Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-356/2025 13.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Qasımov Zaur Zabil oğlunun, zərərçəkmiş şəxs Xasaylı Şirazi Niyazi oğlunun, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Məmmədov Rihat Tahir oğlunun və təqsirləndirilən şəxs Bəhrəmli Sabir Fəxri oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 27.06.2007-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Qullar kəndində qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş - Bəhrəmli Sabir Fəxri oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Bəhrəmli Sabir Fəxri oğlu 29 aprel 2024-cü il tarixdə, saat 22:00-da Bərdə rayonu Qullar kəndi ərazisində yerləşən qəbiristanlığın içərisində tanışı, 12.04.2008-ci il təvəllüdlü Xasaylı Şirazi Niyazi oğlu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Şirazi Xasaylının onun ünvanına nalayiq ifadələr işlətməsindən əsəbiləşib, əvvəlcədən özü ilə gətirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağı ilə Şirazi Xasaylının döş qəfəsinin sol yan divarına qəsdən bir dəfə zərbə vuraraq, sonuncunun sağlamlığına döş qəfəsinin sol yan divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, travmatik pnevmotoraks xəsarətləri ilə müşayiət edilən dərəcələrinə görə ümumilikdə törənmə anında insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Bəhrəmli Sabir Fəxri oğlu özünü həmin cinayət hadisəsində tam təqsirli bildiyini deyərək ifadəsində göstərmişdir ki, subaydır, əvvəllər məhkumluğu olmamışdır. Hadisə baş verməmişdən əvvəl zərərçəkmiş şəxs Xasaylı Şirazi Niyazi oğlu ilə şəxsi münasibətlər zəminində mübahisələri olsa da, o bu mübahisələrin baş verməməsi üçün həmin mübahisələrdən kənar gəzmişdir. Daha sonra 2024-cü ilin aprel ayında, saat 22:00-da Xasaylı Şirazi mobil telefon vasitəsilə ona zəng edərək, onunla söhbət etmək istədiyini və bunun üçün Bərdə rayonu Qullar kənd qəbiristanlığına gəlməsini istəmişdir. O, Şirazinin onu gecə saatlarında Qullar kənd qəbiristanlığına çağırmağından qorxduğu üçün üzərində zavod istehsalı, soyuq silah hesab edilməyən cib bıçağını da götürmüşdür. Bundan sonra O, Bərdə rayonu Qullar kənd qəbiristanlığına getmiş və Şirazi ilə orada görüşmüşlər. Şirazi onu görən ilk dəqiqədən onunla kobud danışmış və onu nalayiq ifadələrlə təhqir etmişdir. O, Şiraziyə onu təhqir etməsinə görə öz iradını bildirmiş və cibindən bıçağı çıxararaq ona yaxın gəlməməsi barədə xəbərdarlıq etsə də, əksinə Şirazi yenidən onu təhqir edərək, hünəri çatırsa bıçaqla vurmasını istəmişdir. O, Şirazinin ona nəsə etməyindən qorxub cibində olan bıçağı çıxararaq, nizamsız olaraq hərəkət etdirmiş, bu vaxt Şirazi yana doğru çevrilmiş və bıçaq təsadüfən Şirazinin kürək nahiyyəsinə dəymişdir. O, Şirazini bıçaqla vurmaq istəməmiş, sadəcə qorxutmaq istəmişdir. Şirazinin yaralandığını gördükdən sonra ona köməklik etmək istəsə də, Şirazi təkidlə onun həmin yerdən kənarlaşmasını istəmiş, o da həmin yerdən uzaqlaşmışdır. Onun Xasaylı Şirazini öldürmək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs Bəhrəmov Fəxri Sabir oğlu verilən sullara cavab olaraq bildirmişdir ki, əvvəllər Şirazi ilə onun arasında olan mübahisənin yaranmasına səbəb guya onun Şirazinin arxasınca danışması və digər anlaşılmazlıqlar olmuşdur. Eyni zamanda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Xasaylı Şirazi Niyazi oğlu ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Bəhrəmli Sabir Fəxri oğlu ilə münasibətləri hadisədən qabaq yaxşı olmamış, Sabirin bəzi-bəzi adamların yanında onun arxasınca danışdığını eşitmişdir. Bundan sonra xatırlamadığı tarixdə axşam saatlarında Sabir Bəhrəmliyə mobil telefon vasitəsi ilə zəng edərək, görüşüb söhbət etmək üçün onu Bərdə rayonu Qullar kənd qəbiristanlığına çağırmışdır. O, Sabir Bəhrəmli ilə Bərdə rayonu Qullar kənd qəbiristanlığında görüşdükdən sonra aralarında mübahisə yaranmış və yaranmış mübahisə nəticəsində Sabir ona bıçaqla zərbə edirmişdir. Sabir onu bıçaqla vurduqdan sonra kömək etmək istəsə də, lakin o Sabirdən təkidlə həmin yerdən kənarlaşmasını istəmişdir. Bundan sonra dostuna zəng edərək, bıçaqla vurulduğunu və onun yanına gələrək ona köməklik etməsini bildirmişdir. O, Bəhrəmli Sabir Fəxri oğlu ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs Xasaylı Şirazi Niyazi oğlu verilən sullara cavab olaraq bildirmişdir ki, ilk öncə o Sabirə zəng edərək Bərdə rayonu Qullar kənd qəbiristanlığına görüşə çağırmışdır. Sabir Bəhrəmli ona 1 dəfə bıçaqla zərbə endirmiş, həmin zərbədən sonra Sabir köməklik göstərmək istəsə də, o Sabirə təkidilə hadisə yerindən kənarlaşmasını demişdir. Sabir getdikdən sonra o dostu Əli Ağayevə zəng edərək bıçaqlandığını bildirib, dostundan ona köməklik göstərməsini istəmişdir. Əli Ağayev hadisə yerinə gələrək, ona köməklik göstərmişdir. O, təqsirləndirilən şəxs Bəhrəmli Sabir Fəxri oğlu ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əlavə olaraq Sabir Bəhrəmliyə cəza təyin edilərkən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bəhrəmov Fəxri Sabir oğlu ifadəsində göstərmişdir ki, 2024-cü ilin aprel ayında dəqiq xatırlamadığı vaxtda həmkəndlisi Hafiz Şəmsəddinov onun mobil telefonuna zəng edərək, oğlu Sabirin həmkəndliləri Xasaylı Şirazi Niyazi oğlu ilə mübahisələrinin yarandığını və yaranmış mübahisə nəticəsində Sabirin Xasaylı Şirazini bıçaqla vurduğunu bildirmişdir. Hafiz Şirazinin Bərdə rayon Mərkəzi Xəstəxanasında olduğunu da bildirmişdir. O da Bərdə rayon Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxanada olarkən Bərdə RPŞ-dən ona zəng edərək, oğlu Sabiri polis şöbəsinə təhvil verməsini bildirmişlər. Bundan sonra o, Sabiri Bərdə RPŞ-nin əməkdaşlarına təhvil vermişdir. Şahid Bəhrəmov Fəxri Sabir oğlu verilən suallara cavab olaraq bildirmişdir ki, Bərdə RPŞ-dən ona zəng gəldikdən sonra Sabirə zəng etmiş və evdən çıxmamasını bildirmişdir. O, xəstəxanada olduğu üçün polis əməkdaşları Sabiri evdən götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ələkbərov Niyazi Xasay oğlu ifadəsində göstərmişdir ki, iş üzrə təqsirləndirilən şəxs Bəhrəmli Sabir Fəxri oğlu və onun atası Bəhrəmov Fəxri Sabir oğlu ilə həmkəndlidirlər, eyni zamanda Sabir Bəhrəmli, oğlu Şirazi ilə eyni məktəbdə oxuyur. Onların əvvəllər aralarında olan mübahisə barədə onun məlumatı olmayıb. O, Sabirin Şirazini bıçaqladığı zaman işdə olmuşdur. O, işdə olan vaxt mobil telefonuna zəng gəlmiş və telefonda ona Sabir Bəhrəmli ilə oğlu Şirazinin arasında mübahisə yarandığını, yaranmış mübahisə nəticəsində Sabirin, oğlu Şirazini bıçaqla vurduğunu və Şirazinin xəstəxanada olduğunu demişlər. Daha sonra o, Bərdə rayon Mərkəzi Xəstəxanasına getmişdir. Əlavə olaraq hadisəni görmədiyini, eyni zamanda təqsirləndirilən şəxslə barışıq əldə etdiklərini bildirmişdir. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə şahid qismində dindirilmiş Ağayev Əli Heydər oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Ağayev Əli Heydər oğlu ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə Bərdə rayonu Bala Qəcər kəndində yaşayır. Xasaylı Şirazi Niyazi oğlu onun həmkəndlisidir. Şirazi Xasaylı ilə aralarında ədavət və ya düşmənçilik olmamışdır. Bərdə rayonu Qullar kənd sakini Bəhrəmli Sabir Fəxri oğlunu tanımamış, hər hansı münasibəti olmamış, həmçinin onun baş vermiş hadisə ilə bağlı sonradan məlumatı olmuşdur. Belə ki, 29.04.2024-cü il tarixdə saat 22 radələrində yaşadığı kənd ərazisində olarkən Şirazi Xasaylı mobil telefonuna zəng etmiş və təlaşlı halda Sabirin onu bıçaqla vurmasını, kəskin qan itirməsini bildirib, onun yanına getməyini istəmişdir. O, Şirazidən harada olmasını dəqiqləşdirib dərhal idarə etdiyi özünə məxsus “Mercedes Benz E250” markalı 09-BV-414 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bərdə rayonu Qullar kənd qəbiristanlığına getmişdir. O, Şirazinin yanına çatanda Şirazi qan içərisində yerdə uzanmışdır. Şirazidən nə baş verməsini soruşduqda Şirazi aralarında olan şəxsi münasibətlər zəminində Bərdə rayonu Qullar kənd sakini Sabirin ona bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. O, orada olanda dostu Ruslanın atası Hafizdə yanlarına gəlmişdir. Bundan sonra onlar Şirazini dərhal idarə etdiyi minik avtomobili ilə Bərdə müalicə və diaqnostika mərkəzinə aparmışlar. Orada Şiraziyə ilkin tibbi yardım göstərilmişdir. Sonradan ona məlum olmuşdur ki, baş vermiş hadisə Bərdə rayonu Qullar kənd qəbiristanlığının ərazisində olmuşdur. Həmin vaxt Sabir Bəhrəmli ilə Şirazi Xasaylının arasında yaranmış şəxsi münasibətlər zəminində Sabir Şirazini bıçaq ilə kürək nahiyəsindən vurmuşdur. Məhkəmə iclasında, cinayət prosesi tərəflərinin iştirakı ilə şahid qismində dindirilmiş Şəmsəddinov Hafiz Baloğlan oğlunun ibitidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şəmsəddinov Hafiz Baloğlan oğlu ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə Bərdə rayonu Bala Qəcər kəndində yaşayır. Xasaylı Şirazi Niyazi oğlu onun həmkəndlisidir, həmdə oğlu Ruslanın dostudur. Şirazi Xasaylı ilə arasında ədavəti və ya düşmənçiliyi olmamışdır. Bərdə rayonu Qullar kənd sakini Bəhrəmli Sabir Fəxri oğlunu tanımamış, hər hansı münasibəti olmamış, həmçinin onun hadisə ilə bağlı sonradan məlumatı olmuşdur. Belə ki, 29.04.2024cü il tarixdə saat 22 radələrində yaşadığı kənd ərazisində olarkən Şirazi Xasaylı mobil telefonuna zəng etmiş və təlaşlı halda Sabirin onu bıçaqla vurmasını, kəskin qan itirməsini bildirib, onun yanına gəlməyini istəmişdir. O, Şirazidən harada olmasını dəqiqləşdirib Bərdə rayonu Qullar kənd qəbiristanlığına getmişdir. O, Şirazinin yanına çatanda Şirazi qan içərisində yerdə uzanmış və yanında dostu Əli Ağayev də olmuşdur. O, Şirazidən nə baş verməsini soruşduqda Şirazi aralarında olan şəxsi münasibətlər zəminində Bərdə rayonu Qullar kənd sakini Sabirin ona bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra onlar Şirazini dərhal Əli Ağayevin idarə etdiyi ona məxsus “Mercedes Benz E250” markalı 09-BV-414 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bərdə müalicə və diaqnostika mərkəzinə aparmışlar. Orada Şiraziyə ilkin tibbi yardım göstərilmişdir. Sonradan ona məlum olmuşdur ki, baş vermiş hadisə Bərdə rayonu Qullar kənd qəbiristanlığının ərazisində olmuşdur. Həmin vaxt Sabir Bəhrəmli ilə Şirazi Xasaylının arasında yaranmış şəxsi münasibətlər zəminində Sabir Şirazini bıçaq ilə kürək nahiyəsindən vurmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 sentyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Bəhrəmli Sabir Fəxri oğlu Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Bəhrəmli Sabir Fəxri oğlu MSY-dən azad edilmiş və onun barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 aprel 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bəhrəmli Sabir Fəxri oğlu Xasaylı Şirazi Niyazi oğluna Bərdə rayonu Qullar kəndi ərazisində yerləşən qəbiristanlıqda qəsdən ağır xəsarət yetirmişdir. Hadisə yerində istintaq üçün əhəmiyyətli hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 30 aprel 2024-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Bəhrəmli Sabir Fəxri oğlu cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd dəstəyi qara rəngli, üzərində qan ləkələri olan bıçağı istintaqa təqdim etdiyi üçün müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 may 2024-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs Xasaylı Şirazi Niyazi oğlu hadisə baş verən zaman əynində olmuş üzərində qan ləkələri və bıçaq xəsarəti izi olan 01(bir) ədəd tünd rəngli koftanı istintaqa təqdim etdiyi üçün müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxs Xasaylı Şirazi Niyazi oğlunun barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin 16.05.2024-cü il tarixli T425/2024 saylı rəyindən görünür ki, Vətəndaş Ş.N.Xasaylıda döş qəfəsinin sol yan divarının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, travmatik pnevmotoraks olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gələ bilərdi, törənmə müddəti 29.04.2024-cü ilə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Vətəndaş Ş.N.Xasaylının bədən səthində olan xəsarətin xarakteri və lokalizasiyası onun özü tərəfindən deyil, kənar şəxs tərəfindən yetirilməsinə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi kriminalistik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin 28.10.2024-cü il tarixli, 509/MTKŞ-2024 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş Xasaylı Şirazi Niyazi oğluna məxsus qısaqol koftanın arxa səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. –Xasaylı Şirazi Niyazi oğluna məxsus qısaqol koftanın arxa səthinin sol yarısında olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. –Xasaylı Şirazi Niyazi oğluna məxsus qısaqol koftanın sol çiyin nahiyyəsində bir ədəd sökülmüş-cırılmış zədə, arxa səthinin sağ yarısında iki ədəd, arxa səthinin sağ yarısında üç ədəd, koftanın sağ qolunun arxa səthində bir ədəd cırılmış zədə var. Bu zədələr küt yaranma mexanizminə malikdir, paltarın həmin hissələrinin dartılması nəticəsində törənmişlər. –Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin 31.10.2024-cü il tarixli 724/2024-MTBŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 1.Xasaylı Şirazi Niyazi oğlunun ABO sistemi üzrə qan qrupu göstəricisi: A(II) /şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. 2.Ekspertizaya təqdim edilmiş Ş.N.Xasaylıya məxsus bir ədəd qısaqol kofta və bir ədəd qatlanan bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” antigeni, həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta(II) qruplu şəxsə, o cümlədən Xasaylı Şirazi Niyazi oğluna məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bəhrəmli Sabir Fəxri oğlunun barəsində təyin edilmiş məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Gəncə Regional Ambulator Şöbəsinin 14.11.2024-cü il tarixli 852 nömrəli rəyindən görünür ki, Bəhrəmli Sabir Fəxri oğlu cinayət hadisəsi törədərkən öz hərəkətlərini ölçüb-biçmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Bəhrəmli Sabir Fəxri oğlunun əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq (əqli cəhətdən geri qalma və ləngimə halları) və psixi xəstəlik keçirməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əməliyyat tapşırığına cavabdan görünür ki, 29 aprel 2024-cü il tarixdə saat 22 radələrində Bərdə rayonu Qullar kəndi ərazisində yerləşən qəbiristanlıqda Bəhrəmli Sabir Fəxri oğlu ilə tanışı Xasaylı Şirazi Niyazi oğlu arasında baş vermiş hadisə vaxtı digər şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Bundan başqa keçirilmiş-əməliyyat tədbirləri zaman Bəhrəmli Sabir Fəxri oğlunun cinayətin törədilməsində istifadə etdiyi bıçağı yaşadığı evdən götürməsi, həmin şəxslərin əvvəllər aralarında narazılıqların olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon Şirvanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndliyindən verilmiş 19.11.2024-cü il tarixli, 925 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Bəhrəmli Sabir Fəxri oğlu Bərdə rayonu Qullar kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20 sentyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Bəhrəmli Sabir Fəxri oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 oktyabr 2024-ci il tarixli zərərçəkmiş şəxs Xasaylı Şirazi Niyazi oğlu tərəfindən verilmiş və notoriat qaydasında təsdiq olunmuş ərizədən görünür ki, Bəhrəmli Sabir Fəxri oğlu tərəfindən ona dəymiş ziyanı tamamilə ödənmiş və o, Bəhrəmli Sabir Fəxri oğlu ilə barışmışdır. Buna görə də, onun Bəhrəmli Sabir Fəxri oğlundan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Bərdə rayon Polis Şöbəsinə məsul saxlanca verilmiş hadisə zamanı zərərçəkmiş şəxs Xasaylı Şirazi Niyazi oğlunun əynində olmuş üzərində qan ləkələri olan 01(bir) ədəd qısaqol kofta və Bəhrəmli Sabir Fəxri oğlunun cinayətin törədilməsində istifadə etdiyi 01(bir) ədəd dəstəyi qara rəngli bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Bəhrəmli Sabir Fəxri oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Odur ki, Bəhrəmli Sabir Fəxri oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işinin materiallarından görünür ki, Bəhrəmli Sabir Fəxri oğlu yetkinlik yaşına çatmayan şəxsdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Bəhrəmli Sabir Fəxri oğlunun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Bəhrəmli Sabir Fəxri oğlunun zərər çəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, yetkinlik yaşına çatmamasını, onun ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsini, zərər çəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bəhrəmli Sabir Fəxri oğlunun əməlində bu Məcəllənin 59.1.8, 59.1.12—59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyacan (affekt) vəziyyətində törədilməsi, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə çəzasının yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bəhrəmli Sabir Fəxri oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 85-ci və 60-cı maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar qrupuna aid edilərkən, qanunvericilik həmin şəxslərin kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərə görə tətbiq olunan cəza növü Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 29 noyabr 1985-ci ildə qəbul etdiyi «Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Mini Standart Qaydaları»na («Pekin qaydaları») uyğun olduğu üçün, məhkəmə yetkinlik yaşına çatmayanın işi üzrə qəbul etdiyi qərarın və seçdiyi təsir tədbirinin təkcə işin hallarının hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipinə deyil, həm də yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğun olmasını da rəhbər tutur. Əgər yetkinlik yaşına çatmayanın əməli hər hansı bir əsaslı səbəb olmadan başqası üzərində zor tətbiq etməklə bağlı deyildirsə və ya yetkinlik yaşına çatmayan dəfələrlə ciddi hüquq pozuntusuna yol verməmişdirsə, onun barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməməlidir. Uşaq hüquqlarının və azadlıqlarının müdafiəsi, ədalət mühakiməsinin yetkinlik yaşına çatmayanların mənafelərinin qorunmasına yönəldilməsi barədə «Pekin qaydaları»nın əsas müddəaları «Uşaq hüquqları haqqında» Bəyənnamənin, Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixli Konvensiyasının, eyni zamanda «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun və digər bu sahədə qəbul edilmiş çoxsaylı beynəlxalq aktlarında öz əksini tapmışdır. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 saylı Qərarın 1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan şəxslər barədə ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belələri haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanuna zidd əməlinin xarakterinə uyğunluq təşkil etməli, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi onların barəsində ədalətli cəzaların təyin edilməsinə, yetkinlik yaşına çatmayan şəxs tərəfindən yeni cinayətlərin törənməsinin qarşısının alınmasına, həmçinin həmin cinayəti doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 435.4.2-ci maddəsində isə göstərilir ki, yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Həmin Məcəllənin 435.4.3-cü maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrar törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmçinin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla birlikdə nəzərə alınır. Qeyd edilənlərə əsasən məhkəmə Bəhrəmli Sabir Fəxri oğluna cəza təyin edərkən onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olmasını, təqsirləndirilən şəxs Bəhrəmli Sabir Fəxri oğlunun cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, onun cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini və hazırda da yetkinlik yaşına çatmayan şəxs olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyacan (affekt) vəziyyətində törətməsini, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, hazırda orta məktəbdə oxumasını, zərərçəkmiş şəxsin onunla barışaraq ona qarşı hər hansı bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxs Bəhrəmli Sabir Fəxri oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Bəhrəmli Sabir Fəxri oğlunun cəmiyyətdən təcrid edilməsi təqsirləndirilən şəxsin özünü, onun ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər, onun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət edə bilməz. Odur ki, məhkəmə təqsirləndirilən şəxs Bəhrəmli Sabir Fəxri oğlunun cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd edilənlərə əsasən Bəhrəmli Sabir Fəxri oğlunun barəsində sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Bəhrəmli Sabir Fəxri oğlunun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və təhsil yerini dəyişməmək vəzifələri qoyulmalı, davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, təqsirləndirilən şəxs Bəhrəmli Sabir Fəxri oğlunun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, qeyd edilməlidir ki, cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Bəhrəmli Sabir Fəxri oğlu 13.09.2024-cü il tarixdən - 15.09.2024-cü il tarixədək, yəni 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarının 2 və 2.21-ci bəndlərində göstərilmişdir ki:
2. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin.....: 2.21. Qərarın 25-ci bəndinin birinci abzasında “bir və ya bir neçə növ” sözləri çıxarılsın və aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin: “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Məhkəmə qeyd edir ki, Bəhrəmli Sabir Fəxri oğlunun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə vurğulayır ki, Bəhrəmli Sabir Fəxri oğlunun barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, Bərdə rayon Polis Şöbəsinə məsul saxlanca verilmiş hadisə zamanı zərərçəkmiş şəxs Xasaylı Şirazi Niyazi oğlunun əynində olmuş üzərində qan ləkələri olan 01 (bir) ədəd qısaqol kofta və Bəhrəmli Sabir Fəxri oğlunun cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd dəstəyi qara rəngli bıçaq cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Bərdə rayon Polis Şöbəsinə məsul saxlanca verilmiş hadisə zamanı zərərçəkmiş şəxs Xasaylı Şirazi Niyazi oğlunun əynində olmuş üzərində qan ləkələri olan 01(bir) ədəd qısaqol kofta, qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli və Bəhrəmli Sabir Fəxri oğlunun cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd dəstəyi qara rəngli bıçaq məhv edilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Bəhrəmli Sabir Fəxri oğlunun hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Məmmədov Rihat Tahir oğlu həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxs Bəhrəmli Sabir Fəxri oğluna göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi Məmmədov Rihat Tahir oğlunun işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməldir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,
h ö k m e t d i:
Bəhrəmli Sabir Fəxri oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Bəhrəmli Sabir Fəxri oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və təhsil yerini dəyişməmək, həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Bərdə rayon Probasiya İdarəsinə həvalə edilsin. Bəhrəmli Sabir Fəxri oğlunun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Bəhrəmli Sabir Fəxri oğluna göstərilmiş 20 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Məmmədov Rihat Tahir oğlunun işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Bərdə rayon Polis Şöbəsinə məsul saxlanca verilmiş zərərçəkmiş şəxs Xasaylı Şirazi Niyazi oğlunun əynində olmuş üzərində qan ləkələri olan 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd ağ rəngli mayka və 01 ədəd qısa qol köynək, qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin və Bəhrəmli Sabir Fəxri oğlunun cinayətin törədilməsində istifadə etdiyi 01 (bir) ədəd dəstəyi qara rəngli bıçaq məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, xüsusi müsadirə edilməli olan əmlak yoxdur, ekspertiza xərci müəyyən edilməmişdir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.