Məhkəmə qərarları › İş №1(100)-347/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-347/2025

10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-347/2025 10.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Müslümov Bəhruz Firizman oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx xxxx 2007-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi ev 14-də qeydiyyatda olmaqla, hazırda Ağdam rayonu İmamqulubəyli kəndində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 avqust 2024-cü il tarixdə saat 01:00 radələrində Ağdam rayonu İmamqulubəyli kəndinin girəcəyində Tərtər-Hindarx avtomobil yolunun həmin kənddən keçən hissəsində yolun kənarında Şahid meyvə-tərəvəz məhsullarının səyyari satışı ilə məşğul olduğu yerin qarşısında tanışı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbi ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı səyyari satış yerinin taxtadan olan rəfindən götürdüyü Şahid məxsus zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona qarının sol divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, nazik bağırsaqların zədələnməsi, daxili qanaxma ilə müşayiət olunan dərəcəsinə görə törənmə anında həyat təhlükəli olan ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına AĞİR zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, hadisə bundan 4 ay əvvəl baş vermişdir. Cəmaləddin onu yolu kənarında görmüş, maşını saxlamış, kafeyə gedib oturub söhbətləşmək istədiyini bildirmişdir. O getmək istəmədiyini bildirsə də Cəmaləddin 20-30 dəqiqə təkidlə xahiş etmiş, daha sonra bununla razılaşaraq birlikdə kafeyə getmişlər. Cəmaləddin kafedə içki içmiş, ondan aralanan zaman Cəmaləddin onu evə aparacağını bildirmişdir. Cəmaləddin kefli olduğu üçün avtomobili o idarə etmişdir. Əvvəlcə Cəmaləddinin oğlunu aparıb evlərinə düşürmüşlər daha sonra özü evinə getmək istəyərkən Cəmaləddin onu tək qoymaması üçün yalvarmışdır. Daha sonra kafenin otağının açıq qaldığını bildirən Cəmaləddin avtomobili kafeyə sürməsini deyib. Cəmaləddin gedib avtomobilindən pul götürüb gətirərək onun sifətinə vurmuş, o, isə puları yerdən götürüb Cəmaləddinin sifətinə vurmuşdur. O, getmək istəyərkən Cəmaləddin ağlayaraq onu qoyub getməməsini özünü öldürəcəyini demişdir. Daha sonra yenidən avtomobilə hərəkət edib yolun qırağında Dadaşın meyvə satılan polkası olan yerdə dayanmışlar. Orda olan zaman Cəmaləddin ona söyüş söymüş o, isə bıcağı Cəmaləddinin üzərinə atmışdır. Bıcaq yerə düşmüş Cəmaləddin bıcağı gütürüb sonuncuya verərək vurmasını və vurmayana söyüş söymüş, o da bıcağı götürüb vurmuşdur. Daha sonra Cəmaləddin avtomobilinə minib ordan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində Cəmaləddini əvvələr qardaşının onun yanında işlədiyi dövürdən tanıdığını, münasibətinin ordan yarandığını bildirmişdir. Hadisə günü Cəmaləddinin balaca oğlununda onların yanında olduğunu daha sonra onu evə düşürdüklərini bildirmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışa bilməmiş, zərərçəkmişin barışmaqdan imtina etdiyini və ondan 12 min manat pul istəməsini bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Törətdiyi əmələ görə peşman olmadığını qeyd etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şəhriyarın qardaşı onun yanında işləmişdir. O, Şəhriyyarın qardaşını öz oğlu kimi görürmüş, bir yerdə yeyib içirlərmiş, harasa birlikdə gedib gəlirlərmiş. Şəhriyarla da münasibətləri həmin vaxdan yaranmışdır. Arada gedib gəlirmiş, hər gələndə kafedə yeyib, içmək verirlərmiş. Şəhriyarın qardaşı onun avtomobilini vurmuş, daha sonra əsgərliyə getmişdir. O, bir gün Şəhriyarın atasını çağırmış, oğlunun onun avtomobilini vurduğunu bildirmişdir. Şəhriyarın atası ona “olan şeydi, işləyib ödəyəcəyik, hadisədi də olub” demişdir. Daha sonra hadisə günü o, Şəhriyarla zarafatlaşırmış, Şəhriyarda da bıçağı götürüb onun qarın hissəsinə vurmuşdur. Şəhriyar bıçağı çıxarıb yenidən vurmaq istəyən vaxt o, onun əlindən tutub, bıçağı çıxartdıb yerə atmışdır. Sonra “Mersedes” markalı avtomobilinə oturmuş, əlini də bıçaqlanan nahiyəsində qoymuşdur. Özünü mühafizəyə çatdırmış. Mühafizəyə bıçaqlandığını bildirmişdir. Orada ona ilk tibbi yardım göstərilmişdir. Daha sonra Bərdə rayon xəstəxanasına aparmışlar. Axşam saat 6-7 radələrində gözünü açmışdır. Bıçaq onun mədəsini və 7 bağırsağını deşmişdir. Qarabağ qazisidir. Şəhriyarın onu nə səbəblə vurduğunu bilməmişdir. Şəhriyarın babası da uşaqdı, vurub-vurub, nə xərcin olsa, mənlikdi demişdir. Xəstəxanadan çıxdığından 7 gün sonra Şəhriyarın atası gələcəm söhbət edərik demiş. Lakin 3-4 aydan sonra gəlmiş “barışırsan barış, barışmırsan, cəhənnəmə barış, mənim 8 uşağım var, 1 uşaq da olmasın, amma türmədən çıxanda səni öldürəcək” demişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində Şəhriyar ilə ata-bala kimi zarafat etdiklərini bildirmişdir. İstintaq vaxtı üzləşdirilmiş müstəntiq Şəhriyardan soruşmuşdur ki, “niyə vurmusan?” Şəhriyar “sən kimsən ki? Niyə vurmuram? Bıçağı ver, bir də vurum” dedimişdir. Hadisə vaxtı içkili olmadığını, sadəcə hadisə günü təsadüfi görüşdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs üzləşməsi zamanı Şəhriyar Cəmaləddinin onun ünvanına söyüş söydüyünü, işdən gəlirkən, yolun qırağına çıxdığını, Cəmaləddin onu görüb avtomobilini saxladığını birlikdə kafeyə getməyi təklif etdiyini, oğlununda orada olmasını bildirmişdi. Onu evə düşürəcəyini demişdir. Şəhriyar Cəmaləddinin avtomobilinə əyləşib kafeyə getmiş. Cəmaləddin kafedə içki içməyə başlamış. Daha sonra Cəmaləddin içkili olduğundan avtomobili idarə edə bilmiyəcəyni bildirmişdir. Cəmaləddin içkili vəziyyətdə evə getsə, atasının onu öldürəcəyini demiş. Daha sonra Şəhriyar avtomobili idarə edərək Dadaşın yanına gəlmişlər. Cəmaləddin söyüş söyməyə başlamış. Dadaş meyvəni vermiş, lakin Cəmaləddin götürmürmüş. O sonunda özü meyvəni götürmüş, “sən yemirsənsə, mən yeyərəm” demişdir. Cəmaləddin də qayıdıb ona “sən nə deyirsən? anan belə-belə olsun” demiş. O isə avtomobildən düşüb bıçağı götürmüş. Vurmaq istəyəndə Dadaş əlindən tutub qoymamış. Bıçağı Cəmaləddinə atmışdır. Bıçaq maşının süşəsinə dəyib onun üzərinə düşmüşdü. Bıçağı götürüb Şəhriyara uzatmış, “məni vurmaq istəyirsən? vurmayanın bacısı belə-belə olsun” demişdir. O da onu bıcaqla vurmuşdur. Zərərçəkmiş şəxs isə Şəhriyara söymədiyini, bıçağı götürən kimi onu vurmasını bildirmişdir. Həmin gün təsadüfən görüşdüklərini. Kafedən çıxanda Şəhriyar ona “əmi, maşını ver, sürüm” demişdir. Şəhriyarı ona qarşı kiminsə öyrətdiyini demişdir. Şəhriyarın atasının “nağaracaqsan? tutdurmaq istəyirsən, tutdur!” dediyini. Şikayətçi olduğunu və tutulmağını istədiyini bildirmişdir. 12500 manat dəymiş ziyanın olduğunu sübutları– reseptləri əlində olduğunu bildirmişdir. O, şikayətçi olduğunu Şəhriyara ağır cəza verilməsini istəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, hadisə vaxtı gecə saat 1 radələrində yatırmış. Şəhriyar ilə Camaləddin gəlib ürəylərinin meyvə isdədiyini onlara meyvə vermələrini bildirmişlər. O, isə onlara meyvə vermiş daha sonra içəri keçmişdir. Bir müddət sonra səs-küy eşitmişdir. Çölə çıxanda görmüşdür ki, Cəmaləddinlə Şəhriyar dalaşmışlar. O, otağa keçərək telefonu götürmək istəyib ki, Şəhriyarın atasına zəng edib onu çağırtsın. Telefonu götürüb çölə çıxanda görmüşdür ki, Cəmaləddin avtomobilinin qarşısında durmuşdur. Həmin vaxt Şəhriyar bıçaqla Cəmaləddinin üstünə getmişdir. Onun yanına çatana qədər Şəhriyar bıçağı Cəmaləddinin qarnına vurmuşdur. O, Şəhriyarı tutub aralamışdır. Cəmaləddin avtomobilinə əyləşərək xəstəxanaya getmişdir. Bunun ardınca Ağdam rayon xəstəxanasına getmişdir. Lakin ora çatanda ona demişlər ki, təcili yardım avtomobili ilə Cəmaləddini Bərdəyə aparıblar. O da onun arxasınca Bərdəyə getmişdir. Şahid həmçinin ifadəsində Şəhriyar ilə Cəmaləddinin gəldikləri vaxt mübahisə etmədiklərini mübahisənin bir anın içində baş verməsini bildirmişdir. Şəhriyarın bıçağı meyvə rəfindən götürdüyünü, Cəmalədini bir dəfə vurduğunu, daha sonra geri çəkildiyini Cəmaləddinin isə avtomobilinə minib getdiyini bildirmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinə əlavə edilmiş "xxxx" birliyi PHŞ-nin Bərdə rayon şöbəsindən daxil olmuş xx.xx.2024cü il tarixli 277 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - qarının sol yan divarının daxilə keçən bir ədəd kəsilmiş-deşilmiş yarası, nazik bağırsaqların zədələnməsi, daxili qanaxma deşici kəsici alət, ola bilsin bıçaq təsirindən törənmişdir, müddətli qərarda göstərilən xx.xx.2024cü il tarixə uyğun gəlir və dərəcəsinə görə törənmə anında həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" birliyi PHŞdən daxil olmuş xx.xx.2024-cü il tarixli 528-MTKŞ/2024 nömrəli məhkəmə tibbi kriminalistik, trasoloji ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd, maykanın ön səthində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədələr küpü, ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində, maykanın ön səthində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər deşici-kəsici alətin tiyəsinin törənməsinin mümkünlüyü inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində, maykanın ön səthində olan deşilmiş-kəsilmiş zədə qarının sol yan divarının daxilə keçən bir ədəd yara, nazik bağırsaqların zədələnməsi dəşilmiş kəsilmiş yarası ilə nisbi olaraq üstüstə düşür. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" birliyi PHŞdən daxil olmuş xx.xx.2024-cü il tarixli 744/2024-MTBŞ nömrəli məhkəmə tibbi bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Balfa(H)/İİİ/. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus qısaqol mayka və alt mayka üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrup mənsubiyyəti təyin olunduqda «B», «H» antigenləri, qısaqol mayka və alt mayka üzərindəki ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Məhkəmə Psixiatrik Eksperti Mərkəzi” PHŞ-nin Gəncə regional ambulator şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 755 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs əsas fərdi-psixoloji xüsusiyyətləri praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs yalan danışmağa, başqalarının təsiri altına hərəkət etməyə meyilli deyildir. Təqsirləndirilən şəxs Vasıf oğlu cinayət əməlini törədən zaman əsəbi psixi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" birliyi PHŞdən daxil olmuş xx.xx.2024-cü il tarixli 3748/K nömrəli məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenialkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4benzodiazepin törəmələri. salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X2 daxil olmuş xx.xx.2024-cü il tarixli 1897 nömrəli məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Ağdam Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-21/3-4275/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdam Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X4 Dispanserindən daxil olmuş xx.xx.2024-cü il tarixli 180 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs X4 Xəstəlikləri Dispanserində dispanser müşahidəsində deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağdam RİH başçısının İmamqulubəyli kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanın nəzarət altına vermə haqqında qətimkan tədbiri seçilib. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə baş verən yer Tərtər-Hindarx avtomobil yolunun Ağdam rayonu İmamqulubəyli kəndindən keçən hissəsində səyyar meyvə-tərəvəz satılan piştaxtanın qarşısında baş vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Bərdə Müalicə və Diaqnostika Mərkəzində Zərərçəkmiş şəxs məxsus 01 ədəd xaki rəngli mayka, 01 ədəd xaki markalı köynək və üzərində etibarsızdır yazıları olan 82 ədəd saxta 100 manatlıq əskinazlar baxış keçirilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi 01 ədəd bıçaq baxış keçirilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, cinayət törədənədək on altı yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 20.2-ci maddəsinə əsasən, on dörd yaşı tamam olmuş şəxs yalnız qəsdən adam öldürməyə, qəsdən sağlamlığa az ağır və ya ağır zərər vurmağa, adam oğurlamağa, zorlamağa, seksual xarakterli zorakılıq hərəkətlərinə, oğurluğa, soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirməyə, ağırlaşdırıcı hallarda əmlakı qəsdən məhv etməyə və ya zədələməyə, terrorçuluğa, adamları girov götürməyə ağırlaşdırıcı hallarda xuliqanlığa, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-qorxu ilə tələb etməyə, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salmağa görə cinayət məsuliyyətinə cəlb edilir. Hazırkı cinayət işinin materiallarından görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ittiham olunduğu ağır cinayətlər təsnifatına aid əməli törədərkən onun 16 yaşı tamam olmuşdur. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 84.1 və CPM-in 428.2-ci maddələrinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Qərarın 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Məhkəmə tərkibi yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 84.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarının 2-ci bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat və tərbiyə şəraitini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, cinayətin motivini, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hadisəyə qədər olan münasibətlərini, təqsirləndirilən şəxsin hadisədən bilavasitə sonrakı hərəkətlərini, əməlindən peşman olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, zərərəçəkmiş şəxsin şikayətçi olmasını, eləcə də törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar – cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 90 (doxsan) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Ağdam RPŞ-ya saxlanca verilmiş Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi 01 ədəd bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka və 01 köynək sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi 90 (doxsan) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Ağdam RPŞ-ya saxlanca verilmiş Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi 01 ədəd bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs məxsus 01 ədəd mayka və 01 köynək sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar