Məhkəmə qərarları › İş №1(100)-389/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-389/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-389/2023 18.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, X9 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Samux rayonu, Qovlarsarı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, hazırda ünvan istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi və ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 03 mart 2023-cü il tarixdə, təxminən saat 23 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən 19 yaşı həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ olan Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququ əldə etdikdən sonra həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini yerinə yetirməklə hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda AD 084596 saylı texniki şəhadətnamə əsasında atası Şahid2 məxsus “VAZ-21074” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan və orta dərəcədə sərxoş vəziyyətdə idarə edib avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etməklə həmin Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, Gəncə şəhəri Ü.Hacıbəyov prospketi ilə üzü “Sovxoz” dairəsi istiqamətində hərəkətdə olarkən piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamalı, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olmasına baxmayaraq həmin Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini davam etdirmiş və həmin vaxt avtomobilin ön hissəsi ilə avtomobil yolunu piyada zolağı ilə sol tərəfdən sağ tərəfə keçmək istəyən piyada X5 ehtiyatsızlıqdan vuraraq sonuncunun baş beyinin sağ təpə-gicgah payının əzilib dağılması, baş beynin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına sağ alın, sağ gicgahtəpə nahiyələrində qansızma, sağ gicgah-təpə nahiyəsinin əzilmiş yarası, kəllə qapağı və kəllə əsası sümüklərinin çox qəlpəli sınması, hər iki ağciyərlərdə ocaqlı qansızmalar, sağ körpücük sümüyünün yerdəyişmiş sınığı, döş qəfəsinin sağ tərəfində İİ, İİİ, İV qabırğaların onurğayanı xətt üzrə sınması, sol bud sümüyünün qapalı, hər iki baldır sümüklərinin açıq sınıqları, sağ göz nahiyəsinin qançırı, döş qəfəsinin arxa səthinin, sağ kürək, sağ kürəküstü, kürəklərarası nahiyələrin, sol qasıq, sağ bud, hər iki diz, sağ bilək, sağ ayaq nahiyələrinin sıyrıqları ilə nəticələnən birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurulmağa aid xəsarətlər yetirməklə açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn baş beyinin ağır dərəcəli əzilməsi və kəllə sümüklərinin qəlpəli sınması nəticəsində ölməsinə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə ehtiyyatsızlıqdan zərər çəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sürücülük vəsiqəsi yoxdur. «VAZ-21074» markalı **-DL- *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında atası Şahid2 məxsusdur.O, az hallarda həmin avtomobil idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Gəncə şəhərində yerləşən İmperial şadlıq sarayına toya getmiş, toyda yeyib içdikdən sonra yaşadığı Samux rayonu, Qovlarsarı kəndinə getmək üçün həmkəndlisi Arzu ilə birlikdə saat 23 radələrində Ü.Hacıbəyov prospekti ilə “Savxoz Nizami” dairəsi istiqamətinə 70-80 km/saat sürətlə hərəkətdə olarkən piyada zolağınını üzərində yolu soldan sağa keçmək istəyən piyadaları görməmişdir. Belə ki, piyada zolağında 3 piyada olmuş, dərhal əyləcdən istifadə etsə də həmin piyadalardan biri avtomobilin sağ tərəfdən ön şüşəsinə dəyərək yerə yıxılmışdır. Dərhal avtomobili saxlayıb yerə düşmüş, Arzuyla birlikdə piyadanı yerdən qaldırmış, avtomobilin arxa oturacağına yerləşdirmişdir. Təxminən 5-10 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər.Az sonra təcili tibbi yardım gəlmişdir. Sonra o, polis əməkdaşları ilə birlikdə BPİ-nə gəlmişdir. Hadisənin baş verməsinə səbəb, yolun solundan sağına doğru piyada zolağında hərəkət edən piyadanın gözlənilməz halda qarşısına çıxması olmuşdur. Hava qaranlıq olduğundan piyadaları görməmiş və həmin piyadaların birinin ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi ani baş verdiyi üçün nə baş verdiyini anlamamış, yolu keçmək istəyən piyadanı görməmiş, ancaq idarə etdiyi avtomobil piyadaya dəydikdən sonra piyadanı vurduğunu bilmişdir. Hadisədən əvvəl idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Əməlindən peşmandır, özü ağır xəstədir, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəməsini və sonuncu ilə barışmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. «VAZ-21074» markalı, **-DL- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. X2 doğma oğlu idi. 03 mart 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evdən olan zaman qohum əqrabadan eşitmişdir ki, oğlu X8 yaşadığı evə gələn zaman yolda «VAZ-21074» markalı avtomobil vurmuş, nəticədə oğlu almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Onlar oğlunun meyitini yaşadıqları evə gətirmiş və ertəsi günü dəfin etmişlər Oğlunu vuran avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili idarə etmək hüquqi olmamış, hadisə vaxtı da sərxoş vəziyyətdə olmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndli olaraq tanmışıdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Gəncə şəhərində yerləşən “İmperial” şadlıq sarayına toy mərasiminə getmişdir. Xəyal da həmin toy mərasimində olmuş, toydan Xəyalla birlikdə çıxmış və Xəyalın idarə etdiyi “VAZ-21074” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön oturacaqda əyləşmişdir. Birlikdə saat 23 radələrində Ü.Hacıbəyov prospekti ilə “Savxoz Nizami” dairəsi istiqamətinə 70-80 km/saat sürətlə hərəkətdə olarkən piyada zolağının üzərində yolu soldan sağa keçmək istəyən 3 piyada olmuş, həmin piyadalardan 2-si geri çəkilsə də, 1-i qabağa gəlmişdir. Xəyal dərhal əyləci sıxmış, həmin qabağa gələn piyada avtomobilin sağ tərəfdən ön şüşəsinə dəyərək yerə yıxılmışdır. Xəyal dərhal avtomobili saxlamış, yerə düşmüş, birlikdə piyadanı yerdən qaldırmış və avtomobilin arxa oturacağına yerləşdirmişlər. Bu zaman həmin şəxsin dünyasını dəyişdiyi bəlli olmuşdur. Təxminən 5-10 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər.Daha sonra isə təcili tibbi yardım gəlmişdir. Hadisənin baş verməsinə səbəb, yolun solundan sağına doğru piyada zolağında hərəkət edən piyadanın gözlənilməz halda avtomobilin qarşısına çıxması olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, «VAZ- 21074» markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Samux rayonu Qovlarsarı kəndində yaşayan sürücü Təqsirləndirilən şəxs və X2nu əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 03 mart 2023-cü il tarixdə saat 23 radələrində ekipaj üzvü Şahid4 ilə birlikdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində xidmətdə olan zaman Gəncə şəhər BPİ-nin Növbətçi Hissəsindən «VAZ-21074» markalı avtomobilin yolu keçmək istəyən piyadanı vurması haqqında məlumat daxil olmuşdur .Onlar hadisə yerinə getmiş və hadisə yerində bir nəfər piyadanın hadisə yerində olan göy rəngli «VAZ- 21074» markalı avtomobil tərəfindən vurulmasını, həmçinin piyadanı vurmuş avtomobilin sürücüsünün sürücülük vəsiqəsinin olmamasını və hadisə vaxtı sərxoş vəziyyətdə olmasını aşkar etmişlər. Sonra hadisə yerinə müstəntiq gəlmiş və hadisə yerini müayinə etmişdir. Hadisə yerinin müayinəsi zamanı müəyyən edilmişdir ki, hadisə Gəncə şəhəri Ü.Hacıbəyov prospektində yerləşən “Sultan” marketin yaxınlığında baş vermişdir. Hadisə baş verən avtomobil yolu 2 tərəflidir. Yolun ümumi eni 25 metrdir. Yolun hər iki tərəfində ehtiyyat hissələr vardır. Baxış zamanı piyadanın vurulma yeri müəyyən edilmişdir. Belə ki, piyada asfalt örtüyün üzərində olan piyadaların hərəkəti üçün nəzərdə tutulmuş hərəkət zolağının üstündə, yolun sol tərəfindən sağ tərəfinə 12.5 metr məsafədə vurulmuşdur. Hadisə yerinə baxış zamanı piyadanın vurulma yerinə qədər 5.5 metr, piyada vurulduqdan sonra isə avtomobilin dayanma yerinə qədər 45 metr uzunluğunda tormoz izi olmuşdur. Bundan başqa, ətrafa piyadanı vurmuş avtomobilə məxsus şüşə və plastik qırıntılar səpələnmişdir. Hadisə yerinin fotoşəkilləri və sxemi çəkilmişdir. Hadisə yerində maksimum sürət həddi 60 km/saatdır. Araşdırma zamanı yol-nəqliyyat hadisəsi baş vermiş Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində Gəncə şəhər BPİ-nin Təhlükəsiz şəhər xidmətinə məxsus video nəzarət kamerasından baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüsü götürülmüş diskə köçürülmüşdür. Diskə baxış zamanı müəyyən edilmişdir ki, «VAZ- 21074» markalı avtomobil Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində hərəkətdə olan zaman həmin küçədə yerləşən “Sultan” marketin yaxınlığında yolun sol tərəfindən sağ tərəfinə nizamlanan piyada keçidi ilə adi yerişlə yolu keçmək istəyən 3 nəfər piyadadan birinə yol verilməmiş və avtomobilin ön hissəsi ilə vurularaq kənara atılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-116/2023 saylı qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 mart 2023-cü il tarixdən hesblanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qərarlarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 04 mart 2023-cü il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 mart 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, hadisə Gəncə şəhəri Ü.Hacıbəyov prospketində yerləşən “Sultan” marketin yaxınlığında baş vermişdir. Hadisə yerində avtomobil yolu düz və quru olmaqla asfalt örtükdən ibarətdir. Avtomobil yolu 2 tərəflidir. Yolun ümumi eni 25 metrdir. Yolun hər iki tərəfində ehtiyyat hissələr vardır. Baxış zamanı piyadanın vurulma yeri müəyyən edilmişdir. Belə ki, piyada asfalt örtüyün üzərində olan piyadaların hərəkəti üçün nəzərdə tutulmuş hərəkət zolağının üstündə, yolun sol tərəfindən sağ tərəfinə 12.5 metr məsafədə vurulmuşdur. Hadisə yerinə baxış zamanı piyadanın vurulma yerinə qədər 5.5 metr, piyada vurulduqdan sonra isə avtomobilin dayanma yerinə qədər 45 metr uzunluğunda tormoz izi vardır. Bundan başqa, ətrafa piyadanı vurmuş avtomobilə məxsus şüşə və plastik qırıntılar səpələnmişdir. Hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. Hadisə yerinə baxış gecə vaxtı süni işıqda aparılmışdır. Piyadanı vurmuş avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə yerində maksimum sürət hədd 60 km/saatdır. Piyadanı yolun sağ tərəfindən mərkəzə tərəf 12.5 metr məsafədə vurmuşdur. Sürücü Təqsirləndirilən şəxs piyadanın avtomobil yolunu keçməsini görməmiş və hadisədən əvvəl avtomobili 70-80 km/saat sürətlə idarə etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 mart 2023-cü tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində Gəncə şəhər BPİ-nin Təhlükəsiz şəhər xidmətinə məxsus video nəzarət kamerasından baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüsü götürülərək diskə köçürülmüşdür. Diskə baxış zamanı müəyyən edilmişdir ki, «VAZ-21074» markalı avtomobil Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində hərəkətdə olan zaman həmin küçədə yerləşən “Sultan” marketin yaxınlığında yolun sol tərəfindən sağ tərəfinə nizamlanan piyada keçidi ilə adi yerişlə yolu keçmək istəyən 3 nəfər piyadadan birinə yol verməyərək avtomobilin ön hissəsi ilə vuraraq, kənara atmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 04 aprel 2023-cü il tarixli 25 nömrəli rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – baş beyinin sağ təpə-gicgah payının əzilib dağılması, baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, başın yumşaq toxumalarına sağ alın-sağ gicgah-təpə nahiyələrində qansızma, sağ gicgah-təpə nahiyəsinin əzilmiş yarası, kəllə qapağı və kəllə əsası sümüklərinin çox qəlpəli sınması, hər iki ağciyərlərdə ocaqlı qansızmalar, sağ körpücük sümüyünün yerdəyişmiş sınığı, döş qəfəsinin sağ tərəfində İİ, İİİ, İV qabırğaların onurğayanı xətt üzrə sınması, sol bud sümüyünün qapalı, hər iki baldır sümüklərinin açıq sınıqları, sağ göz nahiyəsinin qançırı, döş qəfəsinin arxa səthinin, sağ kürək, sağ kürəküstü kürəklərarası nahiyələrin, sol qasıq, sağ bud, hər iki diz, sağ bilək, sağ ayaq nahiyələrinin sıyrıqları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Sonuncunun bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Həmçinin ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, X1 ölümünə səbəb açıq kəlləbeyin travması nəticəsində əmələ gələn baş beyinin ağır dərəcəli əzilməsi və kəllə sümüklərinin qəlpəli sınması olmuşdur. Bundan başqa, rəydən görünür ki, X1 meyitindən götürülmüş qanın məhkəməkimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmiş, İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 8/968 nömrəli məhkəmə yol-nəqliyyat ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən VAZ-21074 markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eləcə də Sürücü Təqsirləndirilən şəxs VAZ- 21074 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Habelə, sürücü Təqsirləndirilən şəxs VAZ-21074 markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37cü maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Qeyd olunanlarla yanaşı, sürücü Təqsirləndirilən şəxs VAZ-21074 markalı avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 20 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, yol-nəqliyyat hadisəsini törətmiş “VAZ-21074” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və qanuni sahibinə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş BDYPİ-nin Gəncə RQİ və TBŞ-dan alınmış xx.xx.2023-cü il tarixli 3-13-16-3/2-2031/2023 məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi qeydiyyata alınmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Rayonlararası Dispanserindən alınmış 08 iyun 2023-cü il tarixli 3795 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli 3813 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı İstintaq təcridxanasının xx.xx.2023-cü il tarixli 3- 16-17/39/2-190/2023 saylı məktubdan götünür ki, Təqsirləndirilən şəxs tibbi muayindən keçirilmiş və onda xroniki babasil aşkar edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahid ifadələri, ekspert rəyi, iş üzrə tərtib olunmuş istintaq hərəkəti protokolları, eləcə də işin biri-digərini tamamlayan halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası bu mənada «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cüiltarixli 04 saylı qərarının 1-ci bəndinin izahını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etsinlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci maddəsinə əsasən və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq ödəməsini Azərbaycan Respublikasının CM-nin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona cəza təyin edərkən CM nin 60-cı maddəsini onun barəsində tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını Azərbaycan Respublikasının Cinayət 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən yüngülləşdirən hallar olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzasının yuxarı həddinin, yəni 08 (səkkiz) ilin dörddə üçündən 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüqüqundan məhrum edilməklə ona azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmağı mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəndə çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs» qətimkan tədbiri dəyişdirilməli, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmaldır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 04 mart 2023cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək “həbsdə” saxlandığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli və bu cəzanın icrası əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - “VAZ-21074” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibə qaytarılması nəzərə alınmaldır. İş üzrə mülki iddia və CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək “həbsdə” saxlandığı müddət, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 04 (dörd) il 04 (dörd) ay 16 (on altı gün) gün müddətə azadlıqdan məһrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxsdan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - “VAZ-21074” markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar