Məhkəmə qərarları › İş №1(100)-321/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-321/2021

04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-321/2021 04.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X14 və X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 və təqsirləndirilən şəxs Barat-Pur Fərid Asəf oğlunun iştirakları ilə, açıq məhkəmə iclasında xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Gəncə şəhəri, Azərbaycan küçəsi, 13-cü döngə, ev 6-da qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Barat-Pur Fərid Asəf oğlunun Azərbaycan Respublikasının CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Barat-Pur Fərid Asəf oğlu silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tədbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Barat-pur Fərid Asəf oğlu, 09 sentyabr 2020-ci il tarixdə, saat 21 radələrində tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefonla danışarkən sonuncunun ona qarşı nalayiq ifadələr işlətməsini aydınlaşdırmaq üçün əvvəlcədən vədələşib ictimai yer olan Gəncə şəhəri, Natavan qəsəbəsində yerləşən Gəncə “İmamzadə”dini-mədəniyyət kompleksinin qarşısında görüşərək aralarında yaranmış mübahisə zamanı ətrafda yaşayan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafda yaşayan digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə Zərərçəkmiş şəxs1 və yanında olan qardaşı Zərərçəkmiş şəxs2 nalayiq ifadələrlər işlətməklə söyüb, təhqir etməklə özü ilə gətirdiyi istintaq zamanı əldə edilməsi mümkün olmayan silah qismində hesab edilən əşyadan istifadə etdiyi cib bıçağı ilə əvvəlcə Zərərçəkmiş şəxs2 sağ kürək nahiyəsinə bir zərbə endirib sağlamlığın qısa müddətə pozulmasına səbəb olan döş qəfəsinin arxa səthinin daxilə nüfuz etməyən deşilmişkəsilmiş yarası ilə müşayiət edilən sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirməklə, habelə bundan sonra heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs1 sağ və sol kürək nahiyələrinə ardıcıl olaraq 04 ədəd bıçaq zərbəsi endirib hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan döş qəfəsinin sol yan səthinə bir ədəd, döş qəfəsinin sağ yan səthinə isə iki ədəd olmaqla qəsdən sağlamlığına yüngül zərər vurmaqla, eləcə də döş qəfəsinin sağ yan səthində yerləşməklə, sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan daxilə keçən yara xəsarəti olmaqla insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaqla müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Barat-Pur Fərid Asəf oğlu ona Azərbaycan Respublikasının CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittihamlarda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 uzun müddətdir ki, tanımış, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2020-ci ilin sentyabr ayının əvvəllərində, dəqiq xatırlamadığı tarixdə tanışı İlkin ona zəng edərək narkotik vasitə tapmağını xahiş etmişdir. O isə İlkinə rədd cavabı verərək onu narkotik vasitə ilə bağlı narahat etməməsini demişdir. Bundan bir neçə gün sonra İlkin ona yenidən zəng edərək bədəni ağrı içərisində olduğunu bildirib təcili narkotik vasitə tapmağını xahiş etmişdir. O isə telefon danışığı zamanı İlkinə bir daha rədd cavabı verib ondan əl çəksin deyə nalayiq söyüşlərlə təhqir etmişdir. Təxminən 1 saat sonra İlkinin mobil nömrəsindən ona zəng gəlmiş və onunla telefonla danışan İlkinin qohumu kimi tanıdığı Xəyal olmuşdur. Xəyal ondan “mən sənin qabağından nə vaxt qaçmışam” deyə ona sual vermişdir. O isə belə bir söz demədiyini bildirmişdir. Telefon danışığı zamanı Xəyal ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı Xəyal ilə bir-birinə nalayiq sözlər işlətmişlər. Bundan sonra onlar görüşmək qərarına gəlmiş və o, görüş üçün İmamzadə Kompleksinin yaxınlığını təyin etmiş və qısa vaxtda orada görüşmək təklif etmişlər. O da dostu Xaliqə zəng edərək məsələ ilə bağlı məlumat vermiş və İmamzadə Kompleksinin yanına gəlməsini xahiş etmişdir. Özü isə axşam saatlarında tanımadığı şəxsin xatırlamadığı marka taksi avtomobili ilə Gəncə şəhər «İmamzadə Kompleksi»-nin yanına getmişdir. Bir qədər sonra oraya dostu Xaliq gəlmişdir. Xaliq gəldikdən bir qədər sonra isə Xəyal, qardaşı Tural və qonşusu İlkin onlar olduqları yerə gəlmişlər. Orada Tural onunla əl-qol hərəkətləri ilə kobud şəkildə danışmağa başlamışdır. O isə onlarla mülayim rəftar edib, danışmışdır. O, Tural onun mülayimliyindən istifadə edərək səsinin tonunu artırdığını, yenə əl-qol hərəkətləri ilə danışdığını gördükdə həmin vaxt əynində olan şalvarının kəmərinə keçirdilmiş bıçağı çıxarıb üz-üzə dayandığı Turalın kürək nahiyəsinə yuxarıdan aşağı doğru bir dəfə bıçaqla vurmuşdur. Həmin vaxt o, dostu Xaliqin Xəyalla söhbət etdiyini, Xəyalın isə onunla söyüşlə danışmasına, söhbətə gəlməsinə görə əlindəki bıçaqla Xəyalı da arxa tərəfindən ardıcıl şəkildə 4 dəfə zərbə vurmuşdur. Həmin vaxt Xəyal qışqırmağa başlamış, Tural isə qardaşı Xəyala tərəf gedib köməklik etməyə çalışmışdır. Həmin vaxt o və Xaliq oradan qaçıb uzaqlaşmışlar. Hadisə yerində o, dostu Xaliq, əks tərəfdən isə Tural, qardaşı Xəyal və qohumları İlkin olmuş, lakin o, dava zamanı İlkini həmin yerdə görə bilməmişdir. Hadisə vaxtı yalnız onun əlində bıçaq olmuş, digər şəxslərin əllərində isə bıçaq və bu kimi deşicikəsici heç bir predmet olmamışdır. Həmin bıçaq düymə ilə açılıb-bağlanan, qara rəngli bıçaq olmuş və uzun müddətdir onda olmuşdur. O, həmin bıçağı Gəncə şəhərində yerdən tapmışdır. Hadisədən sonra həmin bıçağı xatırlamadığı yerdə tullamışdır. Dava-dalaşı Xəyalla, Tural başlatmış, İlkin həmin şəxsləri qızışdırması nəticəsində dava başlamış, lakin dava zamanı İlkin orada olmamışdır. Ola bilsin ki, dava zamanı oradan qaçıb getmişdir. Həmin vaxt o, üzü “İmamzadə Kompleksi”nin giriş hissəsinə doğru dayanmış, qarşısında onunla üzbəüz Tural dayanmış, ondan bir-iki addım geridə isə Xaliq və Xəyal söhbət etmişlər. İlk olaraq Tural ona söydüyü üçün o, cib bıçağını çıxarıb Turalı vurmuşdur. Turalı bıçaqla vurduqdan sonra ondan geridə Xəyalın onun dostu Xaliqlə söhbət etdiyini görmüş, Xəyalın taxta parçası ilə Xaliqi vurduğu üçün o da geri çevrilib əlindəki bıçaqla Xəyalın arxa tərəfdən bədəninin müxtəlif yerlərinə ardıcıl bıçaq zərbələri vurmuşdur. Xəyal telefonda ona söyüş söydüyünə, İlkinlə aralarında olan məsələyə görə onunla söhbətə gəldiyinə, onun şəxsiyyətini kiçiltdiyinə görə ona bıçaq xəsarətləri yetirmişdir. Onun Xəyalı öldürmək niyyəti olmamamışdır. Hadisə təxminən 8-10 dəqiqə davam etmiş, hadisə zamanı isə özü xəsarət almamışdır. Həmin vaxt Tural və Xəyala əlavə olaraq yenə də bıçaq zərbəsi vurmaq imkanı olmuş, lakin o, bunu etməmiş, niyyəti o şəxsləri öldürmək olmamış, onun niyyəti Xəyal və Turalı qorxutmaq olmuşdur. Tural ona təpik atandan təpiyin biri onu tutmuş, digəri isə onu tutmamış, kənara çəkiləndə Tural fırlanmış, bundan sonra o, bıçaqla Turalın sağ arxa kürək nahiyəsinə vurmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailə üzvləri, o cümlədən qardaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır və qardaşı Tural ilə birlikdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Fordların qarajı” adlanan avtotəmir sexində avtomobil ustası kimi işləmişdir. Şahid1 onun doğma dayısı oğludur. 09 sentyabr 2020-ci il tarixdə, saat 18 radələrində o və qardaşı Tural çalışdıqları avtotəmir sexində olarkən dayısıoğlu İlkin onların yanına gəlmiş və qonşuları Fərid, onun barəsində artıq-əksik danışdığını, guya ki, onun Fəriddən qorxduğunu, qabağından qaşdığını bildirməsini demişdir. O isə Fəridin nə üçün onun barəsində artıq-əksik danışdığını bilmək üçün İlkinin mobil nömrəsi ilə Fəridə zəng etmişdir. Fəridlə mobil telefonda danışarkən aralarında mübahisə yaranmış, mübahisə zamanı Fərid onunla söyüşlə danışmış, o da Fəridin ünvanına nalayiq söyüş söymüşdür. Mübahisə zamanı Fərid ona İmamzadə Kompleksinin yanında olmasını bildirmiş və söhbət üçün onu həmin yerə dəvət etmişdir. O isə Fəridə olduğu yerdə gözləməsini, həmin ünvana gələcəyini bildirmişdir. Qardaşı Tural və dostları Qafar da yanında olduğundan Tural və Qafar onunla getmişlər. Onlar oraya Qafarın ağ rəngli avtomobili ilə getmişlər. Onlar oraya çatdıqda İmamzadə Kompleksinin sol tərəfində olan boş torpaq sahəsində kənardan tanımadıqları, həmin şəxslərin onları çağırması ilə avtomobili həmin şəxslərin yanına sürmüşlər. Oraya çatdıqda həmin şəxslərin əvvəlcədən tanıdığı Fərid, Səddam, Xaliq, Pərviz və Azər adlı şəxslərin olmasını görmüşdür. Həmin yerə çatanda Fərid onunla kobud danışmış, ona söyüş söyüb, dava etmək üçün üstünə gəlmiş, onun isə dalaşmaq fikiri olmamışdır. Fəridin onun üstünə dava etmək üçün gəlməsi, ona söyməsi ona pis təsir etmişdir. Həmin vaxt orada onların həmin şəxslərlə aralarında sözlə mübahisə yaranmışdır. Qardaşı Tural, Fəridə təpik atmış, lakin təpik Fəridə dəyməmişdir. Fərid onların üstünə gəlib onlara söymüş, nalayiq sözlər deməklə dava-dalaşı Fərid başlatmışdır. Dava-dalaş olan zamanı o, özü də Fəridin başına bir şillə vurmuşdur. Orada bir az qarışıqlıq düşmüşdür. Xaliqgilin də Fəridin yanında gəlməsi onu bir az əsəbiləşdirmiş, onları vuracağını düşünmüşdür. Bu vaxt Xaliq əlində taxta üstünə gələndə özünü müdafıə etmək üçün ehtiyat etdiyi üçün o, taxtanı Xaliqin əlindən alıb, sonuncunun başına bir zərbə vurmuş, Xaliq zərbə nəticəsində çöməlib yerə yıxılmışdır. Amma Xaliq onları vurmamış, ilk dalaşan Fərıd olmuş, Fərid əgər onları söyüb onları vurmaq üçün üstünə gəlməsəydi, dava da olmayacaqdı. Onun arxası Fəridə tərəf olduğundan Fəridin onun qardaşı Turalı bıçaqla vurmasını görməmişdir. Dava zamanı əlini həmin nahiyəyə apardıqda qan gəldiyini və bu vaxt o, “məni bıçaqla vurdular” deyə qışqırmışdır. O, bıçaqla vurulduqdan sonra əks tərəf hadisə yerindən qaçıb getmişlər. Onların nə ilə qaçıb getdiklərini görə bilməmişdir. Qafar həmin vaxt onu və qardaşı Xəyalı xəstəxanaya aparmışdır. Sonradan Fəridin onu və qardaşı Turalı da bıçaqla vurub xəsarət yetirdiyi ona məlum olmuşdur. Orada özü və qardaşı Tural və Xaliqdən başqa heç kimsə xəsarət almamışdır. Fərid onu və qardaşı Turalı bıçaqla vurub xəsarət yetirmişdir. Fəridlə birlikdə gələn şəxslərdən Xaliq, eləcə də orada olan Səddam da onları vurmamış, qabağa durmuş, dava olmasını qarşısını almağa calışmışdır. Həmçinin onlarla birlikdə gedən qohumu İlkin onları aralamağa çalışmış və heç kimi vurmamışdır. Qafar isə onlarla birlikdə dava-dalaşda iştirak edərək özlərini müdafiə etməyə çalışmışdır. Mübahisə 7-8 dəqiqə çəkmiş, hadisə yerində ətraf sakinlərdən və kənar şəxslərdən gələn olmamışdır. Hazırda o, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş ziyan ödənilmişdir. Hadisə vaxtı əynində olan paltarların ona qaytarılmasın istəmir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, yuxarıda göstərilən ünvanda ailə üzvləri, o cümlədən qardaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşayır və qardaşı Xəyal ilə birlikdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Fordlarm qarajı” adlanan avtotəmir sexində avtomobil ustası kimi işləmişdir. Şahid1 onun doğma dayısı oğlu olmuşdur. 09 sentyabr 2020-ci il tarixdə, saat 18 radələrində o və qardaşı Xəyal çalışdıqları avtotəmir sexində olarkən dayısı oğlu İlkin gəlmiş və qardaşı Xəyala qonşuları Fəridin, qardaşı Xəyal barəsində artıq-əksik danışdığını demişdir. Xəyal isə Fəridin nə üçün onun barəsində artıq-əksik danışdığını bilmək üçün İlkinin mobil nömrəsi ilə Fəridə zəng etmiş, həmin vaxt o, Xəyal və Fərid mobil telefonda mübahisə etmişlər. Onlar telefon danışığı zamanı həmin gün axşam saatlarında Gəncə şəhəri, Natavan qəsbəsində yerləşən “X24 Kompleksi” nin yanında görüşmək qərarına gəlmişlər. Bu məqsədlə o, Xəyal, qohumu İlkin və dostu Qafar birlikdə sonuncunun ağ rəngli, “Hundai” markalı avtomobili ilə Gəncə şəhər X8rşısına getmişlər. Onlar oraya çatdıqda İmamzadə Kompleksinin sol tərəfində olan boş torpaq sahəsində kənardan tanımadıqları, təxminən 5-6 nəfər şəxs görüb həmin şəxslərin onları çağırması ilə avtomobili həmin şəxslərin yanına sürmüşlər. Oraya çatdıqda həmin şəxslərin Fərid, Səddam və üzdən tanıdığı, lakin adlarını bilmədiyi əlavə 3 nəfər şəxs də olmuşdur. Həmin vaxt orada onların həmin şəxslərlə aralarında sözlə mübahisə yaranmışdır. Mübahisəni və dava-dalaşı ilk olaraq Fərid, başlatmış, Fərid, oraya onlarla dava etmək üçün gəlmiş, Fərid onları söyüb üstlərinə gəlib onları vuranda o, Fəridə təpik atmış, onun atdığı təpik Fəridə dəyməmişdir. Onların mübahisələri qarşılıqlı dava-dalaşa çevrilmişdir. Fərid oraya bıçaqla hazırlıqlı vəziyyətdə, dava etmək üçün gəlmiş, onlar isə oraya dava etmək üçün getməmişdir. Mübahisəni Fərid başlatmış, onun yanında gələn şəxslər onlarla mübahisə etməmiş, söyüş söyməmiş, həmin şəxslər araya durub sakitləşdirmək istəmişdir. Həmin müddətdə Fərid Xəyala nalayiq ifadə işlətmiş, Xəyal da Fəridə söymüş, o, Fəridə yaşca kiçiksən, bu nə danışıqdır demək üçün qabağa durmuşdur. Fərid onları söyəndə Xəyal, Fəridin başına bir şillə vurmuşdur. Fərid təpik atanda o da Fəridə təpik atmış, onun atdığı təpik Fəridə dəyməmişdir. Bir qədər sonra onun döş qəfəsindən nə isə dəymiş, sonra Fərid qardaşı Xəyal tərəfə getmişdir. Fərid qardaşı Xəyala tərəf gedən zaman o, Xəyalın qışqıraraq «məni bıçaqla vurdular» deməsini eşitmişdir. Özü də Xəyalın üstünə özünü atan zaman Fəridgil də qaçıb çıxıb getmiş, Qafar da onları avtomobilinə qoyub xəstəxanaya gətirmişdir. Sonradan o, onu və qardaşını bıçaqla vuran şəxsin Fərid olmasını dəqiqləşdirmişdir. Mübahisə 7-8 dəqiqə çəkmiş, hadisə yerinə ətraf sakinlərdən və kənar şəxslərdən gələn olmamışdır. Hadisə vaxtı İlkin, Qafar, Azər, göygöz ləqəbli Pərviz və Səddam heç kəsi vurmamış, araya durub davanı sakitləşdirmişlər. Hazırda o, təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Ona vurulmuş ziyan ödənilmişdir. Hadisə vaxtı əynində olan paltarların ona qaytarılmasından imtina edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, "xxxx" ASC-nin mühasibi vəzifəsində çalışır. Özünə məxsus “Hundai Sonata” markalı, ağ rəngli, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanımış, aralarında dostluq münasibətləri olmuşdur. O, 09.09.2020-ci il tarixdə, axşam saatlarında “Taksimatornu” adlanan avtotəmir sexində, Tural və Xəyal qardaşlarının yanında olmuş, həmin vaxt Xəyal əsəbi halda qardaşı Turalla birlikdə Gəncə şəhər İmamzadə Kompleksinə getməyə hazırlaşmışlar. Onlar telefonla kiminləsə danışıb telefonda mübahisə etmiş və görüş yeri kimi X15 təyin edilmişdir. O, da özünün avtomobili ilə Xəyalı, Turalı və onların İlkin adlı qohumlarını X12 aparmışdır. Onlar oraya çatdıqda tanımadığı bir neçə nəfər şəxslər orada dayanmışdılar. Həmin vaxt onlar avtomobildən düşdükdən sonra orada bir neçə dəqiqə söhbət etməyə başlamışlar. Söhbət zamanı əvvəl Xəyal, Fərid adlı şəxsdən nə üçün İlkini sıxışdırdığını, nə üçün onun barəsində artıq-əksik danışdığını soruşmuşdur. Fərid isə bunların yalan olduğunu deyərək təkzib etmişdir. Bu vaxt dava-dalaş başlamış, ilk öncə kimin kimi vurmasını xatırlamamışdır. Həmin vaxt hava qaranlıq olduğu üçün və ara qarışdığı üçün o, kimin kimi vurmasını görməmişdir. Xəyal “məni bıçaqla vurdular” deyə qışqırdığını eşitmişdir. O, Xəyala tərəf çevrildikdə Tural “deyəsən məni də vurdular” demişdir. Dava-dalaş zamanı o və İlkin aralamağa çalışmışlar. Xəyal və Tural bıçaqla vurulduqdan sonra əks tərəf hadisə yerindən qaçıb getmişlər. O isə Turalı və Xəyalı xəstəxanaya aparmışdır. Həmin vaxt hava qaranlıq olmuş və hamı bir-biri ilə dalaşmışlar. Bunun üçün Xəyalı və Turalı kimin vurduğunu görməmişdir. Hadisə, təxminən 5-7 dəqiqə davam etmişdir. Lakin olduqları yer yaşayış evlərinin yaxınlığı olmuş və evlərin işıqları yanmamışdır. O, xəsarət almamış, onu heç kim vurmamışdır. O, Fəridin yanında gələn şəxsləri tanımamışdır. Onunla oraya gedən Xəyalgilin əllərində heç bir taxta parçası olmamış, orada kimin əlində taxta parçası olmasını, kimin əlində bıçaq olmasını görməmişdir. Davanı Fərid başlatmış, Xəyalgil oraya dava etmək üçün deyil, yalnız söhbət etmək üçün getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Barat-pur Şəlalə Tapdıq qızı, ifadəsində göstərmişdir ki, Barat-pur Fərid Asəf oğlu onun oğludur. Rəsmi nikahları olmadığı üçün Fərid onun soyadını daşımışdır. 09 sentyabr 2020-ci il tarixdə axşam saatlarında Fərid evdən getmiş, yaxın vaxtda evə qaydacağını demişdir. Bir müddət keçmiş, Fərid evə gəlməmiş, o, gecə saatlaında Fəridi mobil nömrəsinə yığsa da, nömrəsi bağlı olmuşdur. Səhəri gün, yaşadığı evə polislər gəlmiş, polislər gələndən sonra ona oğlu Fəridi polislərin axtardığı məlum olmuş, səbəbini soruşanda ona Fərid 09.09.2020-ci il tarixdə İmamzadə kompleksinin yaxınlığında dalaşdığını, qonşuları İlkinin qohumlarını bıçaqla vurduğunu demişlər. Sonra o, İlkinin yanına gedib hadisə barədə soruşmuş, İlkin ona bibisi oğlanları ilə Fərid orada dalaşdıqlarını demiş, Fərid İlkinin bibisi oğlanlarını bıçaqla vurduğunu bildirmişdir. O, sonra İlkinin xəsarət alan bibisi oğlanlarının evinə getmiş, orada üzrxahlıq etmiş, həmin vaxt Tural evdə olmuş, sonuncunun elə bir cilddi xəsarəti olmamışdır. Xəyalın xəstəxanada olmasını eşidib, o, xəstəxanaya getmiş, orada Xəyala da üzrxahlıq etmiş, Xəyala köməklik üçün yardım etmək istəmiş, amma onun yardımını qəbul etməmişlər. Oğlu Fərid ona zəng etməmiş, onunla heç bir əlaqə saxlamamış, bir müddət polislər onlara gəlib-getmiş, Fərid isə evə gəlməmiş, harada olmasını bilməmişdir. Sonra Fəridin tutulduğunu, onun həbs olunduğunu eşitmişdir. Qonşuları İlkinin aranı qatdığını, Fəriddən nəşə istədiyini, Fərid də nəşəsi olmadığını demiş, Fərid İlkinə təpinməsindən sonra İlkin də yalandan bibisi oğlanları Turalla Xəyalın yanına gedib guya Fərid Xəyalgilin arxasınca danışdığını deyib qızışdırmış, Xəyalgil də İlkinin qızışdırmasından sonra Fəridə zəng vurub söyüş söyüb Fəridlə söhbət etmək üçün Fəridi söhbətə çağırmış, Fərid də qardaşı oğlu Azərlə oraya getmiş, orada da Xəyalgil Fəridin üstünə cumub Fəridi pis-pis söyüşlərlə söydüyü üçün, Fəridə ölü söyüşü, ana söyüşü söydüyü üçün, Fərid də onları vurmuşdur. İbitidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə iclasında elan edilmiş şahid X13, ifadəsində göstərmişdir ki, anası Səfayətlə birlikdə yaşamışdır. O, Barat-pur Fərid Asəf oğlunu, uşaqlıq dövründən tanımış, qonşu kimi münasibətləri normal olmuşudur. 2020-ci ilin sentyabr ayında dəqiq yadında qalmayan vaxtda Fəridin yanında olanda Fərid telefonla kiminləsə də danışmış, acığı tutmuş, Fəridin qohumu Azər, o, Fərid və yadımda qalmayan kimsə də taksi ilə İmamzadə Kompleksi tərəfə getmişlər. Bir müddət sonra oraya tanımadığı bir neçə nəfər gəlib, Fəridlə dalaşmaq istəmişlər. Onlar orada araya durub dalaşanları sakitləşdirib, sonra çıxıb getmişlər. Fərid yolda həmin şəxsləri bıçaqla vurduğunu demişdir. O, Fəriddə bıçaq olduğunu görməmiş, onları vurmasını bilməmişdir. Sonra o, evə gəlmiş, bir neçə gündən sonra da müalicə üçün Gəncədə həmişə yatdığı Psixatriya xəstəxanasında yatmışdır. Fəridlə oraya gələn adları yadından çıxmış iki qardaşlar mübahisə etmiş, onlar da araya durub davanı sakitləşdirmiş, orada kimin kimi vurmasını, kimin əlində taxta olmasını görməmiş, heç Fəridin əlində də bıçaq olmasını görməmişdir. O, Fəridin orada olan şəxslərdən Xəyal və Turalı bıçaqla vuran zaman Fəridə hər hansı bir köməklik göstərməmiş, həmin şəxslərə də heç bir xəsarət yetirməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Barat-pur Fərid Asəf oğlu 06 yanvar 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 08.01.2021-ci il tarixli 4(043)-3/2021 saylı təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs Barat-pur Fərid Asəf oğlunun barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın əvvəlinin 06 yanvar 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Barat-pur Fərid Asəf oğlunun ifadəsi yerində yoxlanılmış, yerində yoxlanılması istintaq hərəkətinin icrası zamanı Gəncə “İmamzadə” dini-mədəniyyət kompleksinin giriş hissəsi ilə üzbəüz gəldikdə sağ tərəfə gedən torpaq yolu göstərərək bildirmişdir ki, 09.09.2020-ci il tarixdə, saat 21 radələrində o, görüş üçün təyin etdiyi hadisə yerinə getmək üçün ilk öncə “İmamzadə” kompleksinin qarşısına gəlmiş və oradan həmin istiqamətə getmişdir. Ona görə də Barat-pur Fərid Asəf oğlunun göstərdiyi istiqamətdə gedilmiş, sonuncunun istəyi ilə kompleksin girişindən, təxminən 150-200 metr məsafədə torpaq yolda dayanmışlar. Fərid Barat-pur həmin yerdə yolun orta hissəsini göstərib bildirmişdir ki, 09.09.2020-ci il tarixdə həmin yerdə Xəyal və Tural qardaşları ilə onun arasında mübahisə baş vermişdir. Belə ki, Tural onunla kobud danışmış, əl hərəkətləri ilə onunla danışması şəxsiyyətinə toxunmuş, ona görə mübahisə zamanı o, əsəbləşərək hər iki qardaşa yerlərini, həddini bildirmək məqsədi ilə üzərində olan cib bıçağı ilə Turala və Xəyala bıçaq xəsarətləri yetirmişdir. Hadisə təxminən 10 dəqiqə davam etmiş, hadisə vaxtı oradan tanımadığı şəxsin avtomobili keçib getmiş, ətrafdakı yaşayış evlərinin işıqları isə yanılı imiş. Hadisədən sonra isə Xaliqlə birlikdə oradan qaçıb getmişlər. Bundan sonra o, “İmamzadə” kompleksinin giriş tərəfini göstərib bildirdi ki, hadisə başa çatdıqdan sonra həmin istiqamətdə qaçıb getmişlər. Əvvəlcədən “Samsung” markalı fotoaparatla çəkiliş ediləcəyi haqqında xəbərdarlıq edilməklə ifadəsi yerində yoxlanılan Fərid Barat-purun göstərdiyi yerlərin bir neçə görünüşdən fotoşəkilləri çəkilmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkətinin icrası gündüz vaxtı, təbii işıqlandırma hava şəraitində keçirilmişdir. İstintaq hərəkəti icra edilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 sentyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış Şahid1 hadisə yerini göstərməsi ilə keçirilmiş, müəyyən edilmişdir ki, hadisə yeri Gəncə şəhəri, Kəpəz rayonu, X11 sol tərəfindəki boş torpaq sahəsində yerləşir. Yolun sağ və sol tərəfində yabanı kollar və ağaclıqlar vardır, hadisə yerinin yaxınlığınday aşyaış evləri vardır, işıqları yanır. Hadisə yerinə baxış keçirmə zamanı Şahid1 bildirmişdir ki, həmin yerdə qohumları Tural və Xəyal bıçaqlaşmışlar, həmin vaxt hava qaranlıq olduğu üçün Turalgilin kim tərəfindən bıçaqla xəsarət yetirməsini görməmişdir. Hadisə yerinə baxış keçirmə zamanı sübut həməiyyətinə malik ola biləcək hər hansı bir predmet aşkar edilməmiş, hadisə yerindən hər hansı bir əşya götürülmməmişdir. Hadisə yerinə baxış gecə vaxtı, süni işıqlandırma hava şəraitində keçirilmiş, hadisə yerinin bir neçə grünüşdən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09 sentyabr 2021-ci tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər ikisinin hadisə zamanı əyinlərində olmuş üst geyim əşyalarına Gəncə şəhəri təcili Tibbi Yardım xəstəxanasının Cərahiyyə şöbəsində baxış keçirilərək götürülmüşdür. Baxış keçirmə zamanı şöbənin kiçik tibb bacısı işçisi X2 təqdim etdiyi 01 ədəd ağ rəngli kişi maykası və 01 ədəd ağ rəngli qısaqol yaya köynəyinə baxış keçirmə zasmanı həmin geyim əşyalarının üzərində qanabənzər ləkələrin olması məlum olmuşdur. Baxış zamanı Gülnarə Əsədova bildirmişdir ki, təqdim etdiyi qısaqol yay köynəyini cərahiyyə şöbəsində əməliyyat olunmazdan əvvəl Zərərçəkmiş şəxs1 əynindən çıxarmış, kişi maykasını isə kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olan Zərərçəkmiş şəxs2 əynindən çıxarmışdır. Baxış zamanı maykanın üzərində bir ədəd, köynəyin üzərində isə 04 ədəd yırtılma izəri aşkar edilmişdir. Hər iki geyim əşyaları baxış zamanı ayrı-ayrı qablaşdırılaraq götürülmüş, geyim əşyalarının bir neçə görünüşdən fotoşəkli çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının 15.09.2020-ci il tarixli, 1414 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş dörd ədəd deşilmiş-kəsilmiş yara aşkar edildi: Bu yaralardan biri daxilə keçən yara olub, döş qəfəsinin sağ yan səthində yerləşir, sağ ağciyərin zədələnməsi ilə müşayiət olunur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Həmçinin rəydən görünür ki, digər yaralar daxilə nüfuz etməyən yaralardır, onlardan biri döş qəfəsinin sol yan səthində, digər ikisi isə döş qəfəsinin sağ yan səthində yerləşir, dərəcəsinə görə hər biri ayrı- ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Bundan başqa ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 09.09.2020-ci il tarixə uyğun gəlir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının 16.09.2020-ci il tarixli, 1424 nömrəli rəyindən görünür ki, Niftəliyev Tural Fazil oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarət – döş qəfəsinin arxa səthinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 09.09.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizanın 16.09.2021-ci il tarixli, 42 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 şəxsiyyət vəsiqəsinin kserosuətinə əsasən qanın qrup göstəricisi A(İİ) betadır. Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsinin kserosuətinə əsasən qanın qrup göstəricisi A(İİ) betadır. Həmçinin ekspertiza rəyindən görünür ki, təqdim edilmiş X3 məxsus bir ədəd qısaqol yay köynəyi üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Bundan başqa ekspertiza rəyindən görünür ki, təqdim edilmiş X6 məxsus bir ədəd ağ rəngi mayka üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A (İİ) beta olduğundan onun özünə məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tarsoloji ekspertizasının 10 noyabr 2020-ci il tarixli 16/695 nömrəli rəyindən görünür ki, təqdim olunan köynəyin üzərində olan 04 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə- kəsilmə zədələridir. Köynəyin üzərində olan 04 ədəd zədələrin və MEM-in Gəncə Regional bölməsinin 16/696 №-li rəyində təsvir edilmiş digər zərərçəkmiş şəxs X9 hadisə vaxtı əynində olmuş maykanın üzərində olan 01 ədəd zədənin ayrı-ayrılıqda eyni xüsusiyyətə malik predmetin təsirindən yaranması istisna edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 15.09.2020-ci il tarixli 1414 saylı ekspert rəyindən görünür ki, X9 bədəndə yerləşən “dörd ədəd deşilmiş - kəsilmiş yara, bir ədədi döş qəfəsinin sağ yan səthdə, bir ədədi döş qəfəsinin sol yan səthdə və digər ikisi döş qəfəsinin sağ yan səthdə yerləşən” xəsarətləri ilə köynəyin səthində olan zədələr yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər üst-üstə düşür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tarsoloji ekspertizasının 10 noyabr 2020-ci il tarixli 16/696 nömrəli rəyindən görünür ki, təqdim olunan maykanın üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə- kəsilmə zədəsidir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 16.09.2020-ci il tarixli 1424 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş maykanın səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin arxa səthinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş - kəsilmiş yarası” xəsarəti ilə maykanın səthində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Barat-pur Fərid Asəf oğlunun barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 12.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Fərid Barat-pur barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, əvvəllər məhkum olunmaması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş təqsirləndirilən şəxs Barat-pur Fərid Asəf oğlunun barəsində Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış 13.08.2021-ci il tarixli, 2952 saylı arayışdan görünür ki, o, həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş təqsirləndirilən şəxs Barat-pur Fərid Asəf oğlunun barəsində Gəncə şəhər Narkoloji Dispanserdən alınmış 13.08.2021-ci il tarixli, 4017 saylı arayışdan görünür ki, o, həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs Barat-pur Fərid Asəf oğlu ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12.12.2002-ci il tarixli qərarından görünür ki, qəsdən adam öldürmə o vaxt Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). İstər “Qəsdən adam öldürmə”, istərsə də “Qəsdən sağlamlığa ağır zərər vurma” cinayətlərinin tövsifedici əlaməti olan “xuliqanlıq niyyəti” təqsirkarın öz davranışı ilə özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə əxlaq normalarını kobud surətdə pozması halında öz əksini tapır. Eyni zamanda qeyd edilən cinayət əməlinin çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilməsi xuliqanlıq niyyətinin olmasına dəlalət edir. Qanunun mənasına görə xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsə zərər vurmada ifadə olunur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edərək heç bir səbəb olmadan, yaxud cüzi səbəbdən bəhanə etməklə cinayət törədir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12.12.2002-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Barat-pur Fərid Asəf oğlu 09 sentyabr 2020-ci il tarixdə, saat 21 radələrində Gəncə şəhəri, Natavan qəsəbəsində yerləşən Gəncə “İmamzadə”dini-mədəniyyət kompleksinin qarşısında silah qismində istifadə edilən cib bıçağını istifadə etməklə ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi və şəxslərə qarşı zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq və xuliqanlıq niyyətilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməllərini törətdiyinə görə onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Barat-pur Fərid Asəf oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən Barat-pur Fərid Asəf oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayəti törətməsi həmin Məcəlləsinin 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Barat-pur Fərid Asəf oğlunun zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, səmimi etirafı və əməlindən peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasın onun cəzasını yüngülləşdirən halların kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Barat-pur Fərid Asəf oğlunun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən Barat-pur Fərid Asəf oğlunun zərərçəkmiş şəxslərlə barışmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən təqsirləndirilən Barat-pur Fərid Asəf oğluna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.2.4 və 221.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Barat-pur Fərid Asəf oğlunun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, ailə vəziyyətini və onun barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkün olsa belə, onun ittiham olunduğu həmin Məcəllənin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə belə cəza təyin edildikdə, həmin cəzanın onun həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, təqsirləndirilən Barat-pur Fərid Asəf oğlunun barəsində qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, səmimi etirafını və əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri qaydasında Barat-Pur Fərid Asəf oğlu ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Barat-Pur Fərid Asəf oğlunun cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 06 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Gəncə şəhər BPİ-də saxlanılan maddi sübutlar- 02 ədəd kişi geyimləri sahibləri tərəfindən qəbul edilməsi imtina edildiyindən məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 63 ( altmış üç ) manat məbləğində pul Barat-Pur Fərid Asəf oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. Təqsirləndirilən şəxs Barat-Pur Fərid Asəf oğlunun məhkəmədə hüquqlarının müdafiəsini Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi təqsirləndirilən şəxs Barat-Pur Fərid Asəf oğluna 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfi və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Barat-Pur Fərid Asəf oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin və ona, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Barat-Pur Fərid Asəf oğluna qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barat-Pur Fərid Asəf oğlu cəzasini ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barat-Pur Fərid Asəf oğlunun cəzasının əvvəli onun tutulduğu andan, 06 yanvar 2021-ci tarixdən hesablansın. Barat-Pur Fərid Asəf oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Gəncə şəhər BPİdə saxlanılan 02 ədəd kişi geyimləri sahibləri tərəfindən qəbul edilməsi imtina edildiyindən məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 63 ( altmış üç ) manat məbləğində məhkəmə məsrəfləri təqsirləndirilən şəxs Barat-Pur Fərid Asəf oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar