Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-365/2025 08.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X6 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.2003-cü il tarixdə Samux rayonu, Qarayeri kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdə saat 00:30-da yaşadığı Samux rayonu, Sərkar kəndində yerləşən evində olarkən sərxoş vəziyyətdə olan həmkəndlisi Zərərçəkmiş şəxs onun yaşadığı evinə gələrək evinin həyətində atası Şahid1 ilə mübahisə etdiyini və ucadan ünvansız söyüşlər etdiyini görüb Zərərçəkmiş şəxs küçəyə çıxartmış, bundan hiddətlənən Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün o, sonuncudan qisas almaq məqsədilə yaşadığı evə keçərək mətbəxdən kustar üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını götürüb küçəyə çıxan zaman Zərərçəkmiş şəxs həmkəndlisi Şahid4 idarə etdiyi VAZ-2107 markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobillə getdiyini görüb aralarında yaranmış mübahisəni həll etmək üçün piyada Şahid4 avtomobilinin arxasınca getmiş, bu zaman Zərərçəkmiş şəxs onun gəldiyini görüb avtomobilin salonundan yenidən onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib “Rizvanın evi” adlanan fərdi yaşayış evinin qarşısından keçən küçədə avtomobili saxlatdıraraq yerə düşdüyü üçün orada aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı o, əvvəlcədən yaşadığı evin mətbəxindən götürdüyü mətbəx bıçağının kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs sol bud hissəsinə qəsdən bir dəfə zərbə vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sol budun 1/3-nin səthi kəsilmiş yarası xəsarətini yetirmiş, bu zaman Zərərçəkmiş şəxs xəsarət aldığını bilib ondan qaçaraq yenidən onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyindən bir qədər qabaqda Samux rayonu, Sərkar kəndində yerləşən “Müslümün dükanı” adlanan yem mağazasının qarşısında yenidən mübahisə edərək dalaşan zaman hər ikisi yerdə yıxılı vəziyyətdə olarkən o, sözügedən bıçaqla Zərərçəkmiş şəxs sol said nahiyəsinə və döş qəfəsinə zərbələr endirərək sonuncuya sağlamlığa yüngül zərər vurmaya aid sol saidin 2 ədəd kəsilmiş-deşilmiş yarası, eləcə də sağlamlığa ağır zərər vurmaya aid daxilə nüfuz edən və pnevmotoraksla nəticələnən döş qəfəsinin 1 ədəd kəsilmiş-deşilmiş yarası xəsarətini yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam evdə yatan zaman atası Rəşadın səsini və söyüş söyüldüyünü eşidib yuxudan oyanaraq çölə çıxdıqda Zərərçəkmiş şəxs onların qapılarının qarşısında söyüş söydüyünü görmüşdür. O, sonuncu ilə salamlaşdıqdan sonra qonşuluqda və evdə adamların yaşadığını deyib söyüşlə danışmamasını xahiş edərək getməsini istəmişdir. Samirə bunları dedikdən sonra sonuncu onun ünvanına söyüş söymüş, lakin Samir özündə olmadığından o, sonuncuya heç nə deməmiş və sabah söhbət edəcəyini bildirmişdir. Samir evlərinə getmək üçün avtomobilini hərəkətə gətirəndə avtomobil onların qapılarının qarşısındakı arxa düşmüş və bu zaman sonuncu uca səslə avtomobilinə söyməyə başlamışdır. O, Samirə yenidən söyüş söyməməsini demiş, lakin sonuncu yenə nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Samirin yanında olan tanımadığı şəxs yanlarından getmişdir. O, evə qayıdaraq mətbəxdən bıçaq götürüb çölə çıxaraq Samirə problem yaratmamasını və evin qarşısından aralanıb getməsini demişdir. Bundan sonra Samir oraya gəlmiş Allahverdinin avtomobili ilə getmişdir. Yol xırlıq olduğu üçün Allahverdinin avtomobili yavaş sürətlə hərəkət etmişdir. Avtomobilini arxdan çıxardıqdan sonra mobil nömrə almaqdan ötrü o, Allahverdinin avtomobilinin arxası ilə getmişdir. Avtomobilinə yaxınlaşan zaman Samirin onun ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyməsini eşidib avtomobilin arxası ilə qaçmış, lakin Samir avtomobildən düşməmişdir. Bir qədər getdikdən sonra avtoyuma məntəqəsinin yanında Samir avtomobildən düşmüş, o isə sonuncuya yaxınlaşıb ona söyüş söydüyünü eşitdiyini dedikdə Samir qaçmış və həmin vaxt oradan keçən Anar müəllimin avtomobilinin başına hərlənmişdir. O, yolun ortasında Samiri tutmuş və sonuncu ilə dalaşmağa başlamışdır. Həmin vaxt o, evdən götürdüyü mətbəx bıçağını belindən çıxarmamışdır. O, yerdə süpürləşən zaman Samirə bıçaqla xəsarət yetirmiş, lakin hansı nahiyəsindən vurmağını xatırlamamışdır. Bir qədər sonra hadisə yerinə adamların toplaşdığını görüb evə getmiş, ertəsi gün isə polisə gedərək təslim olmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Zərərçəkmiş şəxs həmkəndli kimi tanımış, sonuncu yaşca ondan böyük olmuş və aralarında əvvəllər heç bir mübahisə olmamışdır. Hadisədən əvvəl Samir onun atası ilə mübahisə etmiş, lakin o, sonuncuların mübahisələrinin səbəbini dəqiq bilməmiş, səhv etmirsə atasının Samirə borcu olmuşdur. Samir qapının qarşısında söyüşlə danışdığı üçün o, çölə çıxıb bu formada danışmamasını demiş, həmin vaxt Samir onun atası ilə danışarkən nalayiq ifadələr işlətmişdir. Samir hadisə zamanı sərxoş olmaqdan çox narkotik vasitələrin təsiri altında olan biri kimi hərəkət etmişdir. O, qapıya çıxıb Samirə söyüşlə danışmamasını deməyinə baxmayaraq, sonuncu yenə də söyüşlə danışmağa davam etmişdir. Samir avtomobilə minib getmək üçün hərləyən zaman avtomobil onların qapılarının qarşısındakı arxa düşmüşdür. Həmin vaxtı Samir avtomobilə söyüş söyməyə başlamışdır. O, Samirin məqsədinin dava etmək olduğunu və sonuncunun ondan fiziki cəhətdən güclü olduğu görüb özünü müdafiə etmək məqsədilə evdən bıçaq götürmüşdür. O, bıçağı Samirin avtomobili arxa düşüb söyüş söydükdən sonra götürmüş, həmin vaxtı sonuncunun da üzərində bıçaq olub-olmamasını bilməmişdir. O, Allahverdidən Samiri götürüb aparmasını xahiş etmişdir. Samir avtomobilə əyləşdikdən sonra eşidəcəyini bilə-bilə onun ünvanına söyüş söymüşdür. O da buna görə sonuncunun arxasınca qaçmış və onlar dalaşmışlar. Allahverdi avtomobili idarə edərkən Samir ayağını avtomobildən çölə çıxardığı üçün Allahverdi məcbur olub avtomobili dayandırmış və Samir yerə düşmüşdür. O, Samirə yaxınlaşaraq birinci dəfə orada bıçaqla sonuncunun yan hissəsindən vurmuşdur. Bundan sonra Samir yenə ağır söyüşlər edib qaçmışdır. O da sonuncunun arxası ilə qaçıb çatmış və onlar yenə dalaşmışlar. O, dəqiqliklə deyə bilməsə də Samirə xatırladığı qədəri ilə 2-3 dəfə bıçaqla xəsarət yetirmişdir. Samirə bıçaqla xəsarət yetirdikdən sonra onları heç kim ayırmamış, o, özü çıxıb getmiş, hadisə yerinə də adamlar toplaşmışdır. O, Samir yerə yıxıldıqdan sonra sonuncunun üzərində oturub bıçaqla vurmamış, mübahisə zamanı ikisinin də ayağı sürüşdüyü üçün yerə yıxılmışlar. Samirə bıçaqla xəsarət yetirən zaman sonuncu ona müqavimət göstərmişdir. Sonradan bildiyinə görə Samiri Anar müəllim xəstəxanaya aparmışdır. O, Zərərçəkmiş şəxsla barışmış, bildiyi qədəri ilə atası sonuncunun müalicə xərclərini də qarşılamışdır. Əməlindən peşmandır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü o, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişdir. Söhbət zamanı ucadan danışıldığı üçün anlaşılmazlıq olmuşdur. O, oradan getmiş və yolda olarkən avtomobildən düşüb Sərxanla bir qədər söhbət etmişdir. Bundan sonra Sərxan ona 3-4 dəfə bıçaqla xəsarət yetirmişdir. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs bıçaqla onun döş qəfəsinə, sol qoluna və sol bud nahiyəsinə xəsarətlər yetirmişdir. Sonuncu ona bıçaqla xəsarət yetirən zaman kiminsə mane olub-olmamasını xatırlamamışdır. O, Təqsirləndirilən şəxs yaşadığı evinə gedən zaman sərxoş vəziyyətdə olmuşdur. Sərxanla mübahisələrinin başlama səbəbinin nə olduğunu xatırlamamışdır. Sərxanın atası Rəşad onu çağırdığı üçün o, Sərxanın yaşadığı evinə getmiş, çünki Rəşad onlara qonaqlıq vermək istəmişdir. Bildiyi qədəri ilə Rəşadın qızının polisdə işi olmuş, lakin polisdəki işi ilə bağlı sonuncu ilə aralarında hər hansı pul söhbəti olmamışdır. Evin qarşısına gəldikdə Rəşad onu qarşılayıb qonaqlıq vermək istədiyini demiş, o isə yeyibiçməkdən gəldiyi üçün sərxoş olmuşdur. Sərxangilin evinə gedən zaman onun yanında heç kim olmamış, o, Rəşadla yüksək səslə deyib-gülmüş, Sərxan da buna görə səsə çölə çıxmışdır. Lakin onun yaddaşla bağlı problemi olduğu üçün bundan sonra baş verənləri xatırlamamışdır. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhərində Dəmir yolu Vağzalı adlanan ərazidə olan zaman Rəşad ona yaxınlaşaraq qızı Ayşənin itkin düşməsini və qızının onun avtobusuna minib minmədiyini ondan soruşmuşdur. O da Rəşada Ayşənin harada olmasından xəbərinin olmadığını demiş, sonuncu da çıxıb getmişdir. Bu söhbətin sabahısı günü, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Gəncə şəhərində Dəmir yolu Vağzalı adlanan ərazidə olan zaman Rəşad ona yaxınlaşaraq qızı Ayşəni polislərin tapdığını və polis şöbəsinə gedəcəyini ona demişdir. O, Rəşadla birlikdə özünün idarə etdiyi mikroavtobusla Samux RPŞ-yə getmiş, RPŞ-yə gələn zaman Rəşadın arvadı Bahar da polis şöbəsinin qarşısında olmuşdur. O, sonuncularla söhbət edən zaman Rəşadgil qızları Ayşənin işinin nə yerdə olması ilə bağlı maraqlanmasını ondan xahiş etmişlər. O, qazi olduğu üçün polislər ona hörmət etmişlər. O, polis şöbəsinə girərək Rəşadın qızı Ayşə barədə maraqlanmış və orada ona hazırda Ayşənin itkin düşməsi ilə bağlı araşdırma aparıldığını demişlər. O, polis şöbəsindən çölə çıxaraq Rəşad və Bahara Ayşə ilə bağlı araşdırma aparıldığını demiş və daha sonra sonuncuların yanından gedərək dostları ilə Samux rayonunda Kürün sahilində oturub yeyib içmişdir. Hava qaraldıqdan sonra o, Samux rayonu, Sərkar kəndinə getmişdir. Sərkar kəndinə gəldikdən sonra Rəşad ona zəng edib yaşadığı evə çağırmışdır. O, tanışı Toma ilə birlikdə özünə məxsus mikroavtobusla saat 23 radələrində Rəşadın yaşadığı Samux rayonu, Sərkar kəndinə getmişdir. O, avtobusu Rəşadın yaşadığı evin qarşısında saxlamış və Toma ilə birlikdə Rəşadın evinin həyətinə keçib sonuncu ilə söhbət etməyə başlamışdır. Rəşad bir qədər əsəbi olduğu üçün söyüşlə danışmışdır. Bu zaman Rəşadın oğlu Sərxan çölə çıxaraq atasına söyüşlə danışmamasını deyib atası ilə mübahisə etməyə başlamışdır. O isə Sərxana “sənin atandır, ayıb deyilmi, onunla belə danışırsan” demiş, Sərxan da ona “yaxşı eləyirəm, get işinlə məşğul ol” demişdir. Bundan sonra o, Sərxanla mübahisə etməyə başlamış, Rəşad onun Sərxanla mübahisə etdiyini görüb onu yaşadığı evdən qovmuşdur. O, Toma ilə birlikdə Rəşadın evinin həyətindən çıxıb öz mikroavtobusuna oturmuş və mikroavtobusu işə salıb getmək istəyən zaman mikroavtobusun təkəri arxa düşərək batmışdır. O, nə qədər eləsə də mikroavtobusu arxdan çıxarda bilməmişdir. Səsə Rəşad çölə çıxaraq ona mikroavtobusu arxdan çıxarmağa köməklik etmiş, lakin onlar mikroavtobusu arxdan çıxarda bilməmişlər. Rəşad yaxınlıqda olan taksi sürücüsü Allahverdinin avtomobili ilə traktor axtarmağa getmiş ki, mikroavtobusu çəkib arxdan çıxartsınlar. O isə avtobusun içərisinə keçib yatmışdır. Bir qədər yatdıqdan sonra yuxudan durmuş və Rəşadın evinin həyətinə keçmişdir. Həmin vaxtı o, Toma ilə Sərxanın söhbət etdiyini görmüşdür. O, sonuncuların yanına gəlib çay istəmiş, bu zaman Sərxan yenə onunla mübahisə etməyə başlamışdır. O, Sərxana müharibə iştirakçısı olduğunu, yanında top partladığını, yoldaşdarının yanında şəhid olduğunu, Maştağada dəliliklə bağlı yatdığını deyib Sərxanı başa salmaq istəmiş, lakin sonuncu mübahisəni davam etdirdiyi üçün o, evin həyətindən çölə çıxmışdır. Bu zaman onun tanışı avtobus sürücüsü Rauf da oraya gəlmişdir. Rauf çöldə onların mübahisə etdiklərini görüb onu Allahverdinin avtomobilinə otuzdurmuşdur. O, Toma ilə birlikdə Allahverdinin maşını ilə yaşadığı evə tərəf gedərkən əsəbi halda maşında Sərxanın ünvanına söyüş söymüşdür. O, Rəşadın evindən 500-600 metr aralandıqdan sonra kiminsə onu səslədiyini eşitmişdir. O, Allahverdiyə avtomobili saxlamasını demiş, lakin sonuncu avtomobili Rizvanın evinin qarşısında saxlamış, o da avtomobildən düşmüşdür. O, avtomobildən düşən kimi Sərxan onun yanına çatmışdır. Sərxan ona nə səbəbə ona söydüyünü demiş, o isə söymədiyini demişdir. Hava qaranlıq olduğu üçün Sərxanın əlində heç nə görünməmişdir. O, Sərxanla söhbət edən zaman sol ayağına nəyinsə batdığını hiss etmiş, diqqətlə baxan zaman isə Sərxanın əlində bıçaq olduğunu görmüşdür. Sərxanın onu yenidən vuracağını güman edib Müslümün mağazasının qarşına qaçmış, Sərxan da onun arxası ilə qaçmışdır. Müslümün mağazasının qarşısında Anar müəllimin avtomobil ilə gəldiyini görüb sonuncunun avtomobilinə oturmaq istəmiş, lakin Sərxan əlində bıçaqla qaça-qaça arxası ilə gəldiyi üçün o, Anarın avtomobilinin başına dövrə vurmuşdur. Sərxan isə arxası ilə qaça-qaça ona bıçaq zərbələri atmışdır. O, bir qədər qaçdıqdan sonra qan itirdiyi üçün taqəti qalmamış və asfalta yıxılmışdır. Asfalta yıxıldıqdan sonra Sərxan onun üstünə çıxmış və bıçaqla onun döş qəfəsindən bir dəfə zərbə vurmuşdur. Sərxan ona “xirtdəyinə soxum bıçağı” demiş, o isə “kişisən öldür məni” demişdir. Sərxan isə heç bir reaksiya verməyərək onun üzərindən durub çıxıb getmişdir. Daha sonra Anar müəllim onu öz avtomobili ilə Gəncə şəhərinə xəstəxanaya aparmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. O, Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, sonuncudan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə günü səhər saatlarında Gəncə şəhərinə gedən zaman Zərərçəkmiş şəxs onun qarşısını kəsib siqaret istəmişdir. O, siqaret verdikdən sonra sonuncu ondan pul verməyini istəmiş, o da pulunun olmadığını demiş və Samirə iki ədəd su alıb vermişdir. Bundan sonra o, qızı Ayşənin işi ilə bağlı polis şöbəsinə gedəndə Zərərçəkmiş şəxs da onunla getmişdir. Onlar şöbənin qarşısına çatanda yoldaşı Baharın artıq orada olduğunu görmüşlər. Samir onun qızının işi ilə bağlı rəisdən xahiş etdiyini və buna görə özünə pul verməsini demişdir. O isə pulunun olmadığını demişdir. Bundan sonra o, şöbənin qarşısında Samirlə bir az mübahisə edərək çıxıb getmişdir. Qaynanasıgildən yaşadığı evə çatan kimi Samir adını bilmədiyi kişi ilə onun qapısının qarşısına gəlmişdir. Samir yanına gəldikdən sonra xoşagəlməz bir ifadə işlətmiş, o isə sonuncuya “ağıllı ol” demişdir. Samirin yanında gələn şəxs qapıdan həyətə keçmiş və əlindəki açarı stolun üzərinə atıb ayaqlarının bir-birinin üzərinə qoyaraq oturmuşdur. Həmin şəxsin ardınca Samir gələrək qapının ağzında onunla mübahisə etmişdir. Mübahisə zamanı Samir söyüşlə danışmış və sonuncunun səs-küyünə oğlu Sərxan gəlmişdir. O, Sərxanla Samiri sakitləşdirib göndərmək istəsə də sonuncu dayanmamışdır. Bir qədər sonra Samir Sərxana “körpə mənə çay süz” demişdir. O, Samiri çölə çıxardıqdan sonra sonuncu avtomobilini qapının qarşısındakı arxa salmışdır. Bundan sonra Samir avtomobilində yatmışdır. O, sonuncunun avtomobilini arxdan çıxarmaq üçün traktor tapmağa getmiş, lakin tapa bilməyib qayıtmışdır. Samirgil avtomobilini arxdan çıxarmaq üçün başqa adama zəng etmiş, həmin avtomobil gələnə kimi Samir yenidən söyüşlə danışmağa başlamışdır. O, avtomobili arxdan çıxarmaq üçün evdən kəndir götürməyə getmişdir. Yenidən çölə çıxdıqdan bir qədər sonra Sərxan gəlmiş və Samiri vurduğunu demişdir. O, bu hadisədən əvvəl də Samirin qanunsuz hərəkətləri barədə polisə şikayət etmiş, lakin heç bir nəticəsi olmamışdır. X9 barışmış, o, Samirə müalicəsi üçün çəkilmiş xərcləri ödəməyə cəhd etsə də sonuncu bunu qəbul etməmişdir. Samirin oğlu Sərxandan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və təqsirləndirilən şəxs yaxın qohumu, yəni qardaşı olduğu üçün ona qarşı ifadə verməkdən imtina etdiyinə görə Cinayət-Prosessual Məcəllənin 329.1 və 327.1-ci maddələrinin tələbinə əsasən məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Samux rayonu, Sərkar kəndində yerləşən “Al market” mağazasının qarşısında olan zaman həmkəndlisi Şahid1 arvadı Şahid2 ilə özünü qayınanası Firuzənin evinə aparmasını xahiş etmişdir. O, sonuncu ilə razılaşıb onları qayınanasıgilə aparmışdır. Rəşad ona 5-10 dəqiqə gözləməyi və onları evlərinə aparmağını demiş, o da bir qədər Rəşadgili gözlədikdən sonra sonuncuları yenidən evlərinə aparmışdır. Evlərinə gətirdikdən sonra Rəşad onları bir neçə dəqiqə gözləməyi və yenidən qayınanası Firuzənin evinə aparmağını demişdir. O, sonuncu ilə razılaşmış, Rəşadla Baharı evlərinə gətirdikdən sonra ər-arvadı avtomobildə gözləmişdir. Bu zaman Zərərçəkmiş şəxs öz avtobusu ilə gəlib Şahid1 evinin qarşısında dayanmışdır. Rəşadla Samir nə isə mübahisə etmişlər. Bir qədər sonra Samir getmək istəyən zaman avtomobili arxa düşmüşdür. Şahid1lə o, avtomobili arxdan çıxarmaq üçün traktorun arxası ilə getmişlər, lakin tapa bilməyib geri qayıtmışlar. Avtomobili Şahid1 evinin qarşısında saxladıqdan sonra Rəşadın oğlu Sərxanla Samir mübahisə etmişlər. Həmin vaxtı Rauf ona yaxınlaşıb Samiri buradan aparmağını xahiş etmişdir. O da Samiri avtomobilinə əyləşdirmiş və onlar getmişlər. Rizvanın mağazasının qarşısında Samir telefonunun qaldığını deyib avtomobili dayandırmağı istəmişdir. O, avtomobili dayandırdıqda Samir düşmüşdür. Bundan sonra o, avtomobili idarə edib oradan çıxıb getmişdir. Ona görə də o, hadisənin necə baş verməsini görməmişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, o, avtomobilində əyləşdiyi üçün Samir və Sərxanın nə səbəbə mübahisə etdiklərini bilməmişdir. Samirlə Sərxan mübahisə edərkən o, Samirin söyüş söyməsini eşitməmişdir. O, sonuncunun onun avtomobilinə əyləşəndən sonra da söyüş söyməsini xatırlamamışdır. Hava qaranlıq olduğundan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxasınca gəlməsini də görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 04 sentyabr 2024-cü il tarixdə saat 00:30 radələrində yaşadığı Samux rayonu, Sərkar kəndində yerləşən çayçıdan çıxaraq özünə məxsus Chevrolet Cruze markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sərkar-Gəncə kənd avtomobil yolu ilə üzü Gəncə şəhəri istiqamətində yaşadığı evə doğru getmişdir. Sərkar kəndində yerləşən “Müslümün mağazası” adlanan mağazanın yanına çatan zaman Rizvanın evinin önündən asfalt yolla ona tərəf iki nəfərin qaça-qaça gəldiyini görmüşdür. Həmin şəxslər yolda olduğu üçün o, avtomobilini yolun sağına verib dayandırmışdır. Sonuncular ona çatan zaman o, həmin şəxslərin Samir və Sərxan olduğunu görmüşdür. Sərxanın əlində bıçaq olmuş və o, Samirin arxası ilə qaçaraq əlində olan bıçaqla sonuncuya zərbələr atmışdır. Həmin şəxslər onun avtomobilinin başına dövrə vurduqdan sonra avtomobilindən arxa tərəfə doğru getmişlər. O, avtomobildən düşdükdən sonra Müslümün mağazasının önündə asfalt yolun ortasında Samirin yerdə uzanıqlı olduğunu, Sərxanın isə sonuncunun üzərində olduğunu görmüşdür. Sərxan bıçağı yuxarıya doğru qaldırıb Samirə “səni öldürüm, niyə mənə ana-bacı söyüşü söyürdün” demiş, Samir yalvaraq “qurban olum körpə balam var, ona yazığın gəlsin, bağışla məni” demişdir. Sərxan da Samirə “mən kişiyəm, sənin tayın deyiləm” demişdir. Həmin vaxtı Sərxanın əlində bıçaq olduğundan və sonuncu əsəbi olduğundan o, yaxın getməmişdir. Samir Sərxana yalvardıqdan sonra Sərxan Samirin üzərindən duraraq yaşadığı evə tərəf getmişdir. Samir isə ayağa durub dəli kimi çığırmağa, yoldan keçən maşınlara əl etməyə başlamışdır. Samir səs küy saldıqdan sonra yoldan keçənlər və yaxınlıqda yaşayan bir neçə nəfər qonşular Samirin başına toplaşmışlar. Samirin psixoloji problemləri olduğundan və dava-dalaşa meyilli adam olduğu üçün kənd camaatı onu xoşlamamış və heç kim onu xəstəxanaya aparmamışdır. Onun Samirə yazığı gəldiyi üçün sonuncunu avtomobilinə otuzdurub Gəncə Beynəlxalq xəstəxanasına aparmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində yaşasa da atası Yusif Samux rayonu, Sərkar kəndində Müslümün mağazasının yaxınlığında yaşamışdır. xx.xx.2024-cü il tarixdə Samux rayonu, Sərkar kəndində atası Yusifin evində qonaq olan zaman küçədə kiminsə çığırdığını eşitmişdir. O, dərhal səsə küçəyə çıxmışdır. Küçəyə çıxdıqdan sonra bir nəfər şəxsin Müslümün mağazasının yanında yaralı vəziyyətdə olduğunu görmüşdür. Həmin şəxs qışqıraraq söyüş söymüş, yoldan keçən maşınların qarşısına çıxaraq kömək istəmişdir. Buna görə də o, təcili yardıma və polisə bu barədə məlumat vermişdir. Yaralı olan şəxsin ətrafına çoxlu insan yığıldığı üçün o, atası Yusifin evinə qayıtmışdır. O, yaralı şəxsin kim olduğunu bilməmiş, həmin şəxsi tanımamış, hadisənin də necə baş verməsini görməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Samux rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 248 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, məhkəmə-tibbi müayinə zamanı Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin 1 ədəd pnevmotoraksla nəticələnən kəsilmiş-deşilmiş, daxilə nüfuz edən yarası, sol saidin isə 2 ədəd kəsilmiş deşilmiş yaraları, sol budun 1/3-nin səthi kəsilmiş yarasıdır ki, bu xəsarətlər iti kənara malik deşici-kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarda göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və ağırlıq dərəcələrinə görə döş qəfəsinin 1 ədəd daxilə nüfuz edən kəsilmiş-deşilmiş yaraları sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya, sol saidin 2 ədəd kəsilmiş-deşilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər, sol budun səthi kəsilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2024-cü il tarixli, 855 nömrəli kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki: 1) Təqsirləndirilən şəxs nevrotik reaksiyalar şəkilində pozuntular keçirməsinə baxmayaraq, o, qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur; 2) Təqsirləndirilən şəxs nevrotik reaksiyalar şəkilində pozuntular keçirməsinə baxmayaraq, o, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır; 3) Təqsirləndirilən şəxs nevrotik reaksiyalar şəkilində pozuntular keçirməsinə baxmayaraq, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma; Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur; Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyilli deyildir; Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə əsəbi psixi emosional halda olmuşdur; Təqsirləndirilən şəxs keçirdiyi psixi-emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/1108 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirini boynuna almaqla könüllü gəlmə haqqında” protokoldan görünür ki, həmin gün saat 16:00-da Təqsirləndirilən şəxs Samux RPŞ-yə könüllü gəlib təqsirini boynuna alaraq Samux rayonu, Sərkar kəndində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini və əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Samux Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 sentyabr 2024-cü il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Samux RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Samux rayonu, Sərkar kəndində yerləşən “Müslümün dükanı” adlanan yem mağazasının qarşısıdır. Hadisə yerinə baxış zamanı avtomobil yolunun asfalt örtüyünün üzərində qanabənzər ləkələr aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi cinayətin aləti olan bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş Samux RPŞ-nin CAB-ın təqdim etdiyi bir ədəd informasiya daşıyıcısı olan diskdəki videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxası ilə qaçaraq sonuncuya bıçaq zərbələri atır, həmin vaxtı orada bir ədəd avtomobil dayanır və avtomobildən bir nəfər şəxs düşür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Samux RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 00:40-da DİN-nin 102 Zəng xidmətindən daxil olmuş məlumatda ünvan 2 ünvanda bir nəfər yaralı şəxsin olması barədə məlumat verdiyi göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Samux RPŞ-nin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 01:00-da Gəncə şəhəri Beynəlxalq xəstəxanasının növbətçi həkimi Samux rayonu, Sərkar kənd sakini 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ döş qəfəsinin 1 ədəd daxilə keçən, sol said nahiyəsinin 2 ədəd kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Samux RİH başçısının Sərkar kənd İƏDÜN-nin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 1979-cü il təvəllüdlü atası Şahid1 və 1985-ci il təvəllüdlü anası X1 ilə birlikdə Samux rayonu, Sərkar kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs isə kəndə özünü intizamsız bir vətəndaş kimi aparır və mənfi xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayətin predmeti olan 01 (bir) ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Samux RPŞ-nin saxlanc anbarına təhvil verilmiş, hadisənin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk isə iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən, həmçinin onun məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, sonuncu barəsində azadlıqdan məhrum etmə ilə bağı olmayan cəza təyin edilməsini xahiş edir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən, şəxsin könüllü gəlib təqsirini boynuna almasını Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna almasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 03 (üç) həbsdə saxlanılması müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla Təqsirləndirilən şəxs təyin olunmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalı, onun üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı gündən, yəni 08 aprel 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 17 (on yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 102 (bir yüz iki) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Samux RPŞ-nin saxlanc anbarına təhvil verilmiş cinayətin aləti olan 01 (bir) ədəd bıçaq məhv edilməli, hadisənin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk isə iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli, o, məhkəmə iclası zalında həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 03 (üç) ay həbsdə saxlanılması müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs növündə qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı gündən, yəni 08 aprel 2025-ci il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi 102 (bir yüz iki) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Samux RPŞ-nin saxlanc anbarına təhvil verilmiş cinayətin aləti olan 01 (bir) ədəd bıçaq məhv edilsin. Hadisənin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk isə iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-365/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-365/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver