Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-329/2023 18.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və X2 ibarət tərkibdə, X7 və X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X3 iştirakları ilə, xx xxxxxxxx 2005-ci il tarixdə Daşkəsən rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləmyən, məhkum olunmamış, Daşkəsən rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Bəhrəmbəy kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 28 sentyabr 2022-ci il tarixdə saat 20 radələrində Göygöl rayonu, Yeni Qızılca kəndinin inzibati ərazisində tanışı Şahid1 idarə etdiyi X5 məxsus “ZAZ Tavriya” markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olduğu zaman həmin avtomobilin Şahid4 idarə etdiyi “Qaz 3110 101” markalı ** ML *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmasından sonra, onun Şahid1lə birlikdə Şahid4 arasında qəzanın maddi xərclərinin bölüşdürülməsi səbəbindən yaranmış narazılıqları aradan qaldırılması məqsədi ilə hadisə yerinə gəlmiş, tanışı Zərərçəkmiş şəxs ilə onun və avtomobilin sürücüsü Şahid1 arasında sözlü mübahisə baş vermiş, sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs onların ünvanına nalayiq söyüşlər söymüş, bundan sonra həmin gün saat 23 radələrində Göygöl rayonu, Yeni Qızılca kəndinin inzibati ərazisində yerləşən Yeni Qızılca kənd tam orta məktəbin yaxınlığında Zərərçəkmiş şəxs ilə görüş təyin edib görüşdüyü zaman, sonuncu ilə onun aralarında mübahisə baş vermiş, mübahisə zamanı o, Zərərçəkmiş şəxs fiziki cəhətdən ondan güclü olmasını bilərək, özü ilə götürdüyü, müəyyən edilməsi mümkün olmayan bıçaqla sonuncunun sol bazu və qarın nahiyəsinə 3 (üç) dəfə qəsdən zərbə vuraraq Zərərçəkmiş şəxs sol bazu nahiyəsinin arxa-iç səthində, sol dirsək oynağı nahiyəsinin arxa səthində yerləşən, yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan və dərəcəsinə görə hər ikisi ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, döş qəfəsinin sağ yan səthində yerləşən, daxilə nüfuz edən yara, qaraciyərin zədələnməsi ilə müşayiət edilən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa AĞİR zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhəri 2 saylı Peşə məktəbində turizm ixtisası üzrə təhsil alır. Zərərçəkmiş şəxs həmkəndlisi kimi uzun illərdir tanımış,normal münasibətləri olmuşdur. Əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 28 sentyabr 2022-ci il tarixdə təxminən saat 20 radələrində Göygöl rayonu Üçtəpə kəndində yerləşən “Vüsal” şadlıq sarayında atasının xalası oğlu Rəşadın uşağının ad günü şənliyindən çıxaraq Ələmşaha məxsus markasını bilmədiyi sarı rəngli avtomobil ilə Ələmşahın özü, qardaşı Azər, Röyal və o, Göygöl rayonu Bəhrəmbəy kəndinə gedərkən Ələmşah içkili olduğundan avtomobili Röyal idarə etmişdir. Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən “Daşkəsən körpüsü”nü Yeni Qızılca kəndi istiqamətində endikdən sonra Bəhrəmbəy kəndinə dönərkən onlardan öndə tanıdığı Natiq özünə məxsus avtomobil ilə getmişdir. Natiq qəflətən tormozlama etmiş, Röyal avtomobili saxlaya bilməmiş və Natiqin avtomobilinin arxa hissəsindən toxunmuşdur. Onlar avtomobildən düşmüş və Natiqdən salamatçılıq olub-olmadığını soruşmuş, Natiq əvvəl biraz səs-küy salmış, lakin onlar Natiqə avtomobilində elə də ciddi zədə olmadığını, düzəltdirəcəklərini demişlər. Natiq də sakitləşdikdən sonra çıxıb getmişdir. X17 kəndində yerləşən marketdən su alıb içmiş və Ələmşahın avtomobilini yoldan təxminən 200 metr məsafəyə qədər Bəhrəmbəy kəndinə tərəf itələyərək aparmışlar. Orada bir az söhbət etdikdən sonra Röyala evlərinə getməsini və avtomobili özləri aparacaqlarını demişlər. Təxminən saat 21 radələrində o, avtomobili qoşub çəkmək üçün başqa bir avtomobil axtarmaq üçün geri qayıtmışdır. Yeni Qızılca kəndində yerləşən məktəbin yaxınlığında insanların toplaşdığını görmüş o da ora getmişdir. Natiq orada qışqırmış və polis çağıracağını demişdir. O, Natiqə bu cür hərəkət etməməsini, ayıb olduğunu demişdir. Natiq ona “qoy Röyal gəlsin” dediyindən o, Natiqin Röyala zəng edib ora çağırmasını bilmişdir. Röyal həmin yerə gəlmiş və Natiqə etdiyi hərəkətin ayıb olduğunu və ona avtomobilini düzəltdirəcəyini demişdir. Buna baxmayaraq Natiq DİN-in 102 xidmətinə zəng edəcəyini demişdir. Röyal da Natiqə “get nə bilirsən et” demişdir. Natiq oradan getdikdən sonra onlar təxminən 15-20 dəqiqə orada söhbət edib daha sonra Bəhrəmbəy kəndinə getmək üçün yolun kənarı ilə piyada getmişlər. Bəhrəmbəy kəndinə gedən yolda hadisəsinin baş verdiyi yerdə Natiqin öz avtomobilini yol nəqliyyat hadisəsi zamanı olduğu vəziyətə gətirdiyini və polislərin hadisə yerinə gəldiyini görmüşlər. Ələmşahgil Röyala çıxıb getməsini və narahatçılıq olmadığını özlərinin həll edəcəyini bildirmişlər. Röyal da oradan uzaqlaşaraq təxminən 50-60 metr məsafədə dayanmışdır. Həmin vaxtı orada Zərərçəkmiş şəxs da olmuşdur. Natiq orada səs-küy salaraq qışqıraraq “şərəfsizlər gəldi avtomobili vurdu” kimi sözlər demiş və bu sözləri Röyal kənardan eşidib gəlmişdir. O da həmin vaxtı Natiqə sakitləşməsini demiş, lakin Natiq öz hərəkətlərinə davam etmiş və həmin vaxt Röyal Natiqlə mübahisə etmiş, Röyal Natiqi sinəsindən itələmişdir. Onlar Natiq ilə Röyalı ayırdıqdan sonra Röyal Bəhrəmbəy kəndinə tərəf getmişdir. Həmin vaxtı o, kiminsə söyüş söydüyünü eşitmiş və həmin şəxsin Asif olduğunu görüb ona tərəf getmiş ,orada olan şəxslər onu saxlamışlar. Asifin onu mübahisəni sakitləşdirməyə çağırdıqdan sonra o və Röyalın Natiq ilə mübahisə etmələrinə görə əsəbiləşdiyi üçün söyüş söydüyünü və söyüşlərinin yalnız “ağız-üz” söyüşləri olduğunu bildirmişlər. O, Asifə yaxınlaşmış nə üçün onları söydüyünü soruşmaq istəmiş orada olan şəxslər ona imkan verməyərək onu oradan uzaqlaşdırmışlar. Daha sonra o da Bəhrəmbəy kəndinə getmiş və “İlham əminin mağazası” və ya “Seymurun mağazası”nın qarşısında dayanıb Röyal ilə söhbət etmişdir. O, Röyala Asifin onların arxasınca söyüş söydüyünü demişdir. Röyal telefonla Asifə zəng etmiş və ondan mübahisə vaxtı nə üçün onlara söyüş söydüyünü soruşmuşdur. Həmin vaxtı Asif telefonda yenə söyüş söymüşdür. Röyal Asifə “mənəmi söyürsən?” demişdir. Asif də Röyala nə üçün onu Natiq ilə mübahisəni həll etməyə çağırıb daha sonra Natiqi vurduğunu, buna görə də əsəbiləşib söydüyünü demişdir. Röyal Asifə “lazımdırsa gəl sən də mənə bir yumruq vur, amma adamın arxasınca söyüş söyməzlər, sən mənə bir yumruq vur mən də səni söyüm, xoşuna gələrmi” demişdir. Asif bir neçə saniyə sakit qalmış və heç bir söz deməmişdir. O da Röyaldan telefonu söndürməsini istəmişdir. Həmin vaxtı Asif qəflətən Röyalın ünvanına va-yox söyüşü söydükdə yenidən aralarında mübahisə yaranmışdır. Röyal telefonda söyüş söyməməsini və görüşüb söhbət edəcəklərini demişdir. Təxminən 30 dəqiqə keçdikdən sonra X18 kəndinə məktəbin yanına getmək üçün mağazanın qarşısından keçən avtomobillərdən birinə əl edib saxlatmışdır. Həmin avtomobil ilə o, Vasif, Vasifin qaynı Elşən də Röyal ilə getmişlər. Saat təxminən 23 radələrində məktəbin yanına çatmış, onlar Asifə tərəf getmiş və ona “sən nə üçün bizə söyüş söyürdün?” dedikdə, Röyal ilə Asifin arasında mübahisə yaranan zaman orada olan Vasif və Elşən onları ayırmışlar. Bu zaman Asif və o, tək qalmış Asif qəflətən söyüşü var yox söyərək onun yaxasından tutub vurmaq istəmişdir. Asif ondan fiziki cəhətdən böyük olduğundan o, Asifin onu döyəcəyindən qorxaraq cibində olan bıçağı çıxarıb Asifə tərəf bir dəfə bıçaq atmış, bıçaq Asifin sol qolundan dəymişdir. Asif bir neçə saniyə yerində dayanmış və yenidən onun üzərinə gəlmiş o, Asifin onu vuracağını düşünüb yenidən bir-iki dəfə bıçağı Asifin qol və qarın nahiyəsinə tərəf atmışdır. Asif yenə də yerində dayanmış və o bıçağın onun qarnına batdığını bilməmiş, bıçaq onun bədənini sıyırdığından heç bir reaksiya verməmişdir. Bundan sonra da Asifin onu döyəcəyindən qorxaraq oradan uzaqlaşmış və bıçağı kənara atmışdır. Yeni Qızılca kənd məktəbinin arxasında yaşayış olmayan köhnə evlərin birinə girib gizlənmişdir. Təxminən 1 saat orada qaldıqdan sonra yaşadığı Bəhrəmbəy kəndinə getmişdir. Evə gedib gecəni evə daxil olmadan bağçada qalmışdır. Növbəti gün də kəndin ərazisində bir müddət gəzdikdən sonra təslim olmaq üçün atasına zəng edib Asifi vurduğunu demişdir. Atasıyla birlikdə də xx.xx.2022-ci il tarixdə Göygöl RPŞ-nə gəlib təslim olmuşdur.Əməlindən peşmandır,məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Şahid1 tanımış, əvvəllər aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. 28 sentyabr 2022-ci il tarixdə saat təxminən 21 radələrində Azər ona zəng vurmuş və qohumları Natiqə məxsus avtomobili vurduqlarını və Natiq ilə aralarında narazılıq olduğunu, gəlib Natiqi sakitləşdirməsini xahiş etmişdir. O da hadisənin baş verdiyi yerə gəlmişdir. Həmin vaxtı polis əməkdaşları da hadisə yerinə gəlmiş, Natiqi sakitləşdirərək ona dəymiş ziyanı özü ödəyəcəyini deyərək onu razı salmış və Natiq şikayətini geri götürməklə bağlı ərizə yazmağa başlamışdır. Bu zaman Şahid1 və Təqsirləndirilən şəxs ilə Natiqin arasında sözlü mübahisə yaranmış və Röyal qəflətən Natiqi sinəsindən yumruqla vurmuşdur. Həmin vaxtı Röyalın əli onun sifətinə də toxunmuşdur. O, Röyalın bu hərəkətindən əsəbiləşərək ona söyüş söymüş, onu mübahisəni həll etməyə çağırıb sonra isə Natiqi vurmağına görə narazılığını bildirmişdir. Röyal oradan uzaqlaşmış, o da evə getmişdir. Həmin vaxtı Röyal ona heç bir söyüş söyməmişdir. O, evə getmiş, saat təxminən 23 radələrində ona tanımadığı nömrədən zəng gəlmişdir. O, cavab verməmiş, daha sonra 2-ci dəfə yenə də zəng gəlmiş,o telefonu açmış və zəng edən şəxsin Röyal olduğunu bilmişdir. Röyal ondan harada olduğunu soruşmuş o da Röyala “neynirsən hardayam sözünü de” deyə cavab vermişdir. Bu zaman Röyal ondan hadisə vaxtı ona söyüş söyüb-söymədiyini soruşmuş, o da Röyala onu hadisə yerinə Natiq ilə barışıq yaratmaq üçün çağırdıqdan sonra Natiqi vurmasına görə söyüş söydüyünü demişdir. Röyal ilə telefonda aralarında narazılıq yaranmış və biri-birilərinin ünvanına nalayiq söyüşlər söymüşlər. Röyal ona Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən məktəbin yanına “yolun qırağı”na çıxmayanın “var yoxunu” deyə söyüş söymüş, o da Röyala eyni formada söyüş söyərək telefonu söndürmüşdür. Özünə məxsus Qaz 2410 markalı avtomobil ilə Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən məktəbin yanına gəlmişdir. Bir neçə dəqiqə sonra Röyal markasını xatırlamadığı avtomobil ilə onun olduğu yerə gəlmişdir. Röyal avtomobildən düşən kimi “Asif, hardasan?” deyə qışqıraraq ona tərəf qaçmışdır. Həmin vaxtı Sakit də Röyalın yanında olmuş və Sakit də ona tərəf gəlmişdir. O, həmin vaxtı avtomobilinə söykənmiş vəziyətdə dayanmışdır. Vasif və Elşən Röyalın qarşısına keçərək onu tutub saxlamış, Röyalı ondan bir neçə metr aralıya aparmışlar. Həmin vaxtı Təqsirləndirilən şəxs ilə aralarında narazılıq yaranmışdır. O, Sakitin yaxasından tutub itələdikdə Sakit bıçaqla onun sol qolundan vurmuşdur. O, yenə də Sakitin üzərinə tərəf getdikdə Sakit 2-ci dəfə də bıçaqla sol qoluna vurmuşdur. Sonra isə 3-cü dəfə zərbəni sağ qarın boşluğundan vurmuşdur. Bu zaman o, “məni vurdular” deyərək qışqırmış vəhalı pisləşdiyindən arxası üstə yerə yıxılmışdır. Bundan sonra ayılanda artıq xəstəxanada olduğunu bilmişdir. Hadisə vaxtı orada Vasif, Elşən Röyal, Sakit və o olmuş, başqa heç kəs olmamışdır. O, yol-nəqliyyat hadisəsi zamanı Röyala “ağız üz” söyüşü söymüşdür. Lakin Röyal ona zəng etdikdə “var yox” söyüşünü birinci özü söymüşdür. Aralarındakı mübahisə də söyüş üstündə olmuşdur. Təqsirləndirilən şəxs Ələmşaha məxsus avtomobili Röyalın idarə etdiyi zaman həmin avtomobildə olmuş və hadisə vaxtı Natiqin onların ünvanına nalayiq ifadələr işlətməsinə görə aralarında narazılıq yaranmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir,onunla barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsə həbslə bağlı olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 sentyabr 2022-ci il tarixdə Göygöl rayonu, Üçtəpə kəndində yerləşən “Vüsal” şadlıq sarayında həmkəndlisi Rəşadın uşağının ad günü şənliyində iştirak etmişdir. Saat təxminən 20 radələrində şənlikdən çıxaraq qonşuları Ələmşah, onun qardaşı Azər, Sakit və o, Ələmşaha məxsus “Oka” markalı avtomobil ilə Göygöl rayonu, Bəhrəmbəy kəndindən yaşadıqları ünvana getmək üçün yola çıxmışlar. Ələmşah və Azər sərxoş olduqları üçün avtomobili o idarə etmişdir. Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən “Daşkəsən körpüsü”nü Yeni Qızılca kəndi istiqamətində Natiq özünə məxsus avtomobil ilə getmişdir. Natiq qəflətən tormozlama etmiş o, avtomobili saxlaya bilməmiş və Natiqin avtomobilinin arxa hissəsindən vurmuşdur. Onlar avtomobildən düşmüş, Natiqdən salamatçılıq olub-olmadığını soruşmuş, Natiq əvvəl biraz səs-küy salmış, lakin o, Natiqə avtomobilində elə də ciddi zədə olmadığını, lazım olarsa düzəltdirəcəyini demişdir. Natiq də sakitləşmiş və normal şəkildə çıxıb getmişdir. Onlar da Bəhrəmbəy kəndində yerləşən İlham adlı şəxsə məxsus mağazanın yanına getmişlər. Təxminən saat 21 radələrində Natiqin hadisədən narazılıq etdiyini eşidib Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən məktəbin yanına getmişdir. Natiqin orada olduğunu görüb ona yaxınlaşmış və avtomobillərin toqquşmasına görə narazılığının olub-olmadığını soruşmuşdur. Natiq də ona heç bir narazılıq olmadığını demişdir. Az sonra o, evə gedəndə Bəhrəmbəy kəndinə gedən yolda ,yol nəqliyyat hadisəsinin baş verdiyi yerdə Natiqin öz avtomobilini yol nəqliyyat hadisəsi zamanı olduğu vəziyətə gətirdiyini və polislərin hadisə yerinə gəldiyini görmüşdür. O, Natiqin polis çağırdığını gördükdə ona narazılığını bildirmiş və polisə şikayət etməsinin “lazımsız hərəkət” olduğunu, onun avtomobilini düzəltdirəcəyini demişdir. Lakin buna baxmayaraq, Natiq ilə aralarında sözlü mübahisə yaranmışdır. Natiq ilə aralarında yüngülvari əlbəyaxa çəkişmələri olmuş və onları ayırmışlar və o gedərkən Asifin arxada nalayiq söyüşlər söydüyünü eşitmiş, lakin geri qayıtmamışdır.O, Bəhrəmbəy kəndində İlham əminin mağazanın qarşısında dayanmış,az sonra Sakit də ora gəlmiş və Asifin onların arxasınca nalayiq söyüşlər söydüyünü demişdir. O, Asifə zəng vurmuş və onlara söyüb-söymədiyini soruşmuşdur. O, Asifə “Asif sən mənəmi söyürdün o söyüşləri?” deyərək bir neçə dəfə sual vermişdir. Ona “kişi kişinin özünə söyər, amma ailə qədri bilən adam başqasının ailəsinə söyüş söyməz” deyərək iradını bildirmişdir. Asif isə onun sözlərinə məhəl qoymadan telefonda da onu söymüşdür. O, Asifə görüşüb üzbəüz söhbət edəcəklərini deyərək telefonu söndürmüşdür. Bir neçə dəqiqə sonra Asif ona zəng vurmuş və Göygöl rayonu, Yeni Qızılca kəndində məktəbin yanında onu gözlədiyini demişdir. O da saat təxminən 23 radələrində Sakit, Vasif, Vasifin qaynı X14 kəndinə məktəbin yanına getmişdir. O, avtomobildən düşən kimi Asifə tərəf qaçaraq “sən mənəmi söyüş söyürdün?” deyib onu vurmaq istədikdə orada olan dayısı Ramil, Elvin, Vasif, Vasifin qaynı Elşən onu tutub saxlamışlar. Sakit və Asif isə orada qalmışlar. Bir-iki dəqiqə sonra isə Asifin qəflətən “məni vurdular” dediyini eşitmişdir. Qaranlıqda bir nəfərin qaçdığını görmüş, lakin kim olduğunu bilməmişdir. Bundan sonra Vasif və Elşən Asifə yaxınlaşaraq onun xəsarət almasını görüb onu avtomobilə mindirərək xəstəxanaya aparmışlar. X11 bıçaqla vurduğunu bilmişdir.Hadisə Asifin onun və Sakitin ünvanına nalayiq söyüşlər söyməsinə görə baş vermişdir. O, Asifə zəng edərək söyüşləri onlara söydüyünü aydınlaşdırmaq istədikdə də Asif onu yenə də söymüş və onu söhbəti aydınlaşdırmaq üçün Göygöl rayonu, Yeni Qızılca kənd məktəbinin yanına çağırmışdır. Orada isə Asif ilə onun arasında sözlü mübahisə olsa da, dava-dalaş olmamışdır. Ondan sonra isə Sakit ilə Asifin arasında mübahisə olmuş, lakin onu oradan uzaqlaşdırdıqları üçün həmin vaxtı Sakitin Asifi bıçaqla vurduğunu o görməmiş, bunu sonradan bilmişdir. O, Natiq ilə aralarında yaranan mübahisə vaxtı Natiq ilə əlbəyaxa olmuş, lakin onu yumruqla vurmamış, mübahisə zamanı əliylə onun sinəsindən arxaya doğru itələmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 28 sentyabr 2022-ci il tarixdə Göygöl rayonu Üçtəpə kəndində yerləşən “Vüsal” şadlıq sarayında dostu Rəşadın uşağının ad günü şənliyində iştirak etmişdir. Saat təxminən 20- 21 radələrində şənlikdən çıxıb evə getmiş və 30-40 dəqiqə sonra Bəhrəmbəy kəndində yerləşən “Seymurun çayçısı” kimi tanıdıqları çayçıya Elvingilin olduğu yerə getmişdir. Orada mağazanın qarşısında qaynı Elşən, tanışı Röyal və Sakit dayanmışdır. O, oraya çatdıqda Röyal bir qədər aralıda telefonu səsucaldanda olmaqla Asif ilə telefonla danışmışdır. Röyalın Asif ilə telefonla danışmasından başa düşmüşdür ki, aralarında narazılıq yaranmışdır. Belə ki, yol-nəqliyyat hadisəsi zamanı Asifi digər avtomobilin sürücüsü və Asifin qohumu olan Natiq ilə razılıq əldə etməsi və onun şikayətini geri götürməsinə köməklik göstərməsi üçün çağırdıqdan sonra Röyal Natiq ilə mübahisə edərək onu yumruqla vurmuş və həmin vaxtı Röyalın əli Asifin də sifətinə dəydiyi üçün Asif Röyalın ünvanına nalayiq söyüşlər söymüşdür. Telefonla danışarkən Röyal Asifə “mən səni vurmuşamsa bilmədən olmuşdur, ara qarışıqda əlim dəymiş ola bilər” deyərək onu söyüb-söymədiyini soruşmuşdur. Asif də Röyala “mən məni vurana söymüşəm” demişdir. Röyal ona “ola bilər ki dava vaxtı mənim əlim sənə dəymiş sən mənə söyüş söymüsənmi?” dedikdə Asif də “mən sənə söyməmişəm” demişdir. Bu vaxtı Röyal Asifə “məni söyənin.....” deyərək nalayiq söyüşlər söymüşdür. Aralarında mübahisə böyümüş, Röyal Asifdən harada olduğunu soruşmuşdur. Asif də evdə olduğunu demiş ,Röyal ona telefonda söyməklə məsələnin həll olunmayacağını, bir kənara çıxmasını və söhbəti öz aralarında həll edəcəklərini demişdir. Asif də Röyaldan harada olduğunu soruşmuş və Röyal ona Bəhrəmbəy kəndində çayçının yanında olduğunu demişdir. Asif Röyaldan onların evinə tərəf gəlməməsini özünün çayçının yanına gələcəyini demişdir. Daha sonra Röyal yol ilə keçən tanımadığı şəxsə məxsus avtomobili saxladaraq Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən məktəbə tərəf getmiş, o da onların dalaşmasına imkan verməmək üçün həmin avtomobilə əyləşmişdir. Qaynı Elşən və Sakit də onunla birlikdə həmin avtomobilə əyləşmişdir. Yeni Qızılca kəndində məktəbin yanına çatdıqda Röyal avtomobildən düşərək Asifə tərəf qaçmışdır. O da avtomobildən düşərək onlara tərəf getmişdir. Röyal və Asif sözlü mübahisə etməyə başlamış, o və qaynı Elşən Röyalı tutub saxlamışlar. Asifə iradını bildirərək “ailə qədri bilən şəxs heç kəsin ailəsinə söyüş söyməz” demişdir. Həmin vaxtı Elşən və o, Röyalı kənara çəkib aparmış, Asif və Sakit orada qalmışlar. Az sonra isə Asifin arxadan “məni vurdu” deyərək qışqırdığını eşitmişdir. Həmin vaxtı bir nəfər şəxsin Asifin olduğu yerdən üzü Daşkəsən şəhəri istiqamətində qaçdığını görmüşdür. Lakin hava qaranlıq olduğundan o, həmin şəxsin kim olduğunu görməmişdir. O həmin vaxt Asifi xəstəxanaya aparmış və Asifin ailəsinə məlumat verib öz yaşadığı ünvana getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində özünə məxsus “Qaz 3110 101” markalı **-ML- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonu, Yeni Qızılca kəndindən Dakəsən rayonu istiqamətində gedərkən qəflətən arxadan gələn sarı rəngli “Tavriya” markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobil onun idarə etdiyi avtomobili arxa hissəsindən vurmuşdur. O, avtomobildən düşmüş və “Tavriya” markalı avtomobili əvvəldən tanıdığı Röyal adlı şəxsin idarə etdiyini görmüşdür. Röyaldan başqa avtomobildə avtomobilin sahibi olduğunu deyən Azər adlı şəxs və başqası da olmuşdur. Onlar ona növbəti gün avtomobilini təmir etdirəcəklərini dedikləri üçün o, onlarla razılaşıb avtomobilə əyləşərək oradan uzaqlaşıb getmişdir. Təxminən 1 saat sonra Röyal ilə rastlaşmış və Röyal ona avtomobilini təmir etdirməyəcəklərini demişdir. Bundan sonra o, əsəbiləşərək avtomobili hadisənin baş verdiyi yerə aparıb oradan DİN-in 102 xidmətinə zəng etmiş və oğlu Ümidin hadisə vaxtı xəsarət almasını bildirmişdir. Bundan sonra avtomobilin sahibi Azərin də orada olduğunu görüb ona yaxınlaşmışdır.Daha Sonra isə Röyal və Sakit adlı şəxs hadisə yerinə gəlmişlər. Azər avtomobilin ona məxsus olduğunu və təmir etdirəcəyini dediyini, nə üçün yenidən şikayət etdiyini soruşmuş o, isə, ona avtomobili idarə edən Röyal adlı şəxsin avtomobili təmir etdirməyəcəyini dediyi üçün şikayət etdiyini demişdir. Bundan sonra hadisə yerinə qohumu Zərərçəkmiş şəxs gəlmiş və onu Azərin zəng vurub çağırdını bilmişdir. Asif ondan şikayət etməməsini istəmiş və bu zaman Röyal adlı şəxs onunla mübahisə etmişdir. Ətrafda olan şəxslər onu uzaqlaşdırmışlar. Həmin vaxtı onun yanında olan Sakit adlı şəxs də onunla sözlü mübahisə etmişdir. Asif onu sakitləşdirərək şikayət etməməsini dediyi vaxtda Röyal qəflətən üzərinə gələrək əli ilə onun sifətindən itələyib onu vurmaq istəmiş, lakin orada olan şəxslər onu aralamışlar. Həmin vaxtı Röyalın əli Asifin də sifətinə toxunduğu üçün Asif də əsəbiləşib nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, polis şöbəsinə gələrək Röyalın onu vurması barədə ərizə ilə müraciət etmişdir. Şahid1 və Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə olmamışdır. Şahid1 əli Zərərçəkmiş şəxs dəydikdən sonra Zərərçəkmiş şəxs əsəbiləşərək onu hadisə yerinə onunla barışıq əldə etməsi üçün çağırdıqdan sonra onunla mübahisə etmələrinə və onu vurmaq istəmələrinə görə orada nalayiq sözlər işlətmişdir. Bundan sonra Röyal və Sakiti oradan uzaqlaşdırdıqları üçün hər hansı dava-dalaş olmamışdır. X15 Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi barədə bir neçə gün sonra məlumatı olmuşdur. Hadisədən bir neçə saat sonra onların Yeni Qızılca kəndində görüşərək mübahisə etdiklərini və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğunu eşitmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30 sentyabr 2022ci il tarixdə “şəxsin könüllü gəlib təqdim olunması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Göygöl RPŞ-nə gələrək özünü könüllü olaraq istintaqa təqdim etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini nəzərə alaraq onun barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi üçün Göygöl rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin vəsatət təmin edilmədiyindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 371 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş üç ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmişdir. Bu yaralardan biri döş qəfəsinin sağ yan səthində yerləşir, daxilə nüfuz edən yaradır, qaraciyərin zədələnməsi ilə müşayiət olunur – dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Digər ikinci yara sol bazu nahiyəsinin arxa-iç səthində, sonuncu üçüncü yara isə sol dirsək oynağı nahiyəsinin arxa səthində yerləşmişdir, hər iki yara yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunur, dərəcəsinə görə hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş yaraların əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixdə uyğun gəlir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-in BƏSİİ-dən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Göygöl rayon Mərkəzi xəstəxanası Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli PHŞ-6-42/2-161/2022 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Göygöl RMX PHŞ-nin Poliklinika şöbəsində narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsinin məzmunundan görünürür ki, ona dəymiş ziyan tam ödənilmişdir, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlaməti vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmaması Azərbaycan Respublikasının CM-nin 59.1.2-ci maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alması, Azərbaycan Respublikasının CM-nə 59.1.10-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini 59.1.13cü maddəsinə, səmimi etirafı, əməlindən peşman olması, yaşayış yerindən müsbət xarakterizə olunması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.2, 59.1.8, 59.1.10, 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyəti, müsbət xarakterizə olunması, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olması, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayəti yetkinlik yaşına çatmadığı vaxtda torətməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması, könüllü gəlib təqsirini boynuna alması, yaşayış yerindən müsbət xarakterizə olunması cinayətin məqsəd və motivi, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 84-cü maddəsi 14 yaşından 18 yaşadək olan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərə görə tətbiq olunan cəza növü Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 29 noyabr 1985-ci ildə qəbul etdiyi «Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı X9»na («Pekin qaydaları») uyğun olduğu üçün, məhkəmə, yetkinlik yaşına çatmayanın işi üzrə qəbul etdiyi qərarın və seçdiyi təsir tədbirinin təkcə işin hallarının hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipinə deyil, həm də yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğun olmasını da rəhbər tutur. Əgər yetkinlik yaşına çatmayanın əməli hər hansı bir əsaslı səbəb olmadan başqası üzərində zor tətbiq etməklə bağlı deyildirsə və ya yetkinlik yaşına çatmayan dəfələrlə ciddi hüquq pozuntusuna yol verməmişdirsə, onun barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməməlidir. Uşaq hüquqlarının və azadlıqlarının müdafiəsinə, ədalət mühakiməsinin yetkinlik yaşına çatmayanların mənafelərinin qorunmasına yönəldilməsi barədə «Pekin qaydaları»nın əsas müddəaları «Uşaq hüquqları haqqında» Bəyənnamənin Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixli Konvensiyasının, eyni zamanda «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun və digər bu sahədə qəbul edilmiş çoxsaylı beynəlxalq aktlarında öz əksini tapmışdır. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 4 saylı Qərarın 1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan şəxslər barədə ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belələri haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanuna zidd əməlinin xarakterinə uyğunluq təşkil etməli, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi onların barəsində ədalətli cəzaların təyin edilməsinə, yetkinlik yaşına çatmayan şəxs tərəfindən yeni cinayətlərin törənməsinin qarşısının alınmasına, həmçinin həmin cinayəti doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 435.4.2-ci maddəsində isə göstərilir ki, yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Həmin Məcəllənin 435.4.3-cü maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrar törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini (müsbət xarakterizə olunmasını, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını), cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, (yetkinlik yaşına çatmaması, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını) nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, haqqında ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdən 02 oktyabr 2022-ci il tarixədək “həbsdə” saxlandığı müddət, Azərbaycan Respublikasının CM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza müddətinə hesablanmalı olduğundan, ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 sentyabr 2022-ci il tarixdən 02 oktyabr 2022-ci il tarixədək “həbsdə” saxlandığı müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məһrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, mülki iddia yoxdur Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-329/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-329/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver