Məhkəmə qərarları › İş №1(100)-339/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-339/2025

19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-339/2025 19.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İbişov İlkin İlqar oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, X1 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Gəncə şəhərində anadan оlmuş, Аzərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünavnında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 0,390 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq 0,282 qram və 0,108 qram olmaqla iki hissəyə bölüb satışa hazır vəziyyətə gətirərək 0,282 qram hissəsini üzərində, 0,108 qram hissəsini isə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə (DİN-in BNMİ-nin QBRŞ-yə) onun qanunsuz olaraq psixotrop maddələri əldə edib saxlaması barədə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, 15 aprel 2024-cü il tarixdə, saat 00:10 radələrində yaşadığı ünvanının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən DİN-in BNMİ-nin QBRŞ-yə gətirilmiş və şöbədə həmin gün onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan qolsuz qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 0,282 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin tədbirin davamı olaraq həmin gün yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı həmin evin otağındakı şkafın üzərində olan şüşə qabın içərisindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,108 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Kəmaləddin oğlu ona Azərbaycan Respublikasının CM-nin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o narkotik vasitə istifadəçisi olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Saxlanıldığı gün Samir adlı şəxsdən narkotik vasitə almışdır. Belə ki, həmin gün evdə istifadə etmək üçün narkotik vasitəsi az qaldığı üçün Samirə zəng edib ona narkotik vasitə gətirməsini istəmişdir. Samir Opel markalı taksi avtomobili ilə gəlib narkotik vasitəni ona verib getmişdir. Samir gedəndən 2 dəqiqə sonra polis əməkdaşları avtomobildən düşüb ona yaxınlaşmış, bu zaman əlində olan narkotik vasitəni yerə atmışdır. Həmin vaxt qaranlıq olduğu üçün polis əməkdaşları yerə atdığı narkotik vasitəni görməmişlər. Sonra onu X4 aparıb üzərinə baxış keçirmişlər, lakin üzərindən heç nə aşkar olunmamışdır. Polis əməkdaşları ona “buraya gəldinsə CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunmalısan, sənin bir qədər əvvəl narkotik vasitə götürdüyünü bilirik, harada gizlətmisənsə yerini de” demişlər. Bundan sonra o, polis əməkdaşlarına “məni döyüb təzyiq etmək lazım deyil, narkotik vasitəni məni saxlayanda yerə atdım” demişdir. Sonra onu saxladıqları yerə gedib atdığı narkotik vasitəni tapıb şöbəyə qayıtmışlar. Sonra yaşadığı evə də baxış keçirilmiş və evdən 0.1 qram çəkidə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, ifadəsində yaşadığı evdən aşkar olunan narkotik vasitəni də Samir adlı şəxsdən aldığını, Samirin Gəncə şəhəri “köhnə Yevlax avtovağzalı” adlanan yerdə yaşadığını, ibtidai istintaq zamanı QBRŞ-nin əməkdaşlarının ona “narkotiki Samirdən aldığını desən gərək onu da tutub gətirək, sən narkotik vasitəni İran vətəndaşından aldığını de sənə CM-nin 234.1-ci maddəsi ilə ittiham verək” dedikləri üçün narkotik vasitəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu Aqşin adlı İran vətəndaşından almasını dediyini bildirmişdir. Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamini “İnstagram” sosial şəbəkəsində tanış olduğu Aqşin adlı İran İslam Respublikasından aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun narkotik vasitələrin istifadəsi, üzərində daşıması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və keçirilmiş əməlyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Bağman ərazisində saxlanılaraq polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində üzərinə baxış keçirilən zaman üzərindən kiçik bir bükümdə psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Daha sonra zərurət yarandığından Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin giriş qapısından sağ tərəfdə yerləşən dolabın içərisindəki meyvə qabının içərisində olan, öz istifadəsi üçün saxladığını qeyd etdiyi bir bükümü götürüb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etsə də dövriyyəsi ilə məşğul olmadığını, istifadə etdiyi narkotik vasitəni sosial şəbəkələrdə tanış olduğu İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Bundan başqa o, ifadəsində Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı ilə şəxsi istifadəsinə görə narkotik vasitə almaq üçün münasibətə girdiyini, onun kuryerlik fəaliyyəti və ya İran İslam Respublikası vətəndaşından aldığı narkotik vasitəni kiməsə satması barədə məlumatının olmadığını, Təqsirləndirilən şəxs Samir adlı şəxsin adını çəkmədiyini və ona qarşı heç bir təsir-təzyiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2024-cü il tarixli 16/446 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər maddə...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,282 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər maddə..” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,108 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, 2 (iki) ədəd kağız paketlərdəki, metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İİ bəndində daxildir. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və xx.xx.2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlu əynində olan açıq sarı rəngli şalvarın sol yan cibindən bir ədəd iphone markalı mobil telefonu, sağ yan cibindən bir ədəd “İphone” markalı mobil telefonu, əynində olan sarı rəngli qolsuz qış gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, sol yan cibindən bir qutu Vinston markalı siqareti çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı təqdim etdiyi sellofan bükümün psixotrop maddə olan metafetmamin olduğunu, təxminən 10-15 gün əvvəl İnstagram sosial şəbəkəsində tanış olduğu, əvvəllər tanımadığı İran İslam Respublikası vətəndaşı Aqşin adlı şəxsin göndərdiyi məkanə 5 gün əvvəl gedərək 30 manat qarşılığında əldə etdiyini, bir hissəsini istifadə etdiyi, qalan hissəsini isə üzərində saxladığını bildirdi. Daha sonra aşkar edilmiş büküm elektron tərəzidə çəkilərək 0.33 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun üzərindən aşkar olunmuş iki ədəd iphone markalı mobil telefon içərisində sübut əhəmiyyəti kəsb edə biləcək məlumatlar olması ehtimal edildiyindən gütürülmüş, siqaret isə maddi sübut əhəmiyyəti kəsb etmədiyindən özünə qaytarılmışdır. Məhkəmdə tədqiq edilən xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” və xx.xx.2024-cü il tarixli “video diskə baxış keçirilməsi barədə” protokollardan görünür ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun yaşadığı fərdi yaşayış evinə baxış keçirilərkən Təqsirləndirilən şəxs evin giriş qapısından içəri daxil olub, otağın sağ yuxarı tərəfində quraşdırılmış mebelin üzərində olan şəffaf şüşə materialdan hazırlanmış meyvə qabının içərisindəki bir ədəd gümüşü rəngli kağız bükümü təqdim etmiş və içərisində psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Həmin bükümə baxış keçirilərkən psixotrop maddə metafetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm elektron tərəzidə çəkilərək 0.21 qam olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş bükümü Aqşin adlı İran İslam Respublikası vətəndaşının təxminən 5 gün əvvəl göndərdiyi məkana gedərək şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmdə tədqiq edilən xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğluna məxsus “İphone 12 Pro” markalı mobil telefona baxış zamanı “Whatsapp” mesajlaşma şəbəkəsində həyata keçirilən yazışmadan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə “97” adlı 98930 *** **** saylı mobil nömrəyə əvvəlcə səsli mesaj göndərərək “salam Peyman nətərsən mənəm Kənana bu da mənim nömrəmi haa” məzmununda mesaj mətni göndərmiş, daha sonra həmin nömrə ilə səsli və görüntülü zənglər edilərək danışıqlar həyata keçirilmişdir. “İlqar 14” adlı ********** saylı mobil nömrə ilə yazı şəkildən mesajlaşma həmçinin səsli zənglər edilmiş, xx.xx.2024-cü il tarixdə həmin mobil nömrəyə əvvəlcə səsli mesaj göndərərək “nə bilim nə deyirəm ay qaqa vatsapı dəyişdim mesallar getdi...nağarısan? salamatçılıqdımı? maa lirika düşündə götür...səhər gör götürə bilirsənmi”, bundan sonra növbəti səsli mesajda “salam ayqa nətərsən qadanalım nolar patın varsa biraz patı gətir mənə...” məzmununda, qarşı tərəf isə cavabında “sənnəndə Allaha and olsun hal əhval tutmaq olmur səs göndərib istəməklə nə fikirlə elə edirsən guya sən məndən istəyirsən haa?” məzmununda o, isə cavabında “əə yoxumdu dana qaqa varındısa biraz patı ver səhər qaytararam” məzmununda, həmin mobil nömrə isə cavabında “mənlə az məzələn yekə oğlansa o gün də deyirdinki ağrıyıram takisyə 11 manat pul verib o boyda yolu əziyyət çəkib gətiririəm əvəzində də heç nə istəmirəm gətirib qoyub gedirəm sonra deyirsənki eliyəsi olmadım...əgər ağrımırdınsa, eliyəsi deyildinsə o boydu yolu niyə gətizdirirdin adam deyərlər” məzmununda, bundan sonra həmin mobil nömrə yenə ona “Ay Kənan o dərmandan ola bilsin oldu neçə dənə götürüm sənə?” məzmununda, o, isə cavabında “o dərmanın ağrısındayam...sən Allah Elgün olsa götür” məzmununda, bundan sonra həmin mobil nömrə yenə ona “sənin başın çatır? Zonda mənlə danışa bilərdin elə? Zarafatsız mənə de işimi bilim ürəyim neçədə görüşəcəyik? çox götürə bilməyəcəm indi götürsəm bir list zad götürəcəm...” məzmununda, bundan sonra isə o, həmin mobil nömrəyə “Gelim, sənöl, sabah olacaq dana...” məzmununda mesal mətnləri vardır. Bundan başqa sözügedən mobil telefonda “Vatsap” mesajlaşma şəbəkəsində həyata keçirilən yazışmadan müəyyən edilmiş “Ehmed Ustepe” adlı ********** saylı mobil nömrədən ona xx.xx.2024-cü il tarixdə “Abi naqarsan dermni şeu götmüy isdysen savax götreu” məzmununda mesaj mətni göndərilmiş o, isə cavabında “qaqa Allah haqqı pul yoxdu telefona pul verməliyəm qo görüm sabah pul olsa xəbər eliyələm” məzmununda cavab vermiş, yazışmanın davamında həmin mobil nömrə “Ayqa beke yungul nəyinsə ola Aqynan ma savax sa üş baş” məzmununda mesaj göndərilmiş o, isə cavabında “mezelensiz ayqa yarını sizə verdim yazıq perviz heşne vermedim 1 cet varımdı onda yuxudan duranda vurmaqadı savaq” məzmununda cavab verilmiş, yazışmanın davamında həmin mobil nömrə “qaqa duranda meni yiq abi nolbeş daşnan dermni şey verir ayqa kart atram vur ma de” məzmununda mesaj mətni göndərilmiş, o, isə səsli olaraq cavabında “qaqa qadan alım Əhməd vururam ama narmalni bir şeydisə götürüm çünki mən iş dalınca 400 km yol gedəcəm” məzmununda mesaj göndərmiş, sonra həmin mobil nömrə sonuncu dəfə ona “Daş havaq olaiax abi” məzmununda mesaj mətni göndərmişdir. Bundan başqa sözügedən mobil telefonda “Vatsap” mesajlaşma şəbəkəsində həyata keçirilinən yazışmadan müəyyən edilmiş “pervin Leş Yıyen” adlı ********** saylı mobil nömrədən ona xx.xx.2024-cü il tarixdə “Qardaşın pis gündedi gelim qardaş” məzmununda mesaj mətni göndərmişdir. Ona məxsus "İphone 12 Pro” və “İphone 7 Plus” markalı mobil telefona baxış zamanı mobil telefonun mesajlar bölməsində “Ramin 14” adlı ********** saylı mobil nömrədən ona xx.xx.2024-cü il tarixdə “AQ QAQA SENİN QADAN ALİM VACİBDİR AXİ YİGDE MENİ SERYONZNUDUR DEDİM SENE” məzmununda, daha sonra xx.xx.2024-cü il tarixdə “Duz dene da kodu, noldu ac da teli” məzmununda mesaj mətni göndərmişdir. Bundan başqa sözügedən mobil telefonda həmçinin müəyyən edilmiş “Pervin Zon 1414141” adlı ********** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə ona “Ma zeng ele burda qapıda qalmışam qardaşim zeng ele qapida qalmişam bir saatdi zeng elesen...men olurüm veziyetim pisdi zeng ele buirda meni ne gozdedisen” məzmununda mesaj mətni göndərilmişdir. Bundan başqa sözügedən mobil telefonda həmçinin müəyyən edilmiş “X6” adlı ********** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdə “yekə adamsan cavab ver... 01 temaya görə nə hərəkətdi edirsen...aç tez de yerini tapmadım...” məzmununda mesaj mətni göndərilmişdir. Qeyd olunan mobil telefonlara baxış zamanı Təqsirləndirilən şəxs başqa şəxslərlə danışıq zamanı “Unibank ASC”-ə məxsus 5411-2498-0377-0895, 5411-2498-0128-9658, 5411- 2498-0377-0895, 5411-2498-0128-9658, 5411-2498-0221-8722 nömrəli, “Kapital Bank ASC”-ə məxsus 5239-1517-5330-0006, 5239-1517-0680-3924, 5239-1517-0747-3958, 5239-1517-4988-8908, 5239-1517-5828-2589 nömrəli və Turan Bank ASC-ə məxsus 4192-7700-0439-2096 nömrəli kart hesablarının istifadə olunması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məxsus mobil telefonun qalereyasina baxış zamanı orada “97” adlı “98 930 348 6288” saylı mobil nömrə ilə vatsap yazışması zamanı ekran görüntüsünü qeyd almağına dair video görüntüdə mobil nömrə ilə xx.xx.2024-cü il tarixdən danışmağa başlayır, danışıq zamanı o, həmin mobil nömrəyə qeyd etdiyi kart hesablarına pul göndərməyinə dair çekləri təqdim edir, sonra isə həmin mobil nömrə müxtəlif məkan şəkilləri göndərir. Həmçinin o, xx.xx.2024-cü il tarixdə həmin mobil nömrəyə şəkil göndərərək “Qala kasmetika boryunden girsin isarelediyim yerde gorecey salfetakdadi Peyman” məzmununda daha sonra davamında o, "50 ot 5 daş” məzmununda, daha sonra həmin mobil nömrə ona məkan göndərərək “50 gul 5 pati” məzmununda sizə isə cavabında “Hamsi bir yerdedi yalannan deyir ey eleve guldu helemi? Qaqa senol patiya pul aliv gelmişem ha menim doy 5 dene” məzmununda, daha sonra xx.xx.2024-cü il tarixdə yenidən həmin mobil nömrədən “50 gul 5 pati” məzmununda və davamında şəkil, davamında “sim gaga 255 galdi aramiz” məzmununda mesajlar göndərmişdir. Həmçinin həmin mobil ona "xxxx" ASC-yə məxsus 52391517-5330-0006, 5239-1517-0680-3924, 5239-1517-0747-3958, 5239-1517-4988-8908, 5239-1517-5828-2589 nömrəli kart hesabları göndərmiş və o, da həmin kart hesablarına müxtəlif məzmunda pulların köçürülməsinə dair cavablar vermişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlu xx.xx.2024-cü il tarixdə, saat 00:10-da şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Babayev X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sözügedən hökm Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə dəyişdirilərək CM-nin 234.4.2ci maddəsi ittihamdan xaric edilmiş, CM-nin 234.4.3-cü maddəsi isə CM-nin 234.1-ci maddəsinə tövsif edilərək qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının 04 ay 22 gün hissəsini çəkmədən vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhəri Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 4478 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlu həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 1385 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlu psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi mülicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 073-1721-2024 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun psixotrop maddə olan metamfetamini hansı mənbədən əldə etməsi və psixotrop maddələri satdığı şəxslərin dairəsi müəyyən edilə bilməmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 0.242 qram psixotrop maddə olan metamfetamin, yaşadığı yaşadığı evdən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,068 qram olan psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin məsul saxlancına verilmişdir. Şəxsi axtarış və baxış video görüntüsünün yazıldığı 02 ədəd DVD disk və telefon danışıqlarının köçürüldüyü 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs Kəmaləddin oğluna qarşı CM-in 234.4.1-ci maddəsi ilə sürülmüş ittiham üzrə cinayət təqibindən imtina etmiş, təqibin CM-in 234.2-ci maddəsi ilə davam etdirilməsini məhkəməyə təklif etmişdir. Dövlət ittihamçısı vəsatətini aşağıdakı kimi əsaslandırmışdır: -Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində, həmçinin şəxsi axtarış keçirilməsi haqqında protokolda və əlavə edilmiş videoçəkilişdə ondan aşkar edilmiş metamfetamini tutulmamışdan 10-15 gün əvvəl sosial şəbəkədə tanış olduğu Aqşin adlı İİR vətəndaşından 30 manata aldığını, müvafiq məkan məlumatları əsasında tapıb götürdüyünü, bir hissəsini istifadə etdiyini, məhkəmə istintaqında isə üzərində cüzi miqdarda metamfetamin aşkar edildiyini, aşkar edilən kütlənin hamısının ona məxsus olmadığını bildirmişdir. -İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs bir neçə nömrə ilə narkotik vasitənin dövriyyəsi ilə bağlı danışıqlar aparıb. Danışıqların birində Peyman adı ilə müraciət etdiyi, İran nömrəsi də var. Həmçinin müxtəlif kart nömrələrinə pullar köçürüb, qəbzlər atıb, müxtəlif məkan (location) məlumatları və şəkillər göndərib. Bu tip sonuncu yazışma xx.xx.2024-cü il tarixdə baş tutmuşdur. Tutulma tarixi isə 15 aprel 2024-cü il tarixdir. Təqsirləndirilən şəxs verdiyi etirafedici ifadələrinin hamısında ondan aşkar edilmiş psixotrop maddəni 30 manat müqabilində aldığını bildirmiş, yazışmalarında kiminləsə əlbir olmasına dair hansısa məlumat aşkar edilməmişdir. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlində narkotik vasitənin dövriyyəsilə bağlı cinayətin əlamətləri olsa da, həmin dövriyyədə kimləsə əlbir olması, iştirakçılığı və s. müəyyən edilmədiyindən dövlət ittihamçısı CM-in 234.4.1-ci maddəsilə olan ittihamdan imtina etmiş, təqibi CM-in 234.2-ci maddəsilə davam etdirib təqsirləndirilən şəxsə həmin maddə ilə cəza təyin edilməsini təklif etmişdir. Məhkəmə vəsatəti müzakirə edərək əsaslı olduğundan təmin edilməsi qərarına gəlmişdir. Azərbaycan Respublikası CPM-in 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-in 84.6.9-cu maddəsinə görə həmin Məcəllənin 41.3cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs Kəmaləddin oğlu ondan aşkar edilmiş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə edib üzərində daşıdığını və evində saxladığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin qeyd olunan ifadəsinə tənqidi yanaşaraq, həmin ifadənin onun öz hüquqlarından istifadə edərək özünü müdafiə etmək və ağır cinayətin məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir və onun ifadəsinin özünün ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri,ələlxüsus telefon məlumatları, məhkəmə istintaqı zamanı tədqiq olunmuş eksperti rəyləri və işin faktiki halları ilə uyğun gəlmədiyindən inandırıcı hesab etməyərək həmin ifadəyə tənqidi yanaşaraq sübut kimi qiymətləndirmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş telefon danışıqlarından açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlu narkotik vasitələri alıb satmaqla, lokasiya üzrə qoyub ayrı-ayrı şəxslərlə sövdələşməklə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmuşdur. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetamin satış məqsədilə əldə edilib saxlanmış və daşınmışdır. Həmçinin Gəncə şəhəri Narkoloji Dispanserinin 26 yanvar 2023-cü il tarixli 130 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğlu narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi mülicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasinin qanunun 1.0.4-cü maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövriyyəsi nəzarət edilən, məhdudlaşdırılmış və ya qadağan edilmiş (bundan sonra - nəzarət edilən) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsi (idxalı), Azərbaycan Respublikasının ərazisindən çıxarılması (ixracı) və ya onların tranzit nəql edilməsi, habelə həmin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının saxlanılması, alınması, daşınması, göndərilməsi, məhv edilməsi, istifadə edilməsi və onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əməliyyatların aparılması nəzərdə tutulur. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin və qurudulmuş marixuana narkotik vasitə hesab olunur, heroinin xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram və ondan yuxarı, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 2 qram, marixuananın xeyli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 5 qram və ondan yuxarı, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 500 qramdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər, yəni Təqsirləndirilən şəxs Kəmaləddin oğlu satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124–136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun əməlində CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Məhkəmənin gəldiyi bu nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı baxımından da əsaslıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan qanunla müəyyən edilən cəzanı yüngülləşdirən halların olması müəyyən edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Babayev X3 Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının 04 ay 22 gün hissəsini çəkmədən vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən 02 (iki) il keçdikdə məhkumluqları ödənilmiş hesab edilir. Belə olan halda Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun hal-hazırkı cinayət əməli cinayətlərin residivisi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Kəmaləddin oğluna təyin edləcək cəza Cinayət Məcəlləsinin 234.2-ci maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs Kəmaləddin oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Kəmaləddin oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 15 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Kəmaləddin oğlunа Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-nin xüsusi saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz çəkisi 0.242 qram psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxsyaşadığı yaşadığı evdən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,068 qram olan psixotrop maddə olan metamfetamin məhv edilməli, şəxsi axtarış və baxış video görüntüsünün yazıldığı 02 ədəd DVD disk və telefon danışıqlarının köçürüldüyü 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Cinayə işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus "İphone 12 Pro” və “İphone 7 Plus” markalı mobil telefonlar onun ailə üzvlərinə qaytarılmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs Kəmaləddin oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun hüquqlarının müdafiəsini Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 36 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 36 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 276 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Kəmaləddin oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Kəmaləddin oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs Kəmaləddin oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında ərazi nakroloji dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə BPİ-də saxlanılan Təqsirləndirilən şəxs Kəmaləddin oğlunun üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,242 qram olan metamfetamin və yaşadığı evdən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,068 qram olan metamfetamin məhv edilsin, şəxsi axtarış və baxış video görüntüsünün yazıldığı 02 ədəd DVD disk və telefon danışıqlarının köçürüldüyü 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Cinayə işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus "İphone 12 Pro” və “İphone 7 Plus” markalı mobil telefonlar onun ailə üzvlərinə qaytarılsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 276 manat məbləğində pul köçürülsün. Ekspertiza tədqiqatları zamanı sərf edilmiş 32 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs Kəmaləddin oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs Kəmaləddin oğlu isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar