Məhkəmə qərarları › İş №1(100)-351/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-351/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-351/2025 28.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1991-ci il tarixdə Bərdə rayonu, Qarayusifli kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, F.B.Köçəri küçəsi, ev 22-də qeydiyyatda olmaqla, Bərdə rayonu, Qarayusifli kəndində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 02 radələrində əri Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefonda şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər qadınla sevgi xarakterli, habelə həmin qadına göndərilmiş mesajların arasında onun şəxsiyyətinin alçaldılması ilə bağlı olan mesajları görüb şəxsiyyətinin təhqir edildiyini hesab edərək həmin vaxt kirayədə yaşadığı Bərdə şəhəri, Təzə Məhlələr adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evinin yataq otağında yatmaqda olan Zərərçəkmiş şəxs yuxudan oyadıb evin mətbəx otağına çağıraraq orada ərindən etdiyi xoşagəlməz hərəkətlərə görə izah tələb edərkən aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zəminində sonuncunun onu nalayiq ifadələrlə təhqir edərək sifətinə sillə zərbəsi vurmasına görə qısqanclıq və qisas hissləri ilə mətbəxdən götürdüyü şüşə sürahi ilə qəsdən Zərərçəkmiş şəxs təpə nahiyəsinə bir dəfə vuraraq ərinə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən başın sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarasını yetirdikdən sonra həmin yerdən götürdüyü kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə hər bir nahiyəyə bir dəfə olmaqla boyun, kürək və döş qəfəsi nahiyələrinə ümumilikdə üç dəfə qəsdən zərbə vuraraq Zərərçəkmiş şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ kürək və üzün sol yarısının kəsilmişdeşilmiş yaraları, eləcə də həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sol tərəfli pnevmotoraks, döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarətini yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən iki gün qabaq, yəni xx.xx.2024-cü il tarixdə yoldaşı Zərərçəkmiş şəxs ilə stol arxasında əyləşərkən sonuncunun “Canavar Qız” adlı istifadəçiyə sevgi məzmunlu video göndərdiyini görmüşdür. Ramindən həmin şəxsin kim olduğunu soruşduqda əri əmisi qızı olduğunu demişdir. O, Raminin xəyanət etdiyini başa düşmüş, daha sonra mətbəxə keçərək yenidən stolun ətrafına gəlmiş və Ramindən nə üçün ona xəyanət etdiyini soruşmuşdur. Ramin ona əvvəllər də dəfələrlə xəyanət etmiş, lakin o, ərini sevdiyi üçün hər dəfə sonuncunu bağışlamışdır. Bundan sonra o, əri ilə bir qədər sözlü mübahisə etmiş, mübahisə zamanı Ramin stolun üzərindəki qənd qabını ona atmış, lakin qənd qabı başının yan tərəfindən keçib sınmışdır. Həmin vaxt 4 yaşlı uşağı da yanlarında olmuş, o, uşağı qorxduğu və Ramin hirsli olduğu üçün sakitləşmişdir. Bundan sonra Ramin öz otağına getmiş, o isə uşağının yanında qalmışdır. Raminin yazışdığı hesabı yadında saxlamışdır. Səhəri gün həmin “Canavar Qız” adlı hesabı öz mobil telefonunda taparaq yazmışdır. Həmin şəxsə Raminin yoldaşı olduğunu, ərindən əl çəkməsini, ailəsini dağıtmamasını demiş, sonuncu isə Ramini tanımadığını deyib onu təhqir etmiş və qara siyahıya atmışdır. Bundan sonra həmin şəxsə nə qədər mesaj göndərsə də çatmamışdır. xx.xx.2024-cü il tarixdə Ramin mal bazarından evə gəlmiş və bir stəkan su içib yatmışdır. O, böyük oğlunun mobil telefonu ilə “tiktok” sosial şəbəkəsinə daxil olmuş və yenidən “Canavar Qız” profilini tapmışdır. Bu zaman həmin şəxsin canlı yayın açdığını görüb daxil olmuşdur. Canlı yanında olarkən həmin şəxsi “Təriş” deyə çağırdıqlarını bilmişdir. Həmin yayında qıza yenidən ailəsini dağıtmamasını, Ramindən əl çəkməsini yazmışdır. Artıq həmin qız onu tanımış və Raminin mobil telefonuna yaxşı-yaxşı baxmağını demişdir. xx.xx.2024-cü il tarixdə gecə radələrində Ramin yatarkən o, ərinin mobil telefonunu götürmüş və “tiktok” şəbəkəsinə daxil olmuşdur. Proqramda Raminin həmin “Canavar Qız” adlı istifadəçi ilə onun əleyhinə olan təhqiramiz ifadələrlə dolu yazışmalarını görmüşdür. Yazışmalarda “Təriş” ləqəbli qadın Raminə onun sonuncunu narahat etdiyini demiş və qarşısını almasa polisə şikayət edəcəyini bildirmişdir. Ardınca mobil telefonun videolar olan bölməsinə daxil olduqda Raminlə “Təriş” ləqəbli qadının əxlaqsız videolarını görmüşdür. Bundan sonra Raminin yanına gedib sonuncunu yuxudan oyatmış və mətbəxə çağırmışdır. Uşaqları həmin vaxt yatmışdır. Mətbəxdə Ramindən sevdiyi halda nə üçün ona xəyanət etdiyini soruşmuşdur. Həmin vaxt Ramin onu təhqir etmiş və üzünə bir sillə vurmuşdur. O da mətbəxdə olan şüşə qrafini Raminin baş nahiyəsinə vurmuşdur. Bu hərəkətindən sonra Ramin daha da qəzəblənmiş və onu təhqir edərək vurmağa başlamışdır. Mübahisə zamanı o, stolun üzərindəki bıçağı götürmüş və özünü müdafiə etmək üçün Raminə bıçaqla xəsarət yetirmişdir. Daha sonra o, bıçağı atıb qaçaraq həyətə çıxmış, Ramin də arxasınca həyətə gəlmişdir. Ərindən qan axmış və sonuncu onun arxasınca gəldiyi üçün o, həyətdə avtomobilin ətrafında fırlanıb yenidən evə daxil olmuş və qapını kilidləmişdir. Ramin qapını açmağı üçün nə qədər çalışsa da o, açmamışdır. Həmin vaxt həyəcanlı olmuş və qorxmuşdur. Bir qədər sonra Ramin alt paltarında çıxıb getmişdir. O, heç bir yerə qaçmamış və cinayət törətdiyi üçün atasına zəng edib gəlməsini demişdir. Bir qədər sonra polis əməkdaşları gəlmiş və o, Raminin mobil telefonunu da özü ilə götürüb polis şöbəsinə getmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Zərərçəkmiş şəxslə xx.xx.2019-cu il tarixdən evli olmuş, əri onunla evlənməmişdən əvvəl başqa bir şəxslə evli olub boşanmışdır. Ramin ona əvvəllər də xəyanət etmiş, hətta o, dəfələrlə ərinin çılpaq qadınlarla şəkillərini görmüşdür. O, hazırda övladları ilə birlikdə atası evində Ramindən ayrı yaşayır. O, Ramini indi də sevir, əri ilə barışmış və sonuncuya qarşı heç bir aqressiyası yoxdur. Əməlindən peşmandır və sadəcə ailəsini qorumaq istəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, təqsirləndirilən şəxs yaxın qohumu, yəni arvadı olduğu üçün ona qarşı ifadə vermək imtina etdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1 və 327.1-ci maddələrinin tələbinə əsasən zərərçkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə və həmin ifadəsinə dair videoçəkiliş nümayiş etdirilməklə tədqiq edilmiş tədqiq edilmiş, Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun arvadı olmuş, o, sonuncu ilə 2019cu ildə evlənmiş, həmin nikahdan da iki azyaşlı övladı vardır. İntizar ilə 2019-cu ildə evləndikdən bir müddət sonra münasibətləri pozulmağa başlamış və təxminən bir il sonra Bərdə Rayon Məhkəməsi vasitəsi ilə rəsmi qaydada boşanmışlar. Boşanana qədər İntizar onunla birlikdə atasının evində yaşamış, sonradan isə sonuncu öz atasının evinə köçmüşdür. İntizar onu sevdiyinə görə boşanandan sonra ayrı qala bilməmiş və onunla yenidən ailə qurmağa cəhdlər etmiş, sonuncunun təkidi ilə də o, barışmış və 2021-ci ildə yenidən rəsmi nikaha daxil olmuşlar. Sonra isə Bərdə şəhəri, Təzə Məhlələr adlanan ərazidə kirayəyə fərdi yaşayış evi tutmuş və o, ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. İntizarla münasibətləri ikinci dəfə nikahdan sonrada da normal olmamış, o, arvadının dır-dır etməsindən və giley-güzarından bezmişdir. Ona görə də aralarında teztez mübahisələr baş vermişdir. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evə gəlmişdir. Həmin vaxt uşaqları yataq otağında yatmış, arvadı İntizar isə oyaq olmuşdur. O, arvadı ilə bir kəlmə belə kəsmədən yorğun olduğu üçün əynini soyunub yataq otağında yerinə uzanıb yatmışdır. İntizar onu yuxudan oyadanda isə saatın neçə olduğunu bilməmişdir. O, yuxuya getdikdən sonra İntizar onu yuxudan oyadıb mətbəxə çağırmış, o da nə baş verdiyini anlamadan yerindən durub İntizarla mətbəxə keçmişdir. Həmin vaxt İntizar ona “niyə mənə xəyanət etmisən? Məni niyə o pozğuna satdın?” deyə qışqırmağa başlamışdır. Həmin vaxt o, əsəbiləşib İntizarı təhqir etmiş və sifətinə bir dəfə sillə ilə vurmuşdur. Arvadı isə mətbəxdə olan şüşə sürahini götürüb onun başına vurmuşdur. Həmin vaxt onun başı yarılmış və qan axmağa başlamışdır. O, hiddətlənib İntizarın üzərinə cummuş, sonuncunu döymək istəmiş və bir qədər süpürləşən kimi olmuşlar. Həmin vaxt necə olubsa İntizar əlinə bıçağı götürüb ona ardıcıl zərbələr vurmağa başlamışdır. Zərbələrdən biri çənəsinin altına, biri kürəyinə, digəri isə sinəsinə dəymişdir. O, bıçaqlandığını görüb bir az geri çəkilmiş, həmin vaxt bədənindən qan axmışdır. Bundan sonra İntizar bıçağı mətbəxə tullayıb həyətə qaçmış, o da arvadını tutmaq üçün ardınca həyətə qaçmışdır. İntizar həyətdə olan avtomobilin ətrafından dolanıb evə girmiş və qapını kilidləmişdir. O, qapını nə qədər döysə də sonuncu açmamışdır. Bundan sonra özünə nə isə ola biləcəyindən ehtiyat edib həmin vəziyyətdə, yəni əynində bir trusiklə piyada atasının evinə getmişdir. Atasını səsləyib İntizarın onu bıçaqladığını bildirmiş və onu xəstəxanaya aparmasını istəmişdir. Atası Ramiz də avtomobili ilə onu Bərdə Rayon Müalicə və Diaqnostika Mərkəzinə aparmışdır. İntizarın əsəbləri yerində olmamış, mübahisə zamanı gözləri yerindən bərəlmiş, sanki başqa adam olmuşdur. Hadisənin səbəbi İntizarın onu qısqanması olmuş, çünki İntizar onun başqa qadınlarla münasibətinin olduğunu iddia etmiş, onu başqa qadınlara qısqanmışdır. Həqiqətən də onun başqa qadınla münasibəti olmuş və o, bunu inkar etməmişdir. O, yuxuda olanda İntizar gizlicə onun mobil telefonunu götürüb şifrəsini açmış və orada onun bir qadınla yazışmalarını görmüşdür. O, həmin qadının adını bildirmək istəməmişdir. O, İntizarın onun telefonuna girməsinə görə əsəbiləşib arvadını təhqir etmiş və sillə ilə vurmuşdur. Hadisə də bundan sonra baş vermişdir. Hadisə vaxtı uşaqları yataq otağında yatmış, hadisə ani bir anda baş vermiş və İntizar bıçağı götürüb ona qəfil zərbələr endirməyə başladığına görə özünü müdafiə edə bilməmişdir. İntizar onu mətbəx bıçağı ilə vurmuş, sonuncu ona bıçaqla zərbələr atanda o, arvadı ilə üzbəüz dayanmış və İntizar bıçağı yuxarıdan aşağı istiqamətə necə gəldi atmışdır. Hadisə vaxtı evdə başqa heç kim olmamış, özü də spirtli içki təsiri altında olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, gecə saat 02-03 radələrində evin darvazasını döyüldüyünü eşitmişdir. Darvazanı açdıqda oğlu Raminin alt paltarında qapıda dayandığını görmüşdür. Oğlunun sinəsindən və sifətindən qan gəlmişdir. Ramindən nə baş verdiyini soruşduqda arvadı İntizarın onu bu hala saldığını demişdir. O, tez avtomobilini işə salaraq Ramini Bərdə Rayon Diaqnostika və Müalicə Mərkəzinə aparmışdır. Sonradan bildiyinə görə hadisə qısqanclıq zəminində baş vermiş, çünki İntizar oğlu Raminin telefonunda sonuncunun başqa qadınla yazışmalarını tutmuşdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 12/740 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol tərəfli pnevmotoraks, döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən kəsilmiş-deşilmiş yarası, sağ kürək, üzün sol yarısının kəsilmiş-deşilmiş yaralarıdır. Həmin xəsarətlər deşici-kəsici alət (alətlər), ola bilsin ki, bıçaq, başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası küt əşya, ola bilsin ki, qrafin təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 01/740 nömrəli əlavə məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol tərəfli pnevmotoraks, döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən kəsilmiş-deşilmiş yarası, sağ kürək, üzün sol yarısının kəsilmiş-deşilmiş yaralarıdır. Həmin xəsarətlər deşici-kəsici alət (alətlər), ola bilsin ki, bıçaq, başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası küt əşya, ola bilsin ki, qrafin təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcələrinə görə: sol tərəfli pnevmotoraks, döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən kəsilmiş-deşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sağ kürək və üzün sol yarısının kəsilmiş-deşilmiş yaraları sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/1032 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsul ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 X8 Regional Ambulator şöbəsinin xx.xx.2024-cü il tarixli, 856 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyindən əziyyət çəkməməsi səbəbindən o, hazırki cinayət əməlini törədən zaman, ondan əvvəl və ya sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikasının CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır, onun barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac yoxdur, onun özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs stasionar qaydada müalicə tədbirlərinin tətbiq edilməsinə zərurət yoxdur. O, hazırkı cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində, şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamış, cinayət əməlini törədən zaman əsəbi olmuş, qorxmuş və həyəcanlı psixi emosional halda olmuşdur. Bu halın yaranma səbəblərindən biri onun həyat yoldaşı ilə mübahisəsi ola bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 31 avqust 2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Bərdə şəhəri, Təzə Məhlələr adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evidir. Evə giriş qapısından pilləkənlə qalxıb dəhlizə keçilir. Solda mətbəx otağı, sağda yataq otağı, giriş qapısı ilə üzbəüz isə başqa bir otaq var. Evə girişdə yerə qanabənzər damcılar səpələnmiş, mətbəx otağında da yerdə qanabənzər damcılar və şüşə qırıntıları müşahidə edilir. Baxış zamanı Təqsirləndirilən şəxs mətbəx otağından bir ədəd ilk baxışdan məişət təyinatlı bıçaq təqdim edərək həmin bıçaqla əri Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyini, yerdə olan şüşə qırıntılarının isə Zərərçəkmiş şəxs təpə nahiyəsinə zərbə vurduğu şüşə sürahinin qırıntıları olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bir ədəd “Redmi” markalı mobil telefon təqdim edilərək həmin mobil telefonun əri Zərərçəkmiş şəxs məxsus olduğunu və içərisində iş üçün əhəmiyyət kəsb edən məlumatların olduğunu bildirilmişdir. Baxış zamanı 01 (bir) ədəd bıçaq və 01 (bir) ədəd mobil telefon müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş bir ədəd informasiya daşıyıcısı olan diskdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd “Redmi” markalı mobil telefona baxış zamanı “Tiktok” sosial şəbəkə proqramına daxil olunduqda orada “Canavar Qız” adlı profil istifadəçisi ilə aşağıdakı məzmunda mesajlaşma aşkar edilmiş: “Canavar Qız”: Ramin zibilini yığışdır. Canlıda gəlib mənə “qəhbə” yazır. Bunun axırı pis olacaq. Mən də bir yerə qədər səbirli olacam. Neçə dənə səhifə blok etmişəm. Allah o qəhbəliyi ona da qismət etsin inşallah. Bunun axırı pis olacaq, o qəhbə sözünə görə verəcəm onu polisə. Allah onun başına gətirsin. İnşallah yaşasın mənim başıma gələn onun başına gəlsin. O qədər qarğış tökmüşəm gecə. Heç kimin ailəsini dağıtmamışam mən. “Zərərçəkmiş şəxs” : Narahat olma, özünə yaxşı bax. “Canavar Qız”: Sən də. “Canavar Qız”: Hardan tapıb mənim profilimi? “Zərərçəkmiş şəxs”: Mənim telefonumu qurtalayıb yəgin. “Canavar Qız: Qarğış edir mənə. “Zərərçəkmiş şəxs” : Baş qoşma. Onun dədəsinin ağzını ...... Qancığın balasıdır. At bloka. Pox yeyir. Dədəsinin ağzıynan. “Canavar Qız”: Atmışam. Sən balalarının canı vurma onu. Heç nə olmaz. Mobil telefonun qalereya bölməsinə baxış keçirildikdə orada qadının və kişinin üzləri görünməsə də, cinsiyyət üzvlərinin aşkar formada göründüyü və cinsi əlaqədə olma videogörüntüsü aşkar edilmişdir. Videogörüntüdən hər hansı səs aşkar eşidilmir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, qeyd olunan mesajlaşma onunla adını bildirmək istəmədiyi bir qadın arasında baş tutmuş, mesaj mətnlərində “Canavar Qız” adlı hesab sahibinin qarğışlar etdiyi və özünün də atasının ünvanına nalayiq ifadələr işlətdiyi şəxs onun arvadı Təqsirləndirilən şəxs olmuş, mobil telefonun qalereya bölməsində cinsi əlaqədə olmanı əks etdirən videogörüntüdəki kişi cinsli şəxs özü, cinsi əlaqədə olduğu şəxs isə adını bildirmək istəmədiyi həmin “Canavar Qız” adlı hesabın istifadəçisi olan şəxs olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə sonuncunun törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 03:45-də Bərdə MDM-nin növbətçi həkimi 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bıçaqlanma nəticəsində sağ kürək nahiyəsinin, döş qəfəsinin ön səthinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə RİH başçısının Alpoud kənd İƏDÜN-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AZ-İV 492157 və AZ-İV 887885 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərin görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X2 adlı övladları vardır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş cinayətin aləti olan 01 (bir) ədəd bıçağın maddi sübut kimi tanınaraq saxlanılması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi, zərərçəkmiş şəxsin dindirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd, eləcə də mobil telefona baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd diskin iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılması qərar alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, arvadı Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan şikayət və tələbi yoxdur və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətməsini, eləcə də 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Təqsirləndirilən şəxs hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi himayəsində olan iki azyaşlı uşağını ciddi məhrumiyyətlərə düçar etməklə öz ailəsini ağır vəziyyətə sala bilər, habelə ailəsinin rifahına, azyaşlı uşaqlarının tərbiyəsinə və həyat şəraitinə təsir edə bilər, həmçinin məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxslə ər-arvad münasibətində olmasını, uşaqlarının azyaşlı olmasını, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də cəzanı real olaraq çəkmədən və cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti ilə şərti hesab edilməsini qanuni, əsaslı və məqsədəmüvafiq hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını da məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablamaqla barəsində 04 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bununla belə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət, ona təyin edilən cəza şərti olaraq tətbiq edildiyi üçün cəza müddətinə hesablanmamalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 17 (on yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 102 (bir yüz iki) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş cinayətin aləti olan 01 (bir) ədəd bıçaq məhv edilməli, zərərçəkmiş şəxsin dindirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd, eləcə də mobil telefona baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi 102 (bir yüz iki) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş hadisə yerinə baxış zamanı götürülmüş cinayətin aləti olan 01 (bir) ədəd bıçaq məhv edilsin. Zərərçəkmiş şəxsin dindirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd, eləcə də mobil telefona baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar