Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-392/2022 05.10.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1962-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş, yəni əkərək yetişdirmişdir. Belə ki, o, 2022-ci ilin mart ayında Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 31də yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİİ siyahısına əsasən külli miqdarda, yəni 21 (iyirmi bir) ədəd ümümi təmiz çəkisi 300 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etmiş, 10 may 2022-ci il tarixdə saat 09:10 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin kultivasiya edilmiş 21 (iyirmi bir) ədəd narkotik tərkibli çətənə bitkiləri qeyd edilən ünvanda baxış keçirilməklə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 31 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən bir il əvvəl onun həyətyanı sahəsində tərkibində narkotik maddələr olan çətənə bitkiləri bitmişdir. O, narkotik vasitə marixuana istifadəçisi olduğundan onların çətənə bitkiləri olduğunu tanımışdır. O, düşünmüşdür ki, yaxın vaxtlarda həmin çətənə kollarını həyətyanı sahəsindən qoparıb atar. 10 may 2022-ci il tarixdə təxminən saat 09:10 radələrində yaşadığı evdə olan zaman giriş darvazasının qapısının döyüldüyünü eşidib küçəyə çıxmışdır. Giriş qapısını açan zaman bir neçə nəfər mülki geyimli şəxsləri yaşadığı evin giriş darvazasının qarşısında görmüş, həmin şəxslər xidməti vəsiqələrini göstərib Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını, Şahid4 adlı şəxsin isə aqronom mütəxəssis olduğunu demişlər. Sonra polis əməkdaşları ona yaşadığı evin həyətyanı torpaq sahəsində qаnunsuz оlаrаq tərkibində nаrkоtik mаddə оlаn bitkiləri əkib-bеcərməyi və kultivаsiyа еtməsi barədə sual vermişlər. O, polis əməkdaşlarına yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazdıqdan sonra, onun razılığı ilə yaşadığı evin həyətinə videoçəkilişlə baxış keçirilməyə başlanılmışdır. Sonra polis əməkdaşlarına narkotik tərkibli bitkilərin yerini göstərmişdir. Polis əməkdaşları aqronom Şahid4 iştirakı ilə aşkar edilmiş 21 ədəd marixuana kollarına baxış keçirmişlər. Baxış keçirildikdən sonra polis əməkdaşları həmin bitkiləri kökündən qopardıb evin həyətinə aparmışlar. Çətənə bitkilərinə baxış keçirildikdən sonra 01 ədəd sintetik kisədə qoyub qablaşdırmışlar. Elektron tərəzidə çəkilərkən çəkisinin 0,450 qram olması müəyyən edilmişdir. Kisədə qablaşdırıldıqdan sonra kisənin üzərlərinə yazılmış kağızlar oxunularaq imzalanmış və möhürlənmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərmişdir ki, daha sonra polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə getməyini təklif etmişlər. Polis əməkdaşlarına heç bir etiraz etməyərək birlikdə polis şöbəsinin inzibati binasına getmişlər. Şöbənin inzibati binasında hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi ilə təmin оlunduqdan sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla gəzdirilməsi qadağan edilmiş hər hansı maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, onun fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş çətənə bitkilərini o, əkməmişdir və həmin biltkilərə qulluq edib onları suvarmamışdır. Onun evinin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirildiyi ərəfədə hava yağışlı olduğuna görə həmin bitkilər suvarılmış kimi görünür. Əslində isə o, həmin bitkilərə qulluq etməmiş və suvarmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, narkotik vasitə olan marixuana istifadəçisi olduğundan həmin bitkinin toxumlarını təxminən bir il əvvəl həyətyanı sahəsinə səpmiş, toxumlar cücərib inkişaf etdikdən sonra həmin tərkibində nаrkоtik mаddə оlаn bitkiləri sulamağa başlamış, həmin toxumlardan 21 ədədi inkişaf etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsinin digər hissəsi məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə eyni olmuşdur (iş vərəqə: cild İ, səh.59-61, 74-76). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 10 may 2022-ci il tarixdə Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 31-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində qanunsuz olaraq çətənə bitkilərini əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 09 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 31-də yerləşən evin həyətyanı sahəsinə onun, Bərdə RPŞ-nın, PPXB-nın polis nəfəri Şahid3, polis baş leytenantı Şahid2 və alimaqranom Şahid4 Əli oğlunun iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evinin həyətyanı hissəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin qarşı hissəsini göstərmiş, evin qarşı hissəsinə baxış keçirilən zaman 21 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Alim-aqronom Şahid4 bitkilərə baxaraq bitkilərin aqrotexniki qaydada qulluq olunduğunu, tərkibində narkotik maddələrin olduğu çətənə olmasını bildirmişdir. Aşkar edilmiş bitikilər evin həyətində sərilib nömrələnərək onların uzunluqları ölçülmüş, çətənə kolları elektron tərəzidə çəkilərək çəkisinin 0,450 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş yaş halda olan çətənə kolları qablaşdırılmış, baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində müdafiəçi ilə təmin olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə RPŞ-nın PPXB-nın polis nəfəri Şahid3, müdafiəçi X4 və ekspert-kriminalist Şahid2 iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya aşkar edilməməişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzində aparıcı aqronom işləyir. 10 may 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları onu Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 31-də yerləşən yaşayış evinə keçiriləcək baxışa dəvət etmişlər. Polis əməkdaşları ilə birgə həmin ünvana getmişlər. Həmin gün saat 09:10 radələrində adının sonradan Təqsirləndirilən şəxs olmasını bildiyi şəxsin yaşadığı Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 31-də yerləşən evinin həyətyanı sahəsinə onun, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evinin həyətyanı hissəsinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində evin qarşı tərəfində ümumilikdə 21 ədəd əkilmiş çətənə bitkiləri aşkar edilmişdir. Həmin 21 ədəd kollara baxdıqda tərəfindən həmin bitkilərin çətənə kolları olması, bitki kolları tünd-yaşıl rəngli, kəskin iyə malik olması və həmin kollara aqro-texniki qaydada qulluq edilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana istifadəçisi olmasını və həmin marixuananın toxumlarından həyətində aşkar edilmiş çətənə kollarının bitməsini demişdir. Aşkar edilmiş bitkilər bir ədəd sintetik kisəyə qoyularaq qablaşdırılıb elektron tərəzidə çəkilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs uzun müddət Rusiya Federasiyasında yaşamış, oradan qayıtdıqdan sonra Təqsirləndirilən şəxs ilə Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 31-də yerləşən fərdi yaşayış evində yaşayırlar. Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuana istifadəçisidir. 10 may 2022-ci il tarixdə saat 08 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları evə baxış keçirmək üçün gəldiklərini bildirmişlər. Həmin vaxt o, evdən çıxıb iş görmək üçün getmişdir. Yaşadığı evin həyətində nə baş verdiyini sonradan bilmişdir. Evə qayıtdıqda qardaşı Elgizin polis şöbəsinə aparıldığını və Elgizin həyətdə əkdiyi çətənə kollarının aşkar edildiyini öyrənmişdir. O, səhər tezdən fəhlə kimi işə gedib, evə isə axşam qayıtdığından Elgizin yaşadıqları evin həyətində çətənə kollarını əkməsindən xəbəri olmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan və xx.xx.2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs məxsus Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 31-də yerləşən fərdi yaşayış evinə Bərdə rayon polis şöbəsinin təhqiqatçısının, polis əməkdaşlarının və alim-aqronomun iştirakı ilə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin qarşı hissəsində olan həyətyanı torpaq sahəsində 21 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Baxışda iştirak edən alimaqronom bitkilərin aqrotexniki qaydada qulluq olunduğunu, tərkiblərində narkotik maddələrin olduğu çətənə olmasını bildirmişdir. Aşkar edilmiş bitkilər 01 ədəd sintetik kisəyə qablaşdırılmış və elektron tərəzidə çəkilərək çəkisinin 0,450 qram olması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh.17-18, 105). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 10 may 2022-ci il tarixli “şəxsi axtarış protokolu”ndan və xx.xx.2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı saxlanılması və daşınması qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh.39-40, 106). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 11 may 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 31-də yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində 21 (iyirmi bir) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkdiyi yeri təqdim etmişdir (iş vərəqə: cild İ, səh.90-92). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 10 may 2022-ci il tarixli alimaqronom Şahid4 tərəfindən verilmiş rəydən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi evin həyətyanı sahəsində baxış keçirilən zaman aşkar edilmiş bitkilər xaş-xaş kimilər fəsiləsinin (lat-papaver RHOEAS) “Lalə” cinsinə aid olub, narkotik xassəli bitkilərdir, həyətyanı sahədə baxış keçirilən zaman müəyyən edilmişdir ki, əkilmiş 21 ədəd çətənə kolu bitkisi aqrotexniki qaydada əkilib-becərilmişdir (iş vərəqə: cild İ, səh.19). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin 10 may 2022-ci il tarixli, 16/542 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş 21 ədəd çətənə kolları” yazı və imzalar olan kisədəki ümumi sayı 21 (iyirmi bir) ədəd, ümumi təmiz çəkisi 300 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir (iş vərəqə: cild İ, səh.47-50). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 16 iyun 2022-ci il tarixli, 850 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.123). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, aşkar olunmuş 21 ədəd ümumi təmiz çəkisi 300 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 295.8 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 1 ədəd DVD disk cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin ekspertiza tədqiqatından sonra 21 ədəd, qalıq çəkisi 295.8 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri saxlanılması üçün Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.131-138). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.122). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.36-37). Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.86-89). Cinayət işinə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 31-də yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İ, səh.108-109). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərlə bağlı İİİ siyahı ilə müəyyən edilir ki, çətənə növlü bitkilər 16 ədəddən (aşağı həddi daxil olmaqla) yuxarı olduqda külli miqdar hesab edilir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əkdiyi və aşkar edilib götürülmüş kultivasiya edilmiş çətənə növlü bitkilərin sayı külli miqdar həddindən artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 19-cu bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə, qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də, bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməklə, yəni əkərək yetişdirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs ziddiyyətli ifadələrini, fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş çətənə bitkilərini əkmədiyi və həmin bitkilərə qulluq edib onları suvarmaması, hava yağışlı olduğuna görə həmin bitkilərin təbii olaraq sulanmasına, əslində isə onun həmin bitkilərə qulluq etməməsi və suvarmamasına dair vermiş olduğu ifadəsində göstərdiklərini onun cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinin materiallarından müəyyən olunur ki, ibtidai istintantaqın ilkin mərhələsindən başlayaraq Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində dindirilməsi protokolundan, sonradan isə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsindən görünür ki, o, narkotik vasitə olan marixuana toxumlarını həyətyanı sahəsinə səpdiyini, toxumların cücərib inkişaf etdikdən sonra həmin tərkibində nаrkоtik mаddə оlаn bitkiləri sulamağa başladığını və həmin toxumlardan 21 ədədinin inkişaf etdiyini etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsindən aşkar edilmiş çətənə bitkilərinə qulluq edib onları suvarmamasını bildirsə də, onun ifadəsində göstərdikləri həyətyanı sahəsinə baxış keçirilərkən iştirak etmiş aqronomun (mütəxəssisin) həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edildiyini təsdiq etməsinə dair ifadəsi və cinayət işinin materiallarında olan rəyi ilə təkzib edilmiş, bundan başqa Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi inkaredici hallar onun özünün məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi, ibtidai istintaq zamanı isə etirafedici ifadələri, şahidlərin ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, maddi sübut, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən həmin hissədə sübut növü kimi qəbul edilmir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 10 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 10 may 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 16 iyun 2022-ci il tarixli, 850 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş maddi sübut qismində tanınmış qalıq çəkisi 295.8 qram olan 21 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ hökm qanuni qüvvəyə mindikdən sonra məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 10 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bərdə Rayon Polis Şöbəsində saxlanca verilmiş qalıq çəkisi 295.8 qram olan 21 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Nural Əliyev
Məhkəmə qərarları › İş №1(100)-392/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-392/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver