Məhkəmə qərarları › İş №1(100)-331/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-331/2024

12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-331/2024 12.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X5 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X9 və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Ağstafa şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağstafa şəhəri, Dəmir yol binası, ev 19-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu,1-ci mədən, 10-cu korpus, ev 92-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsindən məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur. Sözügedən cinayət işinin materialları öyrənilərkən, Gəncə Ağır Cinayətlər Məhkəməsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığının olması müəyyən edilmişdir. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Respublikası CPM-in 74.3-cü maddəsini rəhbər tutaraq, yəni xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aid olmasını əsas götürərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işini sonuncunun faktiki olaraq yaşamadığı, sadəcə formal qeydiyyatda olduğu Ağstafa rayonunun yurisdiksiya üzrə aid olduğu Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bununla belə, iş materiallarında olan Ağstafa RİH başçısının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağstafa şəhəri, Dəmir yol binası, ev 19-da qeydiyyatda olmasına baxmayaraq, həmin mənzil xx.xx.2013-cü il tarixdə X1, həmin mənzildə Rövşən Rəhimov və sonuncunun ailə üzvləri yaşayır, qonşularla tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən də Təqsirləndirilən şəxs Bakı şəhərinə köçmüşdür. Həmçinin Ağstafa RİH başçısının xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş AN- İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən də görünür ki, X7 xx.xx.2013-cü il tarixdə mülkiyyət hüquqları əsasında özünə məxsus Ağstafa şəhəri, Dəmir yol binası, ev 19-u X4 alqı-satqı yolu ilə satmışdır. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, X2 Məmmədzadənin anasıdır. Eyni zamanda iş materiallarında olan Bakı şəhəri Binəqədi RİH başçısının Binəqədi Qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından da görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu,1-ci mədən, 10-cu korpus, ev 92-də qeydiyyatsız yaşayır. O cümlədən müdafiəçi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli "xxxx" ASCyə aid bildiriş xəbərdarlığından da görünür ki, Bakı şəhəri, Binəqədi rayonu,1-ci mədən, 10-cu korpus, ev 92-də quraşdırılmış sayğaca dair müqavilə "xxxx" ASC ilə Təqsirləndirilən şəxs Vidadı qızı arasında bağlanmış və abonent kimi sayğac Təqsirləndirilən şəxs adına qeydiyyata alınmışdır. Habelə cinayət işinin materiallarında olan ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında əks olunmuş məlumatlarda da Təqsirləndirilən şəxs faktiki yaşadığı ünvan kimi ünvan 1mənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs anket məlumatları ilə əlaqədar verilmiş suallara cavab olaraq göstərmişdir ki, onun Ağstafa rayonu ilə hər hansı əlaqəsi yoxdur, Ağstafa şəhəri, Dəmir yol binası, ev 19-da formal olaraq qeydiyyatdadır, həmin evi anası Sehran Məmmədova başqa bir şəxsə satmış, özü 2004-cü ildən Bakı şəhəri, Binəqədi rayonu,1-ci mədən, 10-cu korpus, ev 92-də yaşayır, lakin həmin mənzilin çıxarışı olmadığı üçün qeydiyyata düşə bilməmişdir. Bu səbəbdən də hazırkı vaxtadək Ağstafa şəhəri, Dəmir yol binası, ev 19-da formal olaraq qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsində göstərilmişdir ki, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi həm iş materialları, həm də ittiham aktı ilə Təqsirləndirilən şəxs faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu,1-ci mədən, 10-cu korpus, ev 92-də yaşaması təsdiq olunduğu halda, Lənkəran Ağır Cinayətlər Məhkəməsi Təqsirləndirilən şəxs formal olaraq qeydiyyatda olduğu, mülkiyyətçi kimi ona məxsus olmadığı, həmçinin icarə və kirayə müqaviləsi əsasında faktiki olaraq yaşamadığı və 2013-cü ildə digər şəxsə satdıqları Ağstafa şəhəri, Dəmir yol binası, ev 19-da qeydiyyatda olmasını əsas götürərək barəsində olan cinayət işini məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. Halbuki Azərbaycan Respublikası CPM-in 74.3-cü maddəsinə əsəsən, xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, nə qədər ki Təqsirləndirilən şəxs axırıncı yaşayış yerinin düzgün müəyyən olunmaması, yəni Bakı şəhəri və ya Ağstafa rayonu olması ilə bağlı məhkəmələr arasında vahid bir fikir formalaşmadığı üçün həmin məsələ Gəncə Ağır Cinayətlər Məhkəməsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığının yaranmasına səbəb olur. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 qızı ilə bağlı epizodlar üzrə verilmiş ittihamdan görünür ki, o, Zərərçəkmiş şəxs3 aldatma yolu ilə cinsi istismar etmək məqsədi ilə Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsi üçün cəlb etməklə İran İslam Respublikası ərazisində istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətməkdə təqsirləndirilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən bu hal 13 dəfə təkrar törədilməklə, birinci dəfə 09 iyul 2016-cı il tarixdən 22 iyul 2016-cı il tarixədək, sonuncu dəfə isə 22 fevral 2020-ci il tarixdən 26 fevral 2020-ci il tarixədək olan dövrdə baş vermişdir. Həmin epizodlar üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 qızı ifadəsində göstərmişdir ki, 2016-cı ilin yay aylarında Səbinə adlı qadın Masallı rayonunda onun işlədiyi kafeyə gəlmiş, İrana gedib-gəldiyini, orada restoran işlətdiyini, işində dürüst olan xidmətçi axtardığını demiş, onu Tehran şəhərində yerləşən restoranına işləmək üçün dəvət etmiş, o da maddi vəziyyət ilə bağlı Səbinə ilə razılaşmış, xx.xx.2016-cı il tarixdə o, İran İslam Respublikasının Tehran şəhərinə getmiş, orada Səbinə qarşılayıb onu özünün yaşadığı mənzilə aparmış, ona yemək və içki təqdim etmiş, lakin içki içdikdən sonra ürəyi bulanmış və huşunu itirmiş, bir neçə saatdan sonra ayılanda çılpaq vəziyyətdə olmuş, yanında da tanımadığı bir nəfər iranlı kişi olmuş, bu hala etiraz etdikdə Səbinə ona sillə vuraraq sakitləşməyini bildirmiş və nəzarəti altında kişilərə intim xidmət göstərəcəyini demişdir. O, Səbinəyə etiraz etdikdə sonuncu onun pasportunu əlində saxlayaraq pasportsuz heç yerə gedə bilməyəcəyini deyərək, onun tanımadığı şəxslə anlaqsız vəziyyətdə cinsi əlaqədə olduğu videonu göstərmiş və ona “gedə bilirsənsə get” demişdir. O artıq Səbinənin əlində asılı olduğunu anlamış, həmin video qohumları və oğlu tərəfindən görülsə idi yaşamağının heç bir mənası qalmazmış, beləliklə Səbinə onu həmin mənzildə gün ərzində 5-6 dəfə olmağa məcbur etmiş, bir neçə gündən sonra Səbinə pasportu ona qaytararaq Azərbaycana qayıtmağı tapşırmış və xəbərdar etmiş ki, baş verənlər barədə hüquq-mühafizə orqanları və ya başqa kimsə bildirsə həmin video yayılacaqdır. O, xx.xx.2016-cı ildə Azərbaycana gəlmiş, uzun müddət özünə gələ bilməmiş, qorxusundan nömrəsini dəyişə bilməmiş, Səbinə ona tapşırmış ki, çağıran vaxt nömrəsinə zəng çatmasa video yayılacaqdır. O nə edəcəyini bilməmiş, 2018-ci ilin fevral ayının əvvəllərində Səbinə ona zəng edərək Tehrana gəlməyi tapşırmış, o xx.xx.2018-ci ildə Səbinənin yanına getmiş, yenə əvvəlki kimi Səbinə onu istismar etməyə başlamış, o etiraz etməyi ağlının ucundan belə keçirməmişdir. 2019-cu ilin fevral ayının əvvəllərində Səbinə yenə də Masallı rayonundakı onun işlədiyi kafeyə gəlmiş, onun müştərilərdən biri ilə öpüşdüyü videosunu göstərmiş və həmin videonun sosial şəbəkədə yayıldığını bildirmiş, o da videonu silməsi qarşılığında Səbinə ilə razılaşıb xx.xx.2019-cu il tarixdə Astara rayon vağzalında görüşüb sonuncu ilə birlikdə Tehrana getmişlər. 2020-ci ilin fevral ayının sonunadək müxtəlif vaxtlarda Səbinə yenidən onu eyni qaydada cinsi istismar etmişdir. Göründüyü kimi elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ilə ilk dəfə 2016-cı ilin yay aylarında Masallı rayonu ərazisində görüşərək aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə sonuncunun razılığını aldıqdan sonra Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə İran İslam Respublikasına aparıb ona qarşı insan alveri cinayətini törətmiş, sonrakı dövrlərdə, yəni 2019-cu ilin fevral ayında yenə də Masallı rayonunda görüşüb eyni əməlləri törətmişdir. 2020-ci ilin fevral ayında isə Təqsirləndirilən şəxs İran İslam Respublikası ərazisində olduğu halda Zərərçəkmiş şəxs3 zəng edərək onu İran İR-ya dəvət etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə bağlı epizod üzrə verilmiş ittihamdan görünür ki, o, 2019-cu ilin noyabr ayında Zərərçəkmiş şəxs2 ilə danışaraq sonuncunu aldatma yolu ilə istismar etmək məqsədi ilə Azərbaycan Respublikası dövlət sərhədindən keçirilməsi üçün cəlb etməklə, 12 noyabr 2019-cu il tarixdən 26 noyabr 2019-cu il tarixədək olan dövrdə İran İslam Respublikası ərazisində istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətməkdə təqsirləndirilmişdir. Həmin epizodlar üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilın ortalarında İran İslam Respublikasında olan zaman restoranların birində Səbinə ilə tanış olmuş, orada tək olduğundan öz həmyerlisi kimi Səbinə ilə yaxın rəfiqə münasibəti qurmağa başlamış, onlar Azərbaycanda olanda belə bir-birilərini axtararaq danışmışlar. Bir gün Səbinə ona bu çətinliklə pul qazanmağına ürəyinin ağrıdığını və ona yazığı gəldiyini bildirmiş, İranda olan tanışlarının vasitəsi ilə onu daha yüksək gəlirli işə düzəldə biləcəyini demiş, o, da Səbinə ilə razılaşmışdır. 2019-cu ilin noyabr ayının 12-də o, Astara sərhəd keçid məntəqəsindən Azərbaycana gələrək bir neçə dəqiqədən sonra təkrar İrana giriş etmiş, Səbinənin də gələcəyini bildiyi üçün sonuncunu Astarada gözləmiş və Səbinə Astaranı keçdikdən sonra birlikdə Tehran şəhərinə getmişlər. Tehrana çatdıqdan sonra Səbinə onu deməsinə görə özünün kirayə tutduğu evə aparmış və o, nə işlə məşğul olacağını, harada işə düzəldəcəyi və harada işləyəcəyi barədə suallar vermişdir. Səbinə isə ona söhbət zamanı burada nəzarəti altında dəvət etdiyi kişilərə intim xidmətlər göstərəcəyini demiş, o, Səbinəyə etiraz etdikdə sonuncu ona əsəbiləşərək dediklərini eləməyə məcbur olduğunu bildirmiş, əks halda orada olan yüksək vəzifəli tanışları vasitəsi ilə ona problemlər yaradacağını qeyd etmiş, o da məcbur qalaraq Səbinənin dedikləri ilə razılaşmış, həmin gündən etibarən Səbinə onu nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olmaq və bundan qazanc götürməsi üçün görüşdürməyə başlamış, 26 noyabr 2019-cu il tarixdə Səbinə onun artıq işləyə bilmədiyini görüb özü ilə birlikdə Azərbaycana gətirmiş, Səbinə onu hədələdiyindən o, hər hansı şikayət etməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 aid DİN-nin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 08:10-da Zərərçəkmiş şəxs2 “Astara” dövlət sərhəd buraxılış məntəqəsindən ölkəni tərk edərək İran İR-ya getmiş, xx.xx.2019-cu il tarixdə saat 08:04-də isə həmin məntəqədən ölkə ərazisinə giriş etmişdir. Həmçinin iş materiallarında olan Təqsirləndirilən şəxs aid DİN-nin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərdən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 09:59-da Təqsirləndirilən şəxs “Astara” dövlət sərhəd buraxılış məntəqəsindən ölkəni tərk edərək İran İR-ya getmiş, xx.xx.2019-cu il tarixdə saat 08:04-də isə həmin məntəqədən ölkə ərazisinə giriş etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı 2019-cu ilin noyabr ayında insan alveri cinayət əməlini törədərkən o, Azərbaycan Respublikasının ərazisində olmuş, daha sonra isə eyni gündə və demək olarkı eyni saatlarda “Astara” dövlət sərhəd buraxılış məntəqəsindən Zərərçəkmiş şəxs2 sonra ölkəni ərazisindən çıxış edərək İran İRya getmiş və orada Zərərçəkmiş şəxs2 ilə görüşüb sonuncunu cinsi istismar etmişdir. Elan edilmiş ittihama əsasən həm Zərərçəkmiş şəxs3, həm də Zərərçəkmiş şəxs2 ilə bağlı epizodlar üzrə cinayət əməlləri Azərbaycan Respublikasının ərazisində başlamış və uzanaraq müəyyən müddət ərzində törədilib İran İR-da başa çatmışdır. Bu isə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin hamısını tam olaraq xaricdə törətməmiş, ona görə ki onların bir qismi Azərbaycan Respublikasının ərazisində törədilərək başa çatdırılmışdır. Bela olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin bir qismi xaricdə törədilməsi ehtimal olunan cinayətlərin anlayışına daxil edilmədiyindən, yəni həmin əməllər məhz xaricdə başlayaraq orada başa çatmadığından Lənkəran Ağır Cinayətlər Məhkəməsinin məsələyə ümumi prizmadan yanaşaraq Təqsirləndirilən şəxs törətdiyi bütün əməllərin xaricdə törədilməsi ehtimal olunan cinayət kimi qəbul edərək və CPM-in 74.3-cü maddəsinə əsaslanaraq cinayət işini təqsirləndirilən şəxsin dəqiq müəyyən olunmayan axırıncı yaşayış yeri üzrə, yəni Ağstafa rayonunun yurisdiksiya üzrə aid olduğu Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərməsi məhkəmələr arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığının yaranmasına səbəb olur. Bundan başqa da, Təqsirləndirilən şəxs həm Zərərçəkmiş şəxs3, həm Zərərçəkmiş şəxs2, həm də ki Zərərçəkmiş şəxs1 ilə bağlı epizodlar üzrə verilmiş ittihamların hamısından görünür ki, Təqsirləndirilən şəxs aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə hər üç zərərçəkmiş şəxsi məhz Azərbaycan Respublikasının dövlət sərhədindən, yəni Astara nəzarət-buraxılış məntəqəsindən keçirməklə cəlb edib insan alveri cinayətini törətmişdir. Məhz buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144-1.2.4-1.-ci maddəsi ilə də ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası CM-in 144-1.1-ci maddəsində göstərilən insan alveri cinayəti formal tərkiblidir və dispozisiyasında göstərilən əməllərin törədildiyi andan başa çatmış hesab olunur. Ona görə də, həmin maddənin dispozisiyasında sadalanan əməllərin nəticəsi olaraq insan alveri cinayətindən zərərçəkmiş şəxsin fahişəliklə məşğul olubolmamasının, cinsi istismara, yaxud işgəncəyə və digər qeyri-insani rəftara məruz qalıbqalmamasının, cinayətkar fəaliyyətə cəlb edilib-edilməməsinin, köləliyə yönəldilibyönəldilməməsinin təqsirkar şəxsin əməlinin CM-in 144-1-ci maddəsi ilə tövsif edilməsinə təsiri yoxdur. Belə olan halda şəxslərin cinsi istismar məqsədi ilə cəlb edilməsi, yəni zərərçəkmiş şəxsin istismara razılıq verməsi ilə cinayət əməli başa çatmış hesab olunur. Azərbaycan Respublikası CM-in 144-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli alternativ tərkibli cinayət olduğundan həmin cinayətin obyektiv cəhətini təşkil edən alternativ hərəkətlərdən hər hansı birinə yol verildiyi andan cinayət başa çatmış hesab olunur. Təqsirləndirilən şəxs ittiham olunduğu sonuncu əməldən də görünür ki, o, təkrarən tamah niyyəti ilə 2020-ci ilin fevral ayında ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 qızı ilə danışaraq 25 yanvar 2020-ci il tarixdən 08 fevral 2020-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasının Tehran şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra 22 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Astara nəzarət-buraxılış məntəqəsindən keçirməklə İran İslam Respublikasının Tehran şəhərinə getmiş, Şəbinə Məmmədzadə onu qarşılayıb qeyd olunan şəhərdə öncədən tutduğu mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 22 fevral 2020-ci il tarixdən 26 fevral 2020-ci il tarixədək istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Təqsirləndirilən şəxs verilmiş bütün ittihamların məzmununda onun aldatmaqla və ya rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsi ilə cinsi istismar edilməsi məqsədi ilə zərərçəkmiş şəxsləri Azərbaycan Respublikasının dövlət sərhədindən, yəni Astara nəzarət-buraxılış məntəqəsindən keçirməklə cəlb edib insan alveri cinayətini törətməsi ilə bağlı ittiham irəli sürüldüyü üçün həmin cinayət əməlləri insan alveri qurbanı dövlət sərhədindən keçdiyi andan bitmiş hesab olunur. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, sonuncu əməl Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan Astara rayonunda baş verdiyi üçün həmin xüsusat da Gəncə Ağır Cinayətlər Məhkəməsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığının yaranmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən, heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsində təsbit olunmuş ərazi üzrə məhkəmə aidiyyətinin mahiyyəti ondan ibarətdir ki, cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara cinayətin törədildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.21, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 sentyabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, alternativ əlamətli cinayət tərkiblərinə gəldikdə isə qeyd olunmalıdır ki, Cinayət Məcəlləsində belə obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, uzanan cinayət bir məhkəmənin yurisdiksiyasına aid olan yerdə başlayıb, başqa məhkəmənin yurisdiksiyası daxilində bitibsə, cinayət işinə cinayətin bitdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Alternativ tərkibli uzanan cinayətlərə gəldikdə isə qeyd olunmalıdır ki, belə tərkibli cinayətlərin obyektiv cəhətini təşkil edən alternativ hərəkətlərdən hər hansı birinə yol verildiyi anda hüquqi cəhətdən cinayət baş vermiş hesab edilsə də, məhkəmə aidiyyəti məsələsinə münasibətdə cinayətə son qoyulma yeri faktiki cəhətdən cinayətin başa çatdığı yer hesab olunmalı və cinayət işinə həmin yerin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Rantsev Kiprə və Rusiyaya qarşı” işi (№ 25965/04, 07 yanvar 2010-cu il, § 207) üzrə qərarında qeyd olunmuşdur ki, ərizəçinin Rusiyaya qarşı hazırkı işdə şikayətləri Rusiya tərəfindən xanım Rantsevanı insan alveri və istismar təhlükəsindən qorumaq və onun Kiprə gəlməsi, orada işləməsi və sonrakı ölümü ilə bağlı halların istintaqını araşdırmaq üçün zəruri tədbirlərin iddia olunan görülməməsinə aiddir. Məhkəmə qeyd edir ki, belə şikayətlər o mülahizəyə əsaslanmır ki, Rusiya Kiprdə və ya Kipr dövlət orqanları tərəfindən törədilmiş hərəkətlərə görə məsuliyyət daşıyır. İddia olunan insan alverinin Rusiyada başladığı fakt baxımından və insan alverinə qarşı mübarizə aparmaq üzrə Rusiyanın öz üzərinə götürdüyü öhdəliyi nəzərə alaraq, Məhkəmənin səlahiyyətindən kənarda deyil ki, xanım Rantsevanı insan alverindən qorumaq və onun insan alverinə məruz qalması mümkünlüyünü araşdırmaq üçün yurisdiksiya və səlahiyyətləri daxilində tədbirlər görmək məqsədilə üzərində olan hər hansı öhdəliyə Rusiya tərəfindən riayət edilib-edilmədiyini araşdırsın. Eynilə, ərizəçinin Konvensiyanın 2-ci maddəsi üzrə Rusiya dövlət orqanlarına qarşı şikayəti Rusiyada yaşayan şahidlərin ifadələrinin təmin olunması daxil olmaqla, istintaq hərəkətlərinin həyata keçirilməməsinə aiddir. Məhkəmənin üzərinə düşür ki, Konvensiyanın 2-ci maddəsi üzrə ərizəçinin şikayətini mahiyyəti üzrə araşdırarkən, Rusiyada dövlət orqanlarının üzərinə düşən hər hansı prosessual öhdəliyin əhatəsini və hazırkı işin halları baxımından hər hansı belə öhdəliyə riayət olunub-olunmamasını qiymətləndirsin. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin qərarında göstərilmişdir ki, məhkəmə təkrar edir ki, Rusiyanın hazırkı işdə məsuliyyəti onun yurisdiksiyasına düşən hərəkətlərlə məhdudlaşır (baxın, yuxarıda 207-208-ci paraqraflar). Cinayət qanunu həmin vaxtda insan alveri cinayətini xüsusi olaraq nəzərdə tutmasa belə, Rusiya Hökuməti iddia edib ki, ərizəçinin şikayət etdiyi hərəkətlər digər cinayətlərin tərkibi daxilinə düşür (§ 301). Məhkəmə təkrar edir ki, operativ tədbirlər görmək barədə Rusiyaya aid olan hər hansı pozitiv öhdəlik yalnız onun ərazisində baş vermiş hərəkətlərdən yarana bilər (baxın, mutatis mutandis, yuxarıda qeyd olunmuş Al-Adsani, §§ 38-39) (§ 304). Lakin Məhkəmə qeyd edir ki, Rusiya dövlət orqanları xanım Rantsevanın necə və harada seçilməsi ilə bağlı istintaq aparmamışdır. Xüsusən, dövlət orqanları xanım Rantsevanın seçilməsinə və ya istifadə olunmuş seçim metodlarına aid olan şəxsləri müəyyən etmək üçün hər hansı addım atmamışdır. Seçilmənin Rusiyanın ərazisində baş verdiyini nəzərə alaraq, Rusiya dövlət orqanları xanım Rantsevanın seçilməsi ilə bağlı səmərəli istintaqın həyata keçirilməsi üçün ən yaxşı vəziyyətdədir. Xanım Rantsevanın sonrakı ölümü və onun Rusiyadan getməsi hallarını əhatə edən qeyri-müəyyənlik baxımından hazırkı işdə bu məsələ ilə bağlı istintaqın aparılmaması ən ciddi məqamdır (§ 304). Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı olduğu üçün həmin məsələnin həllindən ötrü, yəni cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində və ya Lənkəran Ağır Cinayətlər Məhkəməsində yaxud da Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılması məsələsini müəyyən etmək üçün həmin cinayət işi Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Bundan başqa, iş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay müddətə, yəni 14 yanvar 2024-cü il tarixədək uzadılmışdır. X16 Məhkəməsinin “Meloni İsveçrəyə qarşı” iş üzrə 10 aprel 2008-ci il tarixli qərarında göstərilmişdir ki, həbs qərarı konkret əsaslara söykənməli və konkret vaxt müddəti müəyyən etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 159.1 və 299.3.5-ci maddələrinə, X16 Məhkəməsinin göstərilən hüquqi mövqeyinə əsaslanıb iş üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin 14 yanvar 2024-cü il tarixdə bitdiyini, məhkəmənin bu günki hazırlıq iclasında cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı olduğu üçün həmin məsələnin həllindən ötrü, yəni cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində və ya Lənkəran Ağır Cinayətlər Məhkəməsində yaxud da Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılması məsələsini müəyyən etmək üçün həmin cinayət işi Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi nəticəsinə gəlindiyini, bu səbəbdən gələcəkdə göstərilən ağır cinayətlər məhkəmələrindən birində hazırlıq iclasının keçirilməli olduğunu, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin ictimai təhlükəliliyini, xarakterini və törədilmə şəraitini, ağır cinayətlər kateqoriyasına aid olmasını, azadlıqda qalarsa, cinayət prosesini həyata keçirən orqandan gizlənməsi barədə Azərbaycan Respublikası CPM-in 155.1.1-ci maddəsində nəzərdə tutulmuş hərəkəti etməsinə dair ehtimalın kifayət qədər əsaslı və real olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri aidiyyəti üzrə müvafiq ağır cinayətlər məhkəməsində məhkəmə hazırlıq iclası keçirilib qərar qəbul edilənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 74, 75, 77, 155 və 299-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsi arasında məhkəmə aidiyyətinə dair fikir ayrılığı olduğu üçün həmin məsələnin həllindən ötrü, yəni cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində və ya Lənkəran Ağır Cinayətlər Məhkəməsində yaxud da Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılması məsələsini müəyyən etmək üçün həmin cinayət işi Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri aidiyyəti üzrə müvafiq ağır cinayətlər məhkəməsində məhkəmə hazırlıq iclası keçirilib qərar qəbul edilənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti məlumat üçün cinayət prosesinin tərəflərinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar