusi müayinə edilməlidir. (trasoloji və ya kriminalsitik) . İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəməballistik ekspertizasının 15 sentyabr 2021-ci il tarixli 16/873/874 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Həmçinin ekspertiza rəyindən görünür ki, təqdim olunan maykanın üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmiş-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş paltarın üzərindəki zədədə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Bundan başqa ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2021-ci il tarixli 1066 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş maykanın səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin daxilə keçən, ağciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə maykanın səthində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş təkrar məhkəmə-komisyon tibb ekspertizasının 16 sentyabr 2021-ci il tarixli T217/2021 nömrəli rəyində göstərilmişdir ki, vətəndaşı Zərərçəkmiş şəxs döş qəfəsinin daxilə keçən, ağciyərin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası, hemopnevmotoraks olmuşdur. Qeyd edilən xəsarət deşici-kəsici alətin təsirindən törənmiş, bıçaqla yetirilməsi inkar edilmir, qərarda göstərilən vaxtda, yəni xx.xx.2021-ci il tarixdə yarana bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 24 sentyabr 2021-ci il tarixli 4(043)-190/2021 saylı Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə yenidən ittiham elan edilmiş, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş mayka, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd açılıb-qatlanan bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə ŞBPİ-nin anbarına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə saat 23 radələrində Samux rayonunun Ağasıbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı cibindən çıxardığı kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağı ilə əsaslı səbəb olmadan kürək nahiyyəsinə qəsdən bir dəfə vuraraq dərəcəsinə görə yetirilən andan insan həyat üçün təhlükəli ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olub döş qəfəsinin daxilə keçən, ağciyərin zədələnməsi ilə müşayət olunan kəsilmiş-deşilmiş yarası, hemopnevmotoraks xəsarətini yetirmişdir. Belə olduğu halda Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayəti kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin məhkəmə iclasında elan edilərək araşdırılmış ibtidai istintaq zamanı verdiyi ifadəsi, həmçinin hazırki iş üzrə zərərçəkmiş şəxs və şahidlərin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, həmçinin iş materiallarında mövcud olan digər sübutlarla müəyyən edilmişdir ki, 23 iyun 2021-ci il tarixdə baş vermiş cinayət hadisəsinə səbəb təqsirləndirilən və zərərçəkmiş şəxsin arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs yumruqla vurması olmuşdur. Bu isə ona dəlalət edir ki, cinayət hadisəsinin baş verməsinin təşəbbüskarı məhz zərərçəkmiş şəxs olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsin əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. «Xuliqanlıq işləri üzrə məhkəmə təctübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, «Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xudiqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur.» Bundan başqa, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 6-cı bəndinin 3-cü hissəsində qeyd olunur ki, «xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.» Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsüf etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə belə hesab edir ki, yuxarıda göstərilən əsaslara görə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalı və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin olunmalıdır Məhkəmə, bu qənaətə gələrkən təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsüf edilməsini Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun tövsiyyələri baxımından da əsaslı və qanuni hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində iki azyaşlı uşağının olması, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, habelə CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində deyilir ki, bu Məcəllənin 59.1.8, 59.1.4, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda cəza təyini zamanı CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərəçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlindən səmimi peşman olmasınını nəzərə alaraq, qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. İşin hallarını-təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür, yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbi qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 24 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş mayka qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd açılıb-qatlanan bıçaq məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməldir. İş üzrə mülki iddia , xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 24 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarına saxlanca verilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş mayka qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd açılıb-qatlanan bıçaq məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar