Məhkəmə qərarları › İş №1(100)-319/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-319/2024

12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-319/2024 12.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları, ədliyyə müşaviri X7 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1994-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəl məhkum olmamış, işləməyən, Xocalı rayonu Cəmilli kəndində qeydiyyatda olmaqla, Goranboy Rayonu Aşağı Ağcakənd kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Goranboy şəhəri ərazisində daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 17 oktyabr 2023-cü il tarixdə saat 14:55-də Goranboy şəhəri, S.Civəzadə küçəsində yerləşən “Oba” marketin yaxınlığında saxlanılaraq Goranboy Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 16:32-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamqla daşıdığı külli miqdar təmiz çəkisi 5,985 qram olan qəhvəyi rəngli kustar üsulla hazrılanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərdi ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin ona məxsus deyil, polis əməkdaşları tərəfindən qanunsuz olaraq üzərinə qoyulmuşdur. Belə ki, saxlanıldığı gün yəni xx.xx.2023-cü ildə polislər onu bir müddət əvvəl polislə hərbçilər arasında kafedə baş vermiş dava-dalaşa görə Tərtər hərbi prokurorluğuna Əhməd adlı dostu ilə gedərkən telefon vasitəsilə zəng edib Goranboy rayon polis şöbəsinə çağırmışlar. Goranboy rayon Polis Şöbəsinə gedərək onu çağıran polis əməkdaşı ilə təxminən 10-15 dəqiqə otaqların birində polis əməkdaşı ilə söhbət edib baş vermiş davadan məlumatı olmadığını demiş, həmin vaxt yanlarından keçən Goranboy RPŞ rəisinin götərişi ilə şöbədən buraxılmış, həmin polis əməkdaşı ona gedə biləcəyini demiş, qapıdan çıxıb azca aralanandan sonra Daxili İşlər Nazirliyi BMCMİ-nin polis əməkdaşları təkrar gəlib onu tutaraq yenidən Goranboy rayon Polis Şöbəsinə aparmışlar. Bu dəfə isə qarşısına narkotik vasitə qoyub götürməyi demiş, əks təqirdə fiziki zorakılıq edəcəklərini demişlər. Onu döyəcəklərindən ehtiyat etdiyi üçün onlarla razılaşmış və sonradan aparılmış videoçəkiliş vaxtı üzərindən aşkar edilən -polislərin özlərinin verdiyi bir büküm narkotik vasitənin guya ona məxsus olmasını və səhər zibilliyin yanından tapdığını etiraf etmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, onu Goranboy rayon polis şöbəsinə Tərtər hərbi prokurorluğuna müstəntiqə ifadə verməyə gedərkən Goranboy RPŞ-dən zəng edib çağırmışlar. Sonradan da saxlanıldıqdan sonra həmin müstəntiq gəlib onun izahatını almışdır. Davaya heç bir aidiyyəti olmasa da, polislərin onu qanunsuz narkotik vasitə ilə yükləməsinin səbəbini bilmir. Əvvəllər narkotik vasitənin “nəşə” növündən istifadə etsə də son dövrlər ümumiyyətlə hansısa narkotik vasitə istifadə etməmişdir. Məhkəmədən günahsız olduğunu ədalətli qərar verilməsini və həbsdən azad olunmasını istəyir. Məhkəmədən fərqli olaraq ibtidai araşdırmanın ilkin dövründə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, təxminən 2 ildir marixuana və “kakos” kimi tanıdığı heroindən istifadə edir. xx.xx.2023-cü ildə səhər saatlarında zibillik olan ərazidə bir ədəd büküm olduğunu görmüş və həmin büküm diqqətini çəkmişdir. Baxdıqda içərisində “kakos” olduğunu bilmiş və istifadə üçün üzərində saxlamışdır. 17 oktyabr 2023-cü ildə Goranboy şəhəri S.Civəzadə küçəsində olarkən ona 4 nəfər mülki geyimli şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını, üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, çıxış yolu olmadığını üçün narkotik vasitə olduğunu demiş və bundan sonra Goranboy rayon polis şöbəsinə aparılmışdır. Şöbədə tutulmuş və vəkil çağırılmışdır. Videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı üzərindəki qanunsuz əşya varsa verməsi təklif edildikdə əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellof bükümü çıxarıb təqdim etmiş, heroin olduğunu bildirmişdir. Həmin büküm qablaşdırılmış möhürlənmiş, şifahi sorğu-sual zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini bir gün əvvəl tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Suallara cavab olaraq, polisə müqavimət göstərmədiyini, kürəyinin yuxarı sağ və sol hissəsində, sağ qolunu dirsək hissəsindəki qaraltı izləri saxlanılmamışdan təxminən 4 (dörd) gün əvvəl idman edərkən aldığını göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, Goranboy rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdar narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş və rəhbərliyə məruzə edildikdən sonra Aqşin barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, əməliyyat müvəkkiləri Şahid3, Şahid2 və təhqiqatçı Orxan Məmmədovla birlikdə həmin gün Bakı şəhərindən Goranboy rayonuna gəlmişlər. xx.xx.2023-cü ildə saat 15 radələrində Aqşinin olduğu yer müəyyən edilmiş və saat 15 radələrində Təqsirləndirilən şəxs saxlanaraq Goranboy rayon polis şöbəsinə gətirilmişdir. Xidməti otaqların birində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış özü və BMCMİ-nin əməkdaşları iştirak etmiş, üzərində qanunsuz saxladığı əşya varsa verməsi təklif edildikdə, Aqşin könüllü olaraq şalvarın cibində saxladığı 1 ədəd bükümü çıxarıb təqdim etmiş, tapdığını bildirmiş və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq İlqar Alahverdiyev göstərdi ki, Aqşinin yaşadığı Goranboy şəhərində Oba marketin yaxınlığında saxlamış, ona qarşı özü və digər əməkdaşlar eləcə də hansısa şəxs tərəfindən heç bir zorakılıq edilməmişdir. Orada olduğu müddətdə də Aqşinə qarşı heçbir fiziki və psixi zorakılıq olmamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni tapdığını və istifadə üçün saxladığını bildirmişdir. Daxil olmuş əməliyyat məlumatı isə narkotik vasitələrin satışı ilə bağlı hissədə təsdiqini tapmamışdır. Yaşadığı evə isə zərurət olmadığından baxış keçirilməmişdir. Saxlanıldığı yeri mübahisələndirməsinin və narkotik vasitənin üzərinə hədə qorxu gəlinərək qoyulmasının səbəbini bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid2 da eyniməzmunlu ifadə verərək Təqsirləndirilən şəxs Goranboy şəhərində Civəzadə küçəsində “Oba” Market yaxınlığında saxladıqlarını, saxlanarkən onlara hər hansı müqavimət göstərmədiyini, Goranboy RPŞ-yə gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etdiklərini və könüllü olaraq saxladığı narkotik vasitəni təqdim edib istifadəsi üçün üzərində gəzdirdiyini bildirdiyini, ona qarşı fiziki və psixi zorakılıq olmadığını, aparılmış videoçəkilişdən sonra Bakı şəhərinə BMCMİ-nə aparılıb MSY-yə təhvil verildiyini göstərdilər. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli raport və həmin tarixli təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Xocalı rayonu Cəmilli kəndində qeydiyyatda olmaqla Goranboy rayonu Aşağı Ağcakənd kəndndə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdar narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, əldə edərək saxlaması və daşıması barədə DİN BMCMİ-nə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün 14:55-də Goranboy şəhəri, S.Civəzadə küçəsində yerləşən “Oba” market yaxınlığında saxlanılmış, saxlanıldığı yerdə üzərinə baxış keçirilməsinə şərait olmadığından prosessual hərəkətlərin aparılması üçün O, Goranboy RPŞ-yə aparılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 15:50-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokol və əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, keçirilmiş istintaq hərəkəti zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümdə nakotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni səhər saatlarında zibilliyin yaxınlığından tapdığını və şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 oktyabr 2023-cü il tarixli 3-16- 16/2-6/5490 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs aşkar olunmuş maddə..” sözləri, soyad və imzalar olan paketddəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,985 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qalıq 5,885 qram. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Nərimanov Rayon Məhkəməsinin 4-(005)-1496/2023 saylı xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(005)-1737/2023 saylı qərarından görünür ki, əməliyyat axtarış tədbirləri Goranboy rayonu ərazisində həyata keçirildiyindən materiallar DİN BMCMİ-nə geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Goranboy rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(045)-72/2023 saylı qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar və materiallar 48 saat müddətində təqdim edilmədiyindən həmin qərarın yoxlanılmasına dair materiallar geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bakı şəhəri 2 №li Psixatriya xəstəxanasından verilmiş 1/5482 №li, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün xəstəxanaya müraciət etməyib. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Respublika Psixatriya Xəstəxanası PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli 14/91 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Xocalı RİHB Cəmilli kənd İƏD-si üzrə nümayəndəlikdən verilən xx.xx.2023-cü il tarixli, 5-51-1/3-2/2/ saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş matreriallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli, 6837 №li rəydən görünür ki, narkoloji tibbi mayinə zamanı Təqsirləndirilən şəxs kannobionid və opioidlərin qəbulu nətcəsində yaranmış asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən 3799/k №li, xx.xx.2023-cü il rəydən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunəsində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannobionid” aşkar edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, 1504 №li məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər hər iki kürək nahiyyəsinin qançırları bərk küt əşya (lar)ın təsirindən müayinədən təxminən 4-6 gün əvvəl əmələ gəlmişdir, zərərçəkmişin göstərdiyi tarixdə və şəraitdə (idman həərkətləri edərkən) əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş əməliyyat tapşırığına verilmiş cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli xidməti yazıdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlamasına dair məlumatlar əldə edilsə də narkotik vasitə heroinin mənbəyinin və tapşırıqda göstərilən digər halları müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən "xxxx" MMC-dən verilən AZF/LGL/6839 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ********** saylı mobil nömrə “Azərfon” şəbəkəsində mpvcud deyil. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi materiallarından aşkar edilmiş heroinin mənbəsi ilə bağlı material ayrılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “maddi sübut hesab edilmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 5,885 qram olan heroin BMCMİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. İş materiallarında olan BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli raport və “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdar narkotik vasitə və psixotrop maddə əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və onun saxlanılması barədə qərar qəbul edilmişdir. İş üzrə ibtidai araşdırmanın aparıldığı bütün dövrdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən və üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində, eləcə də istintaq hərərkətlərinin aparıldığı videoçəkilişdə üzərindən aşkar edilən narkotik vasitə olan heroini yerdən tapdığını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, heçkimə satmadığını və vermədiyini göstərmişdir. Şahid qismində dindirilmiş əməliyyat məlumatının daxil olduğu BMCMİ-nin baş əməliyyat müvəkkililəri də ibtidai istintaq, həm də məhkəmədə verdiyi ifadələrdə göstərdilər ki, əməliyyat məlumatı təqsirləndirilən şəxsin qanunsuz olaraq narkotik vasitə dövriyyəsi barədə olsa da Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədilə əldə etməsi və ya satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavabda isə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, satdığı şəxslərin dairəsini və heroini həqiqətən haradan əldə etməsinin müəyyən edilmədiyi göstərilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının müvafiq rəyində isə Təqsirləndirilən şəxs narkotik vasitələrdən sui istifadə etməsi və narkomaniya xəstəliyindən əziyyət çəkməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanının gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi, sövdələşməsi, alıcı(lar) ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar, narkotik vasitə və psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq narkotik vasitəni və psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu sair hərəkətlər) hallara dair heçbir sübut əldə edə və satışla bağlı hissədə təqsirini sübuta yetirə bilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz əldə edib saxlaması və daşımasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq olması və hər hansı digər halla təsdiq olunmayan barəsindəki əməliyyat məlumatı əsas götürülmüşdür. Məhkəmə qeyd edir ki, cinayət işi materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edən heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyil. Belə ki, cinayət işi materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Belə halda cinayət işində olan məktub və raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. İttiham tərəfindən Təqsirləndirilən şəxs satış məqsədini təsdiq edən yeganə hal kimi göstərilən isə narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması və bir neçə bükümdə olmasıdır ki, buna münasibətdə məhkəmə qeyd edir ki, istintaq orqanı yalnız bir bükümdə olduğuna, narkomaniya xəstəliyindən əziyyət çəkməsinə və onun satış məqsədini təsdiq edən digər mötəbər sübut(lar) olmamasına diqqət yetirilməmişdir. Buna da Təqsirləndirilən şəxs küllli miqdar narkotik vasitənin satışı ilə məşğul olması kimi qiymət verilməsi məntiqi, qanuni, ədalətli, məntiqi və ağlabatan deyil və bu şəxsin narkotik vasitə satışını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə, istintaq nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə çəkisinin şəxsi istehlak miqdarından artıq çəkidə olması, onun narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayətprosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması....- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yolla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, İ siyahıya əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda göstərilən sübutlarla yanaşı, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibi əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi üzərindən aşkar edilmiş heroinin ona məxsus olmaması, xx.xx.2023-cü ildə Tərtər hərbi prokurorluğuna gedərkən yanınd olduğu dostu vasitəsilə zəng edilib Goranboy RPŞ-yə getməsi, orada 10-15 dəqiqə olub polis əməkdaşları ilə dəqiqləşmə aparıldıqdan sonra rəisin göstərişi ilə Polis Şöbəsindən buraxıldıqdan qısa müddət sonras şöbədən 20-30 metr məsafədə təkrar BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılıb Goranboy RPŞ-yə qaytarılması qarşısına narkotik vasitə qoyulduğunu, götürməyəcəyi təqdirdə fiziki zorakılığa məruz qalması ilə hədələnməsinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, həmin hallar Təqsirləndirilən şəxs özünün ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində ilkin olaraq verdiyi tam etirafedici ifadələri, şahid ifadələri, eləcə də cinayət işi materiallarında olan və məhkəmə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol, həmin istintaq hərəkətinin qeydə alındığı videoçəkiliş, iş üzrə təyin edilmiş məhkəmə narkoloji və kimyəvi ekspertiza rəyləri və cinayət işinin digər faktiki halları ilə inkar edilmiş, öz ifadəsindən başqa digər hər hansı mötəbər sübutla təsdiqini tapmamışdır. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından həqiqətəuyğun olmayan hesab edir, həmin hissədə sübut kimi qəbul etmir və gəldiyi nəticəni aşağıda qeyd edilən sübutların təhlili ilə əsaslandırır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə şübhəli şəxs qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, vəkil -müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuş, prosessual hərəkətlər isə videoçəkilişlə həyata keçirilmişdir. Həmin videoçəkilişə məhkəmədə baxış zamanı Təqsirləndirilən şəxs bədən səthi üzərində gözlə görünən hər hansı xəsarət, yaxud xəsarət izi, həmin vaxt edilən psixi və fiziki təzyiqə görə qeyri-adi psixi-emosional halda olduğunu göstərən, həmçinin digər adekvat olmayan hal(lar) müəyyən edilməmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi heroinin ona məxsus olmasını bildirmiş, videoçəkilişdə kifayət qədər imkana malik olmasına baxmayaraq, istintaq hərəkətlərinə və orada iştirak edən şəxslərə etirazını bildirməmiş, müdafiəçi tərəfindən ona qarşı hansısa zorakılıq olub-olmaması, təqdim etdiyi narkotik vasitəyə bənzər kütlənin ona məxsus olubolmaması soruşulmuş, O, isə etiraz etməyib bükümün özünə məxsus olduğunu demişdir. Məhkəmə təqsirləndirilən şəxsin və müdafiə tərəfinin təqsirsizliyinə dəlil olaraq göstərdiyi xx.xx.2024-cü ildə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni ititham elan edildikdən sonra tərtib edilmiş sənədlərə imza etməməsinə münasibətdə qeyd edir ki, tərtib edilmiş prosessual sənədləri imza etməmək və sənəd və qərarları qəbul etməmək qanunvericiliyin təqsirləndirilən (şübhəli) şəxsə verdiyi hüquqlardan biri olaraq özünü ifşa etməmək yaxud özünü ifşaeetməkdə müstəqillik hüququnun həyata keçirilməsinin əsas təminatlarından biridir. Məhkəmənin qənaətinə görə təqsirləndirilən(şübhəli) şəxsin tərtib edilmiş sənədlərə imza etməməsi müxtəlif (ittiham olunduğu maddə(lərlə) razı olmamaq, hərəkətlərə və qəbul edilən qərarlara etiraz etmək və sair) səbəblərdən ola bilər ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs prosessual sənədlərə imza etməməsi müstəntiq tərəfindən onun verilmiş ittihamla razı olmaması kimi qeyd edilmiş və istintaq hərəkətindən iştirak edən müdafiəçi tərəfindən imzalanmamışdır. Beləliklə məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə də, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan naməlum çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 17 oktyabr 2023-cü il tarixdə saat 14:55-də Goranboy şəhərində saxlanılaraq Goranboy Rayon Polis Şöbəsinə gətirilmiş, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli parça şalvarının sol yan cibindən 01 ədəd bükümdə ümumi təmiz çəkisi 5,985 qram olan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.-1-ci maddəsinə əsasən satış məqsədi olmadan külli miqdar narkotik vasitələri......qanunsuz olaraq əldə etmə, saxlama, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2, 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, onun islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması yolu ilə təqsiri sübuta yetirilmiş maddənin sanksiyasında olan cəza müddəti daxilində mümkündür. Azərbayan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal(lar) müəyyən edilməmişdir. Azərbayan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və əvvəllər cinayət törətməməsi cəzasının yüngülləşdirən hallardır. Törətdiyi əməlin xarakteri və ictimai təhlükəliliyi, aşkar edilən narkotik vasitənin miqdarı cəzasını yüngülləşdirən halalrın olması və ağırlaşdıran halların olmamaması təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs törətdiyi əməlin maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı hədd cəza təyin edilməsini mümkün etmişdir. Məhkəmə narkoloji ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olaraq DİN-nin BMCMİ-nin saxlanc anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkilsi 5,885 qram olan heroin məhv edilməli, və şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoçəkilişin əks olunduğu 1 ədəd “DVD” disk və telefon danışlqaırna dair məlumatar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və O, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq DİN-nin BMCMİ-nin saxlanc anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 5,885 qram olan heroin məhv edilsin istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülər olan 1 ədəd “DVD” disk və teelfon danışaılqrına dair məlumatlar olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar