Məhkəmə qərarları › İş №1(100)-340/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-340/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-340/2022 21.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və X2 ibarət tərkibdə, Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-ci il tarixdə Goranboy rayonunun Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Alpout kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4 və 263-1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdə saat 18:30 radələrində Goranboy rayonu Hazırəhmədli kəndində Zərərçəkmiş şəxs4 evinin qarşısında küçədə baş etibarnamə əsasında faktiki sahibliyində olan BMW-3181 markalı **-LJ-*** qeydiyyat nişanlı avtomobilin dayanıqlı vəziyyətdə və açarın mühərriki işə salan qurğunun üzərində olduğunu görüb, qapılarının açıq olmasından istifadə edərək, avtomobilin sükanı arxasında əyləşib açar vasitəsilə avtomobilin mühərrikini işlək vəziyyətə gətirərək, sürücülük hüququ olmadan hərəkət etdirib talama məqsədi olmadan avtomobili qanunsuz olaraq ələ keçirmiş və idarə edib Goranboy rayonu Dəliməmmədli şəhərinə gedərək, oradan atası X7, anası Zərərçəkmiş şəxs2 və qohumu Şahid2 avtomobilə mindirib, həmin gün saat 19 radələrində yaşayış məntəqəsi hesab olunan Goranboy rayonu Dəliməmmədli şəhəri ərazisi ilə Goranboy rayonu Hazırəhmədli kəndi istiqamətində 80 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən ayırmamalı, avtomobili mövcud yol şəraitində hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli və avtomobilin öz hərəkət zolağı ilə dayanıqlı hərəkətini təmin etməli, qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə idarə etdiyi avtomobili qarşı sol hərəkət zolağına çıxarmamalı və hərəkət üçün təhlükə yaratmamalı, həmin yolun yaşayış məntəqəsi daxilində yerləşməsini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə, yəni yol şəraitinə uyğun olaraq 60 km/saat sürətdən yüksək olmayan sürətlə idarə etməli olduğu halda bunlara riayət etməməklə “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq qarşıdan əks istiqamətdə Zərərçəkmiş şəxs1 etibarnamə əsasında idarə etdiyi faktiki sahibliyində olan VAZ-2101 markalı **-BH-*** qeydiyyat nişanlı avtomobilin yaxınlaşdığı vəziyyətdə idarəetməni itirərək avtomobili əks hərəkət zolağına çıxarmış və avtomobilin sürüşərək sağ yanı ilə Zərərçəkmiş şəxs1 idarə etdiyi VAZ-2101 markalı **-BH-*** qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi arasında sonuncunun hərəkəti istiqamətində yolun hərəkət hissəsinin sağ kənarından mərkəzinə doğru 2,8 metr məsafədə toqquşmanın baş verməsinə, nəticədə ehtiyatsızlıqdan özünün idarə etdiyi BMW-3181 markalı **-LJ-*** qeydiyyat nişanlı avtomobildə olan sərnişin X8 qarının sağ yarısının geniş ölçülü qançırı, qarının küt travması, dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsinə və xəstəxanaya aparılarkən dalağın və qara ciyərin əzilib-didilməsi nəticəsində baş vermiş kəskin daxili qan itirmədən yolda ölməsinə, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 sağ İ,İİ,İİİ qabırğalarının sınığı, L1-L2- L3-L4 fəqərələr arası sağ yan çıxıntının, sağ sirkə kasasının ön divarının, sağ qasıq, sol oturaq sümüklərinin, oma sümüyünün qapalı sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmasına, VAZ-2101 markalı **-BH-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 qarının küt travması, dalağın cırılması, köndələn çənbər bağırsağın müsaliqəsinin cırılması, hemoragik şok İİİ dərəcə ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmasına, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs3 C7 fəqərəsinin sağ yan, TH4 fəqərəsinin arxa çıxıntısının, sol İ-İİ qabırğalarının qapalı sınığı ilə nəticələnən sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmasına və Zərərçəkmiş şəxs4 məxsus BMV- 3181 markalı **-LJ-*** dövlət qeydiyat nişanlı avtomobilə 8000 manat dəyərində xeyli miqdarda ziyan vurmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4 və 263-1.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək, verilmiş mülki iddianı isə qəbul edərək ifadəsində göstərmişdir ki, baş vermiş hadisədən təxminən bir ay əvvəl Bərdə şəhərindən evlənmək məqsədi ilə istədiyi qızı öz razılığı ilə qaçırtmışdır. xx.xx.2022-ci il tarixdə toylarının olacağı nəzərdə tutulmuşdu. Goranboy rayonu Hazırəhmədli kəndində yaşayan X14 onun əsgərlik yoldaşıdır, onların ailəsi ilə yaxın dostluq münasibətləri, ailəvi gediş-gəlişləri vardır. O, toy qabağı evləndiyi qıza “xına yaxdı” etmək istədiyini bildirdikdə Xasaygil “xına yaxdı” mərasimini onlarda etmələrini təklif etmişlər. xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Hazırəhmədli kəndində Xasaygildə “xına yaxdı” etmək üçün saat 16-17 radələrində nişanlısı ilə birlikdə Gəncə şəhərində yaşayan dostu Fəridin «Daevoo» markalı avtomobili ilə Xasaygilə getmişlər. Saat 19 radələrində Fərid onun yaşadığı Goranboy rayonu Alpoud kəndinə getmişdir ki, onun atası və anasını da Goranboy rayonu, Hazırəhmədli kəndinə, Xasaygilə gətirsin. Fərid getdikdən sonra bir qədər keçmiş o, Fəridə zəng edərək, niyə gəlmədiklərini, harada qaldıqlarını soruşduqda, Fərid, avtomaşının Goranboy rayonu Dəliməmmədli şəhərində xarab olduğunu bildirmişdir. Bundan sonra o, Xasaygilin küçəsinə çıxanda, Xasayın qardaşı Müseyibin “BMW” markalı avtomobilinin evlərinin qarşısında dayandığını görmüşdür. Xasay da Fəridlə birlikdə atasıgili gətirməyə getdiyindən, Müseyibin də evdə olmadığına, hara isə getdiyinə görə, həmçinin açarın da avtomaşının üstündə olduğundan və qapısının açıq olmasına görə heç kimə bir söz demədən Müseyibin “BMW” markalı avtomobilinin sükanı arxasına keçmiş və mühərriki işə salıb Goranboy rayonu Dəliməmmədli şəhərinə getmişdir ki, atasıgili gətirsin. Goranboy rayonu Dəliməmmədli şəhərində xəstəxananın qarşısında o atası Zərdabini, anası Xoşqədəmi, bibisi Asiyanı “BMW” markalı avtomobilə mindirmişdir. Avtomobildə qabaq sağ oturacağın üstünə gül buketi qoyulduğuna görə, atası, anası və bibisi, hər üçü də arxada oturmuşlar. Atası sağ tərəfdə kənarda, anası ortada, bibisi isə sol tərəfdə əyləşmişlər. Avtomobillə Goranboy rayonu Dəliməmmədli şəhərindən Hazırəhmədli kəndi istiqamətində 80 km/saat sürətlə hərəkət etmişdir. Yol çiskinli, yağışlı olduğundan Dəliməmmədli şəhərini çıxdıqda Hazırəhmədli kəndi istiqamətində gedərkən qarşı tərəfdən yüksək sürətlə gələn avtomobilin uzaqvuran işıqları onun gözünə düşmüşdür. Qarşıdan gələn avtomaşınla onun idarə etdiyi avtomobilin arasında təxminən 30 metr məsafə qalmış o, idarə etdiyi avtomobilin əyləcini sıxsa da, həmin anda avtomobil sürüşmüş, sükanı yığa bilmədiyindən avtomobil yolun sol tərəfinə dönmüşdür. Həmin anda əks ismtiqamətdə gələn avtomobilin qarşı tərəfi ilə onun idarə etdiyi “BMW” markalı avtomobilin sağ yan tərəfi toqquşmuşdur. Bir qədər keçmiş oraya gələn adamlar onu avtomobildən çıxartmışlar. Sonra avtomobildə arxada oturanları çıxartmışlar. O, görmüşdür ki, onun idarə etdiyi avtomobillə toqquşan qırmızı rəngli “VAZ-2101” markalı avtomobildir. O, atasının vəziyyətinin ağır olduğunu görüb, atasını yeznəsi Mikayıl Məmmədovun «Hyunday» markalı avtomobili ilə Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparan zaman, yolda avtomobilin mühərriki dayanmış, oradan da tanımadığı bir yol avtomaşını ilə atasını Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışlar. Ancaq xəstəxanaya çatdıqda atasının vəfat etdiyini görmüşdür. Onlar xəstəxanada olan zaman anasını da həmin xəstəxanaya gətirmişlər, orada rentgen etmək mümkün olmadığı üçün anasını Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Orada isə, anasına qan lazım olmasını bildirdikləri üçün, Gəncə şəhərində yerləşən qan bankına getmiş, oradan qan alıb Abbas Səhhət adına xəstəxanaya aparmışdır. Hadisə zamanı o və avtomobildə olan bibisi heç bir xəsarət almamışlar. İfadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə zamanı avtomobili idarə edən zaman ayıq vəziyyətdə olmuş, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. O əvvəllər Müseyibin özündən icazə alaraq bir-iki dəfə ona məxsus “BMW” markalı avtomobili götürüb kəndin arasında idarə etsə də, hadisə baş verən gün avtomobili ondan icazəsiz götürüb idarə etmişdir. Əlavə etmişdir ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi olan bibisi X12, zərərçəkmiş şəxs olan anası Zərərçəkmiş şəxs2, həmçinin digər zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, ona qarşı şikayət və tələbin olmadığını, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, mərhum X13 onun qardaşıdır. Təqsirləndirilən şəxs isə qardaşı oğludur. 25 fevral 2022-ci il tarixdə saat 19 radələrində qardaşı Zərdabi, həyat yoldaşı Xoşqədəm və qohumları Asiya Vamiqin idarə etdiyi və dostuna məxsus olan avtomobillə Goranboy rayonu Hazırəhmədli kəndinə gedərkən yolda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində qardaşı Zərdabi vəfat etmişdir. Zərdabinin həyat yoldaşı Xoşqədəm isə ağır xəsarət almışdır. Həmin günlərdə Vamiqin toyu olacağından onlar avtomobillə Hazırəhmədli kəndinə Vamiqin dostugilə xına yaxdı mərasiminə gedərkən həmin hadisə baş vermişdir. O, yol nəqliyyat hadisəsinin hansı şəraitdə baş verməsini görməmiş, ancaq sonradan bilmişdir ki, Vamiqin idarə etdiyi avtomobil qarşıdan gələn avtomobillə toqquşmuşdur. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi, özünə məxsus “VAZ- 2101” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili var. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi vardır. xx.xx.2022-ci il tarixdə saat 19-20 radələrində atası Zərərçəkmiş şəxs3 ilə birlikdə idarə etdiyi “VAZ-2101” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Həmənli kəndindən, yaşadıqları Gəncə şəhəri, Avtozavod qəsəbəsinə evlərinə getmişlər. O, avtomobili idarə etmiş, atası Etibar isə onun yanında, ön sağ hissədə əyləşmişdir. Goranboy rayonu Dəliməmmədli şəhərinə çatmağa təxminən 1 km qalmış, qarşı tərəfdən gələn bir avtomobil qəflətən onun qarşısına çıxaraq onun yolunda avtomobilinin qarşı tərəfi ilə toqquşmuşdur. Özü və atası xəsarət almışlar. Oraya gələn polis əməkdaşları onları avtomobildən çıxardaraq Goranboy rayon xəstəxanasına göndərmişlər. Oradan isə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparılmışlar. O, hadisə zamanı avtomobili 50-60 km saat sürətlə idarə etmiş, hadisə zamanı onun idarə etdiyi avtomobillə toqquşan avtomobilin hansı avtomobil olmasını bilməmiş, ancaq sonradan onun avtomobili ilə toqquşan BMV markalı avtomobil olduğu ona məlum olmuşdur. İfadəsinə əlavə olaraq göstərmişdir ki, hərəkətdə olarkən qarşıdan avtomobil gəldiyini gördükdə avtomobili yaxın vuran işıqlarla idarə etmiş, BMW markalı avtomobil sürətlə gələrək qəflətən onun yoluna çıxaraq yanı üstdə gəlib onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Həmçinin ifadəsində avtomobilinə 3500 manat zərər dəydiyini, bununla bağlı mülki iddia verdiyini, Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. X27 şəhərindən evlənmək məqsədi ilə istədiyi qızı öz razılığı ilə qaçırtmış və xx.xx.2022-ci il tarixdə toylarını etməyi planlaşdırmışlar. Goranboy rayonu Hazırəhmədli kəndində yaşayan, oğlunun əsgərlik yoldaşı olan və ailəlikcə yaxın münasibətdə olduqları Xasay Abbasova “xına yaxdı” mərasiminin onlarda keçirilməsi təklif olunmuşdu. xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Hazırəhmədli kəndində Xasaygildə xına yaxdı etmək üçün oğlu ilə gəlini Goranboy rayonu Hazırəhmədli kəndinə Xasaygilə getmişlər. Saat 19 radələrində isə oğlunun dostu Fərid onu, həyat yoldaşı Zərdabini və qardaşı arvadı Asiyanı yaşadıqları Goranboy rayonu Alpoud kəndindən götürüb avtomobili ilə Goranboy rayonu Hazırəhmədli kəndinə Xasaygilə aparmışdır. Fəridin avtomobili Goranboy rayonu Dəliməmmədli şəhərində xarab olmuş və yolda qalmışlar. Bu zaman oğlu Vamiq zəng etdikdə onlar Fəridin avtomobilinin xarab olduğunu və Dəliməmmədli şəhərində qaldıqlarını demişlər. Bir qədər keçmiş oğlu Vamiq dostu Xasaygilin “BMW” markalı avtomobili ilə gəlmiş və Fəridin avtomobilindən o, həyat yoldaşı Zərdabi və qardaşı arvadı Asiya düşüb Vamiqin idarə etdiyi BMW markalı avtomobilə əyləşmişlər. Avtomobildə olan gülləri BMW markalı avtomobilin qabaq oturacağının üzərinə qoymuşlar, onlar üçü də arxada əyləşmişlər. Həyat yoldaşı Zərdabi avtomobildə sağ kənarda, o ortada, Asiya isə sol kənarda əyləşmişlər. Avtomobil Goranboy rayonu Dəliməmmədli şəhər xəstəxanasının qarşısından Hazırəhmədli kəndi istiqamətində hərəkətə başladıqdan təxminən 1-2 kilometr getdikdən sonra qarşıdan gələn avtomobilin işıqları gözlərinə düşmüşdür. Bundan sonra Vamiqin idarə etdiyi avtomobil başqa bir avtomobillə toqquşmuşdur. Bundan sonra o huşunu itirmiş, ayılanda Gəncə şəhər Abbas Səhhət xəstəxanasında olduğunu görmüşdür. İfadəsinə əlavə olaraq oğlu Vamiqin idarə etdiyi avtomobilin hansı avtomobillə toqquşduğunu, hadisənin necə baş verdiyini bilməmiş, hadisədən iki gün keçdikdən sonra həyat yoldaşı Zərdabinin hadisə nəticəsində vəfat etdiyi ona məlum olmuş, özü isə hadisə nəticəsində ağır xəsarətlər almışdır. Əlavə etmişdir ki, oğlu Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Goranboy rayonunun Həmənli kəndi ərazisində yerləşən fermada qoyuna baxmaqla müvəqqəti olaraq orada yaşayırlar. xx.xx.2022-ci il tarixdə saat 19.20 radələrində oğlu Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-2101” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu Həmənli kəndindən Dəliməmmədli şəhəri istiqamətində gedən yolla 50-55 km/saat sürətlə hərəkətdə olarkən Goranboy rayonu Dəliməmmədli şəhərinə çatmağa təxminən 1 km qalmış qarşı tərəfdən gələn “BMW” markalı avtomobil qəflətən onların avtomobilinin yoluna çıxmış və oğlunun idarə etdiyi avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində o və oğlu xəsarət almışlar. Hadisə yerinə gələn DYP əməkdaşları onları avtomobildən çıxardıb Goranboy rayon mərkəzi xəstəxanasına aparmışlar. Oradan isə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmışlar. Sonradan eşitmişdir ki, oğlunun idarə etdiyi avtomobillə toqquşan “BMW” markalı avtomobilin sürücüsünün idarə etdiyi avtomobil başqa şəxsin avtomobili olmuşdur. O, BMW markalı avtomobilin hansı məsafədən oğlunun idarə etdiyi avtomobilin qarşısına çıxdığını dəqiq bilməmişdir. Hadisədən əvvəl oğlu Turacın avtomobili yaxın vuran işıqlarla idarə etdiyini, BMW-318 markalı avtomobil sürətlə gələrkən qəflətən onların yoluna çıxdığını və yanı üstdə gələrək Turacın idarə etdiyi avtomobillə toqquşduğunu bildirmişdir. İfadəsinə əlavə olaraq Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, onun özünə məxsus “BMW-3181” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Avtomobili Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsində yaşayan X3 adlı şəxsdən almışdır, avtomobil baş etibarnamə ilə ona məxsusdur, ancaq oğlu Müseyibə də avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Avtomobil sənədlə Bəxtiyar Zeynalovun adına olsa da onun mülkiyyətindədir. Goranboy rayonu Alpoud kəndində yaşayan Təqsirləndirilən şəxs ilə oğlu dostdurlar və gedişgəlişləri vardır. Vamiq Bərdə rayonundan istədiyi qızı evlənmək məqsədi ilə qaçırtmışdı, xx.xx.2022-ci il tarixdə isə toyları olmalı idi. Ona görə də qaçırtdığı qızın “xına yaxdı”sını onlarda etmək qərarına gəlmişlər. xx.xx.2022-ci il saat 16 radələrində Vamiq və evlənmək istədiyi qız onlara gəlmişlər ki, həmin axşamı onlarda “xına yaxdı” keçirsinlər. Həmin vaxt onun “BMW” markalı avtomobili həyətinin darvazasının qarşısında, küçədə qapıları açıq, açarı da avtomobilin üstündə olmaqla dayandırılmışdır. Saat 19 radələrində Vamiq onlardan xəbərsiz, yəni onlardan icazə almadan ona məxsus BMW-3181 markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək sürüb Goranboy rayonu Dəliməmmədli şəhərinə getmişdir. O bundan o zaman xəbər tutmuşdur ki, artıq Vamiq ona məxsus avtomobillə Dəliməmmədli şəhərində yol nəqliyyat hadisəsi törətmişdir. Xəbəri eşidən kimi o hadisə yerinə getmiş və oraya çatanda xəsarət alanların xəstəxaynaya aparıldıqlarını görmüşdür. Orada olan polis əməkdaşlarına Vamiqin onun avtomobilini icazəsiz götürüb idarə etdiyini bildirmişdir. Sonra ona məlum olmuşdur ki, Vamiqin valideynləri onlara gələrkən avtomobilləri xarab olmuş və Vamiq onun avtomobilini götürüb atasını və anasını gətirməyə getmiş, Dəliməmmədli şəhərindən onları götürüb qayıdanda yol-nəqliyyat hadisəsi baş vermişdir. O hadisə yerinə çatanda Vamiqin, atası və anasının orada olmadıqlarını, onların xəstəxanaya aparıldıqlarını bilmişdir. Vamiqin avtomobili ilə toqquşan VAZ-2101 markalı avtomobilin içində də heç kimin olmadığını, onların da xəstəxanaya aparıldıqlarını bilmişdir. İfadəsinə əlavə olaraq hadisə nəticəsində ona məxsus 7000-8000 manat dəyərində olan “BMW-3181” markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilinin tam yararsız vəziyyətə düşdüyünü, lakin Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özlərinə məxsus “BMW” 3181 markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır və avtomobil baş etibarnamə ilə atasına məxsusdur, ancaq ona da avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Goranboy rayonu Alpoud kəndində yaşayan Təqsirləndirilən şəxs ilə ailəvi dostdurlar və gediş-gəlişləri vardır. Vamiq Bərdə rayonundan istədiyi qızı evlənmək məqsədi ilə qaçırmış, xx.xx.2022-ci il tarixdə isə toy etməyi planlaşdırmışdır. Ona görə də qaçırdığı qızın xınayaxdısını onlarda etmək qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Vamiq və evlənmək istədiyi qız onlara gəlmişlər ki, axşamı onlarda xınayaxdı etsinlər. Həmin vaxt onların BMW markalı avtomobili həyətlərinin darvazasının qarşısında küçədə dayanmış vəziyyətdə olmuşdur. Saat 19 radələrində əmisi oğlu X15 ilə birlikdə evlərindən təxminən 200 metr aralı olan Rəhimgilə getmişlər. Onların gedib-qayıtmaları təxminən 30 dəqiqə çəkmişdir. O, əmisigildə olan zaman onun ***-***-**-** nömrəli telefonuna qardaşı Xasayın ***-***-**-** nömrəsindən zəng gəlmiş, Xasay avtomobillərinin Dəliməmmədli şəhərində qəzaya düşdüyünü, tez oraya gəlməsini demişdir. O, qardaşına, «bizim avtomaşın həyətlərinin qarşısındadır, orada nə gəzir» demiş və tez qaça-qaça evlərinə gəlmişdir. Həmin vaxt onlarda olan qonşusu Şahgəldinin avtomobili ilə Goranboy rayonu Dəliməmmədli şəhərinə getmişlər. Dəliməmmədli şəhərinin girişində onların “BMW” markalı avtomobilinin Dəliməmmədli istiqamətində gedən VAZ-2101 markalı avtomobillə toqquşduğunu görmüşdür. O, oraya çatanda onların avtomaşınının orada olduğunu, ancaq avtomaşında heç kimin olmadığını görmüşdür. Qardaşı Xasay demişdir ki, Vamiqin atası və anasının onlara gəldiyi avtomaşın Dəliməmmədli şəhərində xarab olduğuna görə Vamiq onların avtomobilini götürüb atası və anasını gətirməyə getmiş, Dəliməmmədli şəhərindən onları götürüb qayıdanda yol nəqliyyat hadisəsi baş vermişdir. O hadisə yerinə çatanda nə Vamiq, nə də Vamiqin atası və anasının orada olmadığını, onları xəstəxanaya apardıqlarını bildirmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, avtomobil darvazalarının qarşısında, küçədə saxlamış, açarı da üstündə olmuş, Vamiqin avtomobili sürüb getməsini heç kim görməmiş, Vamiq avtomobili idarə edib gedən zaman onlardan heç kimə heç nə deməmiş, icazə almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun baldızı oğludur. Təxminən 2022-ci ilin yanvar ayının axırlarında Vamiq Bərdə şəhərindən evlənmək məqsədi ilə istədiyi qızı öz razılığı ilə qaçırtmış, xx.xx.2022-ci il tarixdə isə onların toylarının olması nəzərdə tutulmuşdur. Goranboy rayonunun Hazırəhmədli kəndində yaşayan, Vamiqin əsgərlik yoldaşı olan və ailəlikcə yaxın münasibətdə olduqları Xasay Abbasovun evində Vamiqin evləndiyi qıza xına yaxdı mərasimi etmək üçün xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Hazırəhmədli kəndinə Xasaygilə getmişlər. Vamiq və gəlin günortadan getmişlər, saat 19 radələrində isə Vamiqin dostu Fərid gəlib öz avtomobili ilə onu və Vamiqin anası Xoşqədəmi və atası Zərdabini yaşadıqları Goranboy rayonu Alpoud kəndindən götürüb, Goranboy rayonu Hazırəhmədli kəndinə Xasaygilə aparmışdır. Fəridin avtomobili Goranboy rayonu Dəliməmmədli şəhərində, şəhər xəstəxanasının yaxınlığında xarab olmuş və yolda qalmışlar. Bu zaman Vamiq zəng etdikdə atasıgil Fəridin avtomobilinin xarab olduğunu və Dəliməmmədli şəhərində qaldıqlarını dedikləri üçün bir qədər keçmiş Vamiq dostu Xasayın “BMW” markalı avtomobili ilə gəlmiş və Fəridin avtomobilindən o, Xoşqədəm və Zərdabi düşüb Vamiqin idarə etdiyi “BMW” markalı avtomobilə əyləşmişlər. Avtomobildə olan gülləri avtomobilin qabaq oturacağının üzərinə qoymuşlar, üçü də arxada əyləşmişlər. Zərdabi avtomobildə sağ kənarda, Xoşqədəm ortada, o isə sol kənarda əyləşmişlər. Avtomobil Goranboy rayonu Dəliməmmədli şəhər xəstəxanasının qarşısından Hazırəhmədli kəndi istiqamətində hərəkətə başladıqdan sonra o avtomobildə telefonundan qonşularına mesaj yazaraq evdə qalan 81 yaşlı qayınanasına arada-bir baş çəkməsini bildirmişdir. Təxminən 1-2 kilometr getmişlər ki, qarşıdan gələn avtomobilin işıqlarının gözlərinə düşdüyünü görmüşdür. Bundan sonra Vamiqin idarə etdiyi avtomobil başqa bir avtomaşınla toqquşmuşdur. Hadisədən sonra arxaları ilə gələn həyat yoldaşı X9 birinci onu avtomaşından çıxartmışdır. O heç bir xəsarət almamışdır. Bundan sonra isə Xoşqədəmi və Zərdabini avtomaşından çıxartmışlar və onları xəstəxanaya göndərmişlər. Onu isə öz evinə aparmışlar. Bir qədər keçmiş hadisədən sonra Vamiqin atası Zərdabinin xəstəxanaya çatmamış vəfat etməsi onlara məlum olmuşdur. Hadisə zamanı heç bir xəsarət almadığı üçün xəstəxanaya müraciət etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli «yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» protokoldan, sxemdən və fotocədvəldən görünür ki, hadisə baş verən yol asfalt örtüklü, ikitərəfli, hamardır, yağış yağması nəticəsində islanmışdır. Yolun hadisənin baş verən hissəsi yaşayış məntəqəsidir,həmin yerdə hərəkət zolağının eni 9,1 metrdir. Həmin yola sol tərəfdən Goranboy rayonu Sarov kəndi istiqamətində gedən asfalt yol birləşir,sağ tərəfdə 2 metr ehtiyat hissə yerləşir.Hadisə yerində Goranboy rayonu Dəliməmmədli şəhərindən-Hazırəhmədli kəndi istiqamətində asfalt yolun sol hərəkət hissəsində VAZ-2101 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə BMV-3181 markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş vəziyyətdə dayanmışlar.Toqquşma yeri VAZ-2101 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət hissəsində olmaqla Goranboy rayonu Dəliməmmədli şəhərindən- Hazırəhmədli kəndi istiqamətində asfalt yolun sol kənarından 2,8 m məsafədə yerləşir.Toqquşma yerindən asfalt yolun sağ kənarına qədər olan məsafə 5,8 metrdir. Hadisə yerində VAZ-2101 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil Dəliməmmədli şəhəri istiqamətində qabaq hissəsi əzilmiş vəziyyətdə, VAZ-2101 markalı avtomobildən 1,8 m aralı məsafədə BMV-3181 markalı ** LJ *** dövlət qeydiyyat nişanlı qarşı tərəfi yolun sol kənarı istiqamətində sağ yan tərəfi əzilmiş vəziyyətdə dayanmışlar. Hadisədən əvvəl VAZ-2101 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil Dəliməmmədli şəhəri istiqamətində BMV-3181 markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobil Dəliməmmədli şəhərindən-Hazırhəmədli kəndi istiqamətində hərəkətdə olmuşlar. Hadisə yerində avtomobillərə aid tormoz izi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X18-Təcrübi və Tədris Birliyi» X25 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 09 nömrəli meyitin ekspertizasına dair rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-qarının küt travması, dalağın və qara ciyərin əzilib-didilməsi, qarın boşluğuna daxili qan itirmənin olması, daxili üzvlərin azqanlığı, bərk küt əşyanın (ların) təsiri nəticəsində eləcə də qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid edilir. X1 ölümünə səbəb-dalağın və qara ciyərin əzilib-didilməsi nəticəsində baş vermiş kəskin daxili qan itirmə olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin « Məhkəmə-Tibbi Ekspertiza və X11 » X25 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 172 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət-qarının küt travması, dalağın cırılması, köndələn çənbər bağırsağın müsaliqəsinin cırılması, hemoragik şok İİİ dərəcə bərk küt əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X11 " X25 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 173 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- C7 fəqərəsinin sağ yan, TH4 fəqərəsinin arxa çıxıntısının sol İ-İİ qabırğaların qapalı sınığı bərk küt əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X11" X25 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 200 nömrəli canlı şəxsin ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ İ,İİ,İİİ qabırğalarının sınığı, L1-L2-L3-L4 fəqərələr arası sağ yan çıxıntının, sağ sirkə kasasının ön divarının, sağ qasıq, sol oturaq sümüklərinin, oma sümüyünün qapalı sınığı bərk küt əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X11" X25 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 830/K nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 götürülmüş qan nümunəsində etil spirti aşkar edilmədi. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin təyinatını aparmaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X11" X25 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 830 A/K nömrəli maddi sübutların ekspertizasına dair rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilmədi.Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin təyinatını aparmaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair 19 may 2022-ci il tarixli, 8/955 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən BMW-3181 markalı 10LJ480 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-2101 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Goranboy rayon icra hakimiyyəti başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 10 may 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Salahov X6 rayonu, Alpout kəndində yaşamış, ailə üzvləri anası 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy rayon Polis Şöbəsi tərəfindən daxil olmuş məktubdan görünür ki, Salahov X6 RPŞ-nin DYPB-nin məlumat-portal sistemində yoxlanılarkən, onun sürücülük hüququ olması, adına sürücülük vəsiqəsi olması müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə X16 ilə nikah bağlamışlar. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 01 iyun 2022-ci il tarixli mülki iddia ərizəsindən görünür ki, hadisə nəticəsində Zərərçəkmiş şəxs1 3500 (üç min beş yüz) manat dəyərində zərər dəymişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 185.2.4 və 263-1.3-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərər çəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmaması, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı atası X5 ölməsi, anası Zərərçəkmiş şəxs2 sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər alması, yeni ailə həyatı qurması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cümaddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, zərər çəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbləri olmamış, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı atası X13 ölmüş, anası Zərərçəkmiş şəxs2 isə sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almış, yeni ailə həyatı qurmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun daimi qeydiyyat yeri üzrə Goranboy rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 22-ci bəndində göstərilmişdir ki, CM-in 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən əlavə cəzalar isə real icra olunduğundan hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Cinayət işinin materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 mülki iddia haqqında ərizə verərək yol-nəqliyyat hadisəsi nəticəsində ona 3500 (üç min beş yüz) manat maddi ziyan vurulduğunu bildirmiş, 01 iyun 2022-ci il tarixdə isə ibtidai istintaq orqanı tərəfindən mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə tərkibi verilmiş mülki iddianı müzakirə edərək hesab edir ki, mülki iddia təmin edilməli, 3500 (üç min beş yüz) manat təqsirləndirilən şəxsdən (mülki cavabdeh) tutularaq zərərçəkmiş şəxsə (mülki iddiaçı )ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarının 26-cı bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində zərər çəkmiş şəxsin müalicə olunmasına və tibb müəssisəsində saxlanılmasına, əmlakına vurulmuş zərərin aradan qaldırılmasına, ölmüş zərərçəkmişin dəfn olunmasına sərf olunmuş xərclərin məbləği iş üzrə toplanılmış sübutlar (ekspertiza rəyləri, tibbi sənədlər, aktlar, arayışlar və digər sənədlər) əsasında müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə 85 (səksən beş) manat məhkəmə məsrəfi olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz-2101 markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 məxsus BMV-3181 markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4 və 263-1.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsilə 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplanmaqla üzərində qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza isə real icra olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Goranboy rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İş üzrə mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilsin, 3500 (üç min beş yüz) manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə 85 (səksən beş) manat məhkəmə məsrəfi olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz-2101” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 məxsus BMV-3181 markalı ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Zərərçəkmiş şəxs4 təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar