Məhkəmə qərarları › İş №1(100)-330/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-330/2021

21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-330/2021 21.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1953-cü ildə Xanlar (indiki Göygöl) şəhərində anadan olmuş, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsi, ev 62-də daimi qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən tərkibində narkotik maddələr olan çətənə kolunun toxumlarını əldə edib həmin toxumları 2021-ci ilin aprel ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə yaşadığı ünvan 3 fərdi yaşayış evinin həyətyanı sahəsində əkib, qanunsuz olaraq ümumi çəkisi 2100 (iki min yüz) qram olan, külli miqdar hesab edilən 51 (əlli bir) ədəd narkotik tərkibli çətənə bitkilərini aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etmiş, 26 iyul 2021-ci il tarixdə saat 20 radələrində Göygöl RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq əkib yetişdərməklə kultivasiya etdiyi ümumi çəkisi 2100 (iki min yüz) qram çəkidə, külli miqdar hesab edilən 51(əlli bir) ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, yaşıyla bağlı təqaüd alır. Təxminən 20-25 ildir ki, narkotik vasitə olan marixuanadan mütəmadi olaraq istifadə edir. Belə ki, o, Göygöl rayonu ərazisində yerləşən “Çay bağı” deyilən yerdə yabanı halda bitmiş tərkibində narkotik maddələr olan çətənə bitkilərinin yarpaqlarını toplayıb yaşadığı evə gətirib qurudaraq siqaret kağızına doldurub çəkmişdir. Sonradan topladığı çətənə bitkilərinin toxumlarını yaşadığı evin həyətyanı torpaq sahəsində əkmək qərarına gəlmişdir. 2021-ci ilin aprel ayının ortalarında topladığı marixuananı siqaret kağızına doldurub çəkmək istəyən zaman o, marixuana toxumlarından bir qismini 4 ədəd dibçəyə 9 ədəd və həyətyanı sahəyə 1 ədəd çətənə kolu əkmiş, daha sonra o, dibçəklərdə olan 9 ədəd və həyətyanı sahədə olan 1 ədəd çətənə toxumlarına su tökərək yetişdirməyə başlamışdır. Dibçəkdə olan 9 ədəd və həyətyanı sahədə olan 1 ədəd çətənə kollarından başqa onun həyətyanı torpaq sahəsində də yabanı halda narkotik tərkibli çətənə kolları yetişmişdir. Lakin o, həyətdə bitən yabanı çətənə kollarına qulluq etməmişdir. 26 iyul 2021-ci il tarixdə saat 20 radələrində Göygöl şəhəri ərazisində “Çay bağı” deyilən yerə getmiş, həmin vaxtı Göygöl rayon polis şöbəsinin əməkdaşlarının yaşadığı evə gələrək, əkib becərdiyi çətənə kollarını aşkar etdiklərini öyrənmişdir. O, ailə üzvlərinin törətdiyi əməli əvvəldən bilmədikləri üçün utandığından bir neçə gün yaşadığı evə gəlməmişdir. Lakin sonradan yəni, 03 avqust 2021-ci il tarixdə isə polisə təslim olmaq qərarına gələrək Göygöl rayon polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, o, uzun müddət narkotik vasitə istifadə etdiyi üçün yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 51 ədəd çətənə kollarını öz istifadəsi üçün əkmiş, heç kəsə narkotik vasitə satmamış, nə də onun hər hansı bir şəxsə narkotik vasitə və ya digər maddə satmaq niyyəti olmamışdır. Yaşadığı evin həyətində aşkar olunmuş narkotik tərkibli bitkilərdən nə ailə üzvlərinin, nə də başqa bir şəxsin xəbəri olmamışdır. O, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərini 2021-ci ilin aprel ayının ortalarında dəqiq gününü xatırlamadığı vaxtı əkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Göygöl rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində polis leytenantı rütbəsi ilə xidmət edir. 26 iyul 2021-ci il tarixdə Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsi, ev 62-də yaşayan Təqsirləndirilən şəxs evinin həyatyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi barədə İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi, polis mayoru Şahid2 aldığı məlumatla rayon polis şöbəsinin rəisinə yazmış olduğu raport əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə, yəni Təqsirləndirilən şəxs ehtimal olunan cinayət əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilməsi ona həvalə edilmişdir. Tərəfindən bununla bağlı qərar qəbul edilmiş, o, bununla bağlı şöbənin rəisinə raportla müraciət edərək Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə cinayət prosessual qanunvericiliyin tələbləri əsasında baxış keçirilməsi üçün aidiyyatı əməkdaşlara göstəriş verməsini xahiş etmişdir. Şöbə rəisi baxışın keçirilməsi üçün onun raportunun şöbənin “Törədilmiş və ya hazırlanan cinayətlərin qeydiyyatı” jurnalında qeydə alınması və baxışın Təhqiqat bölməsinin əməkdaşları tərəfindən keçirilməsinə göstəriş vermiş, baxışın keçirilməsi baş təhqiqatçı Emin Musayevə həvalə olunmuş, Emin Musayev ilkin olaraq mütəxəssis təyin edilməsi barədə qərar qəbul etmişdir. Bundan dərhal sonra o, Göygöl rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Şahid2, polis sahə nəfəri Şahid3, polis sahə nəfəri Şahid4, Göygöl RPŞ-nin KTQ-nın baş inspektoru, polis baş leytenantı X3 və mütəxəssis X12 Mərkəzinin sektor müdiri olan aqronom X9 RPŞ-nin TB-nin baş təhqiqatçısı Emin Musayev ilə birlikdə saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı, Göygöl şəhəri, S.Hacıyev küçəsi, ev 62-də yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs gəlini Şahid5 qayınatası Bağırın evdə olmadığını bildirdikdə mənzilə daxil olmazdan öncə özləri haqqında və hansı səbəbdən gəlmələri barədə ona məlumat vermişlər. Şahid5 evinə və evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyi barədə ərizə yazmış, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış zamanı evinin həyətyanı torpaq sahəsindən 6 ədəd çətənə kollarına bənzər bitkilər və bir ədəd un kisəsində mal peyini aşkar olunmuşdur. Bundan sonra baxış həyətyanı sahədə olan yardımçı tikililərdə davam etdirilmiş və orada 9 ədədi dibçəkdə, qalanlar isə torpağa basdırılmış halda olan 45 ədəd qulluq olunmaqla əkilib-becərilmiş narkotik tərkibli çətənə kolları aşkar olunmuşdur. Aşkar olunmuş ümumi sayı 51 ədəd olan kollar Şahid5 və digər iştirakçılar qarşısında bir-bir kökündən çıxarılıb sayılmaqla evin həyətinə toplanmış, baxış yaşayış evinə keçirilərək davam etdirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Müəyyən olunmuş 51 ədəd kollar torbaya qoyularaq elektron tərəzi vasitəsilə çəkilməklə çəkisinin 2665 qram olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Göygöl rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi vəzifəsində polis mayoru rütbəsi ilə xidmət edir. 26 iyul 2021-ci il tarixdə Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsi, ev 62-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli bitkilər əkməsi barədə ona məlumat daxil olmuşdur. O, dərhal raportla şöbənin rəisinə məruzə etmiş, yazmış olduğu raport əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə, yəni Təqsirləndirilən şəxs ehtimal olunan cinayət əməllərinin ifşa edilməsi məqsədilə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilməsi Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 həvalə edilmişdir. Şahid1 tərəfindən bununla bağlı qərar qəbul edilmiş, Şahid1 raportla şöbə rəisinə məruzə edərək Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə cinayət prosessual qanunvericiliyin tələbləri əsasında baxış keçirilməsi üçün aidiyyatı əməkdaşlara göstəriş verməsini xahiş etmişdir. Şöbə rəisi baxışın keçirilməsi üçün Şahid1 raportunun şöbənin “Törədilmiş və ya hazırlanan cinayətlərin qeydiyyatı” jurnalında qeydə alınması və baxışın Təhqiqat bölməsinin əməkdaşları tərəfindən keçirilməsinə göstəriş vermişdir. Baxışın keçirilməsi baş təhqiqatçı Emin Musayevə həvalə olunmuş, həmin gün saat 20 radələrində Göygöl RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı Emin Musayev, Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1, sahə polis nəfəri, polis serjantı Şahid3, sahə polis nəfəri, polis baş serjantı Şahid4 Göygöl RPŞ-nin KTQ-nın baş inspektoru, polis baş leytenantı Vüqar Bayramov və X12 Mərkəzinin sektor müdiri olan aqronom Adil Kərimzadənin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs gəlini Şahid5 qayınatası Bağırın evdə olmadığını bildirdikdə mənzilə daxil olmazdan öncə özləri haqqında və hansı səbəbdən gəlmələri barədə ona məlumat vermişlər. Şahid5 evinə və evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədiyi barədə ərizə yazmış, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış zamanı evinin həyətyanı torpaq sahəsindən 6 ədəd çətənə kollarına bənzər bitkilər və bir ədəd un kisəsində mal peyini aşkar olunmuşdur. Bundan sonra baxış həyətyanı sahədə olan yardımçı tikililərdə davam etdirilmiş və orada 9 ədədi dibçəkdə, qalanlar isə torpağa basdırılmış halda olan 45 ədəd qulluq olunmaqla əkilib-becərilmiş narkotik tərkibli çətənə kolları aşkar olunmuşdur. Aşkar olunmuş ümumi sayı 51 ədəd olan kollar Şahid5 və digər iştirakçılar qarşısında bir-bir kökündən çıxarılıb sayılmaqla evin həyətinə toplanmış, baxış yaşayış evinə keçirilərək davam etdirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Müəyyən olunmuş 51 ədəd kollar torbaya qoyularaq elektron tərəzi vasitəsilə çəkilməklə çəkisinin 2665 qram olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 Şahid2 verdiyi ifadəsinə oxşar ifadələr verərək özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 qızı ifadəsində bildirdi ki, o, 2005-ci ildə Şahid6 ilə ailə həyatı qurmuş, birgə nikahlarından iki azyaşlı övladı var. Edman fəhləliklə məşğul olaraq ailəsini dolandırdığından Bakı şəhərində işləyir. Onlar isə qayınatası Təqsirləndirilən şəxs ünvanında onunla birlikdə yaşayırlar. 26 iyul 2021-ci il tarixdə saat 20 radələrində Göygöl RPŞ-nin əməkdaşları yaşadıqları ünvana gəlmişlər. Qayınatası Təqsirləndirilən şəxs evdə olub-olmadığını soruşmuşlar. O, qayınatası Bağırın evdə olmadığını dedikdən sonra ona yaşadıqları ünvana gəlmələrinin səbəbini izah edərək onun razılıq ərizəsi əsasında yaşadıqları ünvana baxış keçirəcəklərini bildirmişlər. O, razılıq ərizəsi verdikdən sonra polis əməkdaşları təxirəsalınmaz qərarla yaşadığı ünvan 3 ünvanlarına və həyətyanı sahələrinə baxış keçirməyə başlamışlar. Polis əməkdaşlarının keçirmiş olduqları baxış zamanı evin həyətyanı sahəsindən və həyətdə olan yardımçı tikilidən çoxsaylı narkotik vasitəyə bənzər kollar və bir ədəd un kisəsində mal peyini aşkar edilərək götürülmüşdür. Həmin kolları yaşadıqları evin həyətyanı sahəsində yerə düzərək saymışlar və 51 ədəd kol olması müəyyən edilmiş və aşkar olunanlar polis əməkdaşları həmin kolları torbaya yığaraq qablaşdırıb möhürləmişlər. Əlavə olaraq bildirmişdir ki, yaşadıqları evin həyətyanı sahəsində və yardımçı tikilisində aşkar olunmuş narkotik vasitəyə bənzər kolları o, qabaqlar görməmişdir. Onların nə olduğunu bilməmişdir. Həyətyanı sahədə hər hansı əkinçiliklə məşğul olmadığı üçün oraya getməmişdir. Bu səbəbdən də qayınatası Təqsirləndirilən şəxs həyətyanı sahədə nə əkməsini bilməmişdir. Qayınatası Təqsirləndirilən şəxsın evin narkotik tərkibli çətənə bitkilərinin aşkar olunduğu tərəflərə gedib-gəlməsinə dəqiq fikir verməsə də, arada bunu müşahidə etmişdir. Nə iş görməsini heç vaxt maraqlanmamışdır. Qayınatası Təqsirləndirilən şəxs narkotik vasitə əkib-becərməsi ilə bağlı şübhə duymamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, o, Bakı şəhərində avtomobil salonlarının yığılması işi ilə məşğul olur. Təqsirləndirilən şəxs onun atasıdır və onunla bir ünvanda yaşayır. Lakin o, işləmək məqsədilə Bakı şəhərinə getmişdir. Atası Təqsirləndirilən şəxs isə yaşlı olduğundan heç bir yerdə işləmir, təqaüd alır. 26.07.2021-ci il tarixdə Göygöl rayon polis şöbəsinin əməkdaşları yaşadıqları ünvan 3 ünvanlarına və həyətyanı sahələrinə, həyətyanı sahədə olan yardımçı tikililərə keçirmiş olduqları baxış zamanı həyətyanı sahədən müəyyən edilmiş çoxsaylı narkotik vasitəyə bənzər bitkilərlə bağlı bildirmişdir ki, onun atası Təqsirləndirilən şəxs narkotik vasitə əkib becərməsindən heç bir xəbəri olmamışdır. O , ifadəsinə əlavə olaraq bildirmişdir ki, yaşadıqları evin həyətyanı sahəsinə baxış zamanı müəyyən olunmuş çətənə bitkilərini o, əvvəllər görməmişdir. O, baxçalarında hər hansı əkinçiliklə məşğul olmadığı üçün bağçaya getməmişdir. 4-5 ay olar ki Bakıda olduğu üçün də ümumiyyətlə bu barədə heç bir məlumatı olmamışdır. Onun atası Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə istifadə edib-etməməsi barədə heç bir məlumatı olmamışdır. Onun narkotik tərkibli bitkilər əkibəkməməsi barədə də əvvəllər bilməmişdir. O, atası Təqsirləndirilən şəxs narkotik vasitə əkib-becərməsi ilə bağlı heç bir şübhə duymamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 26 iyul 2021-ci il tarixli raportdan görünür ki, Bağır adlı şəxsin qanunsuz olaraq yaşadığı evin həyətyanı sahəsində və evin yardımçı tikilisində narkotik tərkibli çətənə kolları əkib becərməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 26 iyul 2021-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Göygöl şəhəri S.Hacıyev küçəsi ev 62-də yerləşən evinin həyətyanı sahəsindən 51 (əlli bir) ədəd qulluq olunmaqla əkilib-becərilmiş narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 26 iyul 2021-ci il tarixli X13 X2 sektorunun müdiri tərəfindən tərtib edilmiş rəydən görünür ki, baxış zamanı həyətyanı sahədə və yardımçı tikilidə 20-140 sm arası hündürlükdə 9 ədədi dibçəkdə olmaqla ümumilikdə 51 ədəd, ümumi çəkisi qablaşdırma ilə birlikdə 2,665 kq olan narkotik xassəli bitkiyə bənzər çətənə kolları aşkar edilmişdir. Aşkar edilmiş narkotik xassəli bitkiyə bənzər kollar ünvan 5 ünvanında yerləşən həyətyanı sahədə və yardımçı tikilidə əkilmiş və aqrotexniki qulluq işləri aparılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X6 bölməsinin 27 iyul 2021-ci il tarixli, 16/759 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs Göygöl şəhəri, Səbuhi Hacıyev küçəsi, ev 62 ünvanında yaşadığı evdən aşkar edilmiş 51 (əlli bir) ədəd çətənə kolları” sözləri və imzalar olan, kisədə ümumi sayı 51(əlli bir) ədəd, ümumi təmiz çəkisi-2100 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 21 sentyabr 2021-ci il tarixli, 1122 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Göygöl rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qərarından görünür ki, Göygöl rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 26 iyul 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 28 iyul 2021ci il tarixli “maddi sübutun tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 51 ədəd ümumi təmiz çəkisi-2,100 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, maddi sübut kimi tanınmış və saxlanılması üçün Göygöl RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 23 sentyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış zamanı 1 ədəd DVD diskə yazılmış video görüntü sübut kimi qiymətləndirilib cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Göygöl rayon İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 sentyabr 2021-ci il tarixli, 3083, 3084 saylı arayışlarından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı X4, oğulları Şahid6, X7 və X5 ilə birlikdə ünvan 5 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 03 avqust 2021-ci il tarixli “axtarışda olan şəxsin saxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2021-ci il tarixdə saat 15:30-da könüllü olaraq RPŞ-yə gəlmiş və öz cinayət əməlini etiraf etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 05 avqust 2021-ci il tarixli «təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» və Göygöl rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 05 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 12 avqust 2021-ci il tarixli tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin 2-ci hissəsi, 23-cü maddəsinin 10-cu bəndi (köhnə məcəllə) ilə Xanlar rayon Xalq məhkəməsinin 13.02.1976-cı il tarixli hökmü ilə şərti əməyə mütləq cəlb olunmaqla 02 il azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 17, 143-cü maddəsinin 2-ci hissəsi ilə (köhnə məcəllə) ilə Xanlar rayon Xalq məhkəməsinin 14.05.1980-ci il tarixli hökmü ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib 23.08.1980-ci ildə SSRİ Ali Sovet rəyasət heyətinin 27.06.1980-ci il tarixli qərarına əsasən 02 il 04 ay 29 gün şərti azad olunub, Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi (köhnə məcəllə) ilə Xanlar rayon Xalq məhkəməsinin 02.12.1993-cü il tarixli hökmü ilə 06 ay azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi (köhnə məcəllə) ilə Xanlar rayon Xalq məhkəməsinin 15.08.2000-ci il tarixli hökmü ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.2, 67-ci maddələri ilə Xanlar rayon məhkəməsinin 20.11.2001-ci il tarixli hökmü ilə 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib 27.12.2004-cü ildə Binəqədi rayon məhkəməsinin 03.12.2004-cü il tarixli qərarına əsasən 01 il 01 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Onun yuxarıda qeyd edilən məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Məhkəmə, göstərilən sübut növlərinə əsasən hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda çətənə (kannabis) bitkiləri kultivasiya etmə cinayətini törətməsi özünün qismən etirafedici ifadəsi, şahid ifadələri və cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Məhkəmədə, Təqsirləndirilən şəxs evinin həyətyanı torpaq sahəsindən aşkar olunmuş 4 ədəd dibçəkdə olmaqla 9 ədəd və həyətyanı sahədə olan 1 ədəd çətənə kollarından başqa evinin həyətyanı sahəsindən aşkar olunmuş çətənə kollarının ona məxsus olmamasına və onlara aqrotekniki qaydada qulluq etməməsinə dair ifadəsi özünün ibtidai istintaq zamanı vermiş olduğu tam etiraf edici ifadəsi, şahid ifadələri, istintaq hərəkətlərinin protokolları ilə, habelə yuxarıda tədqiq edilmiş cinayət işinin digər materialları ilə birbaşa və tam olaraq təkzib olunduğuna görə məhkəmə həmin ifadəni cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Buna görə də, təqsirləndirilən şəxsin əməli həmin maddə ilə düzgün tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.10-cü maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10 maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 03 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 21 sentyabr 2021-ci il tarixli, 1122 nömrəli ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Göygöl RPŞ-də saxlanılan 51 ədəd ümumi təmiz çəkisi- 2,100 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfi olan 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 15 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 03 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olaraq Göygöl RPŞ-də saxlanılan 51 ədəd ümumi təmiz çəkisi- 2,100 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar