Məhkəmə qərarları › İş №1(100)-382/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-382/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-382/2022 16.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və X4 ibarət tərkibdə, X14 və X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, M.Bağırov küçəsi ev 14A-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylıİstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşımaqla saxlamışıdr. Belə ki, o, dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 2,273 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 aprel 2022-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, V.Xuluflu küçəsində saxlanılaraq Gəncə şəhəri, 2-ci Polis Şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli polietilen torbacıqda, külli miqdarda yəni, təmiz çəkisi 2,273 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə elаn edilmiş ittihаm üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə qəbul etmişdir. Narkotik vasitəni 09 aprel 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında avtobus dayancağından sellofan bükümdə tapmışdır. Özü narkotik vasitə olan heroin qəbul etdiyi üçün bükümü açaraq bükümün içərisində heroin olduğunu bilmişdir. Həmin bükümü cibinə qoyaraq istifadə etmək üçün üzərində saxlamışdır. 12 aprel 2022-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə piyada gedərkən mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış, ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda, gəzdirməkdə və narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olmasını bildirərək, onu Gəncə şəhər 2-ci Polis Şöbəsinə gətirmişlər. Orada polis əməkdaşları müdafiəçisi X7 iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində olan narkoik vasitə heroin aşkar olunmuşdur. Şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmışdır. Üzərində aşkar olunmuş heroin tünd qəhvəyi rəngli kəskin iyli olmuşdur. Götürülmüş heroin onun iştirakı ilə tərəzidə çəkilmişdir. Tərəzidə çəkilən heroinin çəkisi içərisində olduğu sellofanla birlikdə 3.30 qram olmuşdur. Daha sonra həmin kütlə zərfə qoyularaq qablaşdırılmış, o və müdafiəçisi ilə birlikdə zərfin üzərini imzalamışdır. O, narkotik vasitəni özü istifadə etmiş,satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır, və ona CM-nin 234.1-ci maddəsi ilə yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 aprel 2022-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkoik vasitə olan heroini əldə edib üstündə saxlaması, üstündə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Şöbənin əməliyyat müvəkkili onunla birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 aprel 2022-ci il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, V.Xuluflu küçəsində olmasını müəyyən edib həmin yerə getmişlər və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib, üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhər 2-ci Polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində X3 dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim etmişlər. Təqsirləndirilən şəxs ona təqdim olunmuşNadim adlı müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofon büküm aşkar edilmişdir. Həmin sellofanın içərisinə baxış keçirilən zamanı orada tünd qəhvəyi rəngli kəskin iyli və ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlənin olması müəyyən olunmuşdur. Sorğu-sual zaman Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin istifadə etdiyini, üstündən aşkar olunaraq götürülmüş sellofanın içərsindəki kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 09 aprel 2022-ci il tarixdə Gəncə şəhəri, M.Bağırov küçəsində yerləşən avtobus dayanacağından tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofon bükülü elektron tərəzidə çəkilərək çəkisinin 3.30 qram olması müəyyən olunmuş, daha sonra zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra tərkibinin, çəkisinin dəqiq müəyyən olunması məqsədilə ekspertizaya göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Qənbər oğlu Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş12 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər 2-ci Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilən zamanı videoçəkilişin qeydə alındığı bir ədəd DVD disk materialа əlavə edilmiş, diskə baxış zamanı müəyyən edilmişdir ki, baxış protokoluna əlavə edilmiş bir ədəd diskdə 01 videogörüntü var, videoçəkiliş 12 dəqiqə 51 saniyə müddətində çəkilmişdir. xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olan Gəncə şəhəri, M.Bağırov küçəsi ev 14A-da yaşayan Təqsirləndirilən şəxs BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən Gəncə şəhəri, Vəli Xuluflu küçəsində saxlanılaraq BPİ-nin 2-ci Polis Şöbəsinə gətirilmiş və onun üzərinə baxış keçirilməsi zərurəti ilə əlaqədar Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 rəhbərliyə raportla müraciət etmişdir. Baxışa başlamazdan əvvəl təhqiqatçı Azər İsmayılov özünü təqdim etmiş və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim etmişdir. Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 Qənbər oğlu, BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1, video operator X8 və Gəncə şəhər 1 saylı vəkillər Bürosunun vəkili X10 iştirak etmişlər. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Şübhəli şəxsə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predment və ya narkotik vasitə olub-olmaması, əgər vardırsa təqdim etməsi bildirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirmiş və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş olan büküm, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Keno” markalı siqaret qutusu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün nə olması soruşulduqda o, həmin bükülünün narkotik vasitə olduğunu, həmin bükülünü bir gün əvvəl yaşadığı evin yaxınlığında avtobus dayanacağından tapdığını bildirmişdir. Sonra iştirakçılar tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərindən başqa heç nə aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü ilk baxışdan heroinə bənzər olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş və sellofan torbada narkotik vasitə olan heroinə bənzər kütlənin ümumi çəkisi 3,30 qram gəlmişdir. Sonra həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılmış və zərfə qoyularaq Azərbaycan Respublikasının DİN-nin 120 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 12 aprel 2022-ci il tarixli 16/424 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd kütlə” yazı və imzalar olan kağız paketdəki 1 ədəd şəffaf rəngli polietilen torbacıqda təmizçəkisi 2.273 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 13 aprel 2022-ci il tarixli, 465 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının 06 may 2022-ci il tarixli, 282 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə baxmayaraq o, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki,Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzası başa çatmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Elektron notariat X1 Sistemi vasitəsilə “X5” AQİS-dən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X9 adlı övladı var. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Kəpəz rayon icra hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində bugünə qədər qonşular və sakinlər tərəfindən heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş göndərişdən görünür ki, Təqsirləndirilən şəxs disosial şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ondan aşkar olunan narkotik vasitələri öz istifadəsi üçün əldə etməsi, heç kimə satmaması ilə bağlı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun olmadığından həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 2,273 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürməsi məhkəmədə tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, təmiz çəkisi 2,273 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin qanunsuz olaraq əldə edib, uzun müddət daşıyıb saxlaması sonuncu tərəfindən həmin narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı övladı olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunması, xəstəlikdən əziyyət çəkməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs əvvələr məhkum olunması qanunla müəyyən olunmuş müddət keçdiyindən heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 12 aprel 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş“həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinəəsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,173 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhv edilməsi Gəncə şəhər BPİ və“Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat (otuz iki manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş)il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş“həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər BPİ-nin saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,173 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, məhv edilməsi Gəncə şəhər BPİ və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə 32,40 manat (otuz iki manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar