Məhkəmə qərarları › İş №1(100)-344/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-344/2022

14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-344/2022 14.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Asan Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1989-cı ildə Şəmkir rayonu, Yeniabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəmkir rayonu, Yeniabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyalar tətbiq etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 31 dekabr 2021-ci il tarixdə saat 23 radələrində tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid3 məxsus Şəmkir rayonu, Yeniabad kəndində yerləşən evə gedərək orada qonaq qismində olan Zərərçəkmiş şəxs qanunsuz olaraq pul tələb etmiş, sonuncu cibində olan 23 manat 20 qəpik pulu çıxardaraq ona təqdim etməsinə baxmayaraq, Təqsirləndirilən şəxs evdə olan stolun üzərindən bir tərəfi kəsici, ucu deşici, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb silah qismində istifadə edib tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək, silah qismində istifadə etdiyi həmin bıçağı sonuncunun qarın nahiyəsinə dirəyib, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə, yəni öldürəcəyini deməklə hədələyib Zərərçəkmiş şəxs 23 manat 20 qəpik pulunu, bir ədəd istifadə edilmiş, 25 manat dəyərində “Alcatel” markalı telefonunu, bir ədəd istifadə edilmiş, 10 manat dəyərində təsbehini ələ keçirmiş, daha sonra evin giriş qapısının arxasında olan kustar üsulla hazırlanmış təsərrüfat-məişət təyinatlı dəhrəni götürərək zərərçəkmiş Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən vurmaqla ona başın tüklü hissəsində təpə nahiyyəsinin əzilmiş səthi yarası və sol qulaq seyvanının arxa səthinin şişkinlik formada qançırından ibarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə əlavə pul tələb etmiş, sonuncu pulunun olmadığını bildirdikdə cinayət əməlini davam etdirməklə Zərərçəkmiş şəxs məxsus həmin evin qarşısında saxlanılmış 1983-cü il buraxılış ili olan, 2700 manat dəyərində “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili quldurluq yolu ilə ələ keçirib sürərək Yevlax rayonuna aparıb zərərçəkmişin ümumilikdə 2758 manat 20 qəpik dəyərində əmlakını və pulunu ələ keçirməklə quldurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, gündəlik işlərdə günəmuzd işləmişdir. Zərərçəkmiş şəxs həmkəndlisi kimi uzun müddətdir ki, tanımışdır. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı Yeniabad kəndində Aqilin mağazasına gedərək oradan 2 ədəd “Jaquar” spirtli enerji içkisini alıb mağazanın qarşısında yerləşən qaz borusunun yanında içməyə başlamışdır. O, 2 ədəd həmin içkini içdikdən sonra tanışları da oraya gəlmiş və ona bir neçə dənə spirtli enerji içkisi almışlar. O, ümumilikdə 7-8 ədəd spirtli “Jaquar” enerji içkisi içmişdir. Saat təxminən 22 radələrində həmkəndlisi Nofəli Aqilin mağazasından çıxarkən görmüşdür. Təxminən bir il əvvəl Nofəl onu döydüyündən o, Nofəli mağazadan çıxarkən görəndə Nofəli döymək qərarına gəlmişdir. Nofəl mağazadan çıxarkən Nofələ tərəf gedərək bir qədər mübahisə etmişdir. O, Nofələ nalayiq ifadələr işlədib təhqir etmişdir. Nofəllə təxminən 3-5 dəqiqə sözlə mübahisə etdikdən sonra Nofəlin “VAZ-21011” markalı avtomobilinin sürücü tərəfindən qapı hissəsinə təpiklə vurmuş və daha sonra başı ilə Nofəlin sifət nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Həmin zaman ətrafda olan şəxslər onları ayırmışlar. O, dava zamanı sərxoş olduğu üçün ətrafdakı şəxslərin adları yadında qalmamışdır. Dava bitdikdən sonra o, yenidən yaxınlıqda olan qaz borusunun yanına gedərək orada əyləşmişdir. Bu zaman kənd ərazsində “Çeçen” kimi tanıdığı Vüqarı öz avtomobili ilə mağazanın qarşısından keçərkən görüb saxlatmış və onu həmkəndlisi olan Rəhimgilə aparmasını demişdir. Vüqar avtomobildə olan ailə üzvlərini düşürüb gələcəyini demişdir. Vüqar gələnə kimi mağazaya gələn tanışları ona bir neçə dənə “Jaquar” spirtli içki almışlar. Təxminən 15-20 dəqiqə sonra Vüqar özünə məxsus “Moskviç” markalı avtomobili ilə gələrək onu mağazanın qarşısından götürmüşdür. Onlar birlikdə Rəhimin evinə tərəf getmişlər. Onlar Rəhimin evinə çatanda həmkəndlisi olan Laçının avtomobilinin də orada olmasını görmüşdür. Laçının təxminən 2 il bundan əvvəldən ona 35 manat borcu olmuşdur. O, Rəhimin evinə girərkən Laçının evdən çıxmaq istəməsini görmüşdür. O, Laçına qarşı nalayiq ifadələr işlədərək ona olan borcunu qaytarmasını deyərək şillə ilə vurmuşdur. Bundan sonra Rəhim kənardan ona irad bildirmək istədikdə Rəhimə qarşı da nalayiq ifadələr işlədərək sakit durmasını demişdir. O, Rəhimin evində stolun üzərində olan mətbəx bıçağına oxşar bıçağı götürüb Laçına tərəf tutaraq ona olan borcunu qaytarmasını demişdir. Bu zaman Laçın cibində olan 21 manat pulu çıxararaq ona vermişdir. O, Laçına pulun qalan hissəsini də verməsini demişdir. Laçın üzərində başqa pul olmamasını demişdir. Laçın cibindən telefonu ona uzadıb stolun üzərinə qoymuşdur. O, Laçından telefonu götürüb stolun üzərinə qoyaraq ona telefon lazım olmadığını demişdir. O, əlində olan bıçağı stolun üzərinə ataraq evin giriş hissəsində qapının yanındakı dəhrəni götürüb yenidən Laçının yanına qayıtmışdır. Laçın evdən qaçmaq istəyərkən o, Laçına qarşı nalayiq ifadələr işlədərək dəhrəni Laçına atmışdır. O, Laçına getməməsini, dayanmasını demişdir. Budan sonra o, əlindəki dəhrəni Laçına tərəf tutaraq “gedək sənin maşınını sataq, mən pulun 2 min manatını götürüb Rusiyanın Krasnodar şəhərinə gedəcəm” deyərək çölə çıxmasını demişdir. Onlar çölə çıxan zaman Vüqar ona gəlməsini dedikdə Vüqara qarşı nalayiq ifadələr işlədərək getməsini bildirmişdir. O, Laçına avtomobilin qabaq tərəfində oturmasını, avtomobili özünün sürəcəyini demişdir. Bundan sonra o, avtomobili işə salaraq Kür qəsəbəsi yolu istiqamətində hərəkət etməyə başlamışdır. Onlar yol ilə hərəkət edən zaman Laçın ona Yenibabad kəndinin çıxışında çayın yanında saxlamağını, pul götürüb gələcəyini demişdir. O, avtomobili saxlayan kimi Laçın avtomobildən düşərək Keçili kəndi istiqamətində qaçmağa başlamışdır. O, Laçının getdiyini görüb Şəmkir rayonu, Qapanlı kədində yaşayan dostu Sənanın yanına getməyi qərara almışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 01 radələrində Sənanın yaşadığı Şəmkir rayonu Qapanlı kəndinə gəlib Sənan yaşadığı evin qarşısında avtomobili saxlayıb Sənanı çağırmağa başlamışdır. Bir qədər sonra Sənan evdən çıxmış və o, Sənana təzə avtomobil aldığını, gedib bunu qeyd etmələrini demişdir. O, Qapanlı-Qaracəmirli yolu ilə Bakı-Qazax yoluna çıxmışdır. O, həmin yolla Gəncə şəhəri istiqamətində getmişdir. Təxminən 30 dəqiqə sonra Gəncə şəhərinə çatmışdır. O, Gəncə şəhəri ərazsində bir qədər gəzdikdən sonra polis avtomobillərini görüb Gəncə şəhərindən çıxıb Yevlax rayonu istiqamətində hərəkət etmişdir. O, Yevlax rayonunun giriş hissəsinə kimi getmişdir. O, Yevlaxa çatmamış avtomobilin benizinin qurtaracağını düşünüb geri qayıtmağı qərar almışdır. O, Şəmkir rayonuna qayıdarkən bir dəfə 10 manatlıq, bir dəfə də 3 manatlıq avtomobilə benzin tökmüşdür. Bundan sonra təxminən saat 06 radələrində Şəmkir rayonu, Qapanlı kəndinə çatmış və Sənanı öz yaşadığı evə düşürmüşdür. O, artıq içkinin təsirindən çıxdığı üçün Laçının avtomobilini geri qaytarmağı qərara almış və Qapanlı kəndində Yeniabad kəndinə doğru hərəkət etməyə başlamışdır. Təxminən 15-20 dəqiqə sonra Yeniabad kəndinə Rəhimin evinin qarşısına çatmış və avtomobili orada saxlayaraq öz yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda göstərmişdir ki, o, bıçağı Zərərçəkmiş şəxs tərəf tutsa da bıçaqla xəsarət yetirməmiş, bıçaqla hədə-qorxu gələrək öz borcunu tələb etmişdir, bundan başqa o, dəhrəni atsa da Laçına dəyməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, özünə məxsus “VAZ-2106” markalı, **-BL- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs həmkəndlisi kimi uzun müddətdir ki, tanımışdır. xx.xx.2021-ci il tarixdə o, özünə məxsus “VAZ-2106” markalı avtomobil ilə tanışı Rəhimin evinin qarşısından keçəndə Rəhimin evdə olmasını görüb avtomobili saxlayaraq düşmüşdür. O, Rəhimin evinə gəlmiş və onlar təxminən 15-20 dəqiqə ərzində evdə çay içmişlər. Bir qədər sonra Rəhimlə qonşuluqda yaşayan Turab da onların yanına gəlmişdir. Turab, Rəhim və o, bir qədər söhbət etmişlər. Onlar birlikdə çay içən zaman qəfildən kənd sakini kimi tanıdığı Elmar və “Çeçen” ləqəbi ilə tanıdığı Vüqar evə daxil olmuşdur. Həmin zaman Elmar və Vüqar Vüqarın “Moskviç” markalı avtomobili ilə gəlmişlər, Elmar və Vüqar evə daxil olan zaman sərxoş vəziyyətdə olmaları hiss olunmamış və hər ikisinin əlində “Jaquar” adlı spirtli içki olmuşdur. Elmar evə daxil olan kimi ona qarşı nalayiq ifadələr işlədərək onu öldürəcəyini deməyə başlamış, o, Elmara atası ilə tanış olduğunu, nə səbəbə ona belə deməsini bildirmişdir. O, Elmarın sərxoş olduğunu görüb sakitləşdirməyə çalışsa da, Elmar sakitləşməyərək ona qarşı nalayiq ifadələr işlədib öldürəcəyini demişdir. Həmin zaman Turab da kənardan Elmarı sakitləşdirmək istəsə də, Elmar öz hərəkətlərinə davam etmişdir. Turab Elmarın içkili vəziyyətdə olduğuna görə dava salacağını düşünüb evi tərk etmişdir. O da evdən çıxmaq istədikdə Elmar onun sinəsindən tutaraq onu getməyə qoymamış və onu öldürəcəyini demişdir. Elmarın yanında olan Vüqar bir neçə dəfə Elmarı sakitləşdirmək istəsə də, Elmar sakitləşməmişdir. Həmin zaman Rəhimin evində stolun üzərində mətbəx bıçağı olmuş və Elmar həmin bıçağı stolun üzərindən götürərək ona tərəf çevrilmişdir. Elmar əlindəki bıçağı onun sol qarın nahiyəsinə dirəyərək ona “cibində nə qədər pulun var çıxart ver” demişdir. O, həmin zaman qorxduğu üçün cibində olan 23 manat 20 qəpik pulu çıxardaraq Elmara vermiş, lakin Elmar ona “sənin yenə pulun var” deyib “cibindəki pulun hamısını çıxart” demişdir. O, Elmara əlavə pulunun olmadığını desə də, Elmar ona inanmayaraq özü əlləri ilə onun ciblərində əlavə pulunun olub-olmamasını yoxlamağa başlamışdır. Elmar onun əynindəki gödəkçənin cibində olan 10-15 gün bundan əvvəl aldığı “Alcatel” markalı mobil telefonu, “Kent” markalı siqareti, alışqanı və təsbehi əli ilə çıxarmışdır. Elmar telefon və təsbehi götürərək siqaret və yandıranı yerə atmışdır. Həmin zaman Rəhimə məxsus “Nokia” markalı telefon da stolun üzərində olmuş və Elmar həmin telefonu da götürüb öz cibinə qoymuşdur. Elmar onu hədələyən zaman Rəhim Elmarın hərəkətlərindən qorxaraq Elmarın başı ona qarışan kimi evdən çıxıb qaçmışdır. Rəhim getdikdən sonra evdə o, Elmar və Vüqar qalmışdır. Zərərçəkmiş şəxs ifadəsinin davamında göstəmişdir ki, o, Elmara pul versə də, Elmar yenə də sakitləşməyərək heç bir səbəb olmadan onu öldürəcəyini demişdir. Bir qədər sonra Elmar əlində olan bıçaqla ona tərəf gələrək onu öldürəcəyini deyib bıçağı ona tərəf atanda əli ilə bıçağı tutub onu vurmağa qoymamışdır. Bu zaman bıçağın ucu iti olmadığı üçün əlini kəsməmiş və bıçağın tiyəsi əyilmişdir. O, əli ilə bıçağı tutaraq Elmarın əlindən yerə salmışdır. Elmar yenidən sakitləşməyərək evin giriş hissəsində qapının yanında olan dəhrəni götürüb onun yanına qayıdaraq təkrarən onu öldürəcəyini demişdir. Elmar dəhrəni ona tərəf atdıqda o, əlini dəhrənin qarşısına tutaraq dəyməsinə imkan verməmişdir. O, dəhrəni bir qədər saxlasa da, dəhrənin uc tərəfi onun başına dəyərək xəsarət yetirmişdir. Bundan sonra Elmar həmin dəhrə ilə onun sol qulaq nahiyəsindən və başının arxa tərəfindən vuraraq xəsarət yetirmişdir. O, yerə yıxıldıqda Elmar başının arxa tərəfindən ya dəhrə ilə, ya da əli vuraraq xəsarət yetirmişdir. Bundan sonra Elmar dəhrənin uc tərəfini boynunun arxasına dirəyərək ona “gedək sənin avtomobilini sataq, mən avtomobilin pulunu da götürəcəm” deyərək onu evdən çıxartmışdır. Həmin zaman Vüqar da öz avtomobilinin yanına tərəf gedərək Elmarı çağırıb getməsini demişdir. Elmar Vüqarı nalayiq ifadələrlə söyərək çıxıb getməsini demişdir. O, öz avtomobilinin qapısını açmış və Elmar avtomobili özünün sürəcəyini deyib onu sürməyə qoymamışdır. Elmar avtomobili hərəkət etdirərək Şəmkir rayonu istiqamətində sürməyə başlamışdır. Elmar avtomobillə gedərkən ona avtomobilini satıb 2 min manatını götürəcəyini, Rusiyanın Rostov şəhərinə gedəcəyini demişdir. Onlar Rəhimin evindən çıxdıqdan sonra təxminən 300-400 metr getmişlər. Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstəmişdir ki, Elmarla onun avtomobili ilə 300-400 metr getdikdən sonra, avtomobilin pultu onda olduğundan o, qəsdlə pultla avtomobilin arxa yük yerini açmışdır ki, Elmar avtomobili saxlasın və o, düşüb qaçsın. O, arxa yük yerini açdıqdan sonra avtomobili saxlamasını, onun düşüb yük yerini örtməsini demişdir. Elmar avtomobili saxlamış, o, avtomobildən düşərək arxa tərəf yük yerini örtmək adı ilə gedib yük yerini örtüb oradan da yaxınlıqda olan boş məhləyə tərəf qaçmışdır. Elmar da maşını sürüb getmişdir. O, avtomobildən düşüb qaçıdıqdan sonra yaşadığı Yeniabad kəndinin yuxarı hissəsində qalan tanışı X2 olduğu evə getmişdir. Həmin zaman Elman evdə olmuş və o, baş vermiş hadisə barədə Elmana danışmışdır. O, Elmanın telefonu ilə 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra isə qardaşı Rəşid Babayevə zəng edib hadisə barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə Rəhim ona zəng edərək onun avtomobilinin Rəhimin evinin qarşısında olmasını demiş və o, polis əməkdaşlarına bu barədə məlumat verərək polis əməkdaşları ilə birlikdə avtomobilin yanına getmişdir. Həmin zaman polis əməkdaşaları avtomobilin içinə baxış keçirmiş və avtomobildən ona məxsus telefon götürülmüşdür. Bundan başqa Elmarın ona xəsarət yetirdiyi dəhrə də avtomobilin yanında olmuşdur. Zərərçəkmiş şəxs ifadəsinin yekununda gösrəmişdir ki, Elmar Rəhimin evində onun pulunu tələb edərkən stolun üstündən mətbəx bıçağını götürərək onun qarın nahiyəsinə dirəmiş, onu öldürəcəyini deyərək ondan cibindəki pulunu verməsini tələb etmiş, bundan sonra isə Elmar dəhrə ilə ona bir neçə dəfə xəsarətlər yetirərək onun avtomobilini əlindən almış və avtomobili satacağını ona demişdir. Onun heç vaxt Təqsirləndirilən şəxs heç bir borcu olmamış və hadisə baş verdiyi vaxt onlar arasında borc barəsində ümumiyyətlə söhbət olmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam şəkildə ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, gündəlik işlərdə günəmuzd işləyir. Təqsirləndirilən şəxs 10 ildir ki, tanıyır. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində yaşadığı Şəmkir rayonu, Qapanlı kəndində yerləşən evdə olarkən tanışı Elmar gələrək onu çağırmışdır. O, evdən çıxaraq Elmarla salamlaşmış, nə yaxşı bu vaxt onlara gəlməsini soruşmuşdur. Elmar həmin vaxt bir qədər sərxoş olmuşdur. Elmar həmin vaxt “VAZ-2106” markalı, qırmızı rəngli avtomobillə gəlmişdir. Elmar ona həmin avtomobili təzə almasını, buna görə də gedib birlikdə yeyib- içmələrini demişdir. O, Elmarla razılaşaraq həmin avtomobilə əyləşmişdir. Onlar birlikdə həmin avtomobillə Gəncə şəhəri istiqamətində getmişlər. Elmar Qapanlı- Qaracəmirli avtomobil yolu ilə Bakı-Qazax yoluna çıxmış və həmin yolla Gəncə şəhəri istiqamətində getmişdir. Təxminən 30 dəqiqə sonra Gəncə şəhərinə çatmışlar. Elmar və o, Gəncə şəhəri ərazisində bir qədər gəzdikdən sonra polis maşınlarını görüb Gəncə şəhərindən çıxıb Yevlax rayonu istiqamətində hərəkət etmişlər. Bundan sonra Elmar Yevlax rayonunun giriş hissəsinə kimi maşını sürmüş və onlar Yevlax rayonuna çatmamış avtomobilin benzininin qurtaracağını düşünüb qərara gəlmişlər ki, geri qayıtsınlar. Onlar Şəmkir rayonuna qayıdarkən yolda Elmar bir dəfə 10 manatlıq, bir dəfə də 3 manatlıq avtomobilə benzin tökmüşlər. Daha sonra onlar xx.xx.2022-ci il tarixdə təxminən saat 06 radələrinə Şəmkir rayonu, Qapanlı kəndinə çatmış və Elmar onu öz yaşadığı evə düşürmüş, özü də evə gedəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona avtomobili quldurluq yolu ilə ələ keçirməsi barədə heç bir söz deməmişdir. Onun özü də Elmara bu barədə sual verməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, fərdi fəaliyyətlə məşğul olur. Yaşadığı Yeniabad kəndində onu “Çeçen” ləqəbi ilə tanımışlar. xx.xx.2021-ci il tarixdə saat təxminən 22 radələrində o, Yeniabad kəndi ərazisində Aqilin mağazasının yanında avtomobili saxlayaraq mağazaya girmişdir. O, mağazada olarkən Elmarla rastlaşmışdır. Elmar ona evə düşürməyini dedikdə o, Elmara ailə üzvlərini evə düşürüb gələcəyini demişdir. O, uşaq yeməyi alıb mağazadan çıxmış və ailə üzvlərini qayınanasıgilə düşürüb təxminən yarım saat sonra Elmarın olduğu yerə geri qayıtmışdır. Həmin zaman Elmar iki ədəd “Jaquar” spirtli enerji içkisini özünə, ikisini də ona almışdır. O, Elmarı evə aparmaq üçün avtomobili hərəkətə gətirmişdir. Onlar yolla gedərkən Elmar ona avtomobili Rəhimin evinə sürməyini, gedib birlikdə Rəhimin bayramını təbrik etməyi demişdir. O, spirtli enerji içkisinin birini yolda içmiş, bundan sonra o, Rəhimin yaşadığı evə tərəf getmişdir. Onlar Rəhimin evinə çatanda həmin zaman Laçının da avtomobilinin orada olmasını görmüşlər. Elmar Laçının avtomibilini orada görüb evə girib Laçını öldürəcəyini demişdir. O, nə səbəbə Laçını öldürəcəyini dedikdə Elmar ona heç bir səbəb demədən yenidən Laçını öldürəcəyini demişdir. Elmar həmin zaman sərxoş olmuşdur. Elmarla birlikdə Rəhimin evinə girmişlər. Elmar evə daxil olub Laçını şillə ilə vurub nalayiq ifadələr işlədib, stolun üzərində olan mətbəx bıçağını götürərək Laçına tərəf çevrilmiş, sonra Elmar əlindəki bıçağı Laçının sol qarın nahiyəsinə dirəyərək Laçına “cibində nəyin var çıxart ver” demişdir. Laçın da həmin zaman qorxduğu üçün cibində olan təxminən 20 manatdan bir qədər çox pulu çıxardaraq Elmara vermişdir. Şahid4 ifadəsinin davamında göstərmişdir ki, Elmar daha sonra Laçına “sənin yenə pulun var” deyib “cibindəki pulun hamısını çıxart” demişdir. Laçın Elmara əlavə pulunun olmadığını desə də, Elmar inanmayaraq özü əlləri ilə Laçının ciblərində əlavə pulunun olub-olmamasını yoxlamağa başlamışdır. Elmar Laçının əynindəki gödəkçənin cibindəki telefonu, siqareti, alışqanı və təsbehi çıxarmışdır. Elmar telefon və təsbehi götürərək, siqaret və alışqanı yerə atmışdır. Həmin vaxt Rəhimə məxsus “Nokia” markalı telefon da stolun üzərində olmuş və Elmar həmin telefonu da götürüb öz cibinə qoymuşdur. O, bir neçə dəfə Elmarı sakitləşdirmək istəsə də, Elmar öz hərəkətlərini davam etdirmişdir. Elmar Laçını hədələyən zaman Rəhim Elmarın hərəkətlərindən qorxaraq Elmarın başı qarışan kimi evdən çıxıb qaçmışdır. Elmar ona Rəhimin hara getməsini və onun arxasınca baxmasını demişdir. O, çölə Rəhimin arxasınca çıxmış, həmin zaman qonşuluqda yaşayan Turabın öz evinin qarşısında dayanmasını görmüşdür. Turab səs-küyü eşidib çölə çıxdığını, ona narahat olmamasını, Rəhimin onların evində olduğunu demişdir. O, yenidən Rəhimin evinə qayıtmışdır. Rəhim getdikdən sonra evdə o, Elmar və Laçın qalmışdır. Bir qədər sonra Elmar əlində olan bıçaqla Laçına tərəf gələrək yenidən onu öldürəcəyini deyib bıçağı Laçına tərəf fırlatdıqda Laçın əli ilə bıçağı tutub özünü vurmağa qoymamışdır. Bu zaman bıçaq Elmarın əlindən yerə düşmüşdür. Elmar yenidən sakitləşməyərək evin giriş hissəsində qapının yanında olan dəhrəni götürüb onların yanına qayıdaraq dəhrə ilə Laçına bir neçə dəfə vuraraq və dəhrənin uc tərəfini Laçının boynunun arxasına dirəyərək ona “gedək sənin avtomobilini sataq, mən avtomobilin pulunu da götürəcəm” deyərək Laçını evdən çıxartmışdır. Həmin zaman o da öz avtomobilinin yanına tərəf gedərək Elmarı çağırıb onunla getməsini demişdir. Elmar onu nalayiq ifadələrlə söyərək ona çıxıb getməsini, Laçınla gedib avtomobili satacağını və avtomobilin pulunu götürəcəyini demişdir. Bundan sonra o, yaşadığı evə getmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısı oğludur. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs onun telefonunu götürərək harasa zəng edib danışmışdır. O, sonradan bilmişdir ki, Zərərçəkmiş şəxs onun telefonu ilə Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng etmişdir. Zərərçəkmiş şəxs “102” xidmətinə nəyə görə zəng etdiyini bilməmiş, o, Zərərçəkmiş şəxs bu barədə soruşmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 yanvar 2022-ci il tarixli “baxış keçirilməsi barədə protokol”dan görünür ki, həmin tarixdə cinayət hadisənin baş verdiyi Şahid3 Şəmkir rayonu Yeniabad kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı evin içərisində stolun üzərində olan Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən istifadə etdiyi bir ədəd bıçaq götürülmüş, bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 13- 17). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 yanvar 2022-ci il tarixli “baxış keçirilməsi barədə protokol”dan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs məxsus “2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin ön oturacağında iş üçün əhəmiyyət kəsb edən bir ədəd “Alcatel” markalı mobil telefon, bir ədəd təsbeh, arxa oturacaqdan isə bir ədəd dəhrə aşkar olunaraq götürülmüş, bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 18-22). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 11 yanvar 2022-ci il tarixli üzləşdirmə istintaq hərəkətinə dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı onunla 31 dekabr 2021-ci il tarixdə saat 23 radələrində o, həmkəndlisi Rəhimin evində olduğu zaman Elmarın oraya gəldiyini, onu söyüb təhqir edərək və öldürəcəyini deyərək stolun üzərində olan mətbəx bıçağını onun qarnına dirəyərək 23 manat 20 qəpik pulunu aldığını, daha sonra isə evin qapısının arxasında olan dəhrəni götürərək onu həmin dəhrə ilə vurub ona məxsus olan “VAZ 2106” markalı avtomobili satmaq üçün ondan götürüb getdiyini demişdir (iş vərəqə: cild İ, səh. 152-157). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatla əlaqədar onun quldurluq cinayət əməlini törətdiyi yerin müəyyən edilməsi məqsədilə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, istintaq hərəkəti zamanı Əliyev X5 rayonu, Yeniabad kəndində Şahid3 yaşadığı evini, eləcə də evin içərisini göstərərək orada həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla hədələyərək cibində olan 23 manat pulunu aldığını bildirmiş və törətmiş olduğu cinayəti təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 114-122). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının 02 yanvar 2022-ci il tarixli, 05 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-başın tüklü hissəsində təpə nahiyyəsinin əzilmiş səthi yarası və sol qulaq seyvanının arxa səthinin şişkinlik fonunda qançırı küt əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 31 dekabr 2021-ci il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir (iş vərəqə: cild İ, səh. 143-144). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 03 mart 2022-ci il tarixli, 131 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (iş vərəqə: cild İ, səh. 209-210). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-ballistik ekspertizasının 28 mart 2022-ci il tarixli, 16/263 saylı rəyindən görünür ki, 1.Tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. 2. Tədqiqata təqdim edilən dəhrə kustar üsulla hazırlanmış təsərrüfat-məişət təyinatlı alətdir və soyuq silah hesab edilmir (iş vərəqə: cild İ, səh. 216-218). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 mart 2022-ci il tarixli, 9/1326 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 35,00 manat müəyyən olunur. O cümlədən: 1. 01 ədəd qara-gümüşü rəngli “Alcatel” markalı, One touch idol mini model mobil telefon 25,00 manat, 2. 01 ədəd qəhvəyi şabalıdı rəngli 18 sm. uzunluğunda 30 dənəli təsbeh – 10 manat, 3. Ekspertiza təyini haqqında qərarda qeyd edilən 1983-cü il istehsallı, qırmızı rəngli, “VAZ 2106” markalı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 2700,00 manat müəyyən olunur (iş vərəqə: cild İ, səh. 212-214). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində X4 vurduğu xüsusat üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati icraatın açılması zərərçəkmiş şəxsin şikayəti olmaması əsası ilə rədd edilmiş, bundan başqa hadisə yerinə baxış zamanı götürülmüş bir ədəd mətbəx bıçağı, bir ədəd dəhrə, bir ədəd “Alcatel” markalı mobil telefon və təsbeh iş üzrə maddi sübut hesab edilərək saxlanılması üçün Şəmkir Rayon Polis Şöbəsinə saxlanca verilmiş, həmçinin Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut hesab edilərək sahibinə qaytarılması nəzərə alınmışdır (iş vərəqə: cild 2, səh. 63-75). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 173). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 57-58). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 112-113). Cinayət işinin materiallarına əlavə edilmiş Şəmkir Rayon İcra hakimiyyəti başçısının Yeniabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (iş vərəqə: cild 2, səh.52). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və təqsirləndirilən şəxslə barışmışdır (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs silah qismində istifadə edilən əşyalar tətbiq etməklə əmlakını ələ keçirmək məqsədi ilə onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı quldurluq cinayət əməlini törətməməsi, zərərçəkmiş şəxsin ona borcu olduğundan onun məqsədinin həmin borcunu tələb etməsi olması ilə bağlı göstərdikləri ilə əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi həmin hallar cinayət işinin faktiki hallarına uyğun deyil. Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxsin ifadəsi, həmçinin hadisə yerində olmuş şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyalar tətbiq etməklə, əvvəlcə mətbəx bıçağını Zərərçəkmiş şəxs sol qarın nahiyəsinə dirəyərək cibində olan pullarını tələb etmiş, daha sonra əlləri ilə zərərçəkmişin ciblərində əlavə pulunun olub-olmamasını yoxlamış, zərərçəkmişin pulunu, mobil telefonunu, təsbehini götürdükdən sonra, zərərçəkmiş şəxsin əmlakını ələ keçirmək məqsədi ilə onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq hərəkətlərini davam etdirərək, oradan götürdüyü dəhrə ilə zərərçəkmişi vurub xəsarət yetirib zərərçəkimişin avtomobilini də ələ keçirmişdir. Odur ki, Təqsirləndirilən şəxs həmin ifadələri məhkəmə tərəfindən onun cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirilir və həmin hallar zərərçəkmiş şəxsin, hadisə yerində olmuş şahidlərin ifadələri, həmçinin təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, maddi sübutlar, ekspertiza rəyləri kimi mötəbər və təkzibedilməz sübutlarla tam inkar olunduğundan və onun inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin həmin inkaredici ifadələrini sübut növü kimi qəbul etmir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il tarixli, 13 nömrəli Qərarının 7-ci bəndinin 2-ci cümləsində göstərilmişdir ki, “Quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır”. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd edilənlər Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 03 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 03 yanvar 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Şəmkir Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan maddi sübutlar – bir ədəd mətbəx bıçağı, bir ədəd dəhrə məhv edilməli, həmçinin Zərərçəkmiş şəxs məxsus bir ədəd “Alcatel” markalı mobil telefon və təsbeh sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, bundan başqa Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 81,50 (səksən bir manat əlli qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 03 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Şəmkir Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan bir ədəd mətbəx bıçağı, bir ədəd dəhrə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin Zərərçəkmiş şəxs məxsus bir ədəd “Alcatel” markalı mobil telefon və təsbeh sahibi Zərərçəkmiş şəxs qaytarılsın, bundan başqa Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfləri – 81,50 (səksən bir manat əlli qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar