Məhkəmə qərarları › İş №1(100)-360/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-360/2022

03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-360/2022 03.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri D.Qorqud küçəsi ev 1, mənzil 51-də daimi qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumi təmiz çəkisi 2,185 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində daşımaqla saxlamış, 02 fevral 2022-ci il tarixdə saat 23:30 radələrində o, Göygöl rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonu Quşqara kəndi ərazisində saxlanılaraq Göygöl rayon polis şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı bir ədəd şəffaf sellofan bükümdə olan, iki ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,774 qram, 0,411 qram, ümumi təmiz çəkisi 2,185 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 20 il olar ki, narkotik vasitə heroinindən istifadə edir. O, narkotik vasitəni tanımadığı şəxslərdən pul verib alır. Təxminən 2022-ci ilin yanvar ayının 30-da saat 11 radələrində Gəncə şəhərində olan zaman 44 saylı məktəbin yaxınlığında yerdən bir ədəd sellofan büküm tapmış, həmin bir ədəd sellofan bükümdə narkotik vasitə heroin olmasını görmüşdür. O, həmin narkotik vasitəni əynində olan şalvarın cibinə qoymuşdur ki, sonra istifadə edər. Narkotik vasitə bir bükümün içərisində olmuş, daha sonra o, narkotik vasitəni iki ayrı sellofan bükümə qoymuşdur. Həmin iki bükümü isə bir sellofan bükümə qoymuşdur. Bir neçə dəfə evdə olan vaxt sellofan bükümdə olan narkotik vasitədən az miqdarda istifadə etmişdir. 02 fevral 2022-ci tarixdə saat 22 radələrində Göygöl rayonu Quşqara kəndinə bir nəfər tanışı Elman adlı şəxsin arxasınca gəlmiş, lakin onun yaşadığı ünvanı dəqiq bilmədiyindən tapa bilməmiş, geri qayıdan zaman mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onu Göygöl RPŞ-yə aparmışlar. Polis Şöbəsində dəvət olunmuş vəkilin iştirakı ilə onun üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və təklif olunmuşdur ki, üstündə hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etsin. O da baxış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibində olan sellofan bükümü təqdim etmişdir. Həmin sellofan bükümü onun iştirakı ilə açıldıqda içərisində olan 2 ədəd bükümlərdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Sorğu zamanı o, həmin narkotik vasitəni Gəncə şəhərində 44 saylı orta məktəbin yaxınlığında yerdən tapdığını bildirmişdir. Bundan sonra həmin bükümlərin içərisindəki narkotik vasitələr polis əməkdaşları tərəfindən elektron tərəzidə ayrı-ayrılıqda çəkilmiş və çəkisi 1.52 qram olması müəyyən edilmiş, sonra həmin bükümlər zərfə qoyulub möhürlənərək qablaşdırılıb götürülmüşdür. O da həmin zərfin üzərini və bu barədə polis əməkdaşları tərəfindən tərtib olunmuş protokolu imzalamışdır. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmin narkotik vasitədən nə yaşadığı evdə, nədə ki, başqa yerdə saxlamamış, həmçinin heç kimə nakotik vasitə satmamış və pay verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadəsi ilə məşğul olması, Göygöl rayonu ərazisində narkotik vasitəni daşımaqla üzərində saxlaması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı Təqsirləndirilən şəxs ehtimal olunan cinayət əməlinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bundan sonra həmin əməliyyat tədbirlərinin keçirilməsi üçün onun və şöbənin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 02 fevral 2022-ci il tarixdə saat 23:30 radələrində narkotik vasitə daşımasında şübhəli olan Təqsirləndirilən şəxs Göygöl rayonu Quşqara kəndi ərazisində olması barədə məlumat əsasında onu Göygöl rayonu Quşqara kəndində ərazisində saxlanılmışdır. Onlar özlərini təqdim edib narkotik vasitənin üzərində daşımaqda şübhəli olduğunu, məhz bu səbəbdən onlarla Göygöl rayon Poliş Şöbəsinə getməli olduğunu zəruriliyini izah etmişlər. Təqsirləndirilən şəxs onlar tərəfindən polis şöbəsinə gətirildikdən sonra onların dövlət hesabına vəkil dəvət edilmiş və onların iştirakı ilə Təqsirləndirilən şəxs hansı səbəbdən onun üzərinə şəxsi axtarış keçirilməsi və bununla bağlı onun hüquq və vəzifələri müdafiəçisinin iştirakı ilə ona izah edilmiş və onun üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində narkotik vasitə, qanunla dövriyyəsi qadağan olunmuş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd sellofan paketi çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin sellofan açıldıqda içərisində iki ədəd ayrı-ayrı sellofan bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan kütlələrin kakos adlandırdığı narkotik vasitə heroin olmasını, özü narkotik vasitə istifadə etdiyini üzərindən aşkar edilmiş narkotik vasitəni də Gəncə şəhəri 44 saylı orta məktəbin yaxınlığında yerdən tapdığını bildirmişdir. Təqdim edilmiş kütlələr xüsusi tərəzidə çəkilərək sellefon bükümlərlə birlikdə ümumi çəkisinin 2,52 qram olması müəyyən edilmiş və həmin kütlələr zərfə qoyularaq Azərbaycan Respublikası DİNnin 72 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bundan sonra təhqiqatçı tərəfindən şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İstintaq zamanı ifadəsində narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə verdiyi ifadəsini onunla əsaslandırmışdır ki, təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilir, onlar da qanunsuz dövriyyəni istifadəsi və satması və ya satış məqsədi ilə əldə etməsi kimi hesab edirlər, lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişlər. Bununla əlaqədar əməliyyat axtarış tədbirləri davam etdirildiyini onun əlaqələri, həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı çəkidə əldə etməsi, kimlərə satması və ya digər formada verməsi barədə müsbət nəticə əldə edilmədiyini, narkotik vasitəni kiməsə satması təsdiq olunmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda icraçı kimi onun adına yazılmasından məlumatı olmamış, istintaq zamanı əməliyyat tapşırığının icrası ona həvalə olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinin artırılmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə istifadəsi ilə məşğul olması, Göygöl rayonu ərazisində narkotik vasitəni daşımaqla üzərində saxlaması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı Təqsirləndirilən şəxs ehtimal olunan cinayət əməlinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün CAB-ın baş əməliyyat müvəkkili Şahid1 tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bundan sonra həmin əməliyyat tədbirlərinin keçirilməsi üçün Şahid1 və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra 02 fevral 2022-ci il tarixdə saat 23:30 radələrində narkotik vasitə daşımasında şübhəli olan Təqsirləndirilən şəxs Göygöl rayonu Quşqara kəndi ərazisində olması barədə məlumat əsasında onu Göygöl rayonu Quşqara kəndində ərazisində müəyyən edilərək onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edib narkotik vasitənin üzərində narkotik vasitə daşımaqda şübhəli olduğunu, onlarla Göygöl rayon Poliş Şöbəsinə getməli olduğunun zərurliyini izah etmişlər. Təqsirləndirilən şəxs onlar tərəfindən polis şöbəsinə gətirildikdən sonra dövlət hesabına dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hansı səbəbdən onun üzərinə şəxsi axtarış keçirilməsi və bununla bağlı onun hüquq və vəzifələri müdafiəçisinin iştirakı ilə ona izah edilmiş və onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə, qanunla dövriyyəsi qadağan olunmuş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı əşya varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd sellofan paketi çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin sellofan açıldıqda içərisində iki ədəd ayrı-ayrı sellofan bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində olan kütlələrin kakos adlandırdığı narkotik vasitə heroin olmasını, özü narkotik vasitə istifadə etdiyini üzərindən aşkar edilmiş narkotik vasitəni də Gəncə şəhəri 44 saylı orta məktəbin yaxınlığında yerdən tapdığını bildirmişdir. Təqdim edilmiş kütlələr xüsusi tərəzidə çəkilərək sellefon bükümlərlə birlikdə ümumi çəkisinin 2,52 qram olması müəyyən edilmiş və həmin kütlələr zərfə qoyularaq Tərtib edilmiş protokol iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. İstintaq zamanı ifadəsində narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə verdiyi ifadəsini onunla əsaslandırmışdır ki, təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilir, onlar da qanunsuz dövriyyəni istifadəsi və satması və ya satış məqsədi ilə əldə etməsi kimi hesab edirlər, lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişlər. Bununla əlaqədar əməliyyat axtarış tədbirləri davam etdirildiyini onun əlaqələri, həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı çəkidə əldə etməsi, kimlərə satması və ya digər formada verməsi barədə müsbət nəticə əldə edilmədiyini, narkotik vasitəni kiməsə satması təsdiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisinin artırılmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, əldə edib üzərində saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi, narkotik vasitələrin çox vaxt üzərində saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(066)-15/2022 saylı qərarından görünür ki, Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli qərarı qanuni hesab edilmişdir. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibində saxladığı bir ədəd şəfaf selloffan paketin içərisində 02 ədəd ayr-ayrı ağ rəngli sellofanın içərisində olan kütləni təqdim edib bildir ki, həmin bükümün içərisindəki kakos adlandırdığı kütlə narkotik vasitədir. Bundan sonra həmin kütlə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək imzalamışdır. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/142 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “.........Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, bir ədəd sellofan bükümdə olan iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,774 qram, 0,411 qram, ümumi təmiz çəkisi 2,185 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ümumi təmiz çəkisi 2,185 qram çəkidə olan narkotik vasitə hesab edilən heroindən tədiqiqata 0,2 qram (hər birindən 0,1 qr) istifadə edilmişdir. Tədqiqatdan sonra qalıq 1,985 qram qalmışdır. X15 xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroini satış məqsədilə əldə etmiş, lakin konkret olaraq haradan və kimdən almasını, hansı şəxslərə satmasını müəyyən etmək mümkün olmamışdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 598 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri D.Qorqud küçəsi ev 1, mənzil 51-də qeydiyyatdadır.Ailə üzvləri anası X9, həyat yoldaşı X2, övladları 2012-ci il təvəllüdlü X6 və 2015-ci il təvəllüdlü X3 ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən opioidlərdən asıllıq diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Gəncə şəhər Akademik Z.Məmmədov adına xəstəxananın Vərəm şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın vərəm şöbəsində xx.xx.2017-ci ildən xx.xx.2017-ci ildək, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək hər iki ağ ciyərinin infiltrativ vərəmi bərkimə və sorulma mərhələsində diaqnozu ilə stasionar müalicə almışdır. Respublika QİÇSL-lə Mübarizə Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdən 16-356İİV-kodu ilə Respublika QİÇSL-lə Mübarizə Mərkəzində “İİV-infeksiayası, İV klinik mərhələ.Ağ ciyərlərin ocaqlı vərəmi.Xroniki hemorry.Viruslu hepatit “C” diaqnozu ilə dispanser qeydiyyatdadır. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 fevral 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 üç ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 234.1 maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum olunmuş Azərbaycan Respublikası CM-nin 66.5-c maddəsinə əsasən xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 üç ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaq yolu ilə ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. xx.xx.2021-ci il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azad olunmuşdur. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 1,985 qram narkotik vasitə olan heroin Göygöl rayon Polis Şöbəsinə xüsusi ayrılmış saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, qanunsuz olaraq tamah və satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirərkən iki nəfər polis əməkdaşının ibtidai istintaq zamanı verdikləri «Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da həmin şəxsi alqı-satqı zamanı aşkar edə bilməmişik hazırda bu istiqamətdə tədbirlərimiz adavam etdirilir, gələcəkdə məlumat əldə olunduğu tədqirdə istintaqa rəsmi məlumat veriləcəkdir». ifadəsinə və xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda göstərilən «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroini satış məqsədilə əldə etmiş, lakin konkret olaraq haradan və kimdən almasını, hansı şəxslərə satmasını müəyyən etmək mümkün olmamışdır». məktubuna əsaslanmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarından məlum olur ki, xx.xx.2022-ci il tarixdə Göygöl RPŞ-nin baş əməliyyat müvəkkili Şahid1 Gəncə şəhər sakini Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi, saxlaması və müəyyən vaxtlarda Göygöl rayonu ərazisində vaxt keçirib, narkotik vasitə qəbul etməsi barədə raport yazmışdır. Həmin tarixdə Göygöl PPŞ-nin rəisi tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi üzərində gəzdirməsi və saxlaması və Göygöl rayonu ərazisində istifadə etməsi barədə daxil olmuş əməliyyat tədbiri keçirilməsi haqqdında qərar qəbul olunmuşdur. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmiş, məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları isə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin qəbul etməsi, üzərində saxlamasını göstərmiş, bir gün sonra verdiyi istintaq zamanı ifadələrində narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə verdiyi ifadəsini onunla əsaslandırmışdır ki, təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilir, onlar da qanunsuz dövriyyəni istifadəsi və satması və ya satış məqsədi ilə əldə etməsi kimi hesab edirlər, lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişlər. Bununla əlaqədar əməliyyat axtarış tədbirləri davam etdirildiyini onun əlaqələri, həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı çəkidə əldə etməsi, kimlərə satması və ya digər formada verməsi barədə müsbət nəticə əldə edilmədiyini, narkotik vasitəni kiməsə satması təsdiq olunmadığını bildirmişdir. Məhəkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşı Şahid1 bildirmişdir ki, xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda icraçı kimi onun adına yazılmasından məlumatı olmamış, istintaq zamanı əməliyyat tapşırığının icrası ona həvalə olunmamışdır. 02 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması barədə deyil, narkotik vasitə qəbul etməsi, əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuş, həmin tarixdə də o polis əməkdaşları tərəfindən saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını, əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və X13 xx.xx.2022-ci il tarixdə cavab alınmışdır. Həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamış, o, narkotik vasitəni satış məqsədi ilə əldə etmiş lakin, həmin narkotik vasitəni konkret olaraq satmış olduğu şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə və nə məqsədlə əldə etməsini müəyyən etmək üçün əməliyyat tədbirləri keçirilmiş və müəyyən edilməsi daha real və asan olan narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə əldə etməsini müəyyən etməyin mümkün olmadığı qeyd edildiyi halda, müəyyən edilməsi daha çətin olan yəni, şəxsin niyyətini onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsinin göstərilməsi isə inandırıcı hesab edilə bilməz və ehtimaldan başqa bir şey deyildir. Həmin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubu özü də həqiqiliyi barədə şübhə doğurur. Belə ki, cinayət işinin materiallarında olan Göygöl RPŞ-nin rəisi tərəfindən rayon prokuroruna və məhkəmə sədrinə ünvanlanmış Göygöl Rayon Polis Şöbəsi, ünvanı, telefon nömrələri və rəisin adı və soyadı yazılmış məktubla, xx.xx.2022-ci il tarixli Göygöl Rayon Polis Şöbəsi tərəfindən müstəntiqə ünvanladığı əməliyyat tapşırığına cavab məktub arasında qeyd edilən yəni, Göygöl Rayon Polis Şöbəsi, ünvanı, telefon nömrələri və rəisin adı və soyadının yazılışında, strukturunda və şiriftlərində bir sıra fərqlər mövcuddur. Bundan başqa xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubun üzərində də digər məktubdan fərqli olaraq daxil olma barədə ştamp da yoxdur. Həmiçinin həmin məktubda icraçı kimi Şahid1 adı yazılmış, məhkəmə iclasında dindirilmiş polis əməkdaşı Şahid1 bildirmişdir ki, xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda icraçı kimi onun adına yazılmasından məlumatı olmamış, istintaq zamanı əməliyyat tapşırığının icrası ona həvalə olunmamışdır. Bu faktlar da bir daha həmin məktubun həqiqəti əks etdirmədiyini, saxta olmasını göstərir. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində həqiqəti əks etdirməsi şübhə doğuran məktuba, narkotik vasitəni satış məqsədi ilə saxlamasını sübut etməyən iki nəfər şahidin qeyri-müəyyən ifadəsinə əsaslanmışdır. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X5 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını da ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Narkotik vasitə olan heroindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkən şəxs üçün aşkar olunmuş narkotik vasitənin çəkisi o qədər də çox deyildir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs oğlundan aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Məhkəmə-narkoloji ekspertizasının rəyində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyi göstərilmişdir. Bu fakt da bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, şəxsi istehlak məqsədi ilə əldə edib saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X7 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, “İİVinfeksiayası, İV klinik mərhələ.Ağ ciyərlərin ocaqlı vərəmi.Xroniki hemorry.Viruslu hepatit “C” xəstəsi olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını və CM-nin 65-ci maddəsinə tələblərini nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Göygöl rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 1,985 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X7 üzrə Dövlət Komissiyasının Daimi X14 Qrupu tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 02 fevral 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Göygöl rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 1,985 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X7 üzrə Dövlət Komissiyasının Daimi X14 Qrupu tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar