Məhkəmə qərarları › İş №1(100)-326/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-326/2023

08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-326/2023 08.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər X2 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X3, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Pentensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq qazanc əldə etmək barədə razılaşdıqdan sonra istintaq zamanı müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ayrı-ayrı torbalarda külli miqdarda, yəni ümumi təmiz çəkisi 9507 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 30 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən dərman preparatını əldə edib şəxsiyyəti istintaqa məlum olmayan şəxsin tapşırığına görə satış məqsədi ilə Bakı şəhərinə aparmaq üçün üzərində saxlayaraq daşımış, 28 yanvar 2023-cü il tarixdə saat 12:40 radələrində Gəncə şəhər BPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri Tağı Arani küçəsində yerləşən «Metallurq» stadionunun yaxınlığında saxlanılıb ünvan 2 ünvanda yerləşən Gəncə şəhər BPİ-yə gətirilmiş və şəxsi axtarış keçirilən zaman əlində olan göy rəngli idman çantasından üzəri yapışqanlı lentlə sarınmış 5 ədəd bükümdə və 30 ədəd metadon tərkibli həbləri şəffaf polietilen torbanın içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı ayrı-ayrılıqda təmiz çəkiləri 2070 qram, 2073 qram, 1218 qram, 2066 qram və 2080 qram olmaqla ümumilikdə külli miqdarda, yəni 9507 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 30 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli təsiredici maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Bəhruz adlı şəxslə Facebook sosial şəbəkəsində tanış olmuş, onun narkotik vasitələrin daşınmasında kuryer kimi işləməsi təklifinə razılıq vermişdir. Sonuncu ilə ilk işinin razılaşması belə olmuşdur ki, o Gəncə şəhərində olan 5 kiloqrama yaxın narkotik vasitəni təyin edilmiş yerdən götürərək Bakı şəhərinə gətirəcək və bunun müqabilində ona 2-3 min manat pul veriləcək. Vurğulayır ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində o, Facebook sosial şəbəkəsi vasitəsi ilə tanıdığı Bəhsat ləqəbli Bəhruz adlı şəxs yaşadığı evdə olan zaman Whatsapp proqramı vasitəsi ilə ona zəng edib Gəncə şəhərində yaşayan tanışına bir neçə ay əvvəl narkotik vasitə heroin göndərdiyini, hazırda həbs olunmaqdan qorxduğu üçün həmin şəxsin narkotik vasitəni geri qaytardığını bildirmiş, sözügedən narkotik vasitəni Gəncə şəhərindən götürüb Bakı şəhərinə çatdırmalı olduğunu, bunun müqabilində 2-3 min manat qanorar alacağını bildirmişdir. Maddi imkanını zəif olduğuna görə o, Bəhruzla razılaşımış və Bəhruzdan ona Gəncə şəhərinə getməyindən ötrü pul göndərməsini xahiş etmiş, Bəhruz da ona məxsus Leobank plastik pul kartına 60 manat pul göndərmişdir. xx.xx.2023-cü il təxminən saat 19 radələrində avtobusla Gəncə şəhərinə yola düşmüş, 28 yanvar 2023-cü il tarixdə Gəncə şəhərinə çatmışdır. Gecələməyə yeri olmadığına görə o, yemək üçün ərzaq alıb piyada gəzməyə başlamış, ertəsi günü Bəhruzla mobil əlaqə saxlamış və Bəhruzun ona Whatsappla göndəridiyi fotoşəkil və məkanla o, həmin narkotik vasitəni götürmək üçün Gəncə şəhəri, Tağı Arani küçəsində yerləşən Metallurq adlanan əraziyə getmişdir. Daha sonra o, fikrindən daşınaraq narkotik vasitəni götürməmək qərarına gəlmiş, bu məqsədlə sözügedən ərazidən aralanıb Gəncə avtovağzalına getmək istəyən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirib, onu döyüb başına silah dirəyib polis şöbəsinə aparmışlar. Polis şöbəsində həmin narkotik vasitəni etiraf etməsinə məcbur etmişlər. Əlavə olaraq qeyd edir ki, onun narkokuryer kimi daşımalı olduğu narkotik vasitə maksimum 5-6 kilo olmalı imiş. Ehtimal edir ki, aşkar olunan 10kq heroinin onun daşımalı olduğu narkotikin üzərinə polislər tərəfindən əlavə edilməklə artırılıb. Bəhruz adlı şəxsin ona göndərdiyi 60 manat pulu yol pulu və yemək üçün ərazqa xərclədiyinə görə onda Bəhruzun göndərdiyi pul qalmamışdır. Üzərindən aşkar edilmiş 1 manat pul isə onun özünün olmuşdur. istifadəsində olan +994 55 *** ** ** mobil telefonunun vatsap proqramı vasitəsi ilə Bəhruzun istifadəsində olan +**********02 mobil nömrəsinin vatsap proqramı vasitəsi ilə bir-birləri ilə səs və smslər göndərərək hal əhval tutmuşlar. O, heç kimə narkotik vasitə satmamış, həmçinin ittihamda qeyd olunan narkotik vasitəni götürməyib geri qayıtmış, yəni cinayət törətməkdən könüllü imtina etmişdir. İfadəsinə əlavə olaraq himayəsində azyaşlı uşağının olduğunu bildirmiş və bu halın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, O, 2009-cu ildən DİO-da, 2022-ci ildən isə tutduğu vəzifədə xidmət edir, polis baş leytenantı xüsusi rütbəsindədir. Sumqayıt şəhəri, Corat qəsəbə sakini Təqsirləndirilən şəxs İran İslam Respublikasından gələn narkotik vasitələri və psixotrop maddələri ölkə ərazisində narkokuryerlik edərək daşıması və satması, həmçinin Gəncə şəhərinə satmaq üçün narkotik vasitə olan heroin və metadon dərman həbləri gətirməsi barədə məlumatlar daxil olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə Gəncə şəhərində olacağı və narkotik vasitə olan heroin satması barədə məlumatı daxil olmuş, daxil olmuş məlumat idarə rəisinə məruzə etdikdən sonra isə əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun rəhbəri Şahid1 olmuş. 28 yanvar 2023-cü il tarixdə saat 12 radələrində Gəncə şəhəri, Tağı Arani küçəsində olduğu yer müəyyən edilərək saxlanılmış və Gəncə şəhər BPİ-yə dəvət edilmiş. Həmin vaxt Təqsirləndirilən şəxs əlində göy rəngli idman çantasını təqdim etmiş və həmin çantanın içərisində olan kütlələrin narkotik vasitə olduğunu bildirərək həmin narkotik vasitələri 4-5 ay əvvəl Facebook sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam respublikası vətəndaşı Bəhruz adlı şəxsin göstərişi ilə Gəncə şəhəri, Tağı Arani küçəsində Metallurq adlanan ərazidən götürdüyünü bildirmiş. Təqsirləndirilən şəxs narkotik vasitəni Gəncə şəhəri ərazisindən götürüb Bakı şəhərində təyin edəcəyi əraziyə qoyduqdan sonra Bəhruzun ona 2000-3000 manat arası pulu plastik kart vasitəsi ilə göndərəcəyini bildirmiş. Daha sonra Şahid1 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin çəkilərini hadisənin üzərindən xeyli vaxt keçməsi səbəbindən dəqiq xatırlamır, lakin sözügedən narkotik vasitələr 8-10 bağlamada olmaqla olduqca ağır çəkidə olmuşdur. Növü isə heroin və metadon həbləri olmuşdur. Tutulan zaman Təqsirləndirilən şəxs qarşı hər hansı zərərsizləşdirmə tədbiri həyata keçirilməmişdir. Təqsirləndirilən şəxsin tutularkən başına silah dayanmasından ibarət fikirlər söyləməsi onun öz uydurmasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 4(125)-49/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə, yəni 28 may 2023-cü il tarixədək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 mart 2023-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, Gəncə şəhər BPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis baş leytenantı X4, Gəncə şəhər BPİ-nin X1 əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1 və polis leytenantı Şahid2, X1 kiçik inspektoru polis baş serjantı Şahid3, həmçinin Gəncə 1 saylı vəkil bürosunun vəkili X6 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs əlində olan göy rəngli idman çantasını xidməti iş otağında masanın üzərinə qoyaraq həmin çantanın içərisində olan 05 ədəd şəffaf rəngli yapışqan lentlə sarınmış kütlələri və 01 ədəd şəffaf rəngli sellofan torbada olan çoxsaylı həbləri təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə olan heroini və dərman həbləri 4-5 ay əvvəl Facebook sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Bəhruz adlı şəxsin göstərişi ilə Gəncə şəhər, Tağı Arani küçəsində yerləşən Metallurq adlanan ərazidən götürdüyünü bildirir. Daha sonra Təqsirləndirilən şəxs qara rəngli qış gödəkçəsinin sol iç cibindən 1 ədəd Samsung A3 markalı mobil telefonunu və 1 ədəd Leobanka məxsus 4098 5844 6826 8667 nömrəli plastik kartı təqdim ederək Bəhruz adlı şəxslə xx.xx.2023-cü il tarixdə Vatsap vasitəsi ilə əlaqə saxladığını, sonuncu narkotik vasitəni Gəncə şəhəri ərazisindən götürüb Bakı şəhərində təyin edəcəyi əraziyə qoyduqdan sonra ona 2000-3000 manat arası pulu plastik kart vasitəsi ilə göndərəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd Prima markalı siqaret, 02 ədəd alışqan, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd cib dəsmalı, həmin gödəkçənin sol iç cibindən 01 ədəd berloklu açar, əynində olan sarı rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd 1 manatlıq pul əskinazı aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli yapışqanlı lentlə sarınmış kütlələrin hər birinin kənarları kəsilərək baxış keçirilir və hər biri qəhvəyi rəngli, narkotik vasitə olan heroin olduğu aşkar olunur. Həmin narkotik vasitə olan heroinlər elektron tərəzidə çəkilir və onların çəkilələrinin 2,218 qr, 2,258 qr, 1,229qr, 2,232 qr, 2,247 qram ümumi çəkilərini 10,184 qram olması müəyyən olunur. Sonra sellofan torbada olan dərman həbləri sayılır, onların 148 ədəd olması müəyyən olunduqdan sonra sellofan torbaya qoyulmaqla elektron tərəzidə çəkilir və ümumi çəkilərinin 84 qram olması müəyyən olunur. Təqsirləndirilən şəxs aşkar olunmuş beş ədəd şəffaf rəngli yapışqanlı lentle sarınmış narkotik vasitə olan heroin və sellofan torbada olan həblər ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzərləri iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 10 fevral 2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona yüklənmiş «Vhatchap»ında Bəhruz kimi qeyd etdiyi «+**********02 » nömrəsi ilə yazışmalarında 28 yanvar 2023-cü il tarixdə, saat 11:59 dəqiqədə həmin şəxs tərəfindən səsli formada «qardaş noldu onlar cəhənnəm olub getdi» daha sonra isə saat 12:09 dəqiqədə «deyirsən qardaş nə mənə» yazılmış səs yazıları, saat 12:22 dəqiqədə «səs göndər set yoxdu» və «noldu götürdün» yazılmış mesajlar göndərmiş, Təqsirləndirilən şəxs tərəfindən saat 12:23 dəqiqədə «alo, götürdüm, məndədi hara gəlim» yazılmış səs yazısı göndərmiş, saat 12:27 dəqiqədə həmin şəxs tərəfindən Təqsirləndirilən şəxs «yaxşı oldu, Bakıya gələcəksən hara gələsisən, gəl Bakıya mənə zəng elə» yazılmış səs yazısı göndərmiş, saat 12:29 dəqiqədə Təqsirləndirilən şəxs tərəfindən «Bakıya çatan kimi özüm yığıcam səni» və «tez karta pul vur, karta pul vur» yazılmış səs yazıları, saat 12:30 dəqiqədə həmin şəxs tərəfindən «yaxşı yaxşı, göndərirəm indi vura» yazılmış səs yazısı göndərilmiş, saat 12:33 dəqiqədə Təqsirləndirilən şəxs tərəfindən «burda elə bil dediyindən çoxdur axı ay Behzat, Bəhruz, dədiyindən çoxdur, nə qədərdir ki burda» yazılmış səs yazısıgöndərilmiş, saat 12:32 dəqiqədə həmin şəxs tərəfindən Təqsirləndirilən şəxs « qardaşım bir də bax ha orda 10 kiloya yaxındır, artıq pul verəcəm, çıx çat Bakıya kartada indi pul vurdururam, mənə xəər elə» yazılmış səs yazısı, saat 12:34 dəqiqədə «on kilodur, on kilo» yazılmış səs yazısı, saat 12:35 dəqiqədə «onun orda 3 kilosunu qoyacaqsan Bakıda başqa yerə onu götürəcəklər, o qalanı da qalacaq səndə» yazılmış səs yazısı, saat 12:35 dəqiqədə «ondan da sənə pul alıb verəcəm, o 3 kilodan da sənə pul alıb verəcəm sənə 2 min 3 min» yazılmış səs yazısı, saat 12:36 dəqiqədə «mindin maşina» yazılmış səs yazıları göndərmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məxsus «Samsung» markalı mobil telefonun «Qaleriya»sında Təqsirləndirilən şəxs tərəfindən 27 yanvar 2023-cü il tarixdə çəkilmiş video görüntüdən görünür ki, "Təqsirləndirilən şəxs mən Gəncə şəhərinə Bəhruzun narkotik vasitəsini Bakı şəhərinə gətirmək üçün gedirəm» deyə video çəkmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 29 yanvar 2023-cü il tarixli 6/525 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş …..» yazı və imzalar olan bağlamadakı, -5(beş) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 2070qr, 2073qr, 1218qr, 2066qr, 2080qr, ümumi təmiz çəkisi 9507 qram (9kq 507qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponet tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə–heroindir. -148 ədəd həbdən, 30 ədəd üzərlərində “ F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 30 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 1,2 qramdır (bir həbdə 0,04qr metadon olmaqla). Həblər tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidirlər. -digər 118 ədəd açıq qəhvəyi rəngli dairəvi formalı həblərin tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponetləri yoxdur. Heroin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in 1ci siyahısına, metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İİ siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmənarkoloji ekspertizasının 01 may 2023-ci il tarixli 763 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroinindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmətibbi ekspertizasının 30 yanvar 2023-cü il tarixli 133 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 yanvar 2023-cü il tarixli əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və ya metadon tərkibli həbləri həqiqətən hansı mənbədən əldə etməsi, narkotik vasitəni ələ etdiyini bildirdiyi İran vətəndaşı olan şəxsin şəxsiyyətinin müəyyən olunması, “+**********02” saylı mobil nömrənin sahibinin şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan heroini və metadon tərkibli həbləri iranlı şəxslə qabacadan əlbir olub qrup təşkil etməklə satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Füzuli Hərbi Məhkəməsinin 27 iyul 2017-ci il tarixli, 1-xx-xx-2017 saylı kökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 318.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib ona qəti olaraq 09 il 06 ay müdddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 1-1(106)02/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona qəti olaraq 06 il müdddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 7(007)-829/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 02 ay 09 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2008-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Əzizbəyov rayon məhkəmisinin xx.xx.2009-cü il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2009-cü il tarixli amnistiya qərarına əsasən çəkilməmiş cəza yarıyadək azaldılıb, 06 ay 14 gün azadlıqdan məhrum etmə ilə əvəzlənib, Bakı şəhəri Əzizbəyov məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə cəzanın qalan hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2011-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2011-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 317-2.1; 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən xx.xx.2013-cü ildə vaxtıdan əvvəl şərti azad olunub, Füzuli hərbi məhkəməsinin xx.xx.2017-cü il hökmü ilə Azərbaycan Respublikasının CM-nin 206.3.2., 318.2., 234.4.3., 66.3-cü maddələri ilə təqsirli bilinərək 09 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya məhkəməsinin xx.xx.2018-cü il qərarı ilə 06 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-cü il tarixli qərarı ilə 02 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 9506,65 qram olan narkotik vasitə heroin, 25 ədəd metadon tərkibli həb, 1 ədəd “Samsung A30» markalı mobil telefon, bir ədəd «LEO bank»a məxsus plastik kart, Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, 2 ədəd “DVD” və 2 ədəd “CD” cinayət işinin materiallarına əlavə edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlarla yanaşı həmçinin vurğulayır ki, Təqsirləndirilən şəxs məhkəmə istinatqında vermiş olduğu ifadədə polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması, cinayətdən könüllü imtina etməsi, polis əməkdaşları tərəfindən ona göstərilmiş təzyiqə görə etirafedici ifadə verməsinə dair xüsusatlar həqiqəti əks etdirmir. Belə ki, sözügedən xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla şahidlərin ifadələri, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, istintaq hərəkətlərinin protokolları, Təqsirləndirilən şəxs mobil telefonuna keçirilmiş baxış istintaq hərəkətinin protokolu, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zaman qeydə alınmış video görüntüləri özündə əks etdirən DVD diskə keçirilmiş baxış, və s. sübutlarla tam təkzib edilmişdir. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri həmin xüsusatları məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən qeyd olunan hissədə həqiqətə uyğun hesab etmir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin və metadon narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı, metadonun isə şəxsi istehlak miqdarından artıq miqdarı 0,02 qram və ondan yuxarı, külli miqdarı isə 1,6 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirici hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdırıcı hal hesab edir. Belə ki, Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli, 1-1(106)02/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib ona qəti olaraq 06 il müdddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2008-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiyada) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Əzizbəyov rayon məhkəmisinin xx.xx.2009-cü il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2009-cü il tarixli amnistiya qərarına əsasən çəkilməmiş cəza yarıyadək azaldılıb, 06 ay 14 gün azadlıqdan məhrum etmə ilə əvəzlənib, Bakı şəhəri Əzizbəyov məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə cəzanın qalan hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilib, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2011-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2011-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 317-2.1; 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən xx.xx.2013-cü ildə vaxtıdan əvvəl şərti azad olunub, Füzuli hərbi məhkəməsinin xx.xx.2017-cü il hökmü ilə Azərbaycan Respublikasının CM-nin 206.3.2., 318.2., 234.4.3., 66.3-cü maddələri ilə təqsirli bilinərək 09 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya məhkəməsinin xx.xx.2018-cü il qərarı ilə 06 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-cü il tarixli qərarı ilə 02 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdir. Göründüyü kimi Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan məhkəmə hökmü ilə 06 il müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsinə baxmayaraq məhkumluğu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilməmiş və ya götürülməmiş və yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; məhkumluqları ödənilmiş hesab olunur. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli hesab edilir. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsinin tələbinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs şəxsiyyətini, törətmiş olduqları cinayələrin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onların törətdiyi cinayətə görə müəyyən olunmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəzaya məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 01 may 2023-ci il tarixli 763 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroinindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən ekspertiza tədqiqindən sonra qalan 9506,65 qram narkotik vasitə heroin, 25 ədəd metadon tərkibli həb, 1 ədəd “Samsung A30» markalı mobil telefon, bir ədəd UNİBANK ASC-nin «LEO bank» brendini daşıyan plastik bank kartı, Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş 2 ədəd “DVD” və 2 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanca verilmiş ekspertiza tədqiqindən sonra qalan 9506,65 qram narkotik vasitə heroin, 25 ədəd metadon tərkibli həb, məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olan 1 ədəd “Samsung A30» markalı mobil telefon və bir ədəd UNİBANK ASC-nin «LEO bank» brendini daşıyan plastik bank kartı qanuni sahibinə qaytarılmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Dövlət büdcəsi hesabına hüquqi yardım göstərmiş vəkil Müdafiəçi xx.xx.2023-cü il tarixli hesabatından görünür ki, Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına göstərdiyi hüquqi yardıma sərf etdiyi toplam vaxt 71 saatdır və vəkilə ödənilməli olan haqqın miqdarı 426 manatdır. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 71 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 426 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 114 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanca verilmiş verilmiş ekspertiza tədqiqindən sonra qalan təmiz çəkisi 9506,65 qram olan narkotik vasitə heroin, 25 ədəd metadon tərkibli həb məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. 1 ədəd “Samsung A30» markalı mobil telefon, bir ədəd UNİBANK ASC-nin «LEO bank» brendini daşıyan plastik bank kartı qanuni sahiblərinə qaytarılsın. 2 ədəd “DVD” və 2 ədəd “CD” diskin iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 71 (yetmiş bir) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 426 manat məbləğində pul köçürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 manat ( bir yüz on dörd) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar