Məhkəmə qərarları › İş №1(100)-320/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-320/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-320/2025 29.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X8 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1983-cü il tarixdə Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində anadan olmuş, evli, Gürcüstan vətəndaşı, sürücü işləmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gürcüstan, Marneuli rayonu, Qaçağan kəndində qeydiyyatda olmaqla, ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 iyul 2024-cü il tarixədək olan müddət ərzində Gürcüstanda şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə xeyli miqdarda xarici valyuta vəsaitlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə keçirilərək Gürcüstandan Azərbaycan Respublikasına daşınması barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 14 iyul 2024-cü il tarixdə Gürcüstanın Azərbaycan Respublikası ilə sərhədində yerləşən “Tsideli kidi” (“Qırmızı körpü”) gömrük postunun qarşısında cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş üzvündən 60000 ABŞ dollarından ibarət xarici valyuta vəsaitlərini təhvil almış, maddi maraq müqabilində Azərbaycan Respublikasına keçirib Bakı şəhərində cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər üzvünə təhvil vermək üçün malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 200 ədəd 100 nominalı əsginasdan ibarət 20000 ABŞ dollarını ayağındakı corabın sağ tayının və 200 ədəd 100 nominalı əsginasdan ibarət 20000 ABŞ dollarını ayağındakı corabın sol tayının içərisində gizlətmiş, 200 ədəd 100 nominalı əsginasdan ibarət 20000 ABŞ dollarını isə əynindəki şalvarın sağ cibində yerləşdirmiş və idarə etdiyi “DAF” markalı, **-SP-***/**-ZF- *** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən həmin tarixdə saat 10 radələrində Dövlət Gömrük Komitəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda qeyd edilən xarici valyuta vəsaitinin qanunvericiliklə yazılı bəyan edilməsi tələb olunmayan 10000 ABŞ dollarından artıq hissəsini, yəni ümumilikdə xeyli miqdar təşkil edən 85000 manat dəyərində 50000 ABŞ dollarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, gömrük nəzarəti zamanı üzərində aparılmış şəxsi yoxlama nəticəsində həmin valyuta vəsaitləri gömrük əməkdaşları tərəfindən aşkar edilərək ondan götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 206.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Gürcüstandan Azərbaycan Respublikasına gələndə “Qırmızı Körpü” gömrük postuna daxil olan zaman postun əməkdaşı ondan gətirdiyi mallar arasında siqaretlə içki olub-olmadığını soruşmuş, lakin bəyan olunmalı olan pul barədə heç nə soruşmamışdır. Gürcüstana gedəndə gömrüyə daxil olan kimi əvvəlcə valyutanı soruşurlar, Azərbaycana keçəndən isə ondan valyuta ilə bağlı heç nə soruşmadılar. Siqaret və içki barədə soruşandan sonra ondan ciblərindəkilərin nə olduğunu soruşmuşlar, o da 60000 ABŞ dolları pul olduğunu demişdir. Pulu hər birində 20000 ABŞ dolları olmaqla üç yerə bölüb corablarının içində və cibində saxlamışdır. Daha sonra onun idarə etdiyi **-SP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini kənara çəkib içərisinə baxış keçirmişlər, lakin avtomobildən heç nə aşkar olunmamışdır. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Bakı şəhərindən Gürcüstana yük aparmış, lakin qayıdanda yük gətirməmiş, avtomobil boş olmuşdur. Aşkar edilən pul özünə məxsus olmuş, həmin pulu Bakı şəhərində yerləşən fərdi yaşayış evini təmir etdirmək üçün gətirmişdir. O, iki ildir yük avtomobili sürücüsü işləmiş, gömrükdən keçərkən bəyan etmə qaydalarını bilmiş, lakin ölkəyə hansı məbləğə qədər pul gətirməli olduğunu bilməmiş, gömrük postunun əməkdaşları pulun miqdarını soruşanda o, 50000 ABŞ dollar olduğunu demişdir. İbtidai istintaq zamanı ona pulu guya başqa şəxs üçün pul müqabilində gətirməyi ilə bağlı ifadə verməyini, 10000 dolları özünə qaytracaqlarını, qalan pulunu da məhkəmədə qaytaracaqlarını demişlər, o da dedikləri kimi ifadə vermişdir. Onun yaşadığı ev Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşmiş, evin yerləşdiyi torpaq sahəsi əmisinin mülkiyyətində olmuş, lakin evin kommunal ödənişləri onun adına olmuşdur. O, 2008-ci ildən Azərbaycanda yaşamış və müvəqqəti üç aylıq qeydiyyata düşmüşdür. Plastik bank kartı olmadığı üçün pulu nağd şəkildə keçirmişdir. Növbə olduğundan avtomobili arxada saxlamış, çox insan olduğu üçün fikirləşmiş ki, pulu avtomobildə qoymasın, ona görə corabının içində götürmüşdür. Pul özünə məxsus olmuş, Gürcüstandakı evini 57000 dollara satmış, qalan 3000 dolları isə qardaşı və bacısı vermişdir. O, saxlanılan zaman yay fəsli olduğu üçün əynində nazik paltar olmuş, ona görə məcbur olub pulu corabının içinə qoymuşdur. O, Fərid adlı şəxsi tanımamış, ibtidai istintaq zamanı müstəntiq ona nə demişsə o da ifadəsini həmin qaydada vermişdir. Müstəntiq ondan ad verməyini istədiyi zaman qardaşı oğlu Fəridin adı yadına düşdüyü üçün “Fərid” adını çəkmişdir. İbtidai istintaq zamanı onu döyməmişlər, o, ifadəsini sərbəst şəkildə özü vermişdir. Qardaşının Fərid adlı 20 yaşlı oğlu Tiflis şəhərində universitetdə oxumuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 206.3.2-ci maddəsi ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, o, təxminən 2023-cü ilin aprel ayından yük nəqliyyat vasitəsi sürücüsü kimi işləməyə başlamışdır. 2024-cü ilin yanvar-fevral ayından X5 adına rəsmiləşmiş, faktiki Tural Qurbanovun əmisi X2 məxsus “DAF FTXF 105.460 yük” markalı, **-SP-***/**-ZF-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsini idarə etmişdir. O, həmin yük nəqliyyat vasitəsi ilə əsasən Bakı şəhərində yerləşən “X12”ndan “qlinker” yükünü yükləyərək Gürcüstanın Rustavi şəhərinə aparmış, Gürcüstandan Azərbaycan Respublikasına isə yüksüz geri qayıtmışdır. Sonuncu dəfə 14 iyul 2024-cü il tarixdə Bakı şəhərində yerləşən “X12”ndan “qlinker” yükünü yükləyərək Gürcüstanın Rustavi şəhərinə gətirmək üçün Gürcüstandan idarə etdiyi “DAF FTXF 105.460 yük” markalı, **-SP-***/**-ZF-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə yüksüz Bakı şəhəri istiqamətində yola düşmüşdür. Gürcüstanın “Qırmızı Körpü” gömrük postunun qarşısında olduğu vaxt tanışı, təxminən 37-38 yaşlı orta bədən quruluşlu, qarabəniz, əslən azərbaycanlı, Gürcüstan vətəndaşı, Gürcüstan, Marneuli rayonu, Kirəcmuğanlı kənd sakini, bildiyinə görə ev alqı-satqısı ilə məşğul olan, soyadını və atasının adını bilmədiyi, mobil telefon nömrəsini hazırda xatırlamadığı Fərid adlı şəxs onun yanına gələrək Azərbaycan Respublikasında ev almaq məqsədi ilə Azərbaycan Respublikasına 60000 ABŞ dolları göndərmək istədiyini bildirmiş və həmin xarici valyutanı 10000 ABŞ dolları olmaqla 6 nəfər sürücü arasında bölüb Azərbaycan Respublikasına apara bilib-bilməyəcəyini ondan soruşmuşdur. O, cavabında Fərid adlı şəxsə bunun problem olmadığını bildirmişdir. Bundan sonra Fərid adlı şəxs zəhmət haqqı olaraq hər 10000 ABŞ dollarının Azərbaycan Respublikasına aparılması üçün 20 manat məbləğində pul verəcəyini, həmin pulu da Bakı şəhərində ya özünün, ya da deyəcəyi başqa şəxsin 60000 ABŞ dollarını təhvil aldıqda ona verəcəyini demişdir. O, Fərid adlı şəxslə razılaşdıqdan sonra 60000 ABŞ dollarını təhvil almış və istifadəsində olan əlaqə nömrəsini Fərid ondan götürmüşdür. Fərid adlı şəxs getdikdən sonra tamahkarlıq edərək, yəni 60000 ABŞ dollarını Azərbaycan Respublikasına aparılması üçün zəhmət haqqı kimi veriləcək 120 manatın hamısını özünə götürmək üçün hər hansı sürücüyə demədən 60000 ABŞ dollarını tək halda üzərində gizlətməklə Azərbaycan Respublikasına gətirməyi qərara almışdır. Bununla əlaqədar Fərid adlı şəxsin verdiyi 60000 ABŞ dollarının 20000 ABŞ dollarını əynindəki sağ corabının içərisində, 20000 ABŞ dollarını sol corabının içərisində, qalan 20000 ABŞ dolları isə əynindəki şalvarının sağ cibində yerləşdirmişdir. Məqsədi bu yolla 60000 ABŞ dollarını Azərbaycan Respublikasına gömrük sərhədindən gömrük nəzarətindən gizli və gömrük orqanına bəyan etmədən gətirmək olmuşdur. 14 iyul 2024-cü il tarixdə saat 10 radələrində idarə etdiyi “DAF FTXF 105.460 yük” markalı, **-SP- ***/**-ZF-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Gürcüstan istiqamətindən Qazax rayonunda yerləşən Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna daxil olmuşdur. Bundan sonra idarə etdiyi yük nəqliyyat vasitəsini yoxlamaq üçün gömrük əməkdaşı ona yaxınlaşmışdır. Gömrük əməkdaşı ondan idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan edilməyən hər hansı predmetin olub-olmamasını soruşmuş, o isə cavabında idarə etdiyi yük nəqliyyat vasitəsində və üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan edilməyən hər hansı predmetin olmadığını, sadəcə 1 litr spirtli içkinin və 10 qutu siqaretinin olduğunu gömrük əməkdaşına bildirmişdir. Bundan sonra gömrük əməkdaşı yük nəqliyyat vasitəsini yoxlamağa başlamış və yoxlama zamanı idarə etdiyi yük nəqliyyat vasitəsindən qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış, gömrük nəzarətindən gizlədilmiş və ya gömrük orqanına bəyan edilməyən hər hansı predmet aşkar edilməmişdir. Daha sonra gömrük əməkdaşı onun şalvarının sağ cibinin şişkin olduğunu və özünü şübhəli apardığını görüb bir daha üzərində nə olduğunu soruşduqda, o, cavabında üzərində pul olduğunu gömrük əməkdaşına bildirmişdir. Gömrük əməkdaşı üzərində şəxsi yoxlama aparacağı barədə ona məlumat verərək dəvət etdiyi hal şahidlərinin iştirakı ilə üzərində şəxsi yoxlama aparmışdır. Şəxsi yoxlama zamanı əynindəki şalvarın sağ yan cibində, əynindəki sağ və sol corablarında gizlətdiyi ümumilikdə 60000 ABŞ dolları gömrük əməkdaşları tərəfindən aşkar edilərək protokol əsasında götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadələrində olan əlyazmanı o, yazmış və imza ona məxsus olmuşdur. O, şahid qismində videogörüntü ilə verdiyi ifadəsini təsdiq etmişdir. 60000 ABŞ dollarını ona ev alqı-satqısı ilə məşğul olan Fərid adlı şəxs vermişdir. Həmin pul ona məxsus olmamış, o, sadəcə müəyyən məbləğdə pul qarşılığında həmin pulu Azərbaycana keçirmək istəmişdir. Əvvəlki məhkəmə iclasında verdiyi ifadəsi doğru olmamış, pulun özünə qaytarılacağını düşündüyü üçün həmin məzmunda ifadə vermişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmişdir. O, 2008-ci ildən davamlı olaraq Azərbaycan Respublikası ərazisində yaşamış, lakin xarici ölkə vətəndaşı olduğundan məcburi olaraq mütəmadi şəkildə ölkə sərhədlərini tərk edib yenidən qayıtmışdır. Ailəsi də Azərbaycan Respublikası ərazisində yaşamış, lakin onlar Gürcüstan vətəndaşıdırlar. O, ünvan 1 ünvanında yaşamışdır. Övladı 6 ildir Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 81 saylı orta məktəbdə təhsil alır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DGK-nin Tovuz Gömrük İdarəsinin Qirmızı Körpü gömrük postunun inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Gürcüstandan Azərbaycan Respublikasına gəlmək üçün gömrük nəzarət zonasına daxil olmuşdur. Gömrük nəzarət zonasında olarkən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gömrük baxışı keçirilmişdir. Baxış zamanı Agilin idarə etdiyi nəqliyyat vasitəsinə daxil olmuşlar və şəxsə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq bəyan olunmalı olan hər hansı malının olub-olmaması barədə şifahi sual verilmiş, sonuncu da öz növbəsində 2,5 litr spirtli içki və 20 qutu siqaretinin olduğunu bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarına uyğun olaraq müəyyən olunmuş hədləri keçdiyinə görə 1 litr spirtli içki və 10 qutu siqaret aktla gömrük orqanının saxlanc anbarına təhvil verilmiş, aktın surəti isə şəxsin özünə təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs cibinin şiş olduğunu görüb şübhələnmişlər və bu barədə rəhbərliyə məlumat vermişlər. Daha sonra rəhbərlik tərəfindən şəxsin üzərinə yoxlama keçirilməsi ilə bağlı verilən yazılı qərara əsasında Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilmişdir. Yoxlama zamanı şəxsin sağ cibindən, sağ və sol corablarından ayrı-ayrılıqda bağlamalarda 20000 ABŞ dolları olmaqla, ümumilikdə 60000 ABŞ dolları aşkar olunmuşdur. Aşkar olunmuş pullar üzəri qırmızı qələmlə yazılmış zərfə qoyulmuşdur. Təqsirləndirilən şəxs sonra gömrük nəzarətinə daxil olan başqa şəxslərdən də eyni bağlamada, üzərində eyni yazı olan valyuta aşkar olunmuş, lakin həmin şəxslər pulları əvvəlcədən bəyan etmişlər, eyni zamanda onlarda pulun miqdarı da az olmuşdur. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, səhv etmirsə pulun olduğu bağlamanın üzərində qırmızı qələmlə pulun miqdarı yazılmışdır. Təqsirləndirilən şəxs sonra da 1-2 nəfərdə də eyni bağlamada pullar olmuş, lakin miqdar az olduğu üçün bəyan edilmişdir. Vizual baxış zamanı şəxsin corablarında pul gizlətdiyi hiss olunmamış, onlar sadəcə cibində şişkinlik olmasından şübhə etmişlər və şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs corablarında pul gizlətdiyi aşkar olunmuşdur. Şəxsin sorğu-sual edilməsi təhqiqat şöbəsinin vəzifə səlahiyyətinə aid olduğu üçün onlar sonuncunu sorğusual etməmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DGK-nin Tovuz Gömrük İdarəsinin Qirmızı Körpü gömrük postunun inspektoru Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda fəhlə işləmişdir. Postun əməkdaşları onu çağırıb Təqsirləndirilən şəxs üzərində qanunla müəyyən edilmiş həddən artıq miqdarda pul olmasından şübhə etdikləri üçün sonuncunun üzərinə keçiriləcək yoxlamada hal şahidi kimi iştirak etməyini xahiş etmişlər, o da razılaşmışdır. Sonra Təqsirləndirilən şəxs yoxlama otağına aparıb üzərini yoxlamışlar. Sonuncunun cibindən və corablarından bağlamalarda 60000 dollar məbləğində pul aşkar olunmuşdur. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan pullar ABŞ dolları olmuş, şifahi sorğu zamanı sonuncu özünə məxsus olduğunu etiraf etmişdir. Agilin üzərinə yoxlama keçirilməsində onunla birlikdə Şahid3 da hal şahidi kimi iştirak etmişdir. O, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirildiyi tarixi və saatı xatırlamır, lakin səhər-səhər olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/859 nömrəli sənədlərin məhkəmə-texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 600 ədəd 100 ABŞ dolları nominalı pul əsginasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafiq çap üsulları ilə hazırlanmış və eyni nominalı həqiqi pul əsginası ilə eynilik təşkil edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi yoxlama aparılması və götürmə haqqında” protokoldan görünür ki, 14 iyul 2024-cü il tarixdə saat 10 radələrində idarə etdiyi “Daf Ftxf 105.460 yük” markalı, **-SP- ***/**-ZF-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Gürcüstan istiqamətindən Qazax rayonunda yerləşən Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin “Qırmız Körpü” gömrük postuna daxil olan Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs üzərinə gömrük nəzarəti qaydasında keçirilmiş şəxsi yoxlama zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əynindəki sağ corabının içərisində gömrük nəzarətindən gizlətdiyi 200 ədəd 100 nominalı olmaqla 20000 ABŞ dolları, sol corabının içərisində gömrük nəzarətindən gizlətdiyi 200 ədəd 100 nominalı olmaqla 20000 ABŞ dolları və şalvarının sağ cibində gömrük orqanına bəyan etmədiyi 200 ədəd 100 nominalı olmaqla 20000 ABŞ dolları, ümumilikdə xeyli miqdarda - 102000 manat dəyərində cəmi 60000 ABŞ dollarının aşkar edilərək protokol əsasında götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “maddi sübutun təhvil verilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi yoxlama zamanı aşkar edilərək götürülmüş 102000 manat dəyərində 600 ədəd hər biri 100 ABŞ dolları nominalı dəyərində cəmi 60000 ABŞ dolları qablaşdırılmış və möhürlənmiş vəziyyətdə saxlanc məqsədi ilə Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyul 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Dövlət Gömrük Komitəsi gömrük xidmətinin X1 Sisteminin (“VAİS”-in) “Mərkəzi Bank” alt bölməsində Azərbaycan Respublikası Mərkəzi Bankının hadisə baş verən vaxta, yəni 14 iyul 2024-cü il tarixə xarici valyutaların Azərbaycan manatına qarşı rəsmi məzənnəsinə əsasən, 1 ABŞ dollarının 1,70 manat təşkil etdiyi, beləliklə qeyd edilən tarixə 60000 (60000x1,70) ABŞ dollarının 102000 manat, 50000 ABŞ dollarının isə (50000x1,70) 85000 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 iyul 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs 5 yanvar 2024-cü il tarixdən mütəmadi olaraq Gürcüstandan Azərbaycan Respublikasına gəlmiş və geri qayıtmış, sonuncu dəfə 10 iyul 2024-cü il tarixdə saat 20:47-də “Qırmızı Körpü” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikası istiqamətindən Gürcüstana getmiş və 14 iyul 2024-cü il tarixdə saat 10:01-də “Qırmızı Körpü” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Gürcüstan istiqamətindən Azərbaycan Respublikasına gəlmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin xx.xx.2024-cü il tarixli, xxxx/61810 nömrəli məktubundan görünür ki, Departamentin elektron məlumat bazasında Təqsirləndirilən şəxs tərəfindən Gürcüstan - Azərbaycan dövlət sərhədini keçərkən 60000 ABŞ dollarının bəyan edilməsi qeydə alınmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 14 iyul 2024-cü il tarixdə saat 10 radələrində Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmız Körpü” gömrük postunda Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs üzərinə gömrük nəzarəti qaydasında keçirilmiş şəxsi yoxlama zamanı aşkar edilərək götürülmüş və hazırda Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 600 ədəd hər biri 100 ABŞ dollar nominalı olmaqla, ümumilikdə xeyli miqdarda - 102000 manat dəyərində cəmi 60000 ABŞ dolları törədilmiş cinayətin predmeti olduğu üçün iş üzrə maddi sübut kimi tanınması, eləcə də həmin pul əsginaslarının Təqsirləndirilən şəxs məxsus olmadığı nəzərə alınaraq onun barəsində olan cinayət işindən cinayətin törədilməsində iştirakı olan istintaqa məlum olmayan digər şəxslər barəsində ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməsi və həmin şəxslərin məsuliyyət məsələsi həll edilərkən pulların aqibətinə hüquqi qiymət veriləcəyinin nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa Qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.1999-cu il tarixli 11 nömrəli qərarından çıxarışından görünür ki, Təqsirləndirilən şəxs əmisi X6 üçün fərdi yaşayış evinin tikintisindən ötrü Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə”nin surətinsən görünür ki, "xxxx" ASC-nin Sabunçu rayon Sukanal İdarəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, ev 37/M-yə dair müqavilə abonent kimi X9 ilə bağlanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixə aid 18677 və 28043 nömrəli ödəniş qəbzlərinin surətindən görünür ki, "xxxx" ASCdə və "xxxx" ASC-də abonent kimi Təqsirləndirilən şəxs qeydiyyata alınmış və həmin xidmətlər üzrə kommunal ödənişlər sonuncunun adına açılmış abonent kodu üzrə həyata keçirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 81 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Nurai Nazarova həqiqətən də Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə 2024/2025-ci tədris ilində 6d sinfində oxuyur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş NR 390011 nömrəli Gürcüstanın doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Gürcüstan vətəndaşı olan xx.xx.2012-ci il təvəllüdlü Nuray Nəzərova adlı övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus 18AA87527 nömrəli Gürcüstan pasportundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən etibarən xx.xx.2024-cü il tarixədək mütəmadi olaraq hər üç aydan bir Azərbaycan Respublikasının dövlət sərhədini Qazax rayonu ərazisində yerləşən Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsindən Gürcüstan istiqamətində keçmiş, bir-iki gündən sonra da geri qayıtmışdır. Bununla da yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirməsi, yəni qaçaqmalçılıq cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli 10 saylı qərarının 10-cu bəndində göstərmişdir ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya GM-də nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Həmin Qərarın 19-cu bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CMnin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Həmin Qərarın eyni bəndində göstərilmişdir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayət Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər, yəni Təqsirləndirilən şəxs xeyli miqdarda xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirmək məqsədi ilə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərlə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonuncular arasında əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs vəzifəsi xeyli miqdarda xarici valyuta vəsaitlərini aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə əynində olan şalvarın cibində, eləcə də corablarında gizlətməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etməməklə keçirməkdən ibarət olmuş, bunun qarşılığında da o, mənfəət kimi hər 10000 ABŞ dollarına görə 20 manat, ümumilikdə isə 60000 ABŞ dollarına görə 120 manat məbləğdə pul vəsaitini almalı olmuş, nəticə etibarı ilə də aralarında olan rolların bölgünüsə əsasən Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri real olaraq icra etmişdir. Beləliklə, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində bir azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə də, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidin ifadələrini, ekspert rəyini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin barəsində işdə olan cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə hazırkı vəziyyətdə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkəcəyi halda himayəsində olan azyaşlı uşağını ciddi məhrumiyyətlərə düçar etməklə öz ailəsini ağır vəziyyətə sala biləcəyini, hətta ailəsinin rifahına, azyaşlı uşağının tərbiyəsinə və həyat şəraitinə təsir edə biləcəyini, eyni zamanda məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməyəcəyini nəzərə alaraq və şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Bundan başqa, iş materiallarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs Gürcüstan vətəndaşıdır. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Cinayət Məcəlləsinin 52.2.1-ci maddəsinə əsasən, barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. Cinayət Məcəlləsinin 70.4-cü maddəsinə əsasən, şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Qeyd edilən maddədə imperativ norma ifadə edilməmiş və şərti məhkum etmə zamanı əlavə cəzanın təyin edilməsi məcburi deyildir. Qanun belə qərarın qəbul edilməsini səlahiyyətli orqanların vəzifəsi deyil, hüququ kimi müəyyən etmişdir. Bununla yanaşı, hazırkı işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs sənəd üzərində Gürcüstan vətəndaşı olsa da, milliyyətcə azərbaycanlıdır, 2008-ci ildən davamlı olaraq Azərbaycan Respublikası ərazisində, yəni ünvan 1-də ailəsi ilə birlikdə yaşamış, hər üç aydan bir mütəmadi olaraq müvəqqəti qeydiyyatla bağlı Azərbaycan Respublikasının dövlət sərhədini Qazax rayonu ərazisində yerləşən Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsindən Gürcüstan istiqamətində keçib bir-iki gün qaldıqdan sonra geri qayıtmış, xx.xx.2018-ci il tarixdə onunla kommunal xidmətə dair "xxxx" ASC-nin Sabunçu rayon Sukanal İdarəsi arasında faktiki olaraq yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, ev 37/M-yə dair müqavilə bağlanmış, həmçinin "xxxx" ASC-də abonent kimi özü qeydiyyata alınmış və həmin xidmət üzrə kommunal ödənişlər onun adına açılmış abonent kodu üzrə həyata keçirilmiş, o cümlədən hazırda 6-cı sinifdə oxuyan himayəsində olan azyaşlı övladı 2018-ci ildən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsi 81 nömrəli tam orta məktəbdə oxuyur. Qeyd edilən halların mövcudluğu isə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşamasına dəlalət edir. Ona görə məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsə də, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və o, məhkəmə iclası zalında həbs edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarılanadək tutulduğu müddət, ona təyin edilən cəza şərti olaraq tətbiq edildiyi üçün cəza müddətinə hesablanmamalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 155 (bir yüz əlli beş) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli 10 saylı qərarının 26-cı bəndində göstərmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş digər əməllərin (məsələn, talama cinayətlərinin) törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul, qiymətli kağızlar və digər əmlak (dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) eyni zamanda qaçaqmalçılığın predmeti hesab edildikdə həmin əmlak CPM-in 132.0.3 və 132.0.4-cü maddələrinə əsasən sahiblərinə, mülkiyyətçilərinə və hüquqi varislərinə qaytarılmalı, belə şəxslər müəyyən edilmədikdə isə dövlət nəfinə müsadirə edilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə gömrük nəzarəti qaydasında keçirilmiş şəxsi yoxlama zamanı aşkar edilərək götürülmüş və hazırda Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 600 ədəd hər biri 100 ABŞ dolları nominalı olmaqla, ümumilikdə xeyli miqdarda - 102000 manat dəyərində cəmi 60000 ABŞ dollarının Təqsirləndirilən şəxs məxsus olmadığı nəzərə alınaraq onun barəsində olan cinayət işindən cinayətin törədilməsində iştirakı olan istintaqa məlum olmayan digər şəxslər barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq idarəsində ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməsi və həmin şəxslərin məsuliyyət məsələsi həll edilərkən pulların aqibətinə hüquqi qiymət veriləcəyi nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında dərhal həbsdən azad olunmalı və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirimədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında dərhal həbsdən azad olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 155 (bir yüz əlli beş) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə gömrük nəzarəti qaydasında keçirilmiş şəxsi yoxlama zamanı aşkar edilərək götürülmüş və hazırda Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 600 ədəd hər biri 100 ABŞ dolları nominalı olmaqla, ümumilikdə xeyli miqdarda - 102000 manat dəyərində cəmi 60000 ABŞ dollarının Təqsirləndirilən şəxs məxsus olmadığı nəzərə alınaraq onun barəsində olan cinayət işindən cinayətin törədilməsində iştirakı olan istintaqa məlum olmayan digər şəxslər barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq idarəsində ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilməsi və həmin şəxslərin məsuliyyət məsələsi həll edilərkən pulların aqibətinə hüquqi qiymət veriləcəyi nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar