Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-381/2024 05.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X1 və Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxx 2004-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdam rayonu, Suma kəndində qeydiyyatda olmaqla, Bərdə şəhəri, H.Əliyev prospekti, ev 156, mənzil 58 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 04 sentyabr 2023-cü il tarixdə, saat 14:30 radələrində yaşadığı Bərdə şəhəri, H.Əliyev prospekti, ev 156, mənzil 58 ünvanında yerləşən yaşadığı mənzilə gələn zaman həmin mənzilin qonaq otağında əvvəllər tanımadığı Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan Zərərçəkmiş şəxs onun bacısı Şahid4 ilə söhbət etməsini görüb əsəbləşərək qıcqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mənzilin qonaq otağındakı masanın üzərinə qoyulmuş istintaqla müəyyən edilməsi mümkün olmayan kəsici-deşici xassəyə malik bıçağı götürüb həmin bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sağ yarısına, həmin nahiyənin sağ yan səthinə və döş qəfəsinin sağ yarısının arxa səthinə hər birinə 1 (bir) zərbə olmaqla qəsdən cəmi 3 (üç) zərbə endirərək, sonuncunun sağlamlığına döş qəfəsinin ön səthinin sağ yarısına, döş qəfəsinin sağ yan səthinə və sağ yarısının arxa səthinə daxilə nüfuz edən, qaraciyərin zədələnməsi, daxili və xarici qanaxma ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraları və sağ saidin bir kəsilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə törənmə anında ümumilikdə insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun bacısı Şahid4 tələbədir. Hadisə baş verməmişdən əvvəl Zərərçəkmiş şəxs anası onun anası Şahid2 bir neçə dəfə zəng edərək Əmrahın onun bacısı ilə evlənmək istəməsi ilə əlaqədar elçi gəlmək istədiklərini bildirmişdir. Anası Şahid2 isə razı olmadığını bildirmişdir. Əmrah isə telefonda anasına “gəlib bu məsələni Şahbazla danışarıq və narazılığı aradan qaldırarıq” demişdir. Anası isə hər dəfə telefonla danışarkən razı olmadığını bildirmişdir. Onun bacısı Şahnaz tələbə olduğuna görə ailə qurmağın hələ erkən olduğunu düşündüklərindən onlar bacısının evlənməsinə razı olmamışlar. Hadisə günü, yəni 04 sentyabr 2023-cü il tarixdə, saat təxminən 12-13 radələrində yaşadığı evdən çıxıb şəxsiyyət vəsiqəsini dəyişmək üçün “Bərdə-Asan” xidmət mərkəzinə getmişdir. Həmin gün saat 14 radələrində oradan çıxıb evinə getmişdir. O, yaşadığı evə çatıb, içəri daxil olarkən qonaq otağında Zərərçəkmiş şəxs görmüşdür. Həmin vaxt evdə Əmrah, bacısı Şahnaz və ondan başqa heç kim olmamışdır. O, Zərərçəkmiş şəxs evlərində görərkən əsəbləşmiş və sonuncu ilə mübahisə edib dalaşmağa başlamışdır. Onlar əvvəlcə bir-birilərinə əl-qol atmışlar, sonra isə süpürləşmişlər. Bu zaman o, qonaq otağında stolun üstündəki bıçağı götürərək Əmraha üç bıçaq zərbəsi vurmuşdur. Daha sonra Əmrah özünü yaxşı hiss etmədiyini demişdir. O isə demişdir ki, “Yaxşı deyilsən, gəl həkimə gedək”. Sonra Əmrah çıxıb getmişdir. Daha sonra o, dayısı Şahid3 zəng edib hadisə barədə danışmış, sonra isə dayısı ilə birlikdə polisə gedərək könüllü şəkildə təslim olmuşdur. Təqsirləndirilən şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs bıçaqla vurmasına səbəb Əmrahın onların evinə icazəsiz daxil olmasına görə əsəbləşməsi olmuşdur. Zərərçəkmiş şəxs səhhəti ilə bağlı dəymiş zərər sonuncuya ödənilmişdir. Törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini və yaşının çox gənc olduğunu, həmçinin ailəsində yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə heç bir qohumluq və ya düşmənçilik münasibətləri yoxdur. O, bir neçə il əvvəl Təqsirləndirilən şəxs bacısı Şahid4 görüb bəyənmiş və onunla ailə həyatı qurmaq istəmişdir. Lakin Şahnazın ailəsi razılıq verməmişlər. Hadisə günü, yəni 4 sentyabr 2023-cü il tarixdə o, Bərdədə olarkən Şahbazın bacısı ilə ailə qurmaq məsələsini müzakirə etmək üçün Şahbazgilin evinə getmişdir. Həmin evə gedərkən evdə yalnız Şahid4 olmuş, onu da Şahnaz özü qarşılamışdır. Evdə başqa heç kəs olmamışdır. O, evdə oturub Şahnazın valideynlərini gözləməyə başlamışdır. Təxminən 10-15 dəqiqə sonra Şahnazın qardaşı Təqsirləndirilən şəxs evə gəlmişdir. Şahbaz yüksək səs tonu ilə ondan “evimdə nə işin var?” deyə soruşmuşdur. O da vəziyyəti izah etməyə çalışmışdır, ora gəlməkdə niyyətini açıqlamışdır. Şahbaz isə ona əsəbi şəkildə cavab vermiş, sonra onlar mübahisə etməyə başlamışlar, daha sonra isə əlbəyəxa olmuşlar. Həmin vaxt onlar süpürləşməyə başlamışlar. Dava zamanı Təqsirləndirilən şəxs onu bıçaqla vurmuşdur. Şahbaz bir dəfə onun qarın boşluğuna bıçaqla vurmuş, daha sonra bıçaq onun sağ əlinə dəymişdir, sonra isə kürək nahiyəsinə bıçaqla zərbə endirmişdir. Zərərçəkmiş şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, xəsarət aldıqdan sonra müalicə xərclərini Təqsirləndirilən şəxs ödəmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəmənin sonrakı iclaslarında göstərmişdir ki, o, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır. 04 sentyabr 2023-cü il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində idarə etdiyi avtomobilini aptekin qarşısında saxlamışdır. Aptekdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs yaralı vəziyyətdə görmüş, Şahbaz ondan xəstəxanaya aparmasını xahiş etmiş və bıçaqlandığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs avtomobili ilə xəstəxanaya aparmışdır. Sonradan onu Bərdə Rayon Polis Şöbəsinə dəvət edərkən o, hadisə barədə məlumat vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs onu görüb bəyənmiş və onunla ailə həyatı qurmaq istəmişdir. Zərərçəkmiş şəxs anası da bir neçə dəfə onunla telefonda danışaraq oğlu Əmrahın onunla ailə qurmaq istədiyini bildirmişdir. O isə razı olmadığını, hələ universitetdə oxuduğunu bildirmişdir. Daha sonra o, bu barədə anasına məlumat vermiş və Əmrahın anasının telefon nömrəsini öz anasına demişdir. Bundan sonra anası da Zərərçəkmiş şəxs anası ilə danışaraq razı olmadığını bildirmişdir. Hadisə günü, yəni 04 sentyabr 2023-cü il tarixdə qardaşı Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini dəyişmək üçün “Bərdə ASAN” xidmət mərkəzinə getmiş, evdə ondan başqa heç kim olmamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onların evinə gəlmiş, onun anası və qardaşı ilə danışmaq üçün gəldiyini demişdir. Bir az sonra qardaşı Təqsirləndirilən şəxs evə gəlmişdir. Qardaşı Şahbaz evdə Zərərçəkmiş şəxs görərkən Əmrahla mübahisə etməyə başlamışdır. O, həmin vaxt qonşuya keçdiyindən Şahbazın Əmrahı necə və hansı nahiyələrindən vurduğunu görməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Onun qızı Şahid4 tələbədir. Qızı Şahnaz bir gün ona yaxınlaşaraq “ana, bir nəfər var, Bakıdandı, mənə elçi gəlmək istəyir” demişdir. O isə qızına “Sən hələ universitetdə oxuyursan, ailə qurmaq yaşın deyil, onlara de ki, biz razı deyilik” demişdir. Sonradan Zərərçəkmiş şəxs anası onun telefonuna zəng edərək qızına elçi gəlmək istədiklərini bildirmişdir. O isə “Qızım hələ uşaqdır, ailə quran vaxtı deyil” deyə cavab vermişdir. Zərərçəkmiş şəxs anası mütəmadi olaraq ona zəng edib bu mövzu barədə danışmışdır. Hadisə günü, yəni 04 sentyabr 2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs “Bərdə ASAN” Xidmətə getmişdir. O özü də evdə olmamışdır. Sonradan həmin gün oğlu Şahbaz ona zəng edərək Zərərçəkmiş şəxs onların evinə gəldiyini və Əmrahı bıçaqladığını bildirmişdir. O isə dərhal evə gəlmişdir. Sonradan Əmrahın vəziyyətini örgənmək üçün xəstəxanaya getmişlər. Əmrahın xəstəxana xərclərini ödəmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. 4 sentyabr 2023-cü il tarixdə Şahbaz ona zəng edərək “Dalaşmışam, bir nəfəri bıçaqlamışam, polis şöbəsinə gedirəm” demişdir. O, Şahbazla görüşmüş və birlikdə polis şöbəsinə gəlmişlər. Şahbaz ona Zərərçəkmiş şəxs onun bacısı ilə ailə qurmaq istədiyini və bununla bağlı fikirini bildirmək üçün onların evinə gəldiyini demiş, özü həmin gün qapını açıb evlərinə daxil olarkən evdə Şahbazı gördüyünü və Şahbazla mübahisə edərkən sonuncunu bıçaqla vurduğunu demişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 sentyabr 2023-cü il tarixli “şəxsin könüllü gəlib özünü istintaqa təqdim etməsi barədə protokol”dan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Bərdə Rayon Polis X2 gəlib törətdiyi cinayət əməlini etiraf edərək özünü istintaqa könüllü təqdim etmişdir (iş vərəqə: cild İ, səh. 15). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 sentyabr 2023-cü il tarixli “baxış və götürmə haqqında protokol”dan görünür ki, cinayət hadisəsinin baş verdiyi Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanın əlamətləri protokolda əks olunmuş, baxış zamanı qonaq otağında sol tərəfdə yerləşən divanın qarşısında taxta döşəmənin üzərində qanabənzər ləkələr, mənzilin giriş qapısının və mənzilə çıxan pilləkənlərdə qanabənzər ləkələr olduğu müəyyən edilmiş, hadisə yerindən qanabənzər ləkələr gigiyenik çubuqlara hopdurularaq müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs mübahisənin harada baş verməsini, iş üzrə Zərərçəkmiş şəxs harada bıçaqla vurmasını göstərməklə verdiyi ifadəsində göstərdiklərini hadisə yerində bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 18-24). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 26 dekabr 2023-cü il tarixli, 1804 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin ön səthinin sağ yarısının 1 (bir) ədəd, sağ yan səthinin 1 (bir) ədəd və sağ yarısının arxa səthinin 1 (bir) ədəd daxilə nüfuz edən, qaraciyəri zədələyən, daxili və xarici qanaxma müşayiət olunan deşilmiş-kəsilmiş yaraları deşici kəsici əşyanın (alətin), sağ saidin 1 (bir) kəsilmiş yarası iti kənarlı əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Bərdə rayon Mərkəzi Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilmələri mümkündür (iş vərəqə: cild İ, səh. 155-157). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 08 yanvar 2024-cü il tarixli, 633/2023-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön hissəsində sağda 01 (bir) ədəd, arxa hissəsində sağda 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alət (alətlərin) tiyəsinin təsirindən əmələ gəlmişlər. Zərərçəkmiş şəxs bədəninin döş qəfəsinin ön səthinin sağ yarısında 1 (bir) ədəd, sağ yan səthində 1 (bir) ədəd və sağ yarısının arxa səthində 1 (bir) ədəd olan deşilmiş-kəsilmiş yaralarla ekspertizaya təqdim edilmiş ona məxsus köynəyin ön hissəsində sağda 01 (bir) ədəd, arxa hissəsində sağda 02 (iki) ədəd aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs sağ saiddə olan 1 (bir) ədəd kəsilmiş yara ekspertizaya təqdim edilmiş köynəkdə öz əksini tapmamışdır, bu da köynəyi həmin nahiyəni örtməməsi ilə izah oluna bilər (iş vərəqə: cild İ, səh. 204-206). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 07 yanvar 2024-cü il tarixli, 862/2023-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosurətinə əsasən qan qrupu - B(İİİ), tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus 01 ədəd tamlığı pozulmuş qısaqol mayka üzərindəki ləkələrdə və hadisə yerindən 02 ədəd gigiyenik çubuğun uclarındakı pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız «B» antigeni alındı. Bu qan ləkələri B/İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqə: cild İ, səh. 138-142). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 X5 şöbəsinin ambulator məhkəmə psixiatrik ekspertizasının 22 fevral 2024-cü il tarixli, 134 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və onları dərk etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törədən zaman öz hərəkətlərini dərk etmək və ya idarə etmək imkanında olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək və ya idarə etmək imkanındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (iş vərəqə: cild İ, səh. 210-211). Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Bərdə rayon X4 Hüquqi Şəxsinin 11 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur (iş vərəqə: cild İ, səh. 73). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 mart 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək və hadisə yerindən götürülmüş qan izlərinə hopdurulmuş iki ədəd gigiyenik çubuqlar maddi sübut kimi tanınmış və saxlanması üçün Bərdə Rayon Polis Şöbəsinə təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 213-228). Cinayət işinin materiallarına əlavə edilmiş 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdə, saat 17:05-də şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh. 35-36). Cinayət işinin materiallarına əlavə edilmiş 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və 06 sentyabr 2023-cü il tarixdə, saat 18:15-də həmin qərar ona elan edilərək o, azad edilmişdir (iş vərəqə: cild İ, səh. 66-67). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 noyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 104). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (iş vərəqə: cild İ, səh. 152). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə araşdırması zamanı verdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur (cinayət işinin materialları). Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, maddi sübutları və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət işi üzrə yuxarıda göstərilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna almasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanın tamamilə ödənilməsini, həmçinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı səmimi ifadə verərək əməlindən peşmanlığını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alarkən qeyd edir ki, təqsirləndirlən şəxsin səmimi peşmançılığı onun əməlinin təhlükəliliyini dərk etməyini və törətdiyi cinayətin nəticəsinə sonradan formalaşmış mənfi münasibətini özündə ehtiva edir. Şəxs cinayəti törətdikdən sonra səmimi peşman olubsa, bu hal onun törətdiyi cinayətin zərərli nəticələrinin tez bir zamanda aradan qaldırmasını, habelə islah edilməsini sürətləndirir və tərəfindən növbəti cinayətlər törətməkdən çəkindirir. Eyni zamanda səmimi peşmançılıq təqsirkarın islah olunmasında da mühüm rol oynayır, onun islah olunmasının başlanığıc nöqtəsi kimi çıxış edir və bunu stimullaşdırır. Nəzərə alınsa ki, cəzanın məqsədi həm məhkumun islah edilməsindən və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir, bu halda səmimi peşmançılığın cəzanın məqsədləri baxımından nə qədər əhəmiyyətli olduğu görünər. Şəxsin əməlindən peşman olmasını bildirməsi yuxarıda qeyd edildiyi kimi onun əməlinə tənqidi yanaşmasını ehtiva etməklə onun şəxsiyyətinin ictimai təhlükəliliyinin azalmasına dəlalət edir ki, bu da təqsirləndirilən şəxsə cəza təyin edilərkən həmin halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasına əsas verir. Ona görə də məhkəmə yuxarıda qeyd edilən digər hallarla yanaşı, göstərilən həmin halları da cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirərək cəza təyinində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.10, 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini, törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları (onun gənc olmasını və əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını), təqsirləndirilən şəxsin istintaq zamanı könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, dəymiş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını, təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı səmimi ifadə verərək əməlindən peşmanlığını, zərərçəkmiş şəxsin də təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etməsinə dair fikirlərini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyindən və təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini (ailəsində yeganə qazanc gətirən şəxs olmasını) nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və məqsədəuyğun hesab edir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Belə ki, cinayət qanununda cəzanın 3 məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, o, zərər çəkmiş şəxslə barışıq əldə etməklə və zərərçəkmiş şəxsin səhhəti ilə əlaqədar dəymiş zərəri tam şəkildə ödəməklə həmin hərəkətləri ilə, həmçinin törətdiyi cinayət əməlini səmimi etiraf etməklə, məhkəmədə də göstərdiyi bütün davranışları da onun əməlindən səmimi peşmanlığını ehtiva etmiş, onun cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Əgər cəzanı ağırlaşdıran hallar mövcud deyildirsə, törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməklə zərərçəkmiş şəxslə barışıq əldə etmiş, hətta zərərçəkmiş şəxsin də ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini bildirməsi, barəsində cəzasını yüngülləşdirən kifayət qədər hallar olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 05 sentyabr 2023-cü il saat 17:05-dən 06 sentyabr 2023-cü il saat 18:15-dək, yəni 02 (iki) gün müddətində tutulmuşdur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarının 2 və 2.21-ci bəndlərində göstərilmişdir ki:
2. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin.....: 2.21. Qərarın 25-ci bəndinin birinci abzasında “bir və ya bir neçə növ” sözləri çıxarılsın və aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin: “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Bundan başqa, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək sahibi Zərərçəkmiş şəxs qaytarılmalı, həmçinin hadisə yerindən götürülmüş qan izlərinə hopdurulmuş iki ədəd gigiyenik çubuqlar məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak və iş üzrə ekspertiza xərci müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək sahibi Zərərçəkmiş şəxs qaytarılsın, həmçinin hadisə yerindən götürülmüş qan izlərinə hopdurulmuş iki ədəd gigiyenik çubuqlar məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov