Məhkəmə qərarları › İş №1(100)-320/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-320/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-320/2022 29.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2005-ci ildə Qəbələ rayon Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağdaş rayonu, Ağdaş şəhəri, Məşədi küçəsində daimi qeydiyyatda olmaqla, hazırda ünvan 1 ünvanında yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 04 dekabr 2021-ci il tarixdə saat 00:30 radələrində ünvan 2 ünvanının qarşısında qonşusu Zərərçəkmiş şəxs ona gecə vaxtı qapını sərt şəkildə döyməsi ilə bağlı tutduğu iradı bəhanə edərək ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək özünü Zərərçəkmiş şəxs üstün olduğunu numayiş etdirmək məqsədilə, yəni xuliqanlıq niyyətilə heç bir əsaslı səbəb olmadan yerdən götürdüyü daşları Zərərçəkmiş şəxs atmaqla bədəninin müxtəlif nahiyələrinə vahid qəsdlə zərbələr vuraraq sonuncunun sol said nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığını pozulmasına səbəb olmadığından dərəcəsi təyin edilməyən, sol təpə nahiyəsinin təpə sümüyünün sınığı ilə müşahidə edilən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Milliyyətçə qaraçıdır. Gündəlik olaraq qazancını şirniyyət məmulatlarını topdan şəkildə alıb pərakəndə şəkildə səyyari formada sataraq əldə edir. 2022-ci ilin yanvar ayının əvvəlinədək ünvan 2 ünvanında kirayəçi kimi yaşamış və Zərərçəkmiş şəxs onun qonşusu olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində yumurta və çörək alaraq işdən yaşadığı evə qayıdıb evlərinin darvazasını döymüş, bu zaman dostu Raminin də, evlərinin qarşısında olduğunu, onu axtardığını görmüş, Raminlə görüşüb evlərinin qapısını döydükdə qonşuları Zərərçəkmiş şəxs it hürmüş, it hürən zaman Elsevər qapını açaraq çölə çıxıb ona “bu necə qapı döyməkdir...” deyə bildirmiş, o isə Elsevərə “üzürlü sayın...bir daha olmaz...” deyə bildirmiş, Elsevərin əsəbi olmasını görüb Raminin oradan getməsini istəmiş, Elsevər ondan haradan gəlməyini soruşduqda o, işdən gəldiyini demiş, bu zaman Elsevər məni yanına çağırmış, yanına yaxınlaşdıqda ona “bu nə vaxtın gəlməyidir...” deyə bildirdikdə işinin indi qurtardığını, evə çörək və yumurta aldığına görə bu vaxt gəldiyini demişdir. Bu zaman Elsevər onu nalayiq ifadə ilə təhqir edərək şillə altmış, o, geri çəkilmiş və şilləsi ona dəyməmişdir. Elsevər davamında təpik atsa da, həmin təpik də, dəyməmiş, Ramin Elsəvərin üzərinə sarı gəlməyini görüb qaçaraq oradan uzaqlaşmış, Elsevərin üzərinə gəldiyini görərək dərhal yerdən bir neçə daş götürüb Elsevərə atmış və qaçaraq bir qədər oradan uzaqlaşmışdır. Atdığı daşlar biri Elsevərin qoluna və başı dəymiş və başı qanamışdır. Bu zaman anası Könül və Elsevərin atası Səfər çölə çıxaraq onları sakitləşdirmiş və hər ikisi evə keçmişlər. Daha sonra Elsevər ondan şikayət etdiyini öyrənmişdir.Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində kirayəçi kimi yaşadığı ünvan 2 ünvanının qarşısında təhqir edib vurmaq istəməsinə görə daşla xəsarət yetirmişdir. Elsevər ilə onun mübahisəsi təxminən 5-10 dəqiqədən az müddət ərzində davam etmiş, həmin mübahisə zamanı heç bir xəsarət almamışdır. Onun Elsevər ilə əvvəllər bu və ya digər formada hər hansı bir mübahisəsi olmamış, nədəki bir birinə borcu olmamışdır. O, Elsevərni vurarkən konkret olaraq hər hansı bir nəticəni proqnozlaşdırmamış, öldürmək kimi bir niyyəti olmamışdır. həmin hadisə zamanı başqa bir şəxs onu vurmamış və heç bir xəsarət almamışdır. Hadisə baş verdiyi zaman sadəcə ikisi olmuşlar. Daha sonrasında isə valideynləri gəlmişdir. Elsevəri vurduqdan sonra o, etdiyi əməldən şoka düşərək dayanmış, üzərinə yenidən hücum etməmişdir. O, başqa heç bir cinayət hadisəsi törətməmişdir. Hadisə zamanı mən yerdən götürdüyü adi çay daşı ilə Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Həmin daşlar digər daşlardan hər hansı bir xüsusiyyətinə görə fərqlənmədiyi üçün onları göstərə bilməz. Sözü gedən hadisə ilə əlaqədar ona heç kəs köməklik etməmişdir. O, bu barədə heç kəsə hadisədən əvvəl və ya sonra hər hansı bir söz deməmişdir. Bu barədə əvvəlcədən heç kəsin məlumatı olmamışdır. Hadisə zamanı Elsevərin əlində ona xəsarət yetirə biləcək hər hansı bir alət və ya predmet olmamışdır. Əməlindən olduqca peşmandır, məhkəmədən ona mərhəmət göstərilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında atası Nümayəndə, anası X7, arvadı X3 və azyaşlı övladları Ulduz İmanova, Nuray İmanova və Nümayəndə ilə birlikdə yaşayır. Gəncə şəhər MKTİB-də fəhlə işləyir. Hər gün səhər saat 09-dan 18-dək işdə olur. ünvan 2 ünvanı qonşusu Vahidə məxsusdur. Təxminən 2021-ci ilin sentyabr ayının sonlarından Vahid həmin evi qaraçılara kirayə vermişdir. Həmin evdə dəqiq bilmədiyi sayda qaraçılar yaşayır və adətən gecə saatlarında evə gəlib qapını sərt şəkildə döymüşlər. Bunula bağlı bir neçə dəfə irad tutmuşdur. xx.xx.2021-ci il tarixdə yenə adəti üzrə saat 09 radələrində işə getmiş və axşam saat 18 radələrində evə geri qayıtmış, bundan sonra öz yaşadığı evdə gündəlik işləri ilə məşğul olmuş, həmin gün arvadı və övladımları baldızının toyu ilə əlaqədar olaraq Şəmkir rayonuna getmişlər və evdə valideynləri ilə qalmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saat təxminən 00:30 radələrində valideynlərim yatmış o isə qonaq otağında televizora baxmış, bu zaman qonuşluqda yaşayan qarçıların qapını sərt şəkildə döyərək evdəkiləri səslədiklərini eşitmiş, yenə səs-küy salmaları onu narahat etmiş və darvazanı açıb başını çölə çıxardıqda həmin evdə yaşayan Təqsirləndirilən şəxs darvazanı sərt şəkildə döydüyünü, yanında tanımadığı başqa bir nəfər qaraçı azyaşlı oğlan uşağını da, görmüş, Şahinə “bu necə qapı döyməkdi?...” deyə bildirdikdə Şahin “özüm bilərəm...öz qapımızdı...” deyə cavab vermiş, o isə Şahinə “siz burada kirayəçisiniz...haradan sizin qapınız oldu?...” deyə bildirdikdə Şahin “burada yaşayırıqsa deməli bizim qapımızdır...” deyərək ona sarı gəlmiş, Şahinin sarı gəlməsini görüb darvazadan küçəyə çıxmış, Şahin onun yanına çatanda o, əli ilə sinəsindən itələmiş, bu zaman Şahinin yanındakı uşaq qaçaraq oradan uzaqlaşıb gözdən itmiş, Şahin isə geri-geri çəkilib yerdən daşları götürərək ona sarı atmışdır. O, Təqsirləndirilən şəxs bəlkə daşları əlindən ala bilmək üçün üzərinə getmiş, lakin Şahin daş atmaqda davam etmiş və atılan daşlar başına və qoluna dəymişdir. Həmin zərbələr nəticəsində sol qolu sıyrılmış, başından isə qan axmışdır. Bu zaman Şahinin anası Könül və atası Səfər çölə çıxaraq sakitləşdirmiş və hər ikisi evə keçmişlər. Atası yaralandığını görərək həkimlərə və polisə məlumat vermişdir. Evlərinə gələn həkimlər onu Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışlar və orada müaliə almışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, bədən üzərində müəyyən edilmiş xəsarəti xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində qonşuluğunda yaşan Təqsirləndirilən şəxs daşla onu vurması nəticəsində almışdır. Şahinlə hər hansı bir ədavəti və ya düşmənçiliyi, borcu olmamışdır. Təqsirləndirilən şəxs onun tutudğu irada görə xəsarət yetirmişdir. Həmin şəxs təxminən 13- 14 yaşalarında oğlan usagı olmuş, qaranlıq olduğu üçün həmin şəxsi dəqiq tanımır. Təqsirləndirilən şəxs heç bir köməklik etməmiş, həmin şəxs Şahinlə mübahisəni görərək qaçıb getmişdir. O, Təqsirləndirilən şəxs vurmamış, heç bir xəsarət yetirməmişdir. Həmin vaxt üzərində heç bir alət olmamışdır. Onu Təqsirləndirilən şəxs vuraraq xəsarət yetirmişdir. Şahinin yanında olan digər uşaq isə dava zamanı sadəcə ona cavab qaytarmış, o, üzərinə gedən zaman isə qaçaraq oradan uzaqlaşmışdır. Həmin uşaq ona heç bir xəsarət yetiməmişdir. Həmin hadisə ümumilikdə təxminən 5-10 dəqiqə müddətində davam etmişdir. Həmin dalaşma zamanı onu sadəcə Təqsirləndirilən şəxs vurmuş, başqa heç kəs vurmamış və ya Şahinə köməklik etməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid Nümayəndə ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Nümayəndə ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında arvadı X7, oğlu Zərərçəkmiş şəxs, gəlini X3 və azyaşlı nəvələri Ulduz İmanova, Nuray İmanova və Nümayəndəla birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq qazancını “Grand Qafqaz” ticarət mərkəzində yerləşən kafedə kababçı işləyərək əldə edir. Övladı Elsevər isə Gəncə şəhər MKTİB-də fəhlə işləyir. Hər gün səhər saat 09-dan 18-dək işdə olur. ünvan 2 ünvanı qonşuları Vahidə məxsusdur. Təxminən 2021-ci ilin sentyabr ayının sonlarından Vahid həmin evi qaraçılara kirayə vermişdir. Həmin evdə dəqiq bilmədikləri sayda qaraçılar yaşamış və adətən gecə saatlarında evə gəlib qapını sərt şəkildə döymüşlər. Bunula bağlı onlar bir neçə dəfə irad tutmuşlar. xx.xx.2021-ci il tarixdə Elsevər yenə adəti üzrə saat 09 radələrində işə getmiş və axşam saat 18 radələrində evə geri qayıdaraq gündəlik işlərilə məşğul olmuşlar. Həmin gün gəlini və nəvələri toy məclisi ilə əlaqədar olaraq Şəmkir rayonuna getmişdilər və evdə arvadı Ulduz, oğlu Elsevər və o, qalmışdır. xx.xx.2021-ci il tarixdə saat təxminən 22-23 radələrində o, yatmışdır, Elsevər isə qonaq otağında televizora baxmışdır. Təxminən saat 00:30 radələrində o, həyətdə səs küy eşidib yuxudan oyanmış və həyətən çölə çıxdıqda Elsevərin baş nahiyəsinin qan olduğunu, qonşuluqlda yaşayan Şahinin isə bir qədər kənarda dayandığını görmüşdür. Nə baş verməsini Elsevərdən soruşduqda qonşuluqda yaşayan Şahin qapını sərt şəkildə döydüyünə görə Elsevərlə mübahisələri yaranmış və Elsevəri daşla vuraraq xəsarət yetirmişdir. Bu zaman Şahinin anası Könül də, çölə çıxaraq Şahini evə aparmış, o da məsələnin daha da böyüməməsi üçün Elsevəri evlərinə aparmışdır. Evə keçdikdə arvadı Ulduz da, oyanaraq yanına gəlmiş və Elsevrə ilkin köməkliyi etmişdir, o isə həkimlərə və polisə məlumat vermiş, evlərinə gələn həkimlər Elsevəri Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışlar və orada müalicə almışdır. Zərərçəkmiş şəxs zərbənin yetirilmə anını görməsə də, sonradan Elsevər həmin xəsarəti xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində qonşuluqda yaşmış Təqsirləndirilən şəxs daşla vurması nəticəsində aldığını bilmişdir. Onların Şahingillə hər hansı bir ədavəti və ya düşmənçiliyi , borcu olmamışdır. Həmin hadisədən sonra hər ikisi evə keçmişlər. Hadisə yerinə heç kəs toplaşmamış. Həmin yerdə qonşulardan Könüllə onların evdə yaşayış olmuşdur. Digər evlərdə yaşayış olmamışdır. Həmin hadisədə onu heç kəs vurmamış və heç bir xəsarət almamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid Qanuni nümayəndə ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Qanuni nümayəndə ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki,rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq yaşadığı evdə məişət işlərilə məşğul olur. Milliyyətçə qaraçıdır. 2022-ci ilin yanvar ayının əvvəlinədək ünvan 2 ünvanında kirayəçi kimi yaşamışlar. Təqsirləndirilən şəxs övladıdır. Şahin gündəlik olaraq qazancını şirniyyət məmulatlarını topdan şəkildə alıb pərakəndə şəkildə səyyari formada sataraq əldə edir. Zərərçəkmiş şəxs qonşuluqlarında yaşamışdır. xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində Şahin evə gəlməli imiş. Həmin vaxt o evdə olmuş, bu zaman çöldə səs eşidib küçəyə çıxdıqda oğlu Şahinin Elsevərlə sözlə mübahisə etdiklərini, Şahinin bir qədər kənarda dayandığını görmüşdür. Bu zaman Elsevərin atası Səfər də, çölə çıxmış, həmin vaxt Elsevərin başının qanadığını da, öyrənmişdir. Bundan sonra Şahinlə Elsevəri sakitləşdirmişlər və o, Şahini evə aparmışdır. Evdə öyrənmişdirki, Şahinlə Elsevər mübahisə etmiş və bu zaman Şahin Elsevərə daş ataraq xəsarət yetirmişdir. Elsevərin bədəni üzərində müəyyən edilmiş xəsarəti alma anını görməmiş. Lakin daha sonra öyrənmişdir ki, Elsevər Şahini vurmaq istəməsinə görə Şahin özünü müdafiə etmək məqsədilə Elsevərə xəsarət yetirmişdir. Sözügedən hadisəyədək Zərərçəkmiş şəxsla və ya ailə üzvləri ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi, borcu olmamışdır. Hadisədən sonra Elsevər və Şahin evə keçmiş, hadisə yerinə heç kəs toplaşmamış, digər evlərdə yaşayış olmamışdır. Oğlu Şahindən hadisəni soruşan zaman Şahin Elsevərin onu döyməsini, daş atmasını bildirməsinə görə DİN-in 102 xidmətinə həmin formada müraciət etmişdir. Həmçinin xx.xx.2021-ci il tarixdə Elsevər və qohumu zənn etdiyi şəxslər oğlunun Elsevərə xəsarət yetirməsinə görə irad tutmuşlar. Həmin vaxt öz evinə keçdikdən sonra evin pəncərəsinin şüşəsi çatlamış, o ilkin olaraq zənn etmişdir ki, həmin pəncərəni Elsevərgil sındırmış, lakin daha sonra müəyyən etmişdir ki, həmin pəncərə hava küləkli olduğuna görə açılıb sərt şəkildə örtüldüyünə görə sınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2021-ci il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, həmin cinayət işi fakta görə 31 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə başlanılaraq icraata qəbul edilməklə istintaq aparılmışdır. Cinayət işinin başlanmasına səbəb xx.xx.2021-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Nümayəndə, xx.xx.2021-ci il tarixdə isə həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs Gəncə şəhər Nizami RPİ-yə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdə saat 01 radələrində yaşadığı evin qarşısında qonşuluqda kirayəçi kimi yaşyan Təqsirləndirilən şəxs onu daşla baş və bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirdiyini bildirməsi, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 dekabr 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Gəncə şəhər Nizami RPİ-nin TB-nin təhqiqatçısı Ceyhun Musayev tərəfindən ünvan 2 ünvanının qarşısına yola - hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibb ekspertinin 06 dekabr 2021-ci il tarixli 1994 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol təpə nahiyəsinin təpə sümüyünün sınığı ilə müşahidə olunan yaraları, sol said nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərlər, ümumilikdə həyat üçün təhlükləli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibb ekspertinin 07 yanvar 2022-ci il tarixli 24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün həmin maddədə nəzərədə tutulan ittiham ona elan etmək mümkün olmamış, buna görə də, 12 fevral 2022-ci il tarixdə Şahin Hüseynv barəsində axtarış elan edilmiş, eyni vaxtda da, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, 11 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gələrək özünü təqdim etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, 11 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gələrək özünü təqdim etdiyi üçün iş üzrə dayandırılmı icraat təzələnmiş, həmin tarixdə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərədə tutulan ittiham elan edilmiş və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixonevroloji Dispanserinin 14 aprel 2022-ci il tarixli 1973 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispaserin 14 aprel 2022-ci il tarixli, 1644 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Baş Polis İdarəsi 1-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədərkən qabaqcadan heç kimlə əlbir olmamışdır və ya hadisənin törədilməsində heç kim ona köməklik etməmiş, onun hadisədən əvvəl Zərərçəkmiş şəxsla hər hansı bir ədavəti və düşmənçiliyinin olmamışdır. Təqsirləndirilən şəxs baş vermiş digər cinayətlərdə iştirak etməsi, hadisə yerini əhatə edən müşahidə kamerası, hadisəni görmüş şəxslərin dairəsi müəyyən edilməmişdir. Bundan əlavə sakinlərlə aparılan kəşfiyyat xarakterli söhbətlər nəticəsində sözügedən cinayət hadisəsinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarını qərəzli surətdə pozması, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradaraq, qorxu və narahatçılıq hissinə səbəb olması müəyyən edilməmiş, hadisə yerində kənar şəxs olmamış, Zərərçəkmiş şəxs başqa hər hansı bir şəxsə fiziki və ya maddi ziyan dəyməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, İfadələrində əhəmiyyətli ziddiyyət olduğunu görə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs ibtidai istintaqa təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, onlar barışıblar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibb ekspertinin 06 dekabr 2021-ci il tarixli 1994 nömrəli rəyi kifayət qədər aydın olmadığından ekspert X2 ifadəsi elan edilmiş, dindirmə zamanı ekspert Səbinə Əliyeva verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı obyektiv müayinə zamanı müəyyən edilmişdir ki, onun sol təpə nahiyəsində 3,0 sm, 4 sm uzunluqlarda üzərində cərrahi tikişləri olan, kənarları nahamar yaralar vardı. Sol said nahiyəsinin yuxarı 1/3 hissəsinin bayır səthində 2,0x1,0 sm ölçüdə, səthi ətraf dəri səviyyəsində yerləşmiş qırmızımtıl rəngli qartmaqla örtülü qeyri-müəyyən formalı sıyrıq olmuşdur. X6 xəsətxanasında Zərərçəkmiş şəxs adına tərtib edilmiş baş beyinin kompyuter tomoqrafiya müayinəsindən görünmüşdür ki, baş beyin yarımkürəsinin sol təpə payında kiçik subaraxnoidal qansızma ocağı aşkar edilmiş, kəllə sümüklərində sol təpə sümüyündə hissədə daxilə basılmış sınıq təyin edilmişdir. Zərərçəkmiş şəxs bədəni üzərində olan sol təpə nahiyəsinin təpə sümüyünün sınığı xəsarəti həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol said nahiyəsinin sıyrığı xəsarəti isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin onun yıxılması nəticəsində əmələ gəlmələri və ya öz-özünə yetirilməsi inandırıcı deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, onlar barışıblar. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində sözügedən cinayət hadisəsini törətməsinə səbəb kimi Zərərçəkmiş şəxs ona qarşı nalayiq ifadə işlədərək şillə və təpik atmasına, buna görə də, Zərərçəkmiş şəxs daşla xəsarət yetirməsinə dair ifadəsində göstərdikləri xüsusatlar iş materiallarında olan danılmaz sübutlarla (ibtidai araşdırma materialları, ekspertiza rəyləri, maddi sübutlar, ifadələr və.s) tam təkzib olunur. Odur ki, məhkəmə sözügedən xüsusatlara tənqidi yanaşaraq həmin xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, əməlindən səmimi peşman olmasını, könüllü olaraq istintaqa gələrək özünü təqdim etməsini, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.10-cu maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmaması, könüllü olaraq istintaqa gələrək özünü təqdim etməsini) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından ona təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Qeyd olunanlarla yanaşı məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla zərər çəkmiş şəxslə razılıq əldə edərək barışmasını, könüllü olaraq istintaqa gələrək özünü təqdim etməsini, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də (cəza çəkmədən) islah olunması mümkündür. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, habelə həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş cəmi 35 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 210 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş cəmi 35 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 210 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar