Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-327/2024 12.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi : hakimlər Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, zərərçəkmiş şəxsin hüquqi varisi X13, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun X2 və Təqsirləndirilən şəxs iştirakı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə verilmiş ittihamdan görünür ki, O, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində idarə etdiyi “Vaz 2105” markalı, ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yaşadığı Ağstafa rayonu Saloğlu qəsəbəsində kəndarası yolda hərəkətdə olarkən Ağstafa rayonu, Düzqışlaq kənd sakini Şahid4 idarə etdiyi içərisində X6 da olduğu “Vaz 21011” markalı, ** BH *** qeydiyyat nişanlı avtomobilə yol verməməsi ilə bağlı aralarında sözlə mübahisəyaranmış, lakin Şahid4 avtomobilində sərnişin qismində olan həmkəndiisi Şahid6 Ələsgər oğlunun müdaxiləsindən sonra mübahisəyə son qoyulmuş, bundan sonra Şa~xa Həmidov avtomobilini idarə edərək Şahid6 aparıb evlərinə düşürtmək üçün getmiş, o isə bundan sonra kəndarası yolda, Orxan Əlizadə və digərləri ilə arasında olan “məsələni aydınlaşdırmağa” kömək etmək üçün əvvəlcədən yanına çağırdığı qohumları Şahid2 və Şahid3lə birlikdə avtomobilində yaranmış nasazlığı təmir etməyə çalışmış, həmin vaxt həmkəndlisi Şahid1 İsa oğlu da onun yanına gəlmiş, Şahid6 evinə düşürtdükdən sonra yaşadığı Düzqışlaq kəndinə getmək üçün onun dayandığı yerə tərəf hərəkətdə olan Şahid4 idarə etdiyi, içərisində X14, Şahid7 və X7 olduğu avtomobil onların olduğu yeri keçib bir qədər irəlidə, avtomobildə yaranmış nasazlıqla əlaqədar hərəkəti dayandırdıqdan sonra tərəflər arasında yenidən yaranmış sözlə mübahisə zamanı Şahid1la Orxan Əlizadənin ortaq tanışlarının olması məlum olduğundan mübahisəyə son qoyulmuş və bundan sonra Şahid1 Orxan Əlizadə ilə söhbət edə-edə avtomobillərinin nasazlıqla bağlı hərəkətini dayandırmamışdan əvvəl hərəkətdə olduqları istiqamətdə piyada gedərək küçəni sola dönüb Saloğlu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin binasına doğru 18 m məsafə qət etmiş, o isə Şahid1 və O.Əlizadənin arxası ilə həmin yerə gəlmiş və həmin vaxt orada O.Əlizadənin “mənim burda qabağımı kəsən oğlanın var yoxunu...” deyib əlini yüngülcə onun sifətinə toxundurmasını özünə qarşı təhqir hesab edərək aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qisas amaq üçün öldürmək məqsədi ilə istintaqa məlum olmayan məhdud səthə malik küt əşya(lar) ilə Orxan Əlizadənin həyat üçün mühüm olan baş nahiyyəsinə ilkin kontakt yeri alın nahiyyəsi olmaqla zərbə(lər) vurub baş beyinin ağır dərəcəli əzilməsi, hər iki alın payının intraparenximal hematoması, sol gicgah, təpə, alın nahiyəsinin subdural hematoması, alın və təpə sümüklərinin xətti sınıqları, alın və sol sifət nahiyyəsinin sıyrılmış yarası hematoması ilə müşayiət olunan qapalı kəllə beyin travmasından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, hər iki dirsək oynağının və sağ əlin arxa səthlərinin, hər iki baldırın ön səthinin çoxsaylı sıyrıqlarından ibarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, başın qapalı küttravması nəticəsində hər iki alın payının intraparenximal hematoması, sol gicgah, təpə, alın nahiyyəsinin subdural hematoması ilə ağırlaşmış, alın və təpə sümüklərinin xətti sınıqları ilə müşayiət olunan baş-beyinin ağır dərəcəli əzilməsindən xx.xx.2023-cü il tarixədək koma vəziyyətində qalaraq həmin tarixdə ölümünə səbəb olan xəsarətlər yetirib sonuncunu qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı dövlət ittihamçısı Müşfiq Rəhimov Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müdafiə hüququnun pozuntularına yol verilsə də həmin halların işin mahiyyəti üzrə baxılmasına mane ola biləcək pozuntular olmadığını, buna görə də işin məhkəmə baxışına təyin edilərək təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmədə çıxış edən ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X18 məhkəməyə yazılı vəsatət təqdim edib və eyniməzmunlu çıxış edərək Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı olan Ağstafa rayon prokurorluğunun verdiyi ittihamla razı olmadığını, ona daha ağır - Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddə ilə ittiham verilməsi üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Elmira Həsənova məhkəməyə yazılı vəsatət verərək, ibtidai araşdırma zamanı müstəntiq və prokuror tərəfindən kobud qanun pozuntularına yol verilməsini əsas gətirərək həmin pozuntular arada qaldırılmadan işin məhkəmə baxışına təyin edilməsinin mümkün olmadığını, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək istintaqa qaytarılmasını, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağstafa rayon prokuroru və iş üzrə ibtidai araşdırmanı aparmış Ağstafa rayon prokurorluğunun müstəntiqi barəsində xüsusi qərar çıxarılaraq aidiyyəti üzrə tədbir görülməsini bildirdi və təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin isə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsini məhkəmədən xahiş etdi. Elmira Xandəmirova vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququ, pozulmuşdur. Belə ki, iş üzrə təqsirləndirilən şəxsin yaxın qohumları tərəfindən onunla müqavilə bağlanılmasına və bu barədə orderi və sənədlərini müstəntiqə təqdim etməsinə baxmayaraq xx.xx.2023-cü ildə keçirilmiş üzləşdirmə istintaq hərəkəti barədə ona məlumat verilməmiş, həmin istintaq hərəkəti onun iştirakı olmadan dövlət hesabına təyin edilmiş faktiki olaraq müdafiə hüququnu icra etməyən digər müdafiəçinin iştirakı ilə keçirilmişdir. Bundan başqa təqsirləndirilən şəxs Bukavazin Baloğana qarşı müstəntiq tərəfindən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə işin faktiki hallarına uyğun olmayan qeyri-müəyyən ittiham verilmiş, iş üzrə bütün toplanmış sübutlar qiymətləndirilməli biri digəri ilə müqayisə edilməli olduğu halda yalnız təyin edilmiş məhkəmə tibbi kriminalistik ekspertiza rəyinə yəni 1 sübut növünə əsaslanmaqla ittiham verilmişdir ki, həmin ittihamda da ekspert rəyində göstərilən bütün hallar, yəni xəsarətin yetirilmə mexanizmi tam açıqlanmamışdır. Özü və Təqsirləndirilən şəxs yekun ittiham elan edildikdən və təqsirləndirilən şəxs onun iştirakı ilə dindirilərkən məlumatlı olmuş, qeyd edilən ekspert rəyi ilə isə qeyd edilən istintaq hərəkətlərindən sonra müstəntiq Günel Bayramova tərəfindən tanış edilmişdir. Tanışetmə protokolunda bu barədə şifahi qeyd vermiş, tibbi kriminalistik ekspertiza rəyi ilə razı olmadığını göstərmiş, təkrar kompleks tibb ekspertiza keçirilməsi üçün vəsatət vermiş, lakin onun vəsatəti müstəntiq tərəfindən heç bir əsas göstərilmədən əsassız olaraq rədd edilmişdir. Müdafiəçisi olduğu şəxsə ittiham tərəfinin verdiyi ittiham bütövlükdə həmin ekpsert rəyi əsasında qurulduğundan həmin rəyin mübahisələndiirlməsi müdafiə tərəfinin ən təbii hüququ olmaqla, bunu inkar edən mötəbər sübutlar vəsatətin rədd qərarında göstərilməmişdir. Məhkəmə cinayət prosesi tərəflərini dinləyib, iş materiallarını araşdıraraq müəyyən etdi ki, iş üzrə ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Belə ki, iş materiallarından görünür ki, (İ cild, səh 197) Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Elmira Həsənova tərəfindən iş üzrə ibtidai istintaqı aparan Günel Bayramovaya xx.xx.2023-cü ildə yazılı müracət edərək......onunla müqavilə bağlanıldığını, şəxsiyyət və vəkillik vəsiqəsini, eləcə də xx.xx.2023-cü il tarixli, ******* №li orderi əlavə edilmiş, ərizə rayon prokuroru tərəfindən müvafiq dərkənarla, həmin tarixdə qeydiyyata alınmaqla iş materiallarına əlavə edilmişdir. Həmin vəsatətə dərhal baxılmalı olduğu halda, məlum olmayan səbəbdən xx.xx.2023-cü il tarixədək bu vəsatətə münasibət bildirilməmiş, xx.xx.2023-cü ildə Şahid7la Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətində müdafiəçi Elmira Həsənovanın iştirakı təmin edilməmişdir. (İ cild, səh 252) Həmin gün yəni xx.xx.2023-cü ildə “vəkilin təqsirləndirilən şəxsə təqdim edilməsi haqqında protokol”a əsasən (saat göstərilməyib) X11 Bukavazinə təqdim edilmiş və müstəntiq təqsirləndirilən şəxslə hüquqlarını müdafiə edən vəkilin görüşünə etiraz etməməsi barədə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasına məktub ünvanlamışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü ildən başlayaraq ibtidai istintaqın sonuna qədər Elmira Həsənova təqsirləndirilən şəxsin müdafiəçisi deyil, məhz “vəkili” statusunda olmuşdur. (bütün tərtib edilmiş sənədlərdə o “vəkil”, yaxud “təqsirləndirilən şəxsin vəkili” kimi göstərilir). Halbuki qüvvədə olan qanunvericilik “vəkil”ə ümumi anlayış kimi yanaşır, vəkil yalnız mülki prosessual icraatda digər şəxs(lər)in hüquqlarını müdafiə edən şəxs olaraq tanınır. Qüvvədə olan cinayət prosessual qanunvericilik isə vəkilin həm nümayəndə (şahid, zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi, həm də hüquqi varis (şübhəli təqsirləndirilən və zərərçəkmiş şəxsin) olmasını istisna etmir. Cinayət Prosessual Qanunverciliyin tələbinə əsasən şübhəli və təqsirləndirilən şəxsə münasibətdə isə onların hüquqlarının müdafiəsi məqsədilə həm ibtidai araşdırma, həm də məhkəmə baxışında vəkil yalnız müdafiəçi qismində çıxış edə bilər. İşin faktiki hallarına əsasən Elmira Həsənovanın müdafiəçi qismində işə buraxılmasından imtina edilməsi barədə qərar olmaması, görüşlə bağlı “razılıq” verilməsi onun Təqsirləndirilən şəxs müdafiəçisi olmasını sübut edir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiə hüququ pozulması hallarından digəri müstəntiq tərəfindən xx.xx.2023-cü ildə hadisə yeri olan Ağstafa rayonu Saloğlu qəsəbəsində keçirilmiş hadisə yerinə əlavə baxış istintaq hərəkətində təqsirləndirilən şəxsin müdafiəçilərindən heç birinə (nə dövlət hesabına müdafiəçi olan Mehti Hüseynov nə də müqavilə əsasında müdafiəsi Elmira Həsənovanın) hər hansı məlumat verilməməsi, onların iştirakının təmin edilməməsidir(iş materialları İİ cild, səh 173) İş materiallarından görünür ki, həmin istintaq hərəkəti bilavasitə iş üzrə sonrakı mərhələdə təyin ediləcək hadisənin törədilmə mexanizmi ilə bağlı tibbi kriminalistik ekspertiza ilə əlaqədar keçirilmiş, bu da cinayət hadisəsinin törədilməsində ittiham edilən təqsirləndirilən şəxsin qanunla qorunan mənafelərinə bilavasitə təsir göstərmişdir. Məhkəmənin qənəatinə görə isə hadisə yerinə baxış ölmüş zərərçəkmiş şəxs barəsində məhkəmə tibbi ekspertizasını keçirən Müdafiə Nazirliyi MTE PA-nın Qərb regional şöbəsinin təyin edilmiş tibbi ekspertiza ilə bağlı vəsatəti (şifahi yaxud yazılı) əsasında olmuşdur ki, buna görə məhkəmə, həmin halları Təqsirləndirilən şəxs müdafiə hüququnun ibtidai araşdırma zamanı kobud olaraq pozulması kimi qiymətləndirir. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə komission tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi xx.xx.2023-cü il tarixdə rayon prokurorluğuna daxil olmasına baxmayaraq iş üzrə müqavilə hesabına qalmış müdafiəçi Elmira Həsənovaya vəsatətində qeyd etdiyi kimi yalnız xx.xx.2023-cü ildə təqsirləndirilən şəxsə yekun ittiham elan edildikdən və şəxs təqsirləndiirlən şəxs qismində cəlb edildikdən sonra elan edilmişdir. Cinayət prosessual qanunvercilikdə ekspert rəyinin müstəntiqə (təhqiqatçıya, istintaq bölmə rəisinə, prokurorluğa, təhqiqat orqanına) daxil olduqdan sonra 10 (on) gün müddətində təqsirləndirilən şəxs və müdafiəçisinə təqdim edilməsi barədə imperativ norma mövcuddur. Hazırki iş üzrə təqsirləndirilən şəxs Baloğa Bukavazinə elan edilmiş ittihamın mahiyyətindən isə görünür ki, təqsirləndirilən şəxsə ittiham digər sübutlara nisbətində əhəmiyyətli dərəcədə məhz həmin ekspert rəyi əsasında verilmişdir. Təqsirləndirilən şəxsin və müdafiəçisinin müvafiq ekspert rəyi ilə tanış edilmədən şəxsə həmin rəy əsasında ittiham verilməsi də Təqsirləndirilən şəxs müdafiə hüququnun pozuntusudur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 223.3.2.-ci maddəsinə əsasən......cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti qərarın təsviri - əsaslandırıcı hissəsində göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Azərbaycan Respublikası CPM-nin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Azərbaycan Respublikası CPM-nin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Azərbaycan Respublikası CPM-nin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə təqsirləndirilən (şühəli) şəxsin müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi, cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Konvensiyanın 6-cı maddəsinin 3(a) yarımbəndi təqsirləndirilən şəxsin "ittiham" barədə məlumatlandırılmasına xüsusi diqqətin yetirilməsinə ehtiyac olduğuna işarə edir. Cinayətin təfərrüatları cinayət prosesində əhəmiyyətli rol oynayır, belə ki, bu təfərrüatlar təqdim edildiyi andan şübhəli şəxsə ona qarşı irəli sürülən ittihamın faktiki və hüquqi əsasları barədə yazılı rəsmi bildiriş verilir (Kamasinski Avstriyaya qarşı, § 79; Pelissye və Sassi Fransaya qarşı [BP], §51). Konvensiyanın 6-cı maddəsinin 3(a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın "əsasları", yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın "xarakteri", yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) yarımbəndi Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi ilə zəmanət verilən daha ümumi ədalətli məhkəmə araşdırması hüququ nəzərə alınmaqla qiymətləndirilməlidir. Cinayət işlərində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar barədə və müvafiq olaraq məhkəmənin məsələ ilə bağlı qəbul edə biləcəyi hüququ xarakteristika haqqında tam və ətraflı məlumatın verilməsi cinayət mühakimə icraatının ədalətli olmasının təmin edilməsi üçün başlıca ilkin şərtdir (Pelissye və Sassi Fransaya qarşı [BP], § 52; Seydoviç İtaliyaya qarşı [BP], § 90). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) və (b) yarımbəndləri arasında bağlılıq bundan ibarətdir ki, ittihamın xarakteri və səbəbi haqqında məlumatlandırılmaq hüququ təqsirləndirilən şəxsin müdafiəsini hazırlamaq hüququ kontekstində qiymətləndirilməlidir (Pelissye və Sassi Fransaya qarşı, § 54; Dallos Macarıstana qarşı, § 47). Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxsə qeyri müəyyən ittiham verilməsi ilə bağlı qeyd edir ki, həqiqətən təqsirləndirilən şəxs və müdafiəçilərinin cinayət hadisəsinin mexanizmi ilə bağlı verilmiş ekspert rəyi ilə tanış edilmədən təqsirləndirilən şəxsə yeni məzmunlu yekun ittiham elan edilməsi onun müdafiə hüquqlarının birbaşa pozuntusudur. Avropa Məhkəməsi müvafiq qərarlarında göstərdiyi kimi, nədə və nəyə görə ittiham olunduğunu bilməyən təqsirləndirilən (şübəli) şəxsin və müdafiəçinin ittiham tərəfinə hansısa müdafiə taktikası qurması və hüquqlarını həyata keçirtməsi mümkünsüzdür. Məhkəmə qeyd edir ki, cinayət prosessual qanunverciliyin ittiham tərəfinə verdiyini diskression səlahiyyətlər (hazırki iş üzrə ekspert rəyinin daxil olduğu vaxtdan 10 gün müddətində təqsirləndirilən şəxs və müdafiəçisinin tanış edilmək hüququ) təqsirləndirilən şəxsin müdafiə hüququnun pozuntusunun “qanuni əsası” kimi qiymətləndirilə bilməz. Qanunverciliyin müdafiə tərəfinə verdiyi ekspert rəyi ilə tanış olduqdan sonra əlavə, yaxud təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlə müraciət etmək, ekspert qarşısında mübahisələndirdiyi, razı olmadığı hal(lar)la bağlı əlavə sual qoymaq hüququ ittiham tərəfinə verilmiş səlahiyyətlərə nisbətdə tərəflərin bərabərlik hüququnun qorunması məqsədi daşıyır. Buna görə də məhkəmə, təqsirləndirilən şəxs və müdafiəçisinin ittihamın əsasını təşkil edən əsas sübut olan ekspert rəyi ilə tanış edilmədən təqsirləndirilən şəxsə yekun ittiham verilməsini həm təqsirləndirilən şəxsin müdafiə hüququnun pozuntusu, həm də şəxsə qarşı ittiham tərəfindən qeyri-müəyyən ittiham verilməsi kimi qiymətləndirir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən yazılmış istintaqın sonrakı mərhələsində hüquqlarının yalnız vəkili X4 tərəfindən müdafiə edilməsi digər müdafiəçi X8 müdafiəçi qismində iştirakına xitam verilməsi barədə ərizəsi də hər hansı tarix göstərilməməsi, ərizəni yazma oxuma bilməyən təqsirləndirilən şəxsin iş üzrə təyin edilmiş mütəxəssis və müdafiəçi(lər)in iştirakı olmadan verilməsi, eləcə də ərizə üzərində prokurorluğun daxilolma ştampının və daxilolma nömrəsinin olmaması məhkəmənin həmin sənədin iş materiallarına sonradan əlavə edilməsi qənaətinə gəlməsinə əsas olmuşdur. (Cild İİİ cild iş vərəq 84). Bundan başqa cinayət işi materiallarında xeyli sayda texniki yanlışlıqlar, ekspertiza təyini və ekspert rəyləri ilə tanışetmə protokolları və müvafiq qərarlarda ekspertiza rəylərinin vərəq saylarının qeyd edilməməsi (cild İİİ iş vərəq 27, və iş vərəqə 142) müəyyən edilmişdir. İşin ilkin ibtidai istintaqı zamanı həmçinin Ağstafa RPŞ İB-nin müstəntiqi polis polkovnik leytenantı X9 tərəfindən faktiki şübhəli şəxs olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə şahid qismində dindirilməsini də məhkəmə Təqsirləndirilən şəxs müdafiə hüququnun pozuntusu kimi qiymətləndirilir. Belə ki şəxsin şahid qismində dindirilərək ona bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297 və ifadə verməkdən imtinaya görə həmin Məcəllənin 298-ci maddəsi ilə cinayət məsuliyyəti daşıması barədə rəsmi xəbərdar edilməsi ciddi prosessual pozuntudur və bu hal Avropa İnsan hüquqları Məhkəməsinin qərarlarında “şəxsin özünü ifşa etməmək hüququ”nun pozuntusu kimi qiymətləndirilir. (Cild İ iş vərəqə 39-42) Bundan başqa iş materiallarının öyrənilməsi zamanı müəyyən edilmişdir ki, cinayət işi başlama qərarında (Cild İ iş vərəqə 1) cinayət prosessual qanunverciliyin imperativ tələbi olmasına baxmayaraq saat və dəqiqə qeyd edilməmiş, iş nə Ağstafa RPŞ-nin İstintaq Bölməsinə, nə də qərarın göndərilmə məktublarında iş materiallarının sayı və siyahısı göstərilməmişdir (Ağstafa rayon prokurorluğu və Ağstafa RPŞ-nin İstintaq Bölməsinə verilmə məktubları isə ümumiyyətlə iş materiallarında yoxdur. (Cild İ iş vərəqə 21 və 106) Ağstafa RPŞ-nin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən qəbul edilmiş törədilmiş cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi qərarı bütövlükdə kompyüterdə yazılmasına baxmayaraq tarixi əlyazma ilə qeyd edilmiş və üzərində də sonradan gözlə aşkar görünən düzəlişlər edilmişdir. (Cild İ iş vərəqə 19) Məhkəmə qeyd edir ki, göstərilən məsələ yəni, iş materiallarının sayı və siyahısının göstərilməməsi məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Elmira Həsənova tərəfindən verilmiş yazılı vəsatətdə göstərilən iş üzrə Şahid1 şahid qismində hansısa məlumatlar əldə edilməsi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə və inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə nail olunmasına dair hissədə əsaslı şübhələrin olmasına gətirib çıxartmışdır. Lakin həmin məsələ məhkəmə hazırlıq iclasının araşdırma predmeti olmadığından iş üzrə qəbul ediləcək xüsusi qərar üzrə müvafiq araşdırma aparacaq səlahiyyətli orqanların göstərilən digər pozuntularla yanaşı, həmin məsələyə də diqqət yetirməsi zəruridir. Cinayət işi üzrə təhqiqatçı və müstəntiqlər tərəfindən yol verilmiş göstərilən pozuntulara ibtidai araşdırmaya prosessual rəhbərliyi həyat keçirən prokuror tərəfindən səhlənkarlıq göstərilərək lazımi diqqət yetirilməmiş, cinayət işinin vaxtında tələb edilərək öyrənilməməsi, qərarın təsviri əsaslandırıcı hissəsində göstərilən ziddiyyətlərin aradan qaldırılması üçün müvafiq qanuni göstərişlərin verilməməsi son nəticədə Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması ilə nəticələnmişdir. Cinayət işi üzrə Ağstafa rayon prokuroru tərəfindən yalnız xx.xx.2023-cü il tarixdə rayon prokurorluğunun müstəntiqinə cinayətin törədilmə mexanizminin hazırkı mərhələdə yeganə bilavasitə şahidi olan Şahid1 İsa oğlunun həmin cinayət hadisəsində iştirakçı olubolmaması ilə bağlı məsələlərin dəqiqləşdirilməsi ilə əlaqədar yazılı göstəriş verilmişdir ki, orada qeyd edilənlər isə müstəntiq tərəfindən icra edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əsasən xx.xx.2023-cü ildə cinayət işi yekun mərhələdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsi tərəfindən öyrənilsə də həmin pozuntulara heç bir diqqət yetirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; Məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı Müşfiq Rəhimov həmçinin vəsatət verərək, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddətinin 01 (bir) ay müddətə uzadılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi Elmira Həsənova isə təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də ev dustaqlığına buraxılmasını xahiş etdi. İş materiallarında olan Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 14 yanvar 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası CPM-nin 300.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı, həmçinin qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən.....300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarmaqla təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Hazırki iş üzrə qərarına təsviri əsaslandırıcı hissəsində göstərilənlərə əsasən kifayət qədər pozuntuya yol verilsə də məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisinin göstərdiyi seçilmiş “həbs” qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsini qeyrimümkün hesab edir və aşağıda qeyd edilən əsaslara görə təmin edilməməsi qənaətinə gəlir: Cinayət işi materiallarından görünür ki, aparılan ibtidai araşdırma dövründə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmamış, təqsirləndirilən şəxs və ailə üzvləri tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsinə, onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə isə ümumiyyətlə hər hansı cəhd göstərilməmiş, eləcə də Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi zamanı məhkəmənin müəyyən edilmiş maddi və prosessual əsaslar dəyişməmişdir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə əməl şəxsiyyətin həyat və sağlamlığı əleyhinə ağır cinayətlər kateqoriyasına aid edildyindən və iş materiallarına əasən təqsirləndirilən şəxs və ailə üzvlərinin iş üzrə şahidlərə bilavasitə təsir göstərmək imkanları mövcud olduğundan, eyni zamanda törədilmiş əməlin ictimai əhəmiyyəti və cəmiyyətin maraqlarının şəxsin azadlığından üstün olmasına dair məhkəmə nəzarəti həyata keçirən Ağstafa rayon məhkəməsinin qərarında göstərilən hallar aradan qalxmadığından “həbs” qətimkan tədbirinin dəyişdirilməsi qanunverciliyin ədalət, obyektivlik və qərəzsizlik prinsipi ilə ziddiyyət təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətə uzadılmalıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X13 verdiyi yazılı vəsatətə münasibətdə isə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verildiyi maddə ilə münasibətdə daha ağır cinayət məsuliyyətinə cəlb edilməsi yalnız məhkəmə baxışının predmetidir, ona görə də hazırki mərhələdə baxılmamış saxlanılmalıdır. Cinayət Prosessual Qanunvericiliyə əsasən təqsirləndirilən şəxsin əməllərindədə məhkəmə baxışında daha ağır cinayətin əlamatləri aşkar ediləcəyi təqdirdə dövlət ittihamçısının tələbi yaxud hüquqi varisin xahişi ilə həmin əsasla iş istintaqa qaytarıla bilər. Məhkəmə bildirir ki, cinayət işi məhkəmədə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağstafa rayon prokuroruna geri qaytarıldığından, zərərçəkmiş şəxsin hüquqi varisi İlham Əliyevin yazılı vəsatəti və çıxışında qeyd etdiyi halları ibtidai araşdırma orqanı qarşısında qaldırmaq hüququ vardır. Məhkəmə, cinayət prosesi tərəfləri, xüsusilə təqsirləndirilən şəxsin müdafiəçisi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Elmira Həsənovanın nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.1-ci maddəsi “müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və onun iştirakı ilə baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz” müddəası eynilə ittiham tərəfinə, yəni iş üzrə ibtidai istintaq aparan və prosessual rəhbərliyi həyata keçirən şəxs(lər)ə də aiddir və hazırki iş üzrə istintaqı aparmış rayin prokurorluğunun müstəntiqi Günel Bayramova barəsində verilən yazılı vəsatətdə müdafiəçinin qeyd etdiyi “müstəntiqin savadının yetərsiz olması, səriştəsizlik və sair...” oxşar eyniməzmunlu ifadələr vəkil etikası ilə uyğunsuzluq təşkil etməklə, gələcəkdə veriləcək vəsatətlərdə ibtidai araşdırmadan narazılıq və şikayətin daha uyğun ifadələrlə qeyd edilməsi, əks təqdirdə həmin hallara məhkəmıə tərəfindən hüquqi qiymət veriləcəyi nəzərə alınmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306-cı maddələrini rəhbər tutub məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi X18 tərəfindən verilmiş vəsatət baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçisi X4 tərəfindən verilmiş təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti, 1 (bir) ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxsin hüquqi varisinə eləcə də dövlət ittihamçısına göndərilsin.
Məhkəmə qərarları › İş №1(100)-327/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-327/2024
12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver