Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-371/2022 14.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8 və müdafiəçi – Konsensus vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1973-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonu İstixana qəsəbəsində qeydiyyatda olan və həmin qəsəbədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 18 aprel 2022-ci il tarixdə, təqribən saat 22 radələrində Samux rayonu, İstixana kəndi ərazisində “X30” ASC-nin giriş qapısının qarşısından keçən avtomobil yolunda həmkəndlisi X11 ilə aralarında yaranmış şəxsi-qərəzli mübahisə zəminində dalaşmış, qarşılıqlı dalaşma zamanı E.Sadıxov onu yumruq və təpiklə sifət və bədənin müxtəlif nahiyyələrindən vuraraq ona dərəcəsinə görə sağlamlığa zərər vurmayan- alın nahiyəsinin, sol əlin ovuc səthinin sıyrıqları, sol gözün alt qapağının qançırı və səthi yarası xəsarətlərinin yetirilməsinə səbəb olduğundan, eləcə də E.Sadıxov sərxoş vəziyyətdə olmaqla onu söyüb təhqir etdiyindən E.Sadıxovdan qisas almaq niyyəti ilə əlləri ilə qəsdən onun sifət nahiyyəsindən vurub ona üst dodağın selikli qişasında solda 1,0 x 0,3 sm ölçüdə kənarları nahamar, düz xətt formalı yaradan, sol gözün bayır bucağında 1 x 1 sm ölçüdə və sol diz nahiyyəsində 2 x 0,5 sm ölçüdə qırmızımtıl rəngli qeyri-müəyyən formalı sıyrıqlardan ibarət canlı şəxslərdə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdikdən sonra qarşılıqlı olaraq dalaşarkən X5 qəsdən öldürmək məqsədi ilə özündə olan, kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən, deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə Elşən Sadıxovun orta xətdən nisbətən solda İX-X qabırğalar səviyyəsində sinə nahiyəsindən ayaq üstə olarkən bir dəfə qəsdən vuraraq ona döş qəfəsinin sol yarısının ön səthində 7 x 2 sm ölçüdə kənarları hamar, bir ucu iti, bir ucu qövs formalı döş qəfəsinin daxilinə nüfuz edib ürəyin sol mədəciyinin və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan kəsilmişdeşilmiş yarası nəticəsində əmələ gələn daxili və xarici qanitirmə nəticəsində ölümünə səbəb olan, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid edilən bıçaq xəsarəti yetirib X6 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkimiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, bir cox ağır xəstəlikdən əziyyət çəkir, sol əli və ayağı xəstəliyinə görə yaxşı işləmir. Hadisə zamanı zamanı Elşən Sadıxovu qəsdən öldürməmişdir. Belə ki, 18 aprel 2022-ci il tarixdə o, Samux rayonu, İstixana qəsəbəsində qardaşının evindən çıxıb öz evinə getmək üçün həmkəndlisi Şamxalla qəsəbədə yerləşən "xxxx" ASC-nin (istixananın) giriş qapısına tərəf düşən, asfalt küçə ilə getmişdir. Yolda həmkəndliləri Elşən və Məhəmmədlə rastlaşmış, Elşən sərxoş vəziyyətdə olmuşdur. Həmin vaxtı Elşən Şamxalın velosipedini alıb 5-10 metr sürüb yıxılmış və bundan sonra da qışqıra-qışqıra biədəb ifadələr işlətməyə, söyməyə və ona sataşmağa başlamış, bu səbəbdən o, Elşənə iradını bildirmişdir. Elşən isə onunla söyüşlə danışmağa başlamış və üstünə tərəf gəlib onu yumruqla baş nahiyəsindən vurmuş, o, zərbənin təsirindən yerə yıxılmış, bədəninin sol tərəfi demək olar ki, hərəkətsiz olduğu üçün də yerdən dura bilməmişdir. Elşən yenə də dayanmamış və təpiklə onun sifət nahiyəsindən, eləcə də ardarda bədəninin müxtəlif nahiyələrindən xüsusilə də sol böyür istiqamətindən vurmağa başlamış, həmin vaxt o, qalxmaq istəsə də davam edən zərbələrdən yenə yıxılmışdır. Həmin müddətdə yadına düşməmişdir ki, cibində günortadan təsərrüfatda istifadə etmək üçün götürdüyü bıçaq var, yadına düşsəydi bəlkə də elə yerdə olarkən Elşən ona zərbələr vuranda Elşəni qorxutmaq üçün bıçağı götürüb ayağına vurardı ki ondan əl çəksin. Elşən ona yerdə olarkən təxminən 5-10 dəfə təpiklə vurmuşdur. Bu zaman Şamxal Elşənin kürək nahiyəsindən paltarından tutaraq geri dartmış, o da özündə güc tapıb ayağa durmuş və çətin addımlarla evinə tərəf təxminən 10 metr getmiş, Elşən yenə də onun arxası ilə ağır söyərək gəlməyə başlamış, ona “dayan” demiş, o, bu söyüşləri özünə ağır təhqir bilib dayanmış və geriyə çevriləndə Elşənin onun arxasınca gəldiyini görmüşdür. Elşən ona tərəf gələrkən “dayan başını kəsəcəm” deyərkən onun yadına cibindəki bıçaq düşmüş və o, cibində olan bıçağı çıxarıb Elşənə tərəf istiqamətləndirib, sağa-sola hərəkət etdirməklə “Eliş, gəlmə, yoxsa vuracam” demişdir. Bunu etməkdə məqsədi ancaq Elşəni qorxutmaq və ondan uzaqlaşmasına nail olmaq olmuşdur. Elşən ona əhəmiyyət verməmiş və iti yerişlərlə üstünə tərəf gəlmiş, Elşən sağ ayağı ilə təpiklə yenə də onu qarın nahiyəsinin üst tərəfindən vurmuş və dal-dala gedib, 2-3 addım atdıqdan sonra yanı üstə yerə tam oturmasa da aşağı tərəf çökmüşdür. Elşən “Təcili yardıma zəng edin, bıçağı mənə soxdu” deyib qışqırmışdır. O da sağ əlində bıçaqla arxası üstə yerə yıxılmışdır. Həmin vaxt heç özü də bilməmişdir ki, onun əlində olan bıçaq necə olmuşdur ki, Elşənin bədəninə dəymişdir. Elşən “təcili yardıma zəng edin” deyəndən sonra istixananın giriş qapısı istiqamətində qaçıb, yolun kənarında olan tək çinar ağacının yanına getmiş qaranlıq olduğundan sonra onu görməmişdir. O da özündə güc tapıb ayağa qalxmış və hadisə yerindən evinə getmiş, oraya polislər gələndə hadisəni danışmış, hadisə vaxtı əlində olan bıçağı oğlu vasitəsilə polisə təqdim etmişdir. O, Elşəni öldürmək istəməmiş, onunla mübahisəyə başlayaraq onu yerdə və ayaq üstə döydüyünü, Elşənə real müqavimət göstərə bilmədiyindən, yenidən üzərinə gələrkən təkrar onu vuracağını, həm də ona “dayan başını kəsəcəm” dediyi üçün üzərində olan bıçağı çıxarıb onu qorxuzmaq və özünü müdafiə etmək istəmiş, həmin vaxt bıçaq Elşənə dəymişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, mərhum X9 onun əridir. Elşən çilingər kimi fəaliyyət göstərmiş və dəmir materialdan qapılar, darvazalar düzəldərək satmış, işlədiyi sex elə İstixana qəsəbəsində yerləşmişdir. Elşən fiziki cəhətdən sağlam, xaraktercə isə bir qədər çılğın olmasına baxmayaraq hamıya canyandıran, istiqanlı, mehriban, ünsiyyətcil bir insan olmuşdur. Lakin şəxsiyyətinə də çox hörmət edən və özünə qarşı heç bir hörmətsiz hərəkəti və ya xətrinə dəyə biləcək sözü götürməmiş, dərhal həmin adamın sözlə cavabını vermişdir. Dava-dalaş etməyə meylli olmamışdır. Spirtli içkiyə biraz meylliliyi olmuşdur. Ancaq hər gün yox, adətən hansısa məclislər və ya dostları ilə yığıncaqlar olduqda içmişdir. Təqsirləndirilən şəxsla da normal həmkəndli münasibətləri olmuşdur. Habil bir neçə il əvvəl səhhəti ilə bağlı narahatçılıq keçirəndə Elşən həmişə ona kömək etmişdir. Lakin son 1 ildən çoxdur ki, Habillə Elşənin münasibətləri pisləşmişdir. Belə ki, o, Elşənin tez-tez telefonla Habillə hirsli və acıqlı səslə danışdığını görmüş, nə barədə danışdıqlarını dəqiq bilməmiş, kənddə gəzən söz-söhbətdən eşitmişdir ki, Elşənin Habilin tanışına borcu olmuş, Habil isə pulu qaytarmaq istəməmişdir. Elşən belə mövzularda onunla çox danışmadığından daha detallı heç nə bilməmişdir. 18 aprel 2022-ci il tarixdə saat təxminən 18 radələrində Elşən yaşadığı evdə axşam yeməyindən sonra çıxmışdır. Gecə saat təxminən 22 radələrində qonşular yaşadığı evə gələrək Elşənin bıçaqla yaralandığını və Gəncə şəhərinə xəstəxanaya aparıldığını demiş həmçinin öyrənmişdir ki, Elşən Habillə dalaşıb və Habil Elşəni bıçaqla ürəyindən vurub. Növbəti gün yəni 19 aprel 2022-ci il tarixdə isə səhər 12 radələrində Elşənin rəhmətə getmişdir. Təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Samux rayonu İstixana qəsəbəsində yaşayır, Təqsirləndirilən şəxs və Elşən Sadıxov onun həmkəndliləri olmuş və hər ikisi ilə qonşu kimi normal münasibəti olmuşdur. 18 aprel 2022ci il tarixdə axşam saatlarında, hava qaranlıq olanda o, qəsəbədə yaşadığı evdən velosipedi ilə birlikdə çıxmış, həmin vaxt üzbəüz evdən də Habil qardaşıgildən çıxmışdır. Habillə salamlaşıb hal-əhval tutmuş və "xxxx" ASC-nin (istixananın) qarşısından keçən yolla kəsişən, kənddə "xxxx" kimi adlanan küçədən söhbət edə-edə üzü istixananın giriş qapısı istiqamətində getmişlər. O, velosipedi ilə hərəkət etmişdir. Küçənin yolla kəsişdiyi yerə çatdıqda, yəni istixananın giriş qapısının yaxınlığında, küçənin başında olduqda dayanıb söhbət etmişlər. Orada həmkəndliləri Elşən və Məhəmməd qarşıdan keçmişdir. Elşən onlara tərəf qayıtmış və ona demişdir ki,“ver velosipedini sürüm”. O isə demişdir ki, “ Elşən sürə bilməzsən, qırılar, yenə əlimdə işlədirəm.” Həmin vaxt Elşəni sərxoş görmüşdür. Lakin Elşən zorla velosipedi əlindən almış və velosipedin üstünə minib təxminən bir neçə metr sürüb qayıtmış və yanında dayanmış, yüksək səslə söyməyə, biədəb ifadələr işlətməyə və Habilə söz atmağa başlamışdır. Bu zaman Habil Elşənə demişdir ki, “Elşən söyüş söymə buralarda.” Sonra da Habillə Elşən bir birinə söyməyə başlamış, hər ikisi eyni vaxtda bir-birinə tərəf hərəkət etmiş, Elşən Habili vurub yerə yıxmış dalaşmışlar. O, velosipedini kənara qoyub onları aralamaq istəmiş, birinci Elşənin qolundan tutub istixana tərəfə dartmışdır ki “bəsdi, belə gəl”. Ancaq Elşən əlindən çıxmış və ona hirslənib “sən qarışma” demişdir. Həmin vaxt o, Habilə tərəf gedəndə Habilin əlində artıq bıçağın tiyə hissəsinin parıltısını görmüşdür. Habil bıçağı Elşənə istiqamətləndirib bıçağı ora-bura hərəkət etdirməyə başlamışdır. Elə onda da o, Elşənə demişdir ki, “Elşən, Habil bıçaq çıxartdı geri dur.” Amma Elşən ona “sənlik deyil, qarışma” demiş və geri itələmiş və Habilin üzərinə getmişdir. O da yenə irəli gedib Habilə “Habil lazım deyil.” demişdir. Bundan sonra o, bıçağı gördüyü üçün qorxusundan bir neçə metr məsafədə uzaqlaşmışdır. O, yenidən onlara tərəf gedib ayırmaq üçün velosipedini istixananın qarşı tərəfindəki çayçının qarşısında qara dirəyin yanına qoyub çevrilmişdir ki, ondan bir neçə metr məsafədə Elşən “məni deşdi, skoriy çağır.” demiş və sonuncunun qarın ya da sinə nahiyəsindən qan axmağa başlamışdır. Elşən də həmin hissədən əli ilə tutub bir neçə addım hərəkət edib yerə yıxılmışdır. Habil də həmin vaxt geriyə yəni asfalt küçə istiqamətində hərəkət etmişdir. O, Elşəni qanlı görəndə qışqırmağa başlamış, kömək istəmiş, bu vaxtı istixanadan kimlərsə gəlmişdir. Bundan sonra təcili yardım çağırılmış, ancaq o, hadisədən psixoloji çox təsirləndiyi üçün orada qala bilməmiş və uzaqlaşmışdır. Sonradan öyrənmişdir ki, Elşən aldığı xəsarətdən vəfat edib. Elşənlə Habil qarasında dava başlamamışdan əvvəl o, istixananın girişi tərəfdə kimlərsə olduğunu görmüş, ancaq davadalaş olanda artıq orada heç kim olmamış, ətrafda yalnız uzaqda həmkəndlisi Məhəmmədi görmüşdür. Hadisə vaxtı və ya ondan əvvəl Elşənin əlində bıçaq görməmiş, Elşən Habil vuranda yalnız Habilin əlindəki bıçağın tiyə hissəsinin parıltısını görmüş, onda da “Elşən, Habil bıçaq çıxartdı geri dur.” demişdir. Hadisə vaxtı Habil ondan və ya başqasından kömək istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Elşən Sadıxovu və Təqsirləndirilən şəxs yaşadığı kəndin sakinləri kimi tanımış, heç biri ilə qohumluq münasibəti olmamış, lakin Elşən Sadıxovla daha mehriban münasibəti olmaqla, tez-tez görüşüb birlikdə vaxt keçirmişlər. Sonuncu dəfə 18 aprel 2022-ci ildə axşam saat 21-22 radələrində o, "xxxx" MMC-nin qarşı tərəfində yerləşən, "xxxx" kimi adlanan küçənin yuxarı başında yerləşən “Saleh market” ərzaq mağazasının qarşısında dayanmış, Elşən ora yaxınlaşmış, söhbət etmişlər. Bu vaxtı oradan həmkəndliləri Habil və Şamxal keçmiş, Elşən Habilə sataşmaq məqsədilə “anamın goru haqqı, anamın goru haqqı” deyib gülmüşdür. Belə ki, Habil “anamın goru haqqı” ifadəsini tez-tez işlədən adamdır. Elşənlə də Habilin əvvəldən aralarında pulla bağlı narazılıqları olmuş, neçə vaxtdır bir biri ilə danışmamışlar. Lakin həmin narazılığın konkret olaraq nədən yarandığı barədə dəqiq məlumatı yoxdur. Ona görə də Elşən Habilə sataşmaq üçün “anamın goru haqqı” deyib gülmüş, amma Habil ona cavab verməmiş və Şamxalla yavaş yavaş küçənin aşağı başına tərəf getmişdir. Elşən ona “gəl gedək Şamxalın velosipedini alaq biraz sürüm” demiş, o da “getmə orada Habillə narazılığın olar”bildirmişdir. Amma Elşən “yox eləcə velosiped sürəcəm”deyərək onlar sürətlə küçəni aşağı düşmüş və orada Şamxalnan Habilin asfaltın qurtardığı yerdə, yəni "xxxx" MMC-nin hasarının qarşısında dayandığını görmüşlər. Elşən Şamxalın velosipedinin sükanından tutub Şamxala “ver sürüm” demiş, Şamxal əvvəl vermək istəməyib “Elşən sərxoşsan, sürə bilməyəssən” desə də Elşən velosipedə minib sürmüşdür. Təxminən 10 metr sürüb qayıtmışdır. O da həmin vaxtı geri çevrilərək mağazanın qarşısına tərəf qayıdarkən təxminən 10-15 metr uzaqlaşmışdır ki, səs-küy eşitmişdir. Əvvəlcə Elşən bərkdən ağır söymüş sonra Habil də qarşılıqlı söyməyə başlamış, o, çevrilib baxanda Habillə Elşənin üz-üzə gəldiyini, bir birini yumruqla vurduğunu, Elşən Habili təpiklə vuranda Habilin yerə yıxılmış, Elşən yerdə Habili döyərkən Şamxal Elşənin qolundan tutaraq ayırmağa çalışmışdır. Lakin o, bir qədər aralıda olduğundan düşünmüşdür ki, yəqin dava bitər, ona görə də yaxın getməmişdir. Bu vaxtı Elşən Şamxalın əlindən çıxmış, Habilə “gəl qırağa” demiş, Habil də durub ağsaya-ağsaya gedərkən Elşən yenidən onun üzərinə getmiş, Habil də daynıb geri çevrilmiş, Elşən Şamxalı itələyib qarışmamasını demiş, birdən Habil cibindən bıçaq çıxartmış və Elşənə tərəf tutaraq yenə söyməyə başlamışdır. Elşən də Habili söymüş, Şamxal Elşənə “Elşən bıcaq var”, Elşən isə “ mənə heç nə eliyə bilməz” demişdir. Habillə Elşənin üzərinə getmiş bir-birinə yaxınlaşıb üz üzə gəlmişlər. Bir də onu görmüşdür ki, Habil bıcaqla Elşəni vurdu. Elşən sanki əvvəlcə heç nə hiss etməmiş, bir qədər kənarlaşıb “təcili yardımı çağırın, vurdu” deyib yerə yıxılmışdır. O, bundan sonra qaçaraq Elşənin yanına getmiş, ürək nahiyəsindən qan axdığını görüb hansısa qonşunun əynindən çıxardığı uzunqol, tünd göy rəngli, qara zolaqlı jaketlə yaranın üstünə sıxmış, həmin andaca istifadəsində olan ***-***- **-** saylı mobil nömrədən 103 təcili yardım xidmətinə zəng vurub həkim çağırmışdır. Təxminən 10 dəqiqə ərzində 103 xidməti gəlmiş, Elşəni Təcili yardımın avtomobilinə mindirib aparmış, yolda artıq öyrənmişdir ki, Elşən ölmüşdür. Hadisədən qabaq o, “Saleh” marketin qarşısında dayananda Elşən onun yanına gələrkən cibindən mobil telefonunu çıxaranda Elşənin cibindən qatlanan, qara rəngli, cib bıçağı kimi tanıdığı, həmin vaxt qatlanmış vəziyyətdə olan bıçağı da çıxmış, Elşən bıçağı qaytarıb cibinə qoyub idman şalvarının sepini bağlamışdır. Bundan sonra məlum hadisə yəni, Elşənlə Habil dava-dalaş edəndə Habilə «dayan başını kəsəcəm» deyərkən o, Elşənin əlində bıçağın olduğunu görməmişdir. Elşən ümumiyyətlə demək olar ki, hər gün üzərində bıçaq gəzdirmiş, çünki dəmirçi kimi də arada işlədiyi üçün “mənə tez tez bıçaq lazım olur” demişdir. Bundan başqa 18 aprel 2022-ci il tarixdə Elşən ona konkret olaraq Habillə dalaşacağı barədə əvvəlcədən heç nə deməmiş, hər şey təsadüfiən baş vermişdir. «Hadisə yerinə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Samux rayonu, İstixana qəsəbəsində "xxxx" ASC-nin giriş qapısının qarşısından keçən avtomobil yolunun kənarıdır. Həmin yol bir tərəfdən Qarayeri-Gəncə avtomobil yoluna digər tərəfdən isə Ziyadlı-Qarayeri avtomobil yoluna birləşir. Yolun bir hissəsi asfalt örtüklü bir hissəsi isə daşlı-xırlı örtüklüdür. ASC-nin qarşısından keçən hissədə avtomobil yolunun eni 14 m 40sm-dir. Üzü Qarayeri-Gəncə avtomobil yolu istiqamətində ASC-nin qarşısında yolun sağ tərəfində fərdi yaşayış evləri həmçinin qeyri-yaşayış obyektləri, onların qarşısında yolun kənarında ağaclar, daşlı-qumlu yığılmış halda təpəcik, yolun sol tərəfində isə "xxxx" ASCnin giriş darvazası və onun daş hasarları görünür. Həmin yola perpendikulyar olmaqla fərdi yaşayış evlərinin arasından qəsəbədə "xxxx" adlanan beton-asfalt örtüklü yol birləşir. Küçənin asfalt örtüyü ASC-nin qarşısında keçən avtomobil yoluna kəsişdikdə bitir və daşlıxırlı örtüklü olur. Həmin kəsişmədən üzü Qarayeri-Gəncə avtomobil yolu istiqamətində yolun sağ tərəfi ilə hərəkət etdikdə yolun kənarında kəsişmədən 8 metr məsafədə ilk elektrik dirəyi, həmin dirəkdən 5 m məsafədə isə yerdə, daş səthdə həcmləri fərqli olmaqla ümumilikdə 17 sm x 6 sm ərazidə bir neçə qanabənzər damcı ləkələri aşkar edildi. Ətrafda daşlı-qumlu təpəcik yığılmışdır. İş üçün əhəmiyyətli olduğundan həmin qanabənzər damcı ləkələri şərti olaraq “1” nömrəsi ilə qeyd edildi və ləkələrdən pambıq çubuğa hopdurulmaqla nümunələr götürüldü. (Zərf № 01). Həmin ləkələr olan yerdən 40 m 36 sm irəli hərəkət etdikdə, yerdə daş səthdə 161sm x 105sm ərazini əhatə edən hissədə yayılmış vəziyyətdə qanabənzər ləkələr aşkar edildi. İş üçün əhəmiyyətli olduğundan həmin qanabənzər ləkələr şərti olaraq “2” nömrəsi ilə qeyd edildi və ləkələrdən pambıq çubuğa hopdurulmaqla nümunələr götürüldü. (Zərf № 02). Həmin ləkələrdən 2,5 m məsafədə yolun sağındakı tək çinar ağacının qarşısından 7m 27 sm, "xxxx" ASC-nin paralel hasarı ilə 11 m məsafədə, beton üzərində 167sm x 308 sm ərazini əhatə edən hissədə daha geniş səthdə yayılmış halda qanabənzər ləkələr aşkar edildi. İş üçün əhəmiyyətli olduğundan həmin qanabənzər ləkələr şərti olaraq “3” nömrəsi ilə qeyd edildi və ləkələrdən pambıq çubuğa hopdurulmaqla nümunələr götürüldü. (Zərf № 03) Bundan sonra baxış iştirakçısı və hadisənin şahidi olmuş Şahid1 hadisə barədə məlumat verərək göstərdi ki, 18 aprel 2022-ci il tarixdə axşam saatlarında hava qaranlıq olanda həmkəndlisi Təqsirləndirilən şəxs ilə qəsəbədə "xxxx" kimi tanınan yolla üzü AzRus –Dostluq ASC tərəfə hərəkət edərkən ASC-nin (istixananın) qarşısından keçən yolla kəsişmədə həmkəndlisi X11 onlara yaxınlaşmış, ondan velosipedini istəmiş, bir qədər velosiped sürdükdən sonra isə elə həmin ərazidə Təqsirləndirilən şəxsla mübahisə etməyə, ardınca isə yumruqla dava etməyə başlamış, təxminən 3-4 dəqiqə həmin ərazidə davam edən dava-dalaşdan sonra Təqsirləndirilən şəxs Elşən Sadıxovu bıçaqla vurmuş və sonuncu bir qədər irəli gedərək yerə yıxılmış, oradaca qalmışdır. Şahid1 həmçinin şərti olaraq 3 nömrəsi ilə qeyd edilmiş, yayılmış vəziyyətdə qanabənzər ləkələrin olduğu yeri göstərib Elşən Sadıxovun bıçaqla vurulduqdan sonra həmin yerə gəldiyini və orada uzanıb təcili yardım gözlədiyini, ona görə də orada daha çox qanı yayıldığını bildirmişdir.Hadisə yerinə baxış zamanı qeyd edilənlərdən əlavə iş üçün əhəmiyyətli ola biləcək hər hansı başqa hallar müəyyən edilməmişdir. «Meyitə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X4 meytinə baxış zamanı aşağıdakı xəsarətlər müəyyən edildi: döş qəfəsinin ön səthində orta xətdən sibətən solda İX-X qabırğalar səviyyəsində 7x2 sm ölçüdə, kənarları hamar bir ucu iti, bir ucu qövsvari formalı yaralar vardır. Üst dodağın selikli qişasında qişasında solda 1x0,3 sm ölçüdə kənarları nahamar, düz xətt formalı yara vardır.Sol gözün bayır bucağında 1x1 sm ölçüdə, sol diz nahiyyəsində 2x0,5 sm ölçüdə qırmızımtıl rəngli, qeyri müəyyən formalı sıyrıqlar vardır. X1 hadisə zamanı əynində olmuş 01 ədəd idman gödəkçəsi, 01 ədəd idman şalvarı, 01 ədəd qısaqol köynək, 01 ədəd alt köynəyi (mayka) və 01 ədəd alt tumanı, 01 cüt corab, 01 cüt idman ayaqqabısı, həmçinin meyitin əynində olmamaqla paltarlarının üstündən sinə nahiyyəsinə sıxılmış vəziyyətdə olan 01 ədəd jaket, iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. «Geyim əşyaların və bıçağın götürülməsi və baxış aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 01 ədəd şalvar, 01 ədəd bel kəməri, 01 ədəd köynək, 01 ədəd pencək və 1 cüt ayaqqabı, cinayət hadisəsinin törədildiyi 01 ədəd, qəhvəyi rəngli, taxta materiallı dəstəyi olmaqla, dəstəyinin uzunluğu 11 sm, tiyəsinin uzunluğu 11 sm, ümumi uzunluğu 22 sm, bir tərəfi kəsici, ucu isə deşici olan, məişətdə istifadə edilən bıçaq, iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. «Geyim əşyaların və bıçağın götürülməsi və baxış aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, mərhum Elşən Sadıxova məxsus 01 ədəd Samsung markalı mobil telefon və qara rəngli metal materialdan dəstəyi, gümüşü rəngli tiyəsi olmaqla, dəstəyinin üzərindəki boz rəngli, metal materiallı düymə ilə açılıb-bağalanan, dəstəyinin uzunluğu 11 sm, tiyəsinin uzunluğu 9 sm, ümumi uzunluğu 20 sm, tiyəsinin bir tərəfi kəsici, bir tərəfində isə 3,5 sm uzunluqda dilikləri olmaqla, ucu deşici olan, qatlanan 01 ədəd cib bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 4 ədəd bıçaq təqdim edilmiş, bu zaman Təqsirləndirilən şəxs 3 nömrə altında işarələnmiş bıçağı göstərərək Elşən Sadıxovu öldürmək üçün istifadə etdiyi bıçaq olduğunu bildirmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2022-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Elşən Sadıxovla mübahisə zəmnində sonuncunu əlindəki bıçaqla vurduğunu təsdiq etmiş və hadisənin yeri və baş vermə vəziyyətini göstərmişdir. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 15 saylı rəyindən görünür ki, X1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa, betadır. Təqdim edilmiş (cinayətin törədildiyi) bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan X7 məxsus ola bilər. Hadisə yerindən götürülmüş tamponlar üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan X7 məxsus ola bilər. X2 məxsus paltarlar üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan X7 məxsus ola bilər. Bir ədəd boz rəngli qara üfüqi zolaqlı jaket üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan X7 məxsus ola bilər. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 16 saylı rəyindən görünür ki, təqdim olunmuş bir ədəd bıçaq üzərində qan aşkar olunmadı. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 3/678 və 3/684 saylı rəyindən görünür ki, Samux RPŞ-dən rayon prokurorluğuna təqdim edilmiş, cinayət hadisəsinin törədildiyi bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik təsərrüfat məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. X23 meyitinin üzərində olmuş geyim əşyalarından gödəkçəsinin, köynəyinin, maykanın üzərindəki zədə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Bu tədqiqata təqdim edilmiş bıçağın tiyəsi ola bilər. Zədə yerləşmə yerinə görə öndən arxaya doğru istiqamətlənməsinə uyğun gəlir. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 16/762 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab olunmur.Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 613 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş alın nahiyəsinin, sol əlin ovuc səthinin sıyrıqları, sol gözün alt qapağının qançırı və səthi yarası, bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 38 saylı rəyindən görünür ki, X1 meyitinin bədənində bir ədəd kəsilmiş deşilmiş yara aşkar edilmiş, bu xəsarət döş qəfəsinin sol yarısının ön səthində yerləşir, sol döş boşluğuna keçərək ürəyin sol mədəciyini və sol ağciyəri zədələmişdir. Qeyd olunan xəsarət həyati olmaqla bir tərəfi kəsici xüsusiyyətə malik olan deşici-kəsici alətlə yetirilmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Xəsarətlərin əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir. Yara kanalının istiqaməti öndən arxaya, bir qədər soldan sağa, aşağıdan yuxarıya doğrudur. X1 meyitinin bədənində yuxarıda göstərilən xəsarətdən başqa üst dodağın selikli qişasının yarası, sol gözün bayır bucağının və sol diz nahiyəsinin sıyrıqları kimi xəsarət müəyyən edilmişdir. Bu xəsarətlər də həyatidir, küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və belə xəsarətlər canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir, dərəcəsi təyin edilmir. X1 bədənində olan yaranın yerləşmə nahiyəsinə və paltarlarda olan qan ləkələrinin axma istiqamətinə əsasən xəsarət yetirilən anda E.S.Sadıxov ayaq üstə olmuşdur. Ölümün müddəti meyit müayinə edildiyi vaxta nəzərən 11-12 saat olmuşdur. (meyit xx.xx.2022-ci il tarixdə saat 10:00 da müayinə olunmuşdur). X1 ölümünə səbəb döş qəfəsinin sol yarısının ğn səthinin daxilə keçən ürəyin sol mədəciyinin və sol ağciyərin zədələnməsi ilə müşayiət olunan kəsilmişdeşilmiş yarası nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə olmuşdur. X1 meyitindən götürülmüş qanın məhkəmə kimyavi tədqiqatı zamanı qanda 0,79 promilli qatılığında etil spirti aşkar edilmiş,bu da yüngül dərəcəli sərxoşluq vəziyyətinə uyğun gəlir. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 355/121 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci və 22-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən patoloji və fizioloji affekt halında da olmamışdır (keçirməmişdir), həmçinin onda hərəkətlərinə mühüm təsir göstərə bilən fərdi psixoloji xüsusiyyətlər də (həyəcan və s) olmamışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19 aprel 2022-ci ildən hesablanmışdır. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müayinə və müalicədə olmamışdır. Samux rayonu Ziyadlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Samux rayonu İstixana qəsəbəsində həyat yoldaşı X13, övladları X15, X18 və X14 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İİ № 958905 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X14 xx.xx.2012-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X12r. Samux rayonu mərkəzi xəstəxansının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Keçirilmiş baş beyin təkrar işemik insultun (xx.xx.2016-xx.xx.2018) hər iki alın təpə nahiyyəsindən xroniki dövr subdural henatomanın frez dəliyi ilə çxarılmasının (xx.xx.2016)_davamlı qalıq əlamətləri. Sol tərəfli hemiparez. Ensefalopatiya İİ mərhələ. Şəkərli diabet İİ tip, orta ağır gedişli. Hipertoniya xəstəliyi İİ mərhələ, əlavə risk İV mərhələ diaqnozu ilə verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, hadisə yerində pambıq çubuğa hopdurulmaqla götürülmüş qanabənzər maye ləkəsinin nümunələri (Zərf № 01,02,03), X2 məxsus olaraq hadisə zamanı əynində olmuş 01 ədəd idman gödəkçəsi, 01 ədəd idman şalvarı, 01 ədəd qısaqol köynək, 01 ədəd alt köynəyi (mayka) və 01 ədəd alt tumanı, 01 cüt corab, 01 cüt idman ayaqqabısı, həmçinin meyitin əynində olmamaqla paltarlarının üstündən sinə nahiyyəsinə sıxılmış vəziyyətdə olan 01 ədəd jaket, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd şalvar, 01 ədəd bel kəməri, 01 ədəd köynək, 01 ədəd pencək və 1 cüt ayaqqabı, cinayət hadisəsinin törədildiyi 01 ədəd, qəhvəyi rəngli, taxta materiallı dəstəyi olmaqla, dəstəyinin uzunluğu 11 sm, tiyəsinin uzunluğu 11 sm, ümumi uzunluğu 22 sm, bir tərəfi kəsici, ucu isə deşici olan, məişətdə istifadə edilən bıçaq bıçaq, mərhum Elşən Sadıxova məxsus 01 ədəd Samsung markalı mobil telefon və qara rəngli metal materialdan dəstəyi, gümüşü rəngli tiyəsi olmaqla, dəstəyinin üzərindəki boz rəngli, metal materiallı düymə ilə açılıb-bağalanan, dəstəyinin uzunluğu 11 sm, tiyəsinin uzunluğu 9 sm, ümumi uzunluğu 20 sm, tiyəsinin bir tərəfi kəsici, bir tərəfində isə 3,5 sm uzunluqda dilikləri olmaqla, ucu deşici olan, qatlanan 01 ədəd cib bıçağı iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Samiux rayon prokurorluğunun dəftərxanasına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Elşən Sadıxovu qəsdən öldürmədiyini, Elşən Sadıxovun onunla mübahisəyə başlayaraq onu yerdə və ayaq üstə döydüyünü, Elşən Sadıxova real müqavimət göstərə bilmədiyini, Elşən ona tərəf gələrkən “dayan başını kəsəcəm” deyərkən onun yadına cibindəki bıçaq düşdüyünü və özünü müdafiə üçün çıxış yolu kimi bıçağı çıxararaq Elşəni qorxutmaq üçün bıçağı sağa sola yellədiyini, bundan sonra isə Elşənin sürətli onun üstünə tərəf gəldyini və bıçağın Elşənə batdığını, onun hərəkətlərinin zəruri müdafiə kimi qiymətləndirilməsini bildirsə də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş, zərərçəkmiş şəxsin hüquq varisinin ifadəsini, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakları ilə verdikləri ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, baş beyin təkrar işemik insultun hər iki alın təpə nahiyyəsindən xroniki dövr subdural henatomanın frez dəliyiilə çxarılmasının davamlı qalıq əlamətləri, Sol tərəfli hemiparez, Ensefalopatiya İİ mərhələ, Şəkərli diabet İİ tip orta ağır gedişli, Hipertoniya xəstəliyi İİ mərhələ, əlavə risk İV mərhələ diaqnozu xəstəsi olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu maddənin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Samux rayon prokurorluğunda saxlanılan X2 məxsus olaraq hadisə zamanı əynində olmuş 01 ədəd idman gödəkçəsi, 01 ədəd idman şalvarı, 01 ədəd qısaqol köynək, 01 ədəd alt köynəyi (mayka) və 01 ədəd alt tumanı, 01 cüt corab, 01 cüt idman ayaqqabısı,həmçinin meyitin əynində olmamaqla paltarlarının üstündən sinə nahiyyəsinə sıxılmış vəziyyətdə olan 01 ədəd jaket, zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, mərhum Elşən Sadıxova məxsus 01 ədəd Samsung markalı mobil telefon zərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd şalvar, 01 ədəd bel kəməri, 01 ədəd köynək, 01 ədəd pencək və 1 cüt ayaqqabı, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı qəbul edilmədikdə məhv edilməli, hadisə yerində pambıq çubuğa hopdurulmaqla götürülmüş qanabənzər maye ləkəsinin nümunələri (Zərf № 01,02,03), cinayət hadisəsinin törədildiyi 01 ədəd, məişətdə istifadə edilən bıçaq və qara rəngli metal materialdan dəstəyi, gümüşü rəngli tiyəsi olmaqla, dəstəyinin üzərindəki boz rəngli, metal materiallı düymə ilə açılıb-bağalanan 01 ədəd bıçaq istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 159 (yüz əlli doqquz) manat 50 (əlli) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 19 aprel 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Samux rayon prokurorluğunda saxlanılan X2 məxsus olaraq hadisə zamanı əynində olmuş 01 ədəd idman gödəkçəsi, 01 ədəd idman şalvarı, 01 ədəd qısaqol köynək, 01 ədəd alt köynəyi (mayka) və 01 ədəd alt tumanı, 01 cüt corab, 01 cüt idman ayaqqabısı, həmçinin meyitin əynində olmamaqla paltarlarının üstündən sinə nahiyyəsinə sıxılmış vəziyyətdə olan 01 ədəd jaket, zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, mərhum Elşən Sadıxova məxsus 01 ədəd Samsung markalı mobil telefon zərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd şalvar, 01 ədəd bel kəməri, 01 ədəd köynək, 01 ədəd pencək və 1 cüt ayaqqabı, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, hadisə yerində pambıq çubuğa hopdurulmaqla götürülmüş qanabənzər maye ləkəsinin nümunələri (Zərf № 01,02,03), cinayət hadisəsinin törədildiyi 01 ədəd, məişətdə istifadə edilən bıçaq və qara rəngli metal materialdan dəstəyi, gümüşü rəngli tiyəsi olmaqla, dəstəyinin üzərindəki boz rəngli, metal materiallı düymə ilə açılıb-bağalanan 01 ədəd bıçaq istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 159 (yüz əlli doqquz) manat 50 (əlli) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-371/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-371/2022
14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver