Məhkəmə qərarları › İş №1(100)-344/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-344/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-344/2021 10.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X9, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmə baxışı Gəncə Ağır Cinayətlər Məhkəməsinə aiddir. İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 03.10.2018-ci il tarixdə, Rusiya Federasiyasının, Buryatiya Respublikasının, Ulan- Ude şəhərində yerli vaxtla saat 21:20 radələrində həmyerlisi, Yevlax rayonunun Duzdağ kənd sakini, X10 ilə birlikdə Rusiya Federasiyasının vətəndaşı olan X4 məxsus “Toyota İpsum” markalı, C767ET dövlət qeydiyyat nişanlı avtomobildə Buryatiya Respublikasının Ulan-Ude şəhəri Sovetskiy rayonu, Batareynaya küçəsi 30 ünvanında olarkən avtomobildə dostu İlham Zeynalovla azərbaycan dilində danışarkən X1ra rus dilində danışmamalarını irad tutaraq nalayiq sözlə təhqir etməsindən və həmyerlisinin yanında şəxsiyyətinin aşağılamasından əsəbiləşərək şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə X5 qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə istintaqa məlum olmayan əvvəlcədən üzərində gəzdirdiyi bıçağı çıxararaq X2 bədəninin həyat üçün vacib orqanlarının yerləşdiyi nahiyələrinə bir neçə dəfə vuraraq, sonuncuya ölümünə səbəb olan-dərəcəsinə görə döş qəfəsinin, ürəyin və ağciyərin yumşaq toxumalarının zədələnməsi ilə döş qəfəsinin ön səthinin daxilə nüfuzedən 1 ədəd kəsilmiş-deşilmiş yarası və çiynin, döş qəfəsinin və ağciyərin yumşaq toxumalarının zədələnməsi ilə sol çiynin ön səthinin daxilə nüfuzedən 1 ədəd, ümumilikdə 2 ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və magistral damarları və sinir dəstələrini zədələmədən yumşaq toxumaların zədələnməsi ilə sol çiynin daxilə nüfuz etməyən 1 ədəd kəsilmişdeşilmiş yarası, çiyin və döş qəfəsinin yumşaq toxumalarının zədələnməsi ilə sol tərəfdən döş qəfəsinin ön səthinin və sol çiynin daxilə nüfuz etməyən 1 ədəd kəsilmiş-deşilmiş yarası, yumşaq toxumaların zədələnməsi ilə sol dirsək oynağının daxilə nüfuz etməyən 1 ədəd, ümumilikdə 3 ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra X7 avtomobildən düşərək qaçmış, bundan sonra isə Təqsirləndirilən şəxs dərhal hadisə yerindən X4 məxsus “Toyota İpsum” markalı, C767ET dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşərək Ulan-Ude şəhəri Kamennaya küçəsi 77 saylı binaya qədər gələrək avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırıb Ulan-Ude şəhər Kamennaya küçəsi 77 saylı evin yanında atıb getmiş, zərərçəkmiş X7 hadisə yerindən xəstəxanaya aparılarkən almış olduğu xəsarətlərdən kəskin qanitirmə nəticəsində xəstəxanada 03.10.2018-ci il tarixdə saat 22:28-də ölmüş, bununla da Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə X5 qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmiş və sonuncuya məxsus “Toyota İpsum” markalı, C767ET dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Məhkəmə hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin müdafiəçisi X8 və Təqsirləndirilən şəxs vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməklə işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Müdafiəçi vəsatətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrində verilmiş ittihamlarla özünü təqsirli bildiyi göstərilsə də, məhkəmə hazırlıq iclası zamanı özünü təqsirli bilmədiyini, cinayətin onun tərəfindən deyil, İlham Zeynalov tərəfindən törədildiyini, qorxduğu üçün cinayəti etiraf etdiyini, iş materiallarında olan polis əməkdaşlarına verdiyi izahatda da hadisəni törətmədiyini bildirdiyini, lakin istintaq orqanının bu ziddiyyətləri araşdırmadığını, həmçinin müdafiəsi də keyfiyyətli həyata keçirilmədiyindən həmin ziddiyyətlər araşdırılmayaraq bu vəziyyətdə də iş məhkəməyə göndərilmişdir. Həmçinin əlavə etmişdir ki, ittiham aktında iş üzrə təqsirləndirilən şəxsə qarşı ifadə vermiş şəxslər şahidlər siyahısına salınmamış, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi tanınmamışdır. Göstərilən hallar ittihamla bağlı müdafiələrinin qurulmasını mümkünsüz etmişdir. Təqsirləndirilən şəxs da vəsatətində ibtidai istintaq dövründə hüquqlarının pozulduğu üçün işin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Cinayət işinin materialları öyrənilərkən də iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmin Məcəllənin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin Məcəllənin 284- 286-cı maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X6 ifadəsindən (cild 4, səh. 11-13; cild 8, səh. 11-13) müəyyən olunur ki, 18.01.2020 tarixində Ulan-Ude şəhəri üzrə Rusiya DİN-in CAŞ 1 saylı PŞ əməliyyat müvəkkili, polis kapitanı X11 ilə birlikdə, Buryatiya Respublikası üzrə DİN 16-k nömrəli 15.01.2020 tarixli əmrinə müvafiq olaraq Buryatiya Respublikası üzrə daxil işlər naziri, polis general mayoru O.F.Kudinov tərəfindən təsdiq edilmiş xidmət tapşırığa əsasən federal axtarışda olan cinayətkarların müəyyən edilməsi və saxlanılması məqsədilə Azərbaycan Respublikasına və Özbəkistan Respublikasına xidməti ezamiyyətə getmişlər. Azərbaycan Respublikasına gəldikdən sonra onlar Tovuz şəhərinə getmişlər, orada Tovuz RPŞ-nin cinayət axtarış şöbəsinin əməkdaşlarının köməyi ilə xx.xx.1992 təvəllüdlü, İbrahimhacılı kəndində yaşayan Təqsirləndirilən şəxs saxlanmasında iştirak etmişlər. Azərbaycan Respublikası, Tovuz rayon CAŞ əməliyyat müvəkkili, polis polkovnik-leytenantı M.S.Ələsgərov beynəlxalq qanunvericiliyə müvafiq olaraq onun axtarışda olması və onun tərəfindən cinayətin törədilməsi faktı ilə bağlı ondan izahat almış, sorğu onların iştirakları ilə aparılmışdır.M.S.Ələsgərovun rus hərfləri ilə o qədər də yaxşı yazmaması səbəbi ilə, ona cümlə qurmaqda kömək etmişlər. R.M.Cəfərov Azərbaycan dilində başa düşüb, danışdığından Təqsirləndirilən şəxs törətdiyi cinayət və axtarışda olması barədə sual vermişdir. Kazımov öz izahatında qəti şəkildə təqsirli olduğunu boynuna almamış və Rusiya Federasiyasına getməyəcəyini, orada onun azadlıqdan məhrum edilə biləcəyini və öz təqsirsizliyini sübut edə bilməyəcəyini göstərmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş X11 da oxşar məzmunlu ifadə vermişdir (cild 4, səh. 14-16; cild 8, səh. 14-16). İş materiallarında olan Təqsirləndirilən şəxs 22.01.2020-ci il tarixli izahatından görünür ki, Rusiya Federasiyasında adam öldürməkdə təqsirləndirildiyinə görə federal axtarışda olduğundan xəbəri vardır, bu cinayəti o, törətməmişdir, onu soyadını unutduğu İlham Xaliq oğlu törətmişdir. Rusiya Federasiyası Buryatiya Respublikası Ulan-Ude şəhərinə getmək niyyətində deyildir, çünki ora gedib Xaliq, qardaşına qarşı ifadə verəcəyi halda onu öldürməklə hədə-qorxu gəlmişlər. Cinayəti törətmədiyini sübuta yetirə bilməyəcəyindən Rusiya Federasiyasına getməyəcəyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Rusiya Federasiyasının DİN-in əməkdaşlarına verdiyi izahatında ona istinad olunan cinayət əməlini törətmədiyini bildirərək, həmin cinayətin İlham Zeynalov tərəfindən törədildiyini bildirməsinə, RF DİN-in qeyd edilən əməkdaşlarının da bu xüsusatı təsdiq etməsinə baxmayaraq ibtidai istintaq orqanı tərəfindən həmin xüsusat araşdırılmamış, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən də onun müdafiəsi üçün əhəmiyyətli olan qeyd olunan xüsusatın araşdırılmasına dair hər hansı vəsatət verilməmiş, o cümlədən yaranmış ziddiyyətlərlə bağlı Rusiya Federasiyasının müvafiq istintaq orqanı tərəfindən şahid qismində dindirilmiş şəxslərin əlavə dindirilməsi, təqsirləndirilən şəxslə üzləşdirilməsi aparılmamış, nəticədə Təqsirləndirilən şəxs müdafiə hüquqları pozulmaqla işin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası CPM-nin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqları haqqında Avropa Konvensiyasının” 6-cı maddənin 1-ci bəndinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılmaq hüququna, habelə onun əleyhinə ifadə vermiş şahidləri dindirmək hüququna malikdir. Həmin Konvensiyanın 6-cı maddəsinin 3 (d) bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırması və dindirməsi hüququna malik olmaq hüququna malikdir. “Şatşaşvili Almaniyaya qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmənin 6-cı maddənin 1-ci bəndi üzrə əsas işi bütövlükdə cinayət prosesinin ədalətliliyini qiymətləndirməkdir. Bu qiymətləndirməni apararkən Məhkəmə prosesi bütövlükdə nəzərdən keçirməli, o cümlədən sübutların hansı yolla əldə edildiyini araşdırmalı və bu zaman müdafiə tərəfinin hüquqlarını, eləcə də cinayət törədənin lazımi qaydada məsuliyyətə cəlb olunmasında ictimaiyyətin və zərərçəkənlərin maraqlı olduqlarını və zərurət olduqda şahidlərin hüquqlarını nəzərə almalıdır. Təqsirləndirilən şəxs məhkum edilməzdən əvvəl adətən ona qarşı bütün sübutlar onun iştirakı ilə keçirilən açıq dinləmədə ona təqdim edilməlidir ki, o, əks arqumentini irəli sürə bilsin. Bu kontekstdə Məhkəmə cinayət işi üzrə məhkəmə prosesinin hazırlanması üçün istintaq mərhələsinin mühümlüyünü vurğulamalıdır, çünki bu mərhələdə əldə edilən sübutlar məhkəmə araşdırmasında nəzərdən keçiriləcək cinayət ittihamlarının çərçivəsini müəyyən edir. Söhbət cinayət prosesindən getdiyi hallarda Konvensiyanın 6-cı maddəsinin əsas məqsədi "hər hansı cinayət ittihamı" ilə bağlı qərar vermək səlahiyyətinə malik "məhkəmə" tərəfindən işin ədalətli şəkildə araşdırılmasını təmin etməkdən ibarət olsa da, buradan heç də belə nəticə çıxmır ki, bu maddə məhkəməyəqədər icraata tətbiq edilmir. Belə ki, ilkin mərhələdə 6-cı maddənin müddəalarına riayət edilməməsi səbəbindən məhkəmə araşdırmasının ədalətliliyinə ciddi şəkildə xələl gətirilməsi ehtimalı mövcud olarsa, 6-cı maddə (xüsusən onun 3-cü bəndi) hələ iş məhkəməyə göndərilməzdən əvvəl aktuallıq kəsb edə bilər. Məhkəmənin rəyinə görə, müttəhimə və ya vəkilinə ən azı məhkəməyəqədər araşdırma mərhələsində ittiham tərəfinin əsas şahidini dindirmək imkanının yaradılması təqsirləndirilən şəxsin müdafiə hüquqlarını təmin edən mühüm prosessual təminat təşkil edir və bu imkanın olmaması bütövlükdə məhkəmə prosesinin 6-cı maddənin 1 və 3"d" bəndlərində nəzərdə tutulmuş ədalətliliyi məsələsi yoxlanılarkən balansı əhəmiyyətli dərəcədə əks tərəfə dəyişmiş olur. Avropa İnsan Hüquqları Məhkəməsinin Salduz Türkiyəyə qarşı işi üzrə qərarının 50ci bəndində göstərilmişdir ki, Məhkəmə təkrarlayır ki, cinayət prosesinə gəlincə Konvensiyanın 6-cı maddəsinin əsas məqsədi hər hansı ittihamların müəyyən edilməsi üçün səlahiyyətli olan “tribunalın” ədalətliliyinin təmin olunmasıdır, lakin bu o demək deyil ki, 6-cı maddə ibtidai istintaqa münasibətdə şamil edilmir. Bununla 6-cı maddədə və xüsusən həmin maddənin 3-cü bəndi işin məhkəməyə göndərilməsindən əvvəl həyata keçirilən prosedurlarla əlaqədar tətbiq edilir, belə ki, əvvəlki mərhələlərin Konvensiyanın müddəalarına uyğun olmaması məhkəmə prosesinin ədalətliliyinə ciddi xələl yetirir. Məhkəmə əvvəlki işlərdə qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) yarımbəndində təsbit olunmuş hüquq həmin maddənin 1-ci bəndində qeyd olunan “cinayət işlər üzrə ədalətli məhkəmə hüququ” konsepsiyanın elementlərindən biri hesab olunur. Konvensiyanın 6-cı maddəsi təsbit etmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir (Salduz Türkiyəyə qarşı iş). Bundan başqa cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” 07 oktyabr 2021-ci il tarixli protokolda müdafiəçinin səlahiyyətini təsdiq edən sənəd barədə məlumat öz əksini tapmamışdır. Halbuki, CPM-in 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün əsasdır. Həmçinin cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, mərhum A.V.Samofalovun arvadıSamofalova Yelena Petrovna 04 oktyabr 2018-ci il tarixdə RF CPM-in 42-ci maddəsinə əsasən iş üzrə zərərşəkmiş şəxs qismində tanınsa da, cinayət işinin materialları Rusiya Federasiyasının Baş Prokurorluğundan cinayət işi üzrə istintaqın davam etdirilməsi üçün Respublika Baş Prokurorluğu vasitəsilə Tovuz rayon prokurorluğuna göndərildikdən sonra aparılmış istintaq dövründə sonuncunun zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması təmin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 106.1-ci maddəsinə əsasən hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, həmin Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil həmin cinayət işi üzrə icraatda zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır. Həmin Məcəllənin 106.6-cı maddəsinə əsasən zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi istisna olmaqla, digər qohumunun şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq (106.6.1), xüsusi ittihamçı qismində cinayət təqibindən imtina etmək (106.6.2), zərər çəkmiş şəxsin verdiyi şikayətdən imtina etmək (106.6.3) hüququ yoxdur. Həmin Məcəllənin 87.1-ci maddəsi isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda onun zərər çəkmiş şəxs qismində tanınmasını nəzərdə tutur. Göründüyü kimi iş üzrə ibtidai istintaq dövründə ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini həyata keçirmək üçün hüquqi varis tanınmamış, bununla da CPM-nin 106-cı maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa iş üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmişməhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısından görünür ki, həmin siyahıya Təqsirləndirilən şəxs, müdafiəçisi X13 və şahidlər Şahid1, Şahid2 və X12 əlavə edilmiş, ibtidai istintaq dövründə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi tanınmadığından həmin siyahıya əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 291.0.1-ci maddəsinə əsasən İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işini məhkəməyə göndərməzdən əvvəl məhkəmə iclasına çağırılmalı olan şəxslərin müstəntiq tərəfindən tərtib edilmiş siyahısını öz qərarı ilə ixtisar və ya ona əlavələr edə bilər, həmin siyahıdan təqsirləndirilən şəxsi, onun müdafiəçisini və qanuni nümayəndəsini, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini və onun müdafiəçisini, fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsi, mülki iddiaçını, mülki cavabdehi, onların nümayəndələrini və qanuni nümayəndələrini çıxara bilməz (291.0.2.). Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Tovuz rayon məhkəməsinin 26.07.2021-ci il tarixli qərarı ilə 17 gün müddətinə, yəni 12 avqust 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 06 avqust 2021-ci il tarixdə Tovuz rayon məhkəməsinin qərarı ilə 1 ay müddətinə, yəni 12.09.2021-ci il tarixədək, 08 sentyabr 2021-ci il tarixdə Tovuz rayon məhkəməsinin qərarı ilə 2 ay müddətinə, yəni 12.11.2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin müddəti 12.11.2021-ci il tarixdə başa çatdığından, həmin qətimkan tədbirinin müddəti 1 ay müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299- 301, 303 və 306.1-ci maddələrini rəhbər tutub məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 185.1-ci maddələrilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin müddəti 1 ay müddətə uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə, dövlət ittihamçısına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar