Məhkəmə qərarları › İş №1(100)-355/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-355/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-355/2025 13.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, iclas katibi X10 və X3, dövlət ittihamçıları - Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X8, təqsirləndirilən şəxs və müdafiəçisi Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Ağcabədi rayonu, Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu, Hüsülü kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, 09 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində müvəqqəti kirayədə yaşadığı ünvan 1 ünvanında həyat yoldaşı X6 ilə aralarında yaranan ailə-məişət zəminində mübahisə zamanı sonuncunun onu təhqir etməsindən əsəbiləşərək üzərində gəzdirdiyi məlum olmayan kəsici-deşici alətlə (bıçaqla) Aysel Süleymanovanın sağ sağrı nahiyyəsinə 2 ədəd, sol sağrı nahiyyəsinə 1 ədəd və peritonarxası aralıq nahiyyəsinə isə 1 ədəd olmaqla, ümulikdə qəsdən 4 ədəd zərbə vurub sonuncuya, sağ sağrı nahiyyəsinin 2 ədəd, sol sağrı nahiyyəsinin 1 ədəd kəsilmiş-deşilmiş yaraları olmaqla ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül, peritonarxası aralıq nahiyyəyə nüfuz edərək sağ çanaq dibi arteriya və venoz damarların zədələnməsi, peritonarxası nahiyyənin iri həcmli hematoması ilə sağ aralıq nahiyyəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə törənmə anında Aysel Süleymanovanın sağlamlığına həyat üçün təhlükəli olan qəsdən Ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Aysel Süleymanova arvadıdır. 2024-cü ildə avqust ayında arvadı Aysel xalası oğlu Şəmistandan işlədiyi “Oba” marketdə onu işə düzəltməsini xahiş etmişdir. Arvadı Aysel, xalası oğlu Şəmistanla birlikdə Bərdə şəhəri, Atatürk küçəsində yerləşən evdə kirayədə qalmış, kirayənin bir hissəsini onlar, qalan hissəsini isə Şəmistan vermişdir. Arvadı Aysellə arasında mütəmadi mübahisələr olmuş, hadisə günü Aysel ona zəng edib kartdan pul göndərməyi demiş, Ayselə nağd pulu olduğunu gəlib əlbəəl verəcəyini demişdir. Ayselin iş yerinə gedib pulu vermiş bir neçə gün əvvəl verdiyi 15 manatı neynədiyini soruşmuş, Aysel pulun özündə olduğunu bildirmişdir. Evə gedəndən sonra zəng edib pulu hara qoyduğunu soruşanda Aysel onu narahat etdiyini deyib mübahisə etmiş, gəlib evdən qovacağını, Şəmistana zəng edib incitdiyini deyəcəyini demişdir. Bundan sonra Şəmistanın iş yerinə gedib, birlikdə piyada şəhərə dönər yeməyə getmiş, yolda Ayselin hrəərkətləri barədə demişdir. Şəmistan ona axşam danışmağı demiş, O, Şəmistana Ayseli başa salmağı demiş, Ayselin işlədiyi “Oba market”ə getmişdir. Şəmistan evə gələndən sonra hərəsi öz otağında yatmışdır. Aysel evə gələndən sonra niyə telefonda onunla mübahisə etdiyini demiş, Aysel isə ondan ayrılacağını demişdir. Axşam Şəmistan iş yerinə getdikdə ona yenə Ayseldən şikayət edib eyni sözləri deyəndə Şəmistan yanından çıxıb getməyi demişdir. Mağazaya gedərək spirtli içki almış və içmişdir. Şəmistan evə gələndə O da Şəmistanın ardınca evə girmişdir. Evə çatanda Şəmistanın kirayə verən qadının evində olduğunu görmüş, yaşadıqları evə getmiş, öz otağında uzanıb yatmışdır. Arvadı Aysel və Şəmistan da gəlmiş, Aysel öz xalası oğlu Şəmistana yemək bişirmiş və birlikdə yemişlər. Aysel öz otaqlarına gəlmiş, Şəmistan yuyunmaq üçün hamama getmişdir. O öz otağına keçib uzanmış, Ayseliin otaqda divanda uzandığını görüb onu qucağına alaraq yanına çarpayıya qoymuş, lakin Aysel əvvəl uzandığı yerə keçmişdir. Aysel isə digər otağa, xalası oğlu Şəmistanın otağına getmiş və oradan onunla mübahisə etməyə başlamışdır. Həmin otağa daxil olub onun üçün yemək bişirməsini istəmiş, Aysel ondan ayrılacağını deyib söymüşdür. Çölə siqaret çəkməyə çıxsa da Aysel onunla mübahisə etməyə davam etmiş, əsəbiləşib otağa qayıtmış, uzanmış vəziyyətdə olan Ayselin böyrünə və yan hissəsinə bir neçə dəfə zərbə vurub qaçıb getmişdir. Ayseli vurandan sonra evdən qaçıb getmiş, piyada “pajarnı dairəsi” adlanan yerə gəlmiş, taksi sifariş edib Ağcabədi rayonun bacısıgilə getmiş, yolda bacısı Fatma və dayısıoğlu Tanrıverdiyə zəng edib Ayseli bıçaqladığını, polisə gedəcəyini desə də həyəcanlı olduğu üçün təslim olmamış, bacısıgilə çatandan qısa müddət sonra polislər gəlib onu Bərdə RPŞ-yə aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, arvadı Ayseli əsəbiləşdiyi, içkili olduğu, mübahisə edərək onu əsəbiləşdirdiyi üçün bıçaqla xəsarət yetirmişdir. Bıçağı hadisədən sonra əsəbi olduğu və qorxduğu üçün bıçağı hara atdığını xatırlamır. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. . Hazırda ər-arvad kimi biryerdə yaşayır Aysel övlad üçün müalicə alır. Əvvəlki nikahından azyaşlı uşağı var, Aysellə ailə münasibətlərini bərpa etmişdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxs X6 göstərmişdir ki, əvvəlcə Ağcabədi rayonu, sonra isə işlə bağlı ünvan 1-də kirayədə yaşamışdır. Əri İsbəndiyar və xalası oğlu Şəmistanla birlikdə kirayədə yaşamış, hadisədən 1 ay əvvəl “Oba” marketin Bərdə rayonunda satıcı-kassir işləmişdir. İsbəndiyarla aralarında əvvəllər də ailə məişət zəminində mübahisələr olsa da Bərdəyə gələndən sonra daha da artmış, İsəndiyar heçnədən söz söhbət salmış, onunla mübahisə etmiş, mübahisələri ailə-məişət zəminində olmuşdur. xx.xx.2024-cü ildə səhər işə getmiş, İsbəndiyar iş yerinə gəlib nağd 2 manat pul verəndə əvvəl verdiyi 15 manatı soruşmuş, O isə həmin pula anasına bazarlıq edəcəyini deyib pulun kartda olduğunu demişdir. İsbəndiyar gedəndən sonra bezdirdmiş onu narahat etməməyi demişdir. Axşam iş saatı bitəndən sonra evə gəlmiş, İsbəndiyara ondan ayrılmaq istədiyini demiş, aralarında mübahisə yaranmşdır. OEv sahibi Mehriban da səs küyü eşidib gələrək onları narahat etdiklərini və evdən çıxaracaqlarını demişdir. İsbəndiyar sonra isə xalası oğlu ilə özü evə qayıtmış, 09 sentyabr 2024-cü ildə gecə xalası oğlu Şəmistan aldığı kolbasaları bişirmiş, İsbəndiyar həmin vaxt digər otaqda yatmışdır. Oyandıqdan sonra İsbəndiyar yenə mübahisə edəndə ona boşanacaqlarını demişdir. Xalası oğlu Şəmistan evin həyətindəki hamama getmiş, İsbəndiyara ayrılacaqlarını dedikdən sonra İsbəndiyar çölə siqaret çəkməyə çıxmış, özü Şəmistanın otağında uzanmışdır. Qəflətən yan tərəfindən zərbə dəydiyini hiss etmiş və İsbəndiyar əlindəki bıçaqla ona zərbələr vurmuşdur. İsbəndiyar hadisədən sonra qaçmış, O, yavaş-yavaş həyətə düşən pilləkənə tərəf getmiş, hamamda olan Şəmistanı ona köməyə çağırmış, Şəmistan yanına gəlmiş, ona kömək etmiş və dərhal “103” təcili tibbi yardıma zəng etmiş, həkimlər gəlib onu xəstəxanaya aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, təqsirləndirilən şəxslə arasında əvvəllər dəfələrlə mübahisə olsa da, hadisə günü ona pula görə aralarındakı mübahisə vaxtı ona boşanacağını deməsi və spirtli içki təsiri ilə xəsarət yetirməsini güman edir. Təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs əri olduğu , biryerdə yaşadıqları üçün onun tutulmasını istəmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, ünvan 1 ünvanında xalası qızı X6 və onun həyat yoldaşı İsbəndiyarla birlikdə yaşamışdır. 2024-cü ilin aprel ayından “Oba” marketin Bərdə rayonu 23 saylı filialında administrator işləmişdir, Aysel onun doğma xalası qızıdır. Aysel “Oba” marketin Bərdə rayonu, 16 saylı filialında satıcı-kassir işləmişdir. Xalası qızı Aysel, əri İsbəndiyar və o, Bərdə şəhəri, Atatürk küçəsində birlikdə kirayədə qalmış, 200 manatı Ayselgil, 60 manat isə o, ödəmişdir. Aysellə İsbəndiyar evdə mütəmadi ailədaxili mübahisələr etmiş, son dəfə xx.xx.2024-cü ildə Aysel ona “whatsapp”da yazıb İsbəndiyarla 15 manat pula görə mübahisə etdiklərini demişdir. Biraz sonra İsbəndiyar onun iş yerinə gəlmiş, İsbəndiyarla dönər yeməyə getmiş, yolda ailədaxili problemlərindən danışmış, O da İsbəndiyara axşam hamı evdə olanda bu barədə ətraflı danışmağı demişdir. İsbəndiyar evə, o isə xalası qızı Ayselin işlədiyi marketdə yaranmış, texniki problemlə bağlı ora getmiş, günorta da İsbəndiyarla evdə olmuş hərəsi öz otağında yatıb uzanmışlar. Xalası qızı Aysel axşamüstü təxminən saat 18 radələrində işdən gəlmiş, İsbəndiyarla Aysel arasında mübahisə yaranmış, Aysel İsbəndiyara boşanacağını demişdir. İsbəndiyarla evdən çıxıb təxminən aşxam 22-də iş yerinə sonra isə “Bazarstore”a lazımi ərzaqları almağa getmiş, evə qayıdanda yolda İsbəndiyarın içkili olduğunu görmüşdür. Kirayə qaldıqları evin sahibi mübahisə edib səsküy saldıqlarına görə narazılıq etmiş, onları evdən çıxaracağını demişdir. Evə qayıdandan sonra Aysel aldığı kolbasaları bişirmiş və onlar birlikdə yemək yemişlər. Aysel otağına keçmiş, İsbəndiyar da otaqda olmuşdur. X5 mübahisə səsləri gəlmiş, O, İsbəndiyara yuyunmaq üçün getdiyini deyib evin həyətindəki hamama girmiş, bir neçə dəqiqə sonra yenidən mübahisə səslərini, Sonra isə Ayselin qəfil qışqırıq səsini eşitmişdir. Aysel onu köməyə çağırmış, o hamadan çıxanda İsbəndiyar həyətdəki qapıdan çıxıb qaçmışdır. Aysel pilləkəndə olmuş, əynindəki paltarlar qan olmuşdur. Həmin vaxt səsə evin sahibi gəlsə də qoca arvad olduğu üçün qorxacağını fikirləşib ona yaxın gəlməməyi demiş, özü “103”-ə təcili tibbi yardıma zəng etmiş, həkimlər gəlib Ayseli aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, hadisəni gözləri ilə görməmiş, xalasıqızı Aysel bıçaqlandıqdan sonra onun çağırışına hamamdan çıxıb yanına gəlmişdir. İsbəndiyarın onu arvadına qısqanması barədə hər hansı şübhəsi olmamışdır, belə hal olsa idi, özü onlarla bir evdə kirayədə qalmazdı.İsbəndiyar ona sonradan ancaq xəstəxanada olanda zəng edib Ayselin vəziyyəti ilə maraqlanmışdır. Hadisədən sonra əlaqələri bir o qədər yaxın olmasa da xalasından ailə münaisbətlərini bərpa etdiklərini və biryerdə yaşadıqları barədə məlumatı var. Hadisənin baş vermə səbəbi isə fikrincə onlar arasında daim olmuş ailə münaqişələri olmuşdur. Məhkəmədə şahid qismində dindirilən Şahid2 göstərdi ki, ünvan 1-də yaşayır. Evin həyətində olan yaşayış evini Ayselgilə kirayə vermişdir. Onlar gəldikləri ilk günlər sakitlik olsa da, hadisənin baş verdiyi gündən bir neçə gün əvvəl İsbəndiyarla Aysel arasında mübahisələr olmuşdur. O həmin hallardan bezib Şəmistangili evə çağırmış və iradını bildirmiş, lakin İsbəndiyar həyətdə çox dayanmayıb getmişdir. Təxminən gecə yarı həyətə düşəndə isə Ayselin səsini eşidib narahat olmuş və yanına getmiş, Ayseli evin həyətə düşən pilləkəndə oturaqlı vəziyyətdə qan izləri görmüş, Şəmistan ona yaxın gəlməməyi qorxduğu üçün getməyi və Ayselin bıçaqlandığını demişdir. O da qorxduğu üçün həyəcanlı vəziyyətdə evə getmiş, təcili tibbi yardım avtomobili ilə Ayselin aparıldığını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, o ünvan 2 ünvanında yaşayır. X7 arasında müxtəlif vaxtlarda arasıra ailə daxili mübahisələri olmuşdur. Son dəfə xx.xx.2024-cü il tarixdə səhər İsbəndiyar ona zəng edərək həyat yoldaşı Ayseli bıçaqladığını bildirmişdir. O, İsbəndiyardan niyə elə etdiyini soruşanda İsbəndiyar ona artıq gec olduğunu, əməlindən peşman olduğunu bildirmişdir. İsbəndiyar polisə gedib təslim olacağını bildirsə də, biraz sonra Ağcabədi rayonunda yaşadığı evə gəlmiş, niyə polisə deyil onlara gəlməsini soruşanda İsbəndiyar ona qorxduğu üçün təslim olmadığını demiş, qısa müddət sonra yaşadığı ünvana polis əməkdaşları yaxınlaşıb İsbəndiyarı baş vermiş hadisə ilə əlaqədar Bərdə rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, o, Ağcabədi rayonu, Hüsülü kəndində yaşayır. İsbəndiyar onun bibisioğludur. Aysellə evlidir. Onların arasında müxtəlif vaxtlarda ailə daxili mübahisələr olmuş, son dəfə xx.xx.2024-cü ildə səhər İsbəndiyar ona zəng edərək arvadı Ayseli bıçaqladığını demiş, niyə bu cür hərəkət etdiyini soruşanda isə İsbəndiyar ona əməlindən peşman olduğunu, polisə gedib könüllü təslim olacağını bildirmişdir. Təxminən bir neçə saat sonra isə İsbəndiyarın polisə yaxınlaşıb könüllü olaraq təslim olmadığını, bacısı Fatiməgilin yaşadığı Ağcabədi rayonunda gedəndən sonra polis tərəfindən saxlanılıb Bərdə rayon Polis Şöbəsinə aparıldığını öyrənmişdir. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 göstərmişdir ki, 2024-cü ilin avqust ayında qonşusu Mehriban ona öz yaşadığı evin həyətindəki digər evi kirayə verdiyini, ailəli kimsə istəsə deməyi bildirmişdir. Bir neçə gün sonra əvvəl tanımadığı İsbəndiyar istifadəsində olan mobil nömrəyə zəng edib ailəli olduğunu, qalmaq üçün ev istəmiş, təxminən 2 gün sonra İsbəndiyar arvadı Aysellə birlikdə Bərdə şəhəri, Atatürk küçəsində yerləşən evə gəlib baxmış və orada qalmışlar. Mehriban onu gördükdə İsbəndiyarı evə çağırmış, gəlməyi bir məsələ barədə danışmağı demişdir. “Oba market”ə gedəndə Ayselin orada işlədiyini görüb ev sahibinin İsbəndiyarı axtardığını demiş, xx.xx.2024-cü ildə axşam İsbəndiyar ona zəng edərək niyə axtardığını soruşmuş, O isı Mehribangilə getməyi, özünün də gələcəyini demişdir. Mehribangilə gedəndə İsbəndiyar arvadı Aysel, Ayselin xalası oğlu Şəmistan ora gəlmiş, söhbət vaxtı Mehriban İsbəndiyara arvadı ilə yola getmədiklərini deyib səs-küy olsa evdən çıxacaqlarını demiş, İsbəndiyar, Aysel və Şəmistan öz evə getmişlər. xx.xx.2024-cü ildə isə Mehriban ona a İsbəndiyarın arvadı Ayseli bıçaqladığını, qızınxəstəxanada olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, X9 Mərkəzindən Bərdə RPŞ-yə Aysel Süleymanovanın sarğı nahiyyəsinin çoxsaylı kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən tarixli xx.xx.2024-cü il tarxili “hadisə yerinə baxış keçirilməsi haqqında protokol” və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir. Baxış iş üzrə Şahid1 iştirakı ilə keçirilmiş, hadisə yerindəki divan, taxta döşəmə və taxta pilləkən üzərində gölməçə və damcışəkilli qanabənzər ləkələr aşkar edilib götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokol” və əlavəsi olan fotocədvəldən görünür ki, Şahid1 istintaqa təqdim etdiyi X4 məxsus 01 ədəd yaşıl rəngli şort, 01 ədəd açıq çəhrayı rəngli alt tumanı və 01 ədəd ağ rəngli köynək istintaq üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd yaşıl rəngli şortikda ümumilikdə 04 ədəd kəsilmiş izləri, qanabənzər ləkələr, 01 ədəd açıq çəhrayı rəngli alt tumanında qanabənzər ləkələr, 01 ədəd ağ rəngli köynəkdə qanabənzər ləkələr vardır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli “ifadənin yerində yoxlanılması protokolu” və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaqa əvvəl verdiyi ifadəsində göstərdiyi xüsusatları, haqqında danışdığı şəraiti və yerləri zərərçəkmiş şəxs - arvadı X6 ilə mübahisə etdiyi yeri, hadisəni törətdiyi yeri və hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli 1190 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə müayinə vaxtı “yüngül dərəcəli alkoqol sərxoşluq vəziyyətində olmuşdur. (Qanda spirtin miqdarı 0,385 promillə). Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizasının 16 sentyabr 2024-cü il tarixli, 727 nömrəli rəydən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ sarğı nahiyəsində 2 ədəd, sol sağrı nahiyəsində 1 ədəd kəsilmiş-deşilmiş yaralar, peritonarxası nahiyəyə nüfuz edərək sağ çanaq dibi arteriya və venoz damarların zədələnməsi, peritonarxası nahiyənin iri həcmli hematoması ilə sağ aralıq nahiyəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası deşicikəsici alət (alətlər) ola bilsin bıçaq təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcələrinə görə; a) sağ sarğı nahiyəsində 2 ədəd, sol sağrı nahiyəsində 1 ədəd kəsilmiş-deşilmiş yaraları ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər; b) peritonarxası nahiyəyə nüfuz edərək sağ çanaq dibi arteriya və venoz damarların zədələnməsi, peritonarxası nahiyənin iri həcmli hematoması ilə sağ aralıq nahiyəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası isə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Cinayət işininin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan Ağcabədi RİHB-nin Hüsülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 18 sentyabr 2024-cü il tarixli 543 №li arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Hüsülü kəndində qeydiyyatda olmaqla yaşamış və müsbət xarakterizə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Daxili İşlər Nazirliyi BƏSİİ-dən verilən xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Bərdə RPŞ-dən verilən xx.xx.2024-cü il tarixli 240300125№li əməliyyat tapşırığına cavab məktubundan tarixli saylı məktubdan görünür ki, ünvan 1 ünvanında kirayədə yaşayan X6 09 sentyabr 2024-cü il tarixdə saat 02 radələrində həyat yoldaşı Təqsirləndirilən şəxs tərəfindən sağrı nahiyyəsindən bıçaqlanaraq xəsarət almış, hadisənin baş verməsinə əsas səbəb ailə daxili məsələlərdən yaranmış mübahisə olmuş, hadisə evinin daxilində olmuş hadisə vaxtı ətrafda kənar şəxslərin olmamışdır. Hadisə zamanı istifadə olunmuş alətin və ya vasitənin yerinin müəyyən edilməsi istiqamətində isə müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan TƏBİB Ağcabədi RMX PHŞ-dən verilən 25 sentyabr 2024-cü il tarixli 18-1-23/2-1087/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağcabədi RMX” PHŞ-nin Konsultativ Poliklinika şöbəsində narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatında deyildir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 680 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs DİSSOSİATİV KONVERSİON POZUNTU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F44.8 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, cinayət hadisəsi törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan məhkəmə-tibbi kriminalistik ekspertizasının 01 noyabr 2024-cü il tarixli, 511-MTKŞ/2024 saylı rəydən görünür ki, ekspertizaya təqdim edilmiş X4 məxsus şortikin arxa səthində dörd ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) ola bilsin bıçağın təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş X4 məxsus şortikin arxa ön səthində aşkar edilmiş dörd ədəd deşilmişkəsilmiş zədələrin xətti ölçüsünə görə demək olar ki, iz törədən alətin (bıçağın tiyəsinin) eni daxil olma səviyyəsində 3,0 sm-ə yaxın ola bilər. Ekspertizaya təqdim edilmiş X4 məxsus köynək və alt tumanı üzərində zədə və zədə izləri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmdə araşdırlan Bərdə rayon Məhkəməsinin hakimi Fərman Abdullayev tərəfindən xx.xx.2024-cü il tarixli 4(021)-128/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 30 oktyabr 2024-cü il tarixli, №722/2024-MTBŞ rəyindən görünür ki, X2 AB0 sistemi üzrə qan qrupu A/İİ/-dir. Ekspertizaya təqdim edilmiş X4 məxsus köynək, şort və tuman üzərində insan qanı ləkələri aşkar edilmişdir. Bu ləklərdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda A və H antigentləri alınmışdır. Bu qan ləkələri A-beta(H)/İİ/ qruplu şəxsə, o cümlədən X4 məxsus ola bilər (əgər onun qanında müşayətçi H antiqeni vardırsa). İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş zərər çəkmiş şəxs X2 əynində olan 01 ədəd yaşıl rəngli şort, 01 ədəd açıq çəhrayı rəngli alt tumanı və 01 ədəd ağ rəngli köynək maddi sübut kimi tanınaraq Bərdə RPŞ-də məsul saxlanca verilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə əvvəkli nikahından olan azyaşlı övladı olmasını bildirsə də, elektron məhkəmə informasiya sistemində ailə üzvləri və qohumluq məlumatları qrafasında ancaq hazırkı iş üzrə zərərçəkmiş şəxs olan arvadı Aysel Süleymanova qeyd edildiyinə görə məhkəmə şəxsin himayəsində azyaşlı övladı olmasını yüngülləşdirici hal kimi qəbul etmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Aysel Süleymanova təqsirləndirilən şəxslə barışmış, ona dəymiş maddi ziyan ödənilmişdir və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan AZ İİ №548063 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxslə Aysel Süleymanova arasında xx.xx.2022-ci ildə bağlanmış nikah Bakı 5 saylı Asan Xidmət Mərkəzində 5281№ ilə qeydə alınmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs Aysel Süleymanova təqsirləndirilən şəxslə barışmışdır və onun tutulmasını istəmir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan tərəflərin ifadələri, ekspertiza rəylərini, hadisə yerinə baxış ifadənin yerində yoxlanması istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi var, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini ona dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxsin onda şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və əvvəllər məhkum edilməməsini, psixi xəstəlikdən əziyyət çəkməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin şəxsiyyətini və əməlin ictimai təhlükəliliyinin nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə tətin ediləcək azadlıqdan məhrumetmə cəzasının şərti olaraq olaraq tətbiq edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məhkumun islah edilməsi və digər vəzifələrinin yerinə yetirilməsi mümkündür. Məhkəmənin həmin nəticəyə gəlməsinə əsaslar isə təqsirləndirilən şəxsin barəsində istintaq orqanının təşəbbüsü ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilməsi, təqsirləndirilən şəxsin cinayət hadisəsindən sonra zərərçəkmiş şəxslə ailə münasibətlərini bərpa etməsi, ər-arvad kimi bir yerdə yaşamaları, zərərçəkmiş şəxsin həm məhkəməyə qədər həm də məhkəmə baxışında qəti olaraq təqsirləndirilən şəxslə barışması və dəymiş ziyanın ödənilməsi barədə verdiyi şifahi, yazılı və notarial qaydada ifadə olunmuş iradə ifadəsi (ərizələr) olmuşdur. Məhkəmə qeyd edilən qənaətə gələrkən eynixarakterli əməllərə yol vermiş digər şəxslərlə münasibətdə təqsirləndirilən şəxsin məhkəmə baxışındakı davranışını, törətdiyi əmələ tənqidi münasibətini və səmimi peşmanlığını da nəzərə almışdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin psixi xəstəlikdən əziyyət çəkməsinin işin mübahisə edilməyən halı olmaqla bərabər onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə zərurət olmadığını, eləcə də ittiham tərəfinin cəza təyinində təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi ilə bağlı mövqeyini də nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, hazırda baxılan iş üzrə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi, işin faktiki halları, törədilmiş əməlinin ictimai təhlükəliliyi və xarakteri ilə mütənasib olmaqla yanaşı sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah olunması, cəzanın ümumi və xüsusi xəbərdaredici funksiyası ilə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı hədd cəza təyin edilməklə və həmin cəzanı şərti olaraq tətbiq edilməklə cəzanın cinayət qanununda nəzərdə tutulan məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.20217-ci il tarixli, 2668 №li sərəncamı ilə məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutması, cəzanın təyin edilmə əsaslarına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmək tövsiyyə edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən halların olması, ağırlaşdıran halın ümumiyyətlə olmaması, həmçinin ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi, cəzanın əsas məqsədi olan şəxsin islah olunması ilə zidd olmaqla yanaşı, psixi xəstəliyinin şiddətlənməsinə də mənfi təsir edə bilər. Yuxarıda qeyd edilənləri məhkəmə, Təqsirləndirilən şəxs artıq islah yoluna qədəm qoyması kimi qiymətləndirmiş və onun cəmiyyətdən təcrid edilməsinin zəruri olmadığı qənaəti formalaşmışdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də cəzanı real olaraq çəkmədən və cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti ilə şərti hesab edilməsini qanuni, əsaslı və məqsədəmüvafiq hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını da məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, onun üzərinə davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Bununla belə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsində saxlanılan Zərərçəkmiş şəxs X4 məxsus 01 ədəd yaşıl rəngli şort, 01 ədəd açıq-çəhrayı rəngli alt tumanı və 01 ədəd ağ rəngli köynək zərərçəkmiş şəxsə qaytarılsın, qəbul etmədikdə isə məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarətin həyata keçirilməsi onun yaşadığı yer üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Bərdə rayon Polis Şöbəsində saxlanılan zərərçəkmiş şəxs X4 məxsus 01 ədəd yaşıl rəngli şort, 01 ədəd açıq-çəhrayı rəngli alt tumanı və 01 ədəd ağ rəngli köynək zərərçəkmiş şəxsə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar