Məhkəmə qərarları › İş №1(100)-361/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-361/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-361/2024 07.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X2 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Goranboy rayon Vəkil Bürosunun vəkili X4, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, zərərçəkmiş şəxslərin hüquqi varisləri X6 və X5 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1984-cü il tarixdə Bərdə rayonu, Bəcirəvan kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi “Mercedes-Benz A160” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobillə st. Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisindən keçən 66-cı kilometrliyində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətdə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və sair) vaxtında yerinə yetirərək avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı təmin etməli olduğu halda bunu etməyərək 90 km/saat sürətlə yolun sağ zolağı ilə st. Mingəçevir istiqamətində hərəkətdə olan zaman, avtomobil üzərində idarəetməni itirmiş, avtomobil idarəetmədən çıxıb sağ yol çiyinin bitdiyi yerdən 43 metr qarşıya sağa doğru meyilli məsafədə çıxıb aşmış, nəticədə o, ehtiyatsızlıqdan iki nəfərin ölümünə səbəb olan, yəni idarə etdiyi avtomobildə olmuş sərnişinlər - arvadı X1 ağır qapalı kəllə-beyin travması, baş-beyin qişalarına, baş-beyin toxumasına və mədəciklərinə qansızma, başın təpə sümüyünün sınığı, kəllə əsasının sınığı, sağ almacıq və çənə sümüklərinin qəlpəli sınıqları, başın təpə nahiyəsinin qançırı, sol bazu nahiyəsinin əzilmiş yarası, üz, boyun, sol said, sağ bazu, sağ dirsək nahiyələrinin sıyrıqları ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına və başın küt travması ilə əlaqədar kəllə qapağı sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, başbeyin toxumasına və mədəciklərinə qansızma nəticəsində hadisə yerində ölməsinə, bundan başqa bacısının əri X7 ağır kəllə-beyin travması, baş-beyin qişalarına qansızmalar, başın alın sümüyünün sınığı, sağ, sol gözətrafı nahiyələrin qançırları, burun beli, sol said nahiyələrinin əzilmiş yaraları, sol gicgah-təpə nahiyəsinin hematoması, qançırı, üst çənə və sağ əng sümüyü, burun sümüyü sınıqları ilə müşayiət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq 01 iyul 2023-cü il tarixdə yerləşdirildiyi Bərdə rayon tibbi diaqnostika mərkəzində başın küt travması nəticəsində beyinin sərt və yumşaq qişalarına qansızma nəticəsində ölməsinə, bundan başqa bacısının azyaşlı övladı Zərərçəkmiş şəxs daxili qanaxma ilə müşayiət olunan qaraciyərin travmatik zədələnməsi-cırılması ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olmaqla, yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan X1 və X7 ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 26 iyun 2023-cü il tarixdə mərhum bibisinin məzarını düzəltmək üçün bacısının əri mərhum Azər Yusibovu yaşadığı Bərdə şəhərindən götürərək kəndə getmişdir. Həmin vaxt idarə etdiyi “Mercedes-Benz A160” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobildə digər ailə üzvləri də olduğundan sonuncuları evə düşürmüşdür. Bundan sonra o, atası və Azər ilə inşaat malları satan mağazaya getmişdir. Mərhum yoldaşı Gülayə həmin vaxt qonşu üçün inək sağmşdır. Həmin gün saat 20 radələrində qızı gəlib yoldaşı Gülayənin ürəyində ağrılar olduğunu demişdir. Bunu eşidən kimi Azər təcili yardıma zəng etmişdir. Lakin Gülayənin vəziyyəti yaxşı olmadığından təcili yardım avtomobilini gözləməyib o, arvadını özü xəstəxanaya aparmaq qərarına gəlmişdir. Azərə də işin bu gün qaldığını, elə şəhərə gedərkən onları da aparmağını demişdir. O da razılaşmışdır. Yolda olarkən o, avtomobili qəza işiqlarını yandıraraq idarə etmişdir. Şəhərə qədər olan yolun yarısını artıq getmişdir. Əks istiqamətdən də xeyli avtomobil gəlmişdir. Yolda təxminən yeddi avtomobili və iki yol polisinin avtomobilini ötərək sürüb getmişdir. Bir qədər də getdikdə ötmə əməliyyatını edib öz zolağına qayıdan zaman artıq özünü itirmiş və avtomobil irəli hərəkət edərək yavaş-yavaş yoldan çıxıb arxa düşmüşdür. Bu zaman arxa oturacaqlarda əyləşmiş şəxslər avtomobildən kənara, qabaqda əyləşmiş Azər isə avtomobilin arxa hissəsinə düşmüşdür. Daha sonra ona məlum olmuş ki, arvadı Gülayə hadisə yerində, bacısının əri Azər isə 01 iyul 2023-cü il tarixdə almış olduğu xəsarətlərdən xəstəxanada ölmüşdür. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, “Mercedes-Benz A160” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş və avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi də olmuşdur. Arvadı Gülayənin vəziyyəti ona pis təsir etdiyi üçün avtomobili idarə edərkən özündə olmamış və idarəetməni itirdiyi üçün hadisə baş vermişdir. Hadisə baş verən anda avtomobili o, idarə etmiş, qabaq sağ oturacaqda Azər Yusibov, arxa oturacaqda isə bacısı Qanuni nümayəndə, yoldaşı Gülayə Səfərova, uşaqları Lalə Səfərova ilə Qalib Səfərzadə, bacısının uşaqları Zəhra ilə Fatimə əyləşmişdir. Hadisə nəticəsində özü də xəsarət almışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə vaxtı avtomobili dayısı Qabil idarə etmişdir. Avtomobildə ondan başqa anası Tamaşa, dayısı Qabil, qohumları Azər, Zəhra, Lalə və Qalib olmuşdur. Dayısı avtomobili sürətli idarə etmişdir. Daha sonra isə avtomobil aşmış, onlar kanala yıxılmış və onun qarnı ağrımışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ona zəng edib bacısı Gülayənin əri Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişlər. Hadisə st. Mingəçevir- Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisində baş vermişdir. Hadisə yerinə getdikdə orada heç kim olmamışdır. Daha sonra o, bacısı Gülayənin hadisə nəticəsində vəfat etdiyini öyrənmişdir. Sonradan ona məlum olmuş ki, Təqsirləndirilən şəxs avtomobilini idarə edərkən idarəetməni itirmiş və nəticədə hadisə baş vermişdir. İfadəsinin davamı olaraq Vasif Qarayev bildirmişdir ki, o, Təqsirləndirilən şəxsla barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur, barəsində də azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə mərhum qardaşı Azər Yusibovun oğlu ona zəng edib Təqsirləndirilən şəxs st.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətdiyini, qardaşı Azərin də avtomobildə olduğunu və yaralandığını bildirmişdir. O, dərhal xəstəxanaya getmişdir. Qardaşı hadisədən bir neçə gün sonra aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. İfadəsinin davamı olaraq Alov Yusibov bildirmişdir ki, o, Təqsirləndirilən şəxsla barışmış, sonuncudan heç bir şikayət və tələbim yoxdur, mərhum Azər Yusibovun 4 övladı olmuş və Təqsirləndirilən şəxs qardaşının uşaqlarına baxılmasına köməklik edir. Ona görə də, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş azyaşlı zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, qardaşı Qabilin yoldaşı Güləyənin ürəyi dəhşətli şəkildə ağrıdığı üçün sonuncu qışqıraraq onu həkimə aparmaqlarını demişdir. Ona görə də, onlar təcili yardıma zəng etmişlər, lakin gec olacağından gözləməyib Gülayəni qardaşı Qabilin avtomobilinə mindirərək xəstəxanaya getmək üçün yola düşmüşlər. Avtomobili Qabil idarə etmişdir. Yolda Gülayənin ağrıları artdıqca Qabilin fikri arvadına yönəldiyi üçün yola diqqəti azalmışdır. Qabil yoldakı avtomobilləri ötüb keçmişdir. St. Mingəçevir istiqamətində avtomobillərdən birini ötüb öz yoluna qayıdan zaman Gülayənin ağrıları yenə şiddətlənmiş, həmin an Qabil də idarəetməni itirmiş və hadisə baş vermişdir. İfadəsinin davamı olaraq Qanuni nümayəndə bildirmişdir ki, o, hadisə nəticəsində xırda sıyrıqlar almış, Təqsirləndirilən şəxsla barışmış, sonuncudan heç bir şikayət və tələbi yoxdur, qardaşının barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 23 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, mərhum X1 meyitinin bədənində aşkar edilmiş xəsarətlər – ağır qapalı kəllə-beyin travması, baş-beyin qişalarına, baş-beyin toxumasına və mədəciklərinə qansızma, başın təpə sümüyünün sınığı, kəllə əsasının sınığı, sağ almacıq və çənə sümüklərinin qəlpəli sınıqları, başın təpə nahiyəsinin qançırı, sol bazu nahiyəsinin əzilmiş yarası, üz, boyun, sol said, sağ bazu, sağ dirsək nahiyələrinin sıyrıqları – küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin kimi törənə bilərlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X1 ölümünə səbəb başın küt travması ilə əlaqədar kəllə qapağı sümüklərinin sınıqları ilə baş-beyin qişalarına, baş-beyin toxumasına və mədəciklərinə qansızma olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 24 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, mərhum X7 meyitinin bədənində aşağıdakı xəsarətlər – ağır kəllə-beyin travması, baş-beyin qişalarına qansızma, başın alın sümüyünün sınığı, sağ, sol gözətrafı nahiyələrin qançırları, burun beli, sol said nahiyələrinin əzilmiş yaraları, sol gicgah-təpə nahiyəsinin hematoması, qançırı, üst çənə və sağ əng sümüyü, burun sümüyü sınıqları – küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin kimi törənə bilərlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. X7 ölümünə səbəb başın küt travması nəticəsində beyinin sərt və yumşaq qişalarına qansızmalar olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 531 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – daxili qanaxma ilə müşayiət olunan qaraciyərin travmatik zədələnməsi –cırılması, küt əşyanın təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi zamanı sərnişin kimi törənə bilərlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa azır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Bərdə rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 527 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alın nahiyəsinin səthi əzilmiş yarası, küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sürücü kimi törənə bilərlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/3407 nömrəli yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, “Mercedes-Benz A160” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla səthi hamar və maneəsiz düz profillidir, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi st. Mingəçevir- Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisindən keçən 66-cı kilometrliyində baş vermişdir. Yol örtüyünün eni 12,8 metrdir, hərəkət hissənin 7,2 metrdir. Avtomobil yolunda iki hərəkət istiqaməti vardır, istiqamətlər ağ rəngli qırıq xətlərlə ayrılır, həmin hərəkət istiqamətləri st. Mingəçevir və Bəhrəmtəpə istiqamətində hərəkət üçün nəzərdə tutulmuşdur. Hər iki istiqamətin sağında 2,3 metr enində yol çiyni yerləşir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, “Mercedes-Benz A160” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil st. Mingəçevir istiqamətinin sağ zolağı ilə hərəkətdə olan zaman idarəetmədən çıxıb, sağ yol çiyinin bitdiyi yerdən 43 metr qarşıya sağa doğru meyilli məsafədə çıxaraq aşıb dayanmışdır. Avtomobilin hərəkət hissədən sağa doğru çıxdığı yerdə sağ yol çiynində torpaq üzərində 4,5 metr uzunluğunda cütləşmiş şin izləri mövcuddur. Hadisə baş vermiş ərazidə sürət həddi 90 km/saat sürətlə məhdudlaşdırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi X3 tərtib etdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Bərdə rayon tibbi diaqnostika mərkəzindən daxil olmuş məlumatda həmin tarixdə saat 11 radələrində X7 aldığı bədən xəsarətlərindən ölməsi barədə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli, 762 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AE 238364 saylı, BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZE seriyalı, 18155782 və ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bəylə oğlunun himayəsində xx.xx.2013-cü il təvəllüdlü Lalə Səfərova və xx.xx.2015-ci il təvəllüdlü Qalib Səfərzadə adlı övladları vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “avtomobilin maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, “Mercedes-Benz A160” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RİH başçısının Bəcirəvan KİƏDÜN-nin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı – 1986-cı il təvəllüdlü X8, övladları - xx.xx.2013-cü il təvəllüdlü Lalə Səfərova və xx.xx.2015-ci il təvəllüdlü Qalib Səfərzadə ilə birlikdə Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəmə istintaqı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir şikayət və tələbi yoxdur, sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən, həmçinin xx.xx.2024-cü il tarixdə məhkəmə istintaqı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir şikayət və tələbi yoxdur, sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən, həmçinin xx.xx.2024-cü il tarixdə məhkəmə istintaqı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir şikayət və tələbi yoxdur, sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində arvadı Gülayə Səfərovanın xəstəliyi ilə əlaqədar diqqətinin yayındığını və məhz buna görə idarəetməni itirdiyi üçün yol-nəqliyyat hadisəsini törətdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri özünümüdafiə xarakterli, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsirləndirilən şəxsin özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində hadisə vaxtı dayısı Təqsirləndirilən şəxs avtomobili sürətli idarə etdiyini, daha sonra isə avtomobilin aşdığını və kanala yıxıldığını, özünün isə qarnından xəsarət aldığını göstərmişdir. Həmçinin azyaşlı zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə da ifadəsində göstərmişdir ki, yolda Gülayənin ağrıları artdıqca Qabilin fikri arvadına yönəldiyi üçün yola diqqəti azalmışdır. Qabil yoldakı avtomobilləri ötüb keçmişdir. St. Mingəçevir istiqamətində avtomobillərdən birini ötüb öz yoluna qayıdan zaman Gülayənin ağrıları yenə şiddətlənmiş, həmin an Qabil də idarəetməni itirmiş və hadisə baş vermişdir. O cümlədən iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 8/3407 nömrəli yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyindən görünür ki, “Mercedes-Benz A160” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətdə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (manevr, tormozlama və sair) vaxtında yerinə yetirərək avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı təmin etməli olduğu halda, yəni həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək avtomobili 90 km/saat sürətlə idarə edərək arvadı Gülayə Səfərovanın xəstəliyi ilə əlaqədar diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmaqla ittiham olunduğu cinayət əməlini törətmişdir. Beləliklə də, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan azyaşlı Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmasına, həmçinin ehtiyatsızlıqdan X1 və X7 ölməsinə, yəni iki nəfər şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində göstərilmişdir ki, izah edilsin ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Həmin Qərarın 17-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-in 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-in 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-cü maddəsinə, özünün də hadisə nəticəsində xəsarət almasını və yaşadığı yer üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş, zərərçəkmiş şəxsin hüquqi varislərinin və şahidin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək birbiri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Təqsirləndirilən şəxs əvvəllər hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməməsi, həmin cinayət əməllərinə görə məhkum olunmaması, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərdən birinin onun yaxın qohumu, yəni arvadı olması, digər zərərçəkmiş şəxslərin isə qohumu olması, özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi Təqsirləndirilən şəxs cəza təyini zamanı nəzərə alınmalı hallardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə əsas cəza olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza, əlavə cəza olaraq isə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 21-ci bəndində göstərilmişdir ki, CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxslərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayə Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs əsas cəza kimi təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Təqsirləndirilən şəxs hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi hadisə nəticəsində yaxın qohumu olan arvadının vəfat etməsindən sonra himayəsində qalan iki azyaşlı uşağını ciddi məhrumiyyətlərə düçar edə bilər, öz ailəsini ağır maddi vəziyyətə sala bilər, ailəsinin maddi rifahına, həyat şəraitinə, o cümlədən azyaşlı övladlarının taleyinə, təhsilinə və gələcək həyatına təsir edə bilər, həmçinin məhkumun islah və yenidən tərbiyə olunmasına xidmət edə bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxslərdən birinin onun yaxın qohumu, yəni arvadı olmasını, digər zərərçəkmiş şəxslərin isə qohumu olmasını, iki azyaşlı uşağının olmasını, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də cəzanı real olaraq çəkmədən və cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona əsas cəza kimi təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti ilə şərti hesab edilməsini qanuni, əsaslı və məqsədəmüvafiq hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını da məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları ilə əlaqədar olmayan digər cəzalarla birlikdə, habelə əsas cəzanın şərti olaraq tətbiq edilməsi zamanı təyin edildiyi hallarda əlavə cəzanın çəkilməsi müddəti hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya əlavə cəza kimi təyin olunmasını, həmçinin əsas cəza kimi təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsini nəzərə alaraq hesab edir ki, əlavə cəzanın çəkilməsi müddətinin hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmasını qanuni və əsaslıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin YPXA-nın Bərdə rayonu ərazisində yerləşən stasionar postun duracağında saxlanılan “Mercedes-Benz A160” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə dəyişdirilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona əsas cəza kimi təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin YPXA-nın Bərdə rayonu ərazisində yerləşən stasionar postun duracağında saxlanılan “Mercedes-Benz A160” minik markalı, **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə dəyişdirilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar