Məhkəmə qərarları › İş №1(100)-375/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-375/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-375/2024 30.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər X6 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, iclas katibi X7 və X13, dövlət ittihamçıları - Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs X4, təqsirləndirilən şəxsin və müdafiəçisi Vəkillər Kollegiyasının üzvü Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Fərhad oğlunun iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Ağdam rayonu Şahbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Ağdam rayonu Şahbulaq kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İbtdai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O, 04 fevral 2022-ci il tarixdə saat 00:10 radələrində Bərdə rayonu Lək kəndində yaşayan X8 Lək kənd qəbiristanlığına çağırıb hər hansı bir əsaslı səbəb olmadan borc qismində vermiş olduğu 5 (beş) manat pul borcunu vaxtında verməməsini bəhanə edib özünü müstəsna şəxsiyyət hesab edərəkictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, Məqsəd Hümbətovla mübahisə edərək ünvanına nalayiq ifadələr işlədib vermiş olduğu 5 (beş) manat pulu Məqsəd Hümbətovun geri qaytarmasına baxmayaraq həmin pulu cırıb cırıqlarını Məqsəd Hümbətovun üzərinə səpməklə mübahisə və dava-dalaşın yaranmasına təşəbbüskarlıq göstərib cinayətkar niyyətini həyata keçirtmək məqsədilə əvvəlldən özü ilə gətirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə Məqsəd HÜmbətovun qarın nahiyyəsinə 01 (bir) dəfə qəsdən vuraraq döş qəfəsinin sol yan divarının daxilə nüfuz edən və qarın boşluğuna nüfuz edən bıçaq yaralanmaları, nazik bağırsağın və müsariqəsinin, S-vari bağırsağın yaralanmaları ilə nəticələnən xəsarətlər yetirib xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına Ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə deyil, CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağdam rayonu Şahbulaq kəndində anadan olmuşdur, fərdi əməklə məşğuldur, evlərin təmir-tikinti işlərini görür. Hadisə vaxtı da işğaldan azad edilmiş torpaqlarda fərdi yaşayış evlərin bərpası ilə məşğul olmuşdur. Məqsədi isə uşaqlıqdan tanımış, onunla əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 03 fevral 2022-ci ildə yaşadığı Bərdə rayonu Qaradəmirçi kəndinə gəlmiş, Bərdə rayonu Lək kəndində yaşayan tanışı X15 ilə yolda görüşmüş, söhbət əsnasında axşam görüşüb çörək yeyib danışmaq barədə razılaşmışlar. 03 fevral 2022-ci il tarixdə saat 18 radələrində Məqsədlə birlikdə Bərdə şəhərində yerləşən çay evində oturub çay və pivə içmişlər. Söhbət vaxtı Məqsəd onu da işğaldan azad edilmiş torpaqlarda işləməyə aparmağını demişdir ona xəbər edəcəyini bildirmişdir. Gecə oradan çıxdıqdan sonra Bərdə şəhərində yerləşən “Saray” deyilən yerdə taksi ilə yaşadıqları evə gedəndə Məqsəd tanışı ilə görüşmək üçün ondan 5 manat pul istəmiş, Məqsədə cibində ancaq taksiyə vermək üçün 5 manat pulu olduğunu demiş, Məqsəd “eybi yoxdu həmin pulu mənə ver mən sənə sonra verərəm” demişdir. 5 manat pulu Məqsədə vermiş, Bərdə şəhərində yerləşən Çınqouz adlı yerdə taksidən düşmüş və Məqsəd tanışı ilə görüşməyə getmişdir. Təxminən yarım saat sonra gəlmiş və o, Məqsədə kəndə getmək üçün pulu olmadığını dedikdə Məqsəd onunla mübahisə edib “5 manatın söhbətini edirsən” deyib ona nalayiq ifadələr işlətmiş və 5 manat pulu çıxarıb vermişdir. O da Məqsədə “yekə oğlansan, cibində pul var niyə mübahisə edirsən” deyəndə, Məqsəd ona adam puldan ötəri cırnamaz demiş bundan sonra 5 manatlıq əskinası cırıb Məqsədin başına səpmiş aralaşıb evə getmişdir. 04 fevral 2022-ci il tarixdə gecə 00 radələrində Məqsəd onun mobil telefonuna zəng edib Bərdə rayonu Lək kəndində yerləşən kənd qəbiristanlığına çağırmış, nalayiq söyüş söymüşdür. Məqsədə gözləməsini, gələcəyini demiş, ora gedəndə Məqsədin onu gözlədiyini görmüşdür. Məqsəd ona “səni öldürəcəm əgər ölməyib sağ çıxsan məndən şikayət etsən.....deyib nalayiq ifadələr işlətmiş və onu qəbirsanlığın içərisinə tərəf aparmışdır. Qəbir daşlarının qarşısına çatanda Məqsəd ona nalayiq ifadələr işlətmiş və əlindəki bıçaqla onu vurmaq istəmişdir. O, zərbədən yayınmış və Məqsədin əlindəki bıçaq yeri düşdüyü üçün bıçağı götürüb onun qarın nahiyəsinə bir dəfə vurmuş, Məqsəd yerə yıxılmışdır. Əynindəki maykanı çıxarıb “bizə bu lazım idi!?” deyib Məqsədin qarnından qan axan yerə qoymuş təcil itibbi yardıma zəng edib adam xəsarət alan olduğunu bildirmiş və çıxıb getmişdir. Sonradan hadisə yerinə təcili tibbi yardım maşını gəldiyini görüb bıçağı hadisə yerinə tullayıb işğaldan azad olunmuş Hadrut şəhərinə işləməyə getmişdir. 26 dekabr 2023-cü il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları onu saxlayaraq Bərdə rayon polis şöbəsinə gətirmişdilər. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, hadisəyə səbəb Məqsədin ona qarşı nalayiq ifadə işlətməsi, sonradan da onu kənd qəbiristanlığa çağırıb xəsarət yetirmək istəməsi olmuş, o Məqsədin əlindəki bıçaq yerə düşdükdən sonra bir dəfə ona qarın nahiyyəsinə xəsarət yetirmiş, sonra isə əməlindən peşman olub ona tibbi yardım göstərmiş və təcili tibbi yardıma xəbər vermişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmiş və onunla barışıq əldə etmişdir. Dayısı şəhiddir, anasına da özü baxır. Ona yüngül, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini istəyir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X15 da təqsirləndirilən şəxslə eyniməzmunlu ifadə verib əlavə olaraq göstərmişdir ki, hadisə xx.xx.2024-cü ildə gecə Lək kəndi qəbiristanlığında baş vermişdir. Hadisə aralarında heçnədən yaranmış mübahisə, içkili olmaları ilə əlaqədar bir birirlərinin ünvanına nalayiq ifadə işlətmələri ilə bağlı olmuşdur. Cavanşirdən aralandıqdan sonra ona nalayiq ifadələr işlədiyi üçün acıqlı olmuş, onu çağırıb işlətdiyi ifadələrə görə məsələni aydınlaşdırmaq məqsədilə gecə yarı zəng edib Cavanşiri qəbiristanlığa o özü çağırmışdır. Cavanşir ondan bədəncə qüvvətli olduğu üçün aralarında dava olarsa özünü müdafiə etmək üçün yaşadığı evdən bıçağı da özü ilə götürmüş, Cavanşir gəldikdən sonra aralarında yenidən mübahisə yaranmış və onlar süpürləşən zaman bıçaq əlindən yerə düşmüşdür. O Cavanşirə bıçaqla xəsarət yetirməsə də Cavanşir yerə düşmüş bıçağı götürüb 1 dəfə onun qarın nahiyyəsinə vurmuş, sonra da maykasını çıxarıb yarasını bağlamışdır. Cavanşir onun telefonundan təcili tibbi yardıma zəng vurmuş, anası və qonşuların gəlməsini görüb hadisə yerindən uzaqlaşmışdır. Hadisədən sonra Cavanşirin ailə üzvləri əvvəlcə bir hissəsini sonra isə bütövlükdə ona dəymiş maddi ziyanı ödəmiş, və xəstəxana xərclərini vermişlər. Təqsirləndirilən şəxsə barışmış, ondan şikayət və tələbi yoxdur, yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə verilmiş suallara cavab olaraq zərərçəkmiş şəxs Məqsəd Hümbətov göstərdi ki, ibtidai istintaq zamanı onun adından yazılmış ifadələri oxumamış və ifadələri ona oxunmamış, müstəntiq tərəfindən imza etməsi dediyi üçün imzalamışdır. İfadələrin məzmununu, orada nə yazılmasını bilmir. Məhkəmədə verdiyi ifadəsinin nəzərə alınmasını xahiş edir. Hadisə vaxtı yanlarında kimsə olmamış, hadisəsən sonra ora qonşuları Ruslan və anası Mahizər gəlmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Ondan şikayət və tələbi yoxdur. Onun tutulmasını istəmir, yüngül cəza verilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, X15 doğma oğludur. Onun heç kimlə ədavət və düşmənçiliyi olmamışdır. 03 fevral 2022-ci il tarixdə axşam saatlarında oğlu Məqsəd çörək almaq adı ilə evdən çıxmış, sonradan onun evə qayıtmamışdır. Gecəyarı Məqsədin harada olmasını öyrənmək üçün evdən həyətə çıxmışdır. Aradan 10 dəqiqə sonra həyətə çıxıb Məqsədin harada olması ilə maraqlananda yaxınlığında yerləşən kənd qəbiristanlığından Məqsədin qışqırıq səsini eşitmişdir. Darvazadan çölə çıxıb səs gələn tərəfə qaçmış, yolda yıxılıb dizindən də xəsarət almışdır. Yaxınlaşanda Məqsədi yerə yıxılmış vəziyyətdə qanın içində görmüş, qarnına basılmış mayka olmuşdur, Məqsəddən nə olmasını soruşanda bıçaqlandığını demiş, lakin sonradan Məqsədi qan-tər apardığı, özünün də halı pis olduğunu üçün vuranın kim olmasını soruşmamış, bu barədə Məqsəd də ona nəsə deməmişdir. Təcili tibbi yardım avtomobili gəldikdən sonra Məqsədi Bərdə rayon mərkəzi xəstəxanasına aparmış, Məqsəd onu vuranın Cavanşir olduğunu demiş, hadisə yerindən səhəri gün qana bulaşmış bıçaq görüb götürmüş və istintaqa təqdim etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 göstərdi ki, oğluna təcili tibbi yardımı kimin çağırmasını bilmir, sonradan hadisəni Cavanşirin törətdiyini öyrənmişdir. Ailə üzvlərindən əvvəlcə qardaşı gəlib üzrxahlıq etmiş, ona 1000 (min) manat xəstəxana xərclərini ödəmək üçün pul vermiş, sonradan isə kənddə Məqsədin qanını pulla bağladıqlarını dedikləri barədə söz-söhbət olduğu üçün oğlu şikayətçi olmuşdur. Məqsədlə oğlu ilə Cavanşir yenə barışımış notarial ərizə vermişlər. Cavanşirdən şikayət və tələbləri yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bərdə rayonu Lək kəndində yaşayır. Yaşadığı evlə kənd qəbiristanlığı yaxındır. Məqsədgil sonradan həmin əraziyə köçdükləri üçün onlarla yaxın tanışlıqları olmasa da münasibətləri qonşu kimi normal olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 00 radələrində yaşadığı evdə olan zaman bayıra siqaret çəkməyə çıxmış, qəbiristanlıqdan səs kimlərinsə bir-biriləri ilə dava-dalaş və söyüş etmələrini eşitmişdir. Qəfil qışqırıq səsi eşitmiş və qəbiristanlığa tərəf qaçmışdır. Qəbiristanlığa çatanda Məqsədi dəmir məhəccərlə söykənən sonradan adını bildiyi Cavanşiridə orada görmüş, yarasından qan axmış, yaranın üstündə mayka olmuşdur. Cavanşir orda olsa da sonradan anası gəldiyinə görə, hadisə yerindən uzaqlaşmışdır. Həmin vaxt “103” xidmətinə zəng etsə də, qısa müddət sonra təcili tibbi yarıdm gəlmişdir. Bundan sonra DİN-nin “102” xidmətinə zəng edib bıçaqlandığını və təcili tibbi yardım gəlməsini xahiş etmişdir. Qısa müddət sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş və Məqsədi xəstəxanaya aparmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” 04 fevral 2022-ci il tarixli protokol və fotocədvəldən görünür ki, hadisə yeri Bərdə rayonu Lək kəndində yerləşən kənd qəbiristanlığıdır. Hadisə yerindən sübut əhəmiyyətli əşya və ya predmet aşkar edilməmiş, fotoşəkilləri çəkilərək fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 04 fevral 2022-ci il tarixli “götürmə aparılması haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, X15 hadisə zamanı əynində olan 01 ədəd qara rəngli qolsuz mayka və 01 ədəd tünd boz rəngli köynək müvafiq qaydada qablaşdırılıb götürülmüş, baxış zamanı mayka və köynəyin arxa və qarşı hissəslərində bıçaq kəsiyinə bənzər oval formalı dəlib-keçən zədələr, qəhvəyi rəngli qanabənzər ləkələr aşkar edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “07 fevral 2022ci il tarixli ərizə “götürmə aparılması haqqında” protokol və fotocədvəldən görünür ki, Şahid1 xx.xx.2022-ci ildə hadisə yerindən götürüb saxladığı bıçağı təhvil vermiş, bıçaq götürülüb baxış keçirilmiş və fotoşəkilləri çəkilib protokola əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-tibb ekspertizasının 25 fevral 2022-ci il tarixli 140 nömrəli rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər–döş qəfəsinin sol yan divarının daxilə nüfuz edən və qarın boşluğuna nüfuz edən bıçaq yaralanmaları, nazik bağırsağın və müsaqirəsinin, S-vari bağırsağın yaralanmaları deşici-kəsici alət (alətlərin) ola bilsin bıçaq təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-tibbi bioloji ekspertizasının 01 mart 2022-ci il tarixli 90/2022-MTBŞ nömrəli rəyindən görünür ki, X4 ABO sistemi üzrə qrup göstəricisi: A beta/H(İİ). Ekspertizaya təqdim edilmiş bir ədəd qolsuz mayka və boz rəngli köynək üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə” A” və “H” antigenləri alındı. Bu qan ləkələri bir şəxsə, məxsus olduğu halda X9 məxsus ola bilər. İş materiallarında olan və məhkəmədə araşdırılan kompleks məhkəmə-tibbikriminalistik və məhkəmə-kriminalistik ekspertizasının 18 mart 2022-cü il tarixli 79- MTKŞ/2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərərçəkmiş şəxs X9 məxsus maykanın ön səthinin sol nahiyəsində dörd ədəd, maykanın arxa səthinin sol nahiyəsində bir ədəd, maykanın arxa səthinin sağ nahiyəsində iki ədəd; köynəyin ön səthinin orta nahiyəsində dörd ədəd, köynəyin arxa səthinin orta nahiyəsində bir ədəd, köynəyin arxa səthinin sağ nahiyəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. ekspertizaya tədqim edilmiş zərərçəkmiş şəxs X9 məxsus maykanın ön səthinin sol nahiyəsində və maykanın arxa səthinin sol nahiyəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəninin döş qəfəsinin sol yan divarının daxilə nüfuz edən bıçaq yaralanmaları ilə yerləşmələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs M.H.Hümbətova məxsus maykanın arxa səthinin sağ nahiyəsində, köynəyin ön səthinin orta nahiyəsində, köynəyin arxa səthinin orta nahiyəsində bir ədəd, köynəyin arxa səthinin sağ nahiyəsində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr onun bədəni üzərində öz əksini tapmamışlar. Ekspertizaya təqdim edilmiş olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-psixatrik ekspertizasının 15 yanvar 2024-cü il tarixli 24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlininin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən əməliyyat tapşırığına cavab olaraq Bərdə RPŞ-dən verilmiş 07 yanvar 2024-cü il tarixli raportdan görünür ki, 04 fevral 2022-ci il tarixdə saat 00 radələrində Bərdə rayonu Lək kəndində yerləşən kənd qəbristanlığında Təqsirləndirilən şəxs tanışı X8 bıçaqla xəsarət yetirən zaman orada heç kim olmamış, Təqsirləndirilən şəxs və Məqsəd Hümbətov tək söhbət etmişlər, hadisəni görən şəxslər müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 29 dekabr 2023cü il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərərək təqdim etmişdir. İş materiallarında olan və məhkəmədə tədiq edilən DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə rayon Qaradəmirçi kəndi üzrə nümayəndən verilmiş, 07 fevral 2022-ci il tarixli 11-170 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkün olaraq Bərdə rayonu Qaradəmirçi kəndində anasıxx.xx.1957-ci il təvəllüdlü X2 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bərdə rayon X14 Hüquqi Şəxsin 30 dekabr 2023-cü il tarixli, 18-1-28/2-1834/2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan “şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs olaraq barəsində elan edilmiş axtarışla əlaqədar tutulmuş və Bərdə RPŞ MSY-yə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(021)-241/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(021)-3/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” ilə əvəz edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd bıçaq, X9 məxsus olan 01 ədəd qara rəngli qolsuz mayka və 01 ədəd tünd boz rəngli köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CMin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş üzrə məhkəmə baxışında dindirilmiş şahidlər və zərərçəkmiş şəxslər verdikləri ifadələrində istər hadisəyə qədər (hadisəyə gətirib çıxaran zarafatla başlayan sonradan isə tərəflərin bir birinin ünvanına nalayiq ifadələr işlətməsi ilə müşayiət olunan mübahisə) və hadisə vaxtı (zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi Bərdə rayonu Lək kənd qəbiristanlığına çağırması, orada nalayiq ifadələr işlətməsinə görə yaranmış və sonradan davaya çevrilmiş münaqişə zamanı) və hadisədən sonra baş verənlərlə bağlı ibtidai istintaqdan tamamilə fərqli məzmunlu ifadələr vermişlər. Məhkəmə baxışı daha açıq və şəffaf xarakter daşımaqla şəxslərin didirilməsi tərəflərin iştirakı ilə aparıldığından, işin faktiki halları ilə uyğun olduğundan məhkəmə tərkibi həmin ifadələri və tədqiq ediləcək digər sübutları əsas götürməklə X5 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin əlamətlərinə uyğun olması qənaətinə gəlir. İş üzrə dindirilmiş şəxslər (təqsirləndirilən və zərərçəkmiş şəxs və şahidlərin hamısı ibtidai istintaq zamanı ifadə versələr də onların bildirdiklərinin protokolda olduğu kimi qeyd edilmədiyini, ifadələrin məzmunu ilə tanış edilməyə ibtidai araşdırma aparan şəxs tərəfindən imkan yaradılmadığını bildirklərindən aparılmış prosessual hərəkətlərin, dindirmə protokollarının natamam olduğu və işin halları ilə uyğunsuzluq təşkil etdiyindən şəxslərin ibtidai araşdırmadan fərqli olaraq məhkəmə baxışında verdikləri ifadələrini məhkəmə tərkibi daha mötəbər hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə məhkəmədə verilmiş ifadələrlə yanaşı məhkəmə baxışında tədqiq edilmiş məhkəmə ekspertiza rəylərindən görünür ki, zərərçəkmiş şəxsin hadisə vaxtı əynində olan geyim əşyaları üzərində bədəninə sirayət edən ağır bədən xəsarətindən başqa, digər zədələr də olmuşdur ki, bu da iş üzrə tərəflərin və şahidlərin zərəçəkmiş şəxs və təqsirləndirilən şəxslər arasında xəsarət alınmasından əvvəl münaqişə olması ilə üst-üstə düşür və işin faktiki halları ilə uyğunluq təşkil edir. Həmçinin ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə ittiham verilərkən mübahisənin məhz təqsirləndirilən şəxsə məxsus pul vəsaitinin geri qaytarılması ilə bağlı zərərçəkmiş şəxsin etdiyi “uğursuz” zarafatdan qaynaqlanması, (tanışı ilə görüşmək üçün zərərçəkmiş şəxs pul istəyərkən təqsirləndirilən şəxsin sonuncuya kəndə qayıtmaq üçün həmin pulun son pulaları olmasını bildirməsi, zərərçəkmiş gələndən sonra kəndə maşına vermək üçün pulu istədikdə zərərçəkmiş şəxsin ona qıcıqlandırıcı cavab verməsi) diqqətdən qaçırılmış, sonda təqsirləndirilən şəxsə işin halları ilə uyğun olmayan ittiham verilməsi ilə nəticələnmişdir. Həmçinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən və zərərçəkmiş şəxsin istifadəsində olan mobil nömrələrlə aparılmış danışıqlar, (hadisə yerini çağırılma təşəbbüsünün kim tərəfindən olması) ümumiyyətlə araşdırılmamış, məhkəmə baxışında zərərçəkmiş şəxs Məqsəd Hümbətov təqsirləndirilən şəxsi məhz evə geri qayıdarkən aralarında baş vermiş mübahisə zamanı sonuncunun ona nalayiq ifadələr işlətməsinə görə narahatlıq keçiribzəng edərək yaxınlığında yaşadığı Lək kənd qəbiristanlığına çağırdığını bildirmişdir. Tərəflərin verdiyi ifadələrinin dindirmə protokollarına olduğu kimi əks etdirilməməsi və məzmunu ilə tanış olmaları üçün kifayətə qədər vaxt imkanı verilməməsi, eləcə də ibtidai araşdırma zamanı təqsirləndirilən şəxsin uzun müddət məsuliyyətdən yayınaraq işğaldan azad edilmiş ərazilərdə (Hadrut şəhərində) işləməsi, həmin ərazilərə giriş-çıxışın xüsusi icazə bu məqsədlə yaradılmış portal üzərindən olmasına baxmayaraq buna hansı yolla “nail olması”, Bərdə RPŞ-nin təhqiqat və istintaq fəaliyyətində olan hazırkı iş üzrə müəyyən edilən nöqsanlardan biridir ki, məhkəmə bununla bağlı mövqeyini ayrıca ifadə edəcəkdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, notarial ərizədən görünür ki, Təqsirləndirilən şəxsla Nəbi oğlu zərərçəkmiş şəxs X15 barışmış və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı zərərşəkmiş şəxs ifadəsində və çıxışında təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanənın tam ödənildiyini bildirmişdir. Məhkəməyə təqdim edilən və tədqiq edilən 006364 saylı xx.xx.2006-cı il tarixdə X12 və Şəhid ailələri İctimai birliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, X10 şəhid ailəsi qeyd edilən ictimai birliyin üzvüdür. X1 şəhid ailəsi üzvü olmasını təsdiq edən sənəd və təqsirləndirilən şəxslə qohumluq münasibətləri, eləcə də təqsirləndirilən şəxsin himayəsində olması və birgə yaşamasını təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilmədiyindən məhkəmə həmin halı şəxsin cəzasını yüngülləşdirən hal olaraq nəzərə almır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan tərəflərin ifadələri, ekspertiza rəylərini, hadisə yerinə baxış ifadənin yerində yoxlanması istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi var, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanışı olan X15 ilə Bərdə şəhərində yerləşən kafelərdən birində xx.xx.2022-ci ildə yemək yeyib spirtli içki qəbul etdikdən sonra yaşadıqları kəndə qayıdarkən Məqsəd Hümbətovun digər tanışı ilə görüş yerinə getməsinə görə ondan aldığı 5 (beş) manat borc pulu qayıtdıqdan sonra özünə saxlayıb, verməməsi və onunla zarafat etməsinə görə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bir-birinin ünvanına nalayiq ifadə işlədib hər biri yaşadığı evə getmiş, qısa müddət sonra zərərçəkmiş şəxs ona mobil telefonla zəng edib əvvəl aralarında olan mübahisəyə aydınlıq gətirməsi üçün Bərdə rayonu Lək kənd qəbiristanlığına çağırmış, 04 fevral 2022-ci il tarixdə saat 00:10 radələrində həmin qəbiristanlıqda aralarında yenidən baş vermiş şəxsi münasibətlər zamanı münaqişə və dava-dalaş zamanı Təqsirləndirilən şəxs sonuncudan işlətdiyi nalayiq ifadələrə görə qisas almaq məqsədilə soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə Məqsəd HÜmbətovun qarın nahiyyəsinə 01 (bir) dəfə qəsdən vuraraq döş qəfəsinin sol yan divarının daxilə nüfuz edən və qarın boşluğuna nüfuz edən bıçaq yaralanmaları, nazik bağırsağın və müsariqəsinin, S-vari bağırsağın yaralanmaları ilə nəticələnən xəsarətlər yetirib qəsdən sağlamlığına Ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsi ilə, zərərçəkmiş şəxsin onda şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əvvəllər məhkum edilməməsini və Ağdam rayonunda məcburi köçkün olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Məhkəmə tərkibi hesab edir ki, hazırda baxılan iş üzrə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi, yaxud maddənin sanksiyasında nəzərdə tutulan həddən də aşağı azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, yaxud digər yüngül cəza növünün tətbiqi işin faktiki halları, törədilmiş əməlinin ictimai təhlükəliliyi və xarakteri ilə tərs mütənasibdir və sosial ədalətin bərpası, təqsirləndirilən şəxsin islah olunması, cəzanın ümumi xəbərdaredici funksiyası ilə uyğun deyil və ədalət mühakiməsinin mənafeyi ilə ziddiyyət təşkil edir. Belə ki, işin faktiki halları (hadisənin motivi – zərərçəkmiş şəxslə aralarında olan zarafat gedişatında bir birinin ünvanına qarşılıqlı nalayiq ifadələri işlədilməsinə görə aralarında münaqişə yaranması və mübahisə bitdikdən sonra yaşadığı evə getsələr də, zərərçəkmiş şəxsin çağırışı ilə hadisə yerinə gəlməsi, sonradan da baş vermiş mübahisə dava-dalaş zamanı artıq təhlükə aradan qalxsa da zərərçəkmişin əlində olan bıçağın yerə düşməsi və bıçağı götürdükdən sonra uzaq yerə tullamaq imkanı olmasına baxmayaraq məhz işlətdiyi nalayiq ifadələrə görə qisas almaq məqsədilə zərərçəkmiş şəxsə bıçaqla xəsarətlər yetirməsi (ancaq biri bədən səthinə nüfuz etsə də) hadisənin zəruri müdafiə həddində baş verməsini, həmçinin təqsirləndirilən şəxsin zərərçəkmişə istəməyərək xəsarət yetirməsini istisna edir. Bundan başqa nəzərə alınmalıdır ki, işin faktiki hallarına əsasən təqsirləndirilən şəxs hadisə yerindən yayınmış, hadisə barədə hüquq-mühafizə orqanlarına heçbir məlumat verməmiş və könüllü təslim olmamış, polis əməkdaşları tərəfindən xeyli müddət təxminən 10 (on) ay sonra yaşadığı evə gəldikdən sonra saxlanılıb istintaqa təhvil verilmişdir. Odur ki, hazırki iş üzrə cinayət əməlinin yuxarı göstərilən ictimai təhlükəliliyinə əsas verən hallar gələcəkdə oxşar hadisələri törətmiş şəxslərdə zərərçəkmiş şəxslərlə barışıq əldə edildikdən sonra yüngül - azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məruz qalmasına dair əsassız ehtimallarının eləcə də, cəmiyyətdə cəzasızlıq mühitinin yaranmasının qarşısının alınması, məhkəmə tərkibinin təqsirləndirilən şəxsin yalnız təyin ediləcək azadlıqdan məhrmetmə cəzasının rejim daxilində real çəkiləcəyi halda Təqsirləndirilən şəxsislah olacağı qənaətinə gəlməsinə əsas olmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ailə vəziyyəti və cəzasını çəkəcəyi müddətdə islah olacağını sübut edəcəyi təqdirdə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi imkanını istisna edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, O, məhkəmə iclas zalından dərhal həbs edilməli və barəsində seçilən “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 1 ədəd bıçaq məhv edilməli , 1 ədəd köynək və 1 (bir) ədəd mayka sahibi X9 qaytarılmalı qəbul etmədikdə isə məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və O, məhkəmə iclas zalından dərhal həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına verilmiş 01 ədəd bıçaq məhv edilsin, X9 məxsus olan 01 ədəd qara rəngli qolsuz mayka və 01 ədəd tünd boz rəngli köynək sahibinə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar