Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-349/2022 18.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1968-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 1,561 qram və 26,263 qram olmaqla ümumi təmiz çəkisi 27,824 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, ayrı-ayrılıqda təmiz çəkiləri 2200 qram və 1900 qram olmaqla ümumi təmiz çəkisi 4100 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək üzərində və yaşadığı evin zirzəmisində saxlamış, 24 mart 2022-ci il tarixdə, saat 09:45-də Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Bərdə şəhəri, Vaqif küçəsi, ev 68 ünvanında baxış keçirilərkən evin zirzəmisində 1 (bir) ədəd göy rəngli polietilen torbada külli miqdarda, yəni təmiz çəkisi 2200 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, bir ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 1900 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə külli miqdarda, yəni təmiz çəkisi 26,263 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, üzərində mikrohissəcik təşkil etdiyindən miqdarı təyin olunmayan heroin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda şübhəli şəxs qismində saxlanılıb, Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 10:55-də üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı üzərindən, yəni əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə, təmiz çəkisi 1,561 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onun yaşadığı Bərdə şəhəri, Vaqif küçəsi, ev 68 ünvanına baxış keçirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin gəzdirilməsi, saxlanılması və satışı ilə bağlı əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Onun evinə baxış zamanı heç bir narkotik vasitə aşkar edilməmişdir. Ona elan edilmiş ittihamda göstərilən güya onun evinə baxış zamanı evinin zirzəmisində xalçanın altında bir ədəd göy rəngli və bir ədəd qara rəngli sellofan torbada aşkar edilən marixuana və evin zirzəmisində səbətin içərisində aşkar edilmiş bir büküm heroin və heroinin yanında olan bir ədəd elektron tərəzi ona məxsus deyil. Həmin narkotik vasitələr və elektron tərəzi baxış zamanı polis əməkdaşları tərəfindən onun evinə qoyulmuşdur. Həmin vaxt polis əməkdaşları ona fiziki təzyiq göstərmişlər və qeyd etdiyi narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsinə məcbur etmişlər. Polis əməkdaşları həmçinin ona bildirmişlər ki, həmin narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməsə, onun ailə üzvlərini də polis şöbəsinə aparacaqlar. O da məcbur olub həmin narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. Daha sonra polis əməkdaşları onu Bərdə rayon polis şöbəsinə gətirmişlər. Bərdə rayon polis şöbəsinin inzibati binasında onun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində olan narkotik vasitə heroini çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar edilmiş heroin ona məxsus olmuşdur. Lakin onun üzərindən aşkar edilmiş ona məxsus olan narkotik vasitə heroinin çəkisi ona elan edilmiş ittihamda göstərildiyi kimi 1,561 qram deyil, daha az çəkidə olmuşdur. O, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması və narkotik vasitənin polis əməkdaşları tərəfindən onun evinə qoyulmasını barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən də məhkəmədə bildirməmişdir. Üzərindən aşkar edilmiş və ona məxsus olan heroini üzərində saxlayıb daşımaqda məqsədi isə həmin narkotik vasitədən istifadə etməsi ilə əlaqədar olmuşdur. O, heç kimə narkotik vasitə satmamış və belə məqsədi də olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi izahatında, daha sonra isə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, 2021-ci ilin sentyabr ayının əvvəllərində Bərdə rayonu, Mirzalıbəyli kəndi yaxınlığındakı Qarabağ kanalının yaxınlığında gəzən zaman 45 ədəd yabanı halda bitən çətənə kolları görüb, yarpaqlarını toplayaraq üzərində olan torbaya yaş halda yığmış, budaqlarını da kökündən çıxardıb kanala suya atmışdır. Sonra yığdığı narkotik vasitəni yaşadığı Bərdə şəhəri, Vaqif küçəsi, ev 68 ünvanına gətirmiş və evinin zirzəmisində sərib qurutmuş, qurutduğu narkotik vasitə olan marixuananı bir ədəd qara rəngli və bir ədəd göy rəngli sellofan torbalara yığıb evinin zirzəmisində saxlamışdır. Qurutduğu marixuanadan siqaret bükümünə doldurub mütəmadi olaraq istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 09:40 radələrində ünvan 3 ünvanda olarkən polis əməkdaşları onu çağırmış, çölə çıxanda polis əməkdaşları özlərini təqdim etdikdən sonra, ona narkotik vasitələrin gəzdirilməsi, saxlanılması və satışı ilə bağlı əməliyyat məlumatı olduğunu və evinə baxış keçirmələrinə etirazı olub-olmamasını soruşmuşlar. Etirazı olmaması ilə bağlı ərizə yazıldıqdan sonra yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı evinin zirzəmisində xalçanın altında bir ədəd göy rəngli və bir ədəd qara rəngli sellofan torbada saxladığı marixuananı və evin zirzəmisində səbətin içərisində saxladığı bir büküm heroini və heroinin yanında olan bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Evin zirzəmisində saxladığı bir ədəd göy rəngli və bir ədəd qara rəngli sellofan torbalarda olan qurudulmuş marixuana və zirzəmidə səbətin içərisindəki bir ədəd siqaret qutusunda olan bir ədəd sellofan bükümdə saxladığı heroin hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 28,92 qram, göy rəngli sellofanda olan qurudulmuş marixuana 2280 qram, qara rəngli sellofanda olan qurudulmuş marixuananın çəkisi isə 1960 qram olmuşdur. Aşkar olunmuş narkotik vasitələr qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmış, o da imza etmişdir. Sonra həmin narkoltik vasitələr təhqiqatçı tərəfindən götürülmüş, bundan sonqra polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Bərdə rayon porlis şöbəsinin inzibati binasında üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilən zaman evində zirzəmidə saxladığı heroinindən götürdüyü bir bükümü əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Bundan sonra üzərində axtarış aparılmış, başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş heroin elektron tərəzidə çəkilmiş, 1,81 qram olmuş, qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Üzərində aşkar edilmiş və yaşadığı evin zirzəmisində saxladığı həmin narkotik vasitələri özü istifadə edir, heç kimə satmır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdə və üzərində saxladığı heroini tutulmamışdan iki ay əvvəl Bərdə şəhəri, Koroğlu küçəsində Qəhramanlar parkında gəzən zaman yolun kənarında siqaret qutusunun içindən tapmışdır. Əvvəllər narkotik maddələrin satışı ilə məşğul olmuş və satışla tutulmuş, sonra narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Heroindən tapanda istifadə edir. Heroini əldə etdiyi hər hansı bir mənbə yoxdur. Qurutduğu marixuananı da özü istifadə etmək üçün saxlamış, arabir siqaret kağızına doldurub çəkmişdir. Yaşadığı evdə aşkar olunmuş elektron tərəzini isə həmin narkotik maddələrin qramlara bölüb özü istifadə etmək üçün saxladığını bildirmişdir (iş vərəqə: cild İ, səh.40, 61-63, 76-78 ). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı fərqli ifadələr verməsinin səbəbini həmin vaxt onun saxlanılmasında iştirak edən polis əməkdaşlarının ona fiziki təzyiq etməsi ilə əlaqədar olduğunu bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 mart 2022-ci il tarixdə Bərdə şəhəri, Vaqif küçəsi, ev 68-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, alqı-satqısı ilə məşğul olması və yaşadığı evdə və üzərində saxlaması barədə Bərdə rayon polis şöbəsinin cinayət axtarış bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. O, əməliyyat müvəkkili Şahid2 və baş inspektor Şahid3 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əlaqədar xx.xx.2022-ci il tarixdə saat 09:45 radələrində Təqsirləndirilən şəxs ünvan 4 ünvanına getmişlər. Təhqiqatçı ilə birlikdə özlərini təqdim edib polis əməkdaşı olduqlarını, yaşadığı evdə narkotik vasitə saxlamağı barədə əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Onlar Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirmələrinə etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilməsinə etirazının olmamasını bildirmiş və bu barədə ərizə vermişdir. Bundan sonra evə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı evin zirzəmisindən xalçanın altından bir ədəd göy və bir ədəd qara rəngli polietilen torbada narkotik vasitə qurudulmuş marixuanaya, 1 ədəd siqaret qutusunda olan 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Aşkar edilmiş narkotik vasitələrin hər biri ayrı-ayılıqda elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs özü də imza etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs qurudulmuş marixuananı Qarabağ kanalının yaxınlığında yabanı halda bitən çətənə kollarından yığıb qurutduğunu, heroini isə Qəhrəmanlar parkından tapdığını və hər ikisini öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitələr qablaşdırılıb götürüldükdən sonra Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri videoçəkilişdən istifadə etməklə izah edilmiş, sonra ona vəkil təqdim edilmişdir. Təhqiqatçı ona üzərində hər hansı saxlanması qanunla qadağan edilmiş əşyanın olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş kütləni masanın üzərinə qoyaraq təqdim etmiş və bildirmişdir ki, heroindir. Üstündə qeyriqanuni başqa heç nə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Vaqifin üstündə aşkar olunmuş bir ədəd bükülü vəziyyətdə olan şəffaf sellofandakı kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, Vaqif özü də imza etmişdir. Təhqiqatçı tərəfindən sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üstündə aşkar olunan bükümdəki heroini yaşadığı evdə saxladığı heroindən götürüb öz şəxsi istifadəsi üçün üstündə saxlamışdır. Qurudulmuş marixuananı Bərdə rayonunda Qarabağ kanalının yaxınlığında yabanı şəkildə bitən çətənə kollarından əldə etdiyini, heroini isə Bərdə şəhərində Qəhrəmanlar parkından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs evinə baxış və ya üzərinə şəxsi axtarış keçirilərkən ona hər hansı təzyiq göstərilməmiş və ona qarşı hər hansı qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Təqsirləndirilən şəxs evinə baxış keçirildiyi gün o, çörək alıb gələrkən xalasıgilin darvazasının qabağında maşın olduğunu görmüşdür. O, fikirləşmişdir ki, xalasıgilə baş çəksin. Həmin vaxt görmüşdür ki, içəridə polislər var. O, yaxınlaşdıqda polislərdən biri əlində sellofan ilə içəri keçmişdir. O, polis əməkdaşlarının Təqsirləndirilən şəxs hər hansı fiziki təzyiq göstərmələrini görməmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onların evinə baxış keçirildiyi gün o, yatırmış. Həmin vaxt polislərin səs-küyünə oyanmışdır. Polis əməkdaşlarından hansı səbəbə gəldiklərini soruşduqda evə baxış keçirilməsi üçün gəldiklərini demişlər. O, polis əməkdaşlarının Təqsirləndirilən şəxs hər hansı fiziki təzyiq göstərmələrini görməmişdir. Bundan başqa, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin eksperti vəzifəsində işləyir. Hazırki cinayət işi üzrə verilmiş 25 mart 2022-ci il tarixli ekspert rəyi ona məxsusdur. Narkotik vasitələrin məhkəmə ekspertizası ilə bağlı bildirir ki, narkotik vasitə olan marixuananın özünə məxsus xüsusiyyətləri və anotomik quruluşu var. Həmin narkotik vasitəyə mikroskop altında baxdıqda tükcüklü epidermisinin olduğu görünür. İlkin quruluşdan marixuana olduğu bilinir, lakin bunun ekspertiza tədqiqatı zamanı təsdiq edilməsi üçün analiz edilir. Onun spesifik qoxusu olur. Həmin narkotik vasitəni tanımayan şəxs onu hər cür bitkiyə oxşada bilər. Hətta marixuana toz vəziyyətinə gətirilsə belə, həmin narkotik vasitəni analiz etməklə onun marixuana olmasını təsdiq etmək mümkündür. Hazırki cinayət işi üzrə də müvafiq qaydada təqdim olunmuş kütlələr üzrə müəyyən edilmiş üsullarla ekspertiza tədqiqatı aparılmış, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotikə bənzər kütlə” sözlər və imzalar olan zərflərdə birində təmiz çəkisi 1,561 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ikincisində təmiz çəkisi 26,263 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üçüncüsündə bir ədəd elektron tərəzi, dördüncüsündə - sintetik kisədəki göy rəngli polietilen torbada təmiz çəkisi 2200 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, beşincisində - sintetik kisədəki qara rəngli polietilen torbada təmiz çəkisi 1900 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Həmin ekspertiza rəyini bir daha təsdiq edir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan baxış keçirilməsi haqqında 24 mart 2022-ci il tarixli protokoldan və 10 aprel 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2022-ci il tarixdə saat 09:45 radələrində yaşadığı Bərdə şəhəri, Vaqif küçəsi, ev 68 ünvanında video çəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd göy rəngli polietilen torbada ekspert rəyinə əsasən 2200 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, bir ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 1900 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə çəkisi 26,263 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, üzərində mikrohissəcik təşkil etdiyindən miqdarı təyin olunmayan heroin izləri olan bir ədəd elektron tərəzi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (iş vərəqə: cild İ, səh.14-16, 103-104). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan şəxsi axtarış və götürmə aparılması haqqında 24 mart 2022-ci il tarixli protokoldan və 10 aprel 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan ekspert rəyinə əsasən 1,561 qram narkotik vasitə-heroini təqdim etmiş, həmin büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (iş vərəqə: cild İ, səh.35-38, 103-104 ). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bərdə rayon Polis Şöbəsinin CAB-nın baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqə: cild İ, səh.102). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin məhkəmə-bioloji ekspertizasının 25 mart 2022-ci il tarixli, 16/335 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotikə bənzər kütlə” sözlər və imzalar olan zərfləki 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 1,561 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilərək götürülmüş bir büküm heroin...” sözləri və imzalar olan zərfdəki 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümüdə təmiz çəkisi 26,263 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş elektron tərəzi..» sözləri və imzalar olan zərfdəki 1 (bir) ədəd qara rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur. Tədqiqata təqdim olunmuş üzərində «Şübhəli Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş narkotik vasitə..” sözləri və imzalar olan sintetik kisədəki,1 (bir) ədəd göy rəngli polietilen torbada təmiz çəkisi 2200 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş narkotik vasitəyə bənzər marixuana...” sözləri və imzalar olan sintetik kisədəki, 1 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 1900 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd zərfdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 2 (iki) ədəd sintetik kisələrdə olan marixuanalar tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.45-48). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 25 may 2022-ci il tarixli, 719 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.120). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2009-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, bundan başqa Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, bundan başqa Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (iş vərəqə: cild İ, səh.95-97). Cinayət işinin materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs evindən və üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 27,724 qram narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4099,9 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə Rayon Polis Şöbəsində saxlanca təhvil verilmiş, bundan başqa bir ədəd DVD disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.139-146). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.31-32). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.92-94). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Vaqif küçəsi, ev 68 ünvanında olan evdə yaşayır (iş vərəqə: cild İ, səh.99). Cinayət işinə əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunsa da, o, narkotikaya meyllidir (iş vərəqə: cild İ, səh.100). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmiş, bundan başqa “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “heroin” və “qurudulmuş marixuana” narkotik vasitəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş həmin narkotik vasitələrin külli miqdar həddindən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar qeyd edilən xüsusatların araşdırılıb müvafiq qərar qəbul edilməsinə dair Bərdə Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Bərdə Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş 107c-22 saylı material məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Həmin materialların məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar, yəni məhkəməyədək icraat zamanı onun polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalıb-qalmaması ilə əlaqədar olaraq onun barəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, təhqiqat və istintaqın aparılmasında iştirak edən polis əməkdaşlarının izahatları alınmış və Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması öz təsdiqini tapmadığından Bərdə Rayon Prokurorluğunda toplanmış material əsasında cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs həmin müəssisəyə daxil olunarkən tibbi müayinədən keçirilmiş və müayinə zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində onun evinə baxış zamanı heç bir narkotik vasitə aşkar edilmədiyi, onun evinə narkotik vasitə olan marixuananın, heroinin və bir ədəd elektron tərəzinin polis əməkdaşları tərəfindən qoyulması, həmin narkotik vasitələrin və tərəzinin ona məxsus olmaması, həmçinin Bərdə rayon polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilərkən üzərində olan narkotik vasitə heroin ona məxsus olsa da, çəkisinin ona elan edilmiş ittihamda göstəriləndən daha az olmasına dair göstərdiklərini, habelə üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satmaq məqsədi olmadan üzərində daşımasını bildirməsini məhkəmə onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxs evinə baxış zamanı heç bir narkotik vasitə aşkar edilməməsi, onun evinə narkotik vasitə olan marixuananı, heroini və bir ədəd elektron tərəzini polis əməkdaşlarının qoyması, həmçinin Bərdə rayon polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilərkən üzərində olan heroinin çəkisinin daha az olmasına dair göstərdikləri, habelə üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satmaq məqsədi olmadan üzərində daşımasını bildirməsi cinayət işinin faktiki hallarına ümumiyyətlə uyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs evində baxış, həmçinin üzərində şəxsi axtarış zamanı prosessual hərəkətlər videoçəkilişlə həyata keçirilmiş, həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə verdiyi ilkin izahatından başqa, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi dindirilərkən, daha sonra isə xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən o, hər dəfə törətdiyi cinayət əməlini etiraf etmiş, eyni zamanda barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilməsinə dair məhkəmədə təqdimata baxılarkən də izahatında ona hər hansı şəkildə təzyiq olması və ya aşkar edilmiş narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun evinə qoyulması ilə bağlı heç nə bildirməmişdir. İlkin ibtidai araşdırma zamanı onun evində baxış və üzərində şəxsi axtarış keçirilərkən həmin istintaq hərəkətinin keçirilməsində onun saxlanılmasında iştirak edən polis əməkdaşları iştirak etsələr də, ibtidai araşdırmanın sonrakı mərhələsində təqsirləndirilən şəxs qismində müstəntiqə sərbəst şəkildə ifadə verərkən və ya məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən də təqsirləndirilən şəxs ona hər hansı təzyiq edilməsindən və hər hansı əməli etiraf etməsinə məcbur edilməsi ilə bağlı hər hansı narazılığını bildirməmişdir. O, yalnız xx.xx.2022-ci il tarixdə cinayət işinin materialları ilə tanış olarkən törətdiyi cinayət əməlini inkar etmişdir. Həmçinin məhkəmə baxışı zamanı da məhkəmənin sorğusu əsasında Bərdə Rayon Prokurorluğunda aparılmış araşdırma nəticəsində də Bərdə RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki təzyiqlərə məruz qalmasının öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsindən göründüyü kimi, o, Bərdə rayon Polis Şöbəsində şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı etiraf etmiş, məhkəmə istintaqı zamanı isə onun evindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən onun evinə qoyulmasını bildirmişdir. Bununla bağlı məhkəmə həmçinin onu da qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, ekspertiza zamanı tədqiqata təqdim edilmiş 2 (iki) ədəd zərfdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Yəni, Təqsirləndirilən şəxs özünün ona məxsus olmasını etiraf etdiyi narkotik vasitə heroinlə, onun etiraf etmədiyi və ona məxsus olmadığını bildirdiyi heroinlərin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olması təsdiq edilmişdir. Qeyd edilənlərlə yanaşı, həmçinin göstərilməlidir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkotik vasitə olan heroindən istifadə edən şəxsin külli miqdarda (04 kiloqramdan artıq çəkidə) qurudulmuş marixuana narkotik vasitəsini əldə edib saxlaması onun ayrı-ayrı növlərdə, həmçinin külli miqdarda olan narkotik vasitələri istifadə məqsədilə saxlamasına dair ifadəsinin inandırıcı olmadığını bir daha təsdiq etməklə və onun inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə təkzib edildiyindən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində məsuliyyətdən yayınmaq üçün həqiqətə uyğun olmayan və heç bir faktla təsdiq olunmayan məlumatlar verdiyini bir daha təsdiq edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi inkaredici hallar onun özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, “Baxış keçirilməsi haqqında”, “Şəxsi axtarış aparılması haqqında” protokollar, maddi sübutlar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından və heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən həmin hissədə sübut növü kimi qəbul edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi qənaətinə gələrkən ondan aşkar edilmiş ümumilikdə 27,824 qram narkotik vasitə olan heroinin və ümumilikdə 04 kiloqramdan çox qurudulmuş marixuananın, yəni hər iki narkotik vasitənin külli miqdar həddindən bir neçə dəfə çox olmasını, həmin narkotik vasitələrin müxtəlif növlərdə olmasını və cinayət işinin Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən yuxarıda göstərilmiş tədqiq edilən bütün digər hallarını da nəzərə alır. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və xx.xx.2009cu il tarixdə cəzasının sonu ilə azad olunması, bundan başqa Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunması, daha sonra Bərdə Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad olunması ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs həmin məhkumluqları Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, əvvəllər az ağır cinayət törətməyə görə bir neçə dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı vaxtdan iki ildən artıq keçdiyindən onun həmin məhkumluqları ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluqları ödənildiyindən onun əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 24 mart 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 24 mart 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 25 may 2022-ci il tarixli, 719 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış qalıq çəkisi 27,724 qram narkotik vasitə heroin və qalıq çəkisi 4099,9 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin bir ədəd elektron tərəzi məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 64,80 (altmış dörd manat səksən qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 24 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş qalıq çəkisi 27,724 qram narkotik vasitə heroin və qalıq çəkisi 4099,9 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 64,80 (altmış dörd manat səksən qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-349/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-349/2022
18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver