Məhkəmə qərarları › İş №1(100)-32/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-32/2022

06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-32/2022 06.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Natiq Mürsəl oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu (məruzəçi hakim) və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X2 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi Şahid2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 4 avqust 1959-cu il tarixdə Tərtər rayonunun, Borsunlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “X4” MMCnin direktoru işləmiş, əvvəllər məhkum olunmuş (Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1ci maddələri və Cinayət Məcəlləsinin (31.05.2007-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 5 (beş) il sınaq müddəti ilə şərti hesab edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 6 iyul 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 313-cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, qəti olaraq 1 (bir) il müddətə dövlət yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il 4 (dörd) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, üzərində qəti olaraq, 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 65-ci maddəsinə əsasən, üzərində qəti olaraq, 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək CMin 66.5-ci maddəsinə əsasən, üzərində qəti olaraq, 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 24.12.2021-ci tarixli qərarı ilə həmin hökm Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmışdır, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.5-ci maddəsinə əsasən, üzərində qəti olaraq, 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28.04.2022-ci tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən saxlanılmış və məhkumluğu ödənilməmiş, Tərtər rayonunun, Borsunlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 3 sentyabr 2012-ci il tarixdə təsis etdiyi (VÖEN **********), sahibliyində, istifadəsində və mülkiyyətində hər hansı əmlakı mövcud olmayan “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin avqust ayının ortalarında mənzil almaq üçün özünə müraciət edən Şahid2 və anası Zərərçəkmiş şəxs Sumqayıt şəhərində dəniz sahilində tikilməkdə olan hündür mərtəbəli yaşayış binasının rəhbəri olduğu Cəmiyyət tərəfindən tikilməsinə inandırıb göstərdiyi binanın 1-ci giriş, 3-cü mərtəbəsindəki 3 otaqlı, 112 m2 sahəsi olan 18 nömrəli mənzili Zərərçəkmiş şəxs 78.400 (yetmiş səkkiz min dörd yüz) manata satacağını yalandan vəd verib, həmin adla 25.08.2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən kafedə Şahid2lə görüşüb 78.400 (yetmiş səkkiz min dörd yüz) manat məbləğində pul vəsaitini nağd qaydada ondan aldıqdan sonra ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsindəki 3 otaqlı, 112 m2 sahəsi olan 18 nömrəli mənzilin Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsi ilə bağlı məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - 25.08.2018-ci il tarixli 36 nörməli alqı-satqı müqaviləsini və mənzilin dəyərinin ödənilməsi, mənzilə görə sonuncunun borcunun qalmamasına dair həmin tarixli və nömrəli maliyyə arayışını həmin gün Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən kafedə tərtib edib, imzası və rəhbərlik etdiyi Cəmiyyətin dairəvi möhürü ilə təsdiq edərək Şahid2 verməklə tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmiş, bundan sonra eyni niyyətlə 11 sentyabr 2018-ci il tarixdə vergilərin ödənilməsi adı ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən poçt vasitəsilə 500 (beş yüz) manat məbləğində pul vəsaitini özünə göndərməsinə nail olub həmin vəsaiti 11 sentyabr 2018-ci il tarixdə Bərdə rayonunda yerləşən poçtda götürməklə, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 78.900 (yetmiş səkkiz min doqquz yüz) manat məbləğində pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2012-ci ildə öz adına “X4” MMC təsis etmiş və direktoru olmuşdur. Hazırda fəaliyyət dayanmışdır. Şirkət olaraq tikinti işlərini həyata keçirmişlər. Belə ki, 2006-cı ildə sifarişçi fiziki şəxs Şakir Hüseynov ilə onun həmin vaxt direktoru olduğu “Qarabağ Sudan istifadə edənlər Assosasiyası” arasında podrat müqaviləsi bağlanaraq Sumqayıt şəhərində binalar tikib vətəndaşlara satmışlar. Bakı Ağır Cinayətlər məhkəməsinin 25.06.2009-cu il tarixli 1(101)- 76/09 nömrəli hökmü ilə 178.3.1, 178.3.2, 308.2, 306.2, 213.1,213.4-cü maddələri ilə təqsirli bilinərək 70-ci maddə tətbiq edilməklə 5 il sınaq müddəti ilə 9 il AME cəzası şərti hesab edilmişdir. Həmin hökmdə onun, eləcə də digər təqsirləndirilən şəxslərin üzərinə vəzifə qoyulmuşdur ki, Bakı və Sumqayıt şəhərlərində bina tikib zərərçəkmiş şəxsləri mənzillərlə təmin edilsin. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 20.11.2009-cu il tarixli hökmü ilə Şakir Hüseynov həbs edilmişdir. Bundan sonra Şakirin vəzifələrini o, icra etməyə başlamışdır. O, azadlığa çıxdıqdan sonra əvvəl tikilməkdə olan binaları bərpa etməyə başlamışdır. Mütəmadi olaraq tikinti-quraşdırma işlərini aparmışlar. Həmin tikinti işlərini həyata keçirmək üçün də 2012-ci ildə “X4” MMC-ni təsis etmişdir. Zərərçəkmiş şəxs oğlu Arifi onunla telefon vasitəsilə Şahid3 tanış etmişdir. Ülviyyə ona demişdir ki, Mariya onlara pul ödəyəcək. Belə ki, Mariya mənzil almaq istəyirmiş. O da razılaşmışdır ki, pulu alıb binanın tikintisini başa çatdırar. Sonra Mariya da həmin binada mənzillə təmin edilər. Təxminən 2018-ci ilin avqust ayında Mariyanın oğlu Ariflə 20 yanvar metrostansiyasının çıxışında görüşmüş, həmin vaxt Arif ona tikdiyi binadan mənzil almaq istədiyini bildirmişdir. O da Ariflə razılaşmışdır. O, Arifə icraçı-payçı müqaviləsi yazmış, eləcə də maliyyə arayışı vermişdir. Mariya həmin vaxt orada olmamışdır. Həmin vaxt Arif ona pul verməmişdir. Təxminən 20 gün sonra o, Mariyaya, o cümlədən Arifə zəng vurub vergi məsələləri ilə bağlı ödəniş etməli olduğunu demiş, sonuncular da ona poçt vasitəsilə Bərdə rayonuna 500 manat pul göndərmişlər. Mariya və Şahid2lərdən cəmi vergi məsələləri ilə bağlı 500 manat pul almışdır. Məhkəmə onun üzərinə çoxmərtəbəli mənzillər tikib payçılara təhvil vermək vəzifəsi qoyduğuna görə o, şirkətin adından payçılarla müqavilə bağlayıb müvafiq arayışlar vermişdir. Tikiləcək binada başqa artıq mənzillər olduğuna görə o, başqa payçılarla da müqavilə bağlayıb yığılan pullarla binanın tikintisini başa çatdırmağı fikirləşmişdir. Satılacaq mənzilin girov təminatı ilə müqavilə bağlandığına görə həmin məzmunda qeydlər daxil etməklə müqavilələri təqdim etmişdir. Şahid3 adlı şəxslə birlikdə iş görürmüşlər. Belə ki, Ülviyyə onlara menecerlik edərək mənzillərin alqı-satqısına və müştərilərin tapılmasına köməklik etmişdir. Mariya və Arifi də onunla Ülviyyə tanış etmişdir. Arifin istəyi ilə o, Arifə əvvəlcə Sumqayıt şəhərində Sülh prospektində dəniz qırağında Ülviyyəgilin şirkəti tərəfindən tikilməkdə olan başqa binanı göstərmişdir. Sonradan onun faktiki tikdiyi Sülh prospekti 22 ünvanında yerləşən binaya nəzərən müqaviləni bağlamışdır. Bu barədə Arifin özünə də demiş, hər iki binanı göstərmiş, Arif də onunla razılaşmışdır. O, Ülviyyəgillə iş birliyi qurduğuna görə fikirləşdir ki, binaları tam tikib başa çatdırdıqdan sonra payçılara satsınlar. Bu səbəbdən o, öz tikdiyi binada olan mənzilə nəzərən müqavilə bağlamışdır.Onun Arifə müqavilə və maliyyə arayışını verməkdə məqsədi koreya şirkətinə dövriyyəsinin olmasını göstərməkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2018-ci ilin avqust ayında oğlu Arif ona Telman adlı şəxslə tanış olduğunu, həmin şəxsin Sumqayıt şəhərində çoxmərtəbəli bina tikdiyini və həmin binadan ev almağı təklif etdiyini bildirmişdir. Bundan sonra oğlu ilə birlikdə həmin binanın yerləşdiyi yerə gedib baxmış və həmin yeri bəyənməyər, evi almaq qərarına gəlmişlər. Eyni zamanda Telman adlı şəxslə telefon vasitəsilə danışmışdır. Həmin vaxt evə baxan zaman bina tam tikilməmiş vəziyyətdə olmuş, eləcə də tikinti işləri dayandırılmışdır. X5 tikintinin dayandırılmasının səbəbini soruşduqda Telman oğluna təxminən 1 həftəyə xarici şirkətlə müqavilə bağlanılacağını, həmin şirkətin tikintini davam etdirəcəyini demişdir. Təxminən 10 gün sonra oğlu ilə birlikdə həmin yerə gedib yenidən baxan zaman binada tikinti işlərinin davam etdirildiyi onlara məlum olmuşdur. Bu səbəbdən onlar Telmana inanaraq həmin binada ev almaq qərarına gəlmişlər. Belə ki, mənzilin qiymətinin 1 m2 üçün 700 manat olduğu bildirilmişdir. Onların almaq istədiyi mənzil də 112 m2 olduğundan ümumilikdə 78.400 manat pul etmişdir. Bundan sonra onlar yenidən həmin binaya baxaraq Telmanın mobil nömrəsinə zəng edərək tikilməkdə olan binadan mənzil almaq istədiklərini bildirmişlər. Telman isə həmin vaxt Bərdə rayonunda olduğunu, 2 günə Bakı şəhərinə gələcəyini, 20 yanvar metrostansiyası tərəfdə görüşərək müqavilə gətirib imzalayacağını demişdir. 25.08.2018-ci il tarixdə o, oğlu Ariflə birlikdə 20 yanvar metrostansiyasının yaxınlığına gedərək Telmanla görüşmüşlər. Həmin vaxt o, avtomobildə gözləmiş və oğlu Arif maşından düşərək Telmanla bir çayxanada görüşüb sənədləşmə işlərini danışmışlar. Təxminən 10-15 dəqiqə sonra oğlu avtomobilə qayıtmış və ona bir neçə sənəd təqdim edərək həmin sənədləri imzalamalı olduğunu demişdir. O, sənədlərə baxdıqda həmin sənədlərdən birinin alqı-satqı müqaviləsi, digərinin isə maliyyə arayışı olduğunu görmüşdür. O, alqı-satqı müqaviləsini imzalamış, maliyyə arayışını və müqaviləni götürmüşdür. Həmin vaxt müqavilədə hüquqi şəxsin VÖEN nömrəsi (**********) olan “X4” MMC olduğunu bilmişdir. Maliyyə arayışı 25 avqust 2018-ci il tarixli 36 nömrəli olmuşdur. Həmin şirkət barədə heç bir məlumatı olmamışdır. Bundan sonra 78.400 manat məbləğində pul vəsaitini oğluna vermiş və oğlu da pulu aparıb Telmana əlbəəl nağd qaydada vermişdir. 11.09.2018-ci il tarixdə Telman ona zəng vuraraq Yevlax şəhərində olduğunu, aldıqları ev üçün 500 manat vergiyə pul köçürməli olduğunu bildirmişdir. O da evin yaxınlığında yerləşən poçt vasitəsilə 500 manat pulu Telmanın adına göndərmişdir. Bundan sonra oğlu Arif bir neçə dəfə Telmanın onlara satdığı mənzilə gedib baxmış və həmişə mənzilləri olan binada tikinti işlərinin getdiyini görmüşdür. Təxminən 1 il sonra oğlu ona bildirmişdir ki, həmin binada tikinti işləri sona çatmış və ailələr mənzillərə yerləşir. Bundan sonra onlar da evlərində tikinti işlərini aparmaq qərarına gəlmişlər. Təxminən 2019-cu ilin sonlarında oğlu gəlib ona mənzilə getmək istəyərkən binaya buraxılmadığını, həmin binanın tikintisini “X4” MMC tərəfindən aparılmadığını bildirilməsini demişdir. Həmin vaxt öyrənmişlər ki, müqavilədə göstərilən ünvan səhv ünvandır və həmin bina başqa səmtdə yerləşir. Oğlu Arif də müqavilədə yazılan ünvana getmiş və orada oğluna bildirmişlər ki, Telman adlı şəxs həmin binada iş icraçısı kimi işləmiş, binada öz adından saxta sənədlər düzəldərək mənzilləri bir neçə şəxsə sataraq dələduzluq etmişdir. Bu səbəbdən də onun barəsində cinayət işi başlanmış və hazırda həbsdədir. Bundan sonra onlar aldadıldıqlarını başa düşmüşlər. Telman da tutulduğuna görə ümidlərini kəsilmişdir. Fikirləşmişlər ki, Telman həbsdən çıxandan sonra pullarını tələb edərlər. Bütün bunlara və ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməməsinə baxmayaraq o, Təqsirləndirilən şəxsla barışmışdır. Məhkəmə iclasında ilkin olaraq şahid qismində daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Şahid2 mərhum Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərilənləri özünə adi hissədə təsdiq etdi və Təqsirləndirilən şəxsla barışdığını, lakin pulun Təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, atası Şakir Hüseynov mühəndis olmuş və uzun müddət bina tikintisi ilə məşğul olmuşdur. 2007ci ildə atası barəsində cinayət işi başlanmış və həbs edilmişdir. 2016-cı ildə atası cəzaçəkmə müəssisəsində cəza çəkərkən vəfat etmişdir. Bundan sonra atasının vərəsəsi kimi işləri o aparmışdır. Belə ki, atasının işi gedən zaman məhkəmə tərəfindən zərərçəkmiş şəxslərin mənzillə təmin olunması vəzifəsi qoyulmuşdur ki, vərəsə kimi həmin vəzifəni hal-hazırda o həyata keçirməkdədir. Təqsirləndirilən şəxs atasının işçisi olmuşdur. Atası həbs ediləndə onunla bərabər bir neçə işçisi, o cümlədən Telman da tutulmuşdur. Sonradan məhkəmə hökmü ilə Telman şərti olaraq azadlığa buraxılsa da atası həbsdə qalmışdır. Telman həbsdən azad olunduqdan sonra ümumiyyətlə onların işçiləri kimi fəaliyyət göstərməmiş, eləcə də onlarla müttəfiqlik etməmişdir. O, sonradan eşitdiyinə görə, “X4” MMC yaradaraq Bakı və Sumqayıt şəhərlərində saxta alqı-satqı müqavilələri, eləcə də maliyyə arayışları tərtib edərək, onlara guya ev satmaq adı ilə aldadıb külli miqdarda pullarını dələduzluqla ələ keçirmişdir. Mariya və Şahid2ləri tanımır. Onlarla bilavasitə, eləcə də 3-cü şəxs vasitəsilə heç bir əlaqəsi və münasibəti olmamışdır. Mariya onunla heç bir müqavilə bağlamayıb, həmçinin atasının tikdiyi binalardan hər hansı mənzili alması ilə bağlı aralarında heç bir razılaşma, şifahi sövdələşmə olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs adına verilmiş alqı-satqı müqaviləsi və maliyyə arayışının atasının tikdiyi binalara heç bir aidiyyəti yoxdur.Təqsirləndirilən şəxs öz adına təsis etdiyi “X4” MMC adlanan hüquqi şəxsin adından saxta müqavilə və maliyyə arayışları tərtib etməklə, Sumqayıt şəhərində yerləşən müxtəlif ünvanları qeyd edərək, vətəndaşları aldadıb guya onlara mənzil satacağını bildirmişdir. Bununla da həmin vətəndaşların pullarını ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 30 avqust 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə isə cəzası 6 ay azaldılaraq 6 il 6 ay müddətinə cəza təyin olunmuşdur. Hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməkdədir. Təqsirləndirilən şəxs təxminən 3 ilə yaxındır ki, tanıyır, onunla tanışı Məhəmməd Qafarov vasitəsilə tanış olmuşdur. Telmanla münasibəti yaxşı olmuş, heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Zərərçəkmiş şəxs uşaq həkimi olduğu üçün ona müraciət edən zaman tanışlığı yaranmışdır. Telmanla Mariya arasında baş verən məsələdən xəbəri yoxdur. Şahid3 həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Telmanla tanış etməmişdir. Mariya Sumqayıt şəhərində ev axtardığını bildirdiyindən söhbət əsnasında Sumqayıt şəhərində evlər satılmasını deməsini ehtimal edir. X3 vasitəsilə ev almasından xəbəri olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 25 avqust 2018-ci il tarixli 36 saylı icraçı-payçı müqaviləsindən görünür ki, icraçı “X4” MMC-nin direktoru Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 3-cü mərtəbəsində ümumi sahəsi 112 m2 olan 3 otaqlı 18 nömrəli mənzili payçı Zərərçəkmiş şəxs 78.400 (yetmiş səkkiz min dörd yüz) manata satmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 25 avqust 2018-ci il tarixli 36 saylı maliyyə arayışından görünür ki, Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış evinin 1-ci blok, 3-cü mərtəbəsində ümumi sahəsi 112 m2 olan 3 otaqlı 18 nömrəli mənzilin dəyərini tam şəkildə ödəmiş və həmin mənzilə görə borcu qalmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 11 sentyabr 2018-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, Zərərçəkmiş şəxs 11.09.2018-ci il tarixdə poçt vasitəsilə Təqsirləndirilən şəxs 500 manat məbləğində pul göndərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 03.09.2012ci il tarixli şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs rəhbərlik etdiyi “X4” Məhdud Məsuliyyətli Cəmiyyət **********(VÖEN) saylı nömrəli 11 saylı ərazi vergi dairəsindən qeydiyyatdan keçmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təsdiq edilmiş 03 sentyabr 2012-ci il tarixli Nizamnamədən görünür ki, Təqsirləndirilən şəxs rəhbərlik etdiyi “X4” Məhdud Məsuliyyətli Cəmiyyət həmin nizamnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs hüquqi varisi Şahid2 ərizəsindən görünür ki, o, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 16 fevral 2021-ci il tarixli “sübutların qiymətləndirilənməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 25.08.2018-ci il tarixli 36 nömrəli alqı-satqı müqaviləsi, maliyyə arayışı və 11 sentybar 2018-ci io tarixli mədaxil qəbzi maddi sübut kimi tanınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə icraçı-payçı müqaviləsi versə də, bunun qarşılığında hər hansı məbləğdə pul almadığını, yalnız zərərçəkmiş şəxsin vergi məsələlərinin həlli məqsədilə poçt vasitəsilə Bərdə rayonuna göndərmiş olduğu 500 manat pul vəsaitini almasına dair məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməsi məhkəmə istintaqı zamanı özünün verdiyi qismən etirafedici ifadəsi (CM-nin 178.3.2-ci maddəsinə münasibətdə) ilə yanaşı, iş üzrə dindirilmiş zərərəçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə həmin mövqeyə gəlməyini “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarında göstərilən hüquqi mövqeyə əsasən də düzgün hesab edir. Belə ki, həmin qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkəti protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri baş vermiş, cinayət hadisələri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o təqsirlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin, habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinin tələbinə əsasən məhkəmə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə özünü təqsirli bilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyi gündən 2 il keçdiyinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini və təqsirləndirilən şəxsin həmin maddə ilə özünü təqsirli bilməməsini nəzərə alaraq, ona cəza təyin etməməklə barəsində ittiham hökmü çıxarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə cinayət məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməsə də, Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 306.2, 308.2, 213.1-ci maddələri və Cinayət Məcəlləsinin (31.05.2007-ci il tarixədək qüvvədə olmuş) 213.4-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CMin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 5 (beş) il sınaq müddəti ilə şərti hesab edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 6 iyul 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 313cü maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, qəti olaraq 1 (bir) il müddətə dövlət yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 (doqquz) il 4 (dörd) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, üzərində qəti olaraq, 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 65-ci maddəsinə əsasən, üzərində qəti olaraq, 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.5-ci maddəsinə əsasən, üzərində qəti olaraq, 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək CM-in 66.5-ci maddəsinə əsasən, üzərində qəti olaraq, 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivi sayılır. Təqsirləndirilən şəxs (Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 iyun 2009-cu il tarixli hökmünə və Sumqayıt Şəhər Məhkəməsinin 6 iyul 2017-ci il tarixli hökmünə əsasən) ağır cinayət törətməyə görə , həmçinin qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs olduğundan, məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətmiş və bununla cinayətin təhlükəli residivini yaratmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin müddəalarına əsasən hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 11 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, həmçinin cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini öz qulluq mövqeyindən istifadə edərək törətdiyindən, məhkəmə kollegiyası həmin maddə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə yanaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın da təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idaretmə hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, habelə cərimə və ya əmlak müsadirəsi növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 20 oktyabr 2018-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edərək zərərçəkmiş şəxsə mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan 25 avqust 2018-ci il tarixli, 36 nömrəli alqı-satqı müqaviləsi, maliyyə arayışı, 11 sentyabr 2018-ci il tarixli mədaxil qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 64 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. İş üzrə, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs həmin maddə ilə cəza təyin edilməsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında, ictimai birliklərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin və cəzanın icrası onun yaşadığı yer üzrə Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsin hüquqi varisi Şahid2 Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah edilsin. İş üzrə maddi sübut olan 25 avqust 2018-ci il tarixli, 36 nömrəli alqı-satqı müqaviləsi, maliyyə arayışı, 11 sentyabr 2018-ci il tarixli mədaxil qəbzi cinayət işinin materiallarında saxlanılsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 384 (üç yüz səksən dörd) manat məbləğində pul köçürülsün. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar