Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-381/2025 05.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X9 və X10, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X12 və Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1951-ci ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, təqaüdçü, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Göygöl şəhəri, 28 may küçəsi, ev 48-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Puşkin küçəsi, ev 36, mənzil 4-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 29 sentyabr 2024-cü il tarixdə saat 21 radələrində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını - “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla nəqliyyat vasitələrini idarə etmə hüququ olmayan şəxs kimi idarə etdiyi “VAZ 2106 minik” markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Göygöl şəhəri, A.Kazımov küçəsi ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda həmin tələbləri pozaraq hadisənin qarşısını almaq üçün texniki imkanı olmasına baxmayaraq yolu keçən piyadalar Kəlbəcər rayon sakinləri xx.xx.1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və xx.xx.1961-ci il təvəllüdlü X5 vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs qapalı kəlləbeyin travması, həyat üçün təhlükəli olmayan subdural qansızma, təpə-ənsə nahiyyəsinin yarası, sağ körpücük, sol dirsək, sağ İİİ qabırğanın və İİİ bel fəqərəsini yan çıxıntısının sınıqları, sağ tərəfli hemopnevmatoraks, sağ bud nahiyyəsinin hematoması ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilən bədən xəsarətləri almasına, Maral Nəcəfovaya isə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən başın yumşaq toxumalarına sağ alın-təpə, sol gicgah-ənsə nahiyyələrinə uyğun hissələrdə qansızma (hematoma), baş beyin maddəsinin ödemi, baş beyinin hər iki yarımkürəsinə təpə-gicgah nahiyyələrinə uyğun hissələrdə qansızma (hematoma), soltərəfli hemopnevmatoraks, sol 8-9-10 qabırğanın məmə xətti üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin kəskin ödemi, ağciyərlərin paylararası sahələrinə ocaqlı qansızmalar, qaraciyərdə subkapsulyar qansızma, sol böyrək ətrafı yumşaq toxumalara qansızma (hematoma), çanaq sümüklərinin sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol bud, sağ baldır sümüklərinin qapalı sınığı, başın təpə nahiyyəsinin yarası, alın, sağ göz, burun və alt dodaq nahiyyələrinin sıyrıqları, sağ bazu, sağ said, hər iki bud, sağ sağrı, sağ baldır, sağ ayaq, sol qalça və sol diz oynağı nahiyyələrinin qançırları ilə müşayiət olunan xəsarətlər alması və sonuncunun qapalı kəllə beyin travması nəticəsində əmələ gələn baş beyinə qansızma səbəbindən xx.xx.2024-cü il tarixdə saat 06:52-də Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 93 ünvanda yerləşən “DNK” tibb mərkəzində ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, hadisə vaxtı Göygöl RMX-də müalicə almış, xx.xx.2024-cü il tarixdə təxminən saat 20 radələrində Eşqin adlı tanışının yaşadığı Göygöl şəhəri, R.Nəsibov məhəlləsində yerləşən ünvana istilik peçi götürmək üçün getmiş, Eşqindən VAZ-2106 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb xx.xx.2024-cü ildə təxminən saat 21 radələrində Göygöl rayon mərkəzi xəstəxanası istiqamətində getmişdir. Göygöl şəhərində yerləşən “Aişə” şadlıq sarayının qarşısında qəfil iki nəfər şəxs idarə etdiyi avtomobilin qarşısına çıxmış, avtomobillə həmin şəxsləri vurmuşdur. Avtomobili saxlayıb yerə düşmüş, piyadaların qadın olduğunu görmüşdür. Həmin vaxt həyəcanlı olduğu üçün nə edəcəyini bilməmiş, tanımadığı şəxslər ona köməklik etmiş, çağırdıqları təcili tibbi yardım avtomobili ilə qadınları xəstəxanaya aparmışlar. O isə hadisə yerində qalmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, hadisəyə səbəb əks tərəfdən gələn nəqliyyat vasitəsinin işıqlarının gözünə düşməsi və yol döngəli olduğu üçün piyadaları görməməsi və qarşısına qəfil çıxmaları olmuşdur. Toy məclisində iştirak etdikləri üçün zərərçəkmişlərin içkili vəziyyətdə yola çıxdığını ehtimal edir. Əvvəllər gözündən və ürəyindən əməliyyat olmuş, hazırda “Hepatit C” xəstəliyindən əziyyət çəkir. Əvvəl sürücülük vəsiqəsi olsa da, etibarlılıq müddəti bitmişdir. Hadisədən əvvəl avtomobili təxminən 40 km/saat sürətlə hərəkət etmişdir. Hadisə ehtiyatsızlıqdan baş vermişdir, onun hadisədə günahı yoxdur. O, zərərçəkmiş şəxsin ailə üzvləri ilə hadisədən bir neçə ay sonra qohumları vasitəsi ilə barışıq əldə etməyə cəhd etsə də, sonuncular ondan çoxlu miqdar pul istədikləri üçün aralarında razılaşma olmamışdır. Məhkəmədən günahı olmadığı üçün ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 göstərmişdir ki, özü Bakıda, valideynləri isə Gəncə şəhərində yaşayır. xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində atası Şahid1 ona zəng edərək anası Maralı və bacısı Mətanəti Göygöl şəhərində maşın vurduğunu demişdir. O, Gəncəyə gələndə bacısı Mətanət Gəncə şəhərindəki “Mərkəzi Klinika”da, anası isə “DNK Hospital”da olmuşdur. Anası xx.xx.2024-cü ildə səhər həmin xəstəxanada vəfat etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, hadisə barədə məlumatı atasından almış, atası ona anası ilə bacısının xx.xx.2024-cü ildə saat 21 radələrində toydan çıxıb yolu keçərkən avtomobillə vurulduğunu demişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Hadisədən xeyli müddət sonra o qızı ilə atasına müraciət etsə də, yas vaxtı gəlmədikləri üçün atası onların üzrxahlığını qəbul etməmişdir. Təqsirləndirilən şəxsin və ailə üzvlərinin hansı məbləğ təklif etməsindən asılı olmayaraq barışmır və Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2024-cü ildə ata və anası ilə Göygöl şəhərinə “Aişə” şadlıq sarayına qohum toyuna getmişlər. Təxminən saat 21 radələrində toydan çıxıb evə getmək üçün yolu keçmişlər. Qabaqda atası arxası ilə isə özü və anası yolu keçmişlər. Anası ilə qol-qola girib yolu keçməyə bir-iki metr qalmış sağdan - Hacıkənd tərəfdən gələn avtomobil əvvəl anasını, sonra isə onu vurmuşdur. Zərbənin təsirindən huşunu itirmiş və ayılanda xəstəxanada olduğunu görmüşdür. Sonradan qohumlarının onu Mərkəzi Klinikaya, anasının isə Gəncədə yerləşən “DNK Hospital”a aparıldığını, orada vəfat etdiyini öyrənmişdir. Məhkəmədən verilən suallara cavab olaraq göstərdi ki, hadisə vaxtı yanlarında heç kim olmamışdır. Avtomobil yolunu keçməzdən əvvəl yola baxsalar da Hacıkənd istiqamətində hər hansı bir avtomobil gəldiyini görməmişlər. Təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmamışdır. Məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, arvadı X8 Əliyeva ilə birlikdə xx.xx.2024-cü ildə Göygöl şəhəri ərazisində yerləşən “Aişə” şadlıq sarayında keçirilən qohumunun toy məclisinə getmiş, təxminən saat 21 radələrində toydan çıxıb Göygöl şəhəri, A.Kazımov küçəsində yolu Gəncə istiqamətdə soldan sağa doğru taksi gözləmək üçün keçmişlər. O, əvvəlcə yolu qabaqda keçmiş, arxası ilə qızı Mətanət və arvadı Maral gəlmişlər. O, yolu keçib səkiyə qalxıb siqaret çıxaranda qəfil arxadan tappıltı eşitmiş, geriyə dönəndə “VAZ-2106” markalı avtomobilin arvadı və qızını vurduğunu görmüşdür. Yoldan keçən tanımadığı şəxslər köməklik edib arvadı Maralı Göygöl rayon xəstəxanasına, sonra isə Gəncə şəhərində yerləşən “DNK Hospital”a aparmışlar. Arvadı Maral növbəti gün səhər saatlarında xəstəxanada vəfat etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, hadisə vaxtı arvadı və qızı məclisdə içki içməmiş, o taksi saxlamaq üçün əvvəl yolu keçmiş, arvadı və qızı isə onun arxası ilə yolu keçmişlər. Hadisədən əvvəl hər hansı siqnal səsi eşitməmiş, özü yolu keçdikdən sonra qəfil tappıltı eşidib geri baxmışdır. Təqsirləndirilənin-Təqsirləndirilən şəxs qızı və qohumları olan cavan oğlan yasdan xeyli sonra barışığa gəlsələr də, onları qəbul etməmişdir. Dəymiş ziyanın əvəzi olaraq təklif edilən məbləğ isə çox cüzi olmuş və buna görə həmin pulu da istəməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, “VAZ-2106” markalı **-BJ-*** nömrə nişanlı avtomobil 2024-cü ildə dəqiq qardaşı İlkin etibarnamə ilə almış, hadisədən iki ay əvvəl Rusiya Federasiyasına getmiş, avtomobili sürmək üçün ona vermişdir. xx.xx.2024-cü ildə təxminən saat 20 radələrində qohumu Məntiq yaşadığı evə gəlib avtomobili istəmiş, peç götürüb xəstəxanaya aparacağını demiş, maşını məntiqə vermiş, təxminən bir saat sonra hadisə barədə eşitmişdir. Polis tərəfindən çağırılanda isə hadisənin necə baş verdiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. xx.xx.2024-cü ildə yaşadığı evdə olanda atası Məntiq ona zəng edərək yol nəqliyyat hadisəsi törətdiyini demişdir. Sonradan atasının xəstəxanaya gedərkən yolda qəfil qarşısına çıxan zərərçəkmiş şəxsləri vurduğunu öyrənmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, hadisədən bir qədər sonra o qohumlar ilə zərərçəkmiş mərhum xanımın ərinin yanına gedib üzrxahlıq etmiş və dəymiş ziyanı ödəməyi təklif etmişdir. Lakin mərhum zərərəçəkmişin əri onlardan xeyli pul istədiyi üçün həmin pulu verə bilməmiş və buna görə də sonuncular ondan şikayət etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Göygöl RPŞ DYPB-nin yol inspektoru X6 göstərdi ki, xx.xx.2024-cü ildə təxminən 21 radələrində Göygöl RPŞ-nin Növbətçi Hissəsindən daxil olmuş hadisə barədə məlumat əsasında hadisə yerinə getmiş, piyadaların vurulduğunu bilmiş, hadisə yerinə çatanda avtonəqliyyat vasitəsi və hadisəni törədən şəxs orda olsa da, xəsarət alan şəxslər həmin vaxt artıq yığılan şəxslərin köməkliyi ilə xəstəxanaya aparılmışdır. Hadisəni törətmiş sürücü tibbi müayinədən keçirilib polis şöbəsinə aparılmış avtomobil də duracağa yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 29 sentyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və əlavəsi olan fotocədvəldən hadisə yerinin plan sxemindən görünür ki, hadisə yeri Göygöl şəhəri, A.Kazımov küçəsidir. Hadisə yerində yolun ümumi eni 10 metrdir. Hər iki kənarından 1,5 metr enində piyadaların hərəkəti üçün səkilər var. Hərəkət iki tərəflidir, bir birindən 1.1 nişanlanma xətii ilə ayrılır. Hərəkət zolaqlarının eni 5 metrdir. Hadisə yerindən 100 metr qabaqda 5.16.2 “piyada keçidi” yol hərəkət nişanı, yol kəsişməsində isə 3.4 “Yük avtomobillərinin hərəkəti qadağandır” yol nişanı, hadisə yerindən 10 metr sonra isə 1.30 “Digər təhlükə” yol nişanları vardır. Yol örtüyü asfalt örtüklü olmaqla quru vəziyətdədir. Hadisə yerində elektrik dirəkləri mövcuddur və işıqlar yanılıdır, küçə işıqlandırılır. Piyadaların vurulma yeri yolun sağ kənarından 2 metr məsafədə yerləşir. Baxış zamanı əyləc tormoz izi aşkar edilmir. Toqquşma yeri Gəncə istiqamətində yolun sağ kənarından 2 metr məsafədədir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx.xx.2024-cü il tarixli sərxoşluğun təyini haqqında 3815/2024 №li protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırlan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, DNK hospitalın “acil” şöbəsindən Göygöl RP-yə X3 yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən vəfat etməsi barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Göygöl RPŞ-nin DYPB-dən verilmiş xx.xx.2024 tarixli 77/1-19096/24 saylı nömrəli məktubdan görünür ki, “VAZ 2106 minik” markalı **-BJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X11 adına olmaqla sonuncu etibarnamə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X4 adına verilmiş və müddəti bitdiyi üçün etibarnaməyə xitam verilmişdir. Yol nəqliyyat hadisəsi vaxtı avtomobili idarə etmiş Təqsirləndirilən şəxs adına xx.xx.2014-cü il tarixdə AC 605410 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, xx.xx.2021-ci il tarixdə sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 36 saylı rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – başın yumşaq toxumalarına sağ alın-təpə, sol gicgah-ənsə nahiyyələrinə uyğun hissələrdə qansızma (hematoma), baş beyin maddəsinin ödemi, baş beyinin hər iki yarımkürəsinə təpə-gicgah nahiyyələrinə uyğun hissələrdə qansızma (hematoma), soltərəfli hemopnevmatoraks, sol 8-9-10 qabırğanın məmə xətti üzrə sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, hər iki ağciyərin kəskin ödemi, ağciyərlərin paylararası sahələrinə ocaqlı qansızmalar, qaraciyərdə subkapsulyar qansızma, sol böyrək ətrafı yumşaq toxumalara qansızma (hematoma), çanaq sümüklərinin sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol bud, sağ baldır sümüklərinin qapalı sınığı, başın təpə nahiyyəsinin yarası, alın, sağ göz, burun və alt dodaq nahiyyələrinin sıyrıqları, sağ bazu, sağ said, hər iki bud, sağ sağrı, sağ baldır, sağ ayaq, sol qalça və sol diz oynağı nahiyyələrinin qançırları, daxili orqanların doluqanlılığı. Qeyd olunan xəsarətlər həyatidir bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. X1 ölümünə səbəb – qapalı kəlləbeyin travması nəticəsində əmələ gələn baş beyinə qansızma olmuşdur. İş üzrə təyin edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 710 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, həyat üçün təhlükəli olmayan subdural qansızma, təpə-ənsə nahiyyəsinin yarası, sağ körpücük, sol dirsək, sağ İİİ qabırğanın və İİİ bel fəqərəsini yan çıxıntısının sınıqları, sağ tərəfli hemopnevmatoraks, sağ bud nahiyyəsinin hematoması - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə birgə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmələri istisna edilmir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə yol-nəqliyyat ekspertizasının 10 yanvar 2025-ci il tarixli 8/3232 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 2106” markalı ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Mehdiyev VAZ-2106 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış xx.xx.2024-cü tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Narkoloji Dispanserdən verilmiş xx.xx.2024-cü il tarixli 5781 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Psixonevroloji Dispanserdən verilən xx.xx.2024-cü il tarixli 5754 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Göygöl RMX publik hüquqi şəxsdən verilmiş xx.xx.2024-ci il tarixli 18-1-42/2-295/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək “yuxarı tənəffüs yollarının çox lokalizasiyalı digər kəskin infeksiyaları, xroniki virus mənşəli C hepatit, stenokardiyanın digər formaları, durğunluq ürək çatışmazlığı, ürəyin ateroskleritik xəstəliyi” diaqnozları ilə stasionar şəraitdə konservativ müalicədə olmuşdur. İş materiallarında olan Göygöl RİHB-nin Göygöl Mənzil Kommunal İstehsalat Birliyindən verilən 226 №li xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yaşamadığı üçün barəsində heç bir məlumat verilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN tərəfindən verilmiş 032341№li, xx.xx.2018-ci il tarixli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə baxışında verdiyi xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmamış və ona ən ağır cəza verilməsini xahiş etmişlər. İş materiallarında olan şübhəli “şəxsin tutulması haqqında” qərar və protokoldan və “təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, “həbs” qətimkan tədbiri seçilməsi haqqında vəsatət təmin edilməyərək, həmin tarixdə Göygöl RPŞ MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə Ağır Cinayətlər Məhkəmənin xx.xx.2025-ci il tarixli saylı qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilmiş və barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Göygöl RPŞ dən verilən xx.xx.2025-ci il tarixli 77/2-9599/25 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə Gəncə şəhərində tutularaq Göygöl RPŞ MSY-ə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnərək məhkəmə baxışı yekun mərhələdən davam etdirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri, digər sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində göstərilir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə baxışı və ibtidai araşdırma zamanı irəli sürdüyü müdafiəsi üçün gətirdiyi dəlilləri ( zərərçəkmiş şəxslərin yolu müəyyən edilməyən yerdən keçmələrini, qəfil yola çıxmalarını, eləcə də hadisədən əvvəl iştirak etdikləri toy məclisində spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olmalarını) öz ifadəsindən başqa heç bir sübutla təsdiq olunmadığı, eləcə də işin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla inkar edildiyi üçün sübut kimi qəbul etmir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. İlk növbədə qeyd edilməlidir ki, hərəkətin ikitərəfli (qarşılıqlı) olduğu və hər hansı mane (arakəsmə adacıq) olmayan işıqlandırılan yolda təqsirləndirilən şəxsin (sürücününün) zərərçəkmiş şəxsləri görməməsi (görə bilməməsi) bilavasitə onun görmə qabiliyyətində olan zəiflik (uzağı pis görmə ilə) ifadə olunmuşdur ki, həmin hal Təqsirləndirilən şəxs özünün məhkməyə təqdim etdiyi tibbi sənədlərlə tam təsdiqini tapmışdır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, işin məhkəmə istintaqı zamanı müəyyən edilən hallardan görünür ki, hadisənin baş vermə səbəbi bilavasitə təqsirləndirilən şəxsin görmə qabiliyyətinin zəif olması ilə bağlı olmuşdur ki, bu da şəxsin sürücülük vəsiqəsini yeniləməsinə, yəni nəqliyyat vasitəsinə idarəetmə hüququnun təkrar əldə etməsinə əsas maneə olmuşdur. Bundan başqa məhkəmədə tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokola əlavə edilən fotocədvəldən aydın müşahidə edilir ki, hadisə yerindən qabaq, protokola əsasən təxminən 100 metr irəlidə (sürücünün hərəkəti istiqamətində) qarşıda piyada zolağı olmasına dair xəbərdarlıq nişanı mövcud olmuşdur. Məhkəmənin mövqeyinə əsasən müdafiə tərəfinin iddia etdiyi hal - zərərçəkmiş şəxslərin (piyadaların) yola qəfil çıxması iddiası qəbul ediləcəyi halda belə sürücünün məsuliyyəti istisna edilmir ki, bu da hərəkət istiqamətində müvafiq xəbərdarlıq nişanının təqsirləndirilən şəxs ehtiyyat tədbirləri görərək hərəkət sürətini azaltmağı tələb etməsi ilə bağlıdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı vaxtı müxtəlif instansiyalara ünvanladığı müraciətlərdə zərərçəkmiş şəxslərin sərxoş olmasını iddia etsə də, məhkəmə qeyd edir ki, həmin halın mövcud olması belə şəxsin əməlinin tövsifinə hər hansı təsir etmir və həmin iddianı təsdiq edəcək hallar iş materiallarına əlavə edilməmiş, ümumiyyətlə təqdim edilməmişdir. Yəni, Təqsirləndirilən şəxs öz təqsirsizliyinə dəlil olaraq göstərdiyi vurulmuş piyadaların (zərərçəkmiş şəxslərin) sərxoş olmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia edilən şərait mövcud olacağı halda zərərçəkmiş şəxslərin yolun hərəkət hissəsində qeyri-adekvat hərəkətləri (yolu keçərkən səndirləmələri, irəli-geri hərəkətləri, yolun hərəkət hissəsində mübahisə yaxud itələşmələri) belə həmin hərərkətləri müşahidə etməsini iddia şəxsin (Təqsirləndirilən şəxs) qabaqlayıcı tədbirlər görərrək işıq və səs siqnalıdan bir neçə dəfə yaxud davamlı istifadə etməsi, yaxud idarə etdiyi avtonəqliyyat vasitəsini qəfil manevr etdirərək, (sağ və sola döndərməsi) hərəkət istiqamətini qəfil dəyişməsi, yaxud qəfil əyləc (tormozdan) istifadə etməsini tələb edirdi. İbtidai araşdırma və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxs yolun hərəkət hissəsinə maneələri (zərərçəkmiş şəxsləri) gördükdən sonra ümumiyyətlə əyləc pedalına basmamış, toqquşma vaxtı əvvəl mərhum zərərçəkmiş şəxsi, sonra isə ağır bədən xəsarəti almış digər zərərçəkmiş şəxsi vuraraq cinayət hadisəsi törətmişdir. Məhkəmə baxışında müəyyən edilən digər bir hal isə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışığa cəhd etməsi olsa da, hadisədən uzun müddət sonra zərərçəkmiş şəxslərin (əri) atası) olan iş üzrə dindirilmiş şahidlə dəymiş ziyanın ödənilməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs və ailə üzvləri hadisədən dərhal sonra zərərçəkmiş şəxsin ailə üzvlərindən üzrxahlıq etməmələrini hadisənin təsiri altında rədd edilmə qorxusu ilə əlaqələndirsələr də, məhkəmə qeyd edir ki, bu ancaq ehtimallara əsaslanmaqla şəxsin yaxud ailə üzvlərinin barışıq əldə etmə cəhdlərinə maneə kimi qiymətləndirilə bilməzdi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı davranışı da qeyri-adekvat olmuş, uzun müddət təhqiqat orqanı əməkdaşı olmasına baxmayaraq o hadisə ilə bağlı özünü ümumiyyətlə təqsirli bilməyərək müdafiə mövqeyini zərərçəkmiş şəxslər tərəfindən törədilməsini iddia etdiyi qayda pozuntusu, yəni onların yolu müəyyən edilməyən (piyada keçidi olmayan) yerdən keçməsi ilə əlaqələndirərək məhkəməni inandırmağa yanıltmağa uğursuz cəhd etmiş, müxtəlif instansiyalara şikayət ərizələri göndərərək məhkəməyə təsir göstərməyə çalışmış, gözlənilənin əksinə törətdiyi əməldən səmimi peşmanlığını ifadə etməmiş, zərərçəkmiş tərəfdən nə bilavasitə nə də dolayı yolla üzrxahlıq etməmiş, məhkəmə iclaslarında qarşı tərəfi qıcıqlandırıcı ifadələr işlətmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə Cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs X7 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs xəstəliklərdən əziyyət çəkməsini, yaşını, müharibə veteranı olmasını, hadisə nəticəsində dəymiş ziyanı aradan qaldırmağa çalışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-ci maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini, şəxsin öz əməlinə münasibətini nəzərə alaraq ona ən aşağı hədd cəza təyin edilməsini cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunmasına uyğun hesab etməsə də, cəzanı yüngülləşdirən halları yaşı və xəstəliyini, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu və təqsiri sübuta yetirilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş orta həddən də aşağı azadlıqdan məhrum etmə cəzası təyin etməklə və həmin cəzanı çəkməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə tərkibi cəzanın şərti olaraq tətbiq edilməsi və ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulandan daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən etmədiyinə görə, cinayət əməli nəticəsində bir nəfər şəxsin ölməsini, digər şəxsin az ağır bədən xəsarəti almasını, hadisənin kifayət qədər həyat təcrübəsi və əvvəlki peşəsinə görə qanunun tələblərini digər şəxslərə münasibətdə daha yaxşı bilərək hörmət etməli olduğuna baxmayaraq sabiq polis işçisi tərəfindən törədilməsini və hadisədən dərhal sonra nəticələrinin aradan qaldırılmasına çalışmamasını, hazırki dövrdə prioritet məsələlərdən olan hərəkət təhlükəsizliyi və yol nəqliyyat hadisələrinin qarşısının alınması ilə bağlı aparılan dövlət siyasəti və proqramların icrası ilə ziddiyyət təşkil etməsi, təqsirləndirilən şəxsə veriləcək daha aşağı hədd cəzanın cəmiyyətdə, xüsusilə də eynixarakterli qayda pozuntusuna yol verən şəxslərə arasında cəzasızlıq mühiti və psixologiyası yaranmasına yol verəcəyi ehtimalları olmasını, həmçinin zərərçəkmiş şəxs və hüquqi varislərinin bütün ibtidai araşdırma və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsdən şikayətçi olmasını, barışmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs qanunun müəyyən etdiyi həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini sosial ədalət və qanunçuluq prinsipinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası əlavə cəza kimi qeyd edilən cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti təyin edilməlidir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” «15» noyabr 2013-cü il tarixli qərarının 22-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın orta həddən yuxarı təyin olunmasını və bu cəzanın icrasının əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı təqsirləndirilən şəxsin tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə mülki iddia verilməsə də, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsə cinayət hadisəsi nəticəsində vurulmuş maddi zərərlə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hadisə vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106 minik” markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil isə hadisə yerinə baxış keçirilməsi haqqında protokol və xx.xx.2024-cü il tarixli qərara əsasən sonrakı taleyinə aydınlıq gətirilməmiş, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsinə əsasən naməlum səbəbdən hadisədən sonra həyətinə gətirilmişdir. İş üzrə yol nəqliyyat hadisəsində iştirak etmiş “Vaz 2106” markalı ** BJ *** qeydiyyat nömrə nişanlı avtomobil ona dair verilmiş etibarnamələrin müddəti bitdiyindən hökm qanuni qüvvəsini alandan sonra qanuni mülkiyyətçisi, yaxud müvafiq səlahiyyət verilmiş nümayəndəsinə qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri ümumilikdə 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. Qeyd edilənlərə əsasan məhkəmə hesab edir ki, aparılmış ekspertiza xərci Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs tam olaraq tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347, 351, 353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə həmin cəzanın icrasına əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ““həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxsə cinayət hadisəsi nəticəsində vurulmuş zərərlə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə sonrakı taleyinə aydınlıq gətirilməmiş, yol nəqliyyat hadisəsində iştirak etmiş “Vaz 2106” markalı ** BJ *** qeydiyyat nömrə nişanlı avtomobil ona dair verilmiş etibarnamələrin müddəti bitdiyindən hökm qanuni qüvvəsini alandan sonra qanuni mülkiyyətçisi, yaxud müvafiq səlahiyyət verilmiş nümayəndəsinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqarının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-381/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-381/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver