Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-358/2021 10.12.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Samux rayon Çobanabdallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və ünvan dxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 26 iyul 2021-ci il tarixdə, saat 23 radələrində Samux şəhərində fəaliyyət göstərən “Qoşqar” şadlıq sarayında birgə işlədiyi həmkəndlisi Şahid2 oğluna toy məclisi keçirəcəyi ilə bağlı sonuncunun yaşadığı Samux rayonu, Çobanabdallı kəndində yerləşən evinin həyətində təşkil etdiyi yığıncaqda “kart” oyununda iştirak edərkən oyunun gedişi ilə bağlı ona iradını bildirib ünvanına nalayiq ifadələr işlədərək onu təhqir etmiş digər həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış olan mübahisəyə aydınlıq gətirmək üçün 27 iyul 2021-ci il tarixdə, saat 21 radələrində Samux rayonu, Çobanabdallı kəndində yerləşən Samux rayon İcra Hakimiyyəti başçısının Çobanabdallı kənd inzibati ərazi nümayəndəliyinin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxsla görüşüb söhbət edərkən aralarında qərəzli-şəxsi münasibətlər nəticəsində yaranmış mübahisə zamanı ondan qisas almaq məqsədilə özündə olаn, soyuq silah hesab edilməyən ümumi təyinatlı turist bıçağının kəsici-deşici hissəsi ilə sonuncunun döş qəfəsi və bədən nahiyələrinə qəsdən vuraraq ona sağ döş qəfəsi nahiyəsinin ön səthində, orta körpücük xətti üzrə İİ-İİİ qabırğa səviyyəsində 4,2x0,5sm ölçüdə çəhrayımtıl rəngli, yumşaq konsistensiyalı çapıq toxumadan, sağ döş qəfəsi nahiyəsində kürək xətti üzrə İİ qabırğaarası sahə səviyyəsində 3,8x0,5sm ölçüdə anoloji xarakterli çapıq toxumadan, sağ dirsək oynağı nahiyəsində 2,5x0,7sm, sağ bazu nahiyəsinin aşağı 3/1–nin arxa səthində 5,9x0,5sm ölçülərdə analoji xarakterli çapıq toxumadan, sağ əlin İİİ-İV barmaqlarında 2,0x1,0sm ölçülərdə eyni xarakterli çapıq toxumadan, döş qəfəsinin sağ yarısının ön səthinin nüfuz edən kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin sağ arxa səthinin nüfuzetməyən kəsilmiş-deşilmiş yarası, hemorrogik şok, hemotoraks, sağ qolun çoxsaylı yaralarından ibarət ümumilikdə yetirildiyi anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarət yetirməklə, qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, anası ilə birlikdə yaşayır və Samux şəhərində yerləşən “Qoşqar” şadlıq sarayında ofisiant işləmişdir. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə getmiş, 27.09.2020-ci il tarixdə 44 günlük Vətən Müharibəsi başlayan zaman o, həqiqi hərbi xidmətdə olmuş və oradan müharibəyə getmişdir. Füzuli və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, bununla bağlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və “Vətən müharibəsi” zamanı gedən döyüşlərdə fəal iştirak etdiyinə görə fəxri fərman, həmçinin medallarla təltif edilmiş, 04.04.2021-ci il tarixdə isə həqiqi hərbi xidmətdən qayıtmışdır. Zərərçəkmiş şəxs onun kəndçisidir, aralarında heç vaxt ədavət və düşmənçilik olmamışdır. 26 iyul 2021-ci il tarixdə axşam saat 23 radələrində o, “Qoşqar” şadlıq sarayından işdən çıxan zaman kəndçisi Sahil Ayaza zəng edərək sabah, yəni 27.07.2021-ci il tarixdə oğlunun kiçik toyu olacağını və toyqabağı evin həyətində kiçik yığıncaq keçirdiyi üçün onların hamısını həmin yığıncaqda iştirak etməyini xahiş etmişdir. Ayaz və Sahil “Qoşqar” şadlıq sarayında nəzarətçi işləyirlərmiş. Həmin günü, yəni 26.07.2021-ci il tarixdə axşam təxminən saat 23 radələrində o, Rəvan və Əli ilə işdən çıxıb Sahilgilə getmişlər. Sahil yaşadığı evin həyətində onlar gələn zaman onlara ayrıca stol açmış, o, uşaqlarla oturub yeyib içmiş, bir qədər keçmiş Ayaz da gəlmiş və onlarla oturmuşdur. O, Sahilgilə gedən zaman kəndçisi Xəyal orada olmuş, ancaq o, başqa stolda oturmuşdur. Xəyal oturduğu stolda uşaqlarla kart oynayırmış. Bir qədər keçmiş o da Xəyalgilin stolunda əyləşmiş və onlardan onun da oynamağını xahiş etmiş, onlar da etiraz etməmişlər. Həmin stolun ətrafında ilkin olaraq o, Samir, Xəyal, Ayaz olmuşdur. Kart oynayan zaman onun Şirəli ilə narazılığı olmuş və Xəyal onların oyununa müdaxilə etmişdir. O da Xəyala “sən kimsən ki, bizim aramızda olan işə qarışısan”demiş, bunun üstündə yüngülvari söz mübahisələri yaranmış və mübahisə gedən zaman Xəyal ona “xaxın evində qışqır-bağır salma, bu dəqiqə səni burdan qovacam” demişdir. O da Xəyala “sənin başın üçün deyil” deyə cavab vermişdir. Onlar puldan oynamamış, onların arasında mübahisənin yarandığını görən uşaqlar onları sakitləşdirməyə başlamış, ancaq Xəyal içkili olduğu üçün onunla mübahisə etməyə davam etmiş və mübahisə əsnasında ona “boynuyoğun” demişdir. O da Xəyala cavab verən zaman Xəyal stoldan ayağa qalxıb onun üzərinə gəlmiş, Xəyal onun üstünə gələn zaman o, Xəyalın onu vuracağını bilmiş, buna görə də Xəyal yaxınlaşan zaman o, əliylə onun sifət nahiyəsindən tutaraq kənara itələmişdir. Xəyal da geri çəkilib yenə onun üstünə gələn zaman uşaqlar Xəyalı yenə aralamış, həmin vaxt o, stolun üstündən şüşə araq butulkasını götürüb stolun üstündə qıraraq Xəyal ona yaxınlaşmasın deyə əlində saxlamışdır. Fikri Xəyalı qorxutmaq olmuşdur. Xəyal uşaqların əlindən çıxıb onun üstünə gələn zaman o, əlində olan şüşə qırığını ona tərəf atmış, ancaq Xəyala dəyib-dəymədiyini bilməmişdir. Xəyal içkili olduğu üçün uşaqlar ona çıxıb getməsini bildirmişlər. O da mübahisəni dayandırıb Sahilgildən çıxaraq asfalt yolla evinə tərəf getməyə başlamışdır. Bir qədər getdikdən sonra Xəyal arxa tərəfdən onu çağırmış, o da dayanıb onu gözləmiş, Xəyal ona çatan zaman əli ilə sinəsindən tutub əynində olan koftanı dartaraq cırmışdır. Ancaq o, yenə Xəyalı yola verməyə çalışmışdır ki, aralarında dava olmasın. Sonra Xəyalla üzbəüz dayanan zaman Xəyal yumruqla onun sinəsindən vurmuş, ancaq yenə də o, Xəyalı vurmamışdır. Xəyal onunla mübahisə edən zaman kəndliləri İlqar ora gələrək Xəyalı ondan aralamış, İlqar Xəyalı ondan aralayandan sonra o, yenə yoluna davam etmişdir. Xəyalla aralarında olan mübahisə kənddə yerləşən su artezianının qarşısında olmuşdur. O, Xəyaldan təxminən 200-300 metr aralaşdıqdan sonra Xəyal yenə tək piyada onun arxasınca gəldiyini görmüşdür. Həmin vaxt o, kəndlisi Müşfiqin mağazasının qarşısında olmuş, onunla bərabər Ayaz, Əli və Aqşin olmuşdur. Xəyal ona çatan zaman Ayaz onun qabağına çıxaraq onu saxlamış, Xəyalı geriyə yola salmış, o da çıxıb evinə getmişdir. 27.07.2021-ci il tarixdə, axşam saat 18 radələrində o, yenə işləmək üçün “Qoşqar” şadlıq sarayına getmiş, orada Xəyalın da toya gəldiyini eşidib işdən çıxıb evə gəlmişdir. Axşam saat 21 radələri o, kənddə yerləşən “Raminin çayçısı” adlanan çayxanaya qardaşı Tofiqin yanına getmişdir. Çayxananın həyətinə daxil olan zaman kəndçisi Təkamil ondan xahiş etmişdir ki, qardaşına desin ki, onun oturduğu stola çay versin. O da qardaşına gedib çay deyən zaman onu arxa tərəfdən Xəyal “gəl bura əə” deyərək çağırmış, o da arxaya çönüb baxan zaman onun da çayxananın həyətində olduğunu görmüşdür. Xəyal bu sözü deyib ona tərəf gəlmiş, Xəyal ona çatan zaman sağ əlini onun boynuna qoymuş və onlar yerli icra nümayəndəliyinin qarşısına tərəf söhbət edə-edə getmişlər. İcra nümayəndəliyinin inzibati binasının yaxınlığında Xəyal ona “dünən qızmışdın” demiş, o da Xəyala əlini aşağı salmasını bildirmişdir. O Xəyalın artıq onunla mehriban danışmadığını görüb, fikirləşmişdir ki, ondan qisas almaq istəyir və Xəyalın nəsə ilə vuracağını düşünmüşdür. O, Xəyalın ona söyüş söydüyünə və yenə mübahisə etdiyini görüb şalvarının sağ cibinə qoyduğu bağlı vəziyyətdə olan bıçağı sağ əliylə cibindən çıxardaraq düyməsini açıb Xəyalın sağ çiyin nahiyəsinə bir dəfə qəsdən vurmuş, məqsədi Xəyalın ondan əl çəkməyini istəməyi olmuşdur, həm də onun ona söyüş söydüyü üçün heyfini çıxmaq olmuşdur. O, Xəyalı bıçaqla vuran zaman Təkamil onlardan təxminən 10 metr aralıda olmuş, o, onların yanına gəlmiş, ancaq Təkamilün onun tərəfindən Xəyalı vurmağını görüb görmədiyini bilməmiş, Təkamil onların yanına gələn zaman artıq Xəyalı bıçaqla vurmuşdur. O, Xəyala bıçaqla xəsarət yetirəndən sonra Xəyal yerindəcə durub qalmış, belə ki, o, Xəyalın yanında dayanmış, bu zaman Təkamil yanlarına gəlmiş, o, Təkamilə Xəyala yardım etməsini demişdir. Xəyalın əynində olan koftası qana bulaşmışdır. Həmin vaxt o, çox qorxmuşdur. Təxminən 1-2 dəqiqə orada dayandıqdan sonra bıçağı özüylə götürüb evinə tərəf qaçmışdır. Kənd uşaqları Xəyalın başına yığlışmışdır. O, fikirləşmişdir ki, Xəyal ölüb edər deyə telefonla 103 xidmətinə zəng etmişdir ki, Xəyala gəlib köməklik etsinlər. Bir qədər keçmiş təcili tibbi yardım avtomobili gəlib Xəyalı xəstəxanaya aparmışdır. Bundan sonra o, bıçağı qonşunun tövləsinin arxa tərəfindən keçən küçəyə doğru atmışdır. Həmin vaxt qərara gəlmişdir ki, anasına desin, buna görə də evə gedib bu barədə anasına demiş və ondan xahiş etmişdir ki, zəng edib dayısına desin. Dayısına zəng etdikdən sonra polis əməkdaşları ona zəng etmişlər və o, onlarla kənddə görüşüb Samux rayon Polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq törətdiyi əməldən səmimi olaraq peşmançılıq çəkdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Samux rayon Çobanabdallı kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik olaraq fəhləçiliklə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun kəndçisidir, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 26.07.2021-ci il tarixdə qonşusu Sahilin oğlunun ciyər axşamında o, Əli, Samir, Sərxan və Amidlə birlikdə oturub yeyib içmişdir. Bir qədər keçmiş təxminən 23 radələrində Taleh də Sahilgilə gəlmişdir. Taleh başqa bir stolda oturmuşdur. Bir qədər uşaqlar kart oynamağa başlamışlar. Taleh də uşaqların kart oynadığını görüb onların olduğu stola gəlmişdir. Onlar həmin vaxt sadəcə olaraq kart oyunu oynayırlarmış. Taleh də onlardan xahiş etmişdir ki, bu da onlarla oynasın. Onlar da Talehin oynamağına etiraz etməmişdirlər. Oyun zamanı Talehlə Samir arasında narazılıq yaranmış, Taleh Samirlə söz mübahisəsi etməyə başlayaraq ünvansız söyüş söymüş, O da Talehə demişdir ki, “sən qıraqdan gəlib niyə xaxın qapısında söyüş söyürsən”. Ancaq Taleh ona heç fikir də verməmişdir. O yenə Talehə qayıdıb demişdir ki, “xaxın anası, bacısı var, söyüş söymə”. Bunun üstündə onlar arasında mübahisə yaranmış və mübahisə zamanı o, Talehə “yekəboyun” demiş, Talehin də onun bu sözünə açığı tutmuş və stolun üstündə olan araq şüşəsini götürüb sındıraraq üstünə gəlmiş, Taleh ona şüşə ilə vuran zaman sol əliylə Talehin əlini saxlayaraq ona üzündən bir-iki sillə vurmuş, o, Talehə sillə vurandan sonra Taleh Sahilgilin evinə keçmiş, uşaqlar Talehi evdən çıxardıb evlərinə yola salmışlar. Talehi həyət evinin darvazasından uşaqlar çıxardan zaman o,Talehlə yenə tutaşmış, o, Talehin yaxasından tutmuş, Taleh də onun yaxasından tutmuş, ancaq dalaşmamışlar. Taleh Sahilgildən çıxıb evlərinə gedən zaman o, Talehin arxasınca getmiş, Taleh Sahilgilin evindən təxminən 30-40 metr aralanmışdır. O, Talehə çatan zaman onunla üzbəüz dayanmış və onun yaxasından əli ilə tutub demişdir ki, “sən niyə məni şüşə ilə vururdun”. Taleh də ona demişdir ki, “ məni vurma yetim uşağam”. O da Talehə bir-iki sillə vuran zaman Taleh onun əlindən qaçmışdır. Taleh qaçan zaman əyinindəki kofta cırılmışdır. Taleh gedən zaman uşaqlar da onun arxasınca getmişdir. Bir qədər keçmiş Sahil ona demişdir ki, “Müşfiqin maqazini” adlanan mağazanın yanında Taleh uşaqlarla orada onları gözləyir və onlar deyirlərmiş ki, “biz ora gedib aramızda barışıq olsun”. O da etiraz etməmiş, Sahilnən həmin mağazaya getmiş, ora çatan zaman Sahil ondan xahiş etmişdir ki, onu uşaqlardan aralıda gözləsin. O, Talehgildən təxminən 100 metr aralıda dayanıb gözləmiş, bir qədər keçmiş görmüşdür ki, uşaqlar arasında mübahisə yaranmış və o, onların yanına gedən zaman Taleh çıxıb getmişdir. Bundan sonra o, uşaqlarla kənd stadionunun yanına gəlmiş, uşaqlardan kimsə zəng edib Talehi yanlarına çağırmış, Taleh onların yanına gələn zaman yenə aralarında söhbət olmuş, orada kənd uşaqları olmuşdur. O, Talehlə söhbət edən zaman Taleh ona demişdir ki, “sən mənə peysər demisən”. O da Talehə demişdir ki, “mən bu mənada sənə deməmişəm”. Ancaq o, Talehə nə qədər izah etsə də Taleh ona demişdir ki, “sən mənə peysər, anası, bacısı xarab olan demisən”. O, həmin vaxt talehlə razılığa gələ bilməmiş və söhbəti sabaha saxlamağa qərar vermişdir. 27.07.2021-ci il tarixdə axşam saat 16 radələrində o, Samux şəhərində yerləşən “Qoşqar” şadlıq sarayına Sahilin oğlunun kiçik toyuna getmişdir. Toyda yeyib-içdikdən sonra kəndin mərkəzində yerləşən Raminin çayxanasına getmişdir. Talehin çayxanaya gəldiyini görüb Talehə demişdir ki, “ay Taleh bəri gəl söhbət eliyək”. Bundan sonra o, çayxananın sol tərəfində yerləşən Çobanabdallı kənd icra nümayəndəliyinin qabağına getmişdir. Taleh də onun arxasınca gəlməyə başlamışdır. Bir-iki addım qabağa getmişdir ki, xalasıoğlu Təkamil arxadan qışqıraraq Talehə demişdir ki, “aya nağardın”. O da onun qışqırığına bir anlıq ayılmış və görmüşdür ki, Taleh onun sağ tərəfində dayanıb və onun sağ qolunda qoluna batmış bıçaq var, Taleh onun sağ qoluna batırmış olduğu bıçağı çıxardan zaman o, barmaqlarını qaldırmışdır ki, Taleh bıçağı cıraraq yox, girdiyi istiqamət üzrə çıxartsın. Taleh bıçağı onun qolundan çıxartdıqdan sonra naməlum istiqamətə qaçmışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. 2021-ci ilin iyul ayı ərəfələrində o, Samux şəhərində yerləşən “Qoşqar” şadlıq sarayında xidmətçi işləyirmiş. 27.07.2021-ci il tarixdə o, oğluna “Qoşqar” şadlıq sarayında kiçik toy keçirdəcəkmiş. Həmin günü, yəni 26.07.2021-ci il tarixdə ciyəraxşamı olmuş, yaxın bildiyi uşaqlar və qohumları gəlmişdir. Xəyal və Talehdə orada olmuşdur. Bir qədər keçmiş görmüşdür ki, Taleh və Xəyal birbiriləri ilə ucadan mübahisə etməyə başlamışdırlar. Onlar isə onların yanına gedib Xəyalı və Talehi sakitləşdirərək onları küçəyə çıxartmışlar və daha sonra yığıncağı qurtarmışdırlar. Bundan sonra hamı çıxıb öz evlərinə getmişdirlər. Səhəri gün eşitmişdir ki, 27 iyul 2021-ci il tarixdə axşamki söhbətin davamını edən zaman Taleh bıçaqla Xəyalı vurub. Xəyal və Taleh 26.07.2021-ci il tarixdə öz aralarında mübahisə edən zaman Xəyal Talehə “boynuyoğun” deyərək onu təhqir etmişdir və aralarında da olan dava bunun üstündə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, Şahid5 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq araşdırılmış Şahid4 da Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiklərini özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaqa zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “Zərərçəkmiş şəxs xalasıoğludur, o, Samux rayon Çobanabdallı kəndində yaşayır. Təqsirləndirilən şəxs da onun kəndçisidir. Talehin atası Rəhman ilə dost olmuş, münasibətləri yaxşı olmuşdur. 27 iyul 2021-ci il tarixdə saat 21 radələrində o, kənddə “Raminin çayçısı” adlanan çayxanada oturub uşaqlarla domino oynayırmış. Həmin vaxt Xəyal da onların yanına gəlmiş və onların stolun başında durub oyuna baxmışdır. Təxminən 5-10 dəqiqə keçmiş Taleh də çayxanaya gəlmiş, ancaq onun çayxanaya gəldiyini o görməmiş, sadəcə olaraq oyundan başını qaldıran zaman görmüşdür ki, Xəyalla Taleh çayxanadan təxminən 15-20 metr qabaqda sol tərəfdə yerləşən Samux rayon Çobanabdallı kənd icra nümayəndəliyinin qabağına gedirlərmiş. O da uşaqlardan maraq üçün onların hara getdiyini soruşan zaman uşaqlar ona demişdir ki, dünən onlar arasında mübahisə olmuş, yəqin söhbəti həll etməyə gedirlərmiş. O da bilmişdir ki, onlar dalaşacaq deyə onların arxasınca getmiş, o, kənd icra nümayəndəliyinin inzibati binasının qabağına döngəni dönən zaman görmüşdür ki, Xəyal qabaqda Taleh isə onun arxasınca gedirmiş, həmin yerdə elanlar lövhəsinə çatan zaman Taleh sol əli ilə Xəyalın sağ çiyninə qoyaraq sağ əli ilə Xəyala bir dəfə vurmuş, birinci olaraq elə bilmişdir ki, Taleh Xəyalı yumruqla vurmuş, ancaq Xəyaldan qan axdığını görüb çığıraraq Talehə “ay oğraş nağardın” demişdir. Taleh də onun səsini eşidib kənd stadionu tərəfə qaçmışdır. O da Xəyalın yanına çatan zaman onun qolunda və kürək nahiyəsində bıçaq izlərini görmüşdür. Buna görə də əynində olan paltarlarını çıxardaraq Xəyalın qoluna bağlamış, kürək nahiyəsinə isə maykasını Xəyalın əynində olan koftasının altından kürəyinə qoymuşdur ki, qanın qarşısını alsın. Sonra Xəyala köməklik edərək onu çayxanaya gətirib stolda otuzdurmuş və orada olan uşaqlardan xahiş etmişdir ki, təcili tibbi yardıma zəng etsinlər. Təxminən 5 dəqiqə keçmişdir ki, təcili tibbi yardım avtomobili gəlmiş və o, Xəyalı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yola salmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Samux rayonu, Çobanabdallı kəndində yerləşən Samux rayon İcra Hakimiyyəti başçısının Çobanabdallı kənd inzibati ərazi nümayəndəliyinin inzibati binasının yaxınlığıdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” Publik hüquqi şəxsin 12 sentyabr 2021-ci il tarixli, 74 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarət – döş qəfəsi nahiyəsinin qançırı – bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 26.07.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vuran xəsarətə aid olunmadığından dərəcəsi təyin edilmir. M.T.Rəhman oğlunun bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” Publik hüquqi şəxsin 16 sentyabr 2021-ci il tarixli, 78 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin sağ yarısının ön səthinin nüfuz edən kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin sağ arxa səthinin nüfuz etməyən kəsilmiş-deşilmiş yarası, sağ qolunun çoxsaylı kəsilmiş-deşilmiş yaraları, hemorragik şok İİİ dərəcə, hemotoraks- İTİ uclu əşyanın təsirindən qərarda göstərilən və onun müalicə üçün Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya müraciət etdiyi 27.07.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vuran xəsarətlərə aid edilir. M.X.İlqar oğlunun bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X11 Bölməsinin 12 oktyabr 2021-ci il tarixli, 16/987/988 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim olunan köynəyin üzərində olan 01 ədəd "a" zədəsi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilməkəsilmə zədəsidir. Köynəyin üzərində olan "b" zədəsi fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədəsidir. Lakin təqdim edilmiş köynəyin üzərində olan "a" zədəsində zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 23. 08. 2021-ci il tarixli 78 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin üzərində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən "döş qəfəsinin sağ yarısının nüfuz edən kəsilmiş-deşilmiş yarası" xəsarəti ilə köynəyin üzərində olan "a" zədəsi yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 12 avqust 2021-ci il tarixli, 462/148 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir. Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə əsəbi psixi emosional halda olmuşdur. Təqsirləndirilən şəxs keçirdiyi psixi-emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə münaqişəsi ola bilər. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X16 Ərazi Bölmələrini İdarəetmə birliyi Samux şəhər X9 Hüquqi şəxsin 22 sentyabr 2021-ci il tarixli 393 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Samux şəhər Mərkəzi Xəstəxanasının PHŞ-in narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 16 oktyabr 2021-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsinə dair “ qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş hadisənin predmeti olan 1 ədəd bıçaq və hadisə zamanı bıçaq xəsarəti almış Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd kiçi cinsinə məxsus ağ rəngli, üzərində qana bənzər ləkəli qısaqol köynək maddi sübut hesab edilmiş və saxlanılması üçün Samux RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 28 iyul 2021-ci il tarixli protokoldan və Samux Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Samux Rayon İcra Hakimiyyəti başçısının Çobanabdallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 sentyabr 2021-cu il tarixli, 851 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri anası X3, qardaşları X5, X4, bacısı X6 ilə birlikdə Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunmuş 07 dekabr 2021-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmış və ona dəymiş ziyan ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətindən, Təqsirləndirilən şəxs məxsus Hərbi biletin surətindən, Hərbi komandanlıq tərəfindən verilmiş Fəxri Fərmanlar və xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycancan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2362 və 2364 nömrəli sərəncamları ilə Fuzulinin və Xocavəndin azad olunmasına görə medallarla təltif olunmuş, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Füzuli və Xocəvənd rayonu ərazisində gedən döyüş əməliyyatlarında iştirak etmiş, hərbi komandalıq tərəfindən döyüşlərdə fəal iştirak etdiyinə görə Fəxri Fərmanlarla təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının xəstəlik tarixindən çıxarışdan görünür ki, təqsirləndirilən şəxsin anası X1 süd vəzinin xərçəngindən əziyyət çəkir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17 avqust 2021-ci il tarixli tələbnamədən və Samux rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Samux rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 160 saat ictimai işlər cəzasına məhkum olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Samux rayon İcra və Probasiya şöbəsinin 13 oktyabr 2021-ci il tarixli 260/2021 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəza müddəti 06 dekabr 2018-ci il tarixdə başa çatmışdır. Onun yuxarıda qeyd edilən məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, Azərcabcan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2362 və 2364 nömrəli sərəncamları ilə Fuzulinin və Xocavəndin azad olunmasına görə medallarla təltif olunmasını, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Füzuli və Xocəvənd rayonu ərazisində gedən döyüş əməliyyatlarında iştirak etməsini, hərbi komandalıq tərəfindən döyüşlərdə fəal iştirak etdiyinə görə Fəxri Fərmanlarla təltif olunmasını, onunla birlikdə yaşayan anasının sol süd vəzinin xərçəngindən əziyyət çəkməsini, əmlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini səmimi peşmançılıqla etiraf etməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Füzuli və Xocəvənd rayonu ərazisində gedən döyüş əməliyyatlarında iştirak etməsini, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2362 və 2364 nömrəli sərəncamları ilə Fuzulinin və Xocavəndin azad olunmasına görə medallarla təltif olunmasını, hərbi komandalıq tərəfindən döyüşlərdə fəal iştirak etdiyinə görə Fəxri Fərmanlarla təltif olunması, onunla birlikdə yaşayan anasının xərçəng xəstəliyindən əziyyət çəkməsi kimi hallar cinayətin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onlun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə edib nəzərə almışdır. Məhkəmə tərkibi məhkəmə baxışında müəyyən edilmiş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, həmçinin əməlində cəzanı ağırlaşdıran halların olmamasını, cinayətin məqsədi və motivini, Təqsirləndirilən şəxs cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışını nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq oluna bilməsini əsaslı sayaraq belə məhkum etmənin onun islah olunması və yenidən tərbiyə olunması məqsədinə cavab verəcəyi qənaətinə gəlir. Buna görə də məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən etməklə şərti hesab edilməsini məqsədə müvafiq sayır. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə aşağıdakı qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, barəsində sınaq müddəti müəyyən edilməli, onun üzərinə qanunla müəyyən edilmiş qaydada vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri qaydasında iş üzrə maddi sübutlar - Samux rayon PŞ-də saxlanılan 1 ədəd bıçaq və Zərərçəkmiş şəxs əynində olmuş 1(bir) ədəd qısaqol köynək məhv edilməlidir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 63 (altmış üç) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə vəsatəti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X7 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs 28 iyul 2021-ci il tarixdən 10 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 12 (on iki) gün müddət təyin edilən ümumi cəzaya hesablanaraq ondan çıxılmaqla üzərində 2 (iki) il 7 (yeddi) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunaraq, üzərində saxlanılan azadlıqdan məhrum etmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilsin və dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı Samux rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - Samux rayon PŞ-də saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş 1(bir) ədəd qısaqol köynək və 1 ədəd bıçaq məhv edilsin. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 63 (altmış üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-358/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-358/2021
10.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver