Məhkəmə qərarları › İş №1(100)-324/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-324/2022

06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-324/2022 06.07.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.2001-ci ildə Goranboy rayonu, Tatarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Tatarlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdə saat 15:30 radələrində fərdi taksi fəaiyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-2106” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağına Gəncə şəhərindən müştəri qismində əyləşərək, onu Gəncə şəhər Təhsil idarəsinin inzibati binasının yanına aparmasını bildirmiş, lakin həmin ünvana çatmamış fikrindən daşınaraq, Zərərçəkmiş şəxs 15 manat pul müqabilində onu Goranboy rayonu, Səfikürd kəndinə aparmasını, kəndə çatdıqda pulu atasından alıb ona verəcəyini bildirib razılığa gələrək, Goranboy rayonu, Səfikürd kəndi istiqamətində yola düşdükdən sonra 15 manat gediş haqqını verə bilməyəcəyini, atasının pulunun olmaması səbəbindən pis vəziyyətdə qalacağını düşünüb, gediş haqqını verməkdən yayınıb qaçmaq məqsədi ilə saat 16 radələrində avtomobil Goranboy rayonu, Rəhimli kəndi ərazisində hərəkətdə olduğu zaman üzərində gəzdirdiyi məişət təyinatlı mətbəx bıçağı ilə avtomobilin salonunda heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə sükan arxasında əyləşən sürücü Zərərçəkmiş şəxs sağ qulaq nahiyəsinə bir dəfə vuraraq sağ qulaq seyvanının kəsilmiş-deşilmiş yarası ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sonra isə qarın nahiyəsinə bir dəfə vuraraq qarının sağ epiqastral nahiyəsində qarın boşluğuna dəlib keçmiş kəsilmişdeşilmiş yarası, piylik hissəsinin eventrasyası yarası, posthemarargik şok İİ dərəcə xəsarətləri ilə nəticələnən yetirilən anda həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində avtomobil yuma məntəqəsində işləmişdir. O, həmin vaxtdan Gəncə şəhərində «Dəyirmanın dairəsi» deyilən yerin yaxınlığında yaşayan Könül adlı qadınla tanış olmuş, hərdən onun evinə gedib görüşmüşlər və yaxın münasibətləri yaranmışdır. Tutulmamışdan təxminən 7-8 gün əvvəl Könül Gəncə şəhərindən gəlib, Goranboy rayonunun Dəliməmmədli şəhərində kirayədə yaşamışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində o, Könüllə telefonla danışarkən telefonda Könüllə dalaşmış və bir-birinə söymüşlər. xx.xx.2022-ci il tarixdə nə qədər Könülün nömrəsinə zəng etsə də Könül onun zənglərinə cavab verməmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində iş yerinə getmiş və orada olan qara rəngli mətbəx bıçağını götürüb şalvarının belinə taxmışdır ki, birdən Könül, tanışı olan oğlanlara onu döydürərsə özünü qorusun. O, iş yerindən çıxıb Gəncə şəhərində «Dəyirmanın dairəsi» deyilən yerə tərəf getmiş, fikirləşmişdir ki, bəlkə Könülü görə bilər. Sonra qayıdıb Gəncə şəhərinin çıxışında «Əllər dairəsi» deyilən yerə gəlmişdir. Təxminən saat 15:30 radələrində «Əllər dairəsi»də dayanmış tünd yaşıl rəngli “VAZ- 2106” markalı dövlət nömrə nişanını xatırlamadığı bir taksiyə yaxınlaşmış və taksiyə oturub, yaşlı sürücüyə onu Gəncə şəhər Təhsil idarəsinin yanında yaşayan bacısı gilə aparmasını bildirmişdir. Taksi ilə bir qədər getdikdən sonra Gəncə şəhərində «Dəyirmanın dairəsi»nə çatmamış bacısı gilə getmək fikrindən daşınmış və taksi sürücüsündən Goranboy rayonu, Səfikürd kəndinə neçə manata apara biləcəyini soruşmuş, atasının orada yaşadığını, ondan pul alıb verəcəyini bildirmişdir. Taksi sürücüsü Goranboy rayonu, Səfikürd kəndinə 20 manata aparacağını demiş, o isə taksi sürücüsünə 15 manat verə biləcəyini bildirmişdir. Taksi sürücüsü onunla razılaşmış və «Dəyimanın dairəsi»nə çatmamış taksi dönüb geri Goranboy rayonu istiqamətində getməyə başlamışdır. Taksi ilə yol boyu söhbət edə-edə getmişlər. O, taksidə sürücünün sağ tərəfində qabaqda oturmuşdur. Goranboy rayonunun Veyisli kəndini keçib, Rəhimli kəndindən kənar yol ilə Goranboy rayonunun Səfikürd kəndi istiqamətində gedərkən, Rəhimli kənd qəbiristanlığını keçdikdən sonra o, 15 manat pulu haradan alıb taksi sürücüsünə verəcəyini, bəlkə atasının pulu olmayacağını, taksidən düşəndə pis vəziyyətdə qalacağını fikirləşmişdir. Həmin fikirlər, həmçinin Könülə əsəbləşməyi onu özündən çıxarmışdır. Düşünmüşdür ki, şalvarının belinə taxdığı bıçağı çıxardıb sürücünü vurub qaçıb getsin. Rəhimli kəndi ilə Səfikürd kəndinin arasındakı boş sahəlik yerdə qəfildən bıçağı belindən çıxardıb bir dəfə sürücünün sağ qulaq nahiyyəsindən vurmuş, həmin anda sürücü sükanı sağa çəkib avtomobili yoldan çıxartmışdır. Bundan sonra o, ikinci zərbəni sürücünün qurşaq nahiyyəsi istiqamətində vurmuşdur. Avtomaşın yoldan sağ tərəfə çıxıb çökək hissəyə düşmüş, qabağı təpəyə dirənib dayanmışdır. Avtomobil dayanan kimi o, düşüb yolun sol tərəfinə Rəhimli kəndi istiqamətində ağaclığa tərəf qaçmışdır. Avtomaşından düşüb qaçan zaman bıçağı avtomaşından təxminən 10-15 metr aralı atmışdır. Oradan Goranboy rayonu, Rəhimli kəndində yaşayan ana nənəsi Sima gilə getmişdir. Nənəsi gildə olan zaman xx.xx.2022-ci il tarixdə təxminən saat 10:30 radələrində küçəyə çıxan zaman polis əməkdaşları onu tutub Goranboy rayon polis şöbəsinə gətirmişlər. Onun taksi sürücüsünü öldürmək fikri olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, özünə məxsus “VAZ-2106” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərdən Gəncə şəhəri, «Əllər dairəsi» deyilən yerdə dayanıb sərnişan olanda aparıb çörək pulu qazanır. xx.xx.2022ci il tarixdə təxminən saat 15:30 radələrində Gəncə şəhərində «Əllərin dairəsi» deyilən yerdə dayanan zaman təxminən 20-21 yaşında arıq bədənli, qarayanız, alçaq boylu cavan bir oğlan ona yaxınlaşıb, onu Gəncə şəhərində Təhsil idarəsinin yanında yaşayan bacısı gilə aparmasını xahiş etmişdir. O, həmin oğlana əyləşməsini demişdir. Həmin cavan oğlan onun avtomaşınında sağ tərəfdə qabaqda əyləşmiş və onu avtomobillə dediyi ünvana tərəf aparmaq üçün yola düşmüşdür. Bir qədər getdikdən sonra, yəni Gəncə şəhərində «Dəyirmanın dairəsi» deyilən yerə çatmağa az qalmış həmin oğlan Goranboy rayonu, Səfikürd kəndinə neçə manata apara biləcəyini soruşmuş və atasının orada yaşadığını, atasından pul alacağını bildirmişdir. O, həmin oğlana 20 manata aparacağını demişdir. Ancaq həmin oğlan 15 manat verə biləcəyini bildirmiş və o da razılaşmışdır. Həmin oğlan onu Goranboy rayonu, Səfikürd kəndinə aparmasını dediyi üçün avtomobili döndərib geri, Goranboy rayonu istiqamətində getməyə başlamışdır. Goranboy rayonu, Rəhimli kəndinə çatdıqda oğlan onların kəndinə gedən kəsə yolla getmələrini demişdir. Yəni, Goranboy rayonu, Rəhimli kəndinin qəbiristanlığının yanından keçib, oğlanın dediyi kəndə tərəf getmişdir. Bir qədər getdikdən sonra ətraf boşluq sahə olan yerdən keçən zaman qəfildən sağ tərəfində oturan oğlan böyüründən bıçaq çıxardıb, onun sağ qulaq nahiyyəsindən vurmuşdur. O, həmin anda qışqırmış və idarəetməni itirmiş, avtomobili yoldan sağa tərəf çıxmışdır. Həmin andan oğlan bir zərbə də bıçaqla onun qarın nahiyyəsinə vurmuşdur. Avtomobil yoldan çıxıb sağ kənarda çökəyə düşmüş və qarşı tərəfi təpəyə dirənib dayanmışdır. Oğlan avtomobildən düşüb sol tərəfə, ağaclığa tərəf qaçmışdır. O, bir təhər avtomobilin sol qapısını açıb yerə düşmüşdür. Onun qarın nahiyyəsindən, sağ qulaq nahiyyəsindən qan axıb yerə, daşların üzərinə tökülmüşdür. O, yolu keçib, yolun sol tərəfində dayanmış və yoldan keçən markasını, nömrəsini xatırlmadığı bir avtomaşın saxlatmış, onu Goranboy rayon xəstəxanasına aparmasını xahiş etmişdir. Həmin avtomobil onu Goranboy rayon xəstəxanasına aparıb, xəstəxananın həyətinə düşürüb getmişdir. O, yeriyərək xəstəxanaya daxil olmuş və həkimlərə, tibb işçilərinə onu bıçaqla vurduqlarını bildirmişdir. Həkimlər polisə məlumat vermişlər və ona tibbi yardım göstərmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 Yəhya oğlu ifadəsində göstərmişdir ki, həyat yoldaşı və oğlu Təqsirləndirilən şəxslə birgə yaşamışlar. Roman Gəncə şəhərində kirayədə yaşamış, Gəncə şəhərində avtomobil yuma məntəqəsində işləmiş, evə hərdən-bir gəlmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 10-11 radələrində Goranboy RPŞ-dən zəng edərək oğlu Romanın saxlanılması barədə məlumat vermişlər. O, polis şöbəsinə gələrək maraqlandıqda məlum olmuşdur ki, Roman xx.xx.2022-ci il tarixdə günorta saatlarında Gəncə şəhərindən Goranboy rayonu, Səfikürd kəndinə evlərinə gələn zaman gəldiyi taksi sürücüsünü rayonun Rəhimli kəndi ərazisindən keçən zaman bıçaqla vurub, avtomaşından düşüb qaçmışdır. Roman oradan Goranboy rayonu, Rəhimli kəndində yaşayan nənəsi Simanın evinə getmiş və həmin gecə nənəsi gildə qalmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 10-11 radələrində polis əməkdaşları Goranboy rayonu, Rəhimli kəndində küçədə Romanı saxlamışlar. Həmin vaxta qədər Romanın törətdiyi hadisə barədə heç bir məlumatı olmamışdır. Roman bıçaqla taksi sürücüsünü vurması və hadisə yerindən qaçması barədə onlara heç nə deməmiş, o, Romanın Gəncə şəhərində işdə olmasını güman etmişdir. Romanın bıçaqla taksi sürücüsünə ağır xəsarət yetirməsini və Rəhimli kəndində nənəsi gilə getməsini həmin vaxt bilməmiş, Roman polis əməkdaşları tərəfindən tutulduqdan sonra hadisədən xəbəri olmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Goranboy rayonu, Tatarlı kəndində yaşayan Təqsirləndirilən şəxs onun nəvəsidir. Roman Gəncə şəhərində avtomobil yuma məntəqəsində işləmişdir. 25 fevral 2022-ci il tarixdə təxminən saat 16:30 radələrində o, evdə olan zaman Roman onlara gəlmiş, onunla görüşmüş, Romana çay-çörək vermişdir. Roman yemək yedikdən sonra evdə oturmuş və həmin gecə onlarda qalmışdır. Roman onlara qonaq gəldiyini, həmin gün onlarda qalacağını demiş, başqa heç nə deməmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 10-11 radələrində Roman evdən küçəyə çıxan zaman Goranboy RPŞnin əməkdaşları Romanı küçədə tutub, polis şöbəsinə aparmışlar. Romanı polis əməkdaşları aparan zaman xəbərləri olmamışdır. Goranboy RPŞ-dən onlara məlumat verərək bildirmişlər ki, Roman xx.xx.2022-ci il tarixdə Gəncə şəhərindən taksi ilə yaşadığı Goranboy rayonu, Səfikürd kəndinə gedən zaman, onların kəndinin yaxınlığında taksi sürücüsünü bıçaqla vurub qaçmış və həmin vaxt da onlara gəlmişdir. Roman onlara gələn zaman kimisə bıçaqla vurması barədə onlara heç nə deməmişdir. O, Romanın taksi sürücüsünü nə səbəbə bıçaqla vurmasını bilməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılmasına dair protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 61-68). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 167 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər a) qarının sağ epiqastral nahiyəsində qarın boşluğunu dəlib keçmiş, kəsilmiş-deşilmiş yarası, piylik hissəsinin eventrasiyası, yarası posthemarargik şok İİ dərəcə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, b) sağ qulaq seyvanının kəsilmiş-deşilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin, o cümlədən xx.xx.2022-ci il tarixdə ekspertizaya təqdim olunmuş mətbəx bıçağı ilə vurulma zamanı əmələ gələ bilərdi (iş vərəqə: cild İ, səh. 102-104). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə psixiatirik ekspertizasının 21 aprel 2022-ci il tarixli, 249 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən, yəni xx.xx.2022-ci il tarixdə öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hazırkı ekspertiza zamanı da öz hərəkətlərinin mənasını dərk etmək, hərəkətlərini idarə etmək iqtidarındadır (iş vərəqə: cild İ, səh. 127-128). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks məhkəmə-biloji, məhkəmə-kriminalistik və məhkəmə-trasoloji ekspertizasının 07 aprel 2022-ci il tarixli, 161/2022-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin sağ yaxalığın ön səthində bir ədəd dəlib-keçən, gödəkçənin sol qolun arxa tikişi üzərindən bir ədəd dəlib-keçməyən (yalnız üst qatını zədələyən) və sviterin ön səthinin sağ nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin təsirindən törənmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthində sağ cibin yuxarı kənarında bir ədəd cırılma zədəsi aşkar olundu. Bu cırılma, gödəkçənin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə və sviterin ön səthinin sağ nahiyəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədə onun bədəninin qarının sağ epiqastral nahiyəsində, qarın boşluğuna dəlib keçmiş, kəsilmiş-deşilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Gödəkçənin sol qolun arxa tikişi üzərində aşkar edilmiş bir ədəd dəlib-keçməyən (yalnız üst qatını zədələyən) zədə onun bədəni üzərində öz əksini tapmayıb. Bu da yalnız paltarın zədələnməsi ilə izah oluna bilər. Zərərçəkmiş şəxs bədəninin sağ qulaq seyvanında aşkar edilmiş bir ədəd kəsilmiş yara onun paltarı üzərində öz əksini tapmamışdır. Bu da, həmin nahiyənin paltarın örtülməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsuli ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (iş vərəqə: cild İ, səh. 129-133). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan maddi sübutların məhkəmə tibbi bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 193/MTBŞ-2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq Zərərçəkmiş şəxs məxsus gödəkçə və köynək üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız B antigeni alındı. Beləliklə, həmin qan ləkələri ABO sistemi üzrə B(İİİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqə: cild İ, səh. 134-139). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, hadisə yerindən keçən asfalt yoldan aşkar edilərək götürülmüş və üzərindən avtomaşınlar keçməsi nəticəsində dəstəyi sınmış halda olan bir ədəd bıçaq götürülmüş və həmin bıçaq Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmişdir. Təqsirləndirilən şəxs hadisə yerindən aşkar edilərək götürülmüş dəstəyi sınmış bıçağı tanıyaraq, Zərərçəkmiş şəxs həmin bıçaqla vurduğunu, lakin həmin vaxt bıçağın ebonitdən olan dəstəyinin salamat olmasını, hadisə yerindən qaçarkən bıçağı asfalt yola atdığını bildirmişdir (iş vərəqə: cild İ, səh. 58-60). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisə yerinə baxış keçirilərkən götürülmüş bir ədəd dəstəyi sınmış, məişət təyinatlı mətbəx bıçağı və Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd sviter iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Goranboy Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 148-158). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 26 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2022-ci il tarixdə tutulmuş və Goranboy Rayon Polis X2 Yerinə təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 42). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Goranboy Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 26 fevral 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 87-90). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 110). Cinayət işinin materiallarına əlavə edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Tatarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayonu, Tatarlı kəndində yaşayır və onun barəsində əvvəllər cinayət xarakterli məlumat daxil olmamışdır (iş vərəqə: cild İ, səh. 94). Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur (cinayət işinin materialları). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 26 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 26 fevral 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Goranboy Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan maddi sübutlar – bir ədəd dəstəyi sınmış, məişət təyinatlı mətbəx bıçağı məhv edilməli, Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə və bir ədəd sviter - sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərci müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu 26 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Goranboy Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan bir ədəd dəstəyi sınmış, məişət təyinatlı mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə və bir ədəd sviter - sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Xəqani Səmədov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar