Məhkəmə qərarları › İş №1(100)-353/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-353/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-353/2025 18.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X12 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1977-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(062)-76/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(062)-55/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(062)- 76/2020 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 10 (on) ay 17 (on yeddi) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən ona təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqda məhrum etmə cəzası təyin edilmiş; Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-860/2024 saylı qərarı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 26 (iyirmi altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməyən, Tovuz şəhəri, Nəriman Nərimanov küçəsi, ev 6-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədilə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən xeyli miqdarda, yəni bir ədəd qara rəngli polietilen kəsiyi bükümdə təmiz çəkisi 45,992 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki və həmin siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni bir ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 2105 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 19 sentyabr 2024-cü il tarixdə saat 17:50 dəqiqədə Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu, Bozalqanlı kəndi ərazisindən keçən hissəsinin Bakı şəhəri istiqamətində, yolun sağ kənarında saxlanılaraq həmin yerdə saat 17:51 dəqiqədən saat 18:10 dəqiqəyədək olan müddət ərzində üzərinə keçirilmiş baxış zamanı bir ədəd qara rəngli polietilen kəsiyi bükümdə təmiz çəkisi 45,992 qram olmaqla xeyli miqdar təşkil edən xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək və bir ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 2105 qram olmaqla külli miqdar təşkil edən bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əlində olan boz rəngli polietilen paketin içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Rəşad adlı şəxs ona zəng edib harada olmasını soruşaraq onunla işi olduğunu demişdir. O, Rəşada şöbədə olduğunu və bir qədər sonra gələcəyini demişdir. Rəşadla görüşdükdə sonuncu ona yemək almışdır. Bundan sonra Rəşad ona 50 manat pul qarşılığında deyəcəyi yerdəki torbanı götürərək gətirib özünə verməyini təklif etmişdir. O, sonuncuya kimsəsiz adam olduğunu dedikdə Rəşad heç nədən qormamağını bildirmişdir. Bundan sonra onlar birlikdə saxlanıldığı Bakı-Qazax avtomagistral yolunun Tovuz rayonu ilə Aşağı quşçu kəndi arasında olan körpünün yaxınlığındakı hissəsinə getmişlər. Oraya çatdıqda Rəşad onu avtomobildən düşürərək gedib sellofan paketi gətirməyini demişdir. O, sellofan paketi götürüb gətirən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu vaxt o, polis əməkdaşlarına sellofan paketin Rəşada məxsus olduğunu demiş, sonuncu isə ona əl edə-edə oradan çıxıb getmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, narkotik vasitə istifadə etməmiş, fəhləlik edərək gündəlik çörək pulu qazanmışdır. 2008-ci ildə aliment ödəmədiyi üçün tutulmuş və Bakı şəhərindəki 2 saylı vərəm xəstəxanasında cəzasını çəkmişdir. O, Rəşadı oradan tanımış, həmin vaxtı sonuncu da orada cəza çəkmiş, lakin o, Rəşadın nə üçün tutulduğunu bilməmişdir. Bildiyinə görə Rəşad Goranboydandır və hazırda Tovuz rayonu, Düz Qırıqlı kəndində kirayədə yaşayır. Rəşad narkotik vasitə istifadə etmiş, hətta bir neçə dəfə onun yanında istifadə etmişdir. Sonuncu dəfələrlə ona da narkotik vasitə çəkməyi təklif etmiş, lakin o, razı olmamışdır. Əvvəllər Rəşad ona hər hansı çantanı götürüb gətirməyi üçün nə pul təklif etmiş, nə də ki vermişdir. O, Rəşaddan götürməyini istədiyi sellofan torbanın içərisində nə olduğunu soruşsa da, sonuncu bilmədiyini, sadəcə qara rəngli sellofan torba olduğunu demişdir. O, Rəşaddan dediyi torbanın içərisində narkotik olub-olmamasını soruşmuş, sonuncu isə torbanın içərisində narkotik vasitə olmadığını demişdir. O da sərxoş olduğu üçün Rəşadla razılaşmışdır. Ona görə o, sellofan torbanı götürən zaman içərisində narkotik vasitə olmasını bilməmiş, torbanı götürdükdən sonra “kök və eynəkli” olan polis əməkdaşı onu döymüş və narkotik vasitəni üzərinə götürməyini demiş, lakin o, həmin torbanın Rəşada məxsus olduğunu bildirmişdir. O, sona qədər sellofan torbanın Rəşada məxsus olduğunu demiş, hətta polis şöbəsində vəkilə də söyləmişdir. Saxlanıldığı gün Rəşad onun şəxsi mobil nömrəsinə zəng etmişdir. O, öz mobil nömrəsini bilməmiş, lakin öz adına olduğunu və “nar” mobil operatoruna məxsus olduğunu dəqiqliklə xatırlamışdır. Polis əməkdaşları onu təpik və yumruq vurmaqla döymüş, lakin heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, o, narkotik vasitə aludəçisi olmuş, narkotik vasitə marixuanadan və tiryəkdən istifadə etmiş, dəfələrlə də məhkum olunmuşdur. Tovuz şəhər sakini Rəşad onunla həbsxanada bir yerdə olmuşdur. Rəşad onu İran vətəndaşı Saleh adlı şəxslə tanış etmiş və sonuncunun istifadəsində olan mobil nömrəsini əlaqə saxlamağı üçün ona vermişdir. O, WhatsApp ani mesajlaşma proqramında Salehin istifadəsində olan +**********41 nömrə ilə danışan zamanı aralarında olan razılaşmaya əsasən Saleh ona 2 (iki) kiloqram marixuana göndərməli, o isə həmin marixuananı satıb pulunu həmin şəxsə göndərməli idi. Bundan sonra o, Bakı-Qazax avtomobil magistral yolunun Tovuz rayonundan keçən hissəsində bir yer seçib həmin yerin şəkilini çəkərək Salehə atmış, sonuncu da həmin yerə razılaşdığı kimi marixuananı qoyacağını demişdir. Bir neçə gündən sonra Saleh ona zəng edərək şəklini çəkib atdığı yerə marixuananı qoyduğunu demişdir. xx.xx.2024-cü il tarixdə o, Rəşadla sonuncuya məxsus avtomobil ilə həmin yerə getmişdir. Rəşad onu həmin yerə düşürüb getmişdir. O, yolun kənarındakı boz rəngli polietilen materialdan olan sellofan bükümü götürüb oradan uzaqlaşan zaman bir nəfər tanımadığı şəxsin əlində mobil telefonla onu video görüntüyə çəkməsini görmüşdür. Eyni zamanda digər tanımadığı üç nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları üzərində narkotik vasitə olmasından şübhələndiklərini, bu səbəbdən onun üzərinə baxış keçirmək istədiklərini və buna etirazı olub-olmadığını soruşmuşlar. O da heç bir etirazının olmadığını demişdir. Baxışa başlamazdan əvvəl polis əməkdaşları üzərində istifadəsi və daşınması qadağan olunan hər hansı maddə olub-olmamasını soruşduqda o, polislərə əlindəki boz rəngli polietilen materialdan olan sellofan bükümü təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilən zaman içərisindən iki ədəd qara rəngli polietilen materialdan olan sellofan bükümlər aşkar olunmuşdur. Həmin bükümlərə elə orada baxış keçirilmişdir. Baxış zamanı qara rəngli bükümlərin birinin içərisindən yaşıl rəngli kəskin iyli ilk görünüşdə qurudulmuş marixuanaya bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə həmin kütlənin sellofanla birlikdə çəkisinin 4 kiloqram 430 qram təşkil etməsi müəyyən edilmişdir. Digər qara rəngli sellofan bükümün içərisinə baxış keçirilən zaman içərisindən qəhvəyi rəngli kəskin iyli narkotik vasitə hesab edilən tiryəkə bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə çəkisinin sellofan bükümlə birlikdə 0,25 qram təşkil etməsi müəyyən edilmişdir. Qeyd edilən bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra o, polislərlə birlikdə Tovuz rayon polis şöbəsinə getmiş və orada müdafiəçi ilə təmin olunduqdan sonra RPŞ-nin təhqiqatçısı X2 tərəfindən vəkilinin iştirakı ilə onun üzərində aşkar edilmiş bükümlərə yenidən baxış keçirilmişdir. Qara rəngli bükümlərin birinin içərisindən yaşıl rəngli kəskin iyli ilk görünüşdə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə yenidən çəkilmiş və kütlənin sellofanla birlikdə çəkisi 2 kiloqram 210 qram təşkil etmişdir. Digər qara rəngli sellofan bükümün içərisinə də baxış keçirilən zaman onun içərisindən qəhvəyi rəngli kəskin iyli narkotik vasitə hesab edilən tiryəkə bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin kütlə yenidən elektron tərəzidə çəkilmiş və çəkisinin sellofan bükümlə birlikdə 50 qram təşkil etməsi müəyyən edilmişdir. Həmin bükümlər qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu-sual zamanı o, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrdən dostu Rəşadın məlumatı olduğunu, polis əməkdaşlarına təhvil verdiyi narkotik vasitə olan qurudulmuş marixuana və tiryəki götürən zaman tək olduğunu, həmin vaxt ətrafda heç kim olmadığını, etmiş olduğu əməldən də peşman olduğunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, WhatsApp tətbiqindən istifadə etmiş, mobil telefonu “Samsung A10” markalı olmuş və müstəntiq götürmüşdür. İranlı ilə danışmamış, onu məcbur etdikləri üçün ibtidai istintaq zamanı həmin formada ifadə vermişdir. Saxlanılarkən üzərində olan narkotik vasitəni Rəşad adlı şəxs götürməyini dediyi üçün o da gedərək götürmüş, Rəşad polisin adamı olmuş, polislər onu saxlayarkən içərisində narkotik vasitə olan torba əlində olmuş, Rəşad ona sadəcə qara rəngli sellofan torbanı götürüb özünə verməyini demiş, sonuncu torbanın içərisində narkotik vasitə olduğunu deməmiş, həmin torbanı gətirməyi qarşılığında da ona 50 manat verəcəyini demişdir. Polis əməkdaşı Şahid3 onu vurmamış, onu Şahid1 təpik-yumruq vurmaqla döymüş və narkotik vasitəni üzərinə götürməyini demişdir. Şahid2 da onu təpik vurmaqla döymüşdür. O, polis əməkdaşları tərəfindən döyülməyi ilə bağlı prokurorluğa şikayət etmişdir. WhatsApp ani mesajlaşma proqramında danışdığı +98-***-***-**-** mobil nömrə özünü iranlı kimi təqdim edən Saleh adlı şəxs olmuş, səsli mesajlardakı kişi səsi ona və Saleh adlı şəxsə məxsus olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tovuz RPŞ-nin CAB-n baş əməliyyat müvəkkili Şahid1 İnqilab oğlu ifadəsində göstərişdir ki, Tovuz RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində saxlaması, daşınması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra ondan, Tovuz RPŞ-nin baş əməliyyat müvəkkil Şahid2, əməliyyat müvəkkili Şahid3 və əməliyyat müvəkkili Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs Bakı-Qazax avtomagistralının Tovuz rayonundan keçən hissəsində olacağı göstərilmişdir. Onlar əməliyyat qrupu olaraq əməliyyat məlumatında göstərilən yerə getmişlər. Həmin yerdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək sonuncudan üzərində qanunla dövriyyəsi qadağan edilən hər hansı predmetin olub-olmamasını soruşmuşlar. Bu zaman Təqsirləndirilən şəxs əlindəki sellofanı təqdim etmişdir. Onlar tərəfindən sellofana baxış keçirilmiş və içərisində iki büküm olduğu müəyyən edilmişdir. Bükümlərdən birinin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, digərinin içərisində isə xatırladığı qədəri ilə narkotik vasitə olan tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Tovuz RPŞ-ə gətirilmiş, orada yenidən təhqiqatçının iştirakı ilə aşkar edilmiş bükümlərə baxış keçirilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş, məzmunu Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamasından ibarət olmuşdur. Saxlanılan yerdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişlər və sonuncunun əlindəki sellofan torbanın içərisindən iki ədəd qara rəngli büküm aşkar etmişlər. Həmin bükümlərdən birinin içərisində qurudulmuş marixuana, digərində isə tiryək olmuş, marixuananın çəkisi təxminən 2 kiloqram, tiryəkin çəkisi isə 45-50 qram təşkil etmişdir. Onlar Təqsirləndirilən şəxs Bakı-Qazax avtomagistral yolunun Tovuz rayonundan keçən hissəsində asfalt yolun kənarında saxlamış, sonuncuya yaxınlaşanda Sahib əlində polietilen torba ilə hərəkətdə etmişdir. Onlar Təqsirləndirilən şəxs əlindəki torbanı haradan götürdüyünü və saxlanılan yerə necə gəldiyini bilməmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs polietilen torbanın və içərisindəki narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Saxlanılarkən sonuncuya heç bir fiziki yaxud psixoloji təzyiq göstərilməmiş, bu fakt saxlanılması zamanı qeydə alınmış video görüntü ilə də öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması faktı hazırkı vaxtadək öz təsdiqini tapmamış, lakin bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir. O, Rəşad adlı şəxsi tanımamış, Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tovuz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3, RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin NMQ-nin Əliyev X3 İntiqam İnqilab oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs türmədə, yəni vərəm dispanserində bir yerdə olan zaman tanımışdır. O, orada çayçı işlətmiş, Sahib də gəlibgedəndə tanış olmuşdur. O, Tovuz rayonunda özünə məxsus VAZ-21011 markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, əsasən bazarın qabağından avtovağzala 1 manata adam aparıb-gətirmişdir. Orada çayçı olmuş və Sahib də bir xanımla daima birlikdə oraya gəlmişdir. O, iki-üç dəfə Sahibi dediyi yerə aparmış və sonuncunun ona biriki manat borcu qalmışdır. Bir dəfə Sahib ona zəng etmiş, o da sonuncunu avtovağzaldan götürüb üzü Qazax istiqamətində Cəlilli kəndi, yəni Tovuz çayının üstünə tərəf aparmışdır. Orada yolun qırağında avtomobili saxlamış və Sahib ona 5 manat verərək düşmüşdür. O isə geri qayıtmışdır. İki gündən sonra polislər zəng edib onu şöbəyə çağırmışlar. Şöbədə Sahib ona “sən məni düşürübsən çayın qırağına, orada da heç kim yox idi, sən gedəndən sonra polislər gəldi, ona görə sən məni satıbsan” demişdir. İfadəsinin davamı olaraq İlham İmamquliyev bildirmişdir ki, el arasında ona Rəşad demişlər. O, Sahibi avtovağzaldan Cəlilli yoluna 5 manata aparmışdır. Sahib ora nə üçün getdiyini ona deməmiş, həmin vaxtı avtomobildə ikisindən başqa da heç kim olmamışdır. O, Sahibi Tovuzda avtovağzalın yanında götürmüş, aparıb Cəlilli yolunda padyomun üstü tərəfində yolun qırağında dediyi yerdə düşürmüş və geri qayıtmışdır. Sahibi götürdüyü yerdən düşürdüyü yerə qədər uzağı on dəqiqəlik məsafə olmuşdur. Sahib yalan danışmış, o, sonuncuya yemək almamış, İranlı tanımamış və Sahibi İranlı ilə danışdırmamışdır. Bunu ondan polis də soruşmuş, o da eyni qaydada cavab vermişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/983 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilmiş üzərində “Əməliyyat axtarış tədbiri keçirilməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd qara rəngli sellofanda kütlə...” sözləri və imzalar olan kağız paketdəki, üzəri yapışqanlı lentlə sarınmış 01 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 45,992 qram maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 2) Tədqiqata təqdim edilmiş üzərində “Əməliyyat axtarış tədbiri keçirilməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş bir ədəd qara rəngli sellofanda kütlə...” sözləri və imzalar olan üzəri yapışqanlı lentlə sarınmış 01 (bir) ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 2105 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 3) Tiryək ““Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına daxildir (İ siyahı); 4) Marixuana (kannabis) “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına daxildir (İ siyahı). Qeyd: tiryəkin təmiz çəkisi – 45.992 qr., tədqiqata sərf edildi – 0,1 qr., qalıq – 45,892 qram. Marixuananın təmiz çəkisi – 2105 qr., tədqiqata sərf edildi – 0,1 qr., qalıq – 2104,9 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1799 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 X10 Şöbəsinin xx.xx.2024-cü il tarixli, 711 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyətin emosional davamsız pozuntusu, özünükəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 2 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o, cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçübbiçmək və idarə etmək iqtidarında olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 17:50-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 sentyabr 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin gün saat 17:50-dən saat 18:10-dək olan müddət ərzində saxlanıldığı Bakı-Qazax avtomagistralının üzü Bakı istiqamətində yolun kənarında Təqsirləndirilən şəxs üstünə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əlində olan boz rəngli sellofanı təqdim edərək içərisində narkotik vasitələr olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofanın içərisinə baxıldıqda iki ədəd üzəri yapışqanla lentlənmiş qara rəngli sellofanlar aşkar edilmişdir. Birinci qara rəngli sellofan açılıb baxıldıqda içərisində ilk görünüşdən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə ümumi çəkisinin 4 kiloqram 430 qram təşkil etməsi müəyyən edilmişdir. İkinci qara rəngli sellofan açılıb baxıldıqda içərisində ilk görünüşdən narkotik vasitə tiryəkə bənzər maddə olması və elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0,25 qram təşkil etməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanıldığı yerdə aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılaraq DİN-nin müvafiq möhürü ilə möhürlənmiş boz rəngli sellofan açıldıqda içərisində iki ədəd üzəri yapışqanla lentlənmiş qara rəngli sellofanlar olması müəyyən edilmişdir. Birinci qara rəngli sellofan açılıb baxıldıqda içərisində ilk görünüşdən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması və elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə ümumi çəkisinin 2 kiloqram 210 qram təşkil etməsi müəyyən edilmişdir. İkinci qara rəngli sellofan açılıb baxıldıqda içərisində ilk görünüşdən narkotik vasitə tiryəkə bənzər maddə olması və elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə ümumi çəkisinin 50 qram təşkil etməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd “Samsung Duos” markalı mobil telefona baxış zamanı +98-***-***-**- ** mobil nömrənin “İran” adı ilə yaddaşa verildiyi aşkar edilmişdir. Mobil telefondakı WhatsApp ani mesajlaşma proqramına daxil olduqda Təqsirləndirilən şəxslə “İran” adı ilə qeydiyyata alınmış Saleh adlı şəxs arasında xx.xx.2024-cü il tarixdə saat 13:21-dən saat 17:12-dək narkotik vasitələrin alqı-satqısına dair səsli mesaj formasında qarşılıqlı danışıqların olması aşkar edilmişdir. Səs yazılarında Təqsirləndirilən şəxs Saleh adlı şəxsə iki kilo narkotik vasitəni qoyacağını yerin məkanını ona göndərməsini, narkotik vasitəni yolun kənarına qoymasını, narkotik vasitənin pulunu da qısa müddət ərzində satdıqdan sonra göndərəcəyini, Saleh adlı şəxsin isə narkotik vasitənin qoyacağını yerin məkanını ona həmin gün qısa müddət ərzində göndərəcəyini deməsi, eləcə də danışıq zamanı Saleh adlı şəxsin saat 14:50-də Təqsirləndirilən şəxs narkotik vasitəni qoyduğu yerin şəkli ilə məkan məlumatlarını da göndərməsi aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, X5 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı İlham İmamquliyev ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin CAB-n baş əməliyyat müvəkkili Şahid1 İnqilab oğlunun tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib Tovuz rayonu ərazisində istifadəsi, saxlaması, gəzdirməsi və daşması ilə məşğul olması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin CAB-n baş əməliyyat müvəkkili Şahid1 İnqilab oğlunun tərtib etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, narkotik vasitələri və psixotrop maddələri əldə edib Tovuz rayonu ərazisində istifadəsində, saxlamasında, gəzdirməsində və daşmasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin CAB-n baş əməliyyat müvəkkili Şahid1 İnqilab oğlunun tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, narkotik vasitələri və psixotrop maddələri əldə edib Tovuz rayonu ərazisində istifadəsində, saxlamasında, gəzdirməsində və daşmasında şübhəli bilinən Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 17:50-də Bakı-Qazax avtomagistralının üzü Bakı istiqamətində yolun kənarında piyada hərəkətdə olarkən saxlanılıb Tovuz RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(062)-76/2020 saylı hökmünün, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(062)-55/2021 saylı hökmünün və Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-860/2024 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif tarixlərdə 05 (beş) dəfə məhkum olunmuş və həmin əməllərinə görə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(062)-76/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(062)- 55/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(062)-76/2020 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 10 (on) ay 17 (on yeddi) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən ona təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqda məhrum etmə cəzası təyin edilmiş; Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-860/2024 saylı qərarı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə məhkum edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 26 (iyirmi altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Tovuz Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində həkim-psixiatrın və həkimnarkoloqun dispanser qeydiyyatında dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RİH başçısının Tovuz şəhər İƏDÜN-nin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz şəhəri, Nəriman Nərimanov küçəsi, ev 6-da qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əlində olan sellofandan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 45,892 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, həmçinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 2104,9 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Tovuz RPŞ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən 01 (bir) ədəd disk, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də mobil telefona baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Tovuz RPŞ-nin MSY-nə daxil olarkən həkim müayinəsindən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru X11 tərəfindən 2352 C-24 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2024-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən döyülmə, işgəncə, fiziki və sair təzyiqlərə məruz qalması barədə 2 saylı istintaq təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs müraciəti əsasında xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tovuz rayon prokurorluğunun müstəntiqi X1 tərəfindən 144 C-24 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2024-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsindən daxil olmuş Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində xəsarətin aşkar edilməsi barədə məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək Rəşad adlı tanışının göstərişi ilə gedərək içərisində narkotik vasitə olan sellofanı götürdüyünü, Rəşadın bunun qarşılığında ona 50 manat pul verməli olduğunu, həmin sellofanı götürməmişdən qabaq içərisində narkotik vasitə olmasını bilmədiyini, Rəşad adlı şəxsin də ona bu barədə heç nə demədiyini, saxlanılarkən də polis əməkdaşlarının onu döydüklərini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən əməliyyat-axtarış tədbirinin gedişinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində WhatsApp ani mesajlaşma proqramında Saleh adlı iranlı ilə danışan zamanı aralarında olan razılaşmaya əsasən sonuncu ona iki kiloqram marixuana göndərməli, o isə həmin marixuananı satıb pulunu Salehə göndərməli olmuş, razılıq əldə olunduqdan sonra o, Bakı-Qazax avtomobil magistral yolunun Tovuz rayonundan keçən hissəsində bir yer seçib həmin yerin şəkilini çəkərək Salehə atmış, sonuncu da həmin yerə razılaşdığı kimi marixuananı qoyacağını demiş, bir neçə gündən sonra Saleh ona zəng edərək şəklini çəkib atdığı yerə marixuananı qoyduğunu demiş, o da Rəşad adlı taksi fəaliyyəti ilə məşğul olan tanışının idarə etdiyi avtomobillə həmin yerə getmiş, Rəşad onu düşürdükdən sonra oradan uzaqlaşmış, özü isə Salehin göndərdiyi məkana gedib içərisində narkotik vasitə olan sellofan götürmüşdür. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və izahatla ifadələrdə o, polis əməkdaşlarının ona qarşı fiziki zorakılıq hallarına yol verdiyini, eləcə də aralarında əldə olunmuş razılaşmaya əsasən 50 manat müqabilində Rəşad adlı tanışın göstərişi ilə gedərək içərisində narkotik vasitə olan sellofanı götürdüyünü bildirməmişdir. Əskinə izahatla ifadələrində Təqsirləndirilən şəxs Rəşad adlı taksi fəaliyyəti ilə məşğul olan tanışının onu düşürdükdən sonra oradan uzaqlaşdığını göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən videoçəkilişdən görünür ki, həmin gün saxlanıldığı Bakı-Qazax avtomagistralının üzü Bakı istiqamətində yolun kənarında Təqsirləndirilən şəxs üstünə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əlində olan boz rəngli sellofanı təqdim edərək içərisində narkotik vasitələr olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofanın içərisinə baxıldıqda iki ədəd üzəri yapışqanla lentlənmiş qara rəngli sellofanlar aşkar edilmişdir. Birinci qara rəngli sellofan açılıb baxıldıqda içərisində ilk görünüşdən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, ikinci qara rəngli sellofan açılıb baxıldıqda içərisində ilk görünüşdən narkotik vasitə tiryəkə bənzər maddə olması müəyyən edilmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. O cümlədən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Habelə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1, Şahid3, Şahid2 və Şahid4 ifadələrində saxlanılan zaman və polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin sonuncunu döymədiyini, Rəşad adlı şəxsi tanımadıqlarını, saxlanılan yerdə də Təqsirləndirilən şəxs tək olduğunu göstərmişlər. Hətta iş materiallarında olan həm Tovuz RPŞ-dən, həm də 2 saylı İstintaq təcridxanasından daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Eləcə də iş materiallarında olan Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin icraatında olmuş 2352 C-24 nömrəli ilkin yoxlama materialı üzrə xx.xx.2024-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın təsviriəsaslandırıcı hissəsindən görünür ki, ilkin yoxlama zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixli, 925 nömrəli məhkəmətibbi ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs bədəni üzərində xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərə uyğun xəsarətin olması öz təsdiqini tapmamışdır. Qeyd edilən məhkəmə-tibbi ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində, yəni sağ said nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs məhkəmə-tibb eksperti tərəfindən verilmiş suallara cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılan zaman qaçaraq yolun kənarında olan beton materiallı nişanlayıcı dirəkdən möhkəm tutduğunu, buna baxmayaraq onu polis əməkdaşları dartaraq aparmaq istədikdə həmin dirəyin onun sağ said nahiyəsini zədələdiyini göstərmişdir. Bununla belə, məhkəmə-tibbi ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinədən xx.xx.2024-cü il tarixdə, yəni tutulduqdan artıq iki aya yaxın vaxt keçdikdən sonra keçirilmişdir. Belə olan halda, yəni tutulduqdan sonra iki ay müddətində onun bədəni üzərində sıyrıqların qalması tibbi cəhətdən mümkün olmadığı üçün sözügedən ekspert rəyinin nəticə hissəsində həmin sıyrıqların qərarın təsviri hissəsində göstərilən tarixlərdə, yəni xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərə əmələ gələ bilməsi inkar edilmişdir. Məhz buna görə Təqsirləndirilən şəxs qanunsuzluğa məruz qalması barədə müraciəti üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq cinayət işinin başlanması rədd edildikdən sonra sonuncunun bədən səthində sıyrıqların aşkar edilməsi xüsusatının araşdırılması üçün Tovuz rayon prokurorluğuna rəsmi qaydada məlumat verilmiş və həmin prokurorluqda da araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində, eləcə də bədəni üzərində sıyrıqların aşkar edilmişi faktı ilə bağlı həmin idarədən verilmiş məlumat əsasında Tovuz rayon prokurorluğunda araşdırma aparılaraq cinayət hadisəsi olmadığından müvafiq olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qərarlarla Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə baxmayaraq, həmin qərarlardan nə Təqsirləndirilən şəxs, nə də ki dövlət hesabına müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Rəşad adlı tanışının göstərişi ilə gedərək içərisində narkotik vasitə olan sellofanı götürdüyünü, sonuncunun bunun qarşılığında ona 50 manat pul verməli olduğunu və sellofanı götürməmişdən qabaq içərisində narkotik vasitə olduğunu bilmədiyini göstərsə də, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Samsung Duos” markalı mobil telefondakı WhatsApp ani mesajlaşma proqramında onunla “İran” adı ilə qeydiyyata alınmış Saleh adlı şəxs arasında narkotik vasitələrin alqısatqısına dair səsli mesaj formasında aparılmış qarşılıqlı danışıqlardan görünür ki, Təqsirləndirilən şəxs özünü iranlı kimi təqdim edən Saleh adlı şəxslə birbaşa özü danışmış, sonuncudan iki kiloqram narkotik vasitə istəmiş, satışını həyata keçirdikdən sonra pulunu göndərəcəyini demiş və narkotiki qoyacağı yerin şəkili ilə məkanını ona göndərməsini tələb etmişdir. Bu hal isə Təqsirləndirilən şəxs Rəşad adlı şəxslə bağlı göstərdiyi xüsusatları birmənalı olaraq təkzib edir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində Rəşad adlı tanışının təklifi ilə gedərək içərisində narkotik vasitə olan sellofanı götürdüyünü, eyni zamanda ona qarşı polislər tərəfindən fiziki zorakılığa yol verildiyini göstərsə də, iş materiallarında, xüsusilə onun ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin əməliyyat-axtarış tədbirinin gedişinə dair videoçəkilişdə, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, eləcə də şahidlərin ifadələrində Təqsirləndirilən şəxs birbaşa olaraq şəxsən özünü iranlı kimi təqdim edən Saleh adlı şəxslə narkotik vasitələrin alqı-satqısına dair danışıqlar aparması, sonuncu ilə aralarında əldə olunmuş razılığa əsasən gedərək narkotik vasitəni qoyulduğu yerdən götürməsi, eyni zamanda ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməməsi tam olaraq sübuta yetirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda həm Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində, həm də Tovuz rayon prokurorluğunda bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qəbul edilmiş qərarlardan nə təqsirləndirilən şəxsin, nə də ki dövlət hesabına müdafiəçisinin nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin əməliyyat-axtarış tədbirinin gedişinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 16-cı bəndində göstərilmişdir ki, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən qurudulmuş marixuana (kannabis) və tiryək narkotik vasitə hesab olunur; qurudulmuş marixuananın külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qramdır; tiryəkin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,5 qram və ondan yuxarı, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 50 qramdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 16/983 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkin ümumi təmiz çəkisi xeyli miqdar təşkil etsə də, narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi külli miqdar təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən iki növ narkotik vasitənin aşkar edilməsi, narkotik vasitə qurudulmuş marixuananın çəkisinin külli miqdar təşkil etməsi, həmçinin istifadəsində olan mobil telefona baxış zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair mesajların və fotoşəkillərin aşkar edilməsi, eləcə də üzərindən narkotik vasitə qurudulmuş marixuana ilə tiryəkin də aşkar edilməsinə baxmayaraq, onun yalnız kannabinoiddən, yəni üzərindən aşkar edilmiş bir növə aid narkotik vasitədən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi faktları Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı xeyli və külli miqdarda narkotik vasitələri ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-nin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. CM-nin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər, yəni Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonuncular arasında əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs vəzifəsi içərisində xeyli miqdarda narkotik vasitə tiryək və külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olan sellofanı götürərək özündə saxlamaqdan, daha sonra isə narkotik vasitələrin realizəsini həyata keçirməkdən ibarət olmuş, bunun qarşılığında da o, mənfəət kimi əldə etdiyi narkotik vasitələrin satışından onun payına düşən müəyyən məbləğdə pul vəsaitini götürməli olmuş, nəticə etibarı ilə də aralarında olan rolların bölgünüsə əsasən Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri real olaraq icra etmişdir. Bununla da məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi cinayətlərin residivini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, əməliyyat-axtarış tədbirinin gedişinə dair protokol, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-860/2024 saylı qərarı ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddə ilə təqsirli bilinərək məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 26 (iyirmi altı) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət Məcəlləsinin 177.2-ci maddəsi Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunurdu. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təqsirli bilindiyi az ağır cinayətə görə Təqsirləndirilən şəxs məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən (xx.xx.2024-cü il tarixdən) hesablamaqla iki il keçməmiş, yəni məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş hazırkı iş üzrə ittiham olunduğu ağır cinayətlər təsnifatına aid olan əməli törətdiyi üçün o, məhkum olunmuş şəxs hesab olunur və onun əməlində cinayətlərin sadə residivi vardır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin yüksək ictimai təhlükəli şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Hazırkı işin faktiki halından görünür ki, Təqsirləndirilən şəxs qəsdən ittiham olunduğu ağır cinayətlər təsnifatına aid cinayət əməlini cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. Məhkəmə tərkibi hesab edir ki, Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-860/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad etməsi ləğv edilməli, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(062)-55/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi hazırkı hökmlə ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 19 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs əlində olan sellofandan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 45,892 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, həmçinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 2104,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən 01 (bir) ədəd disk, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də mobil telefona baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1799 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(003)-860/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad etməsi ləğv edilsin, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(062)-55/2021 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 05 (beş) ay 26 (iyirmi altı) gün hissəsi hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 19 sentyabr 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 150 (bir yüz əlli) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz RPŞ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs əlində olan sellofandan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 45,892 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, həmçinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 2104,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Əməliyyat-axtarış tədbirinin gedişini əks etdirən 01 (bir) ədəd disk, şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də mobil telefona baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar