Məhkəmə qərarları › İş №1(100)-386/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-386/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-386/2024 08.04.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X1 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Oğuz rayonu, Padar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, 6-cı Mədən küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi xx.xx.2024-cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur. Dövlət ittihamçısı məhkəmənin hazırlıq iclasında şifahi vəsatət verərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə aidiyyətinin Gəncə Ağır Cinayətlər Məhkəməsinə aid olmadığını, Azərbaycan Respublikası CPM-in 74.1-cü maddəsinə əsasən cinayət işinin aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin aidiyyəti üzrə ağır cinayətlər məhkəməsində məhkəmə hazırlıq iclası keçirilib qərar qəbul edilənədək dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Vəsatət onunla əsalandırılmışdır ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini Ağcabədi rayonu ərazisində törətdiyi üçün həmin cinayət işinə Azərbaycan Respublikası CPM-in 74.1-cü maddəsinə əsasən cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində, yəni Ağcabədi rayonunun ərazi yurisdiksiyası üzrə aid olduğu Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Məhkəmə tərkibi cinayət işinin materiallarını öyrənərək və cinayət prosesi tərəflərinin fikirlərini dinləyərək hesab edir ki, hazırki cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olmadığı üçün dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət əsaslı olduğundan təmin edilməli və bu cinayət işinə cinayətin törədildiyi yerin, yəni Ağcabədi rayonunun ərazi yurisdiksiyası üzrə aid olduğu Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, Oğuz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə, Oğuz Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərarı ilə cəzası dəyişdirilərək təyin edilmiş azadlığı məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsinin 1 il 1 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Qəhrəman” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs “Qəhrəman" adlı şəxsin sifarişi ilə gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması üçün sonuncu və ya qeyriləri tərəfindən naməlum tarixdə, vaxtda və şəraitdə Ucar-Zərdab- Ağcabədi magistral avtomobil yolunun Ağcabədi rayonu, Nəcəfqulu kəndi ərazisindən keçən hissəsində yolun kənarından gizlədilən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda 755,399 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 15914,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”-in İİ siyahısına daxil olan təsiredici maddəsinin ümumi miqdarı 8 qram olan 200 ədəd narkotik vasitə metadon həbini satış məqsədi ilə qanunsuz olaraq əldə edib həmin yolun yaxınlığında saxladığı “Toyota Prius” markalı, **- KG-*** qeydiyyat nişanlı avtomobilə yükləmək üçün avtomobilin yanına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 07 yanvar 2024-cü il tarixdə saat 02:10-da Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yolunun Ağcabədi rayonu, Nəcəfqulu kəndi ərazisində keçən hissəsində saxlanılaraq Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 04:15-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 14,83 qram olan narkotik vasitə qurudulmuş marixuana, əlində saxladığı kisələrdən birinci kisənin içərisindən təmiz çəkisi külli miqdarda 7500 qram olan narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 305,005 qram və 450,394 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 755,399 qram olan narkotik vasitə heroin, ikinci kisənin içərisindən təmiz çəkisi külli miqdarda 8400 qram olan narkotik vasitə qurudulmuş marixuana və təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda 8 qram olan 200 ədəd narkotik vasitə metadon həbi aşkar edilərək götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini, qurudulmuş marixuananı və metadon həbini satış məqsədi ilə qanunsuz olaraq Ucar- Zərdab-Ağcabədi magistral avtomobil yolunun Ağcabədi rayonu, Nəcəfqulu kəndi ərazisindən keçən hissəsində yolun kənarından əldə edib həmin yolun yaxınlığında saxladığı “Toyota Prius” markalı, **-KG-*** qeydiyyat nişanlı avtomobilə yükləmək üçün avtomobilin yanına daşımış, 07 yanvar 2024-cü il tarixdə saat 02:10-da isə polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yolunun Ağcabədi rayonu, Nəcəfqulu kəndi ərazisində keçən hissəsində saxlanılaraq Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və orada onun üzərində şəxsi axtarış keçirilən zaman qanunsuz olaraq əldə etdiyi narkotik vasitələr aşkar edilərək götürülmüşdür. “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Buna görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.21, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 sentyabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, alternativ əlamətli cinayət tərkiblərinə gəldikdə isə qeyd olunmalıdır ki, Cinayət Məcəlləsində belə obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, uzanan cinayət bir məhkəmənin yurisdiksiyasına aid olan yerdə başlayıb, başqa məhkəmənin yurisdiksiyası daxilində bitibsə, cinayət işinə cinayətin bitdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Alternativ tərkibli uzanan cinayətlərə gəldikdə isə qeyd olunmalıdır ki, belə tərkibli cinayətlərin obyektiv cəhətini təşkil edən alternativ hərəkətlərdən hər hansı birinə yol verildiyi anda hüquqi cəhətdən cinayət baş vermiş hesab edilsə də, məhkəmə aidiyyəti məsələsinə münasibətdə cinayətə son qoyulma yeri faktiki cəhətdən cinayətin başa çatdığı yer hesab olunmalı və cinayət işinə həmin yerin məhkəməsi tərəfindən baxılmalıdır. “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrin və hərbi məhkəmələrin ərazi yurisdiksiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2010-cu il tarixli Fərmanına əsasən Ağcabədi rayonu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə uyğun olaraq, cinayət o zaman başa çatmış hesab olunur ki, şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olsun. Müvafiq olaraq, əgər tərkib əlamətlərindən biri olmazsa, törədilmiş əməl başa çatmış cinayət kimi tövsif oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini Ağcabədi rayonu, Nəcəfqulu kəndi ərazisində törətdiyi üçün onun barəsində olan cinayət işinə Azərbaycan Respublikası CPM-in 74.1-ci maddəsinə əsasən cinayətin törədildiyi yerin, yəni Ağcabədi rayonunun ərazi yurisdiksiyası üzrə aid olduğu Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Bundan başqa, iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 yanvar 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə, yəni 07 may 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. X5 Məhkəməsinin “Meloni İsveçrəyə qarşı” iş üzrə 10 aprel 2008-ci il tarixli qərarında göstərilmişdir ki, həbs qərarı konkret əsaslara söykənməli və konkret vaxt müddəti müəyyən etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 159.1 və 299.3.5-ci maddələrinə, X5 Məhkəməsinin göstərilən hüquqi mövqeyinə əsaslanıb iş üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin 07 may 2024-cü il tarixdə bitdiyini, məhkəmənin bugünki hazırlıq iclasında cinayət işinin baxılması üçün cinayətin törədildiyi yerin, yəni Ağcabədi rayonunun ərazi yurisdiksiyası üzrə aid olduğu Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi nəticəsinə gəlindiyini, bu səbəbdən gələcəkdə qeyd edilən ağır cinayətlər məhkəməsində hazırlıq iclasının keçirilməli olduğunu, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinin ictimai təhlükəliliyini, xarakterini və törədilmə şəraitini, ağır cinayətlər kateqoriyasına aid olmasını, azadlıqda qalarsa, cinayət prosesini həyata keçirən orqandan gizlənməsi barədə Azərbaycan Respublikası CPM-in 155.1.1-ci maddəsində nəzərdə tutulmuş hərəkəti etməsinə dair ehtimalın kifayət qədər əsaslı və real olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ərazi aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsində məhkəmə hazırlıq iclası keçirilib qərar qəbul edilənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 74, 75, 77, 155 və 299-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi ilə bağlı Dövlət ittihamçısı vəsatəti əsaslı olduğundan təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Azərbaycan Respublikası CPM-in 74.1-ci maddəsinə əsasən cinayətin törədildiyi yerin, yəni Ağcabədi rayonunun ərazi yurisdiksiyası üzrə aid olduğu Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri Lənkəran Ağır Cinayətlər Məhkəməsində məhkəmə hazırlıq iclası keçirilib qərar qəbul edilənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərarın surəti məlumat üçün cinayət prosesinin tərəflərinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasına göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar