Məhkəmə qərarları › İş №1(100)-391/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-391/2022

06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-391/2022 06.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X7 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə rayon məhkəməsinin 1(021)-175/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145.2.3 və 145.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə şəhəri, H.Əliyev prospekti, ev 155-də qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək ünvan 2-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdərindan artıq miqdarda yəni ayrı-ayrılıqda təmiz çəkiləri 1,843 qram, 0,177 qram, 0,196 qram, 0,044 qram olmaqla ümumi təmiz çəkisi 2,26 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini qanunsuz olaraq əldə edib özünə məxsus sarı rəngli əl çantasında saxlamış, 7 may 2022-ci il tarixdə saat 14 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Əliyev prospekti, ev 155 ünvanında şübhəli şəxs qismində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman özünə məxsus sarı rəngli əl çantasından 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə və 3 (üç) ədəd gümüşü kağız bükümlərdə, ümumi təmiz çəkisi 2,26 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 2 ildir ki, arada tapdıqca “kakos” adlanan narkotik vasitə heroindən istifadə edir. 6 may 2022-ci il tarixdə saat 13-radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində “Köhnə bazar” adlanan bazarın qarşısında yolda piyada gedən zaman yolun kənarında yerdə 1 ədəd salfet bükümün olduğunu görmüş, marağını cəlb etdiyi üçün həmin salfet bükümü açıb içərisinə baxmış və həmin salfet bükümün içərisində 1 ədəd ağ rəngli sellofan büküm və 3 ədəd gümüşü kağız büküm olduğunu görmüş, həmin bükümləri açıb baxdıqda isə içərilərində narkotik vasitə heroin olduğunu görmüşdür. Özü heroin istifadəçisi olduğu üçün ilk baxışdan bükümlərin içərisində olan narkotik vasitə heroini tanımışdır. O, yerdən tapdığı 1 ədəd ağ rəngli sellofan və 3 ədəd gümüşü bükümləri şəxsi istifadəsi üçün özünə məxsus olan sarı rəngli əl çantasının içərisinə qoyub saxlamışdır. 7 may 2022-ci il tarixdə təxminən saat 14 radələrində o, yaşadığı Bərdə şəhəri, H.Əliyev prospekti, ev 155 ünvanında olarkən polis əməkdaşları ona yaxınlaşaraq saxlamış və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bərdə rayon polis şöbəsində üzərinə şəxsi axtarış keçirilmiş, ona məxsus sarı rəngli əl çantasından 1 ədəd ağ rəngli sellofan bükümdə və 3 ədəd gümüşü bükümlərdə narkotik vasitə heroin aşkar edilmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni yerdən tapdığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını, heç vaxt kiməsə narkotik vasitə və ya psixotrop maddə satmadığını, belə bir niyyətinində olmadığını, üzərində narkotik vasitə saxlaması barədə başqa hər hansı şəxsin məlumatı olmadığını bildirmişdir. Əlavə olaraq yetkinlik yaşına çatmayan qızı X3 anası Şahid4 ilə yaşamasını nəzərə alaraq onun himayəsinə verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 7 may 2022-ci il tarixdə ona Bərdə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və bu səbəbdən həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq Bərdə RPŞ-nə gətirilmişdir. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış, ona üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində olan sarı rəngli əl çantasını açaraq içərisindən 1 ədəd ağ rəngli salfet bükülü çıxardaraq masanın üzərinə qoymuş, daha sonra əl çantasından 3 ədəd siqaret kağızına bükülmüş bükülü çıxardaraq masanın üzərinə qoymuş və təqdim etdiyi həmin bükülülərin narkotik vasitə hesab edilən “kokos” adlanan heroin olduğunu, həmin narkotik vasitəni Bərdə şəhərində yerləşən bazarın yaxınlığında yolun kənarından tapdığını, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin narkotik vasitəni öz üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra aşkar olunan narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Şahid1 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasından məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamış, bundan başqa ilkin məlumatda Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə saxlaması barədə məlumat olsa da, nə tutulan vaxt, nə də bundan sonrakı dövrdə həmin məlumat öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr verərək, onun ifadəsində göstərdiklərini özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qızıdır. X13 şəhərində övladları ilə birlikdə yaşamış, onun qızı Şəlalənin narkotik vasitələrdən istifadə etməsi barədə heç bir məlumatı olmamışdır. 7 may 2022-ci il tarixdə nəvəsi Əfsanə ona zəng edərək qızı Şəlalənin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması səbəbilə Bərdə RPŞ-nin polis əməkdaşları tərəfindən tutulmasını bildirdikdən sonra o, qızı Şəlalənin tutulmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma anasıdır. X11 şəhərində o, və azyaşlı bacısı Fədayə ilə birlikdə yaşamışdır. Onun anası Şəlalənin narkotik vasitələrdən istifadə etməsi barədə heç bir məlumatı olmamışdır. 7 may 2022-ci il tarixdə anası Şəlalənin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması səbəbilə Bərdə RPŞ-nin polis əməkdaşları tərəfindən tutulması barədə onlara məlumat verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 7 may 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 7 may 2022-ci il tarixli “şəxsi atarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs əlində olan sarı rəngli əl çantasının içərisindən ümumi çəkisi 2,48 qram olan 1 ədəd ağ rəngli salfet bükülüdə narkotik vasitə olan heroini və ümumi çəkisi 0,57 qram olan 3 ədəd siqaret kağızına bükülmüş bükülüdə narkotik vasitə olan heroini təqdim etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bərdə Rayon Məhkəməsinin “əməliyyat-axtarış tədbirinin qanuniliyinin yoxlanılmasına dair” 10 may 2022-ci il tarixli qərarından görünür ki, Bərdə rayon Polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 10 may 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin 8 may 2022-ci il tarixli 16/534 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş.....” yazı və imzalar olan zərfdəki 1(bir) ədəd ağ rəngli sellofan bükümdə və 3(üç) ədəd gümüşü kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,843 qram, 0,177 qram, 0,196 qram, 0,044 qram ümumi təmiz çəkisi 2,26 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və kimyəvi tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən daxil olmuş 10 may 2022-ci il tarixli 560 və 503 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji və Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş 10 may 2022-ci il tarixli 618 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə rayon polis şöbəsinin 10 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasından məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə üzərində saxladığı və bu barədə ailə üzvlərinə məlumat vermədiyi müəyyən olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 11 avqust 2022-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 1,763 qram, 0,127 qram, 0,146 qram, 0,024 qram olmaqla 2,06 qram narkotik vasitə-heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, 1 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Azər Mənzil Komplekt Layihə Təmir Birliyi Bərdə Mənzil Təmir İstismar Sahəsindən daxil olmuş 12 may 2022-ci il tarixli 205 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qızı 2009-cu il təvəllüdlü X4 ilə birlikdə yaşamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı övladı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs anası Şahid4 yetkinlik yaşına çatmayan nəvəsi X3 onunla yaşamasını və Təqsirləndirilən şəxs hazırda həbsdə olmasını nəzərə alaraq X3 onun himayəsinə verilməsini xahiş etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” 7 may 2022-ci il tarixli protokoldan və Bərdə Rayon Məhkəməsinin 9 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 7 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 145.2.3, 145.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə rayon İcra və probasiya şöbəsindən daxil olmuş 3 oktyabr 2022-ci il tarixli 02/01 nömrəli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəzasının 3 ay 20 gününü çəkmiş və 2 il 08 ay 10 gün çəkilməmiş cəzası qalmışdır. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilən ittihamla əlaqədar, məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb müqayisəli şəkildə təhlil etməklə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olmayaraq narkotik vasitənin satış məqsədi ilə əldə edilib saxlanması kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.). Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Lakin nə ibtidai araşdırma orqanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin satışını həyata keçirmək üçün onun istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, hər hansı bir sövdələşmə və ya satışa yönəlmiş digər hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb hesab edir ki, Təqsirləndirilən şəxs əl çantasından aşkar edilib götürülən narkotik vasitənin çəkisinin külli miqdar olması onun satış məqsədi ilə əldə edilib saxlanılmasına əsas vermir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə ittiham elan edərkən, həmin ittihamda qazanc əldə etməyin, yaxud digər şəxsi marağın nədən ibarət olmasını müəyyən etməmiş, yalnız şübhələrə və fərziyyələrə əsaslanmışdır. Həmin şübhələri isə işdəki digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə saxlaması haqqında da heç bir sübut əldə edə bilməmiş, cinayət işi üzrə sübutların qiymətləndirməsi qərarında da onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gələrkən heç bir dəlilə əsaslanmamış, əksinə toplanmış sübutlar Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə deyil, özü qəbul etmək üçün əldə edib saxlamasını təsdiq ediyi halda, əsassız olaraq onun narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması qənaətinə gəlmişdir. Bundan başqa verilmiş əməliyyat tapşırığına cavab məktubundan da məlum olur ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasından məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları verdikləri ifadələrində ilkin məlumatda Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə saxlaması barədə məlumat olmasına baxmayaraq, nə tutulan vaxt, nə də bundan sonrakı dövrdə həmin məlumatın öz təsdiqini tapmadığını bildirmişlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusiyon prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib əl çantasında saxladığı narkotik vasitə olan heroini satış məqsədi ilə deyil, öz istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlaması müəyyən olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll edərkən hesab edir ki, təqsirləndirilən şəxsin tam sübuta yetirilmiş cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Bu səbəbdən də məhkəmə, təqsirləndirilən şəxsin əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayaraq, təqsirləndirilən şəxsin həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmasını qanuni və əsaslı hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cu maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, 59.2-ci maddəsinə əsasən qadın olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 13 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145.2.3, 145.2.4-cü maddələri təqsirli bilinib 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in CM-nin 145.2.3, 145.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya yəni 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən ona residivə görə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145.2.3, 145.2.4-cü maddələrinə əsasən təyin edilmiş və 6 oktyabr 2022-ci il tarixə çəkilməmiş 2 (iki) il 8 (səkkiz) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 1 (bir) il 4 (dörd) ay 5 (beş) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəl azadlıqdan məhrum etmə növündə cəza çəkmədiyindən ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddəti əvvəli şübhəli şəxs qismində tutulduğu 7 may 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş 10 may 2022-ci il tarixli 618 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olaraq Bərdə rayon polis şöbəsinin saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 1,763 qram, 0,127 qram, 0,146 qram, 0,024 qram, ümumi çəkisi 2,06 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə dair videogörüntüləri özündə əsk etdirən 1 ədəd disk cinayət işinin materialında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında qərarının 28-ci bəndində qeyd edilir ki, azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-nin 160cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əks etdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 160.1-ci maddəsinə əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab etdiyindən, Şahid4 ərizəsini nəzərə alaraq hesab edir ki, X4 nənəsi Şahid4 himayəsinə etibar edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il 8 (səkkiz) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələbinə əsasən 1 (bir) il 4 (dörd) ay 5 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirmək yolu ilə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 7 may 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olaraq Bərdə rayon polis şöbəsinin saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 1,763 qram, 0,127 qram, 0,146 qram, 0,024 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin 1 ədəd disk cinayət işinin materialında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladı X4 nənəsi Şahid4 himayəsinə etibar edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar