Məhkəmə qərarları › İş №1(100)-32/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-32/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-32/2025 19.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Müslümov Bəhruz Filizman oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, ailəli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Gəncə şəhəri 2 saylı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təkrar satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda yəni, təmiz çəkisi 2.488 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlamış, 16 avqust 2021-ci tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 20:30 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yaxınlığında məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi külli miqdarda yəni, təmiz çəkisi 2.488 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxlayaraq daşıyarkən saxlanılmış və Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin inzibati binasına gətirilmiş, həmin şöbədə onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 1 ədəd sellofan torbacıqda təmiz çəkisi 2.488 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 99,562 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib daşıyaraq saxlamış, 06 fevral 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında həmin əçəkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 20:30 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən 5 saylı tam orta məktəbin arxa hissəsində, Vaqif küçəsində məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi külli miqdarda yəni, təmiz çəkisi 99,562 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan iç cibində saxlayaraq daşıyarkən saxlanılıb Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin inzibati binasına gətirilmiş, həmin bölmədə onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan iç cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı 1 ədəd qara rəngli polietilen kəsiyi bükümündə, təmiz çəkisi 99,562 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, birinci işində onu evindən aparmışlar. Narkotik vasitə ona aid olmamış, onun cibinə qoyulmuş və rəsmləşdirilmə zamanı o, ifadəsində 2018-ci ildə narkotik vasitəni Gəncə çayından tapdığını demişdir. O, 2020-ci ildə tutulmuşdur. O, dizdən yuxarı şortikdə, qolu gödək maykada şəhərdə gəzdiyi zaman polis əməkdaşları tərəfindən tutulmuşdur. Polis əməkdaşları 4-5 nəfər olmuş və polis əməkdaşları tərəfindən regional şöbəyə aparılmışdır. O, regional şöbədə 10 gün saxlanılmış, sonra isə ona CM-nin 234.1-ci maddəsilə ittiham verilərək azad buraxmışlar. Aradan bir müddət keçdikdən sonra o, Kəpəz rayonun polis əməkdaşları tərəfindən tutulmuşdur. Onun üzərində heçnə olmamış, polis əməkdaşları onu apararaq üzərinə narkotik vasitə olan 100 qram tiryək“qara” qoymuşlar. O, həmin narkotik vasitədən ümumiyyətlə istifadə etməmişdir. Daha sonra ona CM-nin 234.1-ci maddəsi ilə cinayət işi açılmış və son olaraq CM-nin 234.4.3-cü maddəsi əlavə olunmuşdur. O, məhkəmədə əvvəl verdiyi ifadələri təsdiq edir. Ona fiziki təzyiq göstərdiyi üçün o, videoçəkilişdə üzərinə narkotik vasitə qoyulduğunu deyə bilməmişdir. O, polis əməkdaşlarının fiziki təzyiqi nəticəsində xəsarət almış və ayağı işləməmişdir. O, ilk işində prokurorluqda aldığı xəsarəti gösətərdiyindən buraxılmışdır. O, ikinci işində əvvəlki gününə düşməmək üçün etiraz etməmişdir. Ona 1-ci epizodda təzyiq olunmuş, 2-ci epizodda isə təzyiq olunmamış, xəsarət yetiriləcəyindən qorxduğundan istintiaq zamanı etirafedici ifadələr vermişdir. Bu səbəbdən istintaq zamanı verdiyi ifadələri təsdiq etmir, məhəkəmədə verdiyi ifadələri təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayında Elşən adlı şəxsin narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı onun tərəfindən yoxlanılmışdır. Əməliyyat qrupu yaradılmış və müvafiq tədbirlər həyata keçirilmişdir. Onlar təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra yeri təyin edilmiş və Elşən axşamüstü saxlanılmışdır. Onlar özlərini təqdim etdikdən sonra təqsirləndirilən şəxsin barəsində verilmiş qərarı təqdim etmişdir. Təqsirləndirilən şəxsə nə ilə bağlı şübhəli olduğu bildirilmiş, onlarla birlikdə Baş Narkotiklə Mübarizə idarəsinin Qərb bölgəsindəki Regional şöbəsinə getməli olduğunun zəruri olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs onlara etiraz etmədən, onlarla birlikdə şöbəyə gəlmiş, təqsirləndirilən şəxsin müdafiə hüququ təmin edildikdən sonra üzərində videoçəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl təqsirləndirilən şəxsə üzərində hər hansısa narkotik vasitə, psixotrop maddə və ya digər qanunsuz əşyalar varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlini şalvarının cibinə ataraq üzərində narkotik vasitə heroin olduğunu bildirmiş və üzərindəki narkotik vasitəni onlara könüllü şəkildə təqdim etmişdir. Həmin kütlə dərhal videoçəkilişlə müvafiq qaydada qablaşdırılmış, ekspertizaya verilməsi üçün götürülmüşdür. O, bildirmişdir ki, ekspertizadada həmin kütlənin heroin olması öz əksini bir daha tapmışdır. Daha sonra toplanmış matrial təqsirləndirilən şəxslə birlikdə istintaqa təqdim edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatı şəxsin narkotik vasitələri üzərində gəzdirməsi və istifadəsi ilə bağlı olmuşdur. Əməliyyat qrupu yaradılmış və onlar təqsirləndirilən şəxsin yaşadığı yerə getmişlər. Həmin vaxt təqsirləndirilən şəxs küçədə olmuşdur. Onlar təqsirləndirilən şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncunu DİN-nin NMİ-nin Qərb bölgəsindəki regional şöbəsinə dəvət etmişlər, təqsirləndirilən şəxs də etiraz etməmişdir. Təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Səhv etmirsə təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirərkən üzərindən kakos çıxmışdır. Təqsirləndirilən şəxs onlara narkotik vasitəni çayın qırağından tapdığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Əyyub oğlu ifadəsində göstərmişdir ki, hadisə 2022-ci ildə baş vermişdir. Tam tarix onun yadından çıxmışdır. O, bir dəfə də məhəkəmədə ifadə vermiş və verdiyi ifadələri təsdiq etmişdir. Onlar təqsirləndirilən şəxsi 5 nömrəli məktəbin yaxınlığında saxlamış, Kəpəz polis bölməsinə aparmışlar. O, səhv etmirsə təqsirləndirilən şəxsin üzərindən tiryək aşkarlanmış, çəkisi onun yadından çıxmışdır. Məlumat ona daxil olmuşdur. Daxil olmuş məlumat narkotik vasitələrin alqısatqısı və istifadəsi ilə bağlı olmuşdur.Təqsirləndirilən şəxs saxlanıldıqda heç bir tabesizlik göstərməmişdir. Məlumat alqı-satqı ilə bağlı olmuş, ancaq təqsirləndirilən şəxs narkotik vasitəni çayın qırağından tapdığını demiş və özünə məxsus olduğunu demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Elşən adlı şəxsin üzərində narkotik vasitə saxlaması ilə bağlı məlumat daxil olmuşdur. Onlar, təqsirləndirilən şəxsi 5 nömrəli məktəbin yaxınlığında saxlamış və bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmişdir. Bölmədə olarkən təhqiqatçı və vəkil dəvət olunmuşdur. Təhqiqatçı təqsirləndirilən şəxsin üzərinə baxış keçirərkən Eləşənin gödəkçəsinin cibindən 1 qara bükümdə tiryək çıxmışdır. Onlar təqsirləndirilən şəxsdən narkotik vasitəni hardan əldə etməsini soruşmuş, sonuncu narkotik vasitəni Gəncə çayının üzərində yerdən tapdığını demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(043)-27/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 avqust 2021-ci il tarixli tutma protokolundan görüneür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmişxx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim olunana qədər cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə könüllü Gəncə şəhər Baş Polis İdarəsinə gələrək özünü təqdim etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraatı təzələnmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Gəncə şəhəri 55 saylı evlər üçlüyünün xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Gəncə şəhəri 55 saylı evlər üçlüyünün arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yaşayır və atası X2, anası X3 və oğlu 2016-cı il təvəllüdlü X4 ibarət ailə tərkibi vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İİİ 739546 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Ənvər Hüseynov Təqsirləndirilən şəxs oğludur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022ci il tarixli “axtarış aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr saxlayıb saxlamamasını yoxlamaq üçün axtarış keçirilmiş, lakin qeyd edilən ünvandan narkotik vasitələr və pssixotrop maddələr aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 1(100)-321/2022 saylı hökmün surətğindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş və ona 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bu iş üzrə cəmi 2 gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 5 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(104)-592/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 1(100)-321/2022 saylı hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 1(100)-321/2022 saylı hazırlıq iclasının qərarı və 30 avqust 2022-ci il tarixli, 1(100)-321/2022 saylı hökmün ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsində baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 1(100)-145/2023 saylı qərarından görünür ki, Müdafiəçi və Dövlət ittihamçısı vəsatətləri təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə məhkəməyədək icraat zamanı cinayət prosessual qanunvericiliyinin tələbləri pozulduğundan, bu pozuntunun aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna qaytarılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər prokrorluğunun 28 aprel 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs döyülmə fakti ilə bağlı araşdırma aparılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 fevral 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 7 ünvanda yerləşən Gəncə şəhər 4-cü Polis Bölməsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı istifadə edilmiş videoçəkiliş materiallara əlavə edilmişdir. Həmin video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 12 dəqiqə 30 saniyə müddətində çəkilmişdir. Gəncə şəhər, Kəpəz RPİ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Şəmil Rzayev bildirir ki, video çəkiliş 06 fevral 2022-ci il tarixdə başlayır. 4cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Gəncə şəhər 4-cü Polis Bölməsinin rəhbərliyinə raportla mürəciət edərək bildirmişdir ki, Gəncə şəhəri, Bayan küçəsi ev 105A-da qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs qnunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması, gəzdirməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri Vaqif küçəsi, 5 nömrəli orta məktəbin arxa hissəsində saxlanılaraq 4-cü Polis Bölməsinə gətirilmiş və onun üzərinə baxış keçirilməsi zərurəti ilə əlaqədar raportla müraciət etmişdir. Baxış keçirilməzdən əvvəl baxışda iştirak edən şəxslər özlərini təqdim edirlər. 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Gəncə şəhər 1 saylı vəkillər bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirak edirlər. Baxışa başlamazdan əvvəl təhqiqatçı Şəmil Rzayev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir və bildiriş təqdim edilir. Sonra şübhəli şəxsin üzərində axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan iç cibindən 1 ədəd qara rəngli sellofana bükülmüş halda ilk baxışdan narkotik vasitə olan tiryəkə oxşar kütlə aşkar edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin sellofanın içərisində olan kütlənin tiyək olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində Gəncə çayından tapdığını, özü istifadəçisi olduğu üçün üzərində saxlamış, həmin narkotik vasitəni satmaq fikri olmadığını bildirir. Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilmir. Sonra qara sellofan iştirakçıların yanında açılır və həmin kütlənin içərisində olan ilk baxışdan narkotik vasitə olan “tiryək”ə bənzər kütlə olması müəyyən edilir. Sonra həmin kütlə iştirakçıların yanında aptek tərəzisində çəkilir və ümumi çəkisi 100.25 qram olduğu görsənir. Sonra həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılaraq zərfə qoyularaq Azərbaycan Respublikasının DİN-in 181 saylı möhürü ilə möhürlənib, üzəri iştirakçılar tərəfindən imzalanır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 16 avqust 2021-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan QBRŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı istifadə edilmiş video çəkiliş materiallara əlavə edilmişdir. Həmin video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, 15 dəqiqə 35 saniyə müddətində çəkilmişdir. BNMİ-nin QBRŞ-nin təhqiqatçısı, polis mayoru Rafiq Əhmədov bildirir ki, video çəkiliş 16 avqust 2022-ci il tarixdə başlayır. BNMİnin QBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 BNMİ-nin QBRŞ-nin rəhbərliyinə raportla mürəciət edərək bildirmişdir ki, 16 avqust 2021-ci il tarixdə Gəncə şəhəri, Bayan küçəsində yaşayan Elşən adlı şəxsin qanunsuz olaraq narkotik vasitə heroin əldə edib istifadə etməsi, satması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhərində yaşadığı evin yaxınlığında saxlanılaraq BNMİnin QBRŞnə gətirilmiş və onun üzərinə baxış keçirilməsi zərurəti ilə əlaqədar raportla müraciəf etmişdir. Baxış keçirilməzdən əvvəl baxışda iştirak edən şəxslər özlərini təqdim edirlər. BNMİ-nin QBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Gəncə şəhər 1 saylı vəkillər bürosunun vəkili X10 və xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olan Təqsirləndirilən şəxs iştirak edirlər. Baxışa başlamazdan əvvəl təhqiqatçı Rafiq Əhmədov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir və bildiriş təqdim edilir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və ya sənədləri könüllü şəkildə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü stolun üzərinə qoyaraq təqdim edir və həmin bükülünün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu bildirir, Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və onun üzərindən başqa narkotik vasitə aşkar edilmir. Sonra həmin kütlə iştirakçıların yanında aptek tərəzisində çəkilir və ümumi çəkisi 2.94 qram olduğu görsənir. Sonra həmin kütlə iştirakçıların yanında zərfə qoyularaq Azərbaycan Respublikasının DİN-in 7(2) saylı möhürü ilə möhürlənib, üzəri iştirakçılar tərəfindən imzalanır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına qanunsuz olaraq narkotik vasitələr və pssixotrop maddələr saxlayıb saxlamamasını yoxlamaq üçün axtarış keçirilmiş, lakin qeyd edilən ünvandan narkotik vasitələr və pssixotrop maddələr aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ********* nömrəli cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının 17 avqust 2021-ci il tarixli 16/852 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sol yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd sellofan bükümdə qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə.” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan torbacıqda təmiz çəkisi 2,488 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş ********* nömrəli cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının 07 fevral 2022-ci il tarixli 16/156 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə tiryək..” yazı və imzalar olan kağız paketdəki, bir ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 99,562 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunrnuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının 1 bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkolofi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1399 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan һeroindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkololi dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 188 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əməliyyat tapşırığı əsasında Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat axtarış tədbirləri keçirilməsi haqqında məlumatdan görünür ki, ünvan 9 ünvanında yaşamış Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini və tiryəki satış məqsədi ilə əldə edərək saxlaması və narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş DİN-nin X13 Sistemindən daxil olmuş sorğudan görünür ki, Təqsirləndirilən şəxs adına mobil nörmə yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayonu Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2019-cu İl tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 3042 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevrololi Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən opioidlərdən aslılıq diaqnozu ilə Gəncə şəhər Narkolofi Dispanserdə qeydiyyatda durur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 99,362 qram olan 01 ədəd zərfdə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,438 qram olan 01 ədəd zərfdə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının 04 mart 2025-ci il tarixli 3-16-17/41/2-1426/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində 2 saylı istintaq təcridxanasına qəbul olunmuş, İlkin tibbi baxışdan keçirilmiş, bədən səthi izərində yeni xəsarət izləri aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhəri Baş Polis İdarəsinin polis şöbəsinin 25 fevral 2025-ci il tarixli 57/2-6310/25 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Baş Polis İdarəsinin X7 təhvil verilərkən üzərində heç bir xəsarət olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan X8 şöbənin 13 mart 2025-ci il tarixli3-13-7-212-178/2025 saylı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan X8 şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq QBRŞ-ya gətirilmiş, həmin zaman sonuncunun bədəni üzərində heç bir xəsarət olmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ..«birinci epizot üzrə onunu istintaq zamanı polis əməkdaşları tərəfindən döyülməsi» və narkotik vasitərlərin ona məxsus olmamsı, üzərinə qoyulması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və çəkilmiş fotoşəkillərlə, onun polis əməkdaşları tərəfindən döyülməsi faktının təsdiqini tapmaması barədə 28 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla tam təkzib edildiyindən, məhkəmədə verdiyi ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Məhkəmə kollegiyası cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutları, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və yapsixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərməhəmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olmasımüəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin satışını həyata keçirmək üçün onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs barəsində iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əməliyyat tapşırığı əsasında Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən bir sıra əməliyyat axtarış tədbirləri keçirilməsi haqqında məlumatdan görünür ki, ünvan 9 ünvanında yaşamış Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini və tiryəki satış məqsədi ilə əldə edərək saxlaması və narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış və təqsirləndirilən şəxsin narkotik vasitəni satması və ya satışı ilə məşğul olması nə ibtidai araşdırma zamanı, nə də məhkəmə istintaqı zamanı müəyyən olunmamış, heç bir mötəbər sübutla bu fakt öz təsdiqini tapmamışdır. Lakin ibtidai araşdırma orqanı yuxarıda qeyd edilənlərə, eləcə də qanunun tələblərinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarının tövsiyələrinə əhəmiyyət verməyərək, heç bir fakta və ya şahid ifadələrinə əsaslanmadan, yalnız 99,362 qram tiryək və 2,438 qram heroinin külli miqdar olması əsası ilə düzgün olmayaraq Təqsirləndirilən şəxs əməlini narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsi və saxlanılması kimi qiymətləndirmişdir. Halbuki iş üzrə bilavsitə sübut, şahidlər Şahid4, X9 və Şahid2 ifadələrində göstərmişlər ki, Elşən adlı şəxsin narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən narkotik vasitənin çəkisinin külli miqdar olması onun satış məqsədi ilə əldə edilib saxlanılmasına əsas vermir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə, ehtimallra və fərziyyələrə əsaslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Beləliklə, nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və ondan aşkar olunmuş narkotik vasitələri satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edən real məlumatlar və faktlar, narkotik vastəni kimə və necə satması barədə də heç bir sübut müəyyən olunmamışdır. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin haradan əldə etməsinə, başqa şəxslərə narkotik vasitələri satıb-satmamasına, onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasına dair verilmiş əməliyyat tapşırığına cavab məktubundan da məlum olur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmasını, onun narkotik vasitələri kimdən almasını və ya kimə verməsini və satmasını müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə saxlaması haqqında da heç bir sübut əldə edə bilməmiş, cinayət işi üzrə subutların qiymətləndirməsi qərarında da onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gələrkən heç bir dəlilə əsaslanmamış, əksinə toplanmış sübutlar E.Hüseyinovun narkotik vasitəni satış məqsədi ilə deyil, özü qəbul etmək üçün əldə etməsini sübut etdiyi halda, əsassız olaraq onun narkotk vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gəlmişdir. Beləliklə, təqsirləndirilən E.Hüseyinovun üzərində aşkar olunan külli miqdarda, yəni 99,362 qram tiryək və 2, 438 qram heroin olmasına baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də məhkəmə istintaqı zamanı onun həmin narkotik vasitələri satış məqsədilə əldə edib üzərində daşımasına dair hər hansı mötəbər sübutun əldə edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası belə vəziyyətdə hesab edir ki, şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə edilməsinə dair heç bir sübut olmadığı halda, təkcə narkotik vasitənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlməsi yanlışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair yuxarıda qeyd edilən qanunda və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarında göstərilən digər xüsusatlar da müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhəkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs məlum olmayan mənbədən əldə edib saxladığı ümumi təmiz çəkisi 99,362 qram tiryək və 2,438 qram heroin satış məqsədi ilə deyil, öz istifadəsi üçün saxlaması müəyyən olunduğundan, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq, təmiz çəkisi 99,362 qram tiryək və 2,438 qram heroini əldə edib daşıyaraq üzərində saxlamaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun məhəkəmədə verdiyi etirafedici ifadəsi, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və fotoşəkillərlə, onun polis əməkdaşları tərəfindən döyülməsi faktının təsdiqini tapmaması barədə 28 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla sübuta yetirilmişdir. Məhkəmə kollegyası hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı usağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami rayonu Məhkəməsinin xx.xx.2018-ci İl tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün azadlığın məhdudləşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2019-cu İl tarixdə cəza müddəti başa çatmışdır. Bundan başqa Gəncə şəhəri, Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaratdığından, təqsirləndirilən şəxs əvvəllər məhkum olunduğundan və məhkumluğun ödənilmsi üçün nəzərdə tutulan müddət keçmədiyindən və məkumlumluğu üzərindən götürülmədiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını və cinayəti təkrar törətməsini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının yuxarı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, bu iş üzrə iki gün həbsdə saxlandığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun tutulduğu 06 fevral 2022-ci il tarixdən 19 mart 2025-ci tarixə kimi həbsdə olduğu müddətlə əvəz edilməklə cəzasını çəkmiş hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs » qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və o, narkoloji kabinetdə qeydiyyata alınsı nəzərə alınmaldır. İş üzrə maddi sübut Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri narkotik vasitə olan 99,362 qram tiryək və 2,438 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin məhv edilməsi Gəncə şəhər Baş Polis İdarəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 03 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64,80 (altmış dörd manat səksən qəpik) manat təşkil Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, bu iş üzrə iki gün həbsdə saxlandığı müddət, ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası, onun 06 fevral 2022-ci il tarixdən 19 mart 2025-ci tarixə kimi həbsdə olduğu müddətlə əvəz edilməklə cəzası çəkilmiş hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirimədən saxlanılsın. İş üzrə maddi sübut Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkiləri narkotik vasitə olan 99,362 qram tiryək və 2, 438 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər Baş Polis İdarəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan 03 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsı nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64,80 (altmış dörd manat səksən qəpik) manat təşkil Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar