Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-366/2024 19.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, Nəcəfzadə Cəmilə Şamo qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X8, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X2 və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1988-ci ildə Tovuz rayonu, Çeşməli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Tovuz rayonu, Tovuz şəhəri, Ceyrançöl qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9, 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş və özgənin əmlakını yandırmaqla qəsdən məhv edərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, 17 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən və X4 məxsus çoban işlədiyi fermanın yaşayış sahəsi kimi nəzərdə tutulmuş tikilisində sonuncunun xx.xx.1998-ci il tarixdə anadan olmuş oğlu Nicat Məmmədovla birlikdə yemək yeyib, spirtli içki qəbul edərək sərxoş vəziyyətə düşmüş, saat 23:30 radələrindən sonra Nicat Məmmədovun yatmasından istifadə edərək sonuncunun əvvəllər səbəbsiz yerə onun mərhum anasının və ailə üzvlərinin ünvanına nalayiq ifadələrlə söyməsini özünə qarşı qəbul edilməz təhqir hesab edərək qisas almaq niyyəti ilə həmin vaxt Nicat Məmmədovun tikilinin yataq otağında çarpayıda yatmış vəziyyətdə olmaqla aşkar surətdə ona fiziki cəhətdən müqavimət göstərmək imkanına malik olmadığını görüb köməksiz vəziyyətdə olmasından istifadə edərək Nicat Məmmədovu qəsdən öldürmək qərarına gəlmiş, bu cinayətkar niyyətini həyata keçirmək məqsədilə tikilinin qarşı tərəfindən götürdüyü 105 santimetr uzunluğunda, orta hissədə diametri 03 santimetr olan kustar üsulla hazırlanmış soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı dəmir alət-ling ilə 18 noyabr 2023-cü il tarixdə, saat 01:30 radələrində çarpayıda yatmış vəziyyətdə olan Nicat Məmmədovun baş nahiyəsinə qəsdən iki dəfə ardıcıl zərbə vurub sonuncuya baş beyinə qansızma nəticəsində ölümünə səbəb olmuş dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid kəllə qapağı sümüklərinin çoxqəlpəli, yerdəyişməli sınığı xəsarəti yetirməklə X5 qəsdən öldürmüş, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X5 qəsdən həyatdan məhrum etmiş, bundan sonra cinayətkar hərəkətlərini davam etdirib törətdiyi cinayət əməlini gizlətmək məqsədilə tikilinin daxilində olan, həmin çarpayının üzərindəki yorğan və döşəyi tikilidən götürdüyü kibritlə qəsdən yandıraraq hadisə yerini tərk etmiş, nəticədə Habil Məmmədova məxsus yardımçı tikilinin içərisində olan 01 ədəd təxminən 30 il əvvəl alınmış keçmiş SSRİ dövlətində istehsal edilmiş, işlənmiş, başı və sonluğu taxta materialdan olan, dəmir konstruksiyalı 20 manat dəyərində çarpayının, 01 ədəd taxta materialdan hazırlanmış 50 manat dəyərində stol masasının, 03 ədəd taxta materialdan hazırlanmış hər biri 10 manat dəyərində olmaqla, ümumilikdə 30 manat dəyərində stulun, 02 ədəd hər biri 60 manat dəyərində olmaqla, ümumilikdə 120 manat dəyərində döşəyin, 02 ədəd hər biri 20 manat dəyərində olmaqla, ümumilikdə 40 manat dəyərində yorğanın, 02 ədəd hər biri 10 manat dəyərində olmaqla, ümumilikdə 20 manat dəyərində yastığın, 01 ədəd “Samsung Galaxy A51” markalı 150 manat dəyərində mobil telefonun, 01 ədəd təxminən 30 il əvvəl alınmış keçmiş SSRİ dövlətində istehsal edilmiş, işlənmiş, “Dnepr” markalı, Ukrayna istehsalı olan 100 manat dəyərində soyuducunun, 01 ədəd 4 il əvvəl alınmış 200 manat dəyərində tək divanın, 02 ədəd 4 il əvvəl alınmış hər biri 50 manat dəyərində olmaqla, ümumilikdə 100 manat dəyərində kreslonun yanması nəticəsində cəmi 830 (səkkiz yüz otuz) manat, eləcə də yaşayış üçün nəzərdə tutulmuş tikilinin tikintisində istifadə olunmuş materialların yanması nəticəsində 7086 (yeddi min səksən altı) manat məbləğində, ümumilikdə zərərçəkmiş şəxs X4 məxsus cəmi 7916 (yeddi min doqquz yüz on altı) manat dəyərində əmlakı qəsdən yandırmaqla məhv edərək ona xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs Cinayət 120.2.9, 186.2.2-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin qeyd edilən müvafiq maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulmamışdan əvvəl təxminən altı ay idi ki, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində kənd sakini X4 məxsus fermada çoban işləyirdi. Nicat Məmmədov ferma sahibinin oğlu idi. Nicat Məmmədov demək olar ki, hər axşam dostları ilə birlikdə yemək yeyib, spirtli içki araq içib, sonra onunla birlikdə fermada qalırmış. Hərdən o da Nicatla birlikdə oturub araq içmişdir. 17 noyabr 2023-cü il tarixdə Nicat dostları ilə yemək yeyib, spirtli içki içdikdən sonra sərxoş halda fermaya gəlmişdir. Həmin vaxt artıq 18 noyabr 2023-cü il tarixə keçən gecə olmuşdur. Nicat heyvanlara yeməyi gec verməyinə görə onunla mübahisə etməyə başlamış, ona biədəb söyüş söymüşdür. O isə heç nə deməmişdir. Sonra onlar içəri keçdikdən sonra əlbəyaxa olmuşlar. O, Nicatı itələmiş, həmin vaxt Nicat yıxılmışdır. Sonra o, Nicatı dəmir linglə vurmuşdur. Bundan sonra isə orada olan yorğan-döşəyi yandırmışdır. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, hadisə vaxtı Nicat Məmmədov çox içkili olmuşdur. O, Nicatla dalaşarkən sonuncunu itələmiş və Nicat çarpayının üstünə yıxılmışdır, sonra isə Nicatı dəmir linglə vurmuşdur. Nicat uzanıqlı vəziyyətdə o, döşəyi yandırmışdır. X19 öldürməsinin səbəbi sonuncu mübahisə zamanı Nicatın ona ana söyüşü söyməsi ilə əlaqədar olmuşdur, onun anası ölmüşdür. Ona görə də o, lingi götürüb Nicatı vurmuşdur. Onun Nicatı itələməsi nəticəsində sonuncu çarpayıya yıxıldıqdan sonra o, gedib dəmir lingi gətirənə kimi Nicat hələ də çarpayıdan durmamışdı. Çünki Nicat həmin vaxt çox içkili idi. O, dəmir linglə Nicatın başına vurmuşdur. Sonra görmüşdür ki, Nicat hərəkətsiz qalmış və ölmüşdür. Sonradan oradakı tikilini yandırmaqda məqsədi törətdiyi cinayətin izini itirmək olmuşdur. Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, o, Nicatı yatmış vəziyyətdə deyil, oyaq vəziyyətdə öldürmüşdür. Onun Nicatı itələməsi nəticəsində sonuncu çarpayıya yıxıldıqdan sonra Nicat uzanıqlı vəziyyətdə olsa da, oyaq vəziyyətdə olmuşdur. O, digər otağa gedib dəmir lingi götürüb gəlmiş, həmin vaxt Nicat ayağa durmamışdır, o da Nicatı uzanıqlı vəziyyətdə dəmir linglə vurmuşdur. Nicat çox içkili olduğuna görə ona müqavimət göstərə bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmənin sonrakı iclaslarında mülki iddiaçı kimi tanınmış X2 ona qarşı verdiyi mülki iddianı qəbul etdiyini və ondan 7916 manat pulun tutulub Habil Məmmədova verilməsinə dair qərar qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri ilə məhkəmə baxışı zamanı verdiyi ifadələri eyniməzmunlu olsa da, həmin ifadələr arasında müəyyən olunan ziddiyyətli hallarla əlaqədar həmin ifadələr elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraatda 18 noyabr 2023-cü il tarixdə verdiyi izahatında, həmçinin şübhəli şəxs kimi dindirilərkən, eyni zamanda 20 noyabr 2023-cü il tarixdə və 19 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs kimi ifadə verərkən özünü tam təqsirli bilərək törətdiyi cinayət əməllərini etiraf edib ifadələrində göstərmişdir ki, o, 2016-cı ildə ailə həyatı qurmuş, lakin arvadı ilə rəsmi nikahları olmamış, həmin evlilikdən bir azyaşlı uşağı var. Həyat yoldaşı ilə ailədaxili münaqişələri olduğu üçün 2019-cu il tarixdə faktiki olaraq ayrılmışlar. O, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində həmin kənd sakini X4 məxsus fermada çoban işləmişdir. 17 noyabr 2023-cü il tarixdə həmişəki kimi fermada olmuş, 17 noyabr 2023-cü il tarixdən 18 noyabr 2023-cü il tarixə keçən gecə ferma sahibinin oğlu olan Nicat Məmmədov ilə fermada birlikdə qalmışdır. Nicat demək olar ki, çox vaxt onunla birlikdə fermada yaşamışdır. 17 noyabr 2023-cü il tarixdə saat 07 radələrində Nicatla birlikdə heyvanları tövlədən çıxarıb otarmağa getmişlər. Qoyunları otarmağa gedəndə yolda Nicatın dayısı Əlixan onların yanından özünün idarə etdiyi “Niva” markalı maşınla keçmişdir. Əlixanın da həmin əraziyə yaxın ferması vardır. Həmin vaxtı o da öz fermasından gəlirmiş. Nicat dayısı ilə birlikdə işləri olduğu üçün rayonun mərkəzinə getmiş, həmin gün axşam saat 21 radələrində Nicat atasına məxsus “Mercedes” markalı avtomobillə dostları olan Rəşad və Abbasla birlikdə fermaya qayıdıb gəlmişdir. Onların hərəkətlərindən hiss eləmişdir ki, onların hər üçü sərxoşdur. Onlar gələndə heyvanları artıq dama yığmışdır. Onlar gələndən sonra dördü birlikdə fermanın yardımçı tikilisində oturub yemək yeyib, araq içmiş, həmin vaxtı Abbas araq içməmişdir. Kefsiz olduğu üçün Nicat onunla zarafatyana mübahisə eləmişdir. Nicat Abbasa demişdir ki, “bura deyib-gülməyə gəlmişik, belə kefsiz olma”. Onların mübahisəsi çox çəkməmişdir. Saat 23 radələrində Nicat Abbası evlərinə, Rəşadı isə onlara yaxın yaşadığı fermaya düşürüb yenidən fermaya qayıdıb gəldikdən sonra onu da götürüb Rəşadgilin fermasına aparmışdır. Nicat özü ilə pivə almışdır. Orada üçü birlikdə pivə içmişlər. Oradan qayıdıb öz fermalarına gəldikdən sonra Nicat fermanın itini tövləyə qatmadığı üçün yenə onu təhqir eləyib onu acılamağa başlamışdır. İtin üstündə yenə ölmüş anasının və ailə üzvlərinin ünvanına söyüşlər söymüş, yenə ona cavab qaytara bilməmişdir. Sonra isə Nicat yatmağa getmişdir. Baş vermiş hadisədən 10 gün əvvəl Nicat ölmüş anasının və ailə üzvlərinin ünvanına söyüşlər söymüşdür. O da onun söyüşlərini heç cür götürə bilməmişdir. Hətta Nicat onu bir neçə dəfə də döymüşdür. Lakin o, bu barədə hüquq-mühafizə orqanlarına şikayət eləməmişdir. Nicatın onu döyüb təhqir etməsini Rəşad da görmüşdür. Onun isə Nicata gücü çatmamışdır. Hadisə baş verən gün də Nicat yatmağa getdikdən sonra onun yatdığından əmin olub Nicatın əvvəllər onun vəfat etmiş anasının ünvanına söydüyü söyüşləri qəbul etmədiyindən və hər dəfə onu təhqir edib döydüyündən ondan qisas almaq niyyətilə onu öldürmək qərarına gəlmiş və bu məqsədlə belə bir fürsətin əlinə keçməyəcəyini düşünüb fermanın yardımçı tikilisinin qarşısından dəmir aləti götürüb Nicat yatan zaman dəmir parçası ilə onun baş nahiyəsindən bir dəfə zərblə vurmuşdur. Həmin vaxt Nicat ayağa qalxmaq istəyəndə ona qarşı acıqlı olduğundan yenə onun baş nahiyəsindən dəmir parçası ilə bir daha vurmuşdur. O, Nicatın xırıldayaraq öldüyünü görmüşdür. Həmin vaxt saat 01:30 radələri olmuşdur. Bundan sonra törətmiş olduğu cinayəti gizlətmək məqsədilə Nicatın yatdığı çarpayıdakı yorğanı, sonra isə döşəyi kibritlə yandırmış, təxminən 5 dəqiqədən sonra alovun gücləndiyini görüb ayaqyalın həmin yeri tərk etmişdir. Nicatı öldürdüyü dəmir aləti də fermanın qarşısında olan içəri su ilə dolu dəmir vannaya atmışdır ki, onun üzərində olan qan izləri yuyulsun. Bundan sonra isə yaxınlıqda yerləşən hərbi hissənin növbətçi hissəsinə yaxınlaşıb onlara yaşadığı fermada yanğın olduğunu, Nicatın da orada yandığını bildirmişdir. Sonra isə hərbçilər dərhal yanğınsöndürənlərə zəng edib bu barədə məlumat vermişlər. Yanğınsöndürən əməkdaşlar gəldikdən sonra onlara fermanın yerləşdiyi istiqaməti göstərmişdir. Sonra yanğınsöndürən əməkdaşlar hadisə yerinə çatmışlar. Onlar gələndə yanğın demək olar ki, yekunlaşmışdı. Daha sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmiş, ilk öncə onlara yanğın hadisəsinin necə baş verməsindən məlumatı olmadığını demiş, lakin sonradan bu yalanı davam etdirə bilməyəcəyini görüb hər şeyi olduğu kimi danışmışdır. Nicat Məmmədovla əvvəllər düşmənçilikləri olmasa da, Nicat həmişə onunla mübahisə etmiş və onu təhqir etmişdir. Bu səbəbə görə də, özlüyündə Nicata qarşı həmişə acıqlı olmuşdur. Qeyd etdiyi kimi, Nicat Məmmədov əvvəllər ölmüş anasının və ailə üzvlərinin ünvanına etdiyi söyüşlərə görə ondan qisa almaq məqsədilə onun başından iki dəfə dəmir parçası ilə zərblə vurmuş, niyyəti də onu öldürmək olmuşdur. Törətdiyi əmələ görə peşman deyildir, əgər yenə belə bir şans əlinə düşsə idi, Nicatı yenə öldürərdi. Etdiyi əməldən peşmançılığı yalnız oğlunun himayəsiz qalmasından ibarətdir (iş vərəqə: cild 1, səh. 24, 52-53, 103-104, cild 2,səh.68- 69 ). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan fərqli hallara münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı verdiyi ifadəsinin düzgün olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə həm zərərçəkmiş şəxs, həm də zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X10 ifadəsində göstərmişdir ki, Nicat Məmmədov onun oğlu olmuşdur. Təqsirləndirilən şəxs ona məxsus olan fermada çoban işləmişdir. Əvvəllər Təqsirləndirilən şəxsla münasibətləri həmişə yaxşı olmuşdur. 17 noyabr 2023-cü il tarixdə mərhum oğlu Nicat Məmmədov ona zəng edərək fermada həmin gün özünün qalacağını bildirmişdir. Bu səbəbdən də o, həmin gün fermada qalmaq üçün getməmişdir. Hadisə olan gün oğlu Nicat Məmmədov, Təqsirləndirilən şəxs və oğlunun digər iki dostu ad günü məclisində yeyib-içiblər. Sonra oğlunun dostları öz evlərinə getmişlər. Daha sonra oğlu Nicat yatmaq üçün öz yatağına uzanıb, oğlu Nicat yatarkən Təqsirləndirilən şəxs oğlunun baş nahiyəsinə dəmir paçası ilə zərbələr yetirib. Oğlu öldükdən sonra Təqsirləndirilən şəxs fermanı yandırmış, oğlu da orada yanmışdır. Hadisədən sonra ona zəng etmişlər ki, fermada yanğın olub. O, hadisə yerinə gələndə Təqsirləndirilən şəxs kənardan hadisə yerinə baxırmış. O, Təqsirləndirilən şəxs şikayətçidir və təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edir. X10 məhkəmənin sonrakı iclaslarında verdiyi mülki iddianın təmin edilməsini, Təqsirləndirilən şəxs ona məxsus əmlakı yandırmaqla qəsdən məhv etməsi nəticəsində ona ziyan vurulması ilə əlaqədar 7916 (yeddi min doqquz yüz on altı) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun X11 ilə uzun illər dostluq münasibətləri olmuşdur. Hadisə olan gün Təqsirləndirilən şəxs yemək vermək üçün Nicat Məmmədovla birlikdə fermaya getmişlər. Orada o, Nicat, Rəşad, Eldar oturub yeyib-içmişlər. Onlar orada spirtli içki qəbul etmişlər. Onlar yeyib-içdikdən sonra Nicat onları maşını ilə aparıb evlərinə düşürmüş sonra isə fermaya qayıdacağını bildirmişdir. O, səhəri gün dostu Emindən Nicatgilin fermasının yandığını eşitmişdir. Sonra bilmişdir ki, X16 İbrahimov öldürmüşdür. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X11 ilə uzun illər yaxın dostluq münasibətləri olmuşdur. O, Nicatgilin fermasının yaxınlığındakı digər fermada işləyir. Hadisə baş verən gün o, Abbas, Eldar, Nicat birlikdə onların fermasındakı tikilidə yeyib-içmişlər, daha sonra isə Nicatgilin fermasındakı tikiliyə gələrək orada yeyib-içməyə davam etmişlər. Sonradan gecə təxminən saat on iki radələrində Nicat və Eldarla sağollaşıb öz fermalarındakı tikiliyə getmişdir. Gecə yarısı onu polis şöbəsinə dəvət etmişlər. Sabahı gün ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs küt alətlə Nicat Məmmədovun başına zərbələr yetirərək öldürmüş, daha sonra isə yanğın hadisəsi törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Nicat Məmmədov onun oğlu olmuşdur. Hadisə baş verən gün o, yaşadığı evdə olmuşdur. 17 noyabr 2023-cü il tarixdə təxminən saat 23:45 radələrində oğlu Nicatla telefonla əlaqə saxlamış, Nicat ona fermada olduğunu və orada qalacağını bildirmişdir. Təxminən iki saat sonra yanğın söndürənlərdən zəng gəldi ki, fermada yanğın hadisəsi baş verib. O, hadisə yerinə gələndə Təqsirləndirilən şəxs da orada olmuşdur. O, həmin vaxt Eldarın belə bir cinayət əməlini törədəcəyini düşünməmişdir. Sonradan məlum olmuşdur ki, oğlu Nicat dostları ilə birlikdə yeyib-içdikdən sonra fermadakı tikiliyə getmişlər. Gecə oğlu Nicat fermada tikilidə yatağına keçib yatdıqdan sonra Təqsirləndirilən şəxs oğlu Nicatın yatmağından istifadə edərək dəmir parçası ilə Nicatın başına zərbələr vurub öldürmüş, sonra isə oğlunun da orada olduğu fermanı yandırmışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Eldar X1 məxsus fermada çoban işləmişdir. Qardaşı Eldardan X12 söydüyünü eşitmişdir. Nicat Məmmədovun qardaşını söydüyünə görə bir müddət qardaşı Eldar orada işləməyə getməmişdir. Lakin sonradan yenidən orada çoban işləməyə başlamışdır. O, hadisənin necə baş verməsini bilmir. Hadisədən sonra qardaşı Eldarla danışarkən sonuncu ona X12 təhqir etdiyini, ona görə də Nicatı öldürdüyünü bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, hərbiçidir. 18 noyabr 2023-cü il tarixdə xidmətdə olarkən gecə saat təxminən 01:45 radələrində növbədə olan əsgər gəlib ona bildirmişdir ki, bir nəfər qışqıra-qışqıra hərbi hissəyə gəlir. Həmin şəxs avtomobil parkına çatdıqdan sonra ondan nə baş verdiyini soruşmuşdur. Həmin şəxs fermada çoban işlədiyini, fermada olan tikilidə yanğın olduğunu bildirmişdir. O, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Şahid5 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, həmin şəxs fermada yanğın hadisəsinin olması barədə bildirərkən Nicatın orada yandığını deyirdi. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 17 noyabr 2023-cü il tarixdə o, özünə məxsus olan fermadan maşını ilə rayon ərazisinə gedirmiş. Yolda təsadüfən Nicatla rastlaşmışdır. O, Nicatı da özü ilə aparmış, Nicat hərbi hissənin yanında maşından düşmüşdür. 18 noyabr 2023-cü il tarixdə Habil Məmmədovun fermasında tikilidə yanğın olduğunu ona demişlər. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, X10 və sonuncunun oğlu X5 tanımış, onlarla heç bir ədavəti olmamışdır. O, əvvəllər Habil Məmmədova məxsus fermada tikilidə bir müddət yaşamışdır. Sonradan Təqsirləndirilən şəxs həmin fermada çoban işləməyə başlamışdır. Orada yaşadığı müddətdə X14 İbrahimov arasında hər hansı mübahisənin baş verməsinin şahidi olmamışdır. X9 Təqsirləndirilən şəxs söyməsini, təhqir etməsini görməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 noyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, hadisə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən fermanın yaşayış sahəsi kimi nəzərdə tutulmuş tikilidə baş vermiş, baxış zamanı dəhlizdən daxil olduqda sol tərəfdə yerləşən yaşayış otağında künc tərəfdə çarpayı üzərində aşkar edilmiş meyitə ilkin baxış zamanı meyitin tamamilə yanmış və kömürləşmiş vəziyyətdə olması müəyyən edilmişdir, baxış zamanı həmçinin Təqsirləndirilən şəxs Nicat Məmmədovu öldürdüyü yataq otağından üç ədəd yarıyanmış vəziyyətdə taxta parçası götürülmüşdür (iş vərəqə: cild 1, səh. 5-10). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 noyabr 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması haqqında protokol”dan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini əyani şəkildə göstərərək Nicat Məmmədovun ondan güclü olduğuna görə Nicat Məmmədovu ancaq yatılı vəziyyətdə öldürə biləcəyini, buna görə də Nicat yatdıqdan sonra onun yatdığından əmin olub fermadakı dəmir parçasını götürüb Nicatın başından iki dəfə vurub öldürdüyünü, sonra isə cinayəti gizlətmək üçün kibritlə yorğan-döşəyi yandırdığını bildirmişdir (iş vərəqə: cild 1, səh. 64-66). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 21 noyabr 2023-cü il tarixli “üzləşdirmə haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək Nicat Məmmədovun ondan güclü olduğuna görə Nicat Məmmədovu ancaq yatılı vəziyyətdə öldürə biləcəyini, buna görə də Nicat yatdıqdan sonra fermadakı lomu götürüb Nicatın başından iki dəfə vurub öldürdüyünü, sonra isə yorğan-döşəyi yandırdığını bildirmişdir (iş vərəqə: cild 1, səh. 153-154). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 noyabr 2023-cü il tarixli, 538 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur (iş vərəqə: cild 2, səh. 41). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 Tovuz rayon şöbəsinin 18 noyabr 2023-cü il tarixli, 39 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X3 meyiti üzərində kəllə qapağı sümüklərinin çoxqəlpəli, yerdəyişməli sınığı ilə müşayiət edilən baş beyinə qansızma xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdir, həyatidir, ölümlə bir başa səbəbli əlaqəsi vardır və sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. X3 ölümünə səbəb kəllə qapağı sümüklərinin çoxqəlpəli, yerdəyişməli sınığı ilə müşayiət edilən baş beyinə qansızma olmuşdur. X3 ölümü onun meyitinin meyitxanada müayinəsi başlananda 4-6 saat əvvəl baş vermişdir. X3 meyitinin bütün bədən səthinin yanıbkömürləşməsi onun ölümündən sonra yüksək hərarətin (alovun) yerli təsirindən əmələ gəlmişdir, həyati deyildir və ölüm ilə səbəbli əlaqəsi yoxdur. X3 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupu alkaloidləri aşkar edilmişdir. Etil spirti və digər güclü təsir edici maddələr aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh. 192- 193). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 Tovuz rayon şöbəsinin 19 noyabr 2023-cü il tarixli, 923 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində sağ əlin İİ barmağının uc falanqasının və sol əlin İİ barmağının İ-İİ falanqalararası oynağının yanıq yaraları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən yaralar sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir və müayinə olunan şəxsin göstərdiyi şəraitdə və tarixdə, yəni baş vermiş hadisədən təxminən 1 həftə əvvəl qaynar mayenin termiki təsirindən əmələ gələ bilməsi inkar edilmir. Təqsirləndirilən şəxs bədən səthində xx.xx.2023-cü il tarixə uyğun gələn xəsarət aşkar olunmamışdır (iş vərəqə: cild 1, səh. 88). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 Tovuz rayon şöbəsinin 18 noyabr 2023-cü il tarixli, 06 saylı məhkəmə-tibbi ekspertizasının əlavə rəyindən görünür ki, X3 bədənində aşkar edilmiş xəsarət- kəllə qapağı sümüklərinin çoxqəlpəli, yerdəyişməli sınığı ilə müşayiət edilən baş beyinə qansızma xəsarətinin ekspertizaya təqdim edilmiş dəmir alət ilə yetirilə bilməsi inkar edilmir (iş vərəqə: cild 1, səh. 195-196). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə fiziki-kimyəvi ekspertizasının 07 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6151 saylı rəyindən görünür ki, hadisə yerindən götürülərək ekspertizaya təqdim edilmiş üç ədəd yarıyanmış taxta parçasının yanğından sonrakı qalıq nümunələrinin üzərində tez alışan neft məhsullarının izləri yoxdur (iş vərəqə: cild 1, səh. 180-182). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə trasoloji ekspertizasının 28 dekabr 2023-cü il tarixli, 3-16-16/2-3/2058,3/2070 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd predmet kustar üsulla hazırlanmış, təsərrüfatməişət təyinatlı alətdir-lingdir (lom), soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində trasoloji zədə aşkar edilməmişdir (iş vərəqə: cild 1, səh. 226-228). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi bioloji ekspertizasının 26 yanvar 2024-cü il tarixli, 810/2023-MTBŞ saylı rəyindən görünür ki, X3 ABO sistemi üzrə qrup göstəricisi aşağıdakı kimidir: Abeta (İİ) (şəxsiyyətini təsdiqləyən fərdi uçot kartının kserosurətinə əsasən), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi aşağıdakı kimidir: 0(İ) (şəxsiyyətini təsdiqləyən fərdi uçot kartının kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus boz rəngli şalvar üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri alınmışdır. Bu qan ləkələri Abeta (H)(İİ) qruplu şəxsə, o cümlədən də X6 (əgər onda müşayiətçi “H” antigeni varsa) məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bir ədəd dəmir alət üzərində qan aşkar olunmamışdır (iş vərəqə: cild 1, səh. 231-237). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 yanvar 2024-cü il tarixli, 9/9734 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 07 adda istifadədə olmuş malların yanmamışdan əvvəl normal vəziyyətdə istifadəyə yararlı halda 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 530,00 manat müəyyən edilir. Digər 02 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, ölçüsü, sayı və digər göstəriciləri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin cədvəl hissəsində göstərilmişdir (iş vərəqə: cild 2, səh. 6-8). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə yanğın-texniki ekspertizasının 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/8716 saylı rəyindən görünür ki, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən X4 məxsus fermanın yaşayış sahəsi kimi nəzərdə tutulmuş tikilisində baş vermiş yanğının mənbəyi, tikilinin sayca birinci yaşayış otağının daxilində, çarpayının yerləşdiyi zonada olmuş və yanğın yüksələn xətt istiqamətində inkişaf edərək tikilinin digər hissələrinə yayılmışdır. Qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini, mənbə zonasında işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən texniki qurğu, yaxud onların qalıqlarının aşkar edilmədiyini, eləcə də yanğını şərtləndirə bilən digər amillərin (öz-özünə alışan, alışqan və s. maddələrin) saxlanılmadığını nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni kənardan düşmüş od mənbəyinin təsirindən baş vermişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yanğın nəticəsində Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən X4 məxsus fermanın yaşayış sahəsi kimi nəzərdə tutulmuş tikilisinə tikinti üzrə dəymiş ziyan 7086.00 manat təşkil edir (iş vərəqə: cild 1, səh. 240-243). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23 noyabr 2023-cü il tarixli, 746 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki əməli törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi-xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməllərini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin mənası dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilmişdir və hazırda anlayır. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olan gerilik əlamətləri müşahidə edilmir. Təqsirləndirilən şəxs uydurmağa, yalan danışmağa meyilli deyildir (iş vərəqə: cild 1, səh. 185-188). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 25 dekabr 2023-cü il tarixli, 2085 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild 1, səh. 190). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 fevral 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, cinayət işi üzrə yanmış əşyaların əsas məbləği ekspertiza zamanı müəyyən edilmiş qiymətlə, ekspertiza zamanı qiymətləndirilməmiş əşyaların məbləğləri isə zərərçəkmiş şəxsin ifadəsində bildirdiyi məlumatlarla müəyyən edilmiş, həmin qərardan həmçinin görünür ki, cinayət işi üzrə üç ədəd yarıyanmış vəziyyətdə olan taxta parçası, bir ədəd təsərrüfat-məişət təyinatlı dəmir alət-ling, Təqsirləndirilən şəxs məxsus bir ədəd ağ rəngli uzunqol idman köynəyi, bir ədəd sarı rəngli kofta və bir ədəd boz rəngli şalvar maddi sübut kimi tanınmış və saxlanılması üçün Tovuz Rayon Prokurorluğuna təhvil verilmişdir (iş vərəqə: cild 2, səh. 44-52). Cinayət işinin materiallarına əlavə edilmiş 18 noyabr 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild 1, səh. 40). Cinayət işinin materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 1, səh. 198-200). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 dekabr 2023cü il tarixli tələbnaməsisndən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild 1, səh. 220). Cinayət işinin materiallarına əlavə edilmiş Taovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin yaşayış yeri üzrə xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır (iş vərəqə: cild 1, səh. 149), həmin qurumun arayışından, həmçinin iş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı var (iş vərəqə: cild 1, səh. 145, 177). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi və özgənin əmlakını yandırmaqla qəsdən məhv edərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurma cinayət əməllərini törətməsi təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9, 186.2.2-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməlləri həmin maddələrlə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 120.2.9, 186.2.2-ci maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı həqiqətən də X5 dəmir alət-linglə vurub öldürdüyünü, həmçinin cinayətkar hərəkətlərini davam etdirib törətdiyi cinayət əməlini gizlətməq məqsədilə çarpayının üzərində olan yorğan-döşəyi yandırıb zərərçəkmiş şəxsin əmlakını məhv etdiyini etiraf etsə də, lakin Nicat Məmmədovu yatmış vəziyyətdə deyil, oyaq vəziyyətdə öldürdüyünü bildirmişdir, təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsi məhkəmə araşdırması zamanı tədqiq edilmiş cinayət işinin yuxarıda göstərilmiş sübutları, işin faktiki halları və cinayət işinin bütün materialları ilə tamamilə təkzib edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cinayət işinin materialları tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ilkin araşdırma başlandığı vaxtdan 18 noyabr 2023-cü il tarixdə verdiyi izahatında (iş vərəqə: cild 1, səh. 24) və şübhəli şəxs kimi dindirilərkən (iş vərəqə: cild 1, səh. 52-53), eyni zamanda 20 noyabr 2023-cü il tarixdə və 19 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində (iş vərəqə: cild 1, səh. 103-104, cild 2, səh.68-69), həmçinin 18 noyabr 2023cü il tarixdə onun ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti (iş vərəqə: cild 1, səh. 64-66) və 21 noyabr 2023-cü il tarixdə üzləşdirmə istintaq hərəkəti (iş vərəqə: cild 1, səh. 153-154) keçirilərkən Təqsirləndirilən şəxs hər dəfə törətmiş olduğu cinayət əməllərini tam şəkildə etiraf edərək Nicat Məmmədovun ondan güclü olduğuna görə Nicat Məmmədovu ancaq yatılı vəziyyətdə öldürə biləcəyini, buna görə də Nicat yatdıqdan sonra fermadakı dəmir lingi götürüb Nicatın başından iki dəfə vurub öldürdüyünü, sonra isə cinayətin izlərini itirməsi üçün çarpayıdakı yorğan-döşəyi yandırdığını bildirmişdir (iş vərəqə: cild 1, səh. 153-154). Təqsirləndirilən şəxs cinayət işinin bütün ibtidai istintaqı ərəfəsində Nicat Məmmədovu yatmış vəziyyətdə deyil, oyaq vəziyyətdə öldürməsinə dair ümumiyyətlə bildirməmiş və ibtidai istintaqın sonunda da müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə də tanış olarkən ona elan edilmiş ittiham üzrə özünü tam şəkildə təqsirli bildiyini, heç bir etiraz və vəsatətinin olmadığını bildirmişdir (iş vərəqə: cild 2, səh. 72-73). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Nicat Məmmədovu yatmış vəziyyətdə öldürməsinə dair ifadəsində göstərdikləri cinayət işinin bütün materialları, yuxarıda sadalanmış sübutlarla və həmin sübutlardan irəli gələn işin faktiki halları ilə tamamilə təsdiq edildiyindən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsinin həmin təkzibedici hissəsini onun daha ağır cinayət məsuliyyətindən və daha ağır cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir və ifadəsinin həmin hissəsini sübut növü kimi qəbul etmir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, “CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, .... cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir.” Beləliklə də, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qəsdi ilə əhatə olunan onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə və özgənin əmlakını yandırmaqla qəsdən məhv etmə cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9, 186.2.2-ci maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətməsini, törədilən cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alaraq, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9, 186.2.2-ci maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 18 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, Tovuz Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 18 noyabr 2023-cü il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Tovuz Rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar- Təqsirləndirilən şəxs məxsus bir ədəd ağ rəngli uzunqol idman köynəyi, bir ədəd sarı rəngli kofta və bir ədəd boz rəngli şalvar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməli, bundan başqa üç ədəd yarıyanmış vəziyyətdə olan taxta parçası, bir ədəd təsərrüfat-məişət təyinatlı dəmir alətling məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri – 548 (beş yüz qırx səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, cinayət işinin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X10 Təqsirləndirilən şəxs qarşı mülki iddia ərizəsi təqdim etmiş, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsin əmlakına vurulmuş zərər kimi 7916 manat pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuş və mülki iddia ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə araşdırması zamanı cinayət işinin tədqiq edilmiş materialları və iş üzrə yuxarıda göstərilmiş sübutlarla Təqsirləndirilən şəxs X4 məxsus əmlakı yandırmaqla qəsdən məhv etməsi cinayət əməlini törətməsi nəticəsində Habil Məmmədova 7916 (yeddi min doqquz yüz on altı) manat məbləğində ziyan vurulması təsdiq edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs mülki iddianı qəbul etdiyini və təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Odur ki, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cinayət işi üzrə verilmiş mülki iddia əsaslı olduğundan təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 7916 (yeddi min doqquz yüz on altı) manat məbləğində pul tutularaq mülki iddiaçı X4 verilməlidir. İş üzrə əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9, 186.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə 17 (on yeddi) il müddətinə, Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 18 noyabr 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Tovuz Rayon Prokurorluğunda saxlanca verilmiş maddi sübutlar- Təqsirləndirilən şəxs məxsus bir ədəd ağ rəngli uzunqol idman köynəyi, bir ədəd sarı rəngli kofta və bir ədəd boz rəngli şalvar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin, bundan başqa üç ədəd yarıyanmış vəziyyətdə olan taxta parçası, bir ədəd təsərrüfat-məişət təyinatlı dəmir alətling məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – ekspertiza tədqiqatlarına sərf olunan 548 (beş yüz qırx səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə X10 tərəfindən verilmiş mülki iddia təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs 7916 (yeddi min doqquz yüz on altı) manat məbləğində pul tutularaq mülki iddiaçı X4 verilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov
Məhkəmə qərarları › İş №1(100)-366/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-366/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver