Məhkəmə qərarları › İş №1(100)-342/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-342/2025

09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-342/2025 09.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X9 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1955-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Atabəy kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs bir neçə gün əvvəl kənd təsərrüfatı işlərində köməklik göstərməsi üçün yaşadıqları evə qonaq gəlmiş, oğlu Şahid3 qaynı Zərərçəkmiş şəxs Nizami oğlu ilə 30 avqust 2024-cü il tarixdə saat 13 radələrində birlikdə 2 litr həcmində spirtli içki olan araq içdikdən sonra alkoqol sərxoşluğu vəziyyətində həmin gün saat 17 radələrində yaşadığı Şəmkir rayonu, Atabəy kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən yarımtikilinin içərisində mobil telefon vasitəsilə danışaraq yüksək səslə nalayiq ifadələr işlətməsi səbəbindən Zərərçəkmiş şəxs evdə bacısının olması səbəbindən ona irad bildirməyindən əsəbiləşərək sonuncu ilə sözlə mübahisə etmiş, mübahisə əsnasında Zərərçəkmiş şəxs onu əli ilə itələyərək oturduğu stuldan yerə yıxmağından hiddətlənib, üzərində gəzdirdiyi kustar üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik soyuq silah hesab edilməyən məişət təyinatlı turist bıçağı ilə qəsdən sonuncunun qarın boşluğuna bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs qarının ön divarının sol yarısının periton boşluğuna keçən, nazik bağırsaq müsaqirəsini zədələyən, daxili qanaxmaya səbəb olmuş 1 (bir) ədəd sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yarası xəsarətini yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə gəlininin qardaşı Zərərçəkmiş şəxsla birlikdə yeyib-içdikdən sonra aralarında anlaşılmazlıq olmuş və o, bilmədən Zərərçəkmiş şəxs vurmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs bir qohum kimi tez-tez onların evinə gəlib-getmişdir. Hadisə günü o, Rahiblə birlikdə yeyibiçmişdir. Əvvəllər Rahiblə aralarında mübahisələri olmamış, hadisə günü mübahisənin hansı səbəbdən baş verdiyini, telefonla danışarkən də nalayiq ifadələr işlədib-işlətmədiyini xatırlamamış, hadisə zamanı gəlini Nüşabə onlardan xeyli aralıda olmuşdur. Spirtli içki içdikdən sonra Rahiblə aralarında mübahisə düşmüş və o, sonuncuya bıçaqla bir dəfə xəsarət yetirmiş, daha sonra baş verənləri xatırlamamışdır. Hadisədən sonra təcili-tibbi yardıma kimin zəng etdiyini bilməmiş, yaranmış səs-küyə qonşu Mübariz gələrək Rahibi avtomobili ilə xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında Zərərçəkmiş şəxs Nizami oğlu ilə aralarında baş vermiş mübahisənin yaranma səbəbi ilə bağlı əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs qohumu olmuş, sonuncu ilə düşmənçilik və ədavəti olmamışdır. Hadisə baş verməmişdən 3-4 gün əvvəl Zərərçəkmiş şəxs onun oğlu İntiqama kənd təsərrüfatında köməklik etmək üçün onun Şəmkir rayonu, Atabəy kəndində yaşadığı evinə qonaq gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Gədəbəy rayonu, Xar-Xar kəndində yerləşən mağazada işığa pul vurduqdan sonra həcmini xatırlamadığı 1 ədəd dəyəri 8-9 manat olan spirtli içki alıb yaşadığı Şəmkir rayonu, Atabəy kəndində getmiş və saat 12 radələrində evə çatmışdır. Evə daxil olduqdan sonra günorta yeməyi yemək üçün o, Rahibi gözləmişdir. Bir qədər sonra sonuncu oğlu İntiqamla birlikdə gəlmişdir. Daha sonra onlar birlikdə evin yan tərəfində yerləşən yarımtikilidə əyləşib yemək yeməyə başlamışlar. O, Rahiblə birlikdə spirtli içki qəbul etmişdir. İçkini qəbul edib qurtardıqdan sonra İntiqam övladlarını götürüb kənddə yerləşən mağazaya getmişdir. O isə Rahiblə birlikdə əyləşib çay içmişdir. O, mobil telefonla xatırlamadığı şəxslə danışan zamanı nalayiq ifadələr işlətmiş, Rahib isə ona irad bildirərək bacısının evdə olduğunu xatırlatmışdır. Bu səbəbdən də aralarında mübahisə yaranmışdır. Həmin vaxt Rahib onu itələyib stoldan yıxmışdır. Mübahisə zamanı o, üzərində gəzdirdiyi cib bıçağı ilə Rahibi bir dəfə vurmuşdur. Vurduqdan sonra Rahib çölə çıxmış, səslərinə gələn gəlini Nüşabə səs-küy salaraq onun Rahibi bıçaqla vurduğunu bildirmiş və bu barədə oğlu İntiqama zəng edib məlumat vermişdir. Nüşabənin səsinə qonşuluqda yaşayan Mübariz gələrək özünə məxsus VAZ-21074 markalı avtomobillə Rahibi Şəmkir RMX-ya aparmışdır. Həmin gün saat 19 radələrində Şəmkir RPŞ-nin əməkdaşları yaşadığı ünvana gələrək hadisə yerinə baxış keçirdib onun izahatını almaq üçün Şəmkir RPŞ-yə aparmışlar. Hadisə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində yaşadığı Şəmkir rayonu, Atabəy kəndində ona məxsus evdə baş vermiş, aralarında yaranan mübahisəyə səbəb onun yaşadığı ünvanda nalayiq ifadələr işlətməsi və buna görə də Rahibin onu itələyib stoldan yıxması olmuş, o, üzərində olan cib bıçağı ilə Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Üzərindəki bıçağı gündəlik işləri üçün istifadə etmiş və buna görə həmin bıçağı üzərində gəzdirmişdir. O, Zərərçəkmiş şəxsla barışmış, törətdiyi əməldən də peşmandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə nahar vaxtı yeznəsi İntiqamla görüşüb Şəmkir rayonu, Atabəy kəndində yerləşən evlərində yemək yeyib spirtli içki qəbul etmişdir. Bundan sonra çay içmişdir. Bir qədər sonra yeznəsinin atası Təqsirləndirilən şəxs kiminləsə telefonla danışmış və həmin vaxtı sonuncu nalayiq ifadələr işlətmişdir. O, bacısının evdə olmasını bildirib Təqsirləndirilən şəxs nalayiq ifadə işlətməsinə görə irad tutmuşdur. Həmin vaxtı Sahiblə aralarında mübahisə yaranmış, o, sonuncunu itələmiş və Sahib yıxılmışdır. Bunu görüb o, Sahibi yerdən qaldırmaq istəyəndə sonuncu üzərindəki bıçaqla onu vurmuşdur. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, əvvəllər Sahiblə aralarında heç bir mübahisələri olmamış və hadisə zamanı o, spirtli içki qəbul etmişdir. Təqsirləndirilən şəxslə barışmış, sonuncudan şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşu olmuşdur. xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Atabəy kəndində yerləşən evində uzandığı zaman səs-küy gəldiyini eşidib çölə çıxmış və camaatın toplaşdığını görmüşdür. Nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs yaralandığını görmüşdür. O, dərhal “VAZ-21074” markalı avtomobilini Sahibgilin yaşadığı evin qarşısına sürmüş, Rahibi Şəmkir RMX-ya aparmaq üçün avtomobilə qoymuşdur. Sonuncudan nə baş verdiyini soruşduqda ilkin olaraq yıxıldığını və qarnına nə isə batdığını demişdir. Sonradan eşitdiyinə görə Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış və nəticədə Sahib bıçaqla Rahibi vurmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Şahid4 zəng edib oğlu Rahibin ağrıdığını və sonuncunu xəstəxanaya apardığını demişdir. Onlar xəstəxanaya getmişdir. Orada olarkən oğlu Zərərçəkmiş şəxsla qudası Təqsirləndirilən şəxs sonuncunun evində mübahisə etdiklərini, mübahisə zamanı Təqsirləndirilən şəxs təsadüfən oğlu Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qayınatası, Zərərçəkmiş şəxs isə qardaşı olmuşdur. Qardaşı hadisə baş verməmişdən 3-4 gün əvvəl əri İntiqama kömək etmək üçün onlara, yəni Şəmkir rayonu, Atabəy kəndinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə əri İntiqam Rahiblə birlikdə əkin sahəsinə işləməyə getmişlər. İşi qurtarıb saat 13 radələrində günorta yeməyi yemək üçün yaşadıqları ünvana gəlmişlər. Sonuncular evə gəldikdən sonra evlərinin yan tərəfində olan yarımtikiliyə keçib əyləşərək yemək yeməyə başlamışlar. Həmin vaxt qayınatası Sahib mağazadan 1 ədəd təxminən 2 litr həcmində spirtli içki alıb gətirmişdir. Qardaşı Rahib və qayınatası Sahib spirtli içki içməyə başlamış, əri İntiqam isə yemək yedikdən sonra uşaqlarını götürüb kənddə getmişdir. Saat 16 radələrində qayınatası Sahib yarımtikilidə nalayiq ifadələr işlətməyə başlamış, qardaşı Rahib isə Sahibə evdə gəlin olduğunu deyib “Sən niyə nalayiq ifadələr işlədirsən?” irad bildirmişdir. Bundan sonra onlar arasında mübahisə baş vermiş, mübahisə zamanı Sahib Rahibi vurmaq üçün qardaşının üzərinə gəlmiş, Rahib isə Sahibi itələmiş və sonuncu yerə yıxılmışdır. Daha sonra Rahib Sahibi yerdən qaldırmaq istəyən zamanı qayınatası üzərində olan bıçaqla qardaşını bir dəfə vurmuşdur. Bundan sonra Rahibi həyətə çıxmışdır. O, qardaşının paltarının qan olduğunu gördükdən sonra qonşuluqda yaşayan Mübarizi çağırmışdır. Rahib Mübarizin avtomobilinə əyləşib birlikdə Şəmkir RMX-ya yola düşmüşlər. O da bu barədə əri İntiqama zəng edib məlumat vermişdir. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında mübahisəyə səbəb qayınatasının spirtli içki qəbul etdikdən sonra nalayiq ifadələr işlətməsi olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Rzayev X3 Nüşabə Nazim qızı ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 901 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, məhkəmə-tibbi müayinə zamanı Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - qarının ön divarının sol yarısının periton boşluğuna keçən, nazik bağırsaq müsariqəsini zədələyən, daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmiş, yetirilmə müddət 30 avqust 2024-cü il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1004 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 X14 Regional Ambulator şöbəsinin xx.xx.2024-cü il tarixli, 749 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı ruhi xəstəlikdən əziyyət çəkmir, o, qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və öz hərəkətlərini idarə etmək qabiliyyətində olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/1003/1004 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki: 1) tədqiqata təqdim edilən bir ədəd bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir; 2) Tədqiqata təqdim olunan köynəyin və maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilən bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilə zədələridir. Lakin təqdim edilmiş köynəyin və maykanın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq təqdiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilən şalvarın mexaniki zədə aşkar edilmədi; 3) Tədqiqata tədim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2024-cü il tarixli, 901 nömrəli ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş hadisə baş verən vaxtı zərərçəkmiş şəxsin əynində olan köynəyin və maykanın səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “qarının ön divarının sol yarısının periton boşluğuna keçən, nazik bağırsaq müsariqəsini zədələyən, daxili qanaxmaya səbəb olmuş bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə köynəyin səthində olan 01 ədəd zədə və maykanın səthində olan 01 ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarət üst-üstə düşür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, hadisə yeri - Şəmkir rayonu, Atabəy kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətidir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet götürülməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi cinayətin aləti olan bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “paltara baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Şəmkir RMX-nin Cərrahiyə şöbəsinin tibb bacısı X1 olaraq təqdim etdiyi hadisə vaxtı Zərərçəkmiş şəxs Nizami oğlunun əynində olmuş 01 (bir) ədəd şalvar, 01 (bir) ədəd mayka və 01 (bir) ədəd kofta müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmin paltarlara baxış zamanı üzərində qanabənzər ləkələr aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 18:10 Şəmkir RMX-nin növbətçi həkimi 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Nizami oğlunun Atabəy kəndində bıçaqlanaraq qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinikasında psixiatrik, dəri-zöhrəvi və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs ilə qudasının oğlu Zərərçəkmiş şəxs arasında Şəmkir rayonu, Atabəy kəndində Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində olan yarımtikilidə şəxsi münasibətlər zəminində, yəni Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətməsinə görə Zərərçəkmiş şəxs ona irad bildirməsi səbəbindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq ona xəsarət yetirmiş, həmin vaxtı ətrafda kənar insanlar toplaşmamış, eləcə də Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməsi əməliyyat yolu ilə müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Şəmkir RİH başçısının Atabəy kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri – arvadı X4, oğlu İqbal Rzayev, oğlu Şahid3, gəlini Şahid2, nəvələri – X6 və X5 ilə birlikdə Şəmkir rayonu, Atabəy kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayətin predmeti olan 01 (bir) ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd şalvar, 01 (bir) ədəd mayka və 01 (bir) ədəd kofta maddi sübut kimi tanınaraq saxlanılması üçün Şəmkir RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən, eləcə də onun məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2024cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, sonuncu barəsində azadlıqdan məhrum etmə ilə bağı olmayan cəza təyin edilməsini xahiş edir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxsa təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 17 (on yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 102 (bir yüz iki) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 63 (altmış üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəmkir RPŞ-nin saxlanc anbarına təhvil verilmiş cinayətin aləti olan 01 (bir) ədəd bıçaq məhv edilməli, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd şalvar, 01 (bir) ədəd mayka və 01 (bir) ədəd kofta Zərərçəkmiş şəxs qaytarılmalı, götürülmədikdə məhv edilməli, hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 09 yanvar 2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi 102 (bir yüz iki) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 63 (altmış üç) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir RPŞ-nin saxlanc anbarına təhvil verilmiş cinayətin aləti olan 01 (bir) ədəd bıçaq məhv edilsin. Hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd şalvar, 01 (bir) ədəd mayka və 01 (bir) ədəd kofta Zərərçəkmiş şəxs qaytarılsın, götürülmədikdə məhv edilsin. Hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar