Məhkəmə qərarları › İş №1(100)-346/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-346/2023

04.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-346/2023 04.08.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X1 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1974-cü il tarixdə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni təmiz çəkisi 1130 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı evin həyətində yerləşən yardımçı tikili hesab edilən əl damında saxlamış, 22 fevral 2023-cü il tarixdə saat 18 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı ünvana keçirilmiş baxış zamanı evin həyətində olan yardımçı tikili hesab edilən əl damında göy rəngli polietilen torbadakı digər 2 (iki) ədəd iç-içə qoyulmuş polietilen torbada təmiz çəkisi külli miqdar hesab edilən 1130 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20 ilə yaxındır narkotik vasitə olan marixuanadan istifadə etmiş, lakin heç kəsə narkotik vasitə satmamışdır. 22 fevral 2023-cü il tarixdə evdə olan zaman Bərdə rayon polis şöbəsinin əməkdaşları yaşadığı evə gələrək, evində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib evə baxış keçirəcəklərini demişlər, o da baxış keçirilməsinə etiraz etmədiyini bildirərək bu barədə ərizə yazmışdır. Yaşadığı evə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş, baxış zamanı ona evdə narkotik vasitə varsa təqdim etməsi təklif olunmuş, o da yaşadığı evin həyətyanı sahəsində yardımçı tikilidə özünə məxsus olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə həyətyanı sahəyə gedərək yardımçı tikilidə gizlətdiyi sarı rəngli sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirilmiş və içərisində olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş narkotik vasitənin təxmini çəkisi 200 qram olmuşdur. Baxış zamanı 1 ədəd bankada içərisində “nanə” qurusu da aşkar edilmiş və həmin nanə qurusu polis əməkdaşları tərəfindən ondan aşkar edilmiş təxminən çəkisi 200 qram olan qurudulmuş marixuananın üzərinə əlavə edilmiş, qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunaraq möhürlənmişdir. Daha sonra onu polis şöbəsinə aparmışlar və müdafiəçisinin iştirakı ilə üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilmiş, lakin heç bir narkotik vasitə aşkar edilməmiş, ona məxsus olan mobil telefon isə iş üçün əhəmiyyət kəsb etdiyinə görə qablaşdırılaraq götürülmüşdür. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana özünə məxsus olmuş, həmin kütlədən o, heç kəsə verməmiş və heç kəsə satmamış, ancaq özü istifadə etmiş və öz şəxsi istifadəsi üçün saxlamışdır. Lakin aşkar edilmiş narkotik vasitə ittihamda qeyd edildiyi miqdarda deyil, daha az olmuş, polis əməkdaşları tərəfindən həmin narkotik vasitənin üzərinə “nanə” qurusu əlavə edilməklə çəkisi artırılmışdır. Banka kiçik banka olmuş və nanə quruları da həmin bankanın dibində olmuşdur. Bankanın içərisində təxminən hansı çəkidə nanə qurusu olduğunu xatırlamır. Aşkar olunmuş marixuananı 2022-ci ilin may ayında Bərdə rayonu Lənbəran kənd ərazisində olan meşədə 1 ədəd ağac olmaqla əkmiş, həmin ilin oktyabr ayında qeyd edilən ağacı çıxardaraq yarpaqlarını öz istifadəsi üçün yığıb qurudaraq saxlamışdır. Polis əməkdaşları tərəfindən evinə baxış keçirilən zaman və polis şöbəsində olan zaman ona qarşı hər hansı fiziki zorakılıq hallarına yol verilməmiş və psixoloji təzyiqlərə məruz qalmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CABın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 22 fevral 2023-cü il tarixdə Bərdə rayonu Lənbəran kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında o, Bərdə RPŞnin KTQ-nin ekspert-kriminalisti Şahid3 və Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ilə birlikdə həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs Bərdə rayonu Lənbəran kəndində yaşadığı evinə getmişlər. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirib bu barədə yazılı ərizə təqdim etdikdən sonra onlar videoçəkiliş vasitəsi ilə sonuncunun yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahənin sol hissəsində olan əl damına doğru gedərək orada qurudulmuş marixuana saxladığını bildirmiş və əl damının giriş hissəsində olan taxta qapıdan içəri daxil olub sarı rəngli sellofan torbanı çıxararaq təqdim etmişdir. Həmin torba açıldıqda içərisində bir ədəd ağ rəngli sellofan torba olması, həmin torbanın içərisində isə narkotik vasitəyə bənzər kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1.19 kq olması müəyyən olunmuşdur. Daha sonra isə həmin kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Yaşayış evinə baxış zamanı əlavə narkotik vasitə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirilmiş, şöbədə müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd mobil telefon qablaşdırılaraq möhürlənib götürülülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan marixuananı 2022-ci ilin may ayında Bərdə rayonu Lənbəran kəndində yerləşən meşədə 1 ədəd ağac olaraq əkdiyini, həmin ilin oktyabr ayında qeyd edilən ağacı çıxardıb yarpaqlarını yığaraq qurutduğunu və öz istifadəsi üçün saxladığını bildirmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman və polis şöbəsində olarkən sonuncuya qarşı hər hansı bir polis əməkdaşı tərəfindən fiziki zorakılıq hallarına yol verilməmiş, psixoloji təsir və ya təzyiq göstərilməmiş, hər hansı bir polis əməkdaşı sonuncunu döyməmiş və xəsarət yetirməmişdir. Həmçinin Təqsirləndirilən şəxs evinə baxış zamanı evindən 1 ədəd bankada “nanə” qurusu da aşkar edilmiş, lakin həmin kütlə iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmış, aşkar edilmiş narkotik vasitələr isə videoçəkiliş zamanı təqsirləndirilən şəxsin özünün iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və tədqiq edilməsi üçün ekspertizaya göndərilmişdir. Əgər Təqsirləndirilən şəxs dediyi kimi həmin narkotik vasitələrin içərisinə onların tərəfindən “nanə” qurusu əlavə edilmiş olsaydı, bu xüsusat ekspertiza tədqiqatı zamanı müəyyən edilmiş olardı, bu səbəbdən Təqsirləndirilən şəxs danışdıqları yalandır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin KTQ-nin ekspert-kriminalisti Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitədən istifadə etməsini və narkotikə qoşulmasını eşitməmiş, bu barədə heç nə hiss etməmiş, sonuncunun üzərində və ya yaşadıqları evdə narkotik vasitə saxlamasını da görməmişdir. 22 fevral 2023-cü il tarixdə təxminən saat 18 radələrində Bərdə RPŞ-nin əməkdaşları yaşadıqları evə gəlib əri Təqsirləndirilən şəxs yaşadıqları ünvanda və üzərində narkotik vasitə saxlaması barədə məlumat daxil olduğunu və həyətyanı sahəyə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs razılığı ilə polis əməkdaşları yaşadıqları evin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı yaşadıqları evin həyətində yerləşən yardımçı tikili hesab edilən əl damından polietilen torbanın içərisindən 1 kiloqram 190 qram çəkidə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra polis əməkdaşları əri Təqsirləndirilən şəxs Bərdə RPŞ-ə aparmışlar. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, polis əməkdaşları tərəfindən evə baxış keçirilən zaman ərinə qarşı hər hansı fiziki zorakılıq hallarına yol verilməmiş və psixoloji təzyiqlərə məruz qalmamış, polis əməkdaşları ərinə qarşı hər hansı qanunsuz hərəkətlərə də yol verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 16/257 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan əl damında aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə.” yazılar və imzalar olan göy rəngli polietilen torbadakı, digər 2 (iki) ədəd iç-içə qoyulmuş polietilen torbada təmiz çəkisi 1130 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd marixuananın ümumi təmiz çəkisi 1130 qr, tədqiqata sərf edildi - 0,2 qr, qalıq - 1129,8 qr. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 918 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində və yaşadığı evdə saxlaması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində və yaşadığı evdə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi və cinayət başında yaxalanması üçün onun üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman evin həyətyanı sahəsindəki yardımçı tikilidən sarı rəngli sellofan torba, həmin torbanın içərisindən bir ədəd ağ rəngli sellofan torba olmaqla, həmin ağ rəngli torbanın içərisindən isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiq edilmiş 22 fevral 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:25-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş, 1 ədəd “Samsung B350E markalı” mobil telefon isə iş üçün əhəmiyyət kəsb edəcəyini nəzərə alaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 fevral 2023-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilib götürülmüş 01 ədəd “Samsung B350E markalı” mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı zənglərdə və mesajlarda iş üçün əhəmiyyət kəsb edəcək məlumatlar aşkar edilməmiş, həmçinin Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması və ya alması ilə bağlı məzmunda zənglərin və ya mesajların olması öz təsdiqini tapmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 ədəd “Samsung B350E markalı” mobil telefon sonuncunun arvadı Şahid4 qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamış, Təqsirləndirilən şəxs narkotik vasitənin alqı-satqısı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun konkret kimlərə narkotik vasitə satması, əvvəllər kimlərdənsə narkotik vasitə və ya psixotrop maddə alması barədə hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX PHŞ-nin narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AA1354251 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009cu il təvəllüdlü Nərmin Hüseynova adlı qız övladı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Lənbəran kənd İƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı - 1985-ci il təvəllüdlü X3 və qızı - 2009-cu il təvəllüdlü X2 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1129,8 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən ondan aşkar edilmiş narkotik vasitələrin üzərinə “nanə” qurusu əlavə edilməklə çəkisinin artırıldığını, narkotik vasitənin real çəkisinin ittihamda qeyd edildiyi qədər deyil təxminən 200 qram olduğunu göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin özünün qismən etirafedici ifadələri, şahid ifadələri, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman evin həyətyanı sahəsindəki yardımçı tikilidən sarı rəngli sellofan torba, həmin torbanın içərisindən bir ədəd ağ rəngli sellofan torba olmaqla, həmin ağ rəngli torbanın içərisindən isə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilir, kütlə tərəzidə çəkilir, çəksinin 1.19 qram olması müəyyən edilir və Təqsirləndirilən şəxs özünün iştirakı ilə qablaşdırılaraq möhürlənir. Qeyd edilən videoçəkilişə baxış zamanı gözlə görünən kütlənin içərisində nanə qurusunun olması öz əksini tapmır. Həmçinin iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan əl damında aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütlə.” yazılar və imzalar olan göy rəngli polietilen torbadakı, digər 2 (iki) ədəd iç-içə qoyulmuş polietilen torbada təmiz çəkisi 1130 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs evinə baxış zamanı evindən 1 ədəd bankada “nanə” qurusu da aşkar edilmiş, lakin həmin kütlə iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmış, aşkar edilmiş narkotik vasitələr isə vieoçəkiliş zamanı təqsirləndirilən şəxsin özünün iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və tədqiq edilməsi üçün ekspertizaya göndərilmişdir. Əgər Təqsirləndirilən şəxs dediyi kimi həmin narkotik vasitələrin içərisinə onların tərəfindən “nanə” qurusu əlavə edilmiş olsaydı, bu xüsusat ekspertiza tədqiqatı zamanı müəyyən edilmiş olardı, bu səbəbdən Təqsirləndirilən şəxs danışdıqları yalandır və özünü müdafiə xarakteri daşıyır. Göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Qeyd edilən hal isə onun cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. Beləliklə yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə külli miqdar təşkil edən, yəni təmiz çəkisi 1130 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı evin həyətində yerləşən yardımçı tikili hesab edilən əl damında saxlaması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın, «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunun və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışı Qanunun 1.0.10-cu maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Hazırkı iş materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilmiş və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə 22 fevral 2023-cü il tarixli qərar məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanunauyğun hesab edilmişdir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən marixuana narkotik vasitə hesab olunur, qurudulmuş növünün şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 500 qramdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tikili hesab edilən əl damından aşkar edilmiş qurudulmuş marixuananın ümumi təmiz çəkisi 1130 qram, yəni külli miqdar təşkil edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə də məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablanmışdır. Ona görə də Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 22 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınan Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1129,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 918 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 22 fevral 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınan Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına saxlanca verilmiş Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1129,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata аlınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar