Məhkəmə qərarları › İş №1(100)-362/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-362/2025

30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-362/2025 30.01.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan cinayət işi Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi tərəfindən aparılmış ibtidai istintaq başa çatdıqdan və ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokuroru tərəfindən təsdiq edildikdən sonra baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Qeyd edilən cinayət işinin materialları öyrənilərkən iş üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması, həmçinin CPMin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının həmin Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması, o cümlədən CPM-in 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, cinayət işinin 3-cü cildində (vərəq 225-249) olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın nəticə hissəsinin 6-cı bəndindən görünür ki, iş materiallarında olan 22 noyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla həmin iş üzrə 07 iyul 2024-cü il tarixdə müstəntiq tərəfindən götürülmüş 1 (bir) ədəd bıçağın, 1 (bir) ədəd boz rəngli qısaqol alt köynəyin, 1 (bir) ədəd ön və arxa hissəsi qara, qolları ağ rəngli qısaqol yay köynəyin, 6 (altı) ədəd şüşə (pivə içkisi üçün nəzərdə tutulmuş) bakalın, 3 (üç) ədəd boşqabın, 4 (dörd) ədəd dəmir stulun, eləcə də Təqsirləndirilən şəxs dindirilməsi istintaq hərəkətinə dair özündə video çəkilişi əks etdirən 1 (bir) ədəd diskin iş üzrə maddi sübut hesab edilməklə təqsirləndirilən şəxs, onların müdafiəçiləri və cinayət prosesinin digər iştirakçıları tanış olduqdan sonra 1 (bir) ədəd diskin cinayət işinin materiallarına tikilməsi, digər maddi sübutların isə saxlanılması üçün Şəmkir rayon polis şöbəsinə məsul saxlanca verilməsinin qərara alınması nəzərə alınmışdır. Göründüyü kimi, ayrı-ayrı tarixlərdə eyni müstəntiq, yəni Şəmkir RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X4 tərəfindən qəbul edilmiş hər iki sübutların qiymətləndirilməsi haqqında qərarlarda 6 (altı) ədəd şüşə (pivə içkisi üçün nəzərdə tutulmuş) bakalın, 3 (üç) ədəd boşqabın və 4 (dörd) ədəd dəmir stulun maddi sbut kimi tanınması və tanış etmə istintaq hərəkəti zamanı həm təqsirləndirilən şəxslərə, həm də zərərçəkmiş şəxslərə tanış olmaları üçün təqdim edilməsi göstərilmişdir. Bununla belə, cinayət işinin 1-ci cildində (vərəq 44-55) olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən, həmçinin xx.xx.2024-cü il tarixdə keçirilmiş digər baxış və götürmə aparılması istintaq hərəkətlərinə dair protokollardan, eləcə də ümumilikdə iş materiallarında olan bütün istintaq hərəkətlərinə dair protokollardan həmin iş üzrə maddi sübut kimi tanınmış 6 (altı) ədəd şüşə (pivə içkisi üçün nəzərdə tutulmuş) bakalın, 3 (üç) ədəd boşqabın və 4 (dörd) ədəd dəmir stulun götürülməsi öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, cinayət işinin 3-cü cildində (vərəq 260-261) olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə cinayət işinin materiallarını təqdim etmə və cinayət işinin materialları ilə tanış etmə” istintaq hərəkətinə dair protokoldan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında keçirilmiş tanış etmə istintaq hərəkəti zamanı 6 (altı) ədəd şüşə (pivə içkisi üçün nəzərdə tutulmuş) bakal, 3 (üç) ədəd boşqab və 4 (dörd) ədəd dəmir stul təqsirləndirilən şəxslə onun müdafiəçisi Şəmkir rayon Vəkil Bürosunun vəkili X1 tanış olmaları üçün təqdim edilmişdir. Qeyd edilən xüsusatla bağlı məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq 1 (bir) ədəd bıçaqdan başqa digər maddi sübutların ona təqdim edilmədiyini göstərmişdir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2025-ci il tarixli məktubunda da göstərilmişdir ki, xx.xx.2024cü il tarixdə tanış etmə istintaq hərəkəti ilə əlaqədar Şəmkir RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X4 tərəfindən yalnız 01 (bir) ədəd paketdə bıçaq maddi sübut kimi istintaq otağına buraxılmışdır. Göründüyü kimi iş materiallarında olan ayrı-ayrı tarixlərdə eyni müstəntiq tərəfindən qəbul edilmiş sübutların qiymətləndirlməsi haqqında qərarlarla faktiki olaraq hər hansı bir istintaq hərəkətinin keçirilməsi zamanı müvafiq qaydada qablaşdırılmaqla götürülməmiş 6 (altı) ədəd şüşə (pivə içkisi üçün nəzərdə tutulmuş) bakalın, 3 (üç) ədəd boşqabın və 4 (dörd) ədəd dəmir stulun maddi sübut kimi tanınmasına baxmayaraq, həmin əşyalar mövcud olmadığına görə tanış etmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxslə müdafiəçisinə tanış olmaları üçün real olaraq təqdim olunmamışdır. Bundan başqa, ayrı-ayrı tarixlərdə eyni müstəntiq tərəfindən qəbul edilmiş sübutların qiymətləndirlməsi haqqında qərarlarla 1 (bir) ədəd boz rəngli qısaqol alt köynək və 1 (bir) ədəd ön və arxa hissəsi qara, qolları ağ rəngli qısaqol yay köynək də maddi sübut kimi tanınsa da, həmin paltarlar da xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında keçirilmiş tanış etmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxslə müdafiəçisinə tanış olmaları üçün real olaraq təqdim olunmamışdır. Bundan başqa, cinayət işinin 3-cü cildində olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə cinayət işinin materiallarını təqdim etmə və cinayət işinin materialları ilə tanış etmə” istintaq hərəkətinə dair protokoldan görünür ki, tanış etmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxslə müdafiəçisinə tanış olmaları üçün cinayət işinin 2-ci cildi 250 (iki yüz əlli) vərəqdən ibarət olmaqla təqdim edilmişdir. Halbuki cinayət işinin 2-ci cildi faktiki olaraq 255 (iki yüz əlli beş) vərəqdən ibarətdir. Həmçinin həmin cildə olan vərəqlər ümumiyyətlə nömrələnməmişdir. Vərəqlərin ardıcıl nömrələnməsi ilə bağlı kobud pozuntular nəticə etibarı ilə ittiham aktının tərtibi zamanı cinayət işi üzrə toplanmış materiallara və cinayət işinin vərəqlərinə istinadları səhv əks etdirilmişdir. Bundan başqa, cinayət işinin 3-cü cildində olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə cinayət işinin materiallarını təqdim etmə və cinayət işinin materialları ilə tanış etmə” istintaq hərəkətinə dair protokola əsasən iş materiallarındakı bir ədəd informasiya daşıyıcı olan diksin tanış etmə isitntaq hərəkəti zamanı təqdim edilməsi göstərilsə də, fakitiki olaraq protokolda qeyd edilən diksin təqsirləndirilən şəxslə müdafiəçisinə nümayiş etdirilməsi öz əksini tapmamışdır. Həmçinin həmin protokolda təqsirləndirilən şəxslə müdafiəçisinin qeyd edilən informasiya daşıyıcı olan disklə tanış olmaqdan imtina etmələri barədə də hər hansı bir qeyd yoxdur. Göstərilən analoji kobud pozuntuların hamısına zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx.xx.2024-cü il tarixdə ayrı-ayrı saatlarda keçirilmiş ayrı-ayrı tanış etmə istintaq hərəkətləri zamanı da yol verilmişdir. Bundan başqa, cinayət işinin 2-ci cildinin faktiki olaraq 255 (iki yüz əlli beş) vərəqdən ibarət olmasına baxmayaraq, cinayət işinin 3-cü cildində olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə cinayət işinin materiallarını təqdim etmə və cinayət işinin materialları ilə tanış etmə” istintaq hərəkətinə dair protokolda 250 (iki yüz əlli) vərəqdən ibarət olması kimi göstərilməsi nəticəsində həmin iş üzrə tərtib edilmiş ittiham aktında cinayət işinin 2-ci cildinə dair vərəqlərə istintadların hamısı tamamilə səhv əks etdirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 285.1-ci maddəsində göstərilmişdir ki, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. Cinayət-Prosessual Məcəlləsinin 285.2-ci maddəsinə əsasən cinayət prosesinin iştirakçılarını cinayət işinin materialları ilə tanış edərkən müstəntiq onların xahişi ilə müvafiq texniki vasitələrdən istifadə etməklə protokollara əlavə edilən yazılar, fotoşəkillər, çəkiliş lentləri və başqa məlumat daşıyıcılarını nümayiş etdirir. Cinayət-Prosessual Məcəlləsinin 289.5-ci maddəsinə əsasən ittiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Bundan başqa, cinayət işinin materiallarında olan ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilmişdir ki, o, 10 il əvvəl, 2014-cü ildə istintaqa dəqiq məlum olmayan tarixdə Gəncə şəhəri, “Univermaq” adlanan yerdən qanunsuz olaraq əldə etdiyi, silah qismində istifadə etdiyi soyuq silah hesab edilən ov bıçağını üzərində gəzdirərək alkoqol sərxoşluğu vəziyyətində 06 iyul 2024-cü il tarixdə saat 20 radələrində Şəmkir rayonu, Seyfəli kəndinin ərazisində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi kafeyə gələrək tanışı Şahid5 və Şahid4 ilə bir qrup şəxs qismində əlbir olub Zərərçəkmiş şəxs2 spirtli içki olan pivə gətirməsini tələb etmiş, lakin sonuncu pivənin qurtardığını bildirdiyi üçün heç bir əsaslı səbəb olmadan yüksək səslə ünvansız söyüşlər söymüş, bundan sonra öz xuliqanlıq hərəkətlərini davam etdirərək qrupun digər üzvləri ilə birlikdə Zərərçəkmiş şəxs2 əyləşdiyi stola yaxınlaşaraq ona məxsus 6 (altı) ədəd şüşə (pivə içkisi üçün nəzərdə tutulmuş) bakalı, 3 (üç) ədəd boşqabı və 4 (dörd) ədəd dəmir stulu qəsdən zədələyib məhv etməklə, həmçinin onu qanunsuz hərəkətlərinin qarşısını almağa və sakitləşməyə dəvət edən Şəmkir rayonu, Könüllü kənd sakini Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədib onu təhqir edərək qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağını cibindən çıxardıb nümayiş etdirməklə insanların gur toplaşdığı ictimai yer hesab olunan kafedə ictimai asayışın pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan 20-25 dəqiqə ərzində ətrafda istirahət edən şəxslərin narahatçılıqlarına və kafenin iş rejiminin pozulmasına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, bu zaman onun tərəfindən ov bıçağının silah qismində istifadə olunaraq üzərinə gəlməsindən qorxan Zərərçəkmiş şəxs1 onu özündən aralaşdırmaq məqsədilə yumruqla üz hissəsindən bir dəfə zərbə vurub ona sağ gözaltı nahiyəsinin qançırı və sağ saidin orta üçdə birinin iç səthinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər yeritdiyini bəhanə edərək, məsələnin mahiyyətinə varmadan, heç bir ciddi və əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində gəzdirdiyi açıq vəziyyətdə ümumi uzunluğu 326 mm, dəstəyinin uzunluğu 181 mm, tiyəsinin uzunluğu 145 mm, orta hissədə eni 28 mm, qalınlığı 3,8 mm olan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən ov bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs1 bel nahiyəsinə bir dəfə zərbə ilə vuraraq sonuncuya bel nahiyəsinin sol yarısının qarın boşluğuna keçən, dalağı zədələyən, kəskin qanitirməyə səbəb olmuş 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, Zərərçəkmiş şəxs1 sağlamlığına xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına əsasən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq cinayət əməli sayılır. Göründüyü kimi xuliqanlıq obyektiv cəhətdən özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə edilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, əmlakı məhv etmək dedikdə, mülkiyyət formasından asılı olmayaraq, əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə, ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülməlidir. Qeyd edilən qərarda ifadə olunmuş hüquqi mövqeyə əsasən əmlakı zədələməklə əmlakı məhv etmə tamamilə fərqli hərəkətlərdir. Bununla belə ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş ittihamda əmlakların ümumi olaraq adları, növləri və sayları sadalansa da, iş materialları ilə qeyd edilən əmlakların və ya onların qalıq hissələrinin (qırıntılarının) götürülməsi öz təsdiqini tapmadığı üçün, yəni faktiki olaraq verilmiş ittihamda göstərilmiş həmin əmlaklardan hansının zədələnməsi, hansının isə məhv edilməsi konkret olaraq ayırd edilməmiş, ümumi olaraq əmlakların növləri sadalanmaqla onların zədələnməsi ilə məhv edilməsi göstərilmişdir. İş materiallarında olan 22 noyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla 4 (dörd) ədəd dəmir stulun maddi sübut kimi tanınması göstərilsə də, işin faktiki hallarından dəmir konstruksiyalı materialdan olan stulların hansı qaydada və ya hansı üsulla məhv edilməsi, yaxud zədələnməsi konkret olaraq öz təsdiqini tapmamışdır. Eləcə də qeyd edilən xüsusatlar digər əmlaklara da aiddir. Bundan başqa, cinayət işinin 1-ci cildində (vərəq 107) olan xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, işlətdiyi kafedə ona məxsus əmlakların bir qismin zədələndiyi, bir qismi isə məhv olduğu üçün, yəni faktiki olaraq ona maddi ziyan dəydiyinə görə Zərərçəkmiş şəxs2 həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Eyni zamanda iş materiallarında olan Şəmkir rayon "xxxx" MMC-nin təqdim etdiyi arayışdan görünür ki, 06 (altı) ədəd şüşə qabların (pivə içkisi üçün nəzərdə tutulmuş) hər birinin qiyməti 10 manat, 03 (üç) ədəd boşqabların hər birinin qiyməti 5 manat, 04 (dörd) ədəd dəmir stulların hər birinin qiyməti 30 manat təşkil edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, əmlakı məhv etmək dedikdə, mülkiyyət formasından asılı olmayaraq, əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə, ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülməlidir. Bu halda əməlin hüququ tövsifi xuliqanlıq nəticəsində vurulan maddi ziyanın miqdarından asılıdır. Həmin ziyanın miqdarı Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci qeydinə müvafiq olaraq, şərti maliyyə vahidinin bir min mislindən az olduqda, təqsirləndirilən şəxsin əməli yalnız Cinayət Məcəlləsinin 221ci maddəsi ilə, ziyanın məbləği xeyli və ya küllü miqdar olduqda, habelə xuliqanlıq gedişində özgənin əmlakı yandırılmaqla, partladılmaqla və ya başqa ümumi təhlükəli üsullarla məhv edildikdə, yaxud zədələndikdə, əməl cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə və müvafiq olaraq 186.1-ci, yaxud 186.2.1 və ya 186.2.2-ci maddələri ilə tövsif olunmalıdır. Cinayət Məcəlləsinin 221-ci maddəsi formal tərkibli olduğundan, yəni həmin maddədə qeyd olunan hərəkətlər törədildiyi andan başa çatmış hesab edildiyi üçün, maddi tərkibli cinayətlərdən fərqli olaraq ictimai təhlükəli nəticənin baş verməsi tələb olunmur və belə cinayət tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə yaranmır. Bununla bağlı məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 221-ci maddəsi maddi tərkibli olmadığından, yəni konkret olaraq zədələnmiş və ya məhv edilmiş əmlakların real bazar qiymətinin verilmiş ittihamda göstərilməsi birbaşa tələb olunmasa da iş materialları ilə təqsirləndirilən şəxsin zədələyib məhv etdiyi iddia olunan əmlakların faktiki real bazar dəyəri müəyyən edildiyi halda və Zərərçəkmiş şəxs2 məhz dəymiş maddi ziyana görə zərərçəkmiş şəxs qismində tanındığı halda, təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamda həmin əmlakların dəyərinin göstərilməməsi gələcəkdə həm zərərçəkmiş şəxsin mülki iddia qaldırmaq hüququnu, həm də təqsirləndirilən şəxsin ona qarşı vermiş mülki iddiaya münasibətdə öz müdafiəsini təşkil etmək hüququnu məhdudlaşdırır. Halbuki Cinayət-Prosessual Məcəlləsinin 91.5.27-ci maddəsinə əsasən öz müdafiəsini müstəqil həyata keçirərkən birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında giriş sözü (haqqında irəli sürülmüş ittihamda özünü təqsirli bilib-bilməməsinin, mülki iddianı qəbul edib-edilməməsinin elan olunması), nitq və replika söyləmək təqsirləndirilən şəxsin hüquqlarıdır. Göründüyü kimi təqsirləndirilən şəxsə verilmiş ittiham qeyri-müəyyən olmaqla, Təqsirləndirilən şəxs konkret olaraq hansı əmlakları məhv etməsi, yaxud hansı əmlakları zədələnməsi, eləcə də məhv etdiyi və ya zədələdiyi əmlakların real bazar qiyməti dəqiq göstərilməmişdir. Halbuki Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə əsasən nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) təqsirləndirilən şəxsin hüququdur. Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilir. Cinayət-Prosessual Məcəlləsinin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə müdafiə hüququnun pozulmasına səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi, cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Həmin Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin müdafiə tərəfinin hüquqları ilə bağlı tələblərinə Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi ilə zəmanət verilən ədalətli məhkəmə araşdırması hüququnun xüsusi aspekti kimi baxılmalıdır (Saxnovski Russiyaya qarşı [BP], § 94; Qefgen Almaniyaya qarşı, § 169). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndində müəyyən edilən xüsusi təminatlar cinayət işlərində ortaya çıxan səciyyəvi prosedur vəziyyətlərin nümunəsində ədalətli məhkəmə araşdırması anlayışını izah edir, lakin onların əsl məqsədi hər zaman bütövlükdə cinayət mühakimə icraatının ədalətliliyini təmin edir və ya onun təmin edilməsinə töhfə verir. Buna görə də 6-cı maddənin 3-cü bəndi ilə qorunan təminatlar özözlərində məqsəd səciyyəsi daşımırlar və müvafiq olaraq məhkəmə icraatının ümumi kontekstində malik olduqları funksiya nəzərə alınmaqla təfsir olunmalıdırlar (Mayzit Rusiyaya qarşı, § 77; Kan Avstriyaya qarşı, § 48). Konvensiyanın 6-cı maddəsinin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsin "ittiham" barədə məlumatlandırılmasına xüsusi diqqətin yetirilməsinə ehtiyac olduğuna işarə edir. Cinayətin təfərrüatları cinayət prosesində əhəmiyyətli rol oynayır, belə ki, bu təfərrüatlar təqdim edildiyi andan şübhəli şəxsə ona qarşı irəli sürülən ittihamın faktiki və hüquqi əsasları barədə yazılı rəsmi bildiriş verilir (Kamasinski Avstriyaya qarşı, § 79; Pelissye və Sassi Fransaya qarşı [BP], §51). Konvensiyanın 6-cı maddəsinin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın "əsasları", yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın "xarakteri", yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir (Mattoçia İtaliyaya qarşı, § 59; Penev Bolqarıstana qarşı, §§ 33 və 42, 7 yanvar 2010-cu il). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) yarımbəndi Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi ilə zəmanət verilən daha ümumi ədalətli məhkəmə araşdırması hüququ nəzərə alınmaqla qiymətləndirilməlidir. Cinayət işlərində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamlar barədə və müvafiq olaraq məhkəmənin məsələ ilə bağlı qəbul edə biləcəyi hüququ xarakteristika haqqında tam və ətraflı məlumatın verilməsi cinayət mühakimə icraatının ədalətli olmasının təmin edilməsi üçün başlıca ilkin şərtdir (Pelissye və Sassi Fransaya qarşı [BP], § 52; Seydoviç İtaliyaya qarşı [BP], § 90). Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (a) və (b) yarımbəndləri arasında bağlılıq bundan ibarətdir ki, ittihamın xarakteri və səbəbi haqqında məlumatlandırılmaq hüququ təqsirləndirilən şəxsin müdafiəsini hazırlamaq hüququ kontekstində qiymətləndirilməlidir (Pelissye və Sassi Fransaya qarşı, § 54; Dallos Macarıstana qarşı, § 47). Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.1. təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6. cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması. Beləliklə də hazırkı iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin müdafiə hüququ kobud şəkildə pozulmuş, ittiham aktı müvafiq olaraq bu Məcəllənin 289-cu maddəsini tələbinə uyğun tərtib edilməmiş, o cümlədən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286 və 288-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa, cinayət işinin materialları öyrənilərkən ibtidai istintaq zamanı bir sıra aşağıdakı prosessual pozuntulara da yol verildiyi müəyyən edilmişdir. Belə ki, cinayət işinin 1-ci cildində vərəq 139-da olan xx.xx.2024-cü il tarixli “müdafiəçi tutmaq hüququnun izah edilməsi haqqında” protokolda şübhəli şəxsi kimi hazırkı işə heç bir aidiyyəti olmayan X2 adı yazılmış, halbuki şübhəli şəxs Təqsirləndirilən şəxs olmuşdur. Cinayət işinin 1-ci cildində vərəq 161-də olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçiyə malik olmasına baxmayaraq həmin istintaq hərəkətinin keçirilməsi zamanı onun müdafiəçisinin iştirak etməsi, eləcə də iş materiallarında həmin istintaq hərəkətinin keçiriləcəyi barədə müdafiəçinin əvvəlcədən xəbərdar edilməsi öz təsdiqini tapmamışdır. Halbuki Cinayət-Prosessual Məcəlləsinin 244.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Cinayət işinin 1-ci cildində vərəq 196-197-də olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürülsə də, sözügedən qərarın surətinin Təqsirləndirilən şəxs verilməsi və sonuncunun həmin qərarla tanış edilməsi tarixi kimi təxminən 01 il əvvəl, yəni 16 sentyabr 2023-cü il tarix göstərilmişdir. Cinayət işinin 1-ci cildində vərəq 215-də olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında məhkəməyə təqdim edilən materiallar ilə tanış etmək haqqında” protokoldan görünür ki, həmin istintaq hərəkəti xx.xx.2024-cü il tarixdə saat 13:30-da başlanmış və həmin gün saat 13:45-də başa çatmışdır. Bununla belə, cinayət işinin 1-ci cildində vərəq 216-da olan xx.xx.2024-cü il tarixli “şübhəli və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” istintaq hərəkətinə dair protokoldan görünür ki, həmin istintaq hərəkəti xx.xx.2024-cü il tarixdə saat 13:30-da başlanmış və həmin gün saat 13:50-də başa çatmışdır. Göründüyü kimi ibtidai istintaqı aparan Şəmkir RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X4 cinayət prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla eyni gün və eyni saatda eyni təqsirləndirilən şəxsin və onun müdafiəçisinin iştirakı ilə iki fərqli istintaq hərəkətləri keçirmişdir. Bu hal isə həmin istintaq hərəkətlərinin Cinayət-Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə, eləcə də Cinayət-Prosessual Məcəlləsinin 125.2.7-ci maddəsinə əsasən istintaq hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılmasına dəlalət edir. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(076)- 148/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 30 yanvar 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənə qədər dəyişdirilmədən saxlanılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı, həmçinin qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 306.2.1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 306.2.2. cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətə uzadılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 299- 301, 303 və 306-cı maddələrini rəhbər tutub məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 (bir) ay müddətinə uzadılsın. Qərarın surəti təqsirləndirilən şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxslərə və dövlət ittihamçısına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar