Məhkəmə qərarları › İş №1(100)-343/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-343/2022

30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-343/2022 30.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2v 2-də yaşamış, məhkumluğu olmayan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq qazanc əldə etmək və istifadəsi üçün narkotik vasitəni verməsi barədə razılaşdıqdan sonra istintaq zamanı müəyyən edilməmiş tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ayrı-ayrı torbalarda külli miqdarda, yəni ümumi təmiz çəkisi 5010 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib şəxsiyyəti istintaqa məlum olmayan şəxsin tapşırığına görə satış məqsədi ilə Bakı şəhərinə aparmaq üçün üzərində saxlayaraq daşımış, 02 mart 2022-ci il tarixdə saat 01 radələrində Gəncə şəhər BPİ-in Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Şahlar Hüseynov küçəsində yerləşən “ünvan 3 ünvanda yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman sağ əlində olan göy rəngli polietilen torbadan üzəri yapışqanlı lentlə sarınmış 5 ədəd qara rəngli polietilen torbalardakı digər şəffaf polietilen torbaların içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı ayrı-ayrılıqda təmiz çəkiləri 1005 qram, 1000 qram, 1005 qram, 1000 qram və 1000 qram olmaqla, ümumilikdə külli miqdarda, yəni 5010 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən üç ildən artıq müddətdir ki, narkotik vasitə olan marixuana və heroindən istifadə edir. Həmçinin iki ildən artıq müddətdir ki, “Whatsapp” sosial tətbiqində tanış olduğu iranlı şəxslərlə sonuncuların sifarişi əsasında pul müqabilində sonuncuların Bakı şəhərində yerlərini dedikləri narkotik vasitələri həmin yerdən götürüb ona bildirdikləri yerə aparıb qoyaraq həmin yolla qazanc əldə edir. Həmin daşımanı həyata keçirən vaxt iranlı şəxslərlə razılaşmağı əsasında həmin narkotik vasitələrin bir hissəsini də özünə götürərək istifadə etmişdir. Tutulmamışdan təxminən 1 ay əvvəl istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” sosial tətbiqində bir nəfər İranlı vətəndaşla tanış olmuş və həmin şəxslə “Whatsapp” sosial tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Bir neçə gün həmin şəxslə danışdıqdan sonra İranlı şəxs ona pul müqabilində narkotik vasitə daşımağı təklif etmişdir. O, bu işlə məşğul olduğu və maddi vəziyyəti yaxşı olmadığı üçün həmin şəxslə razılaşmışdır. xx.xx.2022-ci il tarixdə iranlı şəxs onunla “Whatsapp” sosial tətbiqi vasitəsilə əlaqə saxlayaraq Gəncə şəhərində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni Gəncə şəhərində ona bildirəcəyi yerdən götürüb Bakı şəhərində deyəcəyi yerə daşımağı və həmin narkotik vasitəni daşıyaraq çatdırmaq müqabilində ona 200 manat pul verəcəyini bildirmişdir. Həmin vaxt onun pula ehtiyacı olduğu üçün iranlı şəxslə razılaşmışdır. Həmin şəxsə onun Gəncə şəhərinə getmək üçün pulu olmadığını, 200 manatı ona qabaqcadan göndərməsini bildirmişdir. Həmin iranlı şəxs isə onun adına olan 4169 7413 0990 3761 seriyalı “Kapial Bank”a məxsus plastik kart hesabına 100 manat pul göndərmiş və qalan 100 manatı isə o, yola çıxıb narkotik vasitəni götürüb gətirəcəyi vaxt göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, həmin iranlı şəxs ona Gəncə şəhərinə çatdıqdan sonra ona narkotik vasitənin olduğu yerin məkanını və şəklini göndərəcəyini bildirmişdir. O, bundan sonra hesabından iranlı şəxsin ona göndərdiyi 100 manat pulu çıxarıb təxminən saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonunda “Lökbatan dairəsi” adlanan ərazidən tanımadığı və dövlət nömrə nişanını xatırlamadığı “Mercedes Vito” markalı taksi avtomobili ilə digər tanımadığı sərnişinlərlə birlikdə Gəncə şəhərinə gəlib çatmışdır. Təxminən saat 00:10-da Gəncə şəhərinin girəcəyində olan dairənin yanında avtomobildən düşmüşdür. Yol boyunca onlar iranlı şəxslə mütəmadi olaraq danışmış, həmçinin çatdıqdan sonra iranlı şəxslə yenidən sosial tətbiq vasitəsi ilə əlaqə saxlayıb sonuncuya Gəncə şəhərində olduğunu demiş və sonuncu ona “Whatsapp” sosial tətbiqində narkotik vasitənin olduğu yerin məkanını və həmin yerin fotoşəkilini ona göndərmişdir. O, naviqasiya proqramı vasitəsi ilə iranlı şəxsin göndərdiyi yerə baxmış, həmin ərazi “İmperial şadlıq sarayı”nın yaxınlığı olmuş və həmin yerin məsafəsi yaxın olduğu üçün o, naviqasiya proqramı vasitəsi ilə piyada həmin yerə gedib çıxmışdır. O, iranlı şəxsin ona göndərdiyi şəkilə əsasən yaşayış binasının qarşısında narkotik vasitənin qoyulduğu yeri tapıb yerdən içərisindən narkotik vasitə olan bağlamanı götürmüşdür. Oradan bir qədər aralaşıb Gəncə şəhərinin çıxacağına gedib oradan Bakı şəhərinə qayıtmaq fikrində olmuşdur. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, o, narkotik vasitə olan bağlamanı götürüb Gəncə şəhərinin çıxacağında bir qədər piyada getdikdən sonra Gəncə şəhəri, Fizuli parkında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra isə ona narkotik vasitə istifadə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmiş və o, Gəncə şəhər Baş Polis İdarəsinə aparılmışdır. İdarədə ona hüquqlarını müdafiə etməsi üçün vəkil seçməyə şərait yaradılmış və müdafiəçi ilə təmin olunmuşdur. Ona təqdim olunmuş vəkilin iştirakı ilə hüquqları izah olunmuş, sonra isə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya vardırsa təqdim etməyini təklif etmişdir. O, üzərində içərisində narkotik vasitə heroin olan göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbadan 5 ədəd bağlamada narkotik vasitə olan heroin aşkar olunmuşdur. Daha sonra o, verilən suallara cavab olaraq üzərindən aşkar edilən kütlələrin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni “Whatsapp” sosial tətbiqində tanış olduğu iranlı şəxsin göstərişi ilə 200 manat müqabilində Gəncə şəhərindən götürüb Bakı şəhərinə aparmalı olduğunu, həmin iranlı şəxsin onun hesabına əvvəlcədən 100 manat pul köçürdüyünü, qalan 100 manatı isə narkotiki Bakı şəhərinə təhvil verdikdən sonra ona göndərəcəyini bildirmişdir. Verilmiş suallara həmçinin cavab olaraq bundan əvvəl də bir dəfə həmin iranlı şəxsin göstərişi ilə bir-iki qram narkotik vasitəni pul müqabilində Bakı şəhərində, Suraxanı rayonu ərazisindən götürüb Lökbatan qəsəbəsinə aparıb xatırlamadığı yerə qoyduğunu bildirmişdir. Sonra o, iranlı şəxs tərəfindən hesabına 100 manat pulun köçürüldüyü plastik kartı cibindən çıxararaq təqdim etmişdir. Bundan sonra onun üzərində axtarış keçirilmişdir. Üzərindən 1 ədəd istifadə etdiyi “Alcatel” markalı mobil telefon və 1 ədəd “Kingston” markalı siqaret, 1 ədəd “West” markalı siqaret, 2 ədəd alışqan, bir ədəd mobil telefona məxsus kabel, bir ədəd “Bakı kart”, bir ədəd “E manat” ödəniş terminalına məxsus qəbz, ona məxsus sürücülük vəsiqəsi və 57 manat pul aşkar edilmişdir. Üzərindən aşkar edilmiş göy rəngli sellofan torbanın içərisində olan 5 ədəd qara rəngli sellofana bükülmüş kütlələrin içərisində ilk baxışdan narkotik vasitə olan heroin olması müəyyən edilmişdir. Həmin 5 ədəd kütlələr aptek tərəzisində çəkilmiş, birinci kütlənin çəkisi 1029 qram, ikinci kütlənin çəkisi 1038 qram, üçüncü kütlənin çəkisi 1029 qram, dördüncü kütlənin çəkisi 1029 qram, beşinci kütlənin çəkisi isə sellofanla birlikdə 1031 qram olmuşdur. Həmin kütlələr sellofan torbada qablaşdırılaraq üzəri möhürlənmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd “Alcatel markalı mobil telefon, 1 ədəd adına olan “Kapital Bank”a məxsus plastik kart, bir ədəd “E-manat” ödəniş terminalı vasitəsi ilə edilmiş ödənişin qəbzi sübut kimi götürülmüş, digər əşyalar və 57 manat pul isə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs ifadəsində bundan başqa göstərmişdir ki, həmin narkotik vasitədən heç kimə satmamış, həmin narkotik vasitəni iranlı şəxsin Bakı şəhərində ona bildirdiyi yerə qoymalı olmuşdur. O, narkotik vasitə əldə etdiyi iranlı şəxsi görməmiş, harada yaşamasını, adını və onun barəsində hər hansı başqa məlumatları bilməmişdir. Həmin şəxsin İranda yaşamasını düşünmüşdür. O, həmin iranlı şəxslə tutulmamışdan təxminən bir ay qabaq ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” sosial tətbiqində “+98 930 353 70 46” nömrəsi ilə ona yazdığı vaxt tanış olmuşdur. Həmin şəxslə ona pul müqabilində sonuncunun narkotik vasitələrinə müştəri tapmağı və həmçinin pul müqabilində narkotik vasitələrini daşımağı barədə əvvəldən danışıb razılaşmış, birlikdə görəcəkləri işlərə görə hər ikisinin pul qazanacağını düşünmüşdür. O, “İmperial şadlıq sarayı”nın yaxınlığında narkotik vasitəni həmin iranlı şəxsin kimin vasitəsi ilə qoyduğunu bilməmişdir. Onun telefonunda həmin iranlı şəxslə yazışmaları, həmçinin ona atdığı narkotik vasitənin yerləşdiyi yer və həmin yerin fotoşəkilləri olmuşdur. O, iki ildən artıqdır ki, tanımadığı bir neçə iranlı şəxslərlə “Whatsapp” sosial tətbiqi vasitəsi ilə pul müqabilində sonuncuların narkotik vasitələrini dedikləri yerdən götürüb aparıb digər yerə qoyaraq qazanc əldə etmiş, həmçinin əlavə qazanc olaraq həmin narkotik vasitələrin bir hissəsi də ona qalmış və ona qalmış həmin narkotik vasitələri isə özü istifadə etmişdir. Lakin o, həmin şəxsləri tanımamışdır. Üzərindən aşkar edilərək götürülmüş “E manat” ödəniş terminalına məxsus qəbz “E-manat” ödəniş terminalı vasitəsi ilə edilmiş ödənişin qəbzi olmuşdur. O, iranlı şəxsin ona göndərdiyi 100 manat pulu çıxardıqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsindən Gəncə şəhərinə yola çıxmamışdan qabaq həmin pulun 30 manatını evdə qoyduğu digər banka məxsus öz adına olan hesabına göndərmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərmişdir ki, o, sadəcə iranlı şəxslərin göstərişi ilə sonuncuların narkotik vasitələrini daşıyaraq qazanc əldə etmiş, özü heç kimə narkotik vasitə satmamış və belə məqsədi də olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ona Bakı şəhərində yaşayan Faiq adlı şəxsin üzərində mütəmadi olaraq narkotik vasitələr gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirməsi nəticəsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və yerinin müəyyən olunaraq üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və onun Gəncə şəhəri, Ş.Hüseynov küçəsində yerləşən Fizuli parkında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Gəncə ŞBPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid2 və NMB-nin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Gəncə şəhəri, Fizuli parkına gedilmişdir. Onlar həmin şəxsi parkda müəyyən edib, yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edərək, sonuncunu əlində olan göy sellofan torba ilə birlikdə Gəncə şəhər BPİ-yə gətirmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi ilə təmin edilmişdir. Sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torbanın içərisindən 5 ədəd qara rəngli sellofan bağlamada tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunmuşdur. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə çəkiləri 1029 qram, 1038 qram, 1029 qram, 1029 qram, 1031 qram olmuş və sellofan torbada qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyətinə malik 1 ədəd “Alcatel” markalı mobil telefon, 1 ədəd “Kapital bank”a məxsus Təqsirləndirilən şəxs adına olan plastik bank kartı və 1 ədəd “E-manat” terminalına məxsus ödəniş qəbzi aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni tanımadığı İran vətəndaşı olan şəxsin göstərişi ilə 200 manat pul müqabilində Gəncə şəhərində göstərilən yerdən götürüb Bakı şəhərində aparmalı olduğunu, iranlı şəxsin 200 manat puldan 100 manatını üzərindən aşkar edilmiş bank kartına göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, iranlı şəxslə üzərində olan “Alcatel” markalı mobil telefonla “Whatsapp” sosial tətbiqi vasitəsilə əlaqə saxlamış, əvvəllər də həmin iranlı şəxsin göstərişi ilə Bakı şəhərində 1-2 qram narkotik vasitəni Suraxanı rayonundan götürüb Lökbatan rayonunda deyilən yerə çatdırmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilərkən iranlı şəxslə “Whatsapp” sosial tətbiqində narkotik vasitəni pul müqabilində götürməsi barədə danışıqlar müəyyən olunmuşdur. Daha sonra keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında protokol”dan və xx.xx.2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Gəncə şəhər BPİ-də Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə və video çəkilişdən istifadə edilməklə keçirilmiş şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində qanunla hər hansı dövriyyəsi qadağan olunmuş əşyanın olub-olmadığı soruşulur. Həmin vaxt Təqsirləndirilən şəxs əlində olan göy rəngli sellofan torbanın içərisində olan 5 ədəd qara rəngli sellofan bağlamaları təqdim edir. Həmin bağlamalara baxış keçirilərkən içərisindən tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunur. Həmin kütlələr elektron tərəzidə çəkilir və sellofanla birlikdə çəkilərinin 1029 qram, 1038 qram, 1029 qram, 1029 qram, 1031 qram olduğu müəyyən olunur və 5 ədəd bağlama sellofan torbada qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Alcatel” markalı mobil telefon, 1 ədəd “Kinqston” markalı siqaret qutusu, 1 ədəd “West” markalı siqaret qutusu, 2 ədəd alışqan, 1 ədəd mobil telefona məxsus kabel, 1 ədəd Bakı kart, 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd “E-manat” terminalına məxsus ödəniş qəbzi və 57 manat pul aşkar edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Alcatel” markalı mobil telefon, 1 ədəd sonuncunun adına olan “Kapital Bank”a məxsus plastik kart, bir ədəd “Emanat” ödəniş terminalı vasitəsi ilə edilmiş ödənişin qəbzi sübut əhəmiyyətinə malik olduğu üçün götürülür, digər əşyalar və 57 manat pul isə özünə qaytarılır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlələrin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni İran vətəndaşı olan şəxsdən aldığını, həmin narkotik vasitəni 200 manat pul müqabilində iranlı şəxsin bildirdiyi Gəncə şəhərində olan yerdən götürüb Bakı şəhərində bildirəcəyi yerə aparmalı olduğunu, iranlı şəxsin 200 manat puldan 100 manatını onun üzərindən aşkar edilmiş bank kartına göndərdiyini, qalan 100 manatı isə narkotik vasitəni Bakı şəhərinə çatdırdıqdan sonra ona göndərəcəyini, həmin iranlı şəxs barədə məlumatının olmadığını, onunla üzərində olan “Alcatel” markalı mobil telefonla “Whatsapp” sosial tətbiqi vasitəsilə əlaqə saxladığını, həmin narkotik vasitənin çatdırılmasında iranlı şəxsdən başqa hər hansı şəxslə sövdələşmədiyini, əvvəllər də həmin iranlı şəxsin göstərişi ilə Bakı şəhərində 1-2 qram narkotik vasitəni Suraxanı rayonundan götürüb Lökbatan rayonunda deyilən yerə çatdırdığını, həmçinin özü də narkotik vasitə aludəçisi olduğunu bildirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilir, Təqsirləndirilən şəxs mobil telefonunda iranlı şəxslə “Whatsapp” sosial tətbiqində narkotik vasitəni pul müqabilində götürməsi barədə danışıqları göstəririr (iş vərəqə: cild İ, səh.27-28, 92-93). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Alcatel” markalı telefona, 1 ədəd plastik bank kartına və 1 ədəd qəbzə baxış keçirilərkən müəyyən edilmişdir ki, götürülmüş bir ədəd “Alcatel” markalı, ağ rəngli mobil telefonun menyusundan “Whatsapp” sosial tətbiqinə daxil olunmuş, həmin tətbiqdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi və “+98 930 353 70 46” saylı mobil nömrə ilə arasında yazı və səs sms mətinləri ilə danışıqların olması müəyyən olunmuşdur. Həmin yazışmalara baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdən aralarında olan səs yazılarında həmin iranlı şəxslə Təqsirləndirilən şəxs Gəncədə olan narkotik vasitəni 200 manat müqabilində götürmək barədə razılaşırlar. Həmin yazışmalardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs adına olan “Kapital Bank”a məxsus 4169 7413 0990 3761 seriyalı plastik kartın şəklini göndərir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs pulu olmadığını, pul göndərəcəyi təqdirdə Gəncə şəhərinə yola çıxacağını bildirir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsinin şəkilini göndərir. xx.xx.2022-ci il tarixdə saat 17:38-də göndərilmiş səs yazısında Təqsirləndirilən şəxs “götürüm gətirim, kimə deyirsiz verim, olum sənin anbarın” deyir. xx.xx.2022-ci il tarixdə saat 18:22-də iranlı şəxs göndərdiyi səs yazısında 100 manat pulu atdığını, 18:24-də isə Təqsirləndirilən şəxs pulun çatmasını təsdiqləyir, həmçinin iranlı şəxs Gəncə şəhərinə çatdıqdan sonra götürəcəyi yeri deyəcəyini bildirir, saat 20:23-də X4 istiqamətində yolda olduğunu bildirir. xx.xx.2022-ci il tarixdə saat 00:08də Təqsirləndirilən şəxs atdığı səs yazısında Gəncə şəhərinə çatdığını bildirir. Saat 00:16dan 00:21-də olan müddət ərzində iranlı şəxs ona narkotik vasitənin olduğu yerin məkanını və həmin bağlamanın olduğu yerin şəkilini göndərir, saat 00:28-də həmin yerin “İmperial Şadlıq sarayı”nın yaxınlığını olduğunu yazır. Saat 00:41-də Təqsirləndirilən şəxs xəritə ilə həmin yerə getdiyini bildirir, saat 01:10-də iranlı şəxs 5 kilo vəsait olduğunu, həmin yerdən onun götürüldüyünü bildirir, bundan sonra iranlı şəxs səs yazıları atsa da Təqsirləndirilən şəxs hər hansı cavab verilmir. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, götürülmüş bir ədəd bank kartı Təqsirləndirilən şəxs oğunun adına olan “Kapital Bank”a məxsus 4169 7413 0990 3761 seriyalı plastik bank kartıdır, bir ədəd qəbz isə “E-manat” ödəniş terminalı vasitəsi ilə edilmiş ödənişin qəbzidir, həmin qəbz 1762 nömrəli olmaqla qəbzdə xx.xx.2022-ci il tarixdə saat 19:29-da ünvan 5 ünvanında olan 3323 nömrəli terminaldan Təqsirləndirilən şəxs adına olan bank kartına 30 manat pul köçürülməsi müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs iranlı şəxslə aralarında 200 manat müqabilində narkotik vasitələrin daşınması barədə danışmaların onlara məxsus olmasını, iranlı şəxsin onun hesabına 100 manat pul göndərdikdən sonra həmin pulu çıxarıb 30 manatını öz adına olan digər hesaba köçürdüyünü təsdiq etmişdir (iş vərəqə: cild İ, səh.55-56). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 02 mart 2022-ci il tarixli, 16/250 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs X2 üzərindən aşkar edilmiş kütlələr.” sözlər və imzalar olan polietilen torbada, üzəri yapışqanlı lentlə sarınmış 5 (beş) ədəd, qara rəngli polietilen torbalardakı, digər şəffaf polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkisi 1005 qram, 1000 qram, 1005 qram, 1000 qram, 1000 qram, ümumi təmiz çəkisi 5010 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd polietilen torbadakı qara rəngli polietilen torbalarda olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.39-42). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2022-ci il tarixli, 470 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.129). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 03 mart 2022-ci il tarixli, 338 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh.126-128). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs istifadəsində olmuş olmuş “***-***-**-**” saylı "xxxx" nömrəsinin kimə məxsus olması, həmin nömrəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəngi edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmçinin ***-***-**-** saylı "xxxx" nömrəsinin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatlara dair "xxxx" MMC-dən təqdim edilmiş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs adına olan və istifadəsində olmuş ***-***-**-** saylı nömrədən digər nömrə istifadəçilərinə, həmçinin digər nömrə istifadəçilərindən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə çoxsaylı qarşılıqlı zənglər olmuşdur. Həmin zənglər zamanı ***-***-**-** saylı nömrə Bakı şəhəri ərazisində müxtəlif anten dairələrində olmuş, həmçinin xx.xx.2022-ci il tarixdən isə Bakı şəhərindən Gəncə şəhəri istiqamətində müxtəlif anten dairələrində olmuşdur (iş vərəqə: cild İ, səh.141). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “+**********76” saylı mobil nömrənin kimə məxsus olması, həmin mobil nömrələrdən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və SMS mətnlərinin, zənglərin hansı antenlər tərəfindən qeydiyyata alınmasına (arayan və aranan nömrələr), həmin nömrədən çıxan və daxil olan zənglərin abunəçilərinin tam anket məlumatları barəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “+**********76” saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarix ərzində daxil olan və çıxan zənglər barədə məlumatlar aşkar olunmamışdır (iş vərəqə: cild İ, səh.159). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini iranlı şəxslə qabacadan əlbir olub qrup təşkil etməklə satış məqsədi ilə əldə edərək saxlamışdır (iş vərəqə: cild İ, səh.101). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 5009 qram olan narkotik vasitə heroin, 1 ədəd “Alcatel markalı mobil telefon, həmçinin cinayət işinə əlavə edilmiş 1 ədəd Təqsirləndirilən şəxs adına olan “Kapital Bank”a məxsus plastik kart, 1 ədəd “E-manat” ödəniş terminalı vasitəsi ilə edilmiş ödənişin qəbzi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı video çəkilişin əks olunduğu 1 ədəd “DVD”disk, "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” disk hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin qalıq çəkisi 5009 qram olan narkotik vasitə heroin və 1 ədəd “Alcatel markalı mobil telefon saxlanılması üçün Gəncə şəhər Baş Polis İdarəsinə saxlanca verilmiş, 1 ədəd Təqsirləndirilən şəxs adına olan “Kapital Bank”a məxsus plastik kart, 1 ədəd “E-manat” ödəniş terminalı vasitəsi ilə edilmiş ödənişin qəbzi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı video çəkilişin əks olunduğu 1 ədəd “DVD”disk, "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” disk cinayət işinin materiallarına əlavə edilmişdir, bundan başqa həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs əlbir olduğu şəxsin şəxsiyyətinin və onların narkotik vasitəni qanunsuz olaraq əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə hazırki cinayət işinin materiallarından başqa cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.171-188). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (iş vərəqə: cild İ, səh.132). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.21). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.89-91). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqları var (iş vərəqə: cild İ, səh.169-170). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “heroin” narkotik vasitəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş külli miqdar həddindən dəfələrlə çox olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş ayrı-ayrı bükümlərdə olan 5 kiloqram 10 qram narkotik vasitə heroini satış məqsədi olmadan əldə edib daşımasına dair vermiş olduğu ifadəsində göstərdikləri özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, maddi sübut, istintaq hərəkəti protokolları və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam olaraq təkzib edilir. Məhkəmə həmin ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi qənaətinə gələrkən onun üzərindən aşkar edilmiş 5 (beş) kiloqramdan artıq narkotik vasitə olan heroinin külli miqdar həddindən dəfələrlə çox olmasını, həmin narkotik vasitənin ayrıayrı bükümlərdə olmasını, cinayət işinin materiallarında külli miqdarda narkotik vasitənin dövriyyəsinə dair sövdələşmə ilə bağlı sübutları və cinayət işinin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən yuxarıda göstərilmiş tədqiq edilən bütün digər hallarını da nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 02 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 02 mart 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 12 aprel 2022-ci il tarixli, 470 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış qalıq çəkisi 5009 qram olan narkotik vasitə heroin məhv edilməli, bundan başqa Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş 1 ədəd “Alcatel markalı mobil telefon və cinayət işinin materiallarında olan 1 ədəd Təqsirləndirilən şəxs adına olan “Kapital Bank”a məxsus plastik kart Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd “Emanat” ödəniş terminalı vasitəsi ilə edilmiş ödənişin qəbzi, 1 ədəd “DVD”disk və 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 02 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış qalıq çəkisi 5009 qram olan narkotik vasitə heroin məhv edilsin, bundan başqa Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş 1 ədəd “Alcatel markalı mobil telefon və cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs adına olan 1 ədəd “Kapital Bank”a məxsus plastik kart Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd “Emanat” ödəniş terminalı vasitəsi ilə edilmiş ödənişin qəbzi, 1 ədəd “DVD” disk və 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar